A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: MƏDƏNİYYƏT VƏ İDEOLOJİ HÜCÜM (Ayətullah Seyid Əli Xamenei)
Müəllif: Ayətullahul-üzma Seyyid Əli Hüseyni Xamenei
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


          Siz Quranın "Kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac... Rəbbinin izni ilə bəhrəsini hər vaxt (ilin bütün fəsillərində) verər"[480] - deyə buyurduğu gözəl ağac ola bilərsiniz. Bu, Allaha arxalanmaqla, Ondan yardım istəməklə, Allaha şükür ki, sizdə olan saf niyyətlə və özünüzü bacardıqca mənəviyyatlı etməklə mümkündür. Bizim həmişə mənəviyyata ehityacımız var və nəhayət, özümüzü işıqlandırmalıyıq. Tehranın bu tüstü dolu havasında insan hərdən əllərini yumalıdır. Bizim ruhlarımız da belədir. Xüsusən də digərlərini hidayət edən sizlər bəzi problemlərlə üzləşirsiniz. Mövləvi bir hekayə danışır. Qısası budur ki, çay və dənizlərdə olan sular bizim bütün çirkinliklərimizi təmizləyir, amma bu suların özü çirklənir və təmizlənməyə ehtiyacı olur. Bu təmizlənmə də göyə qalxmaqla, buxarlanmaqla baş verir. Buxarlanıb yağış olur, təmizlənir və qayıdır. Deməli, belə daimi hərəkət lazımdır və biz yüksəlib yuxarıya qalxmasaq, mümkün deyil. O, demək istəyir ki, insanların çətinlik zamanı müraciət etdiyi şəxslər və müəllimlər özlərinə bir yüksəliş - merac tədarük görməlidirlər. Meracsız mümkün deyil və biz çirklənərik. İnsanları hidayət edən sizlərin bu yüksəlişə çox ehtiyacınız var; çünki yazır, düşünür, cavab vermək üçün müxtəlif şübhələri beyninizə salır, xalis olmayanları təcəssüm etdirirsiniz. Sizin üzərinizə çoxlu zəhmət düşür. Bu baxımdan, meraca ehtiyacınız var, onu yaddan çıxarmayın. Bu merac namaz, zikr, Allahı yada salmaq, xüsusən də günahdan çəkinməkdir. Mənəviyyata səbəb olan ən yaxşı amil çəkinməkdir. Digər işlərin hamısı dərman, günahdan çəkinmək isə pəhriz kimidir. Güman ki, pəhrizin təsiri bəzən dərmandan çox olur. Soyuqlayan bir insan pəhriz etməsə, nə qədər dərman qəbul etsə, təsiri olmaz.[481]

          Mənim fikrim budur ki, inqilab incəsənəti hekayə, xatirə və bu kimi sahələrdə yeni araşdırmalara başlamalıdır. Yazıçılıq sənətinin inqilabı biz istəmədən, sərmayə qoymadan özünü göstərəndir. Bunlar özfəaliyyət işləridir. Ən səmimi fəaliyyətlər də istək və tələb olmadan özünü göstərəndir.

          Ən azı mənim xəbərdar olduğum 50-60 ildə İranda dəyərli epik ədəbiyyatı olmamışdır. Dünyanın digər yerlərinə nisbətən İran epik ədəbiyyatının təxminən sıfır olduğunu söyləmək olar. Burada bu ədəbiyyatın yerini boş görəndə onun nə qədər dəyərli olduğunu anlayarsınız. Məsələn, müharibədə iştirak etmiş bir Bəsic üzvü heç bir yazıçılıq stajı olmadan qələm götürüb yazmağa başlayır. Bir də görürsünüz ki, gözəl, ürəkaçan və bəzən çox yaxşı bir əsər alındı.[482]

          Məncə söz sənətinin müxtəlif növləri arasında roman müxtəlif cəhətlərdən daha əhatəlidir. Roman hətta kinodan da təsirlidir. Kino çox geniş yayılsa, bitməsə və insanlar daim hansısa filmə baxsalar da, eyni zamanda filmin yaratdığı təsəvvür romandan fərqlidir. Filmdə məhdudiyyətlər var və bəzi şeyləri bəyan etmək olmur.

          Romanın xüsusiyyəti belədir. Roman şeirdən fərqli olaraq, həm də tərcümə oluna bilir. Hafizin şeirini tərcümə etmək imkansızdır. Şeirdə işlənmiş söz xüsusiyyətləri və bütün bu formalar incəsənətin məzmununa təsir edir. Şeirdən fərqli olaraq, siz romanı bütün dillərə tərcümə edə bilərsiniz. Dünyada 30 dilə tərcümə olunmuş romanlar var. Yəni romanın əhatəsi şeirdən genişdir, hər yerə gedir və bitmir. Bəzi romanlar 200 il qabaq yazılıb və biz indi onları oxuyuruq. Bu günə qədər ən yaxşı romanlar on doqquzuncu əsrin romanlarıdır. O zaman Fransada, Rusiyada, hətta İngiltərədə elə romanlar yazılıb ki, bu günə qədər onların misli görünməyib. Deməli, roman həm qalır, həm genişdir, güclü və dəqiq təsəvvür yaradır. Siz bu xüsusiyyətləri incəsənətin başqa hansı növündə tapa bilərsiniz?! Nə musiqidə var, nə kinoda, nə teatrda, nə şeirdə. Ümumiyyətlə roman kimisi yoxdur. Roman həm tərcümə olunur, həm hər yerə gedir, həm qalır və köhnəlmir.[483]

          Təəssüf ki, biz epik ədəbiyyatda geri qalmışıq. Bunda heç bir şübhə yoxdur. Düzdür, biz incəsənətin bir çox növlərində geridəyik, lakin kino sənətində geridə qaldığımızı görəndə deyirik ki, kino idxal olunmuş bir sənətdir, epik ədəbiyyat isə belə deyil.

          Firdovsinin Şahnaməsi epik baxımdan həqiqətən çox misilsizdir. O, bir romanda olan sənətkar incəliklərinə riayət etməyi nəzərdə tutmasa və qəhrəmanlıq eposu yaratmağa çalışsa da, həqiqətən misilsiz bir əsərdir. Min il bundan öncə bizim Firdovsimiz olmuşdursa, indi necə olmalıyıq?! Prinsipcə Firdovsidən min qat üstün olmalıydıq, halbuki belə deyilik və uyğun sahədə çox geridəyik. Təəssüf ki, inqilabdan sonra da ölkədə bu iş yetərincə görülmədi.[484]

          Bədii yaradıcılığın və nəsr ədəbiyyatının müxtəlif sahələrində son 1-2 əsrdə xaricilər və əsasən avropalılar böyük uğurlar əldə etdilər. Biz o həddə deyildik, bunu etiraf etməliyik. Lakin şeir sahəsində dünyanın çoxlu yerlərindən həqiqətən öndəyik. Bu sənətin kökü bizim vətənimizin, məmləkətimizin özündə var, kino kimi texnologiyaya bağlı olan və idxal edilmiş sənətlərdən deyil. Bizim ölkəmizdə şeir təxəyyülü çox yüksək, şairlərin qələmi çox mütərəqqi, müxtəlif ədəbi sahələr çox gözəldir. Məsələn, aktyorluq mahiranədir, dilin inkişafı çox yaxşı və yüksək həddədir. Bunlar bizim mədəni cəhətlərimizdir. Lakin ölkəmizin hər yeri bu baxımdan eyni deyil; bəzi şəhərlər mədəni tarix baxımından çox üstünlüklərə malikdir, bəziləri isə yox.[485]

          Hekayə və roman sahələrində bizdə boşluq çoxdur, ölkəmizdə digər ölkələrdə görülmüş böyük işlərin oxşarı mövcud deyil. Bizdə nə fransızların, nə rusların, nə də digər bəzi xalqların yaratdığı romanlara tay əsərlər var. Bu çatışmazlıqlar aradan qaldırılmalıdır. Lakin aradan qaldırılana qədər yaxşı tərcümələrdən istifadə edə bilərik.[486]

          Siz bizim qədim epik əsərlərimiz arasında Viktor Hüqonun "Səfillər", yaxud Lev Tostoyun "Hərb və sülh" romanları kimi bir əsər tapa bilməzsiniz. Bu əsərlər çox möhtəşəm saraylar kimidir: məsələn, Ali qapı sarayı kimi. "Səfillər", yaxud "Hərb və sülh" romanları belədir. Siz on doqquzuncu əsrin yazıçılarına baxın, görün Rusiyada, Fransada nə qədər yazıçı var. Həmin əsrdə, xüsusən də bir neçə onillikdə belə yazıçıların meydana çıxma səbəblərini araşdırmaq lazımdır. On doqquzuncu əsr bədii ədəbiyyat üçün möhtəşəm əsrdir. İyirminci əsrdə Sovet kommunistlərinin əsərlərinə baxın, görün məsələn, Şoloxovun "Sakit Don" romanı nə qədər güclüdür. Yaxud Aleksey Tolstoyun "Əzab yolu" adlı bir kitabı var. Bu, Oktyabr inqilabı haqda çox gözəl, səlis və ölməz əsərdir. Bizdə isə yalnız inqilabdan sonra yox, ümumiyyətlə belə bir şey olmayıb. Təbii ki, din, iman və dini dəyərlər əsasında baş verən bir inqilab tağut rejimində yetişmiş yazıçıları qəbul edə bilməz. Bu qaçılmaz məsələdir. SSRİ-də də qədim yazıçılardan zidd bir şey yazan olmuşdur. Təsadüfən rusların işlərində beləsini də görmüşük. "İt ürəyi" adlı bir povest var. Bunu Sovet inqilabından bir neçə il sonra, təxminən 1921-1922-ci illərdə bir əksinqilabçı yazmışdır. Bu çox gözəl və qəşəng kitabdır. Hər halda, onların yazıçılıq səviyyəsi yüksəkdir. Biz isə öz romanlarımıza, son 60-70 ildə Hicazinin, Dəştinin və digərlərinin yazdıqlarına baxanda həqiqətən aşağı səviyyədə olduğunu görürük. Yəni nələrsə var, amma onlarla əsla müqayisəolunası deyil. Ali-Əhmədə və digərlərinə çatanda həqiqətlər, ürək yanğıları, məqsəd və iman vəziyyəti yaxşılaşdırır. Mənim bildiyim və başa düşdüyüm qədərincə Ali-Əhmədin romanı digər romanların hamısından yaxşı və üstündür. O birilər bir şey yazmayıblar.

          Mən deyirəm ki, siz yeni başlamış bu işi davam etdirsəniz, bugünkü ehtiyacımız təmin olunar, İran romanı və bədii yaradıcılığı inkişaf edər.[487]

          Biz bu dövrdə xalqımızın və tariximizin nə tələb etdiyinə baxmalıyıq. Bunun özü bir məsələdir. Həm də şairə demək olmaz ki, sən yalnız bunu de. Şair öz hisslərinə, ağlına, duyğularına və həyatda qarşısına çıxan məsələlərə tabedir. Amma onların kənarında şairə demək olar ki, bunu da yada sal. Görün həqiqətən bu gün sizdən hansı gözlənti var. Bunu nəzərə almaq pis bir şey deyil. Gözlənti bir xalqın gözləntisidir və şair xalqdan ayrı olduğunu söyləyib ona etinasız yanaşa bilməz. Özünü xalqdan ayıran adamın ümumiyyətlə dəyəri yoxdur. Tarixi miqyasda da xalqa və zamanın düzgün gözləntisinə arxa çevirən adamın hansısa hörməti olsa da, əslində dəyərsiz bir şeydir. Xalqın ictimai həyatının nə tələb etdiyinə baxmaq və onunla məşğul olmaq həqiqətən əhəmiyyətli məsələdir. Mən araşdıranda inqilabın və İslamın hər hansı qrupdan olan müxaliflərinin əsərlərinin bir neçə məsələ üzərində mərkəzləşdiyini görürəm. Bugünkü şair bir neçə məsələni tapıb onların üzərində dayanmalı və onlara dair indiki zaman qarşısında borcunu yerinə yetirməlidir. Mənim fikrimcə, mövcud boşluqlardan biri budur. Düzdür, çox yaxşı şeirlər var, lakin məncə daha ciddi yanaşmaq lazımdır. Mən bu sözü bəlkə də bəzi dostlara demişəm: inqilabın böyük coşqu və həyəcan dolu ilk illərindən keçmiş şairlərdən biri ilə söbhət etdim. Onun şeir təbi yaxşı idi, amma insani dəyərlər baxımından həqiqətən dəyərsiz adam idi və bu dəyərsizliyini sübut etdi. Onların çoxu insani, ictimai, mənəvi və tarixi dəyərlərdən uzaq idilər. Həm də bu yalnız inqilabın qələbəsindən sonraya aid deyil, mübarizə və hərəkat dövründə də belə idilər. Mən ona dedim ki, xalqın, inqilabın və ölkənin sizdən gözləntisi həqiqətən budur. O, cavab verdi ki, bizcə şair güclü ilə deyil, güclünün əleyhinə olmalıdır. O bunu bir meyar sayırdı; yəni hakimiyyətin başında Peyğəmbər və İmam Əli (ə) dursa da, onları pisləmək lazımdır. Bu meyarın özü onun xəstəliyini göstərirdi. Mən ona dedim ki, çox gözəl, siz güclüyə qarşı olun. Bu gün İran xalqı əsrlərlə bizə zülm etmiş qlobal güclərlə vuruşur. Əslərdən sonra bu gün bu xalq baş qaldırıb fədakarlıqla və qorxmadan bir yol seçib, həmin yolla gedir, lakin onlar qoymur, əziyyət verir, təzyiq göstərir və əngəl törədirlər. Siz bu güclərə, onların müdaxiləsinə qarşı vuruşun. Təbii ki, onlar buna hazır deyillər və işləmək istəmirlər. Çünki heç vaxt xalqla həmrəy olmayıblar. Repressiya dövründə mədəni mübarizə iddiasında olan bu cənablar əksərən mübarizə adamı deyildilər. İddiaları yalan idi.

          Burada mərhum İmam Xomeynini vəsf edən çox yaxşı şeirlər oxundu. Həqiqətən şeir öhdəliyi olanlar imamın şəxsiyyətinin dəyərli cəhətlərini əks etdirsinlər. Bu cəhətlər deyilməli, açığa çıxmalı, təkrarlanmalı və cəmiyyətin beyninə hopmalıdır.[488]

          3- Səkkizillik müqəddəs müdafiə qəhrəmanlığı - dəyərli incəsənət üçün zəngin mövzu

          Mən düşünürəm ki, müharibə mövzusu bitən deyil, yəni həqiqətən böyük bir ehtiyat və xəzinədir. Bu heç zaman bitməyəcək, həmişə ondan istifadə etmək olar. Müharibə haqda həqiqətən bir ömür danışmaq olar. Siz görün bir hadisə haqda dünyada nə qədər film çəkir, kitab və məqalə yazırlar. Biz səkkiz il müharibə aparmışıq. Məncə bu gün Bəsic uşaqlarının yazdığı və İncəsənət şöbəsinin çap etdiyi bu 100-120 səhifəlik kitabların hər biri qiymətli və böyük bir sənət əsəridir. Biz bunların nə qədər mühüm olduğunu hələ dərk etmirik, gələcəkdə daha çox bəlli olacaq. Biz indi hansı hadisənin baş verdiyini və verməkdə olduğunu anlamırıq. Əsirlikdən azad olanların yazdığı xatirələr də möhtəşəm yazılardır. Məqsəd budur ki, müharibə bitən deyil.[489]

          Müharibə bizə çoxlu səmərələr vermiş dəyərli amildir. İndi gəlin İranda bədii ədəbiyyatı bərpa edək. Mən bu məsələ üzərində dayanmaq istəyirəm. Müharibə, xatirəsini yazmaq istəyən şəxsin bundan ötrü bir neçə dil öyrənməsinə səbəb oldu. Əgər müharibə mövzusu olmasaydı, bəlkə də o heç vaxt yazmaq haqda düşünməyəcəkdi. İndi istedadlar üzə çıxmışdırsa, biz ondan istifadə etməliyik. Döyüş səhnəsini necə gözəl təsvir etdiyini görürük. Mən bəzən bu yazıları oxuyanda çöl və yol mənzərəsinin çox gözəl təsvir və bir cümlə ilə çox yaxşı bəyan olunduğunu görüb həzz alıram. Bu, parlaq istedadı göstərir. Biz indi bu istedadı cəmiyyətimizin epik ədəbiyyatına yönəldək. Ölkənin buna ehtiyacı var. Məgər epik ədəbiyyatsız bir cəmiyyət olar?! Siz müharibənin tarixini yazmasanız, başqa birisi gəlib yalan yazacaq; hekayəni də həmçinin.[490]

 

          Məcburən qatıldığımız səkkizillik müharibə islamçı və inqilabçı əhval-ruhiyyəsinin və müsəlman xislətlərinin aşkara çıxması cəhətindən çox dəyərlidir. Bu baxımdan, elə bir zamana və mühitə görə şükür etmək, yoxluğundan həqiqətən təssüflənib kədərlənmək lazımdır. Öz-özlüyündə müharibədən heç kəsin xoşu gəlməsə də, məsələnin o biri tərəfi bizim üçün olduqca böyükdür. Hər halda, indi müharibə yoxdursa və öz əlimizlə müharibə yaratmaq istəmiriksə də, biz həqiqətən bu səkkizillik müharibədə mövcud olan ixlaslı müqavimət, fədakarlıq və digər xüsusiyyətlərdən bəhrələnməliyik.

Sizin yazılarınız ixlasdan irəli gələndə insanı mütəəssir edir. Siz ixlası göstərən nə təqdim etsəniz, çox əhəmiyyətlidir. Əks təqdirdə, hamı fədakarlıq edir; təəssübkeşlik və ya özünü göstərmək üçün də fədakarlıq edir və ölüm təhlükəsi ilə üzləşirlər. Məsələn bir manevrdə təyyarəsini xalqın gözü önündə beş dəfə fırladan bir pilotun əlli faiz aşmaq ehtimalı da var, amma o özünü göstərmək üçün bunu qəbul edir. Özlərini göstərmək üçün bundan artığını da edənlər var; məsələn bəziləri özlərinə od vururlar. Bunların dəyəri yoxdur. Lakin iş ixlaslı olduqda, yəni insan yalnız Allahdan ötrü və Allah qarşısında borcunu yerinə yetirmək üçün bir iş gördükdə belə gözəl olur. Bu cəhətləri göstərmək və bu əhval-ruhiyyəni tarix boyu qorumaq üçün çox çalışmaq, səkkizillik müharibədən də istifadə etmək lazımdır.

          Aşura hadisəsi əvvəldən sona qədər bir baxımdan yarım gün, bir baxımdan iki sutka və bir baxımdan yeddi-səkkiz gün olmuşdur. Bundan artıq olmamışdır. Yəni İmam Hüseynin (ə) Kərbəlaya daxil olduğu gündən hadisə başlayır. Lakin bu hadisənin təsiri həm bizim inqilabımızda, həm müharibədə, həm də tariximizdə hiss olundu. Bu hadisə nəinki şiələr, hətta qeyri-şiələr tərəfindən zülm əleyhinə aparılan inqilablara mühüm təsir bağışlamış, hətta qeyri-müsəlman cəmiyyətlərə də təsirli olmuşdur. Qandidən və digərlərindən buna dair sözlər söyləyirlər və digər yerlərə də təsir etməsi mümkündür. Amma hər halda, bizim özümüzün 1300-1400 illik tariximizdə bu yarımgünlük hadisə təsirli olmuşdur. Bu baxımdan, bizim səkkizillik müharibəmizi İmam Hüseyn (ə) Aşurasının 8 və ya 9 saatı ilə müqayisə etməmiz və onu daha parlaq bilməmiz qəribə deyil, həqiqətən elədir. Mən tarixdə elə bir hadisə tanımıram ki, həmin yarım günün fədaklarlığı ilə müqayisəyə gəlsin. Bütün hadisələr ondan kiçikdir. Bu səbəbdən biz nə üçün onun cəmiyyətimiz daxilində uzun illər təsirli ola bilməsini düşünməyək?![491]

          Boş sahələrdən biri müharibə əlilləri mövzusudur. Mən bir neçə il qabaq dostların birinə dedim ki, özünüzü əlillər evində yaşayan müharibə əlilinin yerinə qoyun. Təbii ki, bu mümkün deyil, amma fərz edin onun həyatının bir qədərini müəyyən həddə dərk edə bilərsiniz. O digər insanlar kimi yol yeriyən, futbol oynayan, maşın sürən, kitab oxuyan və ailəli bir gənc olmuş, indi isə aciz bir varlığa çevrilib əlil evinə düşmüşdür. Onun hissləri, beyni və gözləntiləri yerində qalır. Bunlar həqiqətdir və onun imanı həyatı ona şirinlədəcək yeganə amildir. Əgər həqiqətən imanı olsa, ona ümid verər, həyat gözündə gözəlləşər, olmasa, həyat acı olar və cəhənnəmə çevrilər. Siz bu imanı necə qorumaq istəyirsiniz? Mühüm məsələ budur ki, o daim acı reallıqlarla üz-üzədir və biz onda bu imanın yaşamasına çalışmalıyıq. Bundan ötrü müharibə əlillərinə xas kitablar yazılmalıdır. Əlbəttə, bu o demək deyil ki, onu yalnız müharibə əlilləri oxumalıdır. Əslində biz də oxuyarıq, amma onun müraciət tərəfi müharibə əlili olar. Kitabın məqsədi onda ümid yaratmaq olsun. Mən sizin hansı sözləri seçəcəyinizi bilmirəm, amma məqsəd ona ümid, iman vermək, ətrafında olan acı reallıqlar qarşısında təskinlik vermək, onu inqilabı və bu yolu davam etdirmək üçün faydalı bir varlığa çevirmək olsun. Çünki müharibə əlili öz imtahanını vermişdir. Demək istəmirəm ki, bütün müharibə əlilləri belədir, onların arasında bir nəfər də təsadüfən əlil ola bilər. Onların əksəri canlarını vermək üçün döyüşə getmiş şəxslərdir, amma təsadüfən onurğalarını əldən verib qayıtmışlar. Buna əsasən, onlar imtahanlarını vermişlər. Onlar üçün kitab yazılmalıdır, bizim isə yoxumuzdur. Mən baxdım, bəlkə də dostlara da demişəm, ruslar "Həqiqi bir insanın əhvalatı" adlı bir kitab yazıb orada çap ediblər. Bu kitabı 1981, yaxud 82-ci ildə bir nəfər gətirdi və mən oxudum. Çox yaxşı kitabdır. Əhvalat belədir ki, bir pilotun təyyarəsi müharibədə vurulur. O, dizləri ilə çoxlu yol qət edir, böyük əziyyətdən sonra xilas olur, amma ayaqlarını kəsirlər. Pilotun işi ayağına bağlıdır; güclü bir dayağı və ayağı olmadan təyyarə sürə bilməz. Belə bir adam yatağa düşür, sonra tədricən məşq etməyə başlayır və ona protez ayaqlar qoyurlar. Sonda həmin pilot döyüş təyyarəsinə minir və uçur. Siz görün bu, ayağını itirmiş müharibə əlili üçün nə qədər ibrətamizdir. Lakin bu rus və Sovet mədəniyyəti ilə yazılmışdır, bizim deyil. Yəni onun çoxlu məsələləri bizə yaddır. Biz onu öz əlilimizə versək, onun işinə yaramaz, onu öz inqilabçı xəttində ümidli saxlaması bəlli deyil, bəlkə də bəzi başadüşülən səbəblərdən onu daha da ümidsiz edə bilər. Hər halda, bizdə nə üçün belə bir kitab olmasın?! Mən bir neçə il öncə yazıçı qardaşların birinə dedim ki, mən sənə icazənamə verim, get əlil evlərinin birində 2-3 ay feldşer paltarı geyin; ailə-uşağı tərk et, elə bil müharibədir. Orada müharibə əlillərimizin yanında qal, onlar sənin kim olduğunu bilməsinlər, hamı səni bir feldşer sansın və sən bir əlil həyatının necə olduğunu anla. Sonra isə onun həyatını, əziyyətlərini, qəmini, dözümünü, gözləntilərini və çatışmazlıqlarını bayıra ötürüb dərdinə dərman və qəlbinin yaralarına məlhəm olan bir kitab yaz. Mən indi sizə deyirəm ki, hansınız bu işi görmək istəyirsinizsə, gedin müharibə əlillərinin arasında bir qədər qalın, çünki uzaqdan reallıqları görmək olmur.[492]

          Müharibə əlilinin daxili dünyasını heç kəs həmişə dərk etməyə qadir deyil; necə ki, heç bir insan başqa bir insanın daxilini dərk edə bilmir. Ya onun özünün incəsənət istedadı olub bəyan etməlidir, ya da siz onun daxilində baş verənləri, hətta onun özünün və digərlərinin həvəslənməsinə səbəb olan ona aid məsələləri tapıb bəyan etməlisiniz. İkinci işi hər bir sənət adamı görə bilər. Mən bunun üzərində dayanıb dedim ki, siz gedin müharibə əlilləri ilə ünsiyyətdə olun, onları düzgün tanıyın, sözlərini eşidin, fikirləri ilə tanış olun. Müharibə əlili haqda deyiləsi sözləri incəsənət olmadan yetərincə demək mümkün deyil. Sənət dili olmadan bəzi məsələləri söyləmək imkansızdır.[493]


Beşinci fəsil: Mədəni-incəsənət qurumlarının mədəni hücuma qarşı vəzifələri

Birinci hissə: Universitetlərin və ali təhsil mərkəzlərinin vəzifələri

          1- İniqlabçı və İslamçı nəsil yetişdirmək

          İnqilab dünyanın bir nöqtəsində baş verib möcüzəli təsirlər göstərən bir hadisədir. Bu hadisənin davamı və faydaları insanların tərbiyəsi ilə birbaşa əlaqədardır. Əgər inqilabın sözünü dərk edib onu qoyuran, ona əməl edən, o yolu və istiqaməti davam etdirən düzgün və elmli insanlar olsa, inqilab yaşayıb qalacaq, onun faydaları davamlı olacaq. Əgər Allah eləməmiş, inqilabın baş verdiyi bir mühitdə insanlar düzgün formada tərbiyə olunmasalar, tərbiyə prinsipləri məhv edilsə, İslam cəmiyyətində İslamın tərbiyə sisteminin xırdalıqlarına əməl olunmasa, xülasə, həm məlumatlı, həm qayğıkeş, həm məsuliyyətli, həm bacarıqlı, həm yüksək əhval-ruhiyyəli insanlar yetişdirilməsə, şübhəsiz, onun ilkin təməli də təhlükəyə uğrayacaq və tələf olacaq.       Dünyanın bir zaman özünü göstərib çağlamış və sonradan zəifləyib məhv olmuş, yaxud istiqamətini dəyişmiş bütün bəşəri səyləri ayıqlığın, düşüncənin, iradənin, aydınlığın və ruhiyyənin çatışmazlığına görə bu taleyi yaşamışdır.[494]

          Biz 10-15 ildən sonra İslam və inqilab cəmiyyətini qoruyacaq bir nəsil yetişdirmək istəyiriksə, bu gün onun üçün xüsusi öhdəlik və vəzifələr tanımalıyıq. Biz 15 ildən sonra inqilabın əvvəlindən daha 15 il uzaqlaşmış olacağıq. Əvvəldə daha güclü və qızğın olan hər bir şey kimi inqilab alovu, həvəsi də bir o qədər zəifləyəcək. Bu alov zəifləyəndə biz ona uzunömürlü və münasib odunlar hazırlamış olsaq, qələbədən 20-25 il sonra inqilabın istiliyindən cəmiyyətimizə nəsə çatacaq. Lakin bu alovdan istifadə etməsək, tez sönüb bitəcək. Belə olduqda bu gün işə başlayan bir gəncdən 10-15 ildən sonra təbii ki, cəmiyyətin inqilabi və islami istəklərinə cavab verməsini gözləyə bilmərik. Siz həmin nəsli yetişdirmək üçün bu gün nə etməlisiniz? Bu, dərs oxumaqdan və tədqiqat aparmaqdan fərqli və tamam başqa bir şeydir.[495]

          İslam Respublikasının kadr yetişdirmə aparatı düzgün işləməli və İslam Respublikasının məqsədlərinə uyğun kadrlar hazırlamalıdır. Biz xalqın, xüsusən də müsəlmanların malik olduğu müqəddəs arzulardan uzaq bir alim yetişdirmək istəsək, yaxşısı budur ki, tələbələrimizi qrup-qrup elm mərkəzlərinin bizdən daha imkanlı, daha modern olduğu ölkələrə göndərək, gedib oralarda oxuyub gəlsinlər. Halbuki məqsədimiz bu deyil. Məqsəd budur ki, ölkə elm və düşüncə baxımından layiqli insanlar tərəfindən idarə olunsun və öz məqsədlərinə doğru hərəkət etsin. Bu yalnız o zaman mümkün olar ki, insanlar həmin məqsədləri bilib qəbul etsinlər.[496]

          Müsəlman iranlının öz ayağı üstə dayanması üçün iki-üç əsr boyu boynuna, əlinə və ayağına dolanmış əsarət kəndirlərini açmaq və “iranlı bir şey bacarmır” deyən yanlış müstəmləkə mədəniyyətini məhv etmək lazımdır. Bu məmləkətdə nefti milliləşdirmək istəyəndə Pəhləvi məmurlarından biri dedi: “İranlı palçıq aftaba düzəldə bilmir, neft sənayesini necə idarə edəcək?!” Bu, müstəmləkəçilərin müsəlmanlara, müstəmləkəyə çevirdikləri ölkələrin əhalisinə və bizim xalqımıza təlqin etdiyi mədəniyyətdir. Deyirdilər ki, sənayenizi biz qurmalı, əkinçiliyinizi biz yoluna qoymalı, məktəblərinizə biz proqram hazırlamalı və hökumətinizi biz idarə etməliyik. Pəhləvi və Qacar sülalələrinin bu ölkənin başına açdığı bəla və bu xalqı saldıqları rəzil durum bizi yüz il geriyə atdı. Bu rəzilliyə son qoymaq və parlaq iranlı istedadının İranın və İslamın maraqlarının xidmətində işlənməsi üçün bacarıqlı kadr yetişdirməkdən başqa bir yol yoxdur. Bunu kim yetişdirəcək? Qaralmış bu daşı, paslanmış bu metalı kim sürtüb parıldadacaq və iti bıçağa çevirib bütün işləri görəcək?[497]

          2- Universitetlərə İslam dəyərlərini hakim etmək

          Bizim universitetlərimiz bu gün elə olmalıdır ki, sabahkı məzunları inqilaba və İslama sadiq kadrlar olsunlar. Biz bu inqilabın dəyərləri, birinci növbədə milli istiqlaliyyət, ölkənin azadlığı, beynəlxalq istismarçıların boyunduruğundan qurtuluş dəyərləri, İslama öhdəçi və itaətkar bağlılıq üçün bir şey fikriləşməliyik. Bizim bugünkü tələbəmiz bu devizlərə dəyər tanımalıdır. Bu isə xüsusi vəzifələr tələb edir. Bu, universitet üçün xüsusi bir öhdəlikdir. Bundan ötrü nə etmək istəyirsiniz?[498]



Geri   İrəli
Go to TOP