A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


38. (Allah, yaxud həmin mələk) deyəcək: «Siz də, sizdən qabaq (gəlib) keçmiş cin və ins(an) ümmətləri içərisində oda daxil olun». Hər bir dəstə daxil olan zaman öz dindaşlarını lənətləyər. Nəhayət orada hamısı bir-birinə qovuşan zaman sonrakılar (tabe olmuş dəstə) əvvəlkilər (rəhbərlər) barəsində deyərlər: «Ey Rəbbimiz, bizi azdıranlar bunlardır, buna görə də onlara ikiqat Cəhənnəm əzabı ver». Allah buyuracaq: «Hər biriniz üçün ikiqatdır (rəhbərlər üçün yolu azmaq və başqalarını azdırmaq əzabı, tabe olanlar üçün isə azmaq və küfrü qüvvətləndirmək əzabı) və lakin siz bilmirsiniz».

39. Rəhbərlər öz tabeçilərinə «sizin bizdən heç bir üstünlüyünüz yoxdur (ki, əzabın azaldılmasına səbəb olsun), buna görə də əldə etdiklərinizin cəzası olaraq dadın Allahın əzabını» deyəcəklər.

40. Şübhəsiz, səmanın qapıları Bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslər(in üzün)ə açılmayacaq (ki, yaşadıqları zaman duaları və öldükdən sonra ruhları göyə getsin) və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla Cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk.

41. Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) yataq və başları üstündən (elə həmin oddan) örtüklər vardır. Biz zalımları belə cəzalandırırıq.

42. İman gətirib yaxşı işlər görənlər – (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq – Cənnət əhlidirlər ki, orada əbədi qalacaqlar.

43. Biz onların sinələrində olan kin-küdurət və düşmənçiliyin hamısını çəkib çıxararıq. Onların (ayaqlarının) altından çaylar axır. Və onlar deyərlər: «Həmd və şükr Bizi bu (gözəl yerə) hidayət etmiş Allaha məxsusdur və əgər Allah bizim bələdçimiz olmasaydı, biz doğru yolu əsla tapmazdıq. Doğrudan da Rəbbimizin peyğəmbərləri haqq və doğruluqla (bu məqsədlə) gəldilər.» Və onlara nida olunacaq ki: «Bu Cənnət (dünyada) etdiklərinizin mükafatı olaraq sizə verildi və (kafirlərin payı olan və onların əmməllərini düzəldəcəkləri təqdirdə bəhrələnmələri üçün nəzərdə tutulmuş) o Cənnət (də) əməllərinizə görə irs olaraq sizə çatdı (onların küfrləri ölüm hökmündədir və payları sizə düşdü)».

44. Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: «Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?». (Cəhənnəmdəkilər) deyəcəklər: «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»

45. O kəslərə ki, (camaatı) Allahın yolundan döndərir, o yolun əyriliyini istəyir (onu əyri göstərir) və axirət gününü inkar edirdilər.

46. O iki dəstənin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında bir pərdə və arakəsmə vardır. Ərafın üstündə hər bir dəstəni simalarından tanıyan (məsumlar və Allahın övliyalarından olan) kişilər vardır. Onlar hələ daxil olmamış və (lakin daxil olmalarına) ümid bəsləyən Cənnət əhlinə «Sizə salam olsun» (deyə) nida edərlər.

47. Gözləri Cəhənnəm əhlinə tərəf dönən zaman (isə) deyərlər: «Ey Rəbbimiz, bizi zalım qövmlə birgə etmə».

48. Və Ərafın üstündə olan kəslər üzlərindən tanıdıqları (Cəhənnəm əhlindən olan) kişiləri səsləyər (və onları məzəmmət etmək məqsədilə) deyərlər: «(Gördünüz ki,) sizin toplum və cəmiyyətiniz (yaxud topladığınız mal-dövlət) və təkəbbür göstərməyiniz (sizdən heç bir əzabı) dəf etmədi!»

49. (Və möminlərə işarə edərək deyərlər:) «Məgər bunlar Allahın Öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız».

50. Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir.»

51. O kəslərə ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə, onlar bu günki görüşlərini yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi, Biz də bu gün onları yaddan çıxaracağıq.

52. Həqiqətən Biz onlara (geniş) elm əsasında ətraflı izah etdiyimiz (kəlmələrini ayə və surələrə, möhkəm və mütəşabihlərə, «nəss» və «zahir»lərə, mənasını isə əsl və qollara, müxtəlif elm və maariflərə böldüyümüz) bir kitab gətirdik ki, o, iman gətirən bir dəstə üçün başdan-başa hidayət və rəhmətdir.

53. Yoxsa onlar onun təvil və yozumundan başqa bir şey gözləyirlər? (Onlar Quranın cəza və mükafat vədlərinin Qiyamətdə eynilə gerçəkləşməsindən başqa şey gözləyirlər?) Onun təvili gələn gün onu əvvəldən unutmuş kəslər «doğrudan da Rəbbimizin peyğəmbərləri bizə həqiqəti gətirdilər (lakin biz qəbul etmədik), buna görə də, görəsən (bu gün) bizim üçün bizə şəfaət edəcək şəfaətçilər varmı, yaxud etdiklərimizdən qeyrilərini yerinə yetirməyimiz üçün (dünyaya) qaytarıla bilərikmi?» deyəcəklər. (Xeyr,) onlar (həmin gün) şübhəsiz özlərini ziyana uğratmışlar və iftira etdikləri (yalandan Allaha şərik qoşduqları) şey onların gözlərindən itib.

54. Həqiqətən, sizin Rəbbiniz göyləri və yeri altı gündə (altı günə bərabər bir müddət ərzində, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaratmış Allahdır. Sonra (varlıq aləminin idarə) taxt(ın)a hakim oldu. O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir.

55. Rəbbinizi yalvarıb-yaxararaq və gizlin çağırın (və istəməkdə ağıl çərçivəsindən çıxıb həddi aşmayın). Həqiqətən O, həddi aşanları sevmir.

56. Yer üzündə onun (peyğəmbərlər və səmavi şəriətlər vasitəsilə) düzəlməsindən sonra (küfr və fisqlə) fəsad törətməyin və Onu qorxu və ümidlə çağırın ki, həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır.

57. Küləkləri rəhmətindən (yağışdan) qabaq müjdəçi olaraq göndərən Odur. Belə ki, (külək) ağır yüklü buludları götürdüyü zaman, Biz onu ölü məmləkətə tərəf qovuruq. Beləliklə, onun vasitəsilə suyu (yağış, qar və dolu şəklində) nazil edir, bu yolla (torpaqdan) hər növ meyvə və toxum çıxarırıq. (Qiyamət günü) ölüləri də belə çıxaracağıq. (Bu misalı çəkdik ki,) bəlkə öyüd-nəsihət aldınız.

58. Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər və işlər, pis təbiətdən isə pis əqidə, sifət və əməllər baş qaldırır). Biz (Öz tovhid) ayələrimizi şükr edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk.

59. Həqiqətən Biz Nuhu öz qövmünə tərəf göndərdik. O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram».

60. Qövmünün böyükləri və başçıları dedilər: «Həqiqətən, Biz səni açıq-aşkar bir zəlalətdə görürük».

61. Dedi: «Ey mənim qövmüm, mən zəlalətdə deyiləm, əksinə, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm.

62. Rəbbimin tapşırıqlarını sizə çatdırır, sizin xeyrinizi istəyir və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm.

63. Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin dili ilə sizi (Allahın əzabı ilə) qorxutmaq, sizin də təqvalı olmağınız üçün və bəlkə rəhm olunasınız deyə (ilk səmavi şəriət və kitab olaraq) bir öyüd-nəsihət gəlməsinə təəccüb etdiniz?»

64. Beləliklə, onlar onu təkzib etdilər. Biz də ona və onunla birgə gəmidə olan hər bir kəsə nicat verdik və Bizim ayələrimizi təkzib edənləri (suda) batırdıq. Doğrudan da onlar kor qəlbli bir dəstə idilər.

65. Və Ad qövmünə onların (qəbilə yaxud qan) qardaşı Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin, sizin üçün Ondan başqa bir məbud yoxdur, məgər (Onun qəzəbindən) qorxmursunuz?»

66. Qövmünün kafir olan böyükləri və başçıları dedilər: «Doğrudan da biz səni səfehlik və nadanlıq içərisində görürük və həqiqətən səni yalançılardan hesab edirik».

67. Dedi: «Ey mənim qövmüm, məndə heç bir səfehlik yoxdur, əksinə, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm

68. ki, Rəbbimin tapşırıqlarını sizə çatdırıram və mən sizin üçün inanılmış bir nəsihətçiyəm.

69. Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin diliylə sizi (Allahın əzabı ilə) qorxutmaq üçün bir zikrin gəlməsinə (peyğəmbərlik yaxud möcüzənin aşkar edilməsi və ya Nuhun kitab və şəriətinin çatdırılmasına) təəccüb etdiniz? Yada salın o zaman(ı) ki, sizi (yer üzündə) Nuhun qövmündən sonra canişinlər etdi və cismin və bədən qüvvələrinin yaradılmasında sizə üstünlük əta etdi. Buna görə də Allahın nemətlərini xatırlayın, bəlkə nicat tapdınız».

70. Dedilər: «Sən bizim yanımıza gəlmisən ki, biz yalnız Allaha ibadət edək və atalarımızın ibadət etdiklərini boşlayaq? Onda əgər doğruçulardansansa, vəd etdiyini (ilahi əzabı) gətir».

71. Dedi: «Şübhəsiz, artıq Rəbbiniz tərəfindən sizin üçün bir əzab və qəzəb qərara alınmışdır. Özünüz və atalarınızın (bütlərə) qoyduqlarınız və Allahın, (haqq olması) barəsində heç bir dəlil-sübut nazil etmədiyi (tanrı, məbud və ruzi verən kimi) adlar barəsində mənimlə mübahisə edir və höcətləşirsiniz? Belə isə, (əzabı) gözləyin ki, mən də mütləq sizinlə gözləyənlərdənəm».

72. Beləliklə, ona və onunla birgə olanlara Öz rəhmətimizlə nicat verdik və Bizim ayələrimizi təkzib edən və mömin olmayanların kökünü və nəslini kəsdik.

73. Və Səmud (qövmünə) onların (qəbilə və ya qan) qardaşı Salehi (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, sizin üçün Rəbbiniz tərəfindən bir dəlil-sübut gəlmişdir. Bu, Allahın (tovhid, qüdrət və rəhmətindən) sizin üçün bir nişanə olan dişi dəvəsidir. Buna görə də onu buraxın Allahın (yaratdığı) yer üzündə otlasın, ona zərər və ziyan vurmayın, yoxsa sizi ağrılı bir əzab yaxalayar».

74. Və yada salın o zaman(ı) ki, sizi Ad qövmündən sonra canişinlər etdi və sizi yer üzündə yerləşdirdi. Onun düzənliklərində (yay) saraylar(ı) tikirsiniz və dağları yonub (qış) evlər(i) düzəldirsiniz. Buna görə də, Allahın nemətlərini xatırlayın və yer üzündə fitnəkarcasına fəsad törətməyə qalxmayın».

75. Onun qövmünün təkəbbürlü başçı və böyükləri onların zəif salınmış möminlərinə dedilər: «Siz Salehin, Rəbbi tərəfindən göndərildiyini bilirsiniz?» Onlar dedilər: «Şübhəsiz, biz onun, göndərilmiş olduğu şeyə iman gətirmişik».

76. Təkəbbürlük edənlər dedilər: «Şübhəsiz, biz sizin iman gətirdiyiniz şeyi inkar edirik.»

77. Beləliklə, o dişi dəvənin ayaqlarını kəsdilər, Rəbblərinin əmrindən boyun qaçırdılar və dedilər: «Ey Saleh, əgər göndərilmiş (peyğəmbər)lərdənsənsə, bizə vəd etdiyini gətir».

78. Beləliklə, (möhkəm göy gurultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzü üstə düşmüş halda onların hamısının canları çıxdı.

79. Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: «Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyrinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz».

80. Və Lutu (yada sal, onun) o zaman(ını) ki, öz qövmünə dedi: «Siz aləmdəkilərdən sizdən qabaq heç kəsin etmədiyi o çirkin işi edirsiniz?

81. Həqiqətən, siz arvadları qoyub şəhvətlə kişilərlə əlaqədə olursunuz. (Təkcə bu işdə deyil,) bəlkə siz (hər bir işdə fitri) həddi aşan bir dəstəsiniz».

82. Onun qövmünün cavabı yalnız bu oldu ki, (bir-birlərinə) dedilər: «Bunları öz şəhərinizdən və cəmiyyətinizdən çıxarın və (həmçinin Lut və onun tərəfdarlarına məsxərə edərək dedilər:) bunlar paklıq axtaran insanlardır!»

83. Beləliklə, onu və ailəsini xilas etdik, arvadı istisna olmaqla ki, o, (əzab əhli arasında) qalanlardan oldu.

84. Və onların başlarına (kiçik daşlardan ibarət) yağış yağdırdıq. Buna görə də günahkarların aqibətinin necə olduğuna nəzər sal!

85. Və Mədyən (əhlinə) onların (qəbilə yaxud qan) qardaşı Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən açıq-aşkar bir dəlil gəlmişdir. (Məqsəd Şüeybin Allah tərəfindən olan möcüzəsidir ki, onun nədən ibarət olması açıqlanmayıb.) Odur ki, ölçü və tərəzini düz edin, camaatın malından kəsməyin və yer üzü (peyğəmbərlərin dəvəti və səmavi şəriətlər vasitəsilə) düzəldikdən sonra onda fitnə–fəsad törətməyin. Əgər imanınız varsa, bunlar sizin üçün daha yaxşıdır.

86. Və (camaatı) hədələmək və iman gətirmiş şəxsi Allahın yolundan saxlamaq və Allahın yolunu əymək istəyi ilə (onu əymək və ya əyri göstərmək istiqamətində çalışmaqla) hər yolun başında oturmayın. Həmçinin az olduğunuz və Allahın sizi çoxaltdığı zamanı xatırlayın və fəsad törədənlərin aqibətinin necə olduğuna nəzər salın!

87. Və əgər sizdən bir dəstə mənim göndərildiyim şeyə iman gətirib və bir dəstə iman gətirməyibsə, Allah bizim aramızda hökm çıxarana kimi səbr edin (mübarizəyə qalxmayın). O, hökm çıxaranların ən yaxşısıdır».

88. Onun qövmünün təkəbbürlü başçıları və böyükləri dedilər: «Ey Şüeyb, şübhəsiz, (ya) səni və səninlə birgə iman gətirənləri diyarımızdan və cəmiyyətimizdən çıxaracağıq, ya da ki, bizim dinimizə daxil olacaqsınız». Dedi: «Hətta nifrət bəsləsək belə?

89. Əgər Allah bizə sizin dininizdən nicat verdikdən sonra, biz ona daxil olsaq (Allahın şərikinin olmasını desək), şübhəsiz, Allaha qarşı yalan uydurmuş olarıq. Bizə, Rəbbimizin istəməsi istisna olmaqla (ki, əlbəttə Rəbbimiz də heç vaxt istəməyəcəkdir,) sizin dininizə daxil olmaq yaraşmaz. Bizim Rəbbimiz elm və agahlıq baxımından hər şeyi əhatə etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz, bizimlə qövmümüz arasında haqq əsasında hökm çıxar və (ixtilafı) həll et ki, sən hakim və həll edənlərin ən yaxşısısan».

90. Onun qövmünün kafir başçı və böyükləri dedilər: «Əgər Şüeybə tabe olsanız, onda siz mütləq ziyana uğramış olacaqsınız».

91. Beləliklə (göy gürultusu nəticəsində) onları şiddətli bir zəlzələ bürüdü və öz evlərində diz çökmüş və üzləri üstə düşmüş halda hamısının canları çıxdı.

92. (Bəli,) Şüeybi təkzib edənlər (elə məhv oldular) sanki heç vaxt orada yaşamayıblar. Şüeybi təkzib edənlər, özləri ziyana uğramışlar idilər.

93. Beləliklə, (Şüeyb) onlardan üz döndərdi və (cəsədlərinə xitab edərək) dedi: «Ey mənim qövmüm, şübhəsiz mən Rəbbimin tapşırıqlarını sizə çatdırdım və sizə öyüd-nəsihət verərək xeyrinizi istədim. Belə olan halda, kafir bir dəstə üçün necə kədərlənim?».

94. Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar.

95. Sonra o pislik və çətinliyin yerinə yaxşılıq və xoşluq gətirdik, nəhayət (mal və övlad baxımından) artdılar və (yenə də ayılmayaraq) «bizim atalarımıza da narahatlıq və rahatlıq üz vermişdi (bu, təbii bir işdir, pərdə arxasında bir səbəbkar yoxdur)» dedilər. Belə olduqda, özləri də bilmədən, qəflətən onları yaxaladıq.

96. Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq.

97. Belə isə, görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın onlara gecə vaxtı yatdıqları zaman gəlməsindən xatircəmdirlər?

98. Və görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın gündüz çağı (dünya) oyunlar(ın)a (və günah işlərə) başları qarışan halda onlara gəlməsindən xatircəmdirlər?

99. Belə isə, məgər Allahın məkrindən və qəfil əzabından xatircəmdirlər? Halbuki, ziyana uğramış dəstədən başqa heç kəs özünü Allahın məkrindən amanda bilmir.

100. Məgər yer üzünün onun sahiblərindən sonra varisi olmuş şəxsləri bu mətləb hidayət etmədimi (və onlar üçün aydınlaşdırmadımı) ki, əgər Biz istəsək günahları müqabilində onları əzaba düçar edər və qəlblərinə (bədbəxtlik) möhür(ü) vurarıq ki, bir daha (haqq sözü) eşitməsinlər?!

101. Bu, (insan) cəmiyyətlər(i)dir ki, onların xəbərlərini sənə söyləyirik. Doğrudan da peyğəmbərləri onlara aydın dəlillər gətirdilər, lakin onlar qabaqcadan təkzib etdikləri şeyə iman gətirən deyildilər! Allah kafirlərin qəlblərinə beləcə (sərtlik və anlamazlıq) möhür(ü) vurur.

102. Onların çoxunda əhdə vəfa görmədik. Həqiqətən onların çoxunu olduqca itaətsiz gördük.

103. O zaman onlardan (əvvəlki peyğəmbərlərdən) sonra Musanı Öz ayə və nişanələrimizlə Fironun və onun qövmünün başçılarının yanına göndərdik. Beləliklə onlar o ayələrə zülm etdilər (onları qəbul etmədilər). Buna görə də fəsad törədənlərin aqibətlərinin necə olduğuna nəzər sal!

104. Və Musa dedi: «Ey Firon, həqiqətən mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir peyğəmbərəm.

105. Allah barəsində yalnız haqqı deməyə borcluyam. Şübhəsiz, sizin üçün (tovhid və öz nübuvvətim barəsində) aydın bir dəlil gətirmişəm. Odur ki, (onları qəbul et və) Bəni-İsraili mənimlə (öz əsl vətənləri olan Beytül-Müqəddəsə) göndər».

106. Firon dedi: «Əgər bir ayə və nişanə gətirmisənsə və doğruçulardansansa onda, onu gətir (və göstər)».

107. Beləliklə Musa öz əsasını atdı və o, dərhal aşkar bir əjdaha oldu.

108. Və əlini (qoltuğunun altından və ya yaxasından) çıxartdı və o, baxanlar üçün ağ və parlaq oldu.

109. Fironun qövmünün başçı və böyükləri (bir-birlərinə) dedilər: «Şübhəsiz, bu (kişi) çox bilikli bir sehrbazdır.

110. Sizi öz torpağınızdan çıxarmaq istəyir. Belə isə rəy və nəzəriniz nədir?».

111. (Firona) dedilər: «Onu(n) və qardaşını(n işini) saxla və şəhərlərə toplayıcı məmurlar göndər

112. ki, hər bir bilikli sehrbazı sənin yanına gətirsinlər».

113. Və sehrbazlar Fironun yanına gələrək dedilər: «Əgər biz qalib gəlsək, bizim üçün mütləq mühüm bir muzd olacaqmı?»

114. Dedi: «Bəli, şübhəsiz (saray sahibinə) yaxınlardan olacaqsınız».

115. (Sehrbazlar) dedilər: «Ey Musa, ya sən (öz cadugərlik vasitələrini) at, ya da biz ataq».

116. Dedi: «Siz atın.» Beləliklə elə ki, (cadugərlik alətlərini) atdılar camaatın gözlərini (sehrlə) bağladılar və onları çox qorxutdular və böyük bir sehr yaratdılar.

117. Və Biz Musaya «öz əsanı at!» deyə vəhy etdik. (Elə ki, Musa əsasını atdı, əsa əjdaha oldu.) Beləliklə, sehrbazların yalandan düzəltdiklərini qəfildən sürətlə tutub udurdu.

118. Beləliklə, haqq yerini aldı və onların etdikləri (onların sehri) puç oldu.

119. Beləliklə, (fironçuların hamısı) orada məğlub oldular və xar olaraq alçaldılar.

120. Və sehrbazlar (ixtiyarsız olaraq) səcdəyə düşdülər.

121. Dedilər: «Aləmlərin Rəbbinə iman gətirdik.

122. Musa və Harunun Rəbbinə!»

123. Firon dedi: «Mən sizə icazə verməmişdən qabaq ona iman gətirdiniz? Bu, şübhəsiz, (sizinlə Musanın) bu şəhərdə onun əhalisini oradan çıxarmaq (qibtiləri çıxarmağınız və İsrail övladlarını saxlamaq) üçün qurduğunuz bir hiylədir. Odur ki, tezliklə biləcəksiniz!

124. Həqiqətən, mütləq sizin əllərinizi və ayaqlarınızı çarpazvari (birini sağdan, birini soldan) kəsəcək, sonra isə şübhəsiz, sizin hamınızı dar ağacından asacağam».

125. Dedilər: «(Onsuz da) Biz Rəbbimizə tərəf dönəcəyik (buna görə də sənin hədələrindən qorxmuruq).

126. Sən bizə yalnız Rəbbimizin ayə və nişanələri bizə yetişən zaman, onlara iman gətirməyimizi eyb və irad tutursan. Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbr endir və bizi müsəlman olaraq öldür.»

127. Və Fironun qövmünün başçıları və böyükləri dedilər: «Musanı və onun qövmünü azad buraxırsan ki, yer üzündə fəsad törətsinlər və səni və tanrılarını boşlasınlar?» (Firon bütləri və ulduzları öz allahı, özünü isə camaatın allahı hesab edirdi. Yaxud da onları camaatın məbudu, özünü isə onların məbudu bilirdi.) Dedi: «Tezliklə, onların oğlanlarını (Musanın gəlişindən qabaq olduğu kimi) dəhşətli şəkildə öldürəcək və qadınlarını diri saxlayacağıq və biz onlara hakimik».

128. Musa öz qövmünə dedi: «Allahdan kömək diləyin və səbr edin. Şübhəsiz yer üzü Allaha məxsusdur (onun yaradılışı, qorunması və sakinlərinin idarə olunması Onun istək və iradəsi ilə həyata keçir), istədiyini onun varisi edir. (Gözəl) aqibət pərhizkarlarındır».

129. Onlar dedilər: «Biz həm sən bizə gəlməmişdən qabaq və həm də gəldikdən sonra əzab-əziyyət çəkdik!» Dedi: «Ümid var ki, Rəbbiniz düşməninizi həlak və sizi bu torpaqda canişin etsin, beləliklə də necə davranacağınıza baxsın.»

130. Və həqiqətən fironçuları (İsrail övladlarına verdiyimiz vədin başlanğıcı olaraq) qəhətlik və məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürsünlər.

131. Onlara yaxşılıq və bolluq gələndə, «bu, bizim özümüz(ün ləyaqətimiz)dəndir deyirdilər və elə ki, onlara bir pislik və bəla gəlirdi (bunu) Musanın və yanındakıların (ayaqlarının) uğursuzluqları ilə əlaqələndirirdilər. Əsla! Onların uğursuzluqlarının (və onlara gələn hər bir şər və bəlanın) səbəbi (onların) Allahın yanında (qeyd olunmuş günahları)dır və lakin onların çoxu (bunu) bilmirdilər.

132. Və dedilər: «(Ey Musa,) bizə, bizi sehrləməyin üçün hər nə nişanə və möcüzə gətirsən, biz sənə əsla iman gətirən deyilik».

133. Beləliklə, Biz ayrı-ayrı nişanələr şəklində onlara tufan, çəyirtgə, gənə, qurbağalar və qan göndərdik. Onlar yenə də təkəbbür və itaətsizlik göstərdilər. Onlar günahkar bir dəstə idilər.

134. Və onlara (hər dəfə) əzab nazil olanda, (belə) deyirdilər: «Ey Musa, səninlə olan əhd-peymanına (nübuvvət, yaxud duanın qəbul olunması əhd-peymanına) xatir bizim üçün Rəbbini çağır ki, əgər bu əzabı (filan müddətədək) bizdən götürsən, sənə mütləq iman gətirəcək və İsrail övladlarını səninlə göndərəcəyik».

135. Beləliklə, elə ki, əzabı yetişməli olduqları müddətədək onlardan dəf edirdik, onlar yenə də əhd-peymanı pozurdular.

136. Nəhayət, onlardan intiqam aldıq və onları dənizdə batırdıq. Çünki Bizim ayələrimizi və nişanələrimizi təkzib etdilər və (ümumiyyətlə) onlardan qafil idilər.

137. Və (fironçular tərəfindən) həmişə zəif və aciz hesab edilən dəstəni o torpaqların çox xeyir-bərəkətli etdiyimiz şərq və qərblərinin (Şam və Fələstin torpaqlarının) varisi etdik. Rəbbinin İsrail övladlarına olan gözəl sözü (onların zəfər vədi) onların səbrlərinin mükafatı olaraq tamamilə gerçəkləşdi və Fironun və onun qövmünün tikdiklərini (ev, saray və qüllələrini) və çardağa qaldırdıqlarını (üzüm tənəklərini) viran və məhv etdik.

138. Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Onlar öz bütlərinə (pərəstiş etməyə) üz tutmuş və (bütlərinin) ətrafına toplaşmış bir dəstəyə yetişdilər. (Onlar əsirlikdə olduqları vaxt fironçuların hissiyyata yaxın şeylərə meyl göstərmələrindən təsirləndikləri üçün) dedilər: «Ey Musa, onların məbudları olduğu kimi, sən də bizim üçün məbud düzəlt!» (Musa) dedi: «Doğrudan da siz nadanlıq edən bir dəstəsiniz.

139. Həqiqətən bunların, içində olduqları (şirk əqidəsi) məhvə məhkumdur və (bütlərə) etdikləri (ibadət) batil və puçdur».

140. Dedi: «Allah sizi aləmdəkilərdən (öz zamanınızın insanlarından) üstün etdiyi halda, mən sizin üçün Ondan başqa bir məbud axtarım?!»

141. Və (yada salın) o zaman(ı) ki, sizi, sizə ağır işkəncə verən fironçulardan xilas etdik. Onlar oğullarınızı rəhmsizcəsinə öldürür, qadınlarınızı (havayı işlətmək üçün) diri saxlayırdılar və bunda (bu işdə sizin üçün) Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».

142. Və Musa ilə (Tövratı qəbul etməyə hazır olması üçün) otuz gecə(və gündüz ibadət) vədə(si) qoyduq və onu daha on gecə ilə kamilləşdirdik. Beləliklə, onun Rəbbinin qoyduğu vədə qırx gecə ilə sona çatdı. Musa (vədələşdiyi yerə gedəndə) qardaşı Haruna dedi: «Qövmümün içində canişinlik et, islahla məşğul ol və fəsad törədənlərin yoluna tabe olma».

143. Elə ki, Musa Bizim vədələşdiyimiz yerə gəldi və Rəbbi onunla (vasitəsiz) danışdı, (Allaha) «ey Rəbbim, (Özünü) mənə göstər, Sənə baxım (dünyaya və axirətə xas bütün cəlal və camal təzahürlərini müşahidə etdikdən sonra əldə edilən məxsus bir batini baxışla Səni görüm)» dedi. (Rəbbi ona) «(dünyada) Məni (belə bir baxışla) əsla görməyəcəksən, lakin bu dağa tərəf bax, əgər o, öz yerində sabit qalsa, sən də Məni görəcəksən (sənin vücudunun qüdrəti Mənim nurumun saçması müqabilində bu dağdan azdır)» dedi. Beləliklə, onun Rəbbi(nin nuru) dağa saçdıqda onu parçalayıb toz halına saldı və Musa özündən gedib yıxıldı. Özünə gəldikdə dedi: «Sən (gözlə görünməkdən) pak (və uzaq)san! Sənə tərəf qayıtdım (tövbə etdim) və mən ilk iman gətirənəm».

144. (Allah) buyurdu: «Ey Musa! Mən səni Öz risalət və tapşırıqlarımla (onların yerinə yetirilməsi ilə) və (səninlə) danışmağımla bütün insanlardan seçdim (üstün etdim). Buna görə də, sənə verdiyimi götür və şükr edənlərdən ol».

145. Və onun üçün (Tövratın) lövhələr(in)də hər bir mövzu barəsində nəsihət və (camaatın etiqad və əməlləri barəsində) hər bir şey üçün ətraflı şərh yazdıq (və dedik): «var gücünlə onu götür (öyrən) və öz qövmünə onun ən gözəlini götürmələrini (öyrənmələrini) əmr et (vacibləri götürsünlər və haramları tərk etsinlər). Tezliklə sizə günahkarların yurdunu (Ad və Səmud qövmlərinin, həmçinin fironçuların dünyada xaraba qalmış yurdlarını, axirətdə əbədi qalacaqları Cəhənnəmdəki yerlərini) göstərəcəyəm».



Geri   İrəli
Go to TOP