A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


76. Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim ədalətə əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayisə edilə bilməz.)

77. Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət baxımından) yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir.

78. Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz.

79. Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır? Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və hikmətinə dair) nişanələr vardır.

80. Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi.

81. Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi. O, Öz nemətini sizə belə tam həddə çatdırır ki, bəlkə (Onun istək və iradəsinə) təslim olasınız.

82. Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (eybi yoxdur), həqiqətən sənin öhdənə düşən (onlara məcbur qəbul etdirmək və ya dünya və axirət cəzası vermək deyil) yalnız (tapşırığı) aşkar surətdə çatdırmaqdır.

83. Onlar Allahın nemətini tanıyır, sonra isə onu inkar edirlər və onların çoxu həqiqətən kafir və nankordurlar.

84. Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik. Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir.

85. Və zülm edənlər (Cəhənnəm) əzabı(nı) gördükdə (onlar üçün tam aydın olacaq ki,) onların nə əzabı yüngülləşdiriləcək və nə də onlara möhlət veriləcəkdir.

86. Və müşriklər Allahın şəriki sandıqlarını gördükdə «ey Rəbbimiz, Sənin yerinə çağırdığımız şəriklərimiz bunlardır» deyərlər. Onda şəriklər onlara «həqiqətən siz yalançısınız (biz əsla Allahın şəriki olmamışıq və siz də öz nəfsi istəklərinizə ibadət edirdiniz)» (deyə) bu sözü qaytararlar.

87. Həmin gün (həqiqətləri öz gözləri ilə görüb yəqin etdikdən sonra, naçar qalıb) itaətkarcasına Allahın hüzuruna təslim olarlar və (bütlərin şəfaəti və köməyi barəsində) yalandan uydurduqları şey onlardan yox olaraq (gözlərindən) itər.

88. Küfr edən və (başqalarını) Allahın yolundan saxlayan kəslərin əzabları üzərinə fəsad etdiklərinə görə daha bir əzab artıracağıq.

89. Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik. Və hər bir şeyin (elm və maariflərin) dolğun açıqlaması və aydınlaşdırıcısı və müsəlmanlar üçün başdan-başa hidayət, rəhmət və müjdə mənbəyi olan bu kitabı sənə nazil etdik.

90. Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz.

91. Allahla əhd-peyman bağladığınız zaman öz peymanınıza vəfalı olun və öz andlarınızı onları möhkəmlətdikdən sonra (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürdüyünüz halda pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir.

92. Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır.

93. Əgər Allah istəsəydi, şübhəsiz, sizin hamınızı (məcburi surətdə) bir ümmət edərdi. Və lakin (öz cari qanunu əsasında, hamını din seçməkdə azad qoyur və sonra) istədiyini (Onun dinini qəbul etməyən şəxsi) öz azğınlığında boşlayır və istədiyini (Onun dinini qəbul edəni) hidayət edir. Və siz əməlləriniz barəsində mütləq sorğu-sual ediləcəksiniz.

94. Andlarınızı öz aranızda fəsad və hiylə alətinə çevirməyin ki, məbada (sizin İslam və əməl yolundakı) qədəm(iniz) möhkəmləndikdən sonra titrəsin və Allah yolundan qaldığınıza, ya (başqalarını) Allah yolundan saxladığınıza görə (dünya) əzabını dadasınız və (axirətdə) sizin üçün böyük bir əzab olar.

95. Allahın əhdini ucuz qiymətə satmayın. (Onun əhdlərini pozmaqla dünya malı əldə etməyin.) Həqiqətən, əgər bilsəniz, Allah yanında olan sizin üçün daha yaxşıdır.

96. Sizin yanınızda olan tükənir və puç olur, Allahın yanında olan isə daimi və əbədidir. Və (dini vəzifələri yerinə yetirməkdə) səbr etmiş kəslərin çox gözəl əməlləri müqabilindəki mükafatlarını verəcəyik.

97. Hər kim H kişi yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik.

98. Quran oxuyan zaman, qovulmuş Şeytandan Allaha pənah apar.

99. Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur.

100. Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir.

101. Biz bir ayənin yerinə başqa bir ayə gətirən zaman (hansısa bir ayəni hərfən və ya məna baxımından nəsx edib başqa bir ayə gətirsək) – Allah nə nazil etdiyini daha yaxşı bilir – deyərlər: «Sən ancaq yalançı və iftiraçısan.» (Elə deyil,) əksinə, onların çoxu bilmir.

102. De: «Bu (Quranı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun.

103. Əlbəttə, Biz onların «əslində bunu (Quranı) ona (Muhəmmədə – səllallahu əleyhi və alihi və səlləm) bir bəşər (yəhudi, xaçpərəst və farsların bəzi alimləri) öyrədir» demələrini bilirik. (Lakin belə deyildir,) səhv edib nisbət verdikləri şəxsin dili qeyri-ərəbdir, bu (Quran) isə açıq-aydın ərəb dilindədir!

104. Şübhəsiz, Allahın ayələrinə və aydın dəlillərinə iman gətirməyənləri Allah hidayət etməyəcəkdir və onlar üçün ağrılı bir əzab vardır.

105. (Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!

106. Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə A (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır (küfr sözlər danışmağa məcbur edilənlər isə Allahın qəzəbinə düçar olmayacaqdır).

107. Bu (qəzəb) onların dünya həyatını axirətdən üstün tutmalarına görədir. Həmçinin ona görə ki, Allah kafirlərin dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) hidayət etmir.

108. Onlar Allahın qəlb, qulaq və gözlərinə (bədbəxtlik və anlamazlıq) möhürü vurduğu kəslərdir və onlar həmin qafillərdir.

109. Və şübhəsiz, axirətdə ziyana uğrayanlar onlardır.

110. Bununla belə şübhəsiz, sənin Rəbbin (kafirlərdən) işkəncə gördükdən sonra hicrət edən, sonra cihad edən və səbirli olan kəsləri, sənin Rəbbin həqiqətən bunlardan (həmin müsibətlərdən) sonra (onları) çox bağışlayan və mehribandır.

111. (Yada sal) o gün(ü) ki, hər bir şəxs mübahisə və özünü müdafiə edən halda gələr, hər bir kəsə etdiyi(nə uyğun mükafat və ya əməlinin gerçək təzahürü) kamil surətdə verilər və onlara zülm olunmaz (haqları kəsilməz).

112. Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı.

113. Və həqiqətən onlara (Məkkə əhlinə) özlərindən (öz şəhər, mühit və qəbilələrindən) bir peyğəmbər gəldi, amma onu təkzib etdilər. Beləliklə (Allahın) əzab(ı) onları zalım olduqları halda yaxaladı.

114. Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin.

115. Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və (kəsən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkiləni haram etmişdir. Beləliklə, əgər kimsə (onları yemək) məcburiyyət(in)də qalsa ləzzət qəsdi ilə və zərurətdən artıq yeməsə (yaxud itaətsizlik etməsə, bilsin ki,) həqiqətən Allah çox bağışlayan və mehribandır.

116. Dillərinizin yalandan dediyinə (və heç bir dəlili olmadan bir şeyin halal və ya haram olması barəsində verdiyi hökmə) əsasən «bu, halaldır və bu, haramdır» deməyin ki, Allaha yalan yaxasınız (və Onun dinində bir bidətin əsasını qoyasınız). Əlbəttə, Allaha yalan yaxanlar əsla nicat tapmazlar.

117. (Bu bidətlərin nəticəsi onlar üçün) azacıq bir mənfəət (əldə etmək)dir və onların ağrılı əzabları olacaqdır.

118. Və yəhudilərə sənə öncə söylədiklərimizi (Ənam surəsinin 146-cı ayəsində buyurulanları) haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər.

119. Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm (keçmişlərini) islah edən kəsləri v əlbəttə, sənin Rəbbin bundan sonra çox bağışlayan və mehribandır.

120. Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi. [Və ya: İbrahim öz əsrində bir müddət təkbaşına islami bir ümmətin nümunəsi idi.] O, Allah qarşısında təvazökar və itaətkar, haqqa yönələn idi və heç vaxt (nə vücudda, nə rübubiyyətdə, nə ibadətdə və nə də itaətdə) müşriklərdən olmamışdı.

121. Allahın nemətlərinə şükr edən idi. Allah onu (nübuvvət və risalətə, sonra isə imamət və dostluq məqamına) seçdi və doğru yola hidayət etdi.

122. Və ona dünyada gözəl həyat (bütün ümmətlər tərəfindən qəbul olunmaq xüsusiyyəti, uzun ömür, saleh övladlar və çoxlu sərvət) verdik və əlbəttə o, axirətdə salehlərdən olacaqdır.

123. Sonra sənə vəhy etdik ki, İbrahimin ayininə (onun tovhidi qəbul etmək yoluna və şirklə mübarizə üsuluna və onun dininin əsaslarına və şəriətinin qollarının ana xəttinə) tabe ol. Çünki o, haqqa yönələn idi və müşriklərdən deyildi.

124. Həqiqətən şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı). Rəbbin Qiyamət günü mütləq, onların arasında ixtilaf etdikləri bütün şeylər barəsində hökm çıxaracaqdır.

125. (İnsanları) Rəbbinin yoluna hikmətli məntiq, qane edən dəlillər və gözəl, oyadıcı və ibrətamiz nəsihətlə dəvət et və onlarla (müxaliflərlə) ən gözəl tərzdə mübahisə et. (Sənin vəzifən budur. Onlara gəldikdə isə) əlbəttə, sənin Rəbbin Özü Onun yolundan azanları daha yaxşı bilir və doğru yolda olanları daha yaxşı tanıyır.

126. Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbr etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbr edənlər üçün daha yaxşıdır.

127. (Boynuna qoyulmuş ilahi tapşırığın çatdırılmasında) səbirli ol və sənin səbrin yalnız Allah(ın kömək və yardımı) ilədir. Onlara (onların iman gətirməmələrinə) görə, yaxud möminlərin çətinlik və sıxıntılarına görə qəm yemə və onların işlətdikləri hiyləyə görə ürəyini sıxma.

128. Şübhəsiz, Allah təqvalı olanlarla və yaxşı işlər görən kəslərlədir.

Əl-İsra surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Öz bəndəsini (MuhəmmədiÖsəlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır).

2. Biz Musaya kitab (Tövrat və səhifələr) verdik və onu və onun kitabını İsrail övladlarının bələdçisi etdik ki, (onlara) «Məndən başqa heç kəsi (dünya və axirət işlərinizin) vəkil və idarə edən(i) tutmayın» (desinlər).

3. (İsrail övladları) Nuhla birlikdə (gəmiyə) mindirdiyimiz kəslərin övladlarıdır. Çünki o, şükr edən bir bəndə idi.

4. Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.

5. Beləliklə, o iki itaətsizliyin birincisinin (cəzasının) vəd edilmiş vaxtı çatanda, Özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar (sizi öldürmək üçün hətta) evlərin içini axtararlar (ki, heç kimi diri qoymasınlar). Bu, baş verəcək qəti bir vəddir.

6. Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik.

7. Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik).

8. (İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik.

9. Həqiqətən bu Quran (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir.

10. Və axirətə iman gətirməyənlər üçün isə ağrılı bir əzab hazırlamağımızı!

11. İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir).

12. Biz, gecə ilə gündüzü (Öz tovhid, qüdrət və hikmətimizin) iki nişanə(si) etdik. Beləliklə gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz (işləmək və qazanc əldə etməklə məşğul olasınız) və həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsi ilə) illərin sayını və hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik.

13. Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq.

14. (Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən.»

15. Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.

16. Biz hər hansı bir cəmiyyəti (azğınlıqlarına görə) həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına (Qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itaət etmələrini) əmr edərik (yaxud onların dünyadakı imkanlarını artırarıq). Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər (və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar). Beləliklə Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik.

17. Nuhdan sonra (Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş) neçə-neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin Öz bəndələrinin günahlarını (onlara uyğun cəza verməsi üçün) bilməsi və görməsi kifayətdir.

18. Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar.

19. Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.

20. Bunların və onların (axirət və dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur).

21. Bax gör (maddi və mənəvi nemətlər baxımından) onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə, axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür.

22. Allahla birlikdə əsla başqa bir məbud götürmə ki, (mələklərin və saleh insanların yanında) qınanmış və (Allahın yanında) məzəmmət olunmuş, xar və köməksiz düşüb qalarsan.

23. Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de.»

24. Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!

25. Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır.

26. Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma).

27. Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub.

28. Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de.

29. Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.

30. Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir).

31. Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək böyük günahdır.

32. Və zinaya yaxınlaşmayın (hətta onun üçün müqəddimə ola biləcək əməllərdən uzaq olun), çünki o çox çirkin (bir əməl) və (cəmiyyətin pozulması və onun mənəviyyatsızlığı ilə nəticələnən) pis bir yoldur.

33. Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şəri hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır).

34. Və yetimin malına V gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyrinə olan) istisna olmaqla l o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın (heç cür toxunmayın). Və əhd-peymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün bir-birinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar).

35. Və (hər hansı bir malı verəndə və ya alanda) ölçən zaman, ölçü qabını doldurun və (həmçinin) düzgün tərəzi ilə çəkin ki, bu (ölçü və çəkidə xəyanət etməmək ağıl baxımından) xeyirdir və (cəmiyyətin etimadının qorunması baxımından) onun sonu və nəticəsi daha gözəldir.

36. (Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır).

37. Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən.

38. Bunların (sadalanan bu iyirmi üç işin) hamısının pisi (və fəsadı olanı) sənin Rəbbinin yanında bəyənilməzdir (və Allahın onları bəyənməməsi onların haram olmaları deməkdir).

39. Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır). Və Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, (Allah və vicdan tərəfindən) qınanmış və (yaxşıların zümrəsindən) qovulmuş halda Cəhənnəmə atılarsan.

40. Məgər Rəbbiniz sizi oğullarla (oğlanları verməklə) seçmiş və Özü (övladlığa) mələklərdən qızlar götürmüşdür?! Həqiqətən siz (Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə) yekə-yekə danışırsınız.

41. Həqiqətən Biz bu Quranda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tovhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik. Lakin (bu) onlarda nifrət və uzaqlaşmaqdan başqa bir şey artırmır.

42. De: «Əgər onların dediyi kimi Allahla birgə (başqa) məbudlar (da) olsaydı, onda onlar (qalib gəlib Onu aradan götürmək və ya Onun mülkündə şərik olmaq və yaxud heç olmasa Onun dərgahına yaxın olmaq üçün) mütləq ərşin sahibi olan Allaha bir yol axtarardılar.

43. (Allah) onların dediklərindən pakdır və uca, çox-çox ucadır!



Geri   İrəli
Go to TOP