A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


31. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.

32. Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib.

33. Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam.

34. (Dünyaya gəlməsi və sifətləri deyilən) bu (insan) İsa ibn Məryəm – (yəhudilərin sehrbaz, xaçpərəstlərin isə Allahın oğlu adlandırıb) barəsində tərəddüddə olduqları (həmin) o haqq kəlmədir.

35. Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın və övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.

36. (İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!

37. Beləliklə onların arasından dəstələr (xaçpərəstlər onun barəsində) ixtilafa düşdülər (bəziləri onun Allah olmasını, bəziləri isə Allahın oğlu olmasını iddia etdilər). Buna görə də vay (onun barəsində ifrata varmaqla) küfr etmiş kəslərin böyük gündəki halına!

38. Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).

39. (Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə) qorxut. O zamanla ki, (hesab və mühakimə) iş(i) bitər, lakin onlar qəflətdə olarlar və iman gətirməzlər.

40. Şübhəsiz, yerin və onun üzərində olanların varisi Biz Özümüz olacağıq (onun əhlini məhv edəcək və Özümüz qalacağıq). Və Qiyamət günü hamı Bizə tərəf qaytarılacaqdır.

41. Və bu kitabda İbrahimi xatırla ki, o, çox doğruçu və (Allahın) peyğəmbər(i) idi.

42. O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!

43. Ey mənim atam, şübhəsiz, mənə (Haqq tərəfindən) sənə gəlməmiş bir elm gəlib. Buna görə də mənə tabe ol, səni doğru yola yönəldim.

44. Ey mənim atam, Şeytana (tabe olmaqla ona) ibadət etmə. Çünki Şeytan Rəhman olan Allaha qarşı həmişə itaətsizdir.

45. Ey mənim atam, həqiqətən mən Allah tərəfindən sənə bir əzab gəlməsindən və nəticədə sənin Şeytanın dost və yardımçısı olmağından (dünyada lənətə düçar olmağından, axirətdə isə Şeytanın oduna şərik olmağından) qorxuram.

46. Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!

47. (İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəyəm. Çünki O, mənə qarşı həmişə mehriban və çox xeyirxahdır.

48. Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.

49. Elə ki, (İbrahim) onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşdı (və Şama tərəf getdi) ona (Bəni-İsrail peyğəmbərlərinin əcdadı olacaq oğlu) İshaqı və (nəvəsi) Yəqubu əta etdik və onların hər birini peyğəmbər etdik.

50. Onların hamısına Öz rəhmətimizdən (səma kitabı, övlad və var-dövlət kimi digər nemətlərdən də) əta etdik və (bütün şəriətlərin davamçıları arasında) onlar üçün həqiqi və uca yaxşı ad qoyduq.

51. Və bu kitabda Musanı (da) xatırla ki, o, (xüsusi ilahi tərbiyə vasitəsi ilə) saflaşmış, Allahın seçilmişi, (Haqqın) elçi(si) və (xalq üçün) xəbər gətirən idi.

52. Onu Turun (Tur dağının) sağ tərəfindən səslədik və Özümüzə yaxın(lardan) etdik. O, Bizimlə münacat etdi, Biz də onunla münacat etdik.

53. Və Öz rəhmətimizdən qardaşı Harunu peyğəmbər olaraq əta etdik.

54. Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi.

55. O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi.

56. Və bu kitabda (Nuhun ikinci babası) İdrisi xatırla ki, o, çox doğruçu və peyğəmbər idi.

57. Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq).

58. Bunlar (bu on peyğəmbər və Məryəm) Allahın peyğəmbərlərdən – Adəmin övladlarından, (İdrisdən başqa hamısı Nuhun) Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz (övladlarının nəslindən olan) kəslər(in nəslin)dən, (Bəni-İsrail peyğəmbərləri və Məryəm kimi) İbrahim və İsrailin övladlarından, hidayət etdiyimiz və seçdiyimiz şəxslərdən olan (peyğəmbərlərdən) nemət (peyğəmbərlik, din və səma kitabı) əta etdiyi kəslərdir. Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.

59. Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər.

60. Tövbə edən, iman gətirən və yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar Cənnətə daxil olacaq və heç bir zülm görməyəcəklər (və onların haqlarından heç nə kəsilməyəcəkdir).

61. Rəhman olan Allahın, bəndələrinə görmədən (və ixtiyarlarından xaric halda) vəd etdiyi əbədi (Cənnət) bağlar(ına). Şübhəsiz, Onun vədi yerinə yetəndir.

62. Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır.

63. Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin Cənnətdir.

64. (Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə tədrici vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı və arxamızdakı, eləcə də bunların ikisinin arasındakı zaman və məkanlar, bunların hamısı) Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin gecikməsi məsləhətdir.) Sənin Rəbbin əsla unutqan deyil.

65. O, göylərin, yerin və o ikisinin arasında olanların Rəbbi (sahibi və idarə edəni)dir. Buna görə də Ona ibadət et və Ona ibadətində dözümlü ol! Heç adda Ona tay olan («göylərin və yerin Rəbbi, Allah, vacibəl-vücud» olan başqa birisini) tanıyırsan?

66. (Məadı inkar edən) insan həmişə «mən öləndə(n sonra) doğrudanmı tezliklə (torpağın altından) diri(ldilərək) çıxarılacağam?!» deyir.

67. Məgər (bu) insan onu bundan qabaq həqiqətən (heç) bir şey olmadığı halda yaratmağımızı xatırlamır?

68. Buna görə də and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə Məhşər səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik.

69. Sonra hər bir millət və dəstənin arasından Rəhman olan Allaha qarşı itaətsizlik və üsyankarlıqları daha çox olanları (zalım başçı, pis alim və nemət içində yaşayan itaətsizləri) çəkib çıxaracağıq.

70. Sonra Cəhənnəm əzabını dadmağa və onda yanmağa daha layiq olanların halını (onların Cəhənnəmə düşmələrinin səbəbini və yanmalarının necəliyini) Biz daha yaxşı bilirik.

71. Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.

72. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq.

73. Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər.

74. Biz onlardan qabaqkı dövrlərin var-dövlət və (yaşayış) ləvazımat(ı), təmtəraq və mənzərələrin gözəlliyi baxımından bunlardan daha yaxşı olan neçə-neçə nəsillərini məhv etdik.

75. De: Azğınlıq içində olan şəxsə (öz azğınlıq və bədbəxtliyini kamilləşdirmək üçün) müəyyən bir müddətədək, kömək etmək və möhlət vermək Rəhman olan Allahın öhdəsinədir. Nəhayət, vəd olunduqları şeyi – ya (dünyadakı qəfil) əzabı və ya Qiyamətin gəlməsini görəndə kimin yerinin daha pis və qoşununun daha zəif olduğunu başa düşəcəklər.

76. Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır.

77. Bizim (tovhid) nişanələrimizə və (kitabdakı) ayələrimizə kafir olub «(şirki seçməklə dünyada çoxlu sərvət və övlad əldə edirəm, əgər axirət olmuş olsa orda da) mənə mal və övlad veriləcəkdir» deyən kəsi gördünmü?!

78. Məgər o qeybdən (dünyanın gələcəyindən və ya axirətin gizli saxlanılan işlərindən) xəbər tutub, yoxsa Allahdan bir əhd-peyman alıb (və buna görə qəlbi rahatdır)?!

79. Belə deyil! Tezliklə onun dediklərini yazacağıq (yaxud yazdıqlarımızı ona təqdim edəcəyik və ya onları onun barəsində həyata keçirəcəyik) və onun üçün (axirət) əzabı(nı) sonsuz şəkildə uzadacağıq.

80. Və dediklərinə (dediyi şirk sözlərə və ya barəsində danışdığı sərvət və övlada) varis olacağıq və (Qiyamət günü) o, Bizim yanımıza tək gələcəkdir.

81. Və onlar üçün qüdrət və zəfər vasitəsi olsunlar deyə Allahın yerinə məbudlar götürdülər.

82. Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.

83. Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah və fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!

84. Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün və nəfəslərini) sayırıq.

85. (Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.

86. Və günahkarları (heyvanlar kimi) susuz (vəziyyətdə), Cəhənnəmə tərəf sürərik.

87. (Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]

88. (Xaçpərəst və bütpərəstlərin bəziləri) dedilər: Rəhman olan Allah (atanın zatının cövhərindən ayrılmış və Onun bütün sifətləri ilə vəsf edilən vacibəl-vücud) övlad götürmüşdür.

89. Doğrudan da çox çirkin və yaramaz bir iş gördünüz.

90. Az qalır ondan (onun şiddətindən) göylər parçalansın, yer yarılsın və dağlar (yerindən qopub) tökülsün.

91. onların Rəhman olan Allaha övlad qail olmalarından.

92. Rəhman olan Allaha (nə ağıl, nə də şəriət baxımından) övlad götürmək yaraşmaz.

93. Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.

94. Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.

95. Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər.

96. Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.

97. Bunu (Quranı, yuxarı aləmdə ərəbcə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsi ilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan.

98. Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?

Taha ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Ta Ha. (Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd! Ey pak qəlbli və yol göstərən böyük insan! Namaz vaxtı hər iki ayağını yerə qoy.)

2. Biz Quranı sənə (onun icrası yolunda, yaxud onun qəbul edilməməsindən təəssüflənməklə, yaxud da ağır ibadətlər etməklə) zəhmət və əziyyətə düşməyin üçün nazil etmədik.

3. Lakin (Biz onu) qorxan (tovhid fitrəti əsasında xilqətində yaradılışın mənşəyi və məad qorxusu olan) hər bir kəsə bir öyüd olması üçün (göndərdik).

4. (Bu Quran) yeri və uca göyləri yaradan tərəfindən nazil edilmişdir.

5. Rəhman olan Allah (varlıq aləminin səltənət və hökmranlıq) taxtın(ın) üzərində qərar tutmuşdur.

6. Göylərdə, yerdə, onların ikisinin arasında və torpağın altında (və yer kürəsində) olanlar(ın hamısı) Ona məxsusdur (onların hamısının yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun istək və qüdrətinə tabedir).

7. Əgər sözünü aşkar desən (buna ehtiyac yoxdur), çünki O, gizlini də, daha gizlini də bilir (gizlidən məqsəd xəlvəti söhbət, daha gizlidən məqsəd isə qəlbə gələn və ya hətta heç qəlbə də gəlməyən fikirdir).

8. Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)

9. Musanın hekayəti sənə çatıbmı?

10. O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: Siz dayanın. Mən həqiqətən bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım.

11. Beləliklə oda çatanda nida gəldi ki: Ey Musa!

12. Həqiqətən sənin Rəbbin Mənəm! Buna görə də nəleynini (ayağından) çıxart. Çünki sən müqəddəs Tuva çölündəsən (müqəddəs yerə ayaqqabı ilə girmək olmaz).

13. Mən səni (peyğəmbərlik və imamətə) seçdim. Odur ki, edilən vəhyi dinlə.

14. Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!

15. Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm.

16. Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan.

17. Ey Musa, sağ əlindəki nədir?

18. Dedi: Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var.

19. (Allah) buyurdu: Ey Musa, onu (yerə) at.

20. Beləliklə (Musa) onu (əsanı yerə) atdı. O dərhal sürətlə hərəkət edən qorxulu və zəhərli bir ilan oldu.

21. (Allah) buyurdu: Onu götür və qorxma. Onu tezliklə əvvəlki vəziyyətinə qaytaracağıq.

22. Əlini qoltuğunun altına qoy (və çıxar), onda heç bir qüsur olmadan digər bir nişanə və möcüzə olaraq ağ və nurlu çıxsın.

23. (Bu iki möcüzəni) Özümüzün böyük nişanələrimizdən bəzilərini sənə göstərmək üçün (təqdim etdik).

24. (İndi) Fironun yanına get ki, o, həddini aşaraq azğınlaşıb.

25. Dedi: Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbr və hövsələ ver).

26. İşimi mənə asanlaşdır (peyğəmbərliyin yerinə yetirilməsində mənə kömək et).

27. Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç

28. ki, sözümü başa düşsünlər.

29. Ailəmdən mənə bir vəzir və yardımçı ver.

30. Qardaşım Harunu.

31. Arxamı onunla möhkəmləndir.

32. Və onu işimə (ilahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et

33. ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.

34. Və Səni çox yad edək.

35. Çünki Sən bizi (biz əhli-beyti, həmçinin bizim Səni pak sifətlərlə mədh etməyimizi və Səni yada salmağa bağlılığımızı) həmişə görürsən.

36. (Allah) buyurdu: Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə verildi.

37. Əlbəttə, Öz lütflərimizi sənə bir dəfə də şamil et(miş)dik.

38. (Sənin nicatın barəsində) lazım olanı ananın qəlbinə ilham etdiyimiz zaman.

39. (Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım.

40. O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin.

41. Və səni (peyğəmbərlik məqamını öhdənə götürmək, kitabı qəbul etmək, küfrlə mübarizə aparmaq və cəmiyyəti islah etmək kimi) Özüm(ün hədəflərim) üçün (tərbiyə olunmuş və bütün cəhətlərdə kamala çatmış bir insan) etdim.

42. Sən və qardaşın Mənim möcüzələrimlə (hazırkı iki möcüzə və sonra verəcəyim digər möcüzələrlə) birlikdə (fironçuların yanına) gedin və Məni yada salmaqda süstlük göstərməyin.

43. Fironun yanına gedin ki, o, həddini aşaraq azğınlaşıb.

44. Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı).

45. Dedilər: Ey Rəbbimiz! Biz (ilahi tapşırığın çatdırılmasından qabaq) onun bizə qəzəblənərək cəzalandırmasından və ya (küfr və zülmkarlıqda) həddini aşmasından qorxuruq.

46. (Allah) buyurdu: (Qətiyyən) qorxmayın. Şübhəsiz, Mən sizinlə birlikdəyəm, eşidirəm və görürəm.

47. Buna görə də onun yanına gedin və deyin: Həqiqətən biz sənin Rəbbinin elçiləriyik. Odur ki, İsrail övladlarını (buraxıb) bizimlə birlikdə göndər və onlara işkəncə vermə. Həqiqətən biz sənə Rəbbin tərəfindən bir nişanə və möcüzə gətirmişik. Salam olsun doğru yola tabe olan hər bir kəsə!

48. Həqiqətən bizə vəhy olunub ki, (Allahın) əzab(ı Onun nişanələrini və peyğəmbərlərinin çağırışlarını) təkzib edən və (haqdan) üz döndərən kəs üçündür.

49. Firon dedi: Ey Musa, sizin Rəbbiniz kimdir?

50. Dedi: Bizim Rəbbimiz hər bir şeyə onun məxsus yaradılışını əta edən, sonra (ona) doğru yol göstərəndir. (Hər bir meyvə və toxumun yaradılacağı maddəyə tədricən həmin növün şəklini verib və sonra onları yaradılışlarında öz əlamət və xüsusiyyətlərinə tərəf yönəldib. Həmçinin hər bir heyvanın nütfəsinə tədricən onun növünün şəklini verib və sonra onu qüvvələrinin tələbinə müvafiq olaraq yaradılışla hədəfinə doğru yönəldib. Ağıl sahiblərinə ümumilikdə pis və yaxşını dərk etmək qüvvəsi verib və sonra onları şəriət yolu ilə dinin maariflərinə tərəf istiqamətləndirib.)

51. (Firon) dedi: Belə isə (Allahı inkar və peyğəmbərləri təkzib etmiş) keçmiş ümmətlərin vəziyyəti necə olacaqdır?

52. (Musa) dedi: Onların (vəziyyətlərinin necə olması) elmi mənim Rəbbimin yanında (Lövhi-Məhfuz adlı) bir kitabdadır. Mənim Rəbbim nə səhv edir və nə də unudur.

53. Həmin O (Allah) ki, yeri sizin üçün döşəyərək beşik edib, onda sizin üçün yollar açıb və göydən (yağış, qar və dolu şəklində) su nazil edib. Biz onun vasitəsi ilə (torpağın altından) müxtəlif növlü rəngbərəng bitkilər çıxartdıq.

54. (Onlardan özünüz) yeyin və heyvanlarınızı otarın. Həqiqətən bunda (bu xüsusi yaradılışda) ağıl sahibləri üçün (Allahın tovhid, qüdrət və hikməti barəsində) bir (sıra) nişanələr vardır.

55. Sizi ondan (torpaqdan) yaratdıq (ulu baba və nənənizi möcüzəvi şəkildə vasitəsiz və birbaşa, nəslinizin digər davamçılarını isə vasitə ilə və tədricən torpaqdan yaratdıq), (öləndən sonra) ona qaytaracaq və bir daha (Qiyamətdə) ondan çıxaracağıq.

56. Həqiqətən Biz Özümüzün bütün ayə və nişanələrimizi ona (Firona) göstərdik, amma o (onların hamısını) təkzib etdi və (Bizim dəvətimizi qəbul etməkdən) üz döndərdi.

57. Dedi: Ey Musa! (Öz) cadun vasitəsi ilə bizi öz torpağımızdan çıxarmağa gəlmisən?!

58. Belə isə sənə öz cadun kimi bir cadu gətirəcəyik. Buna görə də bizimlə öz aranda hamar və (fasiləsi həm bizimlə, həm də səninlə) bərabər olan bir yerdə nə bizim, nə də sənin pozmayacağın müəyyən bir vaxt qoy.

59. Musa dedi: (Bizimlə) sizin vədə vaxtınız zinət günü (onların aralarında adət olan məxsus bayram günü) və camaatın günortadan qabaq toplaşdığı gün olsun [ və ya: o şərtlə ki, camaat günortadan qabaq bir yerə toplanılsın].

60. Beləliklə Firon üz döndərdi (məclisi tərk etdi) və öz hiyləsini (cadularını, hiyləgərlik alətlərini və hiylə əhli olan cadugərləri) topladı, sonra (təyin edilmiş gündə meydana) gəldi.

61. Musa onlara dedi: Vay olsun sizə! («Bütlər Allahın şərikləridir» və «bu möcüzələr sehr və cadudur» deməklə) Allaha yalan yaxmayın ki, əzabla sizin kökünüzü kəsər. Və əlbəttə kim yalan yaxdısa naümid oldu.

62. Beləliklə onlar öz aralarında işləri barədə ixtilaf və çəkişməyə düşdülər və bu pıçıltını gizlətdilər.

63. (Nəhayət sehrbazlar bir-birlərinə və ya fironçular onlara) dedilər: Doğrudan da bu iki nəfər sehrbazdır və öz sehrləri ilə sizi torpağınızdan çıxarmaq və sizin yüksək dini yolunuzu (bütpərəstliyi) yox etmək istəyirlər.

64. Buna görə də özünüzün cadu hiylələrinizi düşüncə və diqqət ilə toplayın, sonra hamınız (onların qarşısında) bir sırada dayanın. Doğrudan da bu gün üstünlük əldə edən kəs nicat tapacaqdır.

65. (Təyin edilmiş vaxtda hamı gəlib çıxdıqdan sonra sehrbazlar) dedilər: Ey Musa, ya (əlində olanı əvvəlcə) sən atırsan, ya da əvvəlcə atan biz olaq.

66. Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar.) Beləliklə onların kəndir və əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı.

67. Belə olan halda Musa (insan təbiətinə görə və ya camaatın onlara inanmaları cəhətindən) qəlbində bir qorxu hiss etdi.

68. Dedik: Qorxma, şübhəsiz sən özün üstünsən.

69. Sağ əlində olanı (yerə) at ki, onların qurduqlarının hamısını udsun. Çünki onların qurduqları cadugər hiyləsidir və cadugər hara getsə (və nə göstərsə) qalib gəlməz və nicat tapmaz.

70. (Musa əsanı atdı və o, əjdaha şəklinə düşüb hər şeyi uddu.) Beləliklə sehrbazlar səcdə halında üzü üstə yerə düşüb «Musanın və Harunun Rəbbinə iman gətirdik» dedilər.

71. Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin (mənim yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz.

72. Dedilər: Bizi yaradana and olsun ki, səni bizə gəlmiş aydın dəlillərdən (cansız əşyaların dirilmələri, hər şeyi udması və yenidən əvvəlki vəziyyətinə qayıtmasından) üstün tutmayacağıq. Buna görə də bacardığın hökmü (icra) et. Sən yalnız bu dünya həyatı barəsində hökm edə bilərsən.

73. Həqiqətən biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir.

74. Həqiqətən (sabah Qiyamətdə) öz Rəbbinin yanına günahkar gələn şəxs üçün mütləq Cəhənnəm vardır, onda nə (canını qurtarmaq üçün) ölər, nə də (rahatlıq tapmaq üçün) diri qalar.

75. Kim yaxşı işlər görmüş halda imanla Onun hüzuruna gəlsə, belə şəxslərin yüksək dərəcələri vardır.

76. (Bina və ağaclarının) altından çaylar axan əbədi Cənnətlər! Onlar orada əbədi qalacaqlar. Özünü (bütün çirkinliklərdən) təmizləyən və (ruhu, ilahi dinin maarifində) inkişaf edib boy atan kəslərin mükafatı budur!

77. Və əlbəttə, Biz Musaya vəhy etdik ki, bizim bəndələrimizi (Misirdən) gecə hərəkət etdir və onlar(ın keçmələri) üçün dənizdə (Nil çayında onu yarmaqla) bir quru yol aç ki, çatmaqdan (fironçuların gəlib çatmalarından) qorxmayasan və batmaqdan çəkinməyəsən.

78. Beləliklə Firon qoşunu ilə birlikdə onları təqib etdi. (Musanın qövmü keçdikdən sonra onlar da dənizin içindəki yollara daxil oldular.) Onları dənizdən (dənizin suyundan) bürüyən bürüdü (insan ağılının təsəvvür edə bilmədiyi nəhəng dalğalar bürüyüb batırdı).

79. Firon öz qövmünü azdırdı və (heç bir) haqq yola yönəltmədi.



Geri   İrəli
Go to TOP