A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


118. Buna görə də, əgər Onun ayələrinə imanınız varsa (müşriklərin kəsərkən başı üstündə bütlərin adını çəkdiklərindən deyil başı) üzərində Allahın adı çəkilmiş şeydən yeyin.

119. Sizə nə olmuşdur ki, (kəsilərkən başı) üzərində Allahın adı çəkilən şeylərdən yemirsiniz, halbuki, O, sizə haram etdiklərini – zərurət halında (yeməyə) məcbur olduğunuz şey istisna olmaqla – bütün təfsilatı ilə bəyan etmişdir?! Şübhəsiz (insanların) çoxu nadanlıq üzündən öz nəfsi istəkləri ilə (başqalarını) azdırırlar (deyirlər: «Bu necə olur ki, sizin öldürdükləriniz halal, Allahın öldürdüyü isə haramdır?!) Həqiqətən sənin Rəbbin həddi aşanları (haqdan kənara çıxanların halını) daha yaxşı biləndir.

120. Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar.

121. (Kəsilərkən başı) üzərində Allahın adı çəkilməmiş (və murdar olmuş) şeydən yeməyin ki, onu yemək əlbəttə, (Allaha qarşı) itaətsizlikdir. Həqiqətən şeytanlar öz köməkçi və dostlarına sizinlə mübahisə edərək çəkişsinlər deyə gizlincə («Allahın öldürmüş olduğu heyvan sizin öldürdüyünüzdən daha yaxşıdır» kimi sözlər) təlqin edirlər. Əgər onlara itaət etsəniz, onda siz də (ya doğrudan da) müşriksiniz (ya da müşrik hökmündəsiniz).

122. Məgər (küfr və imansızlıq ölümü ilə) ölmüş və sonra Bizim (dinə hidayət etməklə) dirildərək (imanından,) vasitəsilə insanlar arasında yol getdiyi (yaşadığı) bir nur verdiyimiz şəxs, (etiqadi və əməli azğınlıq) zülmətlər(in)də olan və ondan çıxmayacaq şəxs kimidir?! Kafirlərin etdikləri əməllər, onlar üçün beləcə zinətlənmişdir.

123. Beləcə (Məkkədə olduğu kimi) Biz hər bir topluda (onların küfr və günah edərək haqdan üz döndərmələrinin cəzası olaraq) günahkar camaatın başçılarını hiylə-kələk işlədən (və camaatın peyğəmbərlərin dəvətlərinə iman gətirmələrinə mane olan) etdik. Lakin (əslində) onlar yalnız özlərinə (qarşı) hiylə-kələk işlədirlər və (bunu) dərk etmirlər.

124. Onlara (Qüreyş kafirlərinə) bir ayə və möcüzə gələn zaman «Allahın peyğəmbərlərinə verilmiş şey (peyğəmbərlik, kitab və möcüzə) bizə də verilməyincə əsla iman gətirmərik!» deyirlər. Allah Öz peyğəmbərliyini hara qoymağı daha yaxşı bilir. Tezliklə günah etmiş kəslərə işlətdikləri hiylənin cəzası olaraq Allahın yanında zillət, xarlıq və şiddətli əzab yetişəcəkdir.

125. Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar. Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar.

126. Bu (Quran və din), sənin Rəbbinin doğru yoludur. Doğrudan da Biz (Öz tovhid) ayələri(mizi və dinin haqq olmasını) öyüd götürən bir dəstə üçün ətraflı bəyan etdik.

127. Onlar üçün Rəbblərinin yanında (hər bir zərər-ziyandan və naqislikdən uzaq olan və bir-birlərinə yalnız salam verdikləri) «Darus-səlam» vardır. Və O, (dünyada) etdikləri əməllərin mükafatı olaraq onların dostu və yardımçısıdır.

128. Və (yada sal) o gün(ü) ki, (Allah) onların (insan və şeytanların) hamısını toplayacaq (və buyuracaqdır): «Ey şeytanlar dəstəsi, insanlardan bolluca bəhrələndiniz (onların çoxusunu öz davamçınız etdiniz)». Və onların insanlardan olan dostları deyəcəklər: «Ey Rəbbimiz, biz iki tayfa bəzimiz bəzimizdən istifadə etdik (onlar çoxlu sayda insanı azdıraraq yoldan çıxarmalarının ləzzətini daddılar və biz, onların göstərişləri ilə sürdüyümüz keflərin ləzzətini daddıq) və bizim üçün təyin etdiyin o (ömür) müddət(inə və o bədbəxtlik həddin)ə gəlib çatdıq». (Allah) buyuracaq: «Sizin yeriniz oddur, orada əbədi qalacaqsınız, Allahın (əbədi qalmamağınızı) istəməsi istisna olmaqla (ki, Allah da həmin oddan çıxmağınızı istəməyəcəkdir). Həqiqətən sənin Rəbbin hikmətli və biləndir (bilir ki, kimə və nə qədər əzab versin).

129. Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik.

130. (Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): «Ey cin və ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan və sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?» Deyərlər: «Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər və qorxutdular)». Dünya həyatı onları aldatdı və (buna görə də) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar.

131. Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər və kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.

132. Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri baxımından) dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir.

133. Rəbbin ehtiyacsız və rəhmət sahibidir. Əgər istəsə sizi aradan aparar və sizdən sonra, sizi başqa bir dəstənin nəslindən vücuda gətirdiyi kimi istədiyini (insan və ya qeyrisini) sizin canişininiz edər.

134. Şübhəsiz, sizə vəd edilən şey (Bərzəx, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz yoxdur).

135. De: «Ey qövmüm, (mənim dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar».

136. (Müşriklər) Allahın yaratdığı şeylərdən–əkin və dördayaqlılardan Ona bir pay qoydular və öz gümanlarına əsasən «bu, Allahın, bu isə bizim şəriklərimizin (bizim Allaha qoşduğumuz şəriklərin)dir» dedilər. Lakin şərikləri üçün olan Allaha çatmır, Allah üçün olan isə şəriklərinə çatır. Hökm etdikləri şey (necə də) pisdir.

137. Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.

138. Onlar öz gümanlarına əsaslanaraq, Allaha iftira yaxmaq üzündən dedilər: «Bunlar qadağan olunmuş dördayaqlılar və əkindir, bizim istədiyimiz kəslərdən (bütlərin xidmətçilərindən) başqası onlardan yeməməlidir və bunlar minilmələri haram olan dördayaqlılardır.» Həmçinin (kəsərkən başları) üzərində Allahın adını çəkmədikləri dördayaqlılar(ı da var idi). (Allah) tezliklə onları yaxdıqları iftiranın müqabilində cəzalandıracaqdır.

139. Həmçinin «bu dördayaqlıların qarnındakı (əgər diridirsə) biz kişilərə məxsusdur və arvadlarımıza haramdır və əgər ölüdürsə, onda hamı şərikdir» dedilər. (Allah) onları tezliklə bu (xoşagəlməz) vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən O, (şəriətdə) hikmətli və (xeyir və ziyanları) biləndir.

140. Şübhəsiz, (cahiliyyət müşriklərindən) öz övladlarını ağılsızlıq və nadanlıq ucbatından öldürmüş və Allahın onlara (övlad, əkin və mal-qara kimi şeylərdən) ruzi olaraq verdiyini Allaha iftira yaxmaqla haram etmiş kəslər ziyana uğradılar. Onlar doğrudan da (yoldan) azdılar və onlar heç vaxt hidayətdə olmayıblar.

141. Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur. Bar verən zaman onların meyvə və məhsulundan yeyin və onun (Allahın) haqqını biçin (və məhsul yığılan) gün verin. (Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir.

142. Həmçinin dördayaqlılardan böyük və kiçik, yun və tük verən, minilən, yük daşıyan və yeyilən heyvanlar (yaratdı). Allahın ruzi olaraq sizə verdiyindən yeyin (və bəhrələnin) və (özünüzdən halal-haram qanunlar çıxarmaq və haram işlər görməklə) Şeytanın addımlarına tabe olmayın ki, həqiqətən o, sizin açıq-aşkar düşməninizdir.

143. Səkkiz cütü (səkkiz təki cütü ilə birlikdə) – qoyundan iki baş (bir erkək, bir dişi) və keçidən iki baş (bir erkək, bir dişi yaratdı). (Yaxud: Səkkiz cüt yaratdı, qoyundan iki cüt (əhliləşdirilmiş və vəhşi) və keçidən iki cüt (əhliləşdirilmiş və vəhşi). De: «Allah o ikisinin erkəklərini haram edib, yoxsa dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakı (balaları)nı?! Əgər doğruçusunuzsa, mənə elm və biliyə əsaslanaraq xəbər verin.»

144. Həmçinin, dəvədən iki baş, ya iki cüt və inəkdən iki baş, ya iki cüt (yaratdı). De: «Allah o ikisinin erkəklərini haram edib, ya dişilərini?! Yoxsa o iki dişinin qarınlarındakını?! Məgər Allah bunu (bidət olan bu dırnaqarası haramı) sizə tövsiyə edərkən yanında idiniz?! Buna görə də kim insanları nadanlıqla azdırmaq üçün Allaha qarşı yalan uydurandan daha zalımdır?! Allah zalımların dəstəsini əsla hidayət etməz.

145. De: «Mənə olunan vəhylərin içərisində yemək istəyən şəxsə murdar olduqları üçün ölü heyvan, (heyvanın damarlarından) tökülmüş qan və donuz ətindən, yaxud itaətsizlik üzündən Allahdan başqasının (istər bütlərin, istərsə də bütlərdən başqa şeylərin, hətta müqəddəs hesab edilən şeylərin) adı çəkilərək kəsilmiş heyvandan başqa bir haram (yemək) tapmıram. Əgər kimsə ləzzət axtarmadan, yaxud (zəruri miqdardan) həddi aşmadan (onları yeməyə) məcbur olsa, həqiqətən, sənin Rəbbin çox bağışlayan və mehribandır.

146. Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini - bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla - haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən doğru danışanıq.

147. Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz».

148. Müşriklər tezliklə «əgər Allah istəsəydi nə biz, nə də atalarımız (Ona) şərik qoşardıq və nə də bir şeyi (özümüzə) haram edərdik (deməli, Allah bizim Ona şərik qoşmağımıza və bəzi şeyləri haram etməyimizə razıdır)!» deyəcəklər. Onlardan əvvəlkilər (də peyğəmbərlərini şirkin və bidətin haramlığı barədə) beləcə təkzib etdilər və nəhayət bizim əzabımızı daddılar. De: «Sizin əlinizdə (dəlil-sübutu olan) bir elm varmı ki, onu bizim üçün (qarşımıza) çıxarasınız?! Siz gümandan başqa bir şeyə tabe olmur və təxmindən başqa bir şeylə danışmırsınız.» (Çünki, Allaha şərik qoşmaq və bir sıra şeylərin əsassız olaraq haram edilməsinin qarşısının yaradılışda alınmaması, Allahın onlara razı olması demək deyildir.)

149. De: «Beləliklə, yetərli (heç kimin rədd etmək qüdrətinə malik olmadığı) dəlil-sübut Allaha məxsusdur və əgər O, (yaradılışda qəti iradə ilə) istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin Allah, yaradılışda bəşəri nə şirkə, nə də imana məcbur etmişdir. Allah şirki yalnız şəriətdə qadağan edib və şəriət yolu ilə imana dəvət edib və siz bunları qəbul etməlisiniz).

150. De: «Allahın bunları haram etməsinə şəhadət verən şahidlərinizi gətirin». Beləliklə, əgər şəhadət versələr, sən onlarla birgə şəhadət vermə və Bizim ayələrimizi təkzib edənlərin, axirət gününə imanı olmayanların və Rəbblərinə şərik qoşanların nəfsi istəklərinə tabe olma.

151. De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır.»

152. «Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır.»

153. «Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır.»

154. Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (Tövrat) verdik.

155. Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz.

156. Məbada «(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq» deyəsiniz.

157. Yaxud «əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq» deyəsiniz. Beləliklə, həqiqətən sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən və (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin və (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.

158. Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyəmətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik.»

159. Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.

160. Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların nə savabları azaldılacaq və nə də cəzaları artırılacaqdır).

161. De: «Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib.»

162. De: «Həqiqətən mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür)».

163. «Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam (insan və cinlərin içində ilk müsəlman şəxsəm)».

164. De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?! Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür. Sonra dönüşünüz Rəbbinizə tərəfdir. Beləliklə O, sizi barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.

165. Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da Rəbbin tez cəza verəndir və həqiqətən elə O, çox bağışlayan və mehribandır.

Əl-Ə`raf surəsi ‏

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Əlif, Lam, Mim, Sad. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)

2. (Bu Quran) sənə nazil edilmiş bir kitabdır (qədim zamanlardan Lövhi-Məhfuzda olan və gələcəkdə, nəsli kəsilənədək bəşəriyyətin əli ilə yazılacaq bir yazıdır) – buna görə də sinəndə ondan («bu layiqli nemətin çatdırılmasını bacaracağam? Onun təqdim edilməsinə tələbat olacaqmı?» kimi) sıxıntı və tərəddüd olmasın – ki, onun vasitəsi ilə insanları qorxudasan və o, möminlər üçün öyüd olsun.

3. Rəbbiniz tərəfindən sizə nazil olana tabe olun və Ondan başqa başçı və dostlara tabe olmayın. Amma çox az öyüd alırsınız.

4. Nə çox insan cəmiyyətləri ki, Biz onları həlak etdik. Bizim əzabımız onlar gecə rahatlığında və ya günorta istirahətində olarkən onlara yetişdi.

5. Beləliklə, Bizim əzabımız onlara yetişən zaman, onların «biz doğrudan zalım idik» deməkdən başqa bir dua və nalələri olmadı.

6. Odur ki, şübhəsiz, Biz həm peyğəmbərlərin göndərildiyi kəslərdən («Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?» deyə) soruşacağıq və həm də peyğəmbərlərdən («Mənim tapşırdıqlarımı çatdırdınız ya yox və sizin dəvətinizə nə cavab verdilər?» deyə) soruşacağıq.

7. Beləliklə, Biz mütləq onlara (əməllərinin əhvalatını) elm əsasında bəyan edəcəyik və Biz heç vaxt (onlardan) qaib olmamışıq.

8. Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!

9. Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!

10. Həqiqətən sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükr edirsiniz.

11. Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: «Adəmə səcdə edin.» Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı.

12. Allah buyurdu: «Sənə əmr etdiyim zaman, səcdə etməməyinə nə mane oldu?» Dedi: «Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır).

13. Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en! Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz sən alçaq və xar edilmişlərdənsən».

14. Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)».

15. Buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən».

16. Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam».

17. «Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükr edən görməyəcəksən».

18. Buyurdu: «Buradan məzəmmət olunmuş və qovulmuş halda çıx! Şübhəsiz onlardan kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam».

19. Ey Adəm, sən və zövcən bu Cənnətdə (yer üzündə onlar üçün yaradılmış bağda, ya Bərzəx aləminin Cənnətində, ya Qiyamətdən sonrakı əsl Cənnətdə) məskunlaş, istədiyiniz yerdən yeyin (bəhrələnin) və bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız».

20. Beləliklə, Şeytan, bədənlərinin ayıb yerlərinin onlar üçün gizli olanını onlara aşkar etmək üçün o ikisinə vəsvəsə etdi və dedi: «Rəbbiniz bu ağacı sizə yalnız iki mələk olmamağınız ya (burada) əbədi qalanların zümrəsində olmamağınız üçün qadağan etmişdir.»

21. Və o ikisinə təkidlə and içdi ki, «həqiqətən mən sizin xeyrinizi istəyənlərdənəm».

22. Beləliklə, onları aldadaraq hiylə-kələklə (məqamlarından) endirdi. Elə ki, həmin ağacdan daddılar, ayıb yerləri onlara aşkar oldu və onlar həmin Cənnətin ağaclarının yarpaqlarını özlərinə yapışdırmağa başladılar. Rəbbləri onlara (belə) nida etdi: «Məgər Mən sizə bu ağacı qadağan etməmişdim və sizə deməmişdimmi ki, həqiqətən Şeytan sizin açıq-aşkar düşməninizdir?!»

23. Dedilər: «Ey Rəbbimiz, biz özümüzə zülm etdik, əgər bizi bağışlamasan və bizə rəhm etməsən, mütləq ziyana uğrayanlardan olacağıq».

24. Buyurdu: «Hamılıqla, bir-birinizə (əbədi) düşmən olan halda (bu məkandan yerə) enin və sizin üçün yer üzündə müəyyən müddətədək sığınacaq və dolanacaq olacaqdır (və ondan sonra Bərzəx aləminə, daha sonra isə Qiyamətə köçürüləcəksiniz)».

25. Buyurdu: «Orada yaşayacaq, orada öləcək və (axirət günü) oradan çıxarılacaqsınız».

26. «Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır.» Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.

27. «Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik.»

28. Onlar pis bir iş gördükləri zaman «atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir» deyərlər. De: «Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?»

29. De: «Rəbbim ədalətə əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçəkləşməsiylə Məhşərə qayıdacaqsınız. Lakin əzəli elmdə verilmiş xoşbəxtlik və bədbəxtlik hökmünün gerçəkliklə üst-üstə düşməsi ixtiyaridir).

30. (Sizin qayıdışınız elə bir haldadır ki, Allah) bir dəstəni hidayət etmiş, bir dəstə üçün isə zəlalət gerçəkləşmişdir. Çünki, (zəlalətə düşənlər) Allahın yerinə şeytanları özlərinə başçı və yardımçı götürdülər və onlar doğru yolda olmalarını güman edirlər.

31. Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir.

32. De: «Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!» De: «Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır». Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik.

33. De: «Həqiqətən mənim Rəbbim (pozğun əqidə və gizlində edilən çirkin əməllər kimi) pis işləri – istər onların aşkar olanını, istərsə də gizlisini – həmçinin, hər hansı bir günahı və (başqalarının hüquqlarına qarşı) haqsız həddi aşmağı, eləcə də barəsində Allahın heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızı və bilmədiyiniz şeyi Ona nisbət verməyinizi haram etmişdir».

34. Hər bir millət və dəstə üçün (dünya həyatından müəyyən) bir müddət vardır. Beləliklə, müddətləri başa çatdıqda ondan nə bir saat gecikər və nə də qabağa keçərlər.

35. (Allahın yaradılışın əvvəlindən dünyanın sonunadək Adəm nəslinə xitabı belədir ki:) «Ey Adəm övladları, özünüzdən (öz cinsinizdən) sizə Mənim ayə və nişanələrimi oxuyan peyğəmbərlər gələn zaman (onlara iman gətirin), beləliklə, pərhizkarlıq edən və yaxşı işlə məşğul olan (və öz əqidə və əməllərini islah edən) kəslərə nə bir qorxu var və nə də qəmgin olarlar.»

36. Bizim ayələrimizi təkzib edən və onları qəbul etməkdə təkəbbürlük göstərənlər isə od əhlidirlər ki, orada əbədi qalacaqlar.



Geri   İrəli
Go to TOP