A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


35. «Və şübhəsiz, (ilahi vəzifələrin yerinə yetirilməsi müddəti olan indidən) cəza gününədək sənə lənət olacaqdır (və ondan sonra da əbədi cəza zamanıdır).»

36. Dedi: «Ey Rəbbim, elə isə mənə onların (Adəm övladlarının) dirildiləcəkləri günə kimi möhlət ver».

37. Allah buyurdu: «Sən möhlət verilənlərdənsən».

38. «(Lakin Qiyamətədək deyil,) məlum vaxtın gününədək (bəşər cəmiyyətinin hamısının düzələcəyi və ya bəşər nəslinin İsrafilin surunun birinci dəfə üfürülməsi ilə kəsiləcəyi günədək)».

39. Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam».

40. «Sənin (rəhmətini şamil etməklə) onların arasından seçdiyin bəndələrin istisna olmaqla».

41. (İblis onların az bir qismindən başqa hamısını ixtiyari hidayətdən çıxarıb məcburi şəkildə azdıracağını iddia etdi.) Allah buyurdu: «Bu, (onları ixtiyari hidayət və zəlalət yolunda qoymaq), Mənim öhdəmdə olan düz yoldur (və hər bir qüdrətdən xaricdir)».

42. «Və şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa»!

43. «Və onların hamısının vədə yeri, mütləq Cəhənnəmdir».

44. Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür.

45. Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar.

46. (Daxil olan zaman onlara) «(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız».

47. Və onların qəlblərində olan kin-küdurəti (batil düşüncələr və xarab xislətləri) elə çıxarıb atdıq ki, taxtlar üzərində qardaşcasına bir-birlərinin qarşısında əyləşərlər.

48. Orada onlara əsla bir zəhmət yetişməz və onlar oradan əsla çıxarılmazlar.

49. (Ya Peyğəmbər!) Mənim bəndələrimə xəbər ver ki, şübhəsiz, çox bağışlayan və mehriban Mənəm!

50. Və həmin ağrılı əzab (da) Mənim əzabımdır.

51. Və onlara İbrahimin qonaqlarından xəbər ver.

52. Onlar onun hüzuruna daxil olub «salam!» deyən zaman o (İbrahim) dedi: «Həqiqətən biz, (vaxtsız və icazəsiz gəldiyinizə görə) sizdən qorxuruq.»

53. Dedilər: «Qorxma, biz səni (İshaq adlı) bilikli bir oğulla müjdələyirik (ki, o, vəhy vasitəsilə din elmləri və səmavi kitablardan xəbərdar olacaqdır)».

54. Dedi: «Qocalığın mənə yetişdiyi bir halda mənə müjdə verirsiniz?! Belə olan halda, mənə nə müjdə verirsiniz?»

55. Dedilər: «Sənə düzgün (haqq və sabit) bir (işə görə) müjdə verdik. Buna görə də əsla naümidlərdən olma».

56. Dedi: «Öz Rəbbinin rəhmətindən azğınlardan başqa kim naümid olar?!»

57. Dedi: «Ey elçilər, bəs sizin (əsl) işiniz nədir?»

58. Dedilər: «Biz günahkar bir qövmə (Lut qövmünə) göndərilmişik (ki, onları həlak edək)».

59. «Lutun ailəsi istisna olmaqla. Biz onların hamısına mütləq nicat verəcəyik.»

60. «Onun (nicat tapacaq ailə üzvlərindən də) zövcəsi müstəsnadır ki, onun (imansızlığına görə) mütləq (Lut qövmünün əzabda) qalanlar(ın)dan olmasını qərara almışıq».

61. Beləliklə, elə ki, elçilər Lut ailəsinin yanına gəldilər,

62. Lut dedi: «Həqiqətən, siz tanış olmayan və yad bir dəstəsiniz».

63. Dedilər: «(Arada pis bir məqsəd yoxdur,) biz (sənin qövmün üçün) barəsində şəkk və tərəddüddə olduqları şeyi (əzabın nazil olmasını) gətirmişik.

64. «Və Biz sənin üçün haqq xəbəri və doğru vədi gətirmişik və şübhəsiz, biz düz danışanlarıq».

65. «Odur ki, gecənin bir yarısında öz ailəni yola sal, özün də onların arxasınca get, sizdən heç kim yerdə qalmasın (ya heç kim dönüb geriyə baxmasın) və əmr olunduğunuz səmtə tərəf yola düşün».

66. Və Biz mütləq baş verəcək bu işi ona vəhy etdik ki, bunların kökü səhəri açarkən kəsiləcəkdir.

67. Və (o halda) şəhər əhli sevincək gəldi.

68. Lut dedi: «Bunlar mənim qonaqlarımdır, məni (bu biabırçı işinizlə) rüsvay etməyin».

69. «Və Allah(ın əzabın)dan qorxun və məni xar və başıaşağı etməyin».

70. Dedilər: «Məgər sənə dünya adamlarını (onları dəvət etməyi, sığınacaq verməyi və onları qonaq etməyi) qadağan etməmişik?!»

71. Dedi: «Əgər bir iş görmək istəyirsinizsə, bunlar mənim qızlarımdır.» (Öz qızlarına, yaxud onların özlərinin peyğəmbərin qızları yerində olan arvadlarına işarə etdi).

72. Sənin canına and olsun ki, onlar öz (küfr, günah və şəhvət) məstliklərində çaşqın və sərgərdan idilər.

73. Və (nəhayət) günəş çıxan zaman onları (göydən gələn) bağırtı yaxaladı.

74. Beləliklə, onların şəhərlərini alt-üst etdik və onlara gil daşlardan yağış yağdırdıq.

75. Şübhəsiz, bunda (bu hadisədə) ağıl və şüur sahibləri üçün (Allahın qüdrət və qəzəbi, bəndənin azğınlığının sonu barəsində) nişanələr vardır.

76. Və əlbəttə, o (viran edilmiş həmin şəhərlər) yol üzərində hələ də qalmaqdadır (və ibrət götürmək üçün bir amildir).

77. Və həqiqətən bunda (bu hadisədə) iman əhli üçün (Haqqın qüdrəti və batilin cəzası barəsində) bir nişanə vardır.

78. Və həqiqətən «Əykə»nin (Şüeybin qövmünün məskunlaşdığı çox sıx ağaclı diyarın) əhalisi zalım idi.

79. Beləliklə, Biz onlardan intiqam aldıq. (Hud surəsinin 94-cü ayəsinə müraciət edin.) Və əlbəttə, o ikisi (Lut və Şüeybin qövmlərinin məskənləri) açıq-aşkar yol üstündədir.

80. Və həqiqətən Hicr əhalisi (Salehin ümməti olan Səmud qövmü) Allahın peyğəmbərlərini təkzib etdilər.

81. Və Biz onlara (dəvənin daş və sairədən xaric olması kimi) Öz nişanələrimizi verdik, amma onlar ondan üz döndərdilər.

82. Və onlar (dağın aşmasından və düşmənin yol tapmasından) xatircəm halda dağlardan evlər yonurdular.

83. Beləliklə, səhəri açarkən onları (göydən gələn bir) bağırtı bürüdü.

84. Beləliklə (məskən, övlad və var-dövlət kimi) kəsb etdikləri şey onlardan (Allahın əzabından heç nəyi) dəf etmədi.

85. Və Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (və uca və ağılın təsdiq etdiyi bir məqsəd üçün) yaratmışıq və şübhəsiz, Qiyamət gələsidir (və kafirlərə cəza verəcəyik). Buna görə də, gözəl tərzdə (nə qədər ki, döyüş əmri almamısan) güzəşt et.

86. Həqiqətən sənin Rəbbin həmin (bütün şeyləri) yaradan və (hər şeyi) biləndir.

87. Doğrudan da sənə hər namazda ən azı iki dəfə təkrar edilən və ayələri bir-birini təfsir edən bu kitabın bir hissəsi olan (Həmd surəsi adında) yeddi əzəmətli ayə və böyük Quranı əta etdik.

88. Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər.

89. Və de: «Həqiqətən mən (sizi ilahi əzabın nazil olmasından çəkindirən) həmin aşkar qorxudanam.»

90. Bölənlərə (əzab) nazil etdiyimiz kimi!

91. Həmin o kəslərə ki, (peyğəmbərin göndərilməsinin əvvəlində) Quranı neçə hissəyə böldülər (bir hissəsini sehr, bir hissəsini şer, bir hissəsini keçmişlərin əhvalatları və bir hissəsini cinlərin kəlamı adlandırdılar. Həmçinin onun bir hissəsini qəbul və bir hissəsini rədd etdilər. Onları müxtəlif əzablarla həlak etdik).

92. Buna görə də, sənin Rəbbinə and olsun ki, şübhəsiz (Qiyamət günü) onların hamısını sorğu-suala tutacağıq.

93. (Dünyada) etdikləri əməllər barəsində.

94. Buna görə də, sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir.

95. Həqiqətən Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq.

96. Həmin o kəslər(in) ki, Allaha digər bir məbudu şərik qoşurlar. Tezliklə biləcəklər!

97. Şübhəsiz, Biz sənin qəlbinin onların dediklərindən sıxılmasını bilirik.

98. Buna görə də, Rəbbinə həmd və şükr etməklə yanaşı (Onu) pak sifətlərlə mədh et və səcdə edənlərdən ol!

99. Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!

Ən-Nəhl surəsi ‏

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. (İslamın qələbəsi və müşriklərin əzabı barədə) Allahın əmri gəlib çatdı, buna görə də, onda tələsməyin. Allah ona şərik qoşduqlarından pak və ucadır.

2. Mələkləri Öz əmri ilə ruhla (vəhy və Quranla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: «Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!»

3. Göyləri və yeri (və bu ikisinin arasında olanları) haqq olaraq (və uca və əqli əsasları olan bir məqsəd üçün) yaratdı. O, onların şərik qoşduqlarından uca və üstündür.

4. İnsanı (onun ilk ata–anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla belə) o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır).

5. Və dördayaqlıları (dəvə, inək və qoyunu) yaratdı. Onlarda sizin üçün bədənin istiliyi və həyatın rahatlığı vasitəsi və (digər) xeyirlər vardır. Və siz onlardan (onların südündən və ətindən) yeyirsiniz.

6. Və onlar(ı saxlamaq)da sizin üçün onları axşamlar otlaqdan istirahət yerlərinə qaytaranda və səhərlər otlağa göndərəndə bir gözəllik və zinət vardır.

7. Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən sizin Rəbbiniz çox şəfqətli və mehribandır.

8. Atları, qatırları və ulaqları onlara minməyiniz və həm də zinət və bəzək olsunlar deyə (yaratdı). Həmçinin (hələ yer üzündə xam malını yaratmaq və sizə ixtira etmək qüdrəti verməklə) sizin (mühərriklə işləyən nəqliyyat vasitələri kimi) bilmədiyiniz şeyləri də yaradacaqdır.

9. Və (əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).

10. Göydən sizin üçün (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Sizin (istər yerin altından, istər üstündən götürdüyünüz) içməli suyunuz ondandır və heyvanları otardığınız ağac və ot ondan bitir.

11. Onun vasitəsi ilə sizin üçün əkin, zeytun, xurma və üzüm ağacları və hər növ meyvə və məhsul bitirir. Doğrudan da bunda (bu yaradılışda) düşünən bir dəstə üçün (Onun tək olmasına və qüdrətinə dair) bir nişanə vardır.

12. Gecəni və gündüzü və günəş ilə ayı sizə ram etdi və bütün ulduzlar Onun mütləq iradəsi qarşısında ramdırlar. Əlbəttə, bunda (bu ram olmaqda) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.

13. Həmçinin bu yerdə sizin üçün müxtəlif növlərdə və müxtəlif rənglərdə yaratdığı şeyləri (dağları, fəzaları, səhraları və heyvanları ram etdi). Həqiqətən bunda (bu məxluqlarda və onların təsir və xüsusiyyətlərində) ibrət alan dəstə üçün bir nişanə vardır.

14. Və təzə ət yeməyiniz və geyindiyiniz (ləl və mərcan kimi) zinətləri çıxarmağınız üçün dənizi ram edən Odur. Və gəmiləri onda (dənizin sinəsini) yaran görərsən (sizin müxtəlif ehtiyaclarınızı təmin etmək üçün) və (ticarət və digər yollarla) Allahın lütfündən axtarasınız deyə! Və bəlkə şükr etdiniz.

15. Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrəməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).

16. Və həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) və onlar (axşam) (qütb və sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar.

17. Belə isə, heç yaradan kəs (yuxarıdakı işləri yoxdan var edə bilən kəs, heç bir şey) yaratmayan kəs kimidir? Heç öyüd-nəsihət almırsınız?!

18. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz (o ki, qaldı hamısının şükrünü yerinə yetirəsiniz). Şübhəsiz, Allah çox bağışlayan və mehribandır.

19. Allah gizlətdiklərinizi də (qəlbinizin sirlərini və camaatdan gizlətdiyiniz əməl və mallarınızı da) və (danışıq, əməl və mallarınızdan) aşkar etdiklərinizi də bilir.

20. Onların Allahın yerinə çağırdıqları kəslər bir şey yaratmırlar və onların özləri yaradılırlar.

21. Onlar cansız ölülərdir və (özlərinin və ya onlara ibadət edənlərin) nə vaxt dirildiləcəklərini bilmirlər.

22. Sizin məbudunuz tək olan məbuddur, amma axirətə iman gətirməyənlərin qəlbləri haqqı inkar edir və onlar təkəbbürlü və lovğadırlar.

23. Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən O, təkəbbürlüləri sevmir.

24. Onlara «Rəbbiniz nə nazil etmişdir?» deyildikdə, «keçmişdəkilərin əfsanələridir» deyərlər.

25. Nəhayət onlar Qiyamət günü özlərinin günah yüklərini tamamilə və həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini (bunların vasitəsilə baş vermiş miqdarını) götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!

26. Əlbəttə, onlardan qabaqkılar da (öz peyğəmbərlərinə qarşı) hiylə işlətmişdilər. Allah onların (bina və yaşayışlarının) bünövrəsini kökündən sarsıtdı və nəticədə başlarının üstündən tavan üzərlərinə çökdü. Və onlara bilmədikləri yerdən əzab yetişdi.

27. Sonra (Allah) onları Qiyamət günü də rüsvay və xar edəcək və deyəcəkdir: «Haradadır Mənim o şəriklərim ki, onların barəsində (haqq əhli ilə) düşmənçilik və dava-dalaş edirdiniz?!» Elm verilmiş kəslər (peyğəmbərlər və onların yaxınları) deyərlər: «Həqiqətən bu gün rüsvayçılıq, xarlıq və əzab kafirlər üçündür».

28. Mələklər özlərinə zülm etmiş kəslərin canlarını alan zaman, onlar təslim və itaətkar olar (və) «biz heç bir pis iş görmürdük» (deyərlər). «Xeyr (pis iş görürdünüz)! (Çünki) şübhəsiz Allah etdiklərinizi biləndir».

29. Buna görə də, Cəhənnəmin qapılarından (və ya onun təbəqələrinə) daxil olun ki, orada həmişəlik qalacaqsınız. Təkəbbürlülərin yeri çox pis bir yerdir!

30. Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!

31. Onların daxil olacaqları əbədi bağların (ağaclarının) altından çaylar axır. Orada onlar üçün istədikləri hər bir şey vardır. Allah təqvalıları belə mükafatlandırır.

32. O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər.

33. Məgər (bu müşriklər ölüm) mələyin(in və ya dünya əzabının) onların sorağına gəlməsindən, yaxud Rəbbinin (Qiyamətin bərpa olması) əmrinin yetişməsindən başqa bir şey gözləyirlər?! Onlardan əvvəlkilər də belə etdilər (ki, onlara əzab nazil oldu). Allah onlara zülm etmədi və lakin onlar (özləri) özlərinə zülm edirdilər.

34. Beləliklə, etdikləri günahların cəzası onlara yetişdi və istehza etdikləri şey (əzab vədəsi) onları bürüdü.

35. Və müşriklər dedilər: «Əgər Allah istəsəydi nə biz və nə də atalarımız Ondan başqa bir şeyə ibadət etməz və Onsuz (Onun icazəsi olmadan) bir şeyi haram etməzdik! (O belə bir şeyi istəmədiyi üçün bizə əzab da yoxdur.)» (Bəli) onlardan qabaqkılar da bu cür etmişdilər. Belə isə, məgər Bizim peyğəmbərlərin öhdəsinə açıq-aşkar təbliğdən başqa bir şey (vəzifə) düşür?! (Onların cavabında belə deyin: Allah küfrün olmamasını və halalın haram edilməməsini qəti iradə ilə istəməmişdir. Çünki bu, şəriətin müəyyənləşdirdiyi vəzifələrin ixtiyarla azad şəkildə yerinə yetirilməsi ilə ziddiyyət təşkil edir. Amma bununla belə, O, həmin işləri qadağan etmişdir və küfr və əzab da bu qadağaya daxildir.)

36. Əlbəttə, Biz hər bir ümmətin içərisindən bir peyğəmbər seçdik ki: «Allaha ibadət edin və (şeytan və insan) tağut(ların)dan uzaq olun.» Beləliklə Allah onların bəzisini (dəvətin əslini qəbul edənləri kamal mərhələlərinə) hidayət etdi və onlardan bəzisinə (dəvəti rədd edənlərə) zəlalət və azğınlıq qətiləşdi. Buna görə də, yer üzündə gəzin və təkzib edənlərin aqibətinin necə olduğuna baxın!

37. Sən onların hidayət olmalarını lap çox istəsən də (bunun bir xeyiri yoxdur, çünki) Allah azğınlıqda boşladığını hidayət etməz və onların bir köməkçiləri yoxdur.

38. Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit (əzəli iradəyə əsaslanan, Lövhi-Məhfuzda yazılmış, səmavi kitablarda qeyd edilmiş və peyğəmbərlər vasitəsilə cəmiyyətə çatdırılmış) bir vəddir və lakin insanların çoxu bilmir.

39. Barəsində ixtilafa düşdükləri şeyi onlara aydınlaşdırması və (bəşəriyyətin arasında küfr yaranandan onun sonunadək) küfr edənlərin yalançı olmalarını bilmələri üçün!

40. (Qiyaməti bəqrərar etmək Bizim üçün asandır, çünki) Biz bir şeyi(n əmələ gəlməsini) istədikdə, ona yalnız «ol!» deyirik, beləliklə, o (dərhal) olur.

41. Və zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür.

42. Həmin o kəslər ki, səbr etdilər və həmişə öz Rəbbinə təvəkkül edirlər.

43. (Özümüzün insanlarla olan əlaqələrimizi möhkəmləndirmək üçün) səndən öncə də (mələklər, qadınlar və cinlər deyil) yalnız vəhy etdiyimiz kişilər göndərdik. Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun (ki, İslam Peyğəmbərinin göndərilməsinin təəccüblü olmamasını biləsiniz).

44. (Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər.

45. Məgər öz hiylələri ilə (İslama və Peyğəmbərə qarşı) çirkin tədbirlər tökən kəslər Allahın onları yerə batırmasından, yaxud onlara heç fikirləşmədikləri yerdən əzab gəlməsindən xatircəm və amandadırlar?!

46. Yaxud onları gündəlik get-gəllərində (ya günah tədbirlər tökdükləri halda) yaxalamasından? Buna görə də, onlar əsla (Allahı öz cəzaları barəsində) aciz qoyan deyildirlər.

47. Yaxud onları (qəflətən deyil) nemətləri onlardan tədricən geri alaraq, ya başqalarının əzabını görməkdən qorxduqları halda yaxalayar. Çünki Rəbbiniz çox mərhəmətli və mehribandır.

48. Məgər Allahın yaratdığı (kölgəli) cisimlərə (günəşin qarşısında üzü və ya arxası cənuba olan zaman) baxmırlarmı ki, onların kölgələri - bütün cisimlər və kölgələri, Allaha səcdə edərək (qeyri-ixtiyari) itaət və zillət halında olduqları vəziyyətdə – sağdan və sol tərəflərdən (sağdan arxaya və soldan qabaq tərəfə) qayıdır?! (Bəs nə üçün ayılmırlar?!)

49. Və (cansızlardan əlavə) göylərdə və yerdə olan canlılar Allaha səcdə edirlər (zati itaət, qeyri-ixtiyari və ixtiyari səcdə edirlər). Və həmçinin mələklər (iradə ilə ixtiyari səcdə edirlər) və onlar təkəbbür göstərmirlər.

50. Onlar başlarının üstündə onlara hakim olan Rəbblərindən qorxur və əmr olunduqları şeyi yerinə yetirirlər.

51. Və Allah buyurdu: «İki məbud tanrı (yaradılış tanrısı və idarəetmə tanrısı) götürməyin, həqiqət budur ki, O, tək olan məbuddur. Buna görə də yalnız Məndən qorxun».

52. Və göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür (çünki, yaratmaq, qorumaq, idarə etmək və sonda yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Və din (və itaət və cəza) həmişə Ona layiqdir. Belə isə Allahdan başqasındanmı qorxursunuz?!

53. Və malik olduğunuz hər bir nemət Allah tərəfindəndir. Həmçinin sizə bir zərər-ziyan yetişən zaman Ona yalvarır və Ondan kömək diləyirsiniz.

54. Amma həmin zərər və ziyanı sizdən dəf edən kimi, sizin bir dəstəniz dərhal (vücudda, rübubiyyətdə, ibadətdə və ya itaətdə) Rəbblərinə şərik qoşur!

55. Sonda onlara verdiklərimizə küfr və nankorluq etmək üçün. Buna görə də, (dünyanın ləzzətlərindən) bəhrələnin ki, tezliklə biləcəksiniz.

56. Və (müqəddəslikləri və vücudlarının təsirləri barəsində) elmləri olmayan şeylər (bütlər) üçün, ruzi olaraq onlara verdiklərimizdən pay qoyurlar. (Ey müşriklər) Allaha and olsun ki, (Qiyamət günü) iftira etdiyiniz şey barəsində sorğu-sual ediləcəksiniz.

57. Və Allah üçün qızları qoyurlar (mələkləri Allahın qızları hesab edirlər) s Pakdır Allah! özləri üçün isə istədiklərini (yəni oğlanları)!

58. Onların birinə qız(ının olması) müjdəsi verilən zaman, qəzəb onu boğduğu halda (acıq və hiddətin çoxluğundan) üzü qaralar.

59. O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!

60. Axirətə iman gətirməyənlər üçün (neçəallahlılıq, cansız əşyalara ibadət etmək, qız uşaqlarını öldürmək kimi) pis sifətlər vardır. Allah üçün isə (müqəddəs zatının vəhdəti, vücudunun vacibliyi, camal və cəlal sifətləri ilə vəsf olunmaq kimi) uca və üstün sifətlər vardır. Və Odur yenilməz qüdrət və hikmət sahibi.

61. Əgər Allah insanları zülmlərinə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onlara müəyyən müddətədək möhlət verir. Beləliklə, müddətləri başa çatdıqda nə bir saat gecikər, nə də bir saat qabağa keçə bilərlər.

62. Özlərinin bəyənmədikləri şeyi (qız uşaqlarını) Allaha nisbət verirlər və dilləri yalandan gözəl aqibətin onlara (özlərinə) məxsus olmasını («əgər axirət olsa, biz Cənnət əhliyik») deyir. Şübhəsiz, onlar üçün od vardır və onlar (ora daxil olmaqda) öndə olacaqlar.

63. Allaha and olsun ki, (yəhudilər, xaçpərəstlər və başqaları kimi) səndən qabaqkı ümmətlərə (də peyğəmbərlər) göndərmişdik. Şeytan onların (puç batil) işlərini onlar üçün zinətləndirdi və o, bu gün də onların (və digər kafirlərin və müşriklərin) yardımçı və başçısıdır. Onlar üçün ağrılı bir əzab vardır.

64. Biz bu kitabı sənə yalnız barəsində ixtilafda olduqları şeyi (müsəlmanların kafirlərlə və kitab əhli ilə olan ixtilaflarını) onlara izah etməyin və iman gətirən dəstəyə hidayət və rəhmət olması üçün nazil etmişik.

65. Allah göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsi ilə yeri (otları, dənləri və onların daxilindəki rüşeymləri) ölümündən sonra diriltdi. Doğrudan da bunda (bu işdə) eşidən dəstə üçün (Allahın qüdrət və hikmətindən) bir nişanə vardır.

66. Həqiqətən dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan r mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis və təmiz süd içirdirik.

67. Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır.

68. Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!»

69. «Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.

70. Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir.

71. Allah sizin bəzinizi (səylərin müxtəlifliyinə və ya işlərin idarə olunmasındakı hikmətin tələbinə, yaxud zəif və acizlərin qəyyum və hamisi olmaq üçün) ruzi baxımından digər bəzilərindən üstün etdi. Üstünlük verilmiş kəslər öz ruzilərini əsla öz qullarına verməzlər ki, (ağa ilə qul) bir-birləri ilə bərabər olsunlar. Məgər onlar Allahın bu nemətini (verdiyi bu üstünlüyü) inkar edirlər?! (Nə üçün Allahın üstünlüyünü unudurlar?!)

72. Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi. Belə isə batilə (bütlərə və cahiliyyət adət-ənənələrinə) iman gətirir və Allahın nemətinə küfr edirlər?!

73. Allahın yerinə onlar üçün göylərdən və yerdən heç bir ruziyə sahib olmayan və heç bir qüdrətləri də olmayan şeylərə ibadət edirlər.

74. Buna görə də Allah üçün (şərik, zövcə və qızlarının olması kimi nalayiq) məsəllər çəkməyin. Həqiqətən Allah (belə məsəllərin çirkinliyini və qeyri-mümkün olmasını) bilir və siz bilmirsiniz.



Geri   İrəli
Go to TOP