A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Peyğəmbər (s) narahat oldu. Həzrətin səhabələri də həyəcanlandılar. Belə ki, namusu əldən getmiş kişi qamçılanmalıydı da! Çünki onun sözünü təsdiq edəcək şahidi yox idi. Həmin məqamda hazırkı ayə nazil oldu.

Qadın da kişi kimi özünü müdafiə etmək hüququna malikdir. Yoxsa kişi dörd dəfə and içməklə həyat yoldaşını daşqalağa məhkum edə bilərdi. İslam hamının hüququnu müdafiə edir. Kişinin uyğun qanundan sui-istifadəsinin qarşısını almaq üçün qadına öz paklığını sübut etmək imkanı verilir. Qadın dörd and içməklə və ərinin yalan danışdığını bildirməklə daşqalaqdan qurtara bilər.

O, sözünü daha da möhkəmləndirmək üçün deyir ki, əgər ərim doğru deyirsə, Allahın qəhr-qəzəbinə gəlim.

Kişinin beşinci cümləsində Allahın lənəti, qadının beşinci cümləsində Allahın qəzəbi yad olunur. Qəzəb lənətdən də şiddətlidir. Çünki böhtanla üzləşmiş kəs daha çox həssasdır və daş-qalaqdan qurtulmaq üçün Allahın qəzəbinə düçar olmağa hazırdır.

Bir sözlə, qazi və İslam hakiminin hüzurunda dilə gətirilən bu cümlə “ləan” (bir-birini lənətləmək) adlanır. Bu istiqamətdə xüsusi fiqhi və hüquqi məsələlər bəyan olmuşdur. Qazi və İslam hakimi qadın və kişiyə nəsihət verməli, onları bir-birini lənətləməkdən çəkindirməyə çalışmalıdır. Səylər nəticə vermədikdə qadın və kişi Məscidül-Həram və Məscidün-nəbi kimi müqəddəs yerlərə aparılmalı və üzü qibləyə dayandırılmalıdır. Sonra bir-birini lənətləmə mərasimi icra olunmalıdır.

●Lənətləmə və and mərasimi ilə yanaşı İslam müəyyən qanunlar nəzərdə tutmuşdur. Bu qanunlara əməl olunmalıdır:

1. Qadın və kişi talaq (boşanma) siğəsi oxunmadan bir-birindən həmişəlik ayrılır və onlara yenidən evlənmək üçün müraciət haqqı verilmir.

2. Kişiyə səksən qamçı vurulmur, qadın daşqalaq edilmir.

3. Həmin qadın dünyaya uşaq gətirsə, bu uşaq kişiyə yox, qadının özünə aid olur.

●Bu bir neçə ayədə məlum olur ki, Allah zinanın isbatı üçün dörd şahid, ya lənət və qəzəblə müşayiət olunan dörd and müəyyənləşdirməklə Öz fəzl və rəhməti əsasında rüsvayçılığa mane olur. Adi halda hər gün minlərlə kişi və qadın bir-birini rüsvay edir, qəbilə-tayfasını çətinliyə salır.

Bəli, qadının öz şəxsiyyətini müdafiə etməsi və bir neçə cümlə deməklə daşqalaqdan qurtulması ilahi fəzl nişanəsidir. Belə olmasaydı, bir çoxları daşqalaq edilər, şəxsiyyətləri alçalar, ailələri dağılardı.

Bildirişlər

1. Abır-həya və onun qorunmasına İslamda diqqət verilir. ( Dörd and və bir lənət insanların bir-birlərini rüsvay etməsinin qarşısını almaq üçündür.)

2. Zövcələrə münasibətdə dörd and və bir lənət dörd şahid əvəzində qəbul olunmuşdur.

3. İslam qadınların hüquqlarını himayə edir. Qadın da dörd and içməklə özünü kişinin dörd andla isbata yetirdiyi ittihamdan qoruya bilər.

4. İslam ailə təməlinin qorunması üçün dörd anddan əlavə, beşinci cümlənin də deyilməsini vacib saymışdır.

5. Qadının andı vasitəsi ilə kişilərin sui-istifadə yolu bağlanır.

6. Müəyyən şəraitdə lənətləməyə icazə verilir.

7. İlahi qanun və göstərişlərin icrası insanların özü üçün faydalıdır.

8. Allah daim məsləhət və hikmət əsasında üzrü qəbul edir.

9. İslamın cəza qanunları ölçülü və ilahi hikmətə əsaslanan hökmlərdir.

 

 

 

 

 

 

 

 

Ayə 11:

﴿إِنَّ الَّذِينَ جَاؤُوا بِالْإِفْكِ عُصْبَةٌ مِّنكُمْ لَا تَحْسَبُوهُ شَرًّا لَّكُم بَلْ هُوَ خَيْرٌ لَّكُمْ لِكُلِّ امْرِئٍ مِّنْهُم مَّا اكْتَسَبَ مِنَ الْإِثْمِ وَالَّذِي تَوَلَّى كِبْرَهُ مِنْهُمْ لَهُ عَذَابٌ عَظِيمٌ﴾

“Şübhəsiz, araya böyük yalan gətirənlər özünüzdən təşkil olunmuş bir dəstədir. Onu özünüz üçün şər saymayın. Bəlkə də, o (sonda) sizin xeyrinizədir. Onlardan hər biri yol verdiyi günah həddində cəzalandırılar. Günahın böyük hissəsini öhdəsinə götürən kəs üçün isə böyük bir əzab var.”

 

Nöqtələr

●“İfk” sözünün lüğətdə mənası haqdan batilə yönəlmədir. Böhtan da bir növ haqqı ört-basdır etmək, batili üzə çıxarmaqdır.

●Bəzi təfsirçilər bu ayənin nazil olma şəni haqqında deyirlər: Həzrət Peyğəmbər (s) hər səfərdə püşk atıb zövcələrindən birini özü ilə götürərdi. O, Bəni Müstələq döyüşündə Ayişəni özü ilə apardı. Döyüş başa çatdıqdan sonra xalq Mədinəyə döndü. Ayişə yuyunmaq və ya boyunbağısının itmiş dənəsini tapmaq üçün karvandan geri qaldı. Ayişənin geridə qaldığını görən səhabələrdən biri onu karvana çatdırdı. Bəziləri Ayişə və həmin səhabəyə böhtan atdılar. Bu söz xalq arasında yayıldı və Peyğəmbər (s) narahat oldu. Ayişə böhtanın dərdindən atası evinə gedib hazırkı ayə nazil olanadək göz yaşı axıtdı.[125]

●Başqa bir qrup təfsirçi, xüsusi ilə “Ətyəbul-bəyan” təfsirinin müəllifi müəyyən rəvayətlərə əsaslanaraq bildirir ki, ayə Ayişə yox, Peyğəmbərin (s) başqa bir zövcəsi, Mariyə Qibtiyyə haqqında nazil olmuşdur. Allah-təalanın Mariyəyə bəxş etdiyi İbrahim adlı övlad 18 aylığında dünyasını dəyişdi. Ayişə və Həfsə dedi: “Ey Peyğəmbər (s), nə üçün ağlayırsan? İbrahim sənin yox, bir başqasının övladı idi.” Birinci və ikinci xəlifə də öz qızlarının sözünü təsdiqlədilər. Həmin vaxt ayə nazil oldu.

●Əllamə Cəfər Murtəza yazır: “Ayə Mariyə Qibtiyyə haqqında nazil olmuşdur. Söhbət Mariyəyə böhtan atılmasından gedir. Mariyyə ilə yaxınlıqda ittiham olunan şəxsin əslində belə bir yaxınlığa fiziki imkanı olmamışdır. Böhtan atılan vaxt həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) məsələni aydınlaşdırmaq üçün həmin şəxsin yanına göndərir. Həmin şəxs Həzrət Əlini (ə) görüb ağaca dırmaşır. Həzrət Əli (ə) adı çəkilən şəxsin cinsiyyət üzvündən məhrum olduğunu görür. O, gördüklərini həzrət Peyğəmbərə (s) çatdırır. Həmin vaxt ayə nazil olur, Ayişə, Həfsə və şeyxlər xəcalət təri axıdırlar. Beləcə, Mariyənin paklığı sübuta yetir.

Qeyd etmək lazımdır ki, ayənin qeyd etdiyimiz nazil olma səbəbləri ilə bağlı suallar var. Amma bu təfsirin məqsədi ayələrin bildirişlərini aydınlaşdırmaqdır və nazil olma səbəbləri ilə bağlı geniş araşdırma nəzərdə tutulmamışdır.

●İfk günahında bir neçə günah cəmlənmişdir: Yalan, möminə qarşı sui-zənn, möminin incidilməsi, xəyanət, Peyğəmbərə (s) əziyyət, Peyğəmbər (s) ailəsinin təhqiri, şayiə.

Bildirişlər

1. Peyğəmbərin səhabələri arasında ədalətsiz olanlar da vardı.

2. Bəzən şayiə təşkilati qaydada, fitnə törətmək məqsədi ilə ortaya atılır. (“Usbə”) dedikdə təşkilatlanmış və məqsədli bir qrup nəzərdə tutulur.)

3. Şayiə düzəldənlər sizin öz aranızdadır.

4. Bəzən qarşıya çıxan hadisələr və yersiz böhtanlarda müəyyən faydalar olur. (Məsələn, müxaliflərin iç üzü açılır, insan qəflətdən oyanır, məzluma ilahi yardımlar nazil olur.)

5. Bədxahların fitnə və böhtanları qarşısında yaxınlara ümid vermək lazımdır.

6. İlahi cəzalar ədalətlidir və öz əməllərimizə münasibdir.

7. Qrup tərəfindən baş vermiş günahda hər qrup üzvünün öz payı var.

8. İnsan günaha bilərəkdən yol verdikdə müqəssir sayılır.

9. Hər bir insanın günahı onun öz yaxasından yapışır.

10. Birinci dərəcəli məsuliyyət daşıyanların cəzası da böyük olur.

Ayə 12:

﴿لَوْلَا إِذْ سَمِعْتُمُوهُ ظَنَّ الْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بِأَنفُسِهِمْ خَيْرًا وَقَالُوا هَذَا إِفْكٌ مُّبِينٌ﴾

“Nə üçün böhtanı eşitdiyiniz vaxt imanlı kişilər və qadınlar özlərinə münasibətdə yaxşı düşünmədilər və demədilər ki, bu, böyük və aşkar bir böhtandır?”

 

Nöqtələr

●Allah-təala bu ayədə müsəlmanları Peyğəmbərin (s) zövcəsinə münasibətdə bədgümanlıq və şayiəyə uyduqlarına görə məzəmmət edir.

●Quran bəzən «başqaları» sözü əvəzində «siz» sözünü işlədir. Bununla da bütün müsəlmanların bir olmasına işarə edilir. Məsələn, «başqasına tənə etməyin» əvəzində, «özünüzə tənə etməyin» deyilir.[126] Başqa bir ayədə otağa daxil olduqda «başqalarına salam verin» əvəzinə özünüzə salam verin buyurulur.[127]

Bu ayədə də «başqalarına qarşı xoşgüman olun» əvəzinə «özünüzə münasibətdə xoşgüman olun» söylənilir.

●Qurani-Kərimdə «lov la» sözü çoxsaylı məqamlarda məzəmmət məqsədi ilə işlədilir. Bu hallardan bəzilərini nəzərdən keçirək:

1. “Nə üçün alimlər nəhy əz münkər (pisliyə qadağa) etmirlər?! [128]

2. “Nə üçün hər eşitdiyinizi qəbul edirsiniz?!”[129]

3. “Nə üçün rəva olmayan sözünüzə dörd şahid gətirmirsiniz?[130]

4. “Nə üçün Allahdan bağışlanma diləmirsiniz?”[131]

5. “Nə üçün onlara əzab yetişdiyi vaxt yalvarıb-yaxarmadılar?”[132]

6. “Nə üçün şükür etmirsiniz?”[133]

7. “Nə üçün təsdiq etmirsiniz?”[134]

8. “Nə üçün ibrət götürmürsünüz?”[135]

9. “Nə üçün hər firqədən bir dəstəsi dində agahlıq əldə etmək üçün köçmür?”[136]

Bildirişlər

1. Şayiə düzəltmək və onu yaymaq qadağandır.

2. İslam cəmiyyətinə xoşgümanlıq ruhiyyəsi hakim olmalıdır. (Xoş güman iman əsərlərindən biridir.)

3. Bir fərdin şəxsiyyəti üçün bütün xalq məsuliyyət daşıyır.

4. Adəm övladları bir bədənin əzaları kimidir. İnsan cəmiyyətinin hər hansı üzvünə böhtan bütün cəmiyyətə qarşı böhtandır.

5. Günah dəlillərlə sübuta yetişsə, müsəlmanın əməli ilkin olaraq düzgün sayılır.

6. Peyğəmbər (s) və onun ailəsinin hörmətinin hifzi hər bir möminə vacibdir.

7. Möminlər haqqında ləyaqətsiz sözlər danışılarkən susmaq qadağandır.

Ayə 13:

﴿لَوْلَا جَاؤُوا عَلَيْهِ بِأَرْبَعَةِ شُهَدَاء فَإِذْ لَمْ يَأْتُوا بِالشُّهَدَاء فَأُوْلَئِكَ عِندَ اللَّهِ هُمُ الْكَاذِبُونَ﴾

“Nə üçün həmin böhtanı təsdiq edəcək dörd şahid göstərmədilər? Yetərli şahid gətirmədiklərindən onlar Allah yanında yalançılardır.”

Bildirişlər

1. Sadəlövh, tez inanan və hədyan danışan cəmiyyət məzəmmət olunur.

2. Zina ittihamı sübuta yetməsə, ittihamı irəli sürən yalançıdır.

Ayə 14:

﴿وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ لَمَسَّكُمْ فِي مَا أَفَضْتُمْ فِيهِ عَذَابٌ عَظِيمٌ﴾

“Əgər sizə dünya və axirətdə ilahi fəzl və rəhmət olmasaydı, dediyiniz sözlərin cəzası olaraq hökmən böyük bir əzaba düçar olardınız.”

Nöqtələr

●“İfazə” sözündən olan “əfəztum” sözü bir mövzu ətrafında çox danışılmasına işarədir. Məlum olur ki, Peyğəmbər (s) zövcəsinə böhtan gündəmdə idi və hamı bu barədə danışırdı.

Bildirişlər

1. Tez inanan və etinasız insan üçün daim böhtanın qəbulu və çətin əzab təhlükəsi var.

2. İslam ümməti Allahın himayəsi və lütfü altındadır.

3. Kimsənin Allahdan alacağı yoxdur. İlahi rəhmət və lütf bizim haqqımız yox, Onun fəzlidir.

4. Şayiələr bəzilərinin qərq olduğu bir girdab kimidir.

Ayə 15:

﴿إِذْ تَلَقَّوْنَهُ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُم مَّا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَتَحْسَبُونَهُ هَيِّنًا وَهُوَ عِندَ اللَّهِ عَظِيمٌ﴾

“O zaman ki, bir-birinizin dilindən söz alır, elminiz olmadığı halda ağızdan-ağıza ötürür və bunu kiçik iş sayırdınız. Amma bu iş Allahın yanında böyükdür.”

Nöqtələr

●Dil ömür boyu işdən yorulmayan, xəstəliyə düçar olmayan yeganə üzvdür. Onun boyu balaca, günahı isə ölçüsüzdür. Bir çox kafir insanlar şəhadət kəlmələrini dilə gətirməklə müsəlman olub paklanır, bəzi müsəlmanlar isə Allaha qarşı küfr danışmaqla, dini hökmləri inkar etməklə kafir olub murdarlanır. Dil zikr, dua və nəsihətlə səfa da verə bilər, tikanlı danışıq, qeybət və böhtanla aranı qata da bilər. Dil ağılın açarı, elmin çırağı, elmin ötürülməsi üçün ən sadə və ən dəyərli vasitədir.

Əxlaq alimləri dil haqqında bir çox araşdırmalar aparmış, çoxsaylı kitablar yazmışlar.

Bildirişlər

1. Dildə gəzən sözü araşdırma aparmadan qəbul etmək yolverilməzdir.

2. Dildən çıxan söz elmə əsaslanmalıdır.

3. Xalqın şəxsiyyətinə qarşı diqqətli olaq.

4. Böhtan və şayiələri yaymaq kəbirə günahlardandır.

5. Günahın kiçik-böyüklüyünü Allah təyin etməlidir.

6. Peyğəmbərin (s) bəzi səhabələri ədalətli olmamış, onun zövcəsinə böhtan kimi böyük günaha yol vermişlər.

7. İnsanın bəzi hesablamaları həqiqətdən uzaq olur.

 

Ayə 16:

﴿وَلَوْلَا إِذْ سَمِعْتُمُوهُ قُلْتُم مَّا يَكُونُ لَنَا أَن نَّتَكَلَّمَ بِهَذَا سُبْحَانَكَ هَذَا بُهْتَانٌ عَظِيمٌ﴾

“Nə üçün (bu böhtanı) eşitdiyiniz zaman demədiniz ki, «bu əsassız böhtanı danışmaq bizə yaraşmaz, (Pərvərdigara,) Sən pak-pakizəsən, bu çox böyük böhtandır.»”

 

Nöqtələr

●Günah bəzən təsirlərinə, bəzən isə ona yol verənə görə böyük və ya kiçik sayılır.

●“Əzim” sözü üç ayədə ardıcıl təkrarlanır. Bununla da bildirilir ki, böyük günahın böyük cəzası var.

●Xalq haqqında danışılan yersiz söz insanları heyrətə gətirdiyindən (“boht”), onu “böhtan” adlandırmışlar.

Bildirişlər

1. Nəhy əz münkər, yəni pisliyə qadağa qoymaq vacibdir. (Müsəlmanların şəxsiyyətini qorumaq üçün danışmaq vacibdir.)

2. İnsan dinlədiyi sözlərə görə məsuliyyət daşıyır.

3. Mühüm məsələləri dinləyərkən “sübhanəllah” deyin.

4. Bütün dünya əhəmiyyətsiz bir matahdır. Müsəlmanlara qarşı böhtan isə Allah yanında böyük günah sayılır.

Ayə 17:

﴿يَعِظُكُمُ اللَّهُ أَن تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِن كُنتُم مُّؤْمِنِينَ﴾

“Allah sizə nəsihət verir ki, əgər imanınız varsa, heç vaxt bu sayaq böhtanları təkrarlamayın.”

Ayə 18:

﴿وَيُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾

“Allah Öz ayələrini sizin üçün bəyan edir. O, biləndir və hikmət sahibidir.”

 

Bildirişlər

1. Xalqın moizəyə, öyüd-nəsihətə ehtiyacı var.

2. Əsil vaiz (moizə edən, nəsihət verən) Allahdır.

3. Moizənin (öyüd-nəsihətin) təsiri üçün iman şərtdir.

4. Moizə xalqın şəxsiyyətini qorumağa və sui-zənnin qarşısını almağa yönəlməlidir.

5. Sui-zənn və iftiraya aludəlik imanın məhvinə aparır.

6. Peşmanlıq kifayət etmir, günah da təkrarlanmamalıdır.

7. Xilaf işin təkrarlanmaması iman nişanəsidir.

8. Böhtan atmayın. Dəlil yoxsa, müsəlmanın əməlini düzgün sayın.

9. Günahkarları günahdan tövbəyə çağırın.

10. İslam göstərişlərinin qaynağı ilahi elm və hikmətdir.

11. İlahi elm və hikmət ayələrin xalqa bəyanını və onların bir kənara qoyulmamasını tələb edir.

Ayə 19:

﴿إِنَّ الَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ﴾

“Həqiqətən, iman əhli haqqında pis söz yaymaq istəyənləri dünya və axirətdə dərdli əzab gözləyir. Allah bilir, siz bilmirsiniz.”

 

Nöqtələr

●Pis söz bəzən dil və qələmlə, bəzən fəsad mərkəzləri və günah şəraiti yaratmaqla, başqalarını günaha təşviq etməklə yayılır.

İmam Sadiq (ə) buyurur: “Bir möminlə bağlı nəsə görüb eşidən kəs onu başqalarına danışarsa, bu ayə ona ünvanlanmış olar.”[137]

Bir hədisdə oxuyuruq: «Pis bir işi yayan kəs həmin işi görən kəs kimidir.»[138]

Bildirişlər

1. Biz qəlb bağlılıqlarımıza görə məsuliyyət daşıyırıq.

2. Günaha maraq günah üçün müqəddimədir. Nəhy əz münkər, pisliyə qadağa yolunda pisliyə marağı aradan qaldıraq.

3. Böhtan elə bir günahdır ki, hətta ona xoş münasibət də böyük günahdır.

4. Başqalarının şəxsiyyətini alçaltmağın elə bu dünyadaca cəzası var.

5. İnsanların şəxsiyyətini alçaldan kəslər İslam hökuməti tərəfindən tənbeh olunmalıdır.

6. Biz böhtanın necə bir dərin faciə olduğunu bilmirik.

7. Dünyada qarşılaşdığımız bir çox əzab və çətinliklərin səbəbi başqalarını hörmətdən salmağımız ola bilər.

8. Əgər pisliyə maraq bu qədər təhlükəlidirsə, görün onu yaymağın cəzası necə böyükdür?!

 

Ayə 20:

﴿وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّه رَؤُوفٌ رَحِيمٌ﴾

“Allah sizə fəzl və rəhmət göstərməsəydi (sizi ağır cəzalandırardı), Allah rəuf və mehribandır.”

Ayə 21:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ وَمَن يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاء وَالْمُنكَرِ وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَا مِنكُم مِّنْ أَحَدٍ أَبَدًا وَلَكِنَّ اللَّهَ يُزَكِّي مَن يَشَاء وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ﴾

“Ey iman gətirənlər! Şeytanın ardınca getməyin. Hər kəs şeytanın ardınca getsə, həqiqətən də, o, pisliyə çağırır. Əgər Allah sizə fəzl və rəhmət göstərməsəydi, heç vaxt heç biriniz paklanmazdınız. Amma Allah istədiyi kəsi pak edər. Allah eşidən və biləndir.”

 

Nöqtələr

14, 2021-ci ayələrdə üç dəfə Allahın fəzl və rəhmətindən danışıldı. Bildirildi ki, Allahın fəzli olmasaydı, sizin vəziyyətiniz çətin olardı!

“Xütut” sözünün cəm forması olan “xütuvat” sözü “addımlar” mənasını bildirir. Quran şəhvət, qidalanma və böhtandan danışarkən “şeytanın addımları” sözünü işlədir. Məlum olur ki, şeytan insanı addım-addım günaha sövq edir.

Quranda “şeytanın addımları” təbiri bir neçə dəfə işlədilmişdir. Vəhdət haqqında buyurulur: “Birlikdə sülhə gəlin. Şeytanın addımlarını izləməyin.”[139] Qidalanma ilə bağlı buyurulur: “Halal və pak şeylərdən yeyin, şeytanın addımlarını izləməyin.”[140] Bu ayədə isə pisliyin yayılması ilə bağlı möminlərə buyurulur: “Şeytanın addımlarını izləməyin (ona tabe olmayın).”

Şeytana itaət, onun addımlarını izləmə nümunələrinə nəzər salaq: fəsad əhli ilə dostluq, onların məclislərində iştirak etmək, öncə günah fikri, sonra kiçik günahlara batmaq, daha sonra böyük günahlara yol vermək və sonda daşqəlblilik, bədbəxtlik, puçluq.

Bildirişlər

1. İmanımıza güvənməyək, ardıcıl xəbərdarlıqlara diqqətli olaq.

2. Şeytan möminləri azdırmaq üçün hamıdan çox çalışır.

3. Tədrici, addım-addım nüfuz şeytanın siyasətidir. (Elə ilk addımda ehtiyatlı olaq.)

4. İnsan bir yol seçib addım atmağa məcburdur. Ona görə də doğru yol seçmək və şeytanın addımlarından uzaq olmaq lazımdır.

5. Pisliyin yayılması şeytan addımlarındandır.

6. Danışanda dəlillərə əsaslanaq. Allah-təala buyurur ki, «şeytana tabe olmayın.» Sonra uyğun buyruğu dəlil göstərir: «çünki o, günaha çağırır.»

7. Şeytan ona tabe olanlara əmr edir.

8. Şeytanın işi namazın təsirləri ilə ziddiyyət təşkil edir. Şeytan insanı günaha çağırır, amma namaz insanı günahdan uzaqlaşdırır.[141]

9. İlahi tövfiq (yardım) olmadan paklanmaq mümkünsüzdür.

10. İnsan hər an Allahın lütfünə ehtiyaclıdır.

11. İnsanın qarşısında yalan və pislik var. Amma tövbə və qurtuluş yolu da açıqdır.

12. Allahın övliyaları da ilahi tövfiqə ehtiyaclıdır.

13. Hikmət sahibi olan Allah insanların hazırlığı, ləyaqəti və tutumu həddində xeyir nazil edir.

14. Allahın hər şeyi eşidib görməsi insanı pis işlərdən uzaqlaşdıran ən əsas amildir.

Ayə 22:

﴿وَلَا يَأْتَلِ أُوْلُوا الْفَضْلِ مِنكُمْ وَالسَّعَةِ أَن يُؤْتُوا أُوْلِي الْقُرْبَى وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ﴾

“Aranızdakı var-dövlət və rifah sahibləri and içməməlidirlər ki, yaxınlara, miskinlərə və Allah yolunda hicrət edənlərə bir şey verməyəcəklər. Əksinə, güzəşt etməli, bağışlamalıdırlar. Yoxsa istəmirsiniz ki, Allah sizi bağışlasın? Allah bağışlayan və mehribandır.”

 

Nöqtələr

●“Yətəl” sözü “əlv” kökündən olduqda “səhlənkarlıq”, “əla” kökündən olduqda “and içmək” mənasını bildirir. Fiqhi mövzulara aid “ila” sözü də bu mənadadır.[142] “Əfv” sözü bağışlamaq mənasını bildirir. “Səfh” dedikdə “görməməzliyə vurmaq” mənası anlaşılır. Bu isə əfvdən də yuxarı mərhələdir. Belə ki, bu mərhələdə qarşı tərəf məzəmmət olunmur.

●Ötən ayədə böhtan atanlar tənqid olundu. Səhabələrdən bəziləri and içdilər ki, bir daha böhtan atanlara infaq etməyəcəklər. Ayədə bildirildi ki, keçmiş büdrəmələrinə görə məhrumları əliboş qoymayın.

Bildirişlər

1. Rifah içində yaşayanlar məhrumlara münasibətdə məsuliyyət daşıyırlar.

2. İnfaqdan da mühümü onun davamlı olması, bu işdə süstlük göstərilməməsidir.

3. Yardım edərkən həm var-dövlətinizdən, həm də digər imkanlarınızdan istifadə edin.

4. Yardım vaxtı öncə yaxınlar nəzərə alınmalıdır.

5. Təkamül yolunda əldə etdiklərinizlə kifayətlənməyin, səy göstərin.

6. Başqalarını bağışlayan daha tez bağışlanar. (Əfv və güzəşt Allahın mərhəmətini cəlb edən vasitədir.)

7. Bağışlayarkən yeganə məqsəd Allahın əfvi olmalıdır.

8. Təbliğdə insanların daxili hisslərindən faydalanaq.

9. Dini rəhbərlər xalqı infaqa və əfvə həvəsləndirməlidirlər.

Ayə 23:

﴿إِنَّ الَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ الْغَافِلَاتِ الْمُؤْمِنَاتِ لُعِنُوا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ﴾

“Həqiqətən, pak (günahdan) xəbərsiz və imanlı qadınlar haqqında pis danışanlar dünya və axirətdə Allahın mərhəmətindən uzaqdırlar və onlar üçün böyük əzab var.”

 

Nöqtələr

●Quranda kafir, əhdi pozan, qatil, zalım hakimlərə tərəfdar, münafiq, fəsadçı, müşrik, təkəbbürlü, zalım, haqqı gizlədən, yalançı şəxslər lənətlənsə də, böyük əzabla müşayiət olunan dünya və axirət lənəti yalnız pak insanların şəxsiyyətini alçaldanlara aiddir.

●İmam Sadiq (ə) bu ayəni iffətli qadınların ittihamının kəbirə (böyük) günah olması dəlili sayır.[143]

Bildirişlər

1. Qadını ləkələmək daha asandır. İffətli qadınları ittiham edənlərə xəbərdarlıq lazımdır.

2. Böhtan pak insan üçün daha qorxuludur.

3. Fəsad, fəsad mərkəzi və fəsadçı insanlardan xəbərsizlik qadın üçün bir dəyərdir.

4. Böhtanın axirət əzabından əlavə dünya əzabı da var.

5. Qadın hüquqlarının himayəsi Quran proqramlarında nəzərdə tutulur.

Ayə 24:

﴿يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا يَعْمَلُونَ﴾

“Həmin gün dilləri, əlləri və ayaqları onların ziddinə şəhadət verər.”

 

Nöqtələr

●Bədən üzvlərinin şəhadəti Quranda dəfələrlə bəyan olunmuş xəbərdir. “Fussilət” surəsində oxuyuruq: “Cəhənnəmə çatdıqları vaxt onların qulağı, gözü, dərisi günahlarına şəhadət verər.”[144] Başqa bir ayədə oxuyuruq: “Həmin gün kafirlərin ağzına sükut möhürü vurarıq, əlləri bizimlə danışar, ayaqları gördükləri işə şəhadət verər.”[145]

●Şahidlik birinin başqasına qarşı şəhadətindən ibarətdirsə, demək, insanın şəxsiyyəti ona qarşı şəhadət verən üzvlərdən fərqlidir. Şahid və müttəhim ayrı-ayrı fərdlər olmalıdır.



Geri   İrəli
Go to TOP