A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


147. Bizim ayə və nişanələrimizi, eləcə də axirət görüşünü yalan sayan kəslərin (xeyir) əməlləri puç və batil olacaqdır. Məgər onlar etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?!

148. Musanın qövmü(nün çoxu) ondan, (o, Allahla vədələşdiyi yerə getdikdən) sonra öz zinət əşyalarından bir buzov – buzov səsi çıxaran bir heykəl düzəltdilər. Məgər onlar həmin heykəlin onlarla danışmadığını və onları bir yola hidayət etməməsini görmürdülər?! (Cansız bir şeyi diri və bütün varlıq aləmini bərqərar saxlayan bir şeyin yerinə qoymaqla) zalımlardan olaraq onu özlərinə tanrı götürdülər.

149. Və elə ki, özlərinə gəlib çox peşman oldular və doğrudan da azdıqlarını gördülər «həqiqətən əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq ziyana uğrayanlardan olacağıq» dedilər.

150. Və Musa qəzəbli və təəssüflə öz qövmünün yanına qayıdanda, dedi: «Məndən sonra mənim üçün pis canişinlik etdiniz; məgər Rəbbinizin işində (görüşündə) tələsdiniz?» Və (Tövratın) lövhələri(ni) atdı və qardaşının başından tutub özünə tərəf çəkməyə başladı. O dedi: «Anam oğlu! Həqiqətən bu qövm məni (onları həmin işdən çəkindirməkdə) aciz qoydu və az qalmışdı məni öldürsünlər. Odur ki, düşmənləri məni məzəmmət etməyə qaldırma və məni zalım dəstə ilə bir tutma».

151. (Musa) dedi: «Ey Rəbbim, məni və qardaşımı bağışla və bizi Öz rəhmətinə daxil et ki, Sən mehribanların ən mehribanısan.»

152. Həqiqətən, buzova pərəstiş etmiş kəslərə tezliklə (dünyada və axirətdə) Rəbblərindən bir qəzəb və dünya həyatında (məbudlarının yandırılması, çöllükdə sərgərdan qalmaları və tarixdə bir ləkə olaraq qalmaları kimi) zillət və xarlıq yetişəcəkdir. Biz yalan uyduranları belə cəzalandırırıq.

153. Günah işlər gördükdən sonra tövbə edən və iman gətirən kəslər, (bilsinlər ki,) həqiqətən sənin Rəbbin ondan (tövbədən) sonra çox bağışlayan və mehribandır. (Bu iki ayə Musanın dastanı arasında olan mötərizə cümlələridir).

154. Musanın qəzəbi yatdıqda(n sonra) o, (Tövratın) lövhələri(ni) götürdü. Onun yazılarında Rəbbindən qorxan kəslər üçün hidayət və rəhmət var idi.

155. Musa öz qövmündən (onların arasından) Bizim vədələşdiyimiz yer(ə qövmü buzova pərəstiş etməmişdən qabaq Tövratın nazil olması vəd edilən yerə və ya buzova pərəstişdən sonra tövbənin qəbul ediləcəyi yerə gətirmək) üçün yetmiş kişi seçdi. Beləliklə (səs eşitməklə kifayətlənməyib Allahı görmək istədikləri vaxt), o şiddətli titrəyiş onları bürüyəndə (və onların hamısı öləndə, Musa) dedi: «Ey Rəbbim, əgər istəsəydin onları və məni bundan əvvəl həlak edərdin. Bizi ağılsızlarımızın etdikləri şeyə görəmi həlak edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. İstədiyini onunla azdırır və istədiyini onunla hidayət edirsən. Sən bizim yardımçı və başçımızsan. Bizi bağışla və bizə rəhm et ki, Sən bağışlayanların ən yaxşısısan».

156. «Və bizim üçün bu dünyada (yaşayış, itaət və aqibətdə) və axirətdə (hesabda, şəfaətdə və Cənnətdə) yaxşılıq yaz. Çünki biz Sənə tərəf qayıtmışıq». Buyurdu: « (xilqətin kamil quruluşunda hikmət əsasında) istədiyimi əzabıma düçar edərəm və rəhmətim hər bir şeyi əhatə etmişdir. Odur ki, tezliklə onu təqvalı olanlar, zəkat verənlər və Bizim ayə və nişanələrimizə iman gətirənlər üçün yazacağam».

157. O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!

158. De: «Ey insanlar, həqiqətən mən Allahın sizin hamınıza (xitab olunan zamanın varlıqlarından tutmuş bəşəriyyətin nəsli kəsilənədək olacaq bütün insanlara) göndərilmiş Peyğəmbəriyəm. O Allahın ki, göylərin və yerin həqiqi sahib və hakimidir (çünki onların yaradılışı, qorunması, idarə olunması və məhvi, bunların hamısı Onun iradəsinə tabedir). Ondan başqa bir məbud yoxdur, dirildir və öldürür (yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi O dirildir və öldürür). Odur ki, Allaha və Onun elçisinə - (Qurandakı və əvvəlki səmavi kitablardakı) kəlamlarına imanı olan bu ümmi Peyğəmbərə iman gətirin və ona tabe olun, bəlkə hidayət olundunuz».

159. Və Musanın qövmündə haqqa əsaslanaraq (və haqq danışmaqla və haqqa əməl etməklə insanları) hidayət edən və haqqa əsaslanaraq (öz danışıqlarında və əməllərində) ədalətli olan bir dəstə vardır.

160. Və onları (Yəqubun) hər biri bir ümmət olan nəvələr(in)dən ibarət on iki qəbiləyə böldük və qövmü Musadan su istəyən zaman ona vəhy etdik ki, öz əsanı (Tur dağından gətirdiyin kub şəkilli) o daşa vur. Beləliklə, ondan on iki çeşmə (dörd tərəfin hər birindən üç çeşmə) qaynadı (axmağa başladı). Hər bir ümmət özünün su içəcəyi yeri tanıdı. Ağ və üst-üstə yığılmış buludu onların başları üzərində kölgəlik etdik və onlara «mənn» (bir növ ağac şirəsindən hazırlanmış yemək) və bildirçin nazil etdik «sizə verdiyimiz pak ruzilərdən yeyin» (dedik). Onlar (öz itaətsizlikləri ilə) Bizə zülm etmədilər və lakin özlərinə zülm edirdilər. (Bəqərə surəsinin 57-ci ayəsinə müraciət edin).

161. Və (yada sal) o zaman(ı) ki, onlara (belə) deyilmişdi: «Bu şəhərdə (Beytül-Müqəddəsdə) məskunlaşın, onun istədiyiniz yerindən istifadə edin, «(ey Rəbbimiz), bizim günahlarımızı tök» deyin və bu qapıdan səcdə halında (təvazökarlıqla) daxil olun ki, sizin günahlarınızı bağışlayaq. (Onda) tezliklə yaxşılara artıq bağışlayarıq.» (Bəqərə surəsinin 58-ci ayəsinə mürəciət edin).

162. Beləliklə, onlardan zülm etmiş kəslər (həmin sözü) onlara deyiləndən başqa sözə dəyişdilər (tövbə yerinə buğda istədilər). Belə olduqda, zülm etmələrinin cəzası olaraq göydən onlara əzab göndərdik. (Bəqərə surəsinin 59-cu ayəsinə müraciət edin).

163. Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik.

164. Və o zaman onlardan bir dəstə (digərlərini çəkindirən dəstəyə) dedi: «Nə üçün Allahın mütləq həlak edəcəyi və ya şiddətli əzab verəcəyi bir qövmə öyüd-nəsihət verirsiniz?» Dedilər: «Rəbbinizin dərgahında üzrümüzün olması üçün və bəlkə onlar çəkindilər deyə!». (Deməli Musanın qövmü üç dəstədən - günahkarlar, onları çəkindirənlər və sükut edənlərdən ibarət idi.)

165. Beləliklə, elə ki, onlara verilən öyüd-nəsihəti unutdular, Biz pis işdən çəkindirənləri xilas etdik, zülm edənləri isə itaətsizliklərinə görə ağır bir əzaba düçar etdik.

166. Beləliklə, elə ki, çəkindirildikləri şeydən boyun qaçırdılar, onlara «meymunlar və qovulmuşlar olun!» dedik (qəti iradə ilə surətlərinin meymun şəklində, ruhlarının isə xar və rəhmətdən uzaq olmasını istədik və elə də oldular).

167. Və (yada sal) o zaman(ı) ki, Rəbbin Qiyamət gününədək onlara (yəhudilərə) həmişə mütləq ağır əzab verən kəslər göndərəcəyini elan etdi. Həqiqətən sənin Rəbbin tez cəza verən və (eyni zamanda) çox bağışlayan və mehribandır.

168. Və onları yer üzündə müxtəlif dəstələr şəklində səpələdik. Onlardan bəzisi yaxşı əməl sahibləridir, bəzisi isə onlardan aşağıdır. Onları yaxşı-yamanlıqlarla sınadıq, bəlkə (haqqa tərəf) qayıtsınlar.

169. Beləliklə, onlardan sonra kitabın (Tövratın) varisi olmuş (saleh olmayan) canişinlər(i) onların yerinə keçdilər. Onlar (rüşvət və ya kitabı təhrif etmək yolu ilə) bu alçaq dünyanın malını alır və «tezliklə (tövbə edəcək və) bağışlanacağıq» deyirlər. Əgər onlara elə bir mal yetişsə, yenə də götürərlər! Məgər onlardan kitabın möhkəm əhd-peymanı alınmadımı ki, Allaha haqdan başqa bir şey nisbət verməsinlər? Halbuki, onlar kitabda olanları oxuyublar (və onun hökmlərindən xəbərdardırlar). (Bilin ki,) axirət evi təqvalılar üçün daha yaxşıdır, məgər düşünmürsünüz?

170. Həmişə (öz səma) kitab(ların)dan yapışan və namaz qılan kəslər (bilsinlər ki,) həqiqətən Biz salehlərin və islah edənlərin mükafatını zay etməyəcəyik.

171. Və (yada sal) o zaman(ı) ki, Biz dağı (yerindən qopararaq) bir kölgə kimi onların başı üzərində saxladıq və onlar onun mütləq başlarına düşəcəyini güman etdilər. (Və dedik:) «Sizə verdiyimiz (kitab və din)i (ruhi və cismani) qüvvətlə tutun və orada olanları yadda saxlayın, bəlkə təqvalı oldunuz». (Bəqərə surəsinin 63-cu ayəsinə müraciət edin).

172. O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qafil idik» deyəsiniz.

173. Yaxud «həqiqətən atalarımız bizdən əvvəl (Allaha) şərik qoşdular və biz onlardan sonra olan övladlar (və təbii ki, onlara tabe) idik, məgər bizi batilə yönələnlərin etdiklərinə görə həlakmı edəcəksən?!».

174. Biz (öz tovhid və din) nişanələri(mizi) bu cür ətraflı açıqlayırıq (ki, onların barəsində fikirləşsinlər) və bəlkə qayıtdılar.

175. Və onlara ayələrimizi (səmavi kitabın maarifini, yaxud duanın qəbul olunması məqamını) verdiyimiz, lakin (etiqadda küfr və əməldə nankorluq nəticəsində) onlardan xaric olan, beləliklə şeytan təqibinə məruz qalan və nəhayət yolunu azanlardan olan şəxsin (Musanın zamanında yaşamış alim Bələm Bauranın) hekayətini oxu.

176. Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi şəkildə) ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş dəstənin məsəlidir. Odur ki, bu hekayəti nəql et, bəlkə düşündülər.

177. Bizim ayələrimizi təkzib etmiş və özlərinə zülm edən dəstə(nin məsəli) necə də pis bir məsəldir.

178. Allah kimi hidayət etsə, o əsl hidayət olunmuşdur və kimi öz azğınlığında boşlasa, həqiqətən ziyana uğrayanlar onlardır!

179. Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.

180. (Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır).

181. Yaratdıqlarımız içərisində (insanları) haqq (danışıq və əməl) ilə hidayət edən və haqqa əsaslanaraq hökm çıxarıb ədalətli olan bir dəstə vardır. (Bu surənin 159-cu ayəsinə müraciət edin.)

182. Bizim ayələrimizi təkzib edənləri tezliklə tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq.

183. Onlara möhlət verirəm. Həqiqətən Mənim məkr və tədbirlərim möhkəmdir.

184. Məgər fikirləş(ib gör)mədilərmi ki, onların yoldaş və yurddaşlarında (Muhəmməddə - səllallahu əleyhi və alihi və səlləm) heç bir dəlilik yoxdur? O yalnız aşkar bir qorxudandır.

185. Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qurandan) sonra hansı sözə iman gətirəcəklər?

186. Allah kimi (itaətsizliyinə görə) olduğu azğınlıqda boşlasa, daha onu bir hidayət edən olmaz. (Allah) onları öz azğınlıqlarında sərgərdan qalmaları üçün boşlayır.

187. Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: «Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər».

188. De: «Mən özüm üçün Allahın istədiyindən başqa heç bir xeyir və ziyana malik deyiləm. (Qeyb elmim də yoxdur) və əgər qeybi bilsəydim, özüm üçün mütləq hər bir mal və xeyirdən çoxlu tədarük görərdim və mənə heç bir zərər-ziyan dəyməzdi. Mən iman gətirən dəstə üçün yalnız bir qorxudan və müjdə verənəm».

189. Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur. Beləliklə elə ki, zövcəsi ilə yaxınlıq etdi, o, yüngül bir yüklə yükləndi və bir müddəti (hamiləlik dövrünün əvvəlini) o yüklə keçirdi. Elə ki, yükü ağırlaşdı hər ikisi Allahı - öz Rəbblərini çağırdılar ki: «Əgər bizə saleh (sağlam və həyat sürməyə qadir) bir övlad əta etsən, mütləq şükr edənlərdən olacağıq».

190. Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular. (Əgər onlar bu işdə bütləri də təsirli bilsələr zahiri şirkə, yox əgər səbəblərə arxalanaraq əsas səbəbkarı yaddan çıxarsalar gizli şirkə düçar oldular. Bu iki ayə cəmiyyətin əksəriyyətinin halını şərh edir ki, onlar ya zahiri şirkə, ya da gizli şirkə düçardırlar.) Allah Ona şərik qoşulan şeydən çox-çox ucadır.

191. Onlar heç bir şey yaratmayan (bir şeyi yoxdan var etmək və mövcuda ruh vermək qüdrəti olmayan) və özləri yaradıl(mış ol)an varlıqları (Allaha) şərik qoşurlar? (Bu ayə və sonrakı ayələr bütpərəstlərin şiddətli tənqidi və bütlərin tamamilə acizliyinin bəyanı barəsindədir.)

192. (Həmin bütlər) nə onlara bir yardım göstərə bilir və nə də özlərinə bir kömək edə bilirlər.

193. Əgər onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün onları dəvət etməyiniz və ya susmağınız birdir (çünki onlardan bir nəticə əldə etməyəcəksiniz).

194. Həqiqətən sizin Allahın yerinə çağırdıqlarınız (bütlər, ulduzlar və mələklər) sizin kimi bəndələrdir. Odur ki, əgər doğruçusunuzsa, onları çağırın, sizə cavab versinlər.

195. Məgər onların ayaqları var ki, onunla yol getsinlər, yaxud əlləri var ki, onunla tutsunlar və ya gözləri var ki, onun vasitəsi ilə görsünlər, yaxud da qulaqları var ki, onunla eşitsinlər? De: «Allaha qoşduğunuz şərikləri çağırın, sonra mənə qarşı olan bütün hiylə və planlarınızı işə salın və mənə möhlət verməyin».

196. «Şübhəsiz, mənim başçı və köməkçim bu kitabı nazil edən Allahdır. Odur saleh (bəndə)lərə başçılıq və yardım edən!».

197. «Allahın yerinə çağırdıqlarınız nə sizə bir yardım göstərə bilər və nə də özlərinə (xeyir gətirmək və ya bir zərəri dəf etməklə) bir kömək edə bilərlər».

198. Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.

199. Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama).

200. Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir.

201. Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar.

202. (Müşriklərə gəldikdə isə,) qardaşları (şeytanlar) onları daim azğınlığa çəkər, sonra isə (onları yoldan çıxarmaqda) əllərindən gələni edərlər.

203. (Vəhyin gəlməsi bir müddət təxirə düşən zaman və) onlara bir ayə və nişanə gətirməyəndə «nə üçün (özündən) bir ayə və nişanə düzəldib gətirmirsən?» deyərlər. De: «Həqiqətən mən yalnız Rəbbimdən mənə gələn vəhyə tabe oluram. Bu (Quran) Rəbbiniz tərəfindən ayıqlıq ёmənbələridir və iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir».

204. Quran oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz.

205. Səhərlər və axşamlar öz qəlbində yalvarıb-yaxararaq, qorxu ilə və səsini ucaltmadan Rəbbini yada sal və qafillərdən olma.

206. Şübhəsiz, sənin Rəbbinin yanında (mələklər və Allahın övliyaları kimi Onun mənəvi yaxınlığında) olanlar Ona ibadət etməkdən boyun qaçıraraq təkəbbürlük etməz, Onun paklığını yada salar və Ona səcdə edərək özlərini kiçildərlər.

Əl-Ənfal ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Səndən «ənfal» (bu ayənin nazil edilməsinə səbəb olan döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı çoxlu ümumi mallar) barəsində soruşurlar, de: «Ənfal» Allaha və Onun Peyğəmbərinə məxsusdur (onların həqiqi sahibi Allah, şərti sahibi isə Onun nümayəndəsi olaraq Peyğəmbərdir). Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin (və «ənfal» üstündə mübahisə və dava-dalaş etməyin) və əgər möminsinizsə, Allaha və Onun Peyğəmbərinə itaət edin».

2. Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər.

3. Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər.

4. Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır.

5. (Onlardan bəzilərinin Bədr müharibəsi qənimətlərindən məhrum olduqlarına görə narazı qalmaları,) Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları halda evindən haqq və doğru olaraq (Bədrə sarı) çıxarması kimidir.

6. Səninlə o haqq iş (Bədr döyüşünə getmək) barəsində (onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi) aydın olduqdan sonra, mübahisə edirdilər (ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir). (Onlar elə qorxu və vəhşət içində idilər ki,) sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər!

7. Və (yada salın) o zaman(ı) ki, Allah sizə o iki dəstədən birinin (Məkkə tacirlərinin Şamdan Məkkəyə gedən və ticarət malları daşıyan karvanının və ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin) sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah (isə) Öz kəlmələri (əzəldən Lövhi-Məhfuzda yazmış olduğu vədləri) ilə haqqı bərqərar edərək möhkəmləndirmək və kafirlərin kök və nəslini kəsmək istəyirdi.

8. (Buna görə də sizi silahlı dəstə ilə üzləşdirdi) ki, günahkarların xoşuna gəlməsə belə, haqqı bərqərar və batili məhv etsin.

9. O zaman (Bədr müharibəsi meydanında) Rəbbinizdən kömək istəyirdiniz. Beləliklə, (Allah) sizin duanızı qəbul etdi ki: «Mən mütləq sizə arxaları ilə minləri gətirən min mələklə kömək edəcəyəm (və mələklərin sayı ümumilikdə üç min oldu ki, beş minə qədər nəzərdə tutulmuşdular. Ali-İmran surəsinin 124-125-ci ayələrinə müraciət edin).

10. Allah onu (həmin köməyi) yalnız (sizin üçün) bir müjdə olması və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (yoxsa, onlar qoşunun içində yalnız qaraltı idilər və düşmənin qətlə yetirilməsində birbaşa iştirak etmirdilər). Kömək yalnız Allah tərəfindəndir. Allah yenilməz qüdrət sahibi və hikmətlidir.

11. O zaman (Allah) Onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, Şeytanın murdarlığını (Şeytanın vəsvəsəsini və ya cənabətliliyi) sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi.

12. O zaman Rəbbin mələklərə vəhy edirdi ki: «Mən sizinləyəm! Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin. Tezliklə kafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına (başlarına) zərbələr endirin və barmaqlarının hamısının ucunu kəsin».

13. Bu (cəza) onların Allah və Onun Peyğəmbəri ilə dava və düşmənçilik etmələrinə görədir. Kim Allah və Onun Peyğəmbəri ilə dava və düşmənçilik etsə, (bilsin ki,) həqiqətən Allah ağır cəzalandırandır.

14. (Ey kafirlər,) budur (dünya əzabı)! Buna görə də dadın onu və əlbəttə, kafirlər üçün (axirətdə) od əzabı (da) vardır.

15. Ey iman gətirənlər, kafirlərlə - onların izdihamlı qoşunları sizə tərəf irəlilədiyi (ya siz onlara tərəf getdiyiniz) halda qarşılaşan zaman, onlara arxa çevirməyin (və meydandan qaçmayın).

16. Həmin gün – döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla – onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur və onun sığınacağı Cəhənnəmdir. Ora pis bir dönüş yeridir.

17. Buna görə də, (bilin ki,) onları siz öldürmədiniz, Allah öldürdü onları! Sən (onlara tərəf ox və daş) atan zaman, sən atmadın, Allah atdı (düşməni məğlub etmək) və möminləri yaxşı sınamaq (yaxud onlara gözəl qələbə neməti vermək) üçün! Həqiqətən Allah eşidən və biləndir.

18. (Bəli,) budur (küfr və imanın sonu)! Allah kafirlərin hiyləsini həmişə qüvvədən salandır.

19. (Ey Bədr döyüşündən qabaq «tərəflərdən kim haqdırsa, qoy Allah onu qalib etsin!» deyən müşriklər,) əgər siz (haqq olan tərəfin) qələbə (çalmasını) istəyirsinizsə, istəyinizə uyğun olan qələbə gəldi (odur ki, təslim olun). Əgər (dava və düşmənçilikdən) əl çəksəniz, bu sizin üçün daha yaxşıdır. Əgər (döyüşə) qayıtsanız, biz də (möminlərə köməyə və sizi əzməyə) qayıdacağıq və sizin dəstəniz hər nə qədər çox olsa da, sizdən (Allahın əzabından) heç bir şeyi dəf etməyəcəkdir. (Bilin ki,) Allah həmişə möminlərlədir.

20. Ey iman gətirənlər, Allaha və (verdiyi əmrlərdə) Onun Peyğəmbərinə itaət edin və (onun məntiqə uyğun dəvətini) eşidə-eşidə ondan üz döndərməyin.

21. (Əslində) eşitmədikləri halda (dildə) «eşitdik» deyən (kafir və münafiq)lər kimi olmayın.

22. Həqiqətən Allah yanında, tərpənən canlıların ən pisi düşünməyən (haqqı eşitməkdə) kar və (haqqı deməkdə) lal (olan) insanlardır.

23. Əgər Allah onlarda bir xeyir bilsəydi (əgər onların haqqı qəbul edən gözəl batinləri olsaydı), onlara (hətta peyğəmbərlər vasitəsi ilə təbliği təkrar etməklə olsaydı belə) mütləq eşitdirərdi. Əgər (indiki halda) onlara eşitdirsə, onlar (elə qəlbən də) dönük olduqları halda mütləq üz döndərərlər.

24. Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah (hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün) insan ilə onun qəlbi arasında (onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfr kimi sifətləri arasında) maneə olar (aralarında ayrılıq salar). Siz hamınız (axirətdə) Ona tərəf (Onun hüzuruna) toplanacaqsınız.

25. (Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr be mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun və bilin ki, Allah ağır cəzalandırandır.

26. Və (yada salın) o zaman(ı) ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların (Qüreyşin və digər kafirlərin) sizi (bu torpaqda) aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi, sizi Öz köməyi ilə gücləndirdi və (dünya nemətlərinin) paklar(ın)dan sizə ruzi verdi.

27. Ey iman gətirənlər, (dinin hökmlərinə qarşı çıxmaqla) Allaha və Onun Peyğəmbərinə xəyanət etməyin. Həmçinin (xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını) bilə-bilə öz əmanətlərinizə (xalqın və yaradanın əmanətlərinə) xəyanət etməyin.

28. Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyük mükafat, məhz Allahın yanındadır.

29. Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir.

30. Və (yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə - səni həbs etmək, ya öldürmək və ya (şəhərdən) çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da onların hiylələrinin qarşısını alırdı. Allah hiylənin qarşısını alanların ən yaxşısıdır.



Geri   İrəli
Go to TOP