A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


71. Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü. Beləliklə ona İshaq (adlı oğulla) və İshaqın ardınca Yəqub (adlı nəvə) ilə müjdə verdik.

72. Dedi: «Vay! Mən (doxsan yaşlı) qoca bir qarı və bu ərim də (yüz yaşlı) qoca bir kişi ola-ola doğacağam?! Doğrudan da bu, çox təəccüblü bir şeydir».

73. (Mələklər) dedilər: «Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda Allahın işinə təəccüb edirsən?! Həqiqətən O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir».

74. Beləliklə, elə ki, İbrahimin qorxusu getdi və (övlad) müjdə(si) ona yetişdi, Lut qövmü barəsində bizim (mələklərimiz)lə söhbət və mübahisə etməyə başladı.

75. Doğrudan da İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və (Bizə tərəf) qayıdan idi.

76. «Ey İbrahim, bundan (bu vasitəçilikdən) əl çək ki, şübhəsiz artıq (mələklərə) Rəbbinin (onların əzabı barədəki) əmri yetişmişdir və onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir».

77. Və bizim elçilərimiz Lutun yanına gələn zaman o, onlara görə narahat oldu və (öz qövmünün qonaqlar barəsində pis niyyətdə olmalarından) sıxıntıya düşdü. Və əli onları himayə etməkdən üzüldü və dedi: «Bu gün çox çətin bir gündür».

78. Və qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: «Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!»

79. Dedilər: «Sən yaxşı bilirsən ki, bizim sənin qızların barəsində bir haqqımız (onlara rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən».

80. Dedi: Kaş ki, sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm və sabit bir arxaya sığınaydım».

81. (Mələklər) dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər. Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın – zövcəndən başqa ki, şübhəsiz sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir. Əlbəttə onların (əzablarının) vədə vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!»

82. Beləliklə, elə ki, Bizim əmrimiz (mələklərə) yetişdi və istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik və onların üzərinə bişmiş və möhkəm gildən ibarət daş parçalarından dolu yağdırdıq.

83. Sənin Rəbbinin yanında (Onun sirli yaradılış aləmində) nişanlanmış, rəngbərəng və üzərinə adlar yazılmış daşlar! Bu (növ əzab) bu zalımlardan uzaq deyil.

84. Və Mədyən (camaatına) onların (qan və ya qəbilə) qardaşları Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçünü və çəkini əskiltməyin. Doğrudan da mən sizi xoşluq (və nemət bolluğu) içərisində görürəm və mən sizin üçün (malları əskik verdiyinizə görə) hər şeyi əhatə edən və həlakət gətirən günün əzabından qorxuram».

85. «Və ey mənim qövmüm, ölçünü və çəkini tam və ədalətlə verin və (bütün çəkilən və ölçülən şeylərdə haqlarını əda edərkən) camaatın mallarını əskik verməyin və yer üzündə fəsad törədən kimi gəzməyin!»

86. «Əgər imanınız olsa (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)».

87. Dedilər: «Ey Şüeyb, atalarımızın ibadət etdiklərini buraxmağımızı və ya öz mallarımızla istədiyimizi etməyi tərk etməyimizi sənə namazın əmr edir? (Bizi etiqad və əməldə azadlıqdan sənin namazın məhrum edir?) Axı sən həqiqətən həlim və doğru yolu tapmış bir adamsan! (Belə olan halda bizim azadlığımızı necə məhdudlaşdırırsan?)»

88. Dedi: «Ey mənim qövmüm, mənə bir deyin (görüm), əgər mən Rəbbim tərəfindən açıq-aydın bir dəlilə və (öz peyğəmbərliyim barəsində) möcüzələrə əsaslanmış olsam və O, Öz tərəfindən mənə gözəl ruzi (peyğəmbərlik və kamil bir din) vermiş olsa (onda mənim dəvətim yenə də puç və səfehlikdir)? Və mən özüm sizi çəkindirdiyim işin əksinə getmək istəmirəm. Mən yalnız bacardığım qədər (cəmiyyətin vəziyyətini) islah etmək istəyirəm və mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.»

89. «Və ey mənim qövmüm, mənimlə müxalifət və düşmənçiliyiniz sizi Nuhun qövmünə, ya Hudun qövmünə, yaxud Salehin qövmünə gələnlərin (tufan, suda batmaq, zəhərli külək, səmadan gələn bağırtı və zəlzələnin) bənzərinin sizə də gəlməsinə gətirib çıxarmasın! Və Lutun qövmü (zaman və məkan baxımından) sizdən o qədər də uzaq deyildir.»

90. «Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir».

91. Dedilər: «Ey Şüeyb, biz sənin (tək olan Allaha tərəf dəvətini və əskik satmağın tərk olunması kimi) dediklərinin çoxunu başa düşmürük və şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daşqalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur (yaxud sənin bizim yanımızda heç bir qədir-qiymətin yoxdur)».

92. Dedi: «Ey mənim qövmüm, məgər sizin nəzərinizdə mənim qəbiləm Allahdan daha qüdrətlidir (ki, onları nəzərə alırsınız) və (lakin) Onu arxaya atıb unudursunuz? Şübhəsiz, mənim Rəbbim sizin etdiklərinizi əhatə etmişdir».

93. «Və ey mənim qövmüm, elə bu (şirk və azğınlıq) hal(ın)da bacardığınızı edin ki, əlbəttə, mən də edəcəyəm. Tezliklə əzabın kimə yetişərək onu xar və rüsvay edəcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm».

94. Və Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.

95. Sanki heç vaxt orada yaşamamışdılar. Bilin! Səmud qövmü uzaq olduğu kimi, Mədyən (əhli) də uzaq olsun (Allahın rəhmətindən) və lənət olsun (onlara)!

96. Və həqiqətən Musanı Öz ayə və nişanələrimizlə və aşkar dəlil-sübutla göndərdik,

97. Firona və onun qövmünün başçı və böyüklərinə tərəf. Onlar Fironun əmrinə tabe oldular. Fironun əmri əsla doğru və yol göstərən deyildi.

98. O, (Firon) Qiyamət günü öz qövmünün qabağında gedəcək, beləliklə də onları (Cəhənnəm) od(un)a daxil edəcəkdir. Və onların düşəcəkləri yer necə də pisdir!

99. Və burada (bu dünyada) və Qiyamət günündə onların arxasınca bir lənət göndərilmişdir. Onlara verilən (həmin lənət) necə də pis bir bəxşişdir!

100. Bu, şəhərlərin və millətlərin xəbərlərindəndir ki, sənə söyləyirik. Onların bəzisi durur, bəzisi isə biçilib məhv olmuşdur.

101. Onlara Biz zülm etmədik və lakin onlar özlərinə zülm etdilər. Beləliklə, sənin Rəbbinin (onların əzabı barəsindəki) əmri yetişən zaman Allahın yerinə çağırdıqları tanrıları (əzabdan) heç bir şeyi onlardan uzaqlaşdırmadılar və onlara ziyan və həlakətdən başqa bir şey artırmadılar.

102. Sənin Rəbbin millət və cəmiyyətləri zalım olan zaman belə yaxalayır və cəzalandırır. Şübhəsiz Onun yaxalaması və cəzası ağrılı və çətindir.

103. Şübhəsiz, bunda (bu hekayət və əhvalatlarda) axirət əzabından qorxan kəs üçün (Allahın qüdrət və əzəmətinə dair) bir nişanə vardır. O, bütün insanların toplanılacağı bir gündür. O, elə bir gündür ki, (bütün cinlər, şeytanlar və heyvanlar mələklərin nəzarəti ilə) onda çağırılacaqlar və oranın bütün hadisələri orada olanların gözü qarşısında olacaqdır.

104. Və Biz onu yalnız (Allahın əzəli elmində əvvəlindən axırınadək) hesablanmış və müəyyən olunmuş bir müddətə qədər təxirə salarıq.

105. Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib).

106. Bədbəxt olanlara gəlincə, onlar od içərisindədirlər, orada nalələri və (uzunqulaqların anqırtısına bənzər) nəfəs alıb-vermələri vardır.

107. Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir.

108. Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər. (Axirət aləminin) göylər(i) və yer(i) durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. (Bu, ardı-arası) kəsilməyən bir bəxşişdir.

109. Buna görə də onların ibadət etdikləri şey(in batil olması) barəsində şəkk və tərəddüddə olma. Onlar yalnız atalarının bundan qabaq ibadət etdikləri kimi (üsuliddində təqlid etməklə özlərinin düzəltdikləri məbuda) ibadət edirlər. Biz (dünyanın məhdud malından və axirətin qeyri-məhdud əzabından) onların paylarını şübhəsiz, kamil surətdə və əskiltmədən verəcəyik.

110. Şübhəsiz, Biz Musaya (səmavi) kitab verdik. Beləliklə onun barəsində (ümməti tərəfindən onun qəbul olunmasında, ümmətinin alimləri tərəfindən isə onun məzmununda) ziddiyyət yarandı. Əgər sənin Rəbbinin (azğınlara dəlil-sübutu tamamlamaq üçün müəyyənləşdirilmiş vaxta qədər möhlət verilməsi barəsindəki əzəldən) keçmiş hökmü olmasaydı onların arasında mütləq hökm olunardı (və işləri bitərdi). Həqiqətən onlar (səninlə müasir olan yəhudilər) bunun (Quranın) barəsində tərəddüd doğuran və qaranlıq gətirən şəkk-şübhə içərisindədirlər.

111. Həqiqətən sənin Rəbbin (Qiyamət günü) ixtilaf edən tərəflərin hər ikisinin əməllərini(n cəzasını, yaxud əməllərin gerçək təzahürünü) kamil surətdə verəcəkdir. Çünki O, onların etdiklərindən xəbərdardır.

112. Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür.

113. Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz.

114. Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür.

115. Və səbr et və dözümlü ol ki, həqiqətən Allah yaxşılıq edənlərin mükafatını zay etmir.

116. Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (məsələn Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən) h onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa a (insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)? Zülm edənlər öz keflərini və eyş-işrətlərini davam etdirdilər və onların hamısı günahkar idilər. (Buna görə də tarix boyu bəşəriyyətin əksəriyyətinin yoldan çıxması təəccüblü və təəssüf doğurandır).

117. Və sənin Rəbbin heç vaxt şəhər və kəndləri onların əhalisi əməlisaleh və islah edən olduqları halda zülmlə həlak etmək niyyətində olmayıb.

118. Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər.

119. Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti və tamam olmuşdur.

120. Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir.

121. İman gətirməyənlərə de: «Özünüzün (həmin bu) durumunuzla bacardığınızı edin ki, həqiqətən biz də (öz vəzifələrimizə) əməl edirik.»

122. «Və (küfr və azğınlığınızın nəticəsini) gözləyin ki, həqiqətən biz də gözləyirik.»

123. Göylərin və yerin gizli sirləri Allaha məxsusdur (Onun mülk, qüdrət və elminin əhatəsindədir) və (varlıq aləmində) bütün əmrlər və işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə də Ona ibadət et və Ona təvəkkül et. Və Rəbbin etdiklərinizdən əsla xəbərsiz deyildir.

Yusif surəsi ‏

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Ra. (Mən bütün şeyləri görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, lakin eyni zamanda möcüzədir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Muhəmməd d səlləllahu əleyhi və alihi və səlləm arasında rəmzlərdir.) Bu (uca məqamlı) surə (və ayələr, bəşər cəmiyyəti üçün) aydın Quranın ayələri və (Allah dərgahına yaxın olan uca məqamlılar üçün) aşkar (olan Lövhi-Məhfuzda) yazılmış ayələrdir.

2. Həqiqətən Biz onu ərəbcə bir Quran (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə (onun uca maarifi barədə) düşünəsiniz və ağılla dərk edəsiniz.

3. Biz bu Quranı sənə vəhy etməklə, ən gözəl əhvalatı ən gözəl hekayə etmək üslubu ilə sənə oxuyuruq və həqiqətən sən bundan öncə (bu əhvalatdan) xəbərsizlərdən idin.

4. (Xatırla) o zaman(ı) ki, Yusuf öz atasına (Yəquba) dedi: «Atacan, həqiqətən mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm; onları mənə səcdə edən gördüm.»

5. Dedi: «Oğulcan, öz yuxunu qardaşlarına danışma ki, sənə (qarşı) hiylə işlədərlər. Həqiqətən Şeytan insanın açıq-aydın düşmənidir.»

6. «Və beləcə (bu yuxuda seçildiyin kimi) Rəbbin səni (gələcəkdə) seçəcək və yuxuların və (səmavi kitablarda, peyğəmbərlərin sözlərində gəlmiş) hədislərin yozumunu sənə öyrədəcək və səndən öncə ataların İbrahimə və İshaqa tamamladığı kimi sənə və Yəqub ailəsinə (də) nemətini tamamlayacaqdır. Həqiqətən, Rəbbin bilən və hikmət sahibidir.

7. Həqiqətən Yusufda (onun özündə ruhunun əzəməti, insani keyfiyyətlərinin kamilliyi və peyğəmbərlik məqamı baxımından) və qardaşlarında (onunla qardaşlarının başına gələnlərdə) soruşanlar üçün (ibrət və hidayət) nişanələr(i) vardır.

8. O zaman (bir-birlərinə) dedilər: «Yusuf və (onunla bir anadan olan) qardaşı (Binyamin) atamızın yanında bizdən daha sevimlidir, halbuki, biz güclü (atamızın evini və mallarını qoruyan və onun işlərini idarə edən) bir dəstəyik. Doğrudan da bizim atamız (yaşayış tərzi və övladları ilə rəftar baxımından) açıq-aşkar bir azğınlıq içərisindədir (ləyaqəti az olanı ləyaqəti çox olandan üstün tutur)!»

9. «Yusufu öldürün, ya onu (naməlum) bir yerə atın ki, atanızın diqqəti yalnız sizə yönəlsin və ondan sonra (tövbə etməklə atanızın və Allahın yanında) saleh bir dəstə olun.»

10. Onlardan biri (qardaşların ən böyüyü və ağıllısı) dedi: «Yusufu öldürməyin və əgər (doğrudan da) bir iş görənsinizsə, onu quyunun dibinə atın ki, karvanlardan hansısa onu götürsün (və bu məntəqədən çıxarıb aparsın)». (Onlar elə bu qərara da gəldilər.)

11. (Sonra atalarının yanına gəlib) dedilər: «Ey atamız, sənə nə olub ki, Yusufu (saxlamağı) bizə etibar etmirsən? Halbuki, şübhəsiz, biz onun xeyrini istəyənlərik.

12. Onu sabah bizimlə göndər ki, çəmənlikdə gəzib dolansın və oynasın və biz onu mütləq qoruyacağıq.»

13. Dedi: «Həqiqətən, onu (çölə) aparmağınız məni çox qəmgin edir və qorxuram ki, siz ondan xəbərsiz ikən canavar onu yesin.»

14. Dedilər: «Əlbəttə, əgər biz güclü bir dəstə ola-ola, onu canavar yesə, onda biz çox ziyana uğrayan olarıq».

15. Beləliklə onu aparıb quyunun dibinə atmaq qərarına gəldikdə(n sonra cinayətlərini planlaşdırdıqları kimi də həyata keçirtdilər). Və Biz (elə orada) Yusufa vəhy etdik ki, (bir gün) sən onlara, onlar bilmədən bu işlərindən xəbər verəcəksən (sən onları tanıyacaqsan, onlar isə səni tanımayacaqlar).

16. Və axşam ağlaya-ağlaya atalarının yanına gəldilər.

17. Dedilər: «Ey ata, biz getdik, başımız bir-birimizlə yarışmağa qarışdı. Yusufu da əşyalarımızın yanında qoyduq. Beləliklə, canavar onu yedi. Sən heç vaxt, hətta doğruçu olsaq belə bizə inanan deyilsən».

18. Və onun köynəyinin üzərində yalançı qan gətirdilər. (Ata) dedi: «(Siz dediyiniz kimi deyildir. Canavar Yusufu nə cür yeyib ki, köynəyini parçalamayıb?) Əksinə, nəfsiniz (pis) işi nəzərinizdə gözəl göstərmişdir. Buna görə də gərək gözəl bir səbr edəm. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır.»

19. Bir karvan gəlib çıxdı. Onlar (su gətirmək üçün quyuya) su daşıyanlarını göndərdilər. O, vedrəsini (quyuya) salladı və elə ki, quyudan çıxartdı, birdən) dedi: «Ay muştuluq! Bu, bir oğlan uşağıdır! Və (su daşıyanlar) onu (karvandan və ya karvançılar onu başqa yol yoldaşlarından) ticarət sərmayəsi kimi gizlətdilər. Allah onların etdiklərini bilirdi.

20. Onu ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar (qardaşları məlumat üçün gəldikdə, onu qaçmış qul adı ilə karvandakılara və onlar da onu mərkəzə apararaq Misirin valisinə satdılar). (Qardaşlar rüsvay olmaq qorxusundan, karvandakılar isə onda azad insan əlamətləri olduğu üçün) ona rəğbətsiz idilər.

21. Onu almış misirli şəxs öz zövcəsinə dedi: «Onunla hörmətlə davran, bəlkə bizə bir xeyir verdi, ya onu övladlığa götürdük.» Və beləcə Biz Yusufa həmin diyarda imkan və məqam verdik. (Əlbəttə, hikmətlər və məsləhətlər əsasında belə etdik) və (həm də) ona görə ki, ona hədislərin yozumunu (mələklərin danışığı olan yuxuların yozumunu və peyğəmbərlərin hədislərinin mənalarını) öyrədək. Allah (varlıq aləminin idarə olunmasında) Öz işinə qalibdir və lakin insanların çoxu bilmirlər.

22. O, cismi və əqli qüvvələrinin yetkinlik və kamal həddinə çatanda, ona hakimlik qüdrəti, əqli maariflər, (keçmiş) şəriətlərin (Nuh və İbrahimin şəriətinin) elmlərini verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.

23. Evində olduğu qadın mülayimlik və hiylə ilə ondan kam almaq istədi və (bu niyyətlə) qapıları möhkəm bağlayaraq dedi: «Tez ol, mən sənin üçün hazıram!» Yusuf dedi: «Allaha pənah! O (sənin ərin) mənim tərbiyəçimdir ki, yerimi yaxşı edib. [Və ya: O (Allah) mənim Rəbbimdir ki, məqamımı gözəl edib.] Şübhəsiz zalımlar heç vaxt nicat tapmazlar.»

24. Doğrudan da o qadın (kam almaq üçün) ona tərəf hərəkət etdi və əgər Yusuf öz Rəbbinin dəlilini (özünün peyğəmbərlik məqamını və Allahın əzəmətini) görməsəydi, təbii olaraq o da (yaxınlıq etmək üçün) ona tərəf hərəkət edərdi (lakin dəlili görə-görə onun belə bir hərəkət etməsi qeyri-mümkün idi). [Və ya: O qadın (zina etmək üçün) ona tərəf hərəkət etdi. Əgər öz Rəbbinin dəlilini görməsəydi (Rəbbi onu səhnədən qaçmağa istiqamətləndirməsəydi) o da (müdafiə olunmaq məqsədi ilə onu vurmaq və ya öldürmək üçün) ona tərəf hərəkət edərdi.] Biz belə etdik ki, pisliyi (adam öldürməyi) və zina (ittihamı)nı ondan sovuşduraq. Həqiqətən o bizim seçilmiş bəndələrimizdən idi.

25. Və onların hər ikisi qapıya tərəf qaçdı və qadın onun köynəyini arxadan cırdı. (Qapı açılanda) hər ikisi qadının ağasını (ərini) qapı ağzında gördülər. Qadın dedi: «Sənin ailənə qarşı pis fikrə düşənin cəzası zindana salınmaqdan və ya ağrılı əzab görməkdən başqa nə ola bilər?!»

26. (Yusuf) dedi: «Bu qadın məndən kam almaq istədi.» Və qadının ailəsindən olan bir şahid (bir müdrik kişi və ya beşikdə olan bir körpə) şəhadət verdi (onları əqli dəlilə doğru istiqamətləndirdi və o, köynəyin necə cırılması məsələsidir) ki: «Əgər onun köynəyi qabaqdan cırılıbsa, onda qadın düz deyir və o, yalançılardandır.»

27. «Və əgər onun köynəyi arxadan cırılıbsa, onda qadın yalan deyir və o doğruçulardandır.»

28. Beləliklə, (ağası) onun köynəyinin arxadan cırıldığını görəndə dedi: «Bu, siz qadınların məkr və hiyləsindəndir. Doğrudan da sizin (kişilərin ürəklərini cəlb etmək üçün) hiyləniz böyükdür.»

29. «Ey Yusuf, sən bu hadisədən (onu faş etməkdən) daşın və sən də (ey qadın) günahının bağışlanmasını dilə ki, həqiqətən sən xəta edənlərdən olmusan.»

30. Və şəhərdə (Misirdə) qadınlardan bir neçəsi dedi: «Əzizin (Misir valisinin) zövcəsi öz qulundan kam almaq istəyir! Onun məhəbbəti ürəyinin pərdəsindən qəlbinin dərinliklərinə sirayət edib. Həqiqətən biz onu açıq-aşkar bir azğınlıqda görürük.»

31. Beləliklə, (Əzizin arvadı) onların məkrli sözlərini eşidəndə, arxalarınca (adam) göndərdi və onlar üçün mütəkkə hazırladı. Hər birinin əlinə (meyvə soymaq üçün) bir bıçaq verdi və (salam vermək və qonaqlara qulluq etmək bəhanəsilə Yusufa) dedi: «Onların məclisinə çıx». Qadınlar Yusufu gördükdə onu böyük hesab etdilər və (gözəlliyinə elə valeh oldular ki,) əllərini bərk kəsdilər və (təəccüb və heyranlığın şiddətindən) dedilər: «Pakdır Allah! Bu, bəşər deyildir! Bu, yalnız möhtərəm bir mələkdir!»

32. Qadın dedi: «Bu həmin şəxsdir ki, məni (arxamca) ona görə məzəmmət edib qınadınız. Əlbəttə, mən ondan kam almaq istədim, o isə çəkindi. Əgər o yenə də ona etdiyim əmrləri yerinə yetirməsə, zindana salınacaq və şübhəsiz, alçalmışlardan olacaqdır.»

33. (Yusuf) dedi: «Ey Rəbbim, mənim üçün zindan bunların məni dəvət etdiklərindən daha xoşdur və əgər bu qadınların məkr və hiyləsini məndən dəf etməsən, onlara meyl edər və nadanlardan olaram.»

34. Beləliklə, Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan dəf etdi. Həqiqətən O, eşidən və biləndir.

35. O zaman, (Yusufun günahsızlıq) nişanələri(ni - şahidin sözü, köynəyin arxadan cırılması və onun mənəvi saflığı kimi dəlilləri) gördükdən sonra onu müəyyən bir müddətə qədər zindana salmaq qərarına gəldilər.

36. Yusufla birgə zindana (şahın) iki qul(u) da daxil oldu. Onlardan biri dedi: «Mən (yuxuda,) özümün (şərab düzəltmək üçün) üzüm sıxdığımı görürdüm.» Və o birisi dedi: «Mən (yuxuda) gördüm ki, başımın üstündə çörək aparıram və quşlar ondan yeyirlər. Bizə bunların (yuxuların) yozumundan xəbər ver. Həqiqətən biz səni yaxşılıq edənlərdən görürük.»

37. (Yusuf) dedi: «Sizin gündəlik yemək payınız sizə gəlib çatmamışdan qabaq mən sizə o yuxunun yozumunu xəbər verəcəyəm. Bu (yuxu yozmaq elmi) Rəbbimin mənə öyrətdiklərindəndir. Çünki mən Allaha imanı olmayan və axirətə kafir olan bir qövmün dinini tərk etmişəm.»

38. «Və atalarım İbrahimin, İshaqın və Yəqubun dininə tabe olmuşam. Biz(im ailəmiz)ə Allaha heç bir şeyi şərik qoşmaq yaraşmaz. Bu (tovhid və hidayət), Allahın bizə və bütün insanlara olan lütflərindəndir. Lakin insanların çoxu şükr etmirlər.»

39. «Ey mənim iki zindan yoldaşım, (bütlər, ulduzlar və sairə kimi) çoxlu və pərakəndə tanrılar yaxşıdır, yoxsa tək və (varlıq aləminə) hakim olan Allah?»

40. «Sizin Allahın yerinə ibadət etdikləriniz özünüz və atalarınızın adlandırdığı və onlar(a ibadət etməyin düzgün olması) barədə Allahın heç bir dəlil-sübut nazil etmədiyi (məzmunsuz və quru) adlardan başqa bir şey deyildir. Mütləq hökm və (varlıq aləmi üzərində) hakimiyyət yalnız Allaha məxsusdur. O, Ondan başqasına ibadət etməməyinizi əmr etmişdir. Budur sabit və möhkəm din! Lakin insanların çoxu (bunu) bilmirlər.

41. «Ey mənim iki zindan yoldaşım! Amma (yuxularınızın yozulmasına gəldikdə,) sizdən biriniz (azad olacaq və) öz ağasına şərab içirəcəkdir. O birisi isə dar ağacından asılacaq və quşlar onun başından (beynindən) yeyəcəklər. Siz iki nəfərin, yozumunu istədiyiniz işin hökmü (Allah tərəfindən) verilmişdir və onun baş verməsi qətidir».

42. Və (Yusuf) o iki nəfərdən, xilas olacağını bildiyi birinə dedi: «Məni öz ağanın yanında yada sal.» Lakin Şeytan ona ağasının yanında onu yada salmağı unutdurdu. Buna görə də Yusuf bir neçə il (üç il ilə doqquz il arasında) zindanda qaldı.

43. Və (bir gün) şah dedi: «Mən (yuxuda) yeddi arıq inəyin yediyi yeddi kök inək, həmçinin yeddi yaşıl sünbül və (yaşıl sünbüllərə sarılaraq onları qurudan) digər quru sünbüllər gördüm. Ey tayfa başçıları, əgər yuxu yozursunuzsa, mənə yuxum barədə fikir bildirin.»

44. Dedilər: «Qarma-qarışıq yuxulardır və biz qarma-qarışıq yuxuların yozumunu bilmirik».

45. Və (zindandakı) o iki nəfərdən nicat tapmış və uzun bir müddət sonra (zindanı, Yusufu və yuxu yozumunu) yada salan şəxs dedi: «Mən sizi bu yuxunun yozumundan xəbərdar edərəm. Buna görə də məni (zindana) göndərin!»

46. (O, zindana gələrək dedi:) «Yusuf! Ey düz və doğruçu insan! Bizə yeddi arıq inəyin yediyi yeddi kök inək və yeddi yaşıl sünbül və digər quru sünbüllər barəsində fikrini bildir. Bəlkə camaatın yanına qayıtdım, bəlkə (bu təəccüblü yuxunun yozumunu) onlar da bilsinlər.»

47. Dedi: «Yeddi il dalbadal, tam cidd-cəhdlə əkərsiniz. Beləliklə biçdiklərinizi, yediyiniz az bir hissə istisna olmaqla öz sünbülündə saxlayarsınız».



Geri   İrəli
Go to TOP