A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


32. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir və şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?

33. Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair və dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə və nişanələrini inkar edirlər.

34. Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbr etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbr və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır.

35. Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcburiyyəti ilə olsa belə) hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma.

36. Həqiqətən (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar.

37. (Kafirlər) dedilər: «Nə üçün ona (Musanın əsası və Salehin dəvəsi kimi) bir nişanə və möcüzə nazil olmayıb?». De: «Allah (sizin istədiyiniz qəbildən olan) bir nişanə nazil etməyə qadirdir. Lakin onların çoxu bilmirlər (ki, əgər bu nişanələrdən nazil olsa, Allahın ənənəvi qanunlarına əsasən, kafirlər onu inkar edən kimi əzab nazil olacaqdır).

38. Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar.

39. Bizim ayə və nişanələrimizi təkzib edənlər (cəhl və küfr) zülmətlər(in)də olan karlar və lallardır. Allah istədiyini (hidayət olunması üçün kifayət edəcək qədər dəlil və nişanələr təqdim olunduqdan sonra) azğınlıqda boşlayar və istədiyini (dəvəti qəbul etdikdən sonra) doğru yola qoyar.

40. De: «Əgər doğruçusunuzsa mənə xəbər verin ki, əgər sizə Allahın əzabı gəlsə, yaxud Qiyamət (qəfildən) sizə yetişsə, Allahdan qeyrisinimi çağıracaqsınız?!»

41. Əksinə, yalnız Onu çağıracaqsınız - O da əgər istəsə, aradan qaldırılması üçün dua etdiyiniz şeyi aradan qaldıracaqdır - və (Ona) qoşduğunuz şərikləri unudacaqsınız.

42. Şübhəsiz, Biz səndən əvvəlki ümmətlərə (də peyğəmbərlər) göndərdik. Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar.

43. Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi.

44. Beləliklə, elə ki, yadlarına salınmış şeyi unutdular, (imtahanın sona çatdırılması və nəzərdə tutulan şeylərin tədricən həyata keçirilməsi məqsədi ilə dünya nemətlərindən) hər şeyin qapılarını onların üzünə açdıq. Onlara verilən şeyə xoşhal olaraq ürək bağladıqları zaman, (günahlarının cəzası olaraq) onları qəflətən yaxaladıq. Beləliklə, birdəfəlik aciz və naümid oldular.

45. Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükr aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur.

46. De: «Mənə xəbər verin, əgər Allah sizin qulaq və gözlərinizi(n gücünü) alsa və qəlblərinizə (anlamazlıq və bədbəxtlik) möhürü vursa, onları sizə Allahdan başqa hansı məbud gətirəcək?» Gör Biz Öz ayələrimizi necə müxtəlif (surətdə) gətiririk, sonra onlar (yenə də) üz döndərirlər.

47. De: «Mənə xəbər verin, Allahın əzabı (zəlzələ və sel kimi) qəflətən, yaxud (tədricən ölümlə nəticələnən vəba və buna bənzər xəstəliklər kimi) aşkar halda sizə gəlsə, zalımların dəstəsindən başqası həlak olarmı?! (Şübhəsiz, bədbəxtcəsinə ölüm zalımlara məxsusdur və yaxşıların onların arasında həlak olmaları şəhadətdir.)

48. Biz Öz peyğəmbərlərimizi yalnız müjdə verən və qorxudan olaraq göndəririk. Beləliklə iman gətirib ləyaqətli olaraq (özlərini) düzəltməklə məşğul olanlar üçün (axirət aləmində) əsla qorxu yoxdur və onlar əsla qəmgin olmayacaqlar.

49. Bizim ayə və nişanələrimizi təkzib edənlərə itaətsizliklərinin cəzası olaraq əzab yetişəcəkdir.

50. De: «Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm (şeyləri «ol» deməklə yaratmaq və bir şey istəyənlərin ehtiyacını əldəki miqdar azalmadan təmin etmək qüdrətim yoxdur), qeyb elmini də bilmirəm və (həmçinin) sizə «mən mələyəm» demirəm. Mən yalnız mənə edilən vəhyə tabe oluram. (Buna görə də mən vəhyə tabe olduğum üçün gözüaçıq və hər şeyi görənəm, vəhydən üz döndərən hər bir kəs isə kordur.)» De: «Korla görən birdirlərmi? Bəs niyə fikirləşmirsiniz?»

51. Bununla (bu Quran vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan kəsləri qorxut – (çün)ki, (həmin gün) onların Allahdan başqa heç bir başçı, yardımçı və şəfaətçiləri olmayacaqdır – bəlkə çəkindilər.

52. Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan.

53. Biz onların bəzilərini digər bəziləri ilə bu cür imtahan etdik ki, nəhayət (onların əyanları yoxsul möminlər barəsində) «Allahın bizim aramızda boyunlarına haqq qoyduğu şəxslər bunlardır?» desinlər. Məgər Allah şükr edənləri daha yaxşı tanımır?

54. Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de.

55. Biz Öz ayələrimizi (elmi və əməli maariflər üzərindən pərdələri götürən sözləri ali məqsədlər) və günahkarların yollarının aydınlaşması üçün bu cür müxtəlif (hərtərəfli) gətiririk.

56. De: «Sizin Allahın əvəzinə çağırdıqlarınıza ibadət etmək mənə qadağan olunmuşdur». De: «Mən əsla sizin nəfsi istəklərinizə tabe olmaram ki, onda azmış olar və doğru yolu tapanlardan olmaram.»

57. De: «Mən öz Rəbbim tərəfindən (Quran və vəhy kimi) aşkar bir dəlilə əsaslanıram və siz onu təkzib etdiniz. Sizin tələsdiyiniz şey (səmavi əzab) mənim yanımda (əlimdə) deyildir. (Varlıq aləmində mütləq) hökm yalnız Allaha məxsusdur ki, haqqı bəyan edir və (onu nahaqdan) ayırır. O, (haqla batil arasında) hökm edənlərin və (onları bir-birindən) ayıranların ən yaxşısıdır.»

58. De: «Əgər tələsdiyiniz şey mənim ixtiyarımda olsaydı (bütün lazımi dəlillər sizə təqdim edilib qurtardığı və mənim insani səbrim tükəndiyi üçün əzab göndərərdim və) mənimlə sizin aranızdakı iş mütləq (çoxdan) sona çatmışdı. Lakin Allah zalımları daha yaxşı tanıyandır (və kimi, harada və necə həlak etməli olduğunu bilir).»

59. Qeyb xəzinələrinin («ol!» kəlməsinin altında olan) açarı (və onların həqiqətləri) Onun yanındadır. Onları Ondan başqa heç kəs bilmir. (Varlıq aləminə qədəm qoyanlardan) quruda və dəryada olanı bilir. Yerə elə bir yarpaq düşmür ki, O, onu bilməsin. Həmçinin (Onun əzəli elmində və) aydın olan kitabda mövcud olmadan yerin qaranlıqlarında (altında) bir toxum və (meyvə və dənli bitkilərdən) heç bir quru və yaş yerə düşmür.

60. Odur gecə sizin ruhunuzu alan, gündüz kəsb etdiyinizi bilən, sonra müəyyən (edilmiş) müddətin (ömür müddətinizin) başa çatması üçün sizi gündüz qaldıran! Sonra sizin qayıdışınız Ona tərəfdir. Həmin vaxt O, sizi əməllərinizdən xəbərdar edəcəkdir.

61. Odur bəndələri üzərində qalib və hakim! Sizin (cism və ruhunuzu qorumaq üçün) üzərinizə gözətçilər göndərir, nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər.

62. Sonra onların hamısı Allaha – onların həqiqi və əsl ixtiyar sahibinə tərəf qaytarılacaqlar. Bilin ki, (o gün, barəsində heç bir mübahisə olmayan və mütləq) hakimiyyət (və varlıq aləmində ən təsirli hökm) Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir.

63. De: «Yalvarışla (aşkar şəkildə) və gizlincə Onu çağırıb «əgər bizə bu həlakətdən nicat versə, mütləq şükr edənlərdən olacağıq» (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir?

64. De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!».

65. De: «O sizə başınızın üstündən (daş, ildırım və Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ və yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə və ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa və bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir.» Gör Biz (Öz tovhid və əzəmətimizin) müxtəlif ayə və nişanələri(ni) necə gətiririk (ki), bəlkə başa düşdülər.

66. Sənin qövmün onu (Quranı) haqq olmasına baxmayaraq təkzib etdi. De: «Mən sizin üzərinizdə vəkil və nəzarətçi deyiləm (ki, sizləri nəyəsə məcbur edəm, əmrdən çıxanı cəzalandıram və itaət edənlərə mükafat verəm. Mənim vəzifəm buyurulanları çatdırmaqdır).»

67. (Allahın verdiyi) hər bir xəbərin (cəza və ya mükafatlandırma vədinin zaman və məkan baxımından) gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır və tezliklə biləcəksiniz.

68. Bizim ayə və nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən də həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma.

69. Onların (əməl və cəza) hesabından təqvalıların öhdəsinə bir şey düşmür, lakin (bunları deməkdən məqsəd) yada salmaq və nəsihətdir (ki), bəlkə çəkindilər.

70. Öz dinlərini oyun-oyuncaq və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri boşla. Bu Quran vasitəsilə öyüd ver ki, məbada (axirət günü) kimsə Allahdan başqa bir başçı, yardımçı və şəfaətçisi olmayan halda kəsb etdiyinin cəzası olaraq həlakətə təslim və (ilahi) rəhmətdən naümid olsun. O, (günahlarının müqabilində) hər nə fidyə və əvəz versə, ondan qəbul olunmaz. Onlardır kəsb etdiklərinin müqabilində həlakətə təslim və (ilahi) rəhmətdən naümid olanlar! Onlar üçün küfrlərinin (və nemətlərə nankor olmalarının) cəzası olaraq qaynar sudan içki və ağrılı bir əzab vardır.

71. De: «Allahı qoyub bizə nə bir xeyir verən və nə də bir ziyan vuran qeyrisinimi çağıraq (başqasına ibadət edək) və Allahın bizi hidayət etməsindən sonra (cahiliyyət dövrünə) qayıdaq?! (Cin) şeytanların(ın) yer üzündə avara-sərgərdan qoyduqları şəxs kimi (olaq)? Halbuki onun «bizə tərəf gəl!» (deyib) hidayətə doğru çağıran dostları vardır (lakin o, sərgərdanlıq və çaşqınlığın çoxluğundan həmin dəvəti qəbul etmir)». De: «Şübhəsiz, (həqiqi) hidayət Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr olunmuşdur.»

72. «Və (həmçinin bizə əmr olunmuşdur ki,) namaz qılın və Ondan qorxun! (Qiyamət günü) Ona tərəf toplanılacaqsınız.»

73. Göyləri və yeri haqq olaraq (ali və ağılın qəbul etdiyi bir məqsəd üçün) yaradan Odur. «Ol» deyəcəyi gün (və varlıq aləminin bir hissəsini və ya hamısını yaxud onun yox olmasını, yaxud da Qiyamətin bərpa olmasını istəsə) dərhal olar. Onun sözü haqdır! Sur çalınacağı gün (hər bir şeyin mütləq) malikiyyət və hakimiyyəti Ona məxsusdur. (O) gizlini və aşkarı biləndir və Odur hikmətli və xəbərdar!

74. (Yada sal) o zaman(ı) ki, İbrahim (atalığı və ya qayınatası, yaxud əmisi, ya da müəllimi olan) atası Azərə dedi: «Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm».

75. Beləcə İbrahimə (atasının və qövmünün azğınlıqda olmasını öyrətdiyimiz kimi Özümüzün) göylərə və yerə olan tam malikiyyət və rübubiyyətimizi (də) göstərirdik (ki, dəlilgətirmə məqamında elmli və bacarıqlı olsun) və (həmçinin) inananlardan olması üçün.

76. Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: «Mən batanları sevmirəm».

77. Beləliklə, ayı doğan və üfüqü yaran halda görəndə dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (ay) batdı, dedi: «Doğrudan da əgər Rəbbim məni hidayət etməsə, mən mütləq azmış dəstələrdən olaram.»

78. Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.»

79. «Həqiqətən, mən səmimi qəlb və haqqa meylliliklə üzümü (qəlbimi) göyləri və yeri yaradana tutmuşam. Və mən müşriklərdən deyiləm».

80. Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»

81. «Siz Allahın, barəsində sizə heç bir dəlil-sübut nazil etmədiyi şeyi Allaha şərik qoşmağınızdan qorxmadığınız halda mən sizin Allaha qoşduğunuz şərikdən necə qorxum? Bəs əgər bilirsinizsə bu iki dəstədən (təkallahlılardan və müşriklərdən) hansı (biri) amanda qalmağa daha layiqdir?!» (Təkallahlılar özlərini xeyir və zərəri olmayan cansızlardan, yəni bütlərdən, müşriklər isə bütün xeyir və ziyanların sahibindən yəni Allahdan amanda bilirlər).

82. İman gətirib imanlarını zülmə qarışdırmayanlar (yaradılışın başlanğıcına olan etiqadı dualizm və ya üç üqnuma əqidəsi, yaxud çoxallahlılıqla, yaxud da qəlbi etiqadları əməli itaətsizliklə qarışdırmayanlar) üçün əmin-amanlıq vardır və onlar hidayət olunmuşlardır.

83. O (tovhid barəsindəki dəlillər), Bizim dəlil-sübutumuz idi ki, qövmünün müqabilində İbrahimə əta etdik. İstədiyimiz şəxsi dərəcə-dərəcə ucaldırıq (və İbrahimi peyğəmbərlik, imamət və dostluq dərəcələri ilə ucaltdıq). Doğrudan da sənin Rəbbin xilqət və şəriətdə möhkəm yaradılış sahibi və (hər şeyi) biləndir.

84. Və ona İshaqı və (nəvəsi) Yəqubu əta etdik. (Onların) hər birini (dinin əsasları və maarifinə) hidayət etdik. Nuhu da onlardan öncə hidayət etdik və onun övladlarından Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı, Harunu (hidayət etdik). Biz yaxşıları və yaxşılıq edənləri bu cür mükafatlandırırıq.

85. Həmçinin Zəkəriyya, Yəhya, İsa və İlyası (da hidayət etdik). Onların hamısı salehlərdən idilər.

86. Və İsmail, Yəsə, Yunus və Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik.

87. Və həmçinin onların ataları, övladları və qardaşlarının bəzilərini (üstün etdik), onları seçdik və düz yola hidayət etdik.

88. Bu, Allahın hidayətidir ki, bəndələrindən istədiyini onunla hidayət edir. Əgər onlar (o uca məqamlarına baxmayaraq Allaha) şərik qoşsaydılar, şübhəsiz, etdikləri bütün xeyir əməllər aradan gedər və puç olardı.

89. Onlar kitab (şəriət), hökm (rəhbərlik və hakimlik) və peyğəmbərlik verdiyimiz kəslərdi. Beləliklə, əgər bunlar (Qüreyş kafirləri, səma dinlərinin əsası olan) bu işlərə kafir olsalar, şübhəsiz, Biz (Öz qəti təqdirimizdə gələcək zamanlarda olacaq nəsillərdən onu yerinə yetirən və) ona əsla kafir olmayan bir dəstəni təyin edərik.

90. Onlar (peyğəmbərlər) Allahın hidayət etdiyi kəslərdir. Odur ki, onların hidayət, yol və üslublarına tabe ol. (Və camaata) de: «Mən bunun (ilahi peyğəmbərlik vəzifəsinin təbliği) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm (tələb etmirəm). Bu (Quran) aləmdəkilər üçün öyüd-nəsihətdən başqa bir şey deyil».

91. «Allah heç bir bəşərə bir şey (nə bir mələk, nə vəhy, nə kitab və nə də din) nazil etməmişdir» dedikləri zaman Allahı Ona layiq olan tərzdə tanımadılar və vəsf etmədilər. De: «Musanın nur və insanlar üçün hidayət kimi gətirdiyi kitabı kim nazil etmişdir? (Həmin kitab ki,) siz onu (ayrı-ayrı) kağızlarda yerləşdirərək (bir hissəsini camaata) aşkar edir, çoxusunu isə gizlədirsiniz. Sizə sizin və atalarınızın bilmədiyiniz şeylər öyrədildi.» De: «(Hamısını) Allah (nazil etmişdir)!» Sonra onları boşla ki, öz puç və batil (fikir)lərinə dalmaqda oynasınlar.

92. Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar).

93. Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.

94. (Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir».

95. Həqiqətən, Allah toxum və çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) və diridən ölü (yaşıl otdan dənli bitki və quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Budur (bilən və qüdrətli) Allah! Belə isə (haqdan) haraya və necə döndərilirsiniz?!

96. Sübhü yaran (da Allah)dır. O, gecəni rahatlanma mənbəyi, günəş və ayı (düzgün və dəqiq) hesablama üçün vasitə etmişdir (ki, yerin öz oxu və günəş ətrafında fırlanmasından günəş ili və ayı, ayın yer kürəsi ətrafında fırlanmasından isə qəməri ili və ayı yaranır). Budur O qüdrətli və bilənin ölçü və miqyası!

97. Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tovhid, qüdrət və hikmət) ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq.

98. Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoyulmuşdur. Biz (Öz qüdrət və hikmət) nişanələri(mizi) dərindən düşünən (başa düşən) dəstə üçün ətraflı açıqladıq.

99. Və göydən (yağış, qar və dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq və yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə və necə yetişməsinə baxın. Şübhəsiz onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət və hikmətini göstərən) nişanələr vardır.

100. (Müşriklər) cindən Allaha şəriklər qoşdular, halbuki onları Allah yaratmışdır (və yaradılmışın rübubiyyətdə yaradanın şəriki olması qeyri-mümkündür). Nadanlıqdan Onun üçün oğul və qızlar uydurdular. Allah onların vəsf etdiklərindən pak və ucadır.

101. Göyləri və yeri misilsiz və nümunəsiz yaradandır. Onun zövcəsi olmaya-olmaya övladı necə və haradan ola bilər? Hər şeyi O yaratmışdır və O hər şeyi biləndir.

102. Budur sizin Rəbbiniz olan Allah! Ondan başqa bir məbud yoxdur. Hər bir şeyin yaradanıdır. Buna görə də yalnız Ona ibadət edin. O hər bir şeyin qoruyanı, tədbirini tökən və ixtiyar sahibidir.

103. Gözlər və onların görmə qabiliyyəti Onu dərk etməz və O, gözləri və görmələri dərk edər. O, lətif və xəbərdardır.

104. Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Quran və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır. Mən sizə gözətçi deyiləm (xilqətin əvvəlindən sizi əyriliklərdən qoruyan deyiləm, yalnız çatdıran və qorxudanam).

105. Biz ayə və nişanələri (uca və ali məqsədlər üçün) bu cür müxtəlif (şəkillərdə) gətiririk. Və ona görə (belə gətiririk) ki, (qəlbləri kor insanlar) desinlər: «Sən (kitab əhlinin yanında) dərs oxumusan.» Və (həm də) ona görə ki, onu, bilən dəstə üçün açıqlayaq.

106. Rəbbin tərəfindən Sənə edilmiş vəhyə tabe ol. Ondan başqa heç bir məbud yoxdur. Və müşriklərdən üz döndər.

107. Əgər Allah (məcburiyyətlə vadar etmək) istəsəydi, onlar (Ona) şərik qoşmazdılar (lakin iman və əməl sahəsində Allahın adəti bəndəyə ixtiyar verməkdir). Səni də (xilqətin əvvəlindən) onların gözətçi və qoruyucuları etməmişik və sən onların vəkili deyilsən (ki, onları zorla iman gətirməyə məcbur edəsən).

108. Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər. Biz hər bir ümmət üçün əməllərini beləcə zinətləndirdik. Sonra onların dönüşü Rəbblərinə tərəfdir. Beləliklə (Allah) onları (dünyada) etdikləri əməllərdən xəbərdar edəcəkdir.

109. Onlar möhkəm andlarıyla Allaha and içdilər ki, əgər onlara (mələyin nazil olması, Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi dedikləri möcüzələrdən) bir nişanə və möcüzə gəlsə, ona mütləq iman gətirəcəklər. De: «Həqiqətən möcüzələr yalnız Allahın ixtiyarındadır (möcüzə peyğəmbərlik iddiasının dəlilidir və dəlilin seçilməsi iddiaçının öhdəsinədir)». (Axı) siz nə biləsiniz ki, əgər o da gəlsə onlar (yenə də) iman gətirməyəcəklər?

110. Onların qəlb və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi (əvvəllər olmuş itaətsizliklərinin cəzası olaraq onu qəbul etməkdən) döndərər və onları öz azğınlıq və itaətsizliklərində boşlayarıq ki, sərgərdan qalsınlar.

111. Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar və (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq və məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə də iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər.

112. Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan və cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç və aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar və əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə də (sənə döyüş əmr olunana kimi) onları və iftiralarını boşla.

113. (İns və cin şeytanlarının arasındakı söz mübadiləsini imtahan üçün azad qoyduq) ki, axirət gününə inanmayanların ürəkləri ona meyl etsin, onlar onu bəyənsinlər və (həm də) ona görə ki, mürtəkib olmaq istədəkləri hər bir günaha mürtəkib olsunlar.

114. (Kafirlərə de:) Sizə (bəşər cəmiyyətinə dini maarif və haqq ilə nahaqqın bir-birindən seçilməsi yolu) geniş şəkildə açıqlanmış bu kitabı nazil edən Allah olduğu halda, mən Ondan başqa ayrı bir hakim arayım?! (Səmavi) kitab verdiyimiz şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq və doğru olaraq (və ali və ağılın qəbul etdiyi məqsədlər üçün) nazil olunduğunu bilirlər. Buna görə də əsla şəkk edənlərdən olma.

115. Rəbbinin sözü (Onun tovhidə dəvəti, həmçinin sonuncu kitabı və şəriəti mənasında) düzgünlük və (qanunvericilik mərhələlərində) ədalət baxımından kamil oldu. Onun sözlərini (kitab və şəriətini) əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən!

116. Əgər (din işlərində) yer üzündəki insanların çoxuna tabe olsan, səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənn və gümanın arxasınca gedirlər və ancaq təxmin edirlər.



Geri   İrəli
Go to TOP