A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


32. Və (yada sal) o zaman(ı) ki, (Quranı inkar edən müşriklər) «ey Allahımız, əgər bu, Sənin tərəfindən (vəd olunmuş) həmin haqdırsa, onda göydən bizə daş yağdır, ya bizim üçün başqa bir ağrılı əzab gətir» dedilər.

33. Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir. (İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir).

34. Məscidül-Həramın başçısı olmaya-olmaya insanları ora (daxil olmaq)dan saxladıqları (camaatın ora daxil olmalarına mane olduqları) halda Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız pərhizkarlardırlar, lakin çoxları bilmirlər.

35. Onların Kəbə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın (dünya və axirət) əzabı(nı)!

36. Həqiqətən, kafirlər öz mallarını (Bədr, Ühüd və digər müharibələrdə olduğu kimi insanları) Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, (amma bu) sonra onlar üçün bir həsrət (dağı) olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər (Qiyamət günü öz qəbirlərindən) Cəhənnəmə doğru toplanacaqlar.

37. (Onların küfrləri və həmin yoldakı xərcləri səbəb olub) ki, Allah murdarı pakdan (dünyada kafiri mömindən və haramı halaldan) ayırsın və (axirətdə) murdarları bir-birinin üstünə yığıb hamısını üst-üstə qalasın və Cəhənnəmə atsın. (Bəli,) onlardır ziyana uğrayanlar!

38. Kafirlərə de: «Əgər (küfrdən) əl çəksələr (və İslamı qəbul etsələr) keçənlər (günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları və axirət əzabları) onlara bağışlanar. (Amma) əgər (küfrə və haqq ilə mübarizəyə) qayıtsalar, şübhəsiz, (Bizim) əvvəlkilərin (barəsindəki) yolu(muz, Bizim itaətsiz azğınları həlak və məhv etmək barəsindəki ənənəvi qanunumuz) keçmişdir (və bunlarla da elə rəftar edərik).»

39. Onlarla (müşriklərlə) heç bir küfr, fəsad və təhlükə qalmayana və (ümumi rəsmi) din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər (şirkdən) əl çəksələr, əlbəttə Allah onların etdiklərini görəndir.

40. Və əgər üz döndərsələr, bilin ki, Allah sizin başçınız və dostunuzdur. O gözəl başçı və dost, gözəl yardımçıdır.

41. Əgər Allaha və (haqqın batildən) ayrılıq günü – o iki dəstənin (müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, (kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə ilə) əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz onun beşdə biri Allahın, Onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda (İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda) qalanlarındır. (Allah onun həqiqi sahibi, Peyğəmbər və onun yaxınları isə ümmətin imamı olaraq onun şərti sahibidirlər. Peyğəmbərin qohumlarından olan digər üç dəstə isə həmin maldan onlar üçün xərclənmək haqqına malikdirlər.) Allah hər şeyə qadirdir. (Bu surənin birinci ayəsində bütün döyüş qənimətlərinin Allaha və Onun Peyğəmbərinə məxsus olduğu bildirilmişdi. 69-cu ayədə isə onun hamısı möminlərə mübah edilmişdi. Həmin iki ayəyə iman gətirdikdən sonra bu ayə qaranlıqları aradan qaldırır ki, onun xumsu, yəni beşdə biri Allahın, Peyğəmbərin və adı çəkilən dəstələrin, yerdə qalanı isə döyüşçülərindir).

42. (Ayrılıq günü) o zaman (idi) ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində (əlverişli olmayan bir mövqedə) idiniz, onlar (Mədinədən) uzaq tərəfdə (Məkkəyə yaxın olan və əlverişli olan bir mövqedə), (Qüreyşin ticarət) karvan(ı) isə sizdən aşağı hissədə idi (ki, onlar qaça bildilər). Əgər bir-birinizlə vədələşsəydiniz, həmin vədələşmənizdə fikir ayrılığına düçar olar, yaxud orada olmaqdan yayınardınız. Lakin Allahın, olmalı işi gerçəkləşdirməsi üçün (belə oldu və belə bir məcburi qarşıdurma yarandı və qarşıya qeyri-adi qələbə çıxdı) ki, həlak olan dəlil-sübut üzündən həlak olsun və (mənəvi) həyat tapan dəlil-sübut üzündən həyat tapsın. Həqiqətən Allah eşidən və biləndir.

43. (Xatırla) o zaman(ı) ki, Allah onları yuxunda sənə az göstərirdi (ki, öz qövmünə belə xəbər verəsən). Əgər onları sənə çox göstərsəydi, mütləq süst olar və qorxar, döyüş işində bir-birinizlə ixtilaf və çəkişməyə düçar olardınız. Lakin Allah (sizi ixtilafdan) salamat saxladı. Həqiqətən O, ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir.

44. Və (xatırla) o zaman(ı) ki, onlarla üz-üzə gəldiyiniz vaxt, Allah (öz əzəli elmi və mütləq iradəsi əsasında) olacaq işi gerçəkləşdirməsi üçün (ilk baxışda) onları sizin gözlərinizdə az göstərir və sizi onların gözlərində azaldırdı (hərçənd, döyüş əsnasında iş əksinə oldu. Ali-İmran surəsinin 12-ci ayəsinə müraciət edin). Bütün işlər (və varlıq aləminin bütün hadisələri nəticələrin səbəblərə qayıtması qanununa uyğun olaraq, mütləq səbəb olan) Allaha qayıdır.

45. Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız.

46. Allaha və Onun Peyğəmbərinə (vacib əmrlərində) itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz. Səbr edin ki, həqiqətən Allah səbrlilərlədir.

47. Öz evlərindən nemətdən sərxoş halda və özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allahın yolundan saxlayan kəslər (Əbu Cəhlin Bədrə tərəf gedən qoşunu) kimi olmayın. Allah (qüdrət və elm baxımından) onların etdiklərini əhatə etmişdir.

48. Və (xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü və dedi: «Mən sizdən uzağam (mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını və kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir».

49. O zaman münafiqlər və qəlblərində xəstəlik (küfr və şəkk xəstəliyi) olanlar «bunları (Bədrə gedən İslam ordusunu) dinləri aldatmışdır!» deyirdilər, halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz (qalibdir, çünki) Allah yenilməz qüdrət və hikmət sahibidir.

50. Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz və arxalarına vururlar və «dadın yandırıcı əzabı!» (deyirlər).

51. Bu (əzablar) özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir.

52. (Bu müşriklərin hərəkətləri) Firon ailəsinin və onlardan qabaqkıların rəftarı kimidir ki: onlar Allahın ayə və nişanələrinə kafir oldular, Allah da onları günahlarına görə cəzalandırdı. Həqiqətən Allah çox qüvvətli və şiddətli cəza verəndir.

53. (Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə dəyişdirmir (onlardan almır). (Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə və çətinliyə doğru dəyişdi, çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə və inad etmək istiqamətində dəyişdirdilər.) Şübhəsiz, Allah eşidən və biləndir.

54. (Bunların davranışları) Firon ailəsinin və onlardan əvvəlkilərin rəftarı kimi(dir). Onlar özlərinin Rəbbinin ayələrini təkzib etdilər, Biz də onları günahlarının cəzası olaraq həlak etdik və Firon ailəsini batırdıq. Onların hamısı zalım idilər.

55. Şübhəsiz, Allah yanında (Onun əzəli elmində və Lövhi-Məhfuzunda) canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir.

56. O kəslər ki, onların bəziləri ilə əhd-peyman bağladın, sonra onlar hər dəfə öz peymanlarını pozur və (Allahdan və peymanı pozmaqdan) çəkinmir və qorxmurlar.

57. Odur ki, əgər döyüşdə onları ələ keçirsən, onlarla (onlara ağır cəza verməklə), arxalarınca gedənləri qovub dağıt bəlkə ibrət alsınlar (və döyüş fikrinə düşməsinlər).

58. Əgər (əhd-peymanınız olan) bir dəstənin xəyanətindən və əhd-peymanı pozmasından qorxsan, onda sən də (əhd-peymanını pozmağı) bərabərlik və ədalət əsasında onlara tərəf at (və elan etməmiş öz əhd-peymanını pozma) ki, həqiqətən Allah xainləri sevmir.

59. Kafirlər əsla irəli keçmiş olduqlarını (Bizim səltənətimizdən xaric olduqlarını) zənn etməsinlər. Şübhəsiz, onlar Bizi aciz edə bilməzlər (Bizim əzabımızdan qaçıb qurtula bilməzlər).

60. Vasitəsiylə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri – sizin tanımadığınız və Allahın tanıdığı – digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə (insan qüvvəsi, müasir silahlar və döyüş xərcləri) və bağlanmış və bəslənmiş atlar (münasib minik vasitələri) tədarük görün. Allah yoluna hər nə xərcləsəniz, (Qiyamət günü) o, kamil surətdə sizə veriləcəkdir və sizə əsla zülm edilməyəcəkdir (haqqınızdan kəsilməyəcəkdir).

61. Əgər onlar sülh və barışığa meyl göstərsələr, sən də ona meyl et və Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!

62. Əgər (sülh və barışıqda, yaxud başqa bir məsələdə) səni aldatmaq istəsələr, şübhəsiz sənə Allah kifayət edər. Səni Öz (qeyb) köməyi və möminlərin vasitəsilə qüvvətləndirən Odur.

63. Onların qəlbləri arasında (Allah) ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən O, yenilməz qüdrət və hikmət sahibidir.

64. Ey Peyğəmbər, Allah və sənə tabe olan möminlər (risalət vəzifələrini həyata keçirməkdə) sənə kifayətdir (qeyb köməkləri Ondan, zahiri müqəddimələr isə onlardan).

65. Ey Peyğəmbər, möminləri cihada həvəsləndir. Əgər sizdən iyirmi nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər. Əgər sizdən yüz nəfər olsa, onlar kafirlərin min nəfərinə qalib gələrlər. Çünki onlar anlamaz bir qövmdürlər (şücaət və bu kimi ruhu sifətlərin qüvvətlənməsinə səbəb olan tovhidi dərindən dərk etmirlər).

66. İndi Allah (bir nəfərin on nəfərlə mübarizə etməsinin vacibliyi və bir nəfərin on nəfərdən qaçmasının haramlığını götürərək) vəzifənizi yüngülləşdirdi və sizdə (ruhiyyə və sayınızda) zəiflik olmasını bildi (əzəli elmi zahirdə həyata keçdi). Beləliklə, əgər sizdən yüz nəfər səbirli olsa, onlar iki yüz nəfərə qalib gələrlər və əgər sizdən min nəfər olsa, Allahın izni (və köməyi) ilə onlar iki min nəfərə qalib gələrlər. Allah səbirlilərlədir.

67. (İlahi hökümətin qurulması və onun qalması baxımından) heç bir peyğəmbərə hökümətini yer üzündə qüvvətləndirib möhkəmləndirənə qədər (döyüş) əsirlərinin olması yaraşmaz və haqqı yoxdur (əksinə, düşmən döyüş əsnasında öldürülməlidir). Siz dünya malını (əsirləri satmaq və ya fidyə ilə azad etmək) istəyirsiniz, Allah isə axirəti istəyir. Allah yenilməz qüdrətli və hikmət sahibidir.

68. Əgər Allah tərəfindən qərara alınmış keçmiş hökm (bütün dəlil-sübutlar gəlməmiş əzab etməmək hökmü) olmasaydı, götürdüyünüz şey (Peyğəmbərin əmri olmadan fidyə üçün götürdüyünüz əsirlər) barəsində sizə mütləq böyük bir əzab yetişərdi.

69. Buna görə də qənimət kimi əldə etdiyiniz şeydən (Bədr döyüşünün qənimətləri və əsirlərin fidyəsindən) halal və pak olaraq yeyin. (Bu, səmavi şəriətlərdə döyüş qənimətləri və fidyələri barəsində olan ilk icazədir və bu icazə ilə surənin onları «ənfal» olaraq Peyğəmbərin ixtiyarında qoyan birinci ayəsi arasındakı ziddiyyəti 41-ci ayədəki bölgü aradan qaldırır.) Allahdan qorxun ki, əlbəttə Allah çox bağışlayan və mehribandır.

70. Ey Peyğəmbər, (Bədr müharibəsi) əsirlər(in)dən sizin ixtiyarınızda olanlara de: «Əgər Allah sizin qəlblərinizdə bir xeyir (olmasını, İslamı qəbul edəcəyinizi) bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah çox bağışlayan və mehribandır».

71. Əgər (bu əsirlər) sənə xəyanət etmək (fidyə ilə azad olub yenidən digər müharibəyə başlamaq) istəsələr (bu, ilk dəfə olan iş deyil), bundan qabaq Allaha da xəyanət (küfr və müharibə xəyanəti) etdilər. Buna görə də (səni) onlara O hakim etdi. Allah bilən və hikmətlidir.

72. Həqiqətən, iman gətirən, (Mədinəyə) hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edən kəslərlə (Mədinə əhalisindən) (mühacirlərə) yer və pənah verən və kömək edənlər bir-birlərinin qəyyumudurlar (onların arasında dostluq, qarşılıqlı yardım və irs əlaqələri vardır). Sizin iman gətirib hicrət etməyən kəslərlə, onlar hicrət edənə kimi heç bir bağlılığınız yoxdur. Əgər din işləri barəsində sizdən kömək istəsələr, sizinlə aralarında (düşmənçiliyin ləğvi barəsində) əhd-peyman olan dəstənin zərərinə olan (kömək) istisna olmaqla, onlara kömək etmək sizin vəzifənizdir. Allah etdiklərinizi görəndir.

73. Kafirlər də bir-birlərinin müttəfiq və dostudurlar. Əgər bunu (möminlərlə birlik və kafirlərdən uzaqlaşmaq barəsindəki bu əmri) yerinə yetirməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verəcəkdir.

74. İman gətirən, hicrət edən və Allah yolunda cihad edən kəslər və (onlara) yer və pənah verən və kömək edənlər - onlardır həqiqi möminlər! Onlar üçün bağışlanma və gözəl və bol ruzi vardır.

75. Sonradan iman gətirən, hicrət edən və sizinlə birlikdə cihad edən kəslər (dostluq və dini qardaşlıq əlaqələri baxımından) sizdəndirlər. Allahın kitabında (Lövhi-Məhfuzda və bu kitabda yazılmış varislik hökmündə) qohumlar bir-birlərinə (başqalarından) daha haqlıdırlar (beləliklə, hicrətin əvvəlində mühacirlərlə ənsar arasında çıxarılmış varislik hökmü nəsx oldu). Həqiqətən Allah hər şeyi biləndir.

Ət-Tövbə surəsi

1. (Bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən müşriklərdən əhd-peyman bağladığınız kəslərə nifrət (və onlarla olan əhd-peymanın ləğv edilməsi və onlara verilən amanın aradan qaldırılması) bildirişidir.

2. Odur ki, (ey müşriklər, bu nifrət bildirişinin elan olunmasından sonra) dörd ay yer üzündə (azad) gəzin və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Onun çəngindən yaxanızı qurtara bilməzsiniz) və Allah kafirləri xar edəndir.

3. Həmçinin (bu ayələr) Allah və Onun Peyğəmbəri tərəfindən (bütün) insanlara böyük həcc günündə (qurban bayramı günü, yaxud hicrətin doqquzuncu ilində müşriklərlə müsəlmanların həcc əməllərini birlikdə yerinə yetirdikləri böyük həcc günü) bir bildirişdir ki: «Allah və Onun Peyğəmbəri müşriklərdən uzaqdırlar (onlarla heç bir əhd-peymanları yoxdur)». Buna görə də (ey müşriklər), əgər tövbə etsəniz (və İslamı qəbul etsəniz), sizin üçün daha yaxşıdır və əgər üz döndərsəniz, bilin ki, siz (nə mübarizə etmək və nə də qaçmaqla) Allahı aciz qoya bilməzsiniz. (Ey Peyğəmbər,) kafirlərə ağrılı bir əzabla müjdə ver!

4. Müşriklərdən əhd-peyman bağladığınız, sonra sizdən (sizinlə olan əhdlərindən) bir şeyi əskiltməyən və (düşmənlərinizdən) sizin əleyhinizə heç kəsə kömək etməyənlər istisnadırlar. Beləliklə onların əhd peymanını müddətlərinin sonuna qədər tamamlayın. Həqiqətən Allah pərhizkarları sevir.

5. Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən Allah çox bağışlayan və mehribandır.

6. Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər.

7. Məscidül-Həramın yanında əhd-peyman bağladığınız kəslərdən başqa, müşriklərin Allahın yanında və Onun Peyğəmbərinin yanında necə əhd-peymanları ola bilər?! Buna görə də, nə qədər ki, onlar (Məscidül-Həramın yanında əhd-peyman bağladığınız müşriklər) sizinlə (olan əhdlərində) möhkəm durublar, siz də onlarla (olan əhdlərinizdə) möhkəm durun ki, həqiqətən, Allah pəhrizkarları sevir.

8. (Bəli, onların əhdlərinə) necə (etimad bəslənə bilər)? Halbuki, əgər sizə qalib gəlsələr, sizin haqqınızda nə bir qohumluğu nəzərə alarlar, nə də bir əhdnaməyə riayət edərlər. Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər.

9. Onlar Allahın ayələrini vermək müqabilində az bir qazanc əldə etdilər (Peyğəmbəri və onun kitabını inkar etməklə məqam və dünya əldə etdilər), beləliklə (insanları) Onun yolundan saxladılar. Doğrudan da onların əməlləri pisdir.

10. Heç bir mömin barəsində qohumluq haqqına və əhd-peymana riayət etmirlər. Onlar həmin həddi aşanlardır.

11. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr, onlar sizin din qardaşlarınız olacaqlar. Biz öz ayə və nişanələrimizi bilən dəstə üçün ətraflı surətdə izah edirik.

12. Əgər yerinə yetirəcəklərini öhdələrinə götürdükdən sonra əhdlərini pozsalar və sizin dininizə tənə vurub irad tutsalar, onda bəlkə əl çəkələr deyə (bu) küfr başçıları ilə vuruşun ki, onların heç bir öhdəçilikləri yoxdur.

13. Yoxsa siz öz andlarını pozmuş, Allahın Peyğəmbərini (Məkkədən) çıxarmaq qərarına gəlmiş və sizinlə (müharibəyə) ilk dəfə başlayan da onlar olan bir dəstə ilə vuruşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? Əgər imanınız varsa, Allah qorxulmağa daha layiqdir.

14. Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin.

15. Həmçinin onların qəlblərinin qəzəbini aradan aparsın. Allah nəzərini istədiyi şəxsə yönəldərək tövbəsini qəbul edər. Allah bilən və hikmətlidir.

16. Yoxsa Allahın sizlərdən cihad edənləri və Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirdaş etməyənləri hələ aydınlaşdırıb üzə çıxarmadığı halda (onlar haqqında olan əzəli elmi gerçəkləşməmiş öz başınıza) buraxılacağınızı zənn edirsiniz? Allah əməllərinizdən xəbərdardır.

17. Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar.

18. Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır.

19. Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz.

20. İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin nicat tapanlardır.

21. Rəbbi onları Öz tərəfindən bir rəhmət və razılıqla və içərisində onlar üçün sürəkli və daimi nemət olan Cənnətlərlə müjdələyir.

22. Onlar orada həmişəlik olaraq, əbədi qalacaqlar. Həqiqətən Allah yanında böyük bir mükafat vardır.

23. Ey iman gətirənlər, əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutsalar, onları özünüzə dost və köməkçi götürməyin. Sizdən kim onları dost və köməkçi götürsə, (dostluğu öz lazımi yerində sərf etmədikləri üçün) onlar həmin zalımlardır.

24. De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, arvadlarınız, (insan cəmiyyətinin əsasını təşkil edən) qohumlarınız, topladığınız mallar, kasadlaşmasından qorxduğunuz ticarət və (cəmiyyətin maddi cəhətdən möhkəmlənməsinin əsasını təşkil edən) razı olduğunuz yaşayış yerləri sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, onda Allahın Öz əmrini (sizə əzab etmək əmrini) verməsini gözləyin. Allah itaətsizlərin dəstəsini hidayət etməz».

25. Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü - sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən (hadisə və əzabdan) heç bir şeyi dəf etmədiyi və yer üzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoyduğunuz zaman kömək etdi.

26. Sonra Allah Öz Peyğəmbərinə və möminlərə Öz xatircəmliyini (məxsus vaxtlarda Öz dostlarının qəlbinə nazil etdiyi qəlb rahatlığını) nazil etdi, sizin görmədiyiniz qoşunları göndərdi və küfr edənlərə əzab verdi. Budur kafirlərin cəzası!

27. Sonra onun (həmin hadisənin) ardınca Allah nəzərini (kafirlərin döyüşə gələnlərindən və müsəlmanların dönüb qaçanlarından) istədiyinə yönəldər və tövbəsini qəbul edər. Allah çox bağışlayan və mehribandır.

28. Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən Allah bilən və hikmətlidir.

29. (Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin – səllallahu əleyhi və alihi və səlləm – Quranda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökümətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.

30. Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış) Üzeyir Allahın oğludur». Və xaçpərəstlər dedilər: «Məsih Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti və dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana və arvad fərz edən qədim bütpərəstlərin) sözlərinə oxşayır. Allah öldürsün onları! Necə və hara döndərilirlər?

31. Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi (əmrlərinə qeydsiz-şərtsiz itaət etmək baxımından) Allahın yerinə tanrılar götürdülər, halbuki onlara yalnız Ondan başqa bir məbud olmayan tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak (və uzaq)dır.

32. Onlar sözləri ilə Allahın nurunu (Onun dinini və kitabını) söndürmək istəyirlər, halbuki Allah kafirlərə xoş gəlməsə belə, yalnız Öz nurunu (hətta zamanın keçməsi, ağılların kamilləşməsi və bütün aləmin islahedicisinin gəlməsi ilə olsa da) kamilləşdirmək istəyir.

33. Öz Peyğəmbərini müşriklərə xoş gəlməsə belə, hidayət (vasitələri) və haqq din ilə bütün dinlərə qalib etmək üçün göndərən Odur.

34. Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar. (Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ.

35. O gün ki, onlar (həmin qızıl-gümüş) Cəhənnəm odunda qızardılacaq və onlarla həmin şəxslərin alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (onlara): «Bu, özünüz üçün yığdığınız həmin xəzinələrdir, odur ki, dadın yığdıqlarınızın cəzasını!» (deyiləcəkdir).

36. Həqiqətən Allah yanında (Onun əzəli elmi və Lövhi-Məhfuzunda, qəməri) ayların sayı on iki aydır ki, (onlar) Allahın kitabında (yaradılış kitabı olan varlıq aləmində) göyləri və yeri yaratdığı gündən sabit və gerçəkdir (və yer kürəsi ilə ayın günəş sistemində sıralanmasının necəliyindən yaranır). Onlardan dördü (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm ayları) haram (möhtərəm) aylardır (və onlarda döyüş haramdır). Bu, möhkəm və əbədi bir dindir (dinin hökmüdür). Odur ki, bu aylarda (onlara hörmətsizlik etmək və onlarda bir-birinizlə döyüşməklə) özünüzə zülm etməyin. Və (döyüş zamanı) müşriklər sizin hamınızla vuruşduqları kimi siz də onların hamısı ilə vuruşun və bilin ki, Allah pərhizkarlarladır.

37. Həqiqətən (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal və bir il haram sayırlar (məsələn, bir Şəban ayını Rəcəb ayının yerinə haram və Rəcəb ayını isə halal edirlər) ki, sizinlə və Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz.

38. (Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə və rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə nə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir.



Geri   İrəli
Go to TOP