A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


49. «Sonra bunun ardınca elə bir il gələr ki, onda camaatın dadına yetişilər və onlar yağış görərlər. Və onlar onda (süd üçün heyvanların döşlərini, şirə almaq üçün meyvələri və yağ düzəltmək üçün dənələri) sıxarlar».

50. Və şah dedi: «Onu mənim yanıma gətirin.» Beləliklə, onun elçisi Yusufun yanına gələndə (Yusuf) dedi: «Öz ağanın yanına qayıt və ondan soruş ki, əllərini kəsən qadınların məqsədi (və ittihamın mövzusu və mənim zindana düşməyimin səbəbi) nə idi? Əlbəttə, mənim Rəbbim onların məkr və hiyləsini biləndir!»

51. (Şah həmin qadınları çağırtdırdıqdan sonra) dedi: «Yusufdan kam almaq istədiyiniz zaman sizin məqsədiniz nə idi (və bu işə kim başladı)?» Dedilər: «Pakdır Allah! Biz ona qarşı heç bir pislik və günah bilmirik.» Əzizin (fitnənin əsl səbəbkarı olan) zövcəsi dedi: «İndi haqq tamamilə aydın oldu. Ondan kam almaq istəyən mən idim və həqiqətən o, doğruçulardandır».

52. (Yusuf sözlərinin davamında dedi:) «Bu, (qadınların çağırtdırılmaları və onlardan sorğu-sual edilməsi təklifi Misir valisi Əzizin) mənim o olmayanda ona əsla xəyanət etmədiyimi bilməsi üçündür. [Və ya: (Əzizin zövcəsi dedi:) «(Mənim) bu (etirafım Yusuf) mənim o olmayanda (sorğu-sual məclisində) ona xəyanət etmədiyimi bilməsi üçündür.] Şübhəsiz, Allah xainlərin hiyləsini məqsədə çatdırmaz!»

53. (Yusuf yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır».

54. Və şah dedi: «Onu mənim yanıma gətirin özümə yaxın adam edim.» Beləliklə, onunla danışdıqdan (və onun ağlını, elmini və mənəvi keyfiyyətlərini gördükdən) sonra dedi: «Sən bu gün(dən) bizim yanımızda yüksək məqamlı və etibarlı şəxssən!»

55. (Yusuf bolluq və qıtlıq illərinin gələcəyini və dövlətin yaxşı idarəçiyə möhtac olduğunu bildiyi üçün) dedi: «Məni bu ölkənin xəzinələrinə (xəzinədar) təyin et. Həqiqətən mən qoruyan və bilənəm.»

56. Və beləcə Yusufa o ölkədə (elə) qüdrət və imkan verdik ki, o, oranın istədiyi yerində məskunlaşırdı. Biz öz rəhmətimizi istədiyimiz şəxsə yetiririk və yaxşı iş görənlərin mükafatını əsla zay etmirik.

57. Və şübhəsiz, iman gətirənlər və təqvalılar üçün axirət mükafatı daha yaxşıdır.

58. Və (qıtlıq illərində) Yusufun qardaşları (Misrə) gəldilər və onun hüzuruna daxil oldular. O, (Yusuf) onları tanıdı. Onlar isə (yaşı, məqamı və dili dəyişdiyinə görə) onu tanımadılar.

59. Və elə ki, onları azuqə və səfər vasaiti ilə təchiz etdi, dedi: (Gələn dəfə) atabir o biri qardaşınızı da mənim yanıma gətirin. Məgər görmürsünüzmü mən ölçü qabını tam doldururam və qonaq qəbul edənlərin ən yaxşısıyam?»

60. «Odur ki, əgər onu mənim yanıma gətirməsəniz, mənim yanımda bir qab (ərzaq)ınız belə olmayacaq və mənə yaxınlaşmayın da!»

61. Dedilər: «Biz tezliklə onu bir yumşaqlıq və hiylə ilə atasından istəyəcəyik və biz bu işi mütləq edəcəyik».

62. Və öz(ünün çəki işi ilə məşğul olan) qullarına dedi: «Onların (ərzaq almaq üçün gətirdikləri) sərmayələrini yüklərinin arasına qoyun, bəlkə ailələrinin yanına qayıtdıqda onu tanıdılar və ola bilsin ki, (yenidən) qayıtdılar.»

63. Beləliklə, atalarının yanına qayıdanda dedilər: «Ey ata! (Binyaminin bizimlə birgə olmayacağı təqdirdə) bizə ölçü (ərzaq satılması) qadağan edildi. Buna görə də qardaşımızı bizimlə göndər ki, ölçü (ilə ərzaq) alaq. Və biz onu mütləq qoruyarıq!»

64. (Yəqub) dedi: «Onun barəsində sizə əvvəllər qardaşı barəsində etdiyimdən başqa cür etibar edə bilərəmmi?! Buna görə də (əgər onu göndərsəm) Allah ən yaxşı qoruyandır və O, mehribanların ən mehribanıdır».

65. Və mallarını açanda sərmayələrinin özlərinə qaytarıldığını gördülər. (Atalarını razı etmək üçün) dedilər: «Ey ata, daha biz nə istəyirik? Bu bizim sərmayəmizdir ki, özümüzə qaytarılıb. Və (bu dəfə) ailəmiz üçün azuqə gətirərik və qardaşımızı qoruyarıq. (Onu aparmaqla) bir dəvə yükü artıq (azuqə) alarıq ki, bu, (Əzizin yanında) az bir ölçüdür».

66. Dedi: «Onu mütləq mənə gətirəcəyiniz barəsində ə hamılıqla bəla və müsibətə düçar olub həlak olmağınız istisna olmaqla l Allah tərəfindən mənə möhkəm bir əhd-peyman verməyincə, onu əsla sizinlə göndərmərəm». Beləliklə, elə ki, onunla möhkəm əhd-peyman bağladılar, dedi: «Allah bizim dediyimizə vəkil və şahiddir».

67. Və (onları yola salarkən) dedi: «Ey mənim oğullarım, hamınız bir qapıdan (şəhər darvazalarından və ya Əzizin sarayının qapılarından) daxil olmayın. Müxtəlif qapılardan daxil olun (ki, həsəd edənlərin həsədinə, ya bədnəzərlilərin xətərinə, yaxud saray adamlarının bədgümanlığına düçar olmayasınız). Mən heç vaxt Allah tərəfindən olan bir şeyi sizdən dəf edə bilmərəm. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. Mən Ona təvəkkül etdim və təvəkkül edənlər gərək yalnız Ona təvəkkül etsinlər».

68. Və elə ki, atalarının əmr etdiyi yerdən daxil oldular, (bu iş) Allah tərəfindən qərara alınmış heç bir şeyi onlardan dəf etmirdi, yalnız Yəqubun ürəyində olan bir istəyi (həsədin, bədnəzərin və bədgümanın dəf olunmasını) həyata keçirdi. Əlbəttə, o (Yəqub, Allah tərəfindən verilmiş çoxlu) elm sahibi idi. Çünki onu Biz öyrətmişdik. Lakin (bütün dövrlərin) insanların(ın) çoxu (peyğəmbərlərin belə bir kamala malik olduqlarını) bilmirlər.

69. Və onlar Yusufun hüzuruna daxil olanda o, qardaşını (Binyamini) öz yanında oturtdu (və ona) dedi: «Həqiqətən mən sənin qardaşınam. Odur ki, (bu qardaşların indiyə kimi mənim və sənin barəndə) etdiklərinə kədərlənmə».

70. Beləliklə, elə ki, onları azuqə və səfər vəsaiti ilə təchiz etdi, (elə həmin ərzaq ölçüsü olan) su piyaləsini qardaşının yükünün içinə qoydu. Sonra bir carçı car çəkdi ki: «Ey karvan əhli, siz doğrudan da oğrusunuz». (Zahirdə məqsəd piyalənin oğurlanması idi, əslində isə onların Yusufu atasından oğurlamaları nəzərdə tutulurdu. Yaxud da belə deyilməsinin səbəbi məsləhət olan zəruri bir şey üçün yalan deməyin caiz olmasıdır.)

71. (Yusufun qardaşları) üzlərini məmurlara tutub dedilər: «Nə itirmisiniz?»

72. Dedilər: «Şahın ölçü qabını itirmişik. Onu gətirənə bir dəvə yükü (mükafat, yaxud zəhmət haqqı) veriləcəkdir və buna (mən carçı) özüm zaminəm».

73. (Yusufun qardaşları) dedilər: «Allaha and olsun, siz (özünüz) yaxşı bilirsiniz ki, biz yer üzündə fəsad törətməyə gəlməmişik və biz heç vaxt oğru olmamışıq».

74. Dedilər: «Əgər siz yalançı çıxsanız, onun cəzası nədir?»

75. Qardaşlar dedilər: «Onun cəzası budur ki: Su qabı kimin yükünün içindən tapılsa, o özü onun cəzasıdır (oğru bir müddət mal sahibinin ixtiyarında qalır). Biz (oğurluq etməklə) zülm edənləri belə cəzalandırırıq».

76. Beləliklə, Yusuf axtarışa qardaşının qabından qabaq onların azuqə qablarından başladı, sonra piyaləni qardaşının qabından çıxartdı. Biz Yusuf üçün belə çarə qıldıq. Çünki şahın adət və qanununa görə onun, öz qardaşını Allahın (qanunun dəyişdirilməsi və ya yuxarıdakı yolun həyata keçirilməsi) istəyi istisna olmaqla tutub saxlaması düzgün deyildi. Biz istədiyimiz hər bir kəsi dərəcələrlə yüksəldirik. Hər bir elm sahibindən üstün daha bir bilikli vardır.

77. (Qardaşlar) dedilər: «Əgər o oğurluq edibsə (bu, təccüblü deyil), keçmişdə onun bir qardaşı da oğurluq etmişdi». Belə olan halda Yusuf həmin sözü öz qəlbində gizlətdi və onlara bildirmədi (və öz-özlüyündə) dedi: «Siz səviyyəcə (insanlıq səviyyəsi baxımından) daha pissiniz (ki, əxlaqi tənəzzül və həsəd sifətiniz vardır). Allah sizin dediyiniz şeyi daha yaxşı bilir.»

78. Dedilər: «Ey Əziz, həqiqətən onun çox qoca və yaşı ötmüş bir atası vardır. Buna görə də onun yerinə bizim birimizi götür. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük».

79. Dedi: «Allah eləməsin ki, malımızı tapdığımız şəxsdən qeyrisini tutaq. Əks halda biz mütləq zalım olarıq».

80. Beləliklə, ondan (Yusufun onların təklifini qəbul etməsindən və qardaşlarının nicat tapmasından) naümid olduqdan sonra, pıçıldaşaraq bir kənara çəkildilər. Böyükləri dedi: «Məgər atanızın (Binyamin barəsində) sizdən möhkəm ilahi bir peyman almasını və keçmişdə də Yusuf barəsində nə nöqsanlara yol verdiyinizi bilmirsiniz?! Buna görə də, (şəxsən) mən atam mənə icazə verənə və ya Allah mənim barəmdə hökm çıxarana qədər bu diyardan əsla çıxmayacağam. O, hökm edənlərin ən yaxşısıdır».

81. «Atanızın yanına qayıdın və deyin: «Ey ata! Həqiqətən oğlun oğurluq etdi (və onu tutub saxladılar) və biz ancaq bildiyimiz şeyə şəhadət verdik (sənin yanında şəhadət verdik ki, o, oğurluq etmişdir və Əzizin də yanında şəhadət verdik ki, oğrunun cəzası qul olmaqdır). Biz qeybdən də xəbərdar deyildik (əgər onun oğurluq edəcəyini bilsəydik özümüzlə aparmazdıq. Həmçinin onu qul kimi götürəcəklərini bilsəydik həmin hökmü bəyan etməzdik)».

82. «Və bizim orada (içində) olduğumuz cəmiyyətdən (misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən biz doğruçuyuq».

83. (Yəqub) dedi: «Əksinə, (siz də günahkarsınız,) nəfsiniz işi sizin üçün nahaq olaraq cilvələndirmişdir (ki, onlara bizim dinimizdə oğrunun kölə edilməsi xəbərini vermiş, beləliklə də Binyamini əsir etmisiniz). Odur ki, gözəl bir səbr etməm gərəkdir. Ümid var ki, Allah onların hamısını (Misirdə olan o iki nəfəri və Yusufu) mənə qaytarsın. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi Odur»!

84. Və onlardan üz döndərib dedi: «Heyif Yusufdan!» Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan) onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu.

85. (Oğlanları) dedilər: «And olsun Allaha, sən Yusufu o qədər xatırlayırsan ki, axırda ölüm yatağına düşəcək və ya həlak olacaqsan.»

86. Dedi: «Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm.»

87. «Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».

88. Beləliklə, (növbəti dəfə ərzaq almaq və qardaşlarını xilas etmək məqsədilə Misirə gedib) onun (Yusufun) hüzuruna daxil olanda dedilər: «Ey Əziz, bizə və ailəmizə çətinlik və sıxıntı üz verib və biz azacıq bir sərmayə gətirmişik. Buna görə də bizə kamil ölçü (ilə ərzaq) ver və bizə sədəqə ver ki, həqiqətən Allah sədəqə verənləri mükafatlandırır».

89. Dedi: «Heç cahil və nadan olduğunuz zaman Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!»

90. Dedilər: «Yoxsa doğrudan sən özün Yusufsan?!» Dedi: «(Bəli,) mən Yusufəm və bu da mənim qardaşımdır. Həqiqətən Allah bizim boynumuza haqq qoydu (bizi zillətdən izzətə, ayrılıqdan vüsala və nadanlıqdan elmə çatdırdı). Çünki, kim təqvalı olsa və səbr etsə (mükafatlandırılar). Həqiqətən Allah yaxşı əməl sahiblərinin mükafatını zay etməz».

91. Dedilər: «Allaha and olsun ki, Allah səni seçərək bizdən üstün etmişdir və biz doğrudan da səhv etmişik».

92. Dedi: «Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır».

93. «Mənim bu köynəyimi aparın və onu atamın üzünə atın, görəcəkdir. Və bütün ailənizi mənim yanıma gətirin».

94. Karvan (Misirdən) ayrılan kimi ataları (Kənanda) dedi: «Əgər məni səfeh hesab etməsəydiniz, (deyərdim ki,) həqiqətən mən Yusufun ətrini hiss edirəm.»

95. Dedilər: «Allaha and olsun ki, sən hələ də öz əvvəlki zəlalətində (Yusufa olan hədsiz məhəbbətində) qalmaqdasan.»

96. Beləliklə, müştuluqçu gəlib köynəyi onun üzünə atan kimi onun gözləri açıldı. Dedi: «Məgər sizə demədimmi ki, həqiqətən mən Allah tərəfindən sizin bilmədiyiniz bir şeyi (Yusufun diri olmasını və hicranın sona yetməsini) bilirəm?!»

97. (Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik».

98. Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır».

99. Beləliklə, onlar Yusufun hüzuruna daxil olanda, o ata-anasını qucaqladı və onlara öz yanında yer verib dedi: «Allahın istəyi ilə əmin-amanlıqla Misir diyarına daxil olun».

100. Və ata-anasını öz taxtına çıxartdı və (o, daxil olan zaman hamısı) onun qarşısında səcdəyə düşdülər. Və (Yusuf) dedi: «Ey ata, (bu səcdələr) mənim əvvəlki yuxumun yozumudur ki, Allah onu gerçəkləşdirdi. Doğrudan da O, məni zindandan çıxardan zaman və Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirəndə mənə yaxşılıq etdi. Şübhəsiz, mənim Rəbbim istədiyi kəsə ehsan edən və hər bir çətin işi öz dəqiq və mütləq tədbiri ilə asanlaşdırandır. Həqiqətən (hər şeyi) bilən və hikmət sahibi yalnız Odur».

101. «Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur».

102. Bu (hekayət), sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir və sən onlar (Yusufun qardaşları) öz işləri barəsində qərara gəldikləri və (onu həyata keçirmək üçün) hiylə qurduqları zaman onların yanında deyildin.

103. İnsanların çoxu sən (onların iman gətirmələrini) çox istəsən də iman gətirən deyildirlər.

104. Halbuki, sən onlardan (bu kitabın təbliğ və çatdırılması müqabilində) heç bir mükafat istəmirsən. Bu (Quran), aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir. (O, bəşər cəmiyyətinə beyinlərinin dəfinələrini, ruhlarının xüsusiyyətlərini və dünyalarının sirlərini xatırladır, bunları onların yadına salır. Odur ki, sən onlardan bir şey istəsəydin də onlar bunu layiqincə mükafatlandıra bilməzdilər.)

105. Göylərdə və yerdə (Allahın tovhid, cəlal və camalına və məadın haqq olmasına dair) çoxlu nişanələr vardır ki, insanlar onların yanından üz çevirmiş və diqqətsiz halda keçib gedirlər.

106. Və onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (bütə, Üzeyirə, İsaya, nura, zülmətə etiqad bəsləməklə və hər hansı bir aşkar və gizlin şirkə düçar olaraq) iman gətirərlər.

107. Buna görə də, məgər onlar Allahın əzablarından (hər yeri) bürüyən bir əzabın onlara yetişməsindən və ya Qiyamətin qəflətən, fikirlərinə belə gətirmədikləri bir halda onları haqlamasından amandadırlar?!

108. (Ya Peyğəmbər,) de: «Bu mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik. Allah bütün eyb və nöqsanlardan pak (və uzaq)dır və mən müşriklərdən deyiləm».

109. Və səndən öncə (bəşər cəmiyyətinin hidayəti üçün mələkləri, qadınları və səhrada yaşayanları deyil) yalnız şəhər və kənd əhalisindən olub vəhy nazil etdiyimiz kişiləri göndərmişik. Məgər onlar özlərindən əvvəl olmuş kimsələrin aqibətlərinin necə olmasını görmək üçün yer üzündə seyr etməyiblər?! Əlbəttə, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?!

110. (Bizim peyğəmbərlərimiz dəvət, qövmlər isə inkar etdilər və) nəhayət peyğəmbərlərimiz naümid olan və (qövmlər) onlara yalan deyilməsini güman edən zaman (birdən) Bizim köməyimiz onlara yetişdi. Beləliklə istədiyimiz kəslər xilas edildilər. (Əlbəttə,) Bizim əzabımız günahkar qövmdən sovuşdurulmur.

111. Şübhəsiz, onların (peyğəmbərlərin və onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən, (din işləri və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və imanı olan tayfa üçün doğru yol göstərən və mərhəmətdir.

Ər-Rə`d surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim, Ra. (Mən bilən və görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir.) Bu (surədə olan) ayələr (cəmlənmiş) bu kitabın (və Quranın) ayələridir. [Və ya: (Aləmdə olan) bu (ayələr), bu (yaradılış) kitabın(ın və yaradılış aləminin) ayələridir.] Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu (bu ayələri eşitmələrinə və o ayələri görmələrinə baxmayaraq) iman gətirmirlər.

2. Allah göyləri sizin görə bilmədiyiniz sütunlarla ucaldan, sonra isə (aləmin hökmranlıq) taxt(ın)a hakim olan və günəşi və ayı (Özünə) ram edəndir. Onların hər biri (özünün düz və dairəvi hərəkət yolunda) müəyyən bir müddətədək hərəkətdədir. (Allah varlıq aləminin) işi(ni) idarə edir, (Quranda, aləmlərdə və nəfslərdə olan) nişanələri müfəssəl bəyan edir ki, bəlkə siz (bu aləmdən sonra) Rəbbinizlə görüşəcəyinizə yəqinlik tapasınız.

3. Və bu yeri döşəyən, orada sabit və möhkəm dağlar və çaylar yaradan və orada bütün meyvələrdən (və heyvanlardan, bitkilərin toxumlarından) cüt-cüt və erkək və dişi yaradan Odur! Gecəni (tədriclə, gecələrin uzanan vaxtlarında) gündüzün üzərinə örtür. Şübhəsiz, bunda (atmosfer dəyişkənliyində) Onun zat və sifətlərinin birliyinə dair) düşünən dəstə üçün nişanələr vardır.

4. Və yer üzündə bir-birinin kənarında olan qitələr, üzüm bağları, əkinlər və bir kökdən və müxtəlif köklərdən olan xurma ağacları vardır ki, hamısı bir su ilə suvarılırlar və bununla belə, məhsul baxımından onların bəzisini bəzisindən üstün edirik. Həqiqətən bunda (yaradılışın bu müxtəlifliyində) ağıllarını işlədən dəstə üçün nişanələr vardır.

5. Əgər (bir şeyə) təəccüblənirsənsə, onda təəccüblü onların (dedikləri) «məgər (öləndən sonra) torpaq olan zaman biz doğrudanmı yeni bir yaradılışda olacağıq?» sözləridir. Onlar özlərinin Rəbbinə küfr etmiş kəslərdir və onların boyunlarında (dünyada zəlalət, axirətdə isə od) zəncirlər(i) vardır. Onlar od əhlidirlər ki, orada əbədi qalacaqlar.

6. Onlardan qabaq (keçmiş ümmətlərə) ibrətamiz bəlaların (gəlib) keçmiş olduğu(nu bildikləri) halda, onlar səndən rəhmət (tələbin)dən qabaq, əzab(ın nazil olmasın)a tələsməyini istəyirlər. Həqiqətən sənin Rəbbin insanların zülmlərinə baxmayaraq onlara qarşı (böyük bir) bağışlama sahibidir və əlbəttə, Rəbbin (əzaba layiq olanlara) şiddətli cəza verəndir.

7. Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır.

8. Allah (insan və qeyri-insan olmasından asılı olmayaraq) hər bir dişinin nə daşıdığını və onların bətnlərinin nəyi azaltdığını və nəyi çoxaltdığını (bətndəki övladların sayının bir və ya bir neçə olduğunu, hamiləlik dövrünün altı aydan bir ilə kimi nə qədər çəkəcəyini) bilir və (varlıq aləmini təşkil edən ünsürlərdən) hər bir şeyin Onun yanında (müəyyən) bir miqdarı vardır.

9. Gizlini və aşkarı biləndir və O, hər bir şeydən və vəsfdən böyük və üstündür.

10. (Onun üçün) sizdən birinin sözünü (ürəyində) gizlətməsi (yaxud birinin qulağına pıçıldaması) ilə birinin onu aşkar etməsi, birinin gecə vaxtı gizlənməsi ilə gündüz aşkar şəkildə gəl-get etməsi eynidir.

11. İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur.

12. (Dolu və seldən) qorxmaq və (rəhmət və xeyirə) ümid üçün (çaxan) şimşəyi sizə göstərən və (axar sudan ibarət bir dərya olan) ağır buludları vücuda gətirən (və yuxarı qaldıran) Odur!

13. Göy gurultusu (yaradılış dili ilə) Ona həmd etməklə birgə Onu paklıqla öyür (ağılla diqqət etdikdə başa düşmək olur ki, göydə olan səslər Onun qüdrətinin kamilliyindən və nöqsandan pak və uzaq olmasından danışırlar) və həmçinin mələklər əzəmətinin qorxusundan (Onu paklıqla öyürlər). Və ildırımları göndərir və onları Allah barəsində çəkişdikləri halda istədiyi fərdə ya fərdlərə (cəzaya layiq kəslərə) yetirir! O, böyük qüdrət, eləcədə məkrlə mübarizədə şiddətli cəza sahibidir.

14. Haqqa tərəf və həqiqi dəvət (insanları ibadət və itaətə çağırmaq) yalnız Ona məxsusdur [və həmçinin haqq və həqiqi çağırışa və hacət istəməyə yalnız O layiqdir]. Müşriklərin Onun yerinə çağırdıqları kəslər, onlar üçün (ehtiyaclarından) heç bir şeyi rəva etməzlər. Onlar suyun, ağzına çatması üçün (uzaqdan) iki ovucunu suya tərəf uzadan [və ya suyun ağzına yetişməsi üçün iki əlini açaraq suya sal(ıb çölə çıxar)an,] lakin suyun onun ağzına əsla yetişməyəcəyi kəs kimidirlər (bütlərin müşriklərin istəklərini yerinə yetirmələri, susuz bir şəxsin susuzluğunun yatırılmasında uzaqdan suya əl uzatmağın təsiri kimidir). Kafirlərin duası azğınlıq və puçluqdan başqa bir şey deyildir.

15. Göylərdə və yerdə olan hər bir kəs və hər bir şey istər-istəməz (ağıl və iman sahibləri ixtiyari itaətkarlıqla, başqaları isə qeyri-ixtiyari itaətkarlıqla) Allaha səcdə edir və həmçinin onların kölgələri (göylərdə günəşin və ya hər hansı bir başqa nurun müqabilində qərar tutan və gecə-gündüzləri olan kölgəli cisimlərin kölgəsi) səhərlər və axşamlar (Allah qarşısında səcdə edirlər).

16. (Müşriklərə) de: «Göylərin və yerin Rəbbi kimdir?» (Sonra özün) de: «Allah!» (Çünki bundan başqa bir cavab yoxdur və onlar inadkarlıq üzündən susurlar. Və onların etiqadlarını inkar etmək və bunun ağıl baxımından qeyri-mümkün olduğunu çatdırmaq məqsədilə) de: «Belə isə, hətta özləri üçün (heç) bir xeyir və ziyan qüdrətinə malik olmayan, Ondan qeyrisini yardımçı və başçı götürmüsünüz?! De: «Məgər korla görən birdir? Yaxud zülmətlərlə nur bərabərdir?» Yoxsa Allaha Onun yaratdıqları kimi (bəzi şeylər) yaradan şəriklər qoşublar və (nəticədə bu) iki cür yaradılış, ya yaradılmışlar, ya yaradanlar (arasındakı oxşarlıq) onları çaş-baş salıb (və buna görə də şərikləri də ibadətə layiq biliblər)? De: «(Şübhəsiz) hər bir şeyin yaradanı Allahdır və Odur tək, (varlıq aləminin bütün hissəciklərinə) qalib və mütləq hakim!

17. (Allah) göydən (yağış, qar və dolu şəklində) su nazil etdi. Beləliklə çaylar(ın hər biri) öz tutumu miqdarında (su götürərək) axdı və sel öz üzərində köpük apardı. Həmçinin (ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir.

18. Özlərinin Rəbbinə (Onun çağırışına müsbət) cavab verənlər üçün gözəl aqibət və gözəl mükafat vardır. Ona (Onun çağırışına müsbət) cavab verməyən kəslər (isə), əgər (axirət günü) yer üzündə olan şeylərin hamısı və həmçinin onun (digər bir) misli onların olsa, hamısını özlərinin nicat tapmaları üçün fəda etməyə razı olarlar. Hesabatları pis olacaq kəslər onlardır (onların heç bir xeyir əməlləri qəbul deyil və heç bir günahları da bağışlanmayacaqdır). Onların yerləri Cəhənnəmdir və ora çox pis bir qalacaq yeridir!

19. Beləliklə məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs, (batini gözü) kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər.

20. Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tovhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar.

21. Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar.

22. Və o kəslər ki, özlərinin Rəbbinin razılığını cəlb etmək üçün (çətinliklərdə və öz vəzifələrini yerinə yetirməkdə) səbr etdilər, namaz qıldılar, onlara ruzi olaraq verdiklərimizdən (mal-dövlətdən) gizlində və aşkarda Allah yolunda xərclədilər və özlərinin yaxşı əməlləri ilə günahları (ya öz yaxşı davranışları ilə başqalarının pis rəftarını) uzaqlaşdırırlar. Bu dünyanın (gözəl) sonu (onun sona çatması ilə Cənnətə daxil olmaq) onlar üçündür.

23. (Həmin o) əbədi Cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə baxımından) layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar.

24. (Və deyərlər:) «Səbr və dözümlülüyünüzün müqabilində salam olsun sizə! O dünyanın sonu (olaraq bura) nə gözəldir!»

25. Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır.

26. İstədiyi kəs üçün (maddi və mənəvi) ruzini çoxaldan və ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya həyatı axirət müqabilində (cüzi) bir paydan başqa bir şey deyildir.



Geri   İrəli
Go to TOP