A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


45. Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Quran maarifinə diqqət yetirmələrinə mane olur).

46. Və (küfrlərinin cəzası olaraq) onların qəlblərinə onu (Quranı) başa düşməmələri üçün (qürur, mal, və məqam məhəbbətindən ibarət) örtüklər çəkmişik və qulaqlarında bir ağırlıq (qoymuşuq). Və Quranda Rəbbinin birliyini yad etdiyin zaman, nifrətlə arxa çevirirlər.

47. Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (bir-birlərinə) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik.

48. Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.

49. Və dedilər: «Məgər biz bir ovuc sümüklər və çürümüş üzvlər olduğumuz zaman, yeni bir məxluq surətində dirildiləcəyik?»

50. De: «Siz (istəyirsiniz) daş olun, yaxud dəmir,

51. ya zehinlərinizdə (möhkəmlik və həyat qəbul etməmək baxımından) böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb və istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulayar və «bu (dirilmə) nə vaxt olacaqdır?» deyərlər. De: «Ümid var ki, yaxın olsun.»

52. O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).

53. Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).

54. Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə (xeyir əməllərinizə görə və ya Öz geniş rəhmətinin əsasında) sizə rəhm edər, yaxud əgər istəsə (layiq olduğunuza görə) sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik (sənin vəzifən tapşırılan ilahi vəzifəni çatdırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir).

55. Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik və Davuda Zəbur verdik.

56. De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər.»

57. (Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.

58. Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.

59. Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.

60. Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Quranda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır.

61. Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.

62. (Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam).»

63. (Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!»

64. Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir.»

65. Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.

66. Sizin Rəbbiniz Onun lütf və ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiətini yumşaltmaqla) gəmiləri dənizdə sizin xeyrinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.

67. Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.

68. Belə isə, məgər (dənizdən çıxdıqdan sonra) sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz?! Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil də tapmazsınız.

69. Yoxsa sizi yenidən ora (dənizə) qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək küfrünüzün cəzası olaraq sizi batırmasından xatircəmsiniz?! (Bunu etdikdən) sonra (bu) işimizin müqabilində özünüz üçün Bizə qarşı (bu işlərin) arxasınca düşən bir kəs də tapmazsınız?!

70. Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik.

71. (Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar).

72. (Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır.

73. Həqiqətən az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən və dinin əməl üslubundan) döndərsinlər və onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər.

74. Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.

75. (Əgər elə olsaydı,) onda Biz sənə iki qat dünya əzabı və iki qat axirət əzabı (dünyada və axirətdə həmin günaha görə başqalarına verilən əzabın iki qatını) daddırardıq, sonra Bizim qarşımızda özünə bir köməkçi tapmazdın.

76. Və həqiqətən az qalmışdı ki, səni (bu ayənin nazil olmasından qabaq) Məkkə torpağından çıxartmaq üçün təhrik etsinlər. Əgər elə olsaydı, səndən sonra onlar da (orada) yalnız az bir müddət qalardılar (necə ki, o həzrəti çıxartdıqdan bir il sonra Bədr müharibəsində öldürüldülər və Məkkə torpağına qayıtmadılar).

77. (Budur, Bizim) səndən qabaq göndərdiyimiz peyğəmbərlərimizin (barəsində olan) qayda və yolu(muz ki, onların ümmətlərindən bu cür itaətsizlik və azğınlıqların baş verməsinin ardınca tez bir zamanda həlak edilirdilər). Sən Bizim cari qayda-qanunlarımızda əsla bir dəyişiklik tapmazsan.

78. Namazı (gündəlik vacib namazların dördünü N zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.

79. Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Quran oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın.

80. Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»

81. Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir).»

82. Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır.

83. İnsana (sağlamlıq, mal və məqam) nemət(i) bəxş edəndə o, üz döndərər və özünü Bizdən uzaqlaşdırar, ona (xəstəlik və yoxsulluq kimi) bir şər yetişəndə isə bərk naümid olar.

84. De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir.»

85. Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir».

86. Əgər istəsək şübhəsiz, sənə (əslində cəmiyyətin ruhu olan) vəhy etdiyimizi aradan apararıq (və zehn səhifən boş qalar), sonra Bizim müqabilimizdə onu geri almaq üçün bir vəkil tapa bilməzsən.

87. Lakin (sənə verilən) Rəbbin tərəfindən bir rəhmətdir (və geri alınası deyildir). Çünki doğrudan da Onun sənə lütf və mərhəməti daim böyükdür.

88. De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Quranın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır).»

89. Həqiqətən Biz bu Quranda insanlar üçün təkrar və müxtəlif (şəkillərdə) hər məsəldən çəkdik, lakin insanların çoxu inkar və nankorluqdan başqa bir şey istəmədilər.

90. Və (müşriklər möcüzələrin müqabilində aciz qaldıqdan sonra, tərslik üzündən qeyri-məntiqi bir təklif irəli sürərək) dedilər: «Bizim üçün yerdən (Məkkə torpağından) qaynayan və sabit bir bulaq çıxarıb axıtmayınca, sənə əsla iman gətirmərik».

91. «Yaxud da sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan».

92. «Yaxud da göyü, güman etdiyin (və bizi onunla qorxutduğun) kimi parça-parça bizim başımıza tökəsən və ya Allahı və mələkləri dəstə-dəstə bizim qarşımıza gətirəsən».

93. «Yaxud da sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun, ya da göyə tərəf qalxasan. Və bizə, oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına (da) əsla iman gətirmərik». De: «Mənim Rəbbim pak və nöqsansızdır (kimsə Onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri Onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz)! Məgər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm?» (Peyğəmbərin, hətta millət istəsə belə, möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir).

94. İnsanlara hidayət (Peyğəmbərin və Quranın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)

95. De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).

96. (Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma və peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz O, həmişə bəndələrindən xəbərdar və (onları) görəndir.»

97. Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz azğınlığında boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq.

98. Bu (əzab) Bizim ayə və nişanələrimizə küfr etdiklərinə və «biz bir ovuc sümük və çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik?!» dediklərinə görə onların cəzasıdır.

99. Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar.

100. De: «Əgər siz mənim Rəbbimin rəhmət xəzinələrinə malik olsaydınız, onda, xərcləmək (vasitəsilə xəzinələrin qurtarması) qorxusundan mütləq xəsislik edərdiniz.» İnsan (zatı ehtiyac və yoxsulluq üzündən təbiətcə) həmişə xəsisdir.

101. Həqiqətən Musaya (tovhidin və onun peyğəmbərliyinin isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından (Musanın möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm».

102. Musa dedi: «Şübhəsiz, sən bilirsən ki, bu möcüzələri aydın dəlillər olmaq üçün yalnız, göylərin və yerin Rəbbi nazil etmişdir. Və əlbəttə b ey Firon mən səni (artıq) həlak olmuş sanıram».

103. Beləliklə, Firon onları (öldürməklə) yer (üzün)dən (və ya sürgün etməklə Misir torpağından) çıxartmaq qərarına gəldi. Belə olduqda Biz onu və onunla birlikdə olanların hamısını suda batırdıq.

104. Və ondan (Firondan) sonra İsrail övladlarına dedik: «(Misir və Şam) torpağ(ın)da məskunlaşın. Beləliklə, axirət vədəsi yetişəndə sizin hamınızı birlikdə (Məhşər səhnəsinə) gətirəcəyik (və mühakimə yürüdülüb hökm çıxarıldıqdan sonra ayıracağıq).»

105. (Bu Quranı) haqq olaraq nazil etdik, haqq olaraq da nazil oldu (onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür, nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır). Biz səni (iman gətirənlər üçün) yalnız müjdə verən və (inkar edənləri) qorxudan göndərmişik (imamın vəzifələrindən olan icraya məmur və ya Allahın işlərindən olan cəzalandırmağa vəkil deyilsən).

106. Biz bu Quranı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (iyirmi üç il ərzində) nazil etdik.

107. (Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».

108. Və deyirlər: «Pakdır bizim Rəbbimiz! Həqiqətən Rəbbimizin vədi həmişə yerinə yetəndir.»

109. Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Quranı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.

110. De: «(İstəyirsiniz bütün kamilliklərə malik, vücudu vacib olan tək varlıq üçün qoyulmuş) Allah (adın)ı çağırın, ya (Ona sifətləri baxımından qoyulmuş) Rəhman (adın)ı çağırın. Hansı birini çağırsanız (bir pak zata işarədir), çünki Onun çox gözəl adları vardır (ki, bəzisi Onun zatına, bəzisi zatının sifətlərinə və bəzisi də işlərinin sifətlərinə dəlalət edir). Və namazlarını (qışqırma həddində olan) çox uca səslə qılma və çox yavaş da qılma (ki, heç özün eşitməyəsən). Və bu ikisinin arasında (orta) bir yol tut (ucadan qılınan namazlarla yavaş qılınan namazların hər biri səsin əslinin aşkarcasına bilinməsi və bilinməməsi ilə bir-birlərindən fərqlənsin. Yaxud, namazların hamısını ucadan və ya yavaş qılma, bunların ikisinin arasında bir yol tut, bəzisini ucadan, bəzisini də yavaş qıl).»

111. Və de: «Bütün həmdlər övlad götürməmiş ( V çünki, övladın dünyaya gəlməsinin müqəddiməsi və dünyaya gəlməsindən sonra olan xeyirləri Onun barəsində qeyri-mümkündür), (varlıq aləminə) hakimiyyət və (ona) həqiqi sahiblikdə heç bir şəriki olmayan və (qorxu, ehtiyac və) zillət üzündən bir köməkçi, başçı və dostu olmayan Allaha məxsusdur. Və (bütün namazlarda və hər bir halda) təkbir de, Onun böyüklüyünə tam etiqad bəslə və cəmiyyətdə imkanın qədər Onu böyük tut.

Əl-Kəhf ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həmd bu kitabı Öz bəndəsinə nazil etmiş və on(un kəlmə və mənasın)da heç bir xəta və əyrilik qoymayan Allaha məxsusdur.

2. (Allah düzgün imana və ya saleh əmələ sahib olmayan kəsləri) Öz tərəfindən şiddətli əzabla qorxutmaq və yaxşı işlər görən möminləri onlar üçün mütləq gözəl bir mükafatın olacağı ilə müjdələmək üçün düzgün, gözətçi və (keçmiş səma kitablarına və gələcək bəşər cəmiyyətinin xeyrinə) nəzarətçi olaraq (nazil etmişdir).

3. Orada (onlar gözəl mükafat kimi verilmiş Cənnətdə) həmişəlik qalacaqlar.

4. Və «Allah övlad götürmüşdür» deyən kəsləri (müşrikləri, yəhudiləri və xristianları) qorxutmaq üçün!

5. Nə onların və nə də atalarının bu (iddia) barə(sin)də bir biliyi yoxdur. (Şirk, cism olmaq, müxtəlif ünsürlərdən təşkil olunmaq, evlənmək və köməyə möhtaclıq kimi şeyləri Allaha nisbət vermək) onların ağızlarından çıxan çox böyük bir sözdür. Onlar yalnız yalan söyləyirlər.

6. Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?!

7. Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik.

8. Şübhəsiz, Biz (bir gün) onun üzərində olanları (məhv edəcək və yeri) otsuz-susuz bir çölə çevirəcəyik.

9. Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır.)

10. (Yada sal) o zaman(ı) ki, həmin cavanlar o böyük mağaraya sığınaraq dedilər: «Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör».

11. Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik.

12. Sonra o iki (müxtəlif) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və Bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq.

13. Biz onların əhvalatını sənə haqq olaraq və doğru şəkildə söyləyirik: «Həqiqətən onlar özlərinin Rəbbinə iman gətirmiş və Bizim, hidayətlərini artırdığımız cavanlar idilər.»

14. Onlar (dövrün diktatorunun qarşısında) qiyam edib «bizim Rəbbimiz göylərin və yerin Rəbbidir; biz Ondan savayı əsla başqa bir məbud çağırmayacağıq ki, (əgər elə etsək) onda həddi aşmış bir söz söyləmiş olarıq» deyən zaman, onların qəlblərini möhkəmləndirdik.

15. «Bizim bu qövmümüz Allahın yerinə (başqa) məbudlar götürüblər. Nə üçün onlar(ın tanrı olmalarının sübutu) üçün aydın bir dəlil-sübut gətirmirlər? Belə isə, kim Allaha qarşı yalan uydurandan daha zalımdır?!»

16. Və (bir-birlərinə dedilər): «İndi ki, onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşmısınız, onda bu böyük mağarada yerləşin ki, Rəbbiniz Öz rəhmətini sizə şamil etsin və işinizdə sizin üçün asanlıq və əmin-amanlıq hazırlığı görsün.»

17. Və (mağaraları ekvator xəttinin şimalında, mağaranın ağızı isə cənub qütbünə tərəf olduğu üçün) günəş çıx(ıb yuxarı qalxmağa başlay)an zaman onu onların mağaralarından (onun önündən) sağ tərəfə meyl edən (və şüasını mağaraya saçan), batanda isə (şüasını) onların sol tərəfindən kəsərək əyilən görərsən və onlar həmin mağaranın geniş bir yerində idilər. Bu, Allahın nişanə və möcüzələrindəndir. Allah kimi hidayət etsə o, həqiqi yolu tapmışdır və kimi öz zəlalətində boşlasa, onda onun üçün əsla doğru yol göstərən bir köməkçi və başçı tapmazsan.

18. Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik. Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı.

19. Və onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi şəkildə) də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq.» (Digərləri bədənlərinin tüklərinin və dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (qaçdığımız) şəhərə tərəf göndərin və o, gərək onlardan (əhalidən) kimin təamının daha pak olmasına yaxşı baxsın ki, sizə ondan bir ruzi (alıb) gətirsin. Və əlbəttə gərək mülayim və mehriban davransın və heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməsin».

20. «Şübhəsiz, əgər onlar sizin vəziyyətinizdən xəbərdar olsalar və sizi ələ keçirsələr, sizi daşqalaq edəcək, yaxud (necə olur-olsun) öz dinlərinə qaytaracaqlar və onda əsla nicat tapmayacaqsınız».

21. Və beləcə (həmin yerin əhalisini onları uzun yuxudan oyatdığımız kimi) öz aralarında yenidən dirildilmələri barəsində mübahisə etdikləri zaman Allahın vədinin haqq olmasını və Qiyamət günün(ün gəlməsin)də heç bir şəkk-şübhənin olmamasını bilmələri üçün onlar(ın halın)dan xəbərdar etdik. Beləliklə (bu hadisədən qane olmayan müşriklər) dedilər: «Onların (cəsədləri) üzərində bir bina tikin (və boşlayın), onlardan Rəbbi daha yaxşı xəbərdardır.» (Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»

22. Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir.» Və deyəcəklər: «Beş nəfərdirlər, altıncısı itləridir.» Dəlili olmayan söz! Və deyəcəklər: «Yeddi nəfərdirlər və səkkizincisi itləridir.» De: «Mənim Rəbbim onların sayını daha yaxşı bilir.» Onları(n sayını kitab əhlindən və sənin ümmətindən) az (bir qism) istisna olmaqla (heç kəs) bilmir. Buna görə də onların barəsində yalnız (Quranın bəyan etdiyi miqdar və çərçivədə) zahiri söhbətlə mübahisə et və onlar (mağaradakılar) barəsində onların heç birinin nəzərini soruşma!

23. Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır.)



Geri   İrəli
Go to TOP