A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Quranın tərcüməsi
Müəllif:
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


64. Yəhudilər dedilər: «Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta və bəxşişdə də ona görə ki, möminlərin hamısı yoxsuldurlar və Allah insanlardan borc istəyir).» Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar və onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik və kin salmışıq. Nə vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir.

65. Əgər kitab əhli (İslama) iman gətirsəydi və təqvalı olsaydılar, şübhəsiz, onların günahlarını təmizləyər və onları neməti bol olan Cənnətlərə daxil edərdik.

66. Əgər onlar (əsl) Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər (göyün və yerin bərəkətlərindən faydalanardılar). Onlardan mötədil və düz olan bir dəstə var. Çoxlarının gördüyü işlər pisdir.

67. Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.

68. De: «Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.» Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə.

69. Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar.

70. Həqiqətən, Biz İsrail övladlarından (tovhid və peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq və onlara peyğəmbərlər göndərdik. Nə vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər.

71. Onlar (onlar üçün) imtahan və əzab olmayacağını güman etdilər. Beləliklə kor və kar oldular. Həmin vaxt Allah onlara nəzər saldı və tövbələrini qəbul etdi. Yenə onların çoxu kor və kar oldular. Allah onların etdiklərini görəndir.

72. Şübhəsiz, «Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib və ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. Halbuki Məsihin özü «ey İsrail övladları, (həm) mənim Rəbbim və (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər və onun qalacağı yer oddur. Zalımlara əsla kömək edən yoxdur» demişdi.

73. Şübhəsiz, «Allah üç ilahi ünsürdən (ata, oğul və Ruhul-Qudusdan) biridir» deyənlər kafir oldular, halbuki tək olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər dediklərindən çəkinməsələr, şübhəsiz onlardan (bu etiqadla) kafir olanlara ağrılı bir əzab yetişəcəkdir.

74. Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?.

75. Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tovhidimizin və İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə və hara qaytarılırlar?!

76. De: «Allahı qoyub (müstəqil surətdə) sizə heç bir ziyan və xeyir vermək imkan və qüdrəti olmayan şeyə ibadət edirsiniz?! Allah eşidən və biləndir!

77. De: «Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın (bəşər övladını Allah və ya Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) və həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış, çoxlarını azdırmış və doğru yoldan (peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın».

78. İsrail övladlarından kafir olanlar Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların itaətsizlik etmələri və həmişə (Allahın təyin etdiyi) həddi aşmalarına görə idi.

79. Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi.

80. Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər.

81. Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər.

82. Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.

83. Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: «Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et»!

84. «Rəbbimizin bizi salehlərin dəstəsinə daxil və onlarla birgə etməsinə göz tikdiyimiz halda bizə nə olub ki, Allaha və haqdan bizə gələnə iman gətirməyək?»

85. Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı.

86. Kafir olub ayələrimizi və nişanələrimizi inkar və təkzib edən kəslər isə Cəhənnəmin yoldaşlarıdır.

87. Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir.

88. Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun.

89. Allah sizi bihudə və niyyətində olmadığınız andlar(ı pozmağınız)a görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlar(ı pozmağınız)a görə cəzalandırar. Buna görə də onu (pozmağı)n kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək və ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz (və onu pozduğunuz) zaman sizin andlarınızın kəffarəsi! Gərək öz andlarınızı qoruyasınız (və pozmayasınız). Allah Öz ayələrini sizin üçün bu cür açıqlayır (ki), bəlkə şükr edəsiniz.

90. Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.

91. Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?

92. Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək və iradəsindən asılıdır).

93. İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir.

94. Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz və nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər və sizə yaxınlaşsınlar). Beləliklə, bundan sonra kim (müəyyənləşdirilmiş) həddi aşsa, onun üçün ağrılı bir əzab olacaqdır.

95. Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna (əhliləşdirilmiş) dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür (məsələn, dəvəquşunun kəffarəsi dəvə, dağ keçisinin kəffarəsi inək və ceyranın kəffarəsi qoyundur). Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin və o, qurbanlıq kimi Kəbəyə (Kəbənin ətrafındakı qurbanlıq yerinə) çatsın. Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək və ya onun qədər oruc tutmaqdır (onun qiymətinin bərabəri qədər hər fəqirə bir mudd yəni yeddi yüz əlli qram yemək verməlidir, yaxud müdlərin sayı qədər oruc tutmalıdır) ki, öz işinin cəzasını dadsın. Allah keçənlərə göz yumdu (birinci dəfəni kəffarə ilə bağışladı). Kim yenidən qayıtsa (yenidən Hərəmdə ov etsə , daha bunun kəffarəsi yoxdur, lakin) Allah ondan intiqam alacaqdır və Allah yenilməz qüdrət və intiqam sahibidir.

96. Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi. Nə qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız.

97. Allah Kəbəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olanı bilir və Allah hər bir şeyi biləndir.

98. Bilin ki, Allah (həm) ağır cəzalandırandır və (həm də) Allah çox bağışlayan və mehribandır.

99. Bizim peyğəmbərimizin vəzifəsi yalnız (dinin hökmlərini) çatdırmaqdır (və həmin hökmlərin cəmiyyətdə əməli surətdə icrası imamətin vəzifələrindən, savab və cəza vermək isə rübubiyyətə aid işlərdəndir). Allah aşkar etdiklərinizi də, gizlətdiklərinizi də bilir.

100. De: «Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir.» Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız.

101. Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Quran nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir.

102. Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu.

103. Allah heç bir heyvanı(n istifadəsini) «bəhirə», «saibə», «vəsilə» və «ham» (adı ilə haram və qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzr deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların və bütlərin arasında müştərək olan qoyun və ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə bunlardan istifadəni haram sayırdılar.) Lakin kafirlər Allaha qarşı yalan uydururlar və onların çoxu düşünmürlər.

104. Onlara «Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin» deyiləndə, «atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!» deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?

105. Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir.

106. Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən (möminlərdən) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəhadətimiz vasitəsilə azacıq (da olsa) bir qazanc əldə etmir və ilahi şəhadəti gizlətmirik, yoxsa mütləq günahkarlardan olarıq.

107. Beləliklə, əgər (yalan danışmaqla) o ikisinin (həmin iki şahidin) günaha batmaları məlum olsa, zülm və xəyanətə məruz qalan kəslərdən və ölənə yaxın olanlardan (yəni iddiaçı olmalarına baxmayaraq ölənin varislərindən olan) digər iki şahid onların yerinə keçir və Allaha and içirlər ki: bizim şahidliyimiz o ikisinin şahidliyindən daha düzgündür və biz (haqq barəsində) həddi aşmamışıq, əks halda zalımlardan olarıq.

108. Bu (üsul, yəni şəkk yaranan kimi şahidlərə and içdirilməsi və onun yalançı olması fərz olunduqda iddiaçının and içməsi) onların şəhadəti düzgün yerinə yetirmələrinə və ya onların andlarından sonra başqa andların (iddiaçılara) qaytarılmasından (və nəticədə rüsvay olmaqdan) qorxmalarına daha yaxındır. Allahdan qorxun və (Onun əmrlərini) eşidin. Allah itaətsiz camaatı hidayət etmir.

109. (Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən».

110. (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərrinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: «Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»

111. Həvarilərə (İsanın vəzirlərinə və xas səhabələrinə) «Mənə və Mənim peyğəmbərimə iman gətirin» deyə vəhy göndərən zaman onlar «iman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıq» dedilər.

112. (Və yada sal) o zaman(ı) ki, həvarilər dedilər: «Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (tabaq, yaxud yeməklə dolu bir süfrə) göndərə bilərmi (zamanın məsləhəti bunu tələb edirmi)?» Dedi: «Əgər möminsinizsə, Allahdan qorxun». (Olmaya mənim peyğəmbərliyimdə şəkkiniz var və bu səbəbdən möcüzə istəyirsiniz?!)

113. Dedilər: «İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq».

114. Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».

115. Allah buyurdu: «Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm».

116. Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?» Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyb və nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!»

117. Mən onlara yalnız Sənin mənə əmr etdiyini – «mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin» demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (Özünə tərəf) qaldırdın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən».

118. «Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) və əgər onları bağışlasan (bu qüdrət və hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət və hikmət sahibisən».

119. Allah buyurar: «Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!»

120. Göylərin, yerin və onlarda olanların həqiqi malik və hakimi Allahdır (çünki, onların yaradılışı, qorunması, işlərinin nizama salınması və sonra nəzərdə tutulan vaxtda yox edilməsi Allahın kamil istək və iradəsindən asılıdır) və O hər şeyə qadirdir.

Əl-Ən`am ‏ surəsi

0. Bağışlayan və mehriban Allahın adı ilə.

1. Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə və bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.

2. Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv və isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz.

3. Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.

4. Onlar Rəbbləri tərəfindən onlara gələn hər bir nişanə və möcüzədən (onları qəbul etməkdən) üz döndərirlər.

5. Həqiqətən onlar haqq (Quran və möcüzələr) onlara gələn zaman onu təkzib etdilər. Odur ki, tezliklə, istehza etdikləri şeyin xəbərləri (bu barədə vəd edilmiş cəzalar) onlara yetişəcəkdir.

6. Məgər onlardan qabaq necə çox insan cəmiyyətlərini həlak etdiyimizi görmədilər? Onlara yer üzündə sizə vermədiyimiz imkanları vermişdik. Buludları yağan halda onların üzərinə göndərmiş və çayları onların (ayaqları) altından axıtmışdıq. (Lakin onlar nankorluq etdilər.) Buna görə də Biz günahlarının cəzası olaraq onları həlak etdik və onlardan sonra digər bir toplum vücuda gətirdik.

7. Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək və onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə də «bu, aşkar sehrdən başqa bir şey deyildir» deyəcəklər.

8. Onlar «nə üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?» dedilər. Əgər mələk nazil etsək (və onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) iş (onların həlak olmaları) mütləq sona çatar və onlara daha heç bir möhlət verilməz.

9. Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar «bu da bizim kimi bir insandır» deyərdilər).

10. Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü.

11. De: «Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!».

12. De: «Göylərdə və yerdə olan kimə məxsusdur?» De: «Allaha məxsusdur». O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər.

13. Gecə və gündüz (çərçivəsin)də qərar tutmuş (yəni yer kürəsində, eləcə də günəşin digər planetlərində onun nur və kölgəsinin əhatə dairəsində olan hər bir) şey Ona məxsusdur və Odur eşidən və bilən!

14. De: «Göylərin və yerin yaradanı olan və (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı və yardımçı götürüm?!». De: «Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur və (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım)».

15. De: «Şübhəsiz, əgər mən də Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram.»

16. (O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur və qurtuluş!

17. Əgər Allah sənə bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə (onun da davam etməsi və aradan getməsi Onun əlindədir çünki,) həqiqətən, O, hər bir şeyə qadirdir.

18. Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!

19. (Səndən peyğəmbərliyinin sübutu üçün dəlillər tələb edən kafirlərə) de: «Şahidlik baxımından nə daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda şahiddir və bu Quran mənə vəhy olunub ki, onun vasitəsiylə (həm) sizi və (həm də bəşər nəslinin kökü kəsilənədək) onun çatdığı hər bir kəsi qorxudam. Siz doğrudanmı Allahla birgə başqa məbudların olmasına şəhadət verirsiniz?» De: «Mən şəhadət vermirəm». De: «Həqiqətən O, tək olan Allahdır və şübhəsiz, mən sizin (Ona) şərik qoşduqlarınızdan uzağam.»

20. (Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.

21. Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar.

22. (Yada salsınlar) o gün(ü) ki, onların hamısını (Qiyamət səhnəsində) bir yerə toplayacaq, sonra Allaha şərik qoşmuş kəslərə «haradadır sizin (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şərikləriniz?! (Nə üçün sizin dadınıza çatmırlar?!)» deyəcəyik.

23. Sonra onların (axirətdə) «Rəbbimiz Allaha and olsun ki, biz əsla müşrik deyildik» deməkdən başqa bir bəhanələri olmayacaqdır.

24. Gör özlərinə qarşı necə yalan deyirlər. Və uydurduqları şey onların nəzərlərindən yox oldu (bütlər barəsində güman etdikləri işlər və əzəmət puça çıxdı)!

25. Onların bəzisi sənə qulaq asırlar. Biz (onların küfrlərinin cəzası olaraq eşitdiklərini) başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və (haqq sözü eşitməsinlər deyə) qulaqlarında ağırlıq yaratmışıq. Əgər bütün ayə və nişanələri görsələr belə, yenə də iman gətirməyəcəklər. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edəcək və kafirlər «bu, (Quran) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir» deyəcəklər.

26. Onlar (başqalarını) ondan çəkindirir və özləri ondan uzaqlaşırlar. Onlar özlərindən başqa heç kəsi həlak etmirlər və (bunu) bilmirlər (də).

27. Əgər onların odun üzərində saxlanıldıqları zamanı görsən (qəribə bir mənzərə müşahidə edəcəksən)! (Onlar həmin vaxt) «kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!» deyərlər.

28. (Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar.

29. Və (elə onlar) «bizim bu dünyadakı həyatımızdan savayı başqa bir həyat yoxdur və biz (öləndən sonra) əsla dirildilən deyilik» dedilər.

30. Əgər onları Rəbblərinin hüzurunda (hesab vermək üçün) saxlanılan zaman görsən! (Allah) buyuracaq: «Bu, (ölümdən sonra dirilmək) haqq deyilmi?» Deyəcəklər: «Bəli, Rəbbimizə and olsun (ki, haqdır)». Buyuracaq: «Elə isə, etdiyiniz küfrün cəzası olaraq dadın bu əzabı!»



Geri   İrəli
Go to TOP