A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


84. Musa dedi: «Ey mənim qövmüm, əgər Allaha iman gətirmişsinizsə və Ona təslimsinizsə onda, yalnız Ona təvəkkül edin.»

85. Dedilər: «Biz yalnız Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların işgəncəsinə məruz qoyma (və ya: onların qüdrətinin sınaq vasitəsi etmə)!»

86. «Və Öz rəhmətinlə bizi kafirlərin qövmün(ün hakimiyyətin)dən qurtar!»

87. Musaya və onun qardaşına (Haruna) vəhy etdik ki, qövmünüz üçün (səhrada yaşamaq əvəzinə) Misirdə (Fironun hökümətinin mərkəzində) evlər hazırlayın, öz evlərinizi üz-üzə tikin və namaz qılın. Və (ey Musa,) möminlərə (qələbə) müjdə(si) ver.

88. Musa (fironçuların iman gətirməsindən naümid olduqdan sonra) dedi: «Ey Rəbbimiz, Sən Firona və onun qövmünün başçılarına dünya həyatında (bolluca) zinət və (çoxlu) mallar verdin ki, y ey Rəbbimiz nəhayət (bəndələrini) Sənin yolundan azdırsınlar. Ey Rəbbimiz, onların mallarını məhv et və qəlblərini sərtləşdir ki, ağrılı əzabı görənə kimi iman gətirməsinlər (və Harun Musanın nifrininə «amin» deyirdi).»

89. (Allah) buyurdu: «Siz iki nəfərin duası mütləq qəbul olundu. Buna görə də (boynunuza qoyulmuş ilahi vəzifənin çatdırılmasında) möhkəm və mətin olun və əsla bilməyənlərin yolu ilə getməyin.»

90. Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Firon və ordusu onları zülm və düşmənçilik üzündən təqib etdilər. Nəhayət o, boğulmaq halına gəlib çatanda dedi: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən təslim olanlardanam.»

91. (Ona deyildi): «İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin».

92. Beləliklə, bu gün səni cansız bədəninlə birgə qurtarıb dəniz sahilinin uca bir yerinə atacağıq ki, səndən sonra gələnlərə (Allahın qüdrəti və batil qüdrətlərin zilləti barədə) bir nişanə olasan. Doğrudan da insanların çoxu bizim nişanələrimizdən qafildirlər.

93. Həqiqətən, İsrail övladlarını düz və ürəyəyatan bir yerdə (Şamda və Beytül-Müqəddəsdə) yerləşdirdik və onlara pak ruzilər verdik. (Sonra onlar din işlərində ixtilafa düşdülər.) Onlar yalnız (Tövratdakı maariflərdən) onlara elm hasil olan zaman ixtilaf etdilər. Şübhəsiz, sənin Rəbbin Qiyamət günü onların arasında ixtilaf etdikləri şey barəsində hökm çıxaracaqdır.

94. Beləliklə, (məsələn) əgər (dini maarifdən) sənə nazil etdiyimizdən şəkk və tərəddüddəsənsə, onda səndən öncə (səmavi) kitab oxuyanlardan soruş. Şübhəsiz, haqq sənə Rəbbin tərəfindən gəlmişdir. Buna görə də əsla şübhə edənlərdən olma!

95. Və əsla Allahın ayələrini təkzib edənlərdən olma ki, ziyana uğrayanlardan olarsan.

96. Həqiqətən barələrində Rəbbinin kəlamı qətiləşmiş kəslər (Allahın əzəli elminə əsasən küfr və bədbəxtliyi seçəcəkləri məlum olanlar) iman gətirməyəcəklər.

97. Onlara bütün nişanələr və möcüzələr gəlsə belə, ağrılı əzabı görənə kimi (iman gətirməyəcəklər).

98. Bəs nə üçün Yunusun qövmündən başqa heç bir toplum olmadı ki, (vaxtı keçəndən sonra) iman gətirsin və imanı (ona) fayda versin? Elə ki, onlar (Yunusun qövmü) iman gətirdilər, rüsvayedici və alçaldıcı əzabı dünya həyatında onlardan götürdük və onları müəyyən bir müddətə qədər (həyat nemətindən) bəhrələndirdik.

99. Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur.) Yoxsa sən camaatı zorla mömin olmağa məcbur edəcəksən?!

100. Və heç kəs Allahın izni və köməyi (Onun əqli və nəqli hidayəti) olmadan iman gətirə bilməz (və bu, ağıl baxımından da mümkün deyildir). Allah murdarlığı (azğınlığı bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düşünməyən kəslərin üzərinə qoyur.

101. De: «Göylərdə və yerdə (yaradılışın) nə (cür heyrətamiz qəribəliklərinin) olmasına baxın. Lakin nişanələr və öyüdlər iman gətirməyən dəstəyə əsla fayda vermir və (qəflət və zəlaləti) onlardan uzaqlaşdırmır.

102. Belə olan halda məgər onlar özlərindən qabaq (gəlib) keçənlərin (əzab) günləri kimi bir gün (zəhərli külək, daş yağmuru, yandırıcı ildırım və öldürücü bağırtı) gözləyirlər? De: «Gözləyin, həqiqətən mən də sizinlə gözləyənlərdənəm».

103. Sonra (bəla nazil olan zaman) elçilərimizə və iman gətirənlərə nicat veririk. (Bütün əsr və mühitlərdə) möminlərə bu cür n öhdəmizə götürdüyümüz kimi nicat veririk.

104. De: «Ey insanlar, əgər mənim dinim(in düz və ya səhv olması) barəsində şəkk-şübhədəsinizsə, onda (bilin ki,) mən sizin Allahın yerinə ibadət etdiklərinizə (bütlərə) ibadət etmirəm; və lakin sizin hamınızın canını alan Allaha ibadət edirəm və mənə möminlərdən olmaq əmr edilmişdir.»

105. Və (mənə) «bütün diqqətini haqq olan bu düzgün dinə doğru çevir və əsla müşriklərdən olma» (deyə əmr olunmuşdur).

106. «Və Allahdan başqa sənə fayda verməyən və ziyan yetirməyən şeyi (Allah kimi) çağırma ki, əgər belə etsən onda mütləq zalımlardan olacaqsan.»

107. Və əgər Allah (yaradılış aləminin tələbinə uyğun olaraq, yaxud şəriətlə müəyyənləşdirdiyi cəzaya görə) sənə (xəstəlik, yoxsulluq, ziddiyyət və müharibədə məğlubiyyət kimi) bir ziyan yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənin üçün bir yaxşılıq istəsə, Onun fəzlini əsla dəf edən olmaz. O, Öz xeyrini bəndələrindən istədiyinə yetirər. O çox bağışlayan və mehribandır.

108. De: «Ey insanlar, şübhəsiz, haqq (Quran və İslam dini) sizə Rəbbiniz tərəfindən gəlmişdir. Beləliklə kim doğru yola gəlsə, həqiqətən öz xeyrinə doğru yola gəlir və kim azsa, mütləq öz ziyanına azır və mən sizin işlərinizin gözətçi və vəkili deyiləm.

109. Sənə vəhy olunana tabe ol və (dəvət vəzifəsinin yerinə yetirilməsində) Allah (səni inkar edənlərlə sənin aranda) hökm çıxarana kimi səbr et. O, hökm çıxaranların ən yaxşısıdır.

Hud surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Ra. (Mən bütün əşyaları görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm arasında olan rəmzlərdir. Bu Quran) ayələri (kəlmələrinin fəsihliyi, quruluşunun möhkəmliyi, məzmununun xəta, ixtilaf və nəsxdən qorunması ilə) möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən (surələr, ayələr, hökmlər, əxlaqi göstərişlər və digər müxtəlif maariflərlə) ətraflı şəkildə izah edilmiş bir kitabdır.

2. (Mənim dəvətim bundan ibarətdir) ki: «Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən mən Onun tərəfindən sizin üçün bir qorxudan və müjdə verənəm.»

3. «Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram.»

4. Qayıdışınız (əvvəlcə Bərzəxə, sonra Qiyamətə və daha sonra daimi nemət və ya əzab məkanına daxil olmaqla) Allaha tərəfdir və O, hər şeyə qadirdir.

5. Bilin ki, onlar (müşriklər Quranı eşidən zaman) Peyğəmbərdən gizlənmək üçün sinələrini bükürlər [və Allahı yada salmaqdan yayınmaq üçün qəlblərini (Qurana diqqət etməkdən) yayındırırlar]. Bilin! Allah onlar öz paltarlarını başlarına və bədənlərinə bükəndə və ya yatarkən yorğanı başlarına çəkən zaman onların gizlətdiklərini də və (dillə) aşkar etdiklərini də bilir. Həqiqətən O, sinələrdəki (ürəklərdəki) sirləri biləndir.

6. Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsinədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. [Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.] (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur.

7. Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər.

8. Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir.

9. Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.

10. Və əgər ona düçar olduğu çətinlikdən və pərişanlıqdan sonra (sağlamlıq, sərvət və əmin-amanlıq kimi) bir rahatlıq və nemət daddırsaq mütləq «çətinliklər və bəlalar məndən (keçib) getdi (və bir daha gəlməz)» deyəcəkdir və həmin halda fərəhlənər və çox öyünər.

11. Səbr edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağışlanma və böyük mükafat məhz onlar üçündür.

12. Buna görə də, bəlkə də sən onların «nə üçün ona bir xəzinə nazil olmayıb və ya onunla birgə bir mələk gəlməyib?» demələrinə görə, (bütlərə və onların cahiliyyət adət-ənənələrinə istehza etmək kimi) sənə vəhy edilənin bəzisini tərk edərsən və onun çatdırılmasından sinən (ürəyin) sıxılar! Əslində sən yalnız bir qorxudansan (xəzinə və mələk sənin ixtiyarında deyildir) və Allah hər bir şeyə nəzarət edən və qoruyandır.

13. Yoxsa «o, bunu (Quranı) özündən uydurmuşdur (və yalandan Allaha nisbət verir)!» deyirlər! De: «Əgər doğruçusunuzsa, siz də onun kimi on uydurma surə gətirin və (onu düzəltmək üçün) Allahdan başqa, kimi bacarırsınız çağırın».

14. Buna görə də (ey müsəlmanlar), əgər inkar edənlər sizin bu dəvətinizi qəbul etməsələr (və ey müşriklər, əgər alimləriniz bu üzləşmədən boyun qaçırsalar), onda bilin ki, şübhəsiz bu (kitab) Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa bir məbud yoxdur. Belə isə (haqqa) təslim olacaqsınız?!

15. Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud ilahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz.

16. Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən) boşa çıxacaqdır.

17. Məgər (əməl və etiqadında) öz Rəbbi tərəfindən (Quran kimi) aydın bir dəlil üzərində dayanan, ardınca Allah tərəfindən bir şahidi (məsumun təsdiqi, eləcə də onun Quranın təsdiqi olan möcüzəsi və ağılın hökmü) olan və ondan qabaq Musanın rəhbər və rəhmət olan kitabı olmuş bir şəxs (yalnız gümana və şəkkə əsaslanan bir kəs kimidir)? (Bəli,) bu Qurana iman gətirənlər onlardır. Və dəstələrdən kim ona kafir olsa, onun vədə yeri oddur. Buna görə də, onun barəsində şəkk və tərəddüddə olma. Şübhəsiz o, sənin Rəbbin tərəfindən olan sabit bir haqdır və lakin insanların çoxu iman gətirmirlər.

18. Kim Allaha yalan nisbət verəndən (Onu olmadığı kimi vəsf edəndən, qeyri-asimani bir dini Ona nisbət verəndən, şəriətdə bir bidət yaradandan) daha zalımdır? Onlar (Qiyamət günü) özlərinin Rəbbinə təqdim ediləcəklər və şahidlər (əməlləri yazan mələklər, hər bir əsrin məsumu və özlərinin bədən üzvləri) deyəcəklər: «Bunlardır özlərinin Rəbbinə yalan nisbət vermiş kəslər! Bilin! Allahın lənəti olsun zalımlara!

19. O kəslər(ə) ki, (insanları) Allahın yolundan saxlayır və onu əyri göstərirlər (yaxud ona əyri mətləblər daxil edirlər) və o kəslər ki, axirət gününə olduqca kafirdirlər.

20. Onlar yer üzündə (Allahı) əsla aciz qoya (Onunla mübarizə apara və ya Onun əzabından qaçıb qurtula) bilməzlər və onlar üçün Allahdan başqa yardımçı və başçılar yoxdur. Onların axirət əzabı (özlərinin və onlara tabe olanların əməllərinin cəzası olaraq) ikiqat olacaqdır. Onların (haqqı) eşitməyə taqətləri yox idi və heç vaxt (qəlb gözü ilə) haqqı görmürdülər.

21. Öz vücudlarını ziyana vermiş kəslər onlardır və uydurduqları şey (onların yalançı məbudları) onlardan qeyb oldu və yoxa çıxdı.

22. Şübhəsiz, axirətdə hamıdan çox ziyana uğrayan (da) onlardır.

23. Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar.

24. Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!

25. Həqiqətən Nuhu öz qövmünə göndərdik ki (onlara de): «Şübhəsiz, mən sizin üçün (Allah tərəfindən açıq-aşkar) bir qorxudanam.»

26. «Allahdan başqasına ibadət etməyin. Həqiqətən, mən sizin üçün ağrılı günün əzabından qorxuram.»

27. Beləliklə, onun qövmünün küfr edən böyük və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa l (onlar da) fikirləşmədən və elə ilk baxışda l tabe olan bir kəs görmürük. Həmçinin sizdə özümüzdən heç bir üstünlük görmürük, əksinə, sizi yalançı hesab edirik.»

28. Nuh dedi: «Ey mənim qövmüm, mənə bir deyin görüm: Əgər mən Rəbbim tərəfindən (kamil möcüzə kimi) açıq-aydın bir dəlilə söykənmiş olsam və O, mənə Öz tərəfindən bir rəhmət (ilahi risalətin ləvazımatından olan elm və şəriət kitabı) əta etmiş olsa və o (inadınız və möcüzəyə diqqət yetirməməyiniz üzündən) sizə gizli qalmış olsa, istəmədiyiniz halda sizi ona vadar edə bilərikmi (halbuki ağıl baxımından və Allahın cari qanunlarına əsasən dində məcburiyyət yoxdur)?!

29. «Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir. Və mən iman gətirənləri qovan deyiləm, çünki onlar (sabah) öz Rəbbləri ilə görüşəcəklər (və orada mənimlə düşmənçilik edərlər) və lakin sizi nadanlıq edən bir qövm görürəm.»

30. «Və ey mənim qövmüm, əgər mən onları (öz yanımdan) qovsam, Allah qarşısında mənə kim kömək edəcəkdir? Məgər ibrət götürmürsünüz?!»

31. Və mən sizə Allahın (malların çoxalması, istəklərin yerinə yetirilməsi, xəstələrin şəfası kimi rəhmət) xəzinələrinin mənim ixtiyarımda olmasını demirəm, mən qeybi də bilmirəm, mən mələyəm demirəm və gözlərinizin xarlıq və həqirliklə baxdığı kəslər haqqında «Allah onlara heç vaxt bir xeyir verməyəcəkdir» də demirəm. Allah onların batinlərində olanı daha yaxşı bilir. Əgər elə desəm, mütləq zalımlardan olaram.» (Ənam surəsinin 50-ci ayəsinə müraciət edin.)

32. Dedilər: «Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa (ilahi əzabdan) vəd etdiyini bizə gətir.»

33. Nuh dedi: «Əgər Allah istəsə onu sizə gətirər və siz (mübarizə etmək, ya qaçmaqla Onu) əsla aciz qoyan deyilsiniz.»

34. «Və əgər Allah sizi (azğınlığınıza görə) zəlalət çölündə (sərgərdan) buraxmaq istəsə, mən sizə xeyirxahlıq etmək istəsəm də xeyirxahlığım sizə əsla fayda verməyəcəkdir. O sizin Rəbbinizdir və Ona tərəf qaytarılacaqsınız.»

35. Yoxsa (sənin qövmün) «bunu (bu əhvalatı və ya bu Quranı) onun özü yalandan uydurmuşdur!» deyirlər. De: «Əgər onu özüm uydurmuş olsam (hətta elə fərz etsək belə yenə də) günahım öz boynumadır və mən sizin etdiyiniz (küfr və itaətsizliklər kimi) günahlardan uzağam.»

36. Və Nuha vəhy olundu ki: «Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə.»

37. «Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt və zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət və vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar.»

38. Və o, gəmini düzəldirdi. Qövmünün böyükləri hər dəfə onun yanından keçəndə («quruda gəmi?! Peyğəmbərlikdən sonra xarratlıq?!» deyib) ona məsxərə edirdilər. Dedi: «Əgər siz bizə istehza edirsinizsə, şübhəsiz, biz də məsxərə etdiyiniz kimi sizə (ağaclara, divarlara və təpələrə pənah apardığınız vaxt) məsxərə edəcəyik.»

39. Beləliklə, tezliklə (dünyada) xar və rüsvayedici əzabın kimə gələcəyini biləcəksiniz və (axirətdə) ona həmişəlik əzab nazil olacaqdır.

40. (Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir». Və onunla (qövmünün) çox az bir qismindən başqa (heç kəs) iman gətirməmişdi.

41. Və (Nuh) dedi: «Onun hərəkət və sükunət halında «bismillah» deyərək ona (gəmiyə) minin və «Bismillah» onun hərəkət və sükunətidir (onun hərəkət və sükunətinin açarıdır). Doğrudan da mənim Rəbbim çox bağışlayan və mehribandır».

42. Və həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından və ya məkanından) bir kənarda olan oğlunu səslədi: «Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma!»

43. (Oğlu) dedi: «Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam». Nuh dedi: «Bu gün Allahın rəhm etdiyi kəsdən başqa Onun əmrindən bir qoruyan yoxdur». (Bu zaman) bir dalğa o ikisinin arasını kəsdi və (Nuhun oğlu) suda boğulanlardan oldu.

44. Və (Allahın qəti iradəsi ilə kafirlər suda batıb boğulduqdan sonra) deyildi: «Ey yer, öz suyunu ud və ey göy, (yağışını) saxla»! Su (yerə) hopdu və iş (kafirlərin mütləq baş verməli olan məhvi) bitdi. Və gəmi «Cudi» (dağı) üzərində qərar tutdu və (Allah yaxud Onun mələkləri tərəfindən) deyildi: «Ölüm olsun zalımlara! (Haqqın rəhmətindən) uzaq olsun zalımlar!»

45. Nuh (tufandan qabaq) öz Rəbbini çağırıb dedi: «Ey Rəbbim, oğlum mənim ailəmdəndir. Və həqiqətən Sənin (mənim ailəmin nicatı barədəki) vədin haqdır və Sən hakimlərin ən yaxşısısan. (Bu kəlam Nuhun oğlunun nicatını istəməsi üçün bir müqəddimədir.)

46. (Allah) buyurdu: «Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa) nalayiq əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə. (Nuh Allahdan oğlunun bağışlanmasını istəmək ərəfəsində idi ki, Allah onu bu işdən çəkindirdi.) Mən nadanlardan olmayasan deyə sənə öyüd verirəm.»

47. Dedi: «Ey Rəbbim, (barəsində) elmim olmayan şeyi Səndən istəməkdən Sənə sığınıram (peyğəmbərlərə hər hansı bir mövzunu müəyyən etməmiş onun xeyirinə olmayan hökmü istəmək yaraşmaz) və əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyana uğrayanlardan olacağam.»

48. (Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en. Və (tarix boyu onların övladlarından) tezliklə (dünya nemətlərindən) bəhrələndirəcəyimiz ümmətlər gələcəkdir. Sonra isə onlara (azğınlıqlarına və küfrlərinə görə) Bizim tərəfimizdən ağrılı bir əzab yetişəcəkdir».

49. Bunlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik. Onları bundan qabaq nə sən, nə də sənin qövmün bilirdi. Buna görə də (boynunda olan ilahi vəzifənin çatdırılmasında) səbr et, ki, həqiqətən (gözəl) aqibət təqvalılara məxsusdur.

50. Və Ad qövmünə (qan ya qəbilə) qardaşları Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Həqiqətən siz (bütləri Allaha şərik qoşmaqda) yalnız iftiraçılarsınız».

51. «Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir, heç düşünmürsünüz?!»

52. «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin».

53. Dedilər: «Ey Hud, bizim üçün açıq-aydın bir dəlil (bizim bəyənəcəyimiz bir nişanə) gətirmədin. Biz heç vaxt sənin sözünlə öz tanrılarımızı tərk edən deyilik və biz sənə əsla inanan deyilik».

54. «Biz (sənin barəndə) yalnız bunu deyirik ki, bizim tanrılarımızın bəziləri sənə (ruhi cəhətdən) bir ziyan vurublar». Dedi: «Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin Ona şərik qoşduqlarınızdan uzağam.

55. (Və həmçinin) Onun yerinə (ibadət etdiklərinizdən uzağam). Buna görə də hamılıqla mənim barəmdə (bacardığınız kimi) plan cızıb məkr və hiylə işlədin, sonra da (onu həyata keçirin və) mənə heç bir möhlət verməyin».

56. «Həqiqətən, mən öz Rəbbim və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir hərəkət edən yoxdur ki, alını (vücudu) Onun ovcunda (ixtiyarında) olmasın. Həqiqətən Rəbbim doğru yoldadır (yaradılış aləminin işlərinin idarə olunmasında ədalət və hikmət əsasında davranır)».

57. «Beləliklə, əgər üz döndərsəniz, (bilin ki,) mən (çatdırılması) üçün göndərildiyim şeyi sizə çatdırdım. Və mənim Rəbbim (tezliklə sizi həlak edəcək və) sizin yerinizə sizdən başqa bir qövmü canişin edəcəkdir. Ona heç bir ziyan vura bilməzsiniz. Şübhəsiz, mənim Rəbbim hər bir şeyi qoruyandır».

58. Və (onların əzabı barədə) Bizim əmrimiz (mələklərə) yetişən və Bizim istəyimiz qətiləşən zaman Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq.

59. Bu Ad (qövmü) idi. Onlar özlərinin Rəbbinin nişanələrini (tövhidin aydın dəlillərini və Hudun peyğəmbərliyinin aşkar əlamətlərini) inkar etdilər, Onun peyğəmbərlərinə itaətsizlik göstərdilər və hər bir inadkar zor işlədənin əmrinə tabe oldular.

60. Bu dünyada və Qiyamət günündə onların arxasınca (Allah və insanlar tərəfindən) bir lənət göndərildi. Bilin ki, Ad qövmü özlərinin Rəbbinə kafir oldular və özlərinin Rəbbinə nankorluq etdilər. Bilin! Hudun qövmü Ada nifrin olsun və (Allahın rəhmətindən) uzaq olsunlar!

61. Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir».

62. Dedilər: «Ey Saleh, sən bundan əvvəl bizim aramızda bir ümid yeri idin (bizim dinimizi qəbul edəcəyinə və ya bizə başçılıq edəcəyinə ümid bəsləyirdik). Bizi atalarımızın ibadət etdikləri şeydən çəkindirirsən?! Və doğrudan da biz, bizi tərəfinə çağırdığın şey (şəriksiz Allah) barəsində tərəddüdlü və anlaşılmazlıq gətirən bir şəkk-şübhə içərisindəyik».

63. Dedi: «Ey mənim qövmüm, mənə deyin görüm, əgər mən Rəbbimin tərəfindən aydın bir dəlilə əsaslansam və O, Öz tərəfindən mənə bir rəhmət (peyğəmbərlik məqamı) əta etmiş olsa, (ilahi tapşırıqların çatdırılmasında) Ona itaətsizlik etsəm məni Allah(ın qəzəbindən və əzabın)dan kim qurtarar?! Deməli, siz mənə ziyan vurmaqdan başqa bir şey artırmırsınız».

64. «Və ey mənim qövmüm, bu, Allahın sizin üçün (Onun tovhidi və mənim peyğəmbərliyim barəsində) bir əlamət və möcüzə olan dişi dəvəsidir (ki, Onun istəyi ilə birdən-birə daşın arasından çıxmışdır). Buna görə də, onu qoyun Allahın torpağında otlasın və ona əsla bir zərər-ziyan vurmayın ki, sizi çox yaxın bir əzab yaxalayar».

65. Beləliklə, onun ayaqlarını kəsdilər və öldürdülər. (Saleh) dedi: «Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin (sonra əzab gələcəkdir). Bu yalan olmayan bir vəddir».

66. Beləliklə, (onların əzabı barəsində) Bizim əmrimiz yetişdikdə və Bizim istəyimiz qətiləşən zaman Saleh və onunla birlikdə iman gətirənlərə tərəfimizdən olan bir rəhmət ilə (həmin qövmün şərindən) və o günün xarlıq və rüsvayçılığından nicat verdik. Doğrudan da sənin Rəbbin həmin güclü və yenilməz qüdrət sahibidir.

67. Və zülm etmiş kəsləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə, öz evlərində diz çöküb üzü üstə düşmüş ölülər oldular.

68. Sanki əsla orada yaşamamışdılar. Bilin ki, Səmud qövmü özlərinin Rəbbinə küfr (və nankorluq) etdi. Bilin! (Allahın rəhmətindən) uzaq olsun Səmud qövmü!

69. Həqiqətən Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı və Lut qövmünün həlak olması barədə) müjdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi. Sonra, dayanmadan (qonaqlar üçün) qumların üzərində qızardılmış və yağı daman bir buzov gətirdi.



Geri   İrəli
Go to TOP