A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Əməl tərəzisi yüngül gələnlər həmin varlıq sərmayəsini əldən verənlərdir və onlar həmişə cəhənnəmdə qalarlar.”

 

Nöqtələr

●Sual: Bəzi ayələrdə bildirilir ki, Qiyamət günü insanlar bir-birlərinə müraciət edərlər.[89] Bəyan edilir ki, behişt əhli cəhənnəm əhlindən soruşar: Sizin cəhənnəmə düşməyinizə nə səbəb oldu?”[90] Bəs nə üçün hazırkı ayədə insanların bir-birinə sual verməyəcəyi bildirilir?

●Cavab: Bu iki bəyanat bir birinə zidd deyil. Xalqın bir-birini sorğuya çəkməsi hesab-kitabdan sonraya aiddir və behişt əhli ilə cəhənnəm əhli arasında baş verir. Hazırkı ayədə isə Qiyamət və hesabın başlanğıc vaxtından danışılır. Bəli, insanlar behişt və ya cəhənnəmə daxil olmazdan öncə bir-birlərinə sual vermirlər.[91]

Bildirişlər

1. Qiyamət sur üfürülməsi ilə başlayır.

2. Dünyaya aid iftixarlar Qiyamətdə məhv olar.

3. Bütün dünyəvi işlərin hesab-kitabı var.

4. Hər bir iş üçün mizan var.

5. İnsanın ən böyük zərəri onun öz ömrünü və istedadlarını hədərə verməsidir.

6. Yalnız Qiyamət üçün ehtiyac hazırlayanlar qurtuluş əhlidir.

 

Ayə 104:

﴿تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ﴾

“Alov onların üzünü yandırar, cəhənnəmdə çöhrələri turşumuş olar. (Dodaqları sallanar, dişləri ağarar.)”

Ayə 105:

﴿أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَى عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ﴾

“(Onlara deyilər:) «Ayələrim sizə oxunmadımı? Demək, onları yalan sayırdınız?»”

 

Nöqtələr

●“Ləfh” dedikdə çöhrənin yanması, “kəlh” dedikdə isə dodaqların çevrilib, dişlərin ağarması mənaları nəzərdə tutulur.

Bildirişlər

1. Alov hər an, ardıcıl şəkildə cəhənnəm əhlinin üzünü yandırar.

2. Kafirlərə cəhənnəmdə həm fiziki, həm də ruhi əzab verilər.

3. Alov vasitəsi ilə çöhrənin dəyişməsi günahkarların təhqiri üçündür.

4. Allah höccəti tamamladıqdan, tam xəbərdarlıqdan sonra əzab verir.

5. Həqiqətin davamlı inkarı cəhənnəmə gedişin ən əsas rəmzidir.

Ayə 106:

﴿قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ﴾

“Deyirlər: Pərvərdigara! Bədbəxtliyimiz bizə üstün gəldi və azğın bir qövm olduq.”

Ayə 107:

﴿رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ﴾

“Pərvərdigara! Bizi cəhənnəmdən çıxar. Əgər bir də qayıtsaq, şübhəsiz, sitəmkarıq.”

Ayə 108:

﴿قَالَ اخْسَؤُوا فِيهَا وَلَا تُكَلِّمُونِ﴾

“(Allah onlara) buyurar: “Çəkilib odda itin və Mənimlə danışmayın.”

Nöqtələr

●“Xəsəə” dedikdə alçaq vəziyyətdə uzaqlaşma əmri nəzərdə tutulur və bu sözlə it rədd edilir.

●Həzrət Peyğəmbər (s) buyurur: “Şərab içənlərlə əyləşməyin, onlar cəhənnəm itləridirlər.” Sonra həzrət hazırkı ayəni tilavət edir.[92]

●Hədisdə bildirilir ki, cəhənnəm əhlinin çöhrəsi “ixsəu” əmrindən sonra yalnız nəfəs alan ət parçası şəklinə düşər.[93]

●İmam Sadiq (ə) buyurur: “Cəhənnəm əhli əməllərinə xatir bədbəxt olur.[94]

Bildirişlər

1. Qiyamətdə vicdanlar oyanar, günahkarlar öz günahlarına zəlilcəsinə etiraf edərlər.

2. Peyğəmbər yolundan uzaqlıq bədbəxtlik səbəbidir.

3. Allah Qiyamətdə kafirlərlə ən alçaldıcı şəkildə danışar.

Ayə 109:

﴿إِنَّهُ كَانَ فَرِيقٌ مِّنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ﴾

“(Yoxsa unutmusunuz ki,) bəndələrimdən bir dəstəsi deyirdilər: «Pərvərdigara! İman gətirdik, bizi bağışla, bizə rəhm et, Sən rəhm edənlərin ən üstünüsən.»”

 

Bildirişlər

1. Allah azğınların möminlərə ünvanlanmış acı sözlərini cavabsız buraxmır.

2. Allah dərgahına dua Qiyamətdə yox, dünyada faydalıdır.

3. Həqiqi Allah bəndələri daim öz nöqsanlarından ehtiyatlanır və tövbə edirlər.

4. İman bağışlanmanın, bağışlanma ilahi mərhəmətə qovuşmanın müqəddiməsidir.

5. Mehribanlıqların qaynağı Allahdır.

6. Allaha həmd-səna demək dua qaydalarındandır.

 

Ayə110:

﴿فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّى أَنسَوْكُمْ ذِكْرِي وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ﴾

“Siz onları məsxərəyə qoyurdunuz. Nəticədə Məni yada salmağı sizə unutdurdu. Siz onlara gülürdünüz.”

 

Nöqtələr

●“Suxriyya” və “sixriyya” sözləri arasında böyük fərq var.

Əgər cəmiyyətdə insanların rabitələri həmfikirliyə, həmdərdliyə, qarşılıqlı yardıma əsaslansa və bütün insanlar bir-birlərinin imkanlarından bəhrələnsələr, bu cəmiyyət inkişaf edər güclənər. “Zuxruf” surəsinin 32-ci ayəsi də belə bir bəyanatla çıxış edir. Amma insanlar arasındakı rabitələr təhqirə, təcavüzə, biganəliyə əsaslansa, belə bir cəmiyyətdə Allah unudular, süqut labüdləşər. Hazırkı ayədə uyğun nöqtəyə işarə olunur.

●Möminlərin kafirlər üçün qəflət vasitəsi olması belə izah oluna bilər ki, əgər möminlər olmasaydılar, kafirlərin həqiqətlə düşmənçiliyinin mahiyyəti açıqlanmazdı.[95]

Bildirişlər

1. Təhqirin cəzası təhqirdir. (Allah möminləri himayə edir və onlara qarşı təhqirə cavab verir.)

2. Bəndələrin dua və yalvarışına etinasızlıq Allaha etinasızlıqla sonuclanır.

3. Möminlər daim kafirlər tərəfindən məsxərəyə qoyulmaqdadırlar.

4. Möminlərin məsxərəyə qoyulmasının cəzası Allah zikrinin unudulmasıdır.

5. Alçaldıcı zülm «kəbirə günah»lardandır. (Hansı günaha görə əzab vəd edilmişsə, həmin günah «kəbirə» sayılır. Möminlərə qarşı təhqiramiz gülüşə görə cəhənnəm vəd olunduğundan bu gülüş «kəbirə günah» sayılır.)

Ayə 111:

﴿إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ﴾

“Mən bu gün səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlardır qurtuluş əhli.”

 

Ayə 112, 113:

﴿قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلْ الْعَادِّينَ﴾

“(Allah) onlardan soruşar: “Yer üzündə nə qədər qaldınız?” Deyərlər: “Bir gün, ya günün bir hissəsi. Hesab aparanlardan soruş.”

Ayə 114:

﴿قَالَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ﴾

“Buyurar: “Əgər agah olsaydınız, bilərdiniz ki, çox az yubandınız.”

 

Nöqtələr

●“Fovz” sözü məqsədə çatmaq mənasını bildirir.

●Qiyamətdə insanlardan soruşular ki, siz dünyada nə qədər qaldınız! Bu sual Quranda bir neçə dəfə təkrarlanmışdır. Onu hər kəs öz düşüncəsi əsasında cavablandırır. O cümlədən:

–“Bir günün bir saatı qədərində dünyada qaldıq.”[96]

–“Bir gecə, ya bir sübh.”[97]

–“Bir gün, ya günün bir hissəsi.”[98]

●Ola bilsin ki, “yer üzündə nə qədər qaldınız” soruşularkən qəbir və bərzəx aləmində nə qədər qalmaları nəzərdə tutulur.

Bildirişlər

1. Səbir əhli Allahın Özü tərəfindən mükafatlandırılar (Əzab-əziyyətlər, acı sözlər, məsxərələr qarşısında səbrin böyük mükafatı var.)

2. İnsan sabitqədəmlilik sayəsində nicat tapır.

3. Qiyamətdə yalnız səbir əhli nicat tapır.

Səbir və qələbə dostdur qədimdən,

Səbirlə çatarsan qələbəyə sən.

4. Ən böyük peşmançılıq odur ki, insan bir neçə günlük ləzzət və rahatlığa görə həmişəlik cəhənnəm əzabını satın alsın.

5. Möhlət sizi qürrələndirməsin, onun müddəti çox azdır.

6. Dünya ömrü əbədiyyətlə müqayisədə cüzidir.

7. Mələklərdən bəzisinə günlərin hesabı tapşırılıb.

 

Ayə 115:

﴿أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ﴾

“Yoxsa güman edirsiniz ki, sizi boş yerə yaratmışıq və Bizə doğru qaytarılmayacaqsınız?”

 

Nöqtələr

●Quran insanın yaranış məqsədlərini bəyan etmişdir. O cümlədən:

1. İbadət–“Mən cin və insi yalnız ibadət üçün xəlq etdim.”[99]

2. İmtahan–“(Allah) ölüm və həyatı xəlq etdi ki, sizi sınağa çəksin, hansınızın yaxşı əməl etdiyi bilinsin.”[100]

3. İlahi rəhmətin əldə olunması –“Rəbbinin rəhm etdiyi kəs istisnadır və (Allah) bundan (mərhəmətdən) ötəri xalqı yaratdı.”[101]

●Həzrət Əli (ə) buyurmuşdur: “Allah rəhm etsin öz qədrini bilən kəsə.”[102] İnsan haradan gəldiyini, harada olduğunu və haraya gedəcəyini bilməlidir.

●İmam Hüseyn (ə) buyurmuşdur: “Allah-təala bəndələrini yalnız Onu tanımaq üçün yaratmışdır. Belə ki, Onu tanıdıqdan sonra ibadət edərlər, Allaha pərəstiş və ibadətlə Ondan qeyrilərinə pərəstişdən ehtiyacsız olarlar.”[103]

●Həzrət Əli (ə) buyurmuşdur: “Dünya özü üçün yox, bir başqası üçün yaradılmışdır. (Dünya axirətə qovuşmaq üçün vasitədir.)

Bəli, bütün məqsədləri dünyaya yönələn insanlar ona bağlanırlar.[104]

Misilsiz sərvətdir ömrün hər anı,

Sovrulsa havaya, yandırar canı.

Bildirişlər

1. İnsan məqsədli yaradılıb.

2. İnsanın bəzi hesablamaları həqiqətdən uzaq olur.

3. Allahın bütün işləri məqsədlidir.

4. Axirət düşüncəsindən uzaq dünya həyatı puçdur.

5. İnsan məsuliyyət daşıyır. (Özümüzü Qiyamət sorğusuna hazırlamalıyıq.)

6. İnsanın yaranış məqsədi təkcə bu dünyada bitmir.

Ayə 116:

﴿فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ لَا إِلَهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ﴾

“Ucadır haqqı hökm edən Allah. Ondan başqa məbud yoxdur, O, dəyərli ərşin rəbbidir.”

Ayə 117:

﴿وَمَن يَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِندَ رَبِّهِ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ﴾

“Hər kəs Allahla yanaşı başqa bir məbudu çağırsa, işdə heç bir dəlili yoxdur. Şübhəsiz, onun hesabı Rəbbinə məxsusdur. Həqiqətən, kafirlər nicat tapmaz.”

Ayə 118:

﴿وَقُل رَّبِّ اغْفِرْ وَارْحَمْ وَأَنتَ خَيْرُ الرَّاحِمِينَ﴾

“De ki, Pərvərdigara, bağışla və rəhm et, Sən rəhm edənlərin ən üstünüsən.”

 

Nöqtələr

●Surənin başlanğıcındakı bir ayədə nicat tapanlardan bir qrupu haqqında danışıldı. Surənin sonunda isə ziyankarların bir qrupu yada salınır: Zalımlar[105]; günahkarlar[106]; cadugərlər[107]; kafirlər[108]; Allaha iftira yaxanlar.[109]

Bildirişlər

1. Allah əbəs iş görmür.

2. Haqq hökumət Allaha məxsusdur.

3. Varlıq aləmi Allahın tərbiyə və müdiriyyəti altındadır.

4. Şirk istənilən bir halda məhkumdur.

5. Müşriklərin məntiqi yoxdur. (İnsanın əqidə və rəftarı dəlilə əsaslanmalıdır.)

6. Məsum peyğəmbər də Allahın rəhmət və bağışlamasına ehtiyaclıdır.

7. Duada Allaha sitayişi yaddan çıxarmayaq.


NUR” SURƏSİ

(24-cü surə, 64 ayə)

On doqquzuncu cüz

“Nur” surəsinin siması

Mədinədə nazil olmuş bu surə 64 ayədən ibarətdir.

Ayənin “Nur” adlandırılmasının səbəbi budur ki, onun 35-ci ayəsində Allah göylərin və yerin nuru kimi tanıtdırılır.

Bütün möminlərə, xüsusi ilə də qadınlara iffət və paklığın qorunması çox tapşırıldığından rəvayətlərdə bu surəni öyrənmək və qiraət etmək qadınlara çox tövsiyə olunur.

Surədə zinakar kişi və qadınların, pak qadınlara böhtan atanların cəzalandırılmasına, o cümlədən məşhur “ifk” macərası, hicab hökmü və azğınlığın qarşısının alınması üçün paklığa riayət mövzuları yer tapmışdır.

 

Rəhman və rəhim Allahın adı ilə

﴿بسم الله الرحمن الرحيم﴾

Ayə 1:

﴿سُورَةٌ أَنزَلْنَاهَا وَفَرَضْنَاهَا وَأَنزَلْنَا فِيهَا آيَاتٍ بَيِّنَاتٍ لَّعَلَّكُمْ تَذَكَّرُونَ﴾

“(Bu) bir surədir ki, onu nazil etdik, (ona əməli) vacib buyurduq. Onda aşkar ayələr göndərdik. Ola bilsin ki, dərk edəsiniz.”

 

Nöqtələr

●Bu ayədə “Nur” surəsinin əzəmətinə üç yerdə işarə olunur: Surənin əvvəlindəki “surətun” sözü bu əzəmətdən danışır; “surətun” sözündəki “tənvin” (“un” bildirən əlamət) əzəmət göstəricisidir; ayədə “ənzəlna” (nazil etdik) təbiri iki dəfə işlədilmişdir.

Bildirişlər

1.”Surə” Quran ayələri məcmusuna Allah tərəfindən verilmiş bir addır.

2. Hökmlər Allahın göstərişi ilə vacib olmalıdır.

3. Quran dinin əsas qanunu, icrası zəruri proqramıdır.

4. Quran ayələri aydın və anlaşıqlı olan bir kitabdır. (Amma bəzi ayələrin dərki üçün diqqət, araşdırma və təfsirə ehtiyac var.)

5. İnsan öyüd-nəsihətə ehtiyaclıdır.

6. Quran maarifinin insan fitrətində kökü var və müvafiq xatırlatmalar qəflət pərdəsini götürür.

Ayə 2:

﴿الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِّنْهُمَا مِئَةَ جَلْدَةٍ وَلَا تَأْخُذْكُم بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِّنَ الْمُؤْمِنِينَ﴾

“Zinakar qadın və kişinin hər birinə yüz qamçı vurun. Əgər Allaha və Qiyamət gününə inanırsınızsa, Allah dininin icrasında həmin iki nəfərə qarşı ürəyiniz yanmasın. Həmin iki nəfər cəzalandırılan vaxt möminlərdən bir qrupu orada olub baxmalıdır.”

 

Nöqtələr

●Zina hökmləri fərdlərin şəraitinə görə fərqlənir. Bu ayədə yalnız subay kişi və qadının zinası nəzərdə tutulmuş və onlara yüz qamçı vurulması göstəriş verilmişdir. Həyat yoldaşı olduğu halda zinaya yol verən insan isə daş-qalaq edilir. Amma insan həyat yoldaşından uzaq düşdükdə (məsələn həyat yoldaşı həbs olunduqda) o, zinaya yol verərsə, daşqalaq hökmü qamçı və şallaq cəzası ilə əvəz olunur.

●Quran zinanı çirkin iş sayır və onu qadağan edir.[110] Zinadan uzaqlıq layiqli bəndələrin səciyyəsi sayılır.[111] Belə bir günahdan uzaqlıq peyğəmbərlə beyət üçün şərt sayılmışdır.[112]

●Rəvayətlərdə zinanın fəsadları haqqında:

İmam Rzanın (ə) bir buyruğunda zinanın fəsadları bəyan olunur:

1. Uşağın salınması (abortu) ilə qətl;

2. Ailə quruluşunun dağılması;

3. Övladların tərbiyədən məhrumluğu;

4. İrs ölçülərinin aradan götürülməsi.[113]

–Həzrət Əli (ə) zinadan uzaqlığı ailə möhkəmliyi, livatdan (həmcinsbazlıq) uzaqlığı nəslin qorunması üçün səbəb sayır.[114]

–Həzrət Peyğəmbər (s) buyurur: “Zinanın dünya və axirət zərərləri var: Dünyada insanın nuru və gözəlliyi aradan götürülər, o, qəfil ölümə düçar olar və ruzisi kəsilər; axirətdə Qiyamət hesabı zamanı çarəsizlik, ilahi qəzəb və həmişəlik cəhənnəm.[115]

–Həzrət Peyğəmbər (s) buyurur: “Zina artdığı vaxt qəfil ölümlər çoxalar.”[116]

–Rəvayətdə belə nəql olunur: “Zina etməyin ki, zövcələriniz də zinaya yol verməsin. Hər kəs başqasının namusuna təcavüz etsə, onun namusuna təcavüz olunacaq. Başqaları ilə rəftar etdiyiniz kimi sizinlə rəftar olunacaq.[117]

Əməl cəzasından qəflətdə qalma,

Dənizdən ləl çıxar, arpadan arpa.

–Dörd şeydən biri hansı evdə olsa həmin ev viran qalar, bərəkətdən düşər: xəyanət, oğurluq, şərabxorluq, zina.”[118]

–Zina ən böyük kəbirə günahlardandır.[119]

–İmam Sadiq (ə) buyurmuşdur: “Dörd günah xalqa dörd bəla gətirər: Zina rəvac tapdıqda zəlzələ baş verər, zəkat ödənmədikdə dördayaqlılar məhv olar, hakimlərin mühakiməsi zülmə əsaslandıqda yağış yağmaz, əhdə vəfa qılınmadıqda müşriklər müsəlmanlara qələbə çalar.[120]

Bildirişlər

1. Cinsi azadlıq və qanunsuz yaxınlıq qadağandır.

2. Qeyri-qanuni cinsi əlaqələrin genişlənməsində qadınlar kişilərdən daha çox rol oynayır. Oğurluqda isə kişilərin rolu daha böyükdür. Bu səbəbdən də ayədə zina sözü kişilərdən öncə qadınlar haqqında işlədilib.

3. Günahkarı tərbiyələndirmək və cəmiyyətin iffətini qorumaq üçün həmin günahkara fiziki cəza verilməlidir.

4. Qeyri-qanuni cinsi əlaqəyə görə hər iki tərəf eyni mizanla tənbeh olunur.

5. Cəza həddi Allah tərəfindən müəyyənləşdirilməlidir.

6. Günahkarı cəzalandırarkən duyğuların təsiri altına düşmək və rəhm etmək qadağandır.

7. Məhəbbət və mehribanlıq şəriət çərçivəsində olmalıdır.

8. Din təkcə namaz və orucdan ibarət deyil. İlahi hədlər də dinin sütunlarındandır.

9. Qanunların icrası zamanı qətiyyət yaranış və məada iman sayəsində əldə olunur.

10. Hədlərin icrası Allaha iman nişanəsidir.

11. Günahkara verilən cəza başqaları üçün ibrət səbəbi olmalıdır.

12. Zinakar şəxs fiziki cəza ilə yanaşı ruhi baxımdan da əziyyət çəkməlidir.

13. Xalqın iştirakı hakim və günahkara nəzarət üçün bir vasitədir.

14. Möminlərin iştirakından nəhy əz munkər, yəni pisliyə qadağa üçün istifadə edək.

15. İlahi hədlərin icrası mərasimində yalnız müsəlmanlar iştirak edə bilər.

Ayə 3:

﴿الزَّانِي لَا يَنكِحُ إلَّا زَانِيَةً أَوْ مُشْرِكَةً وَالزَّانِيَةُ لَا يَنكِحُهَا إِلَّا زَانٍ أَوْ مُشْرِكٌ وَحُرِّمَ ذَلِكَ عَلَى الْمُؤْمِنِينَ﴾

“Zinakar kişi yalnız zinakar və ya müşrik qadınla izdivac edə (evlənə) bilər. Zinakar qadın isə yalnız zinakar və ya müşrik kişiyə ərə gedə bilər. Belə bir nikah möminlərə haram edilmişdir.”

Nöqtələr

●Bu ayədə hazırkı surənin 26-cı ayəsindəki ab-hava hiss olunur. (“Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər təmiz qadınlara layiqdir”.)

●Cəzanın icrası zamanı xalq iştirak etdiyindən fiziki və ruhi tənbehdən əlavə, məhdudiyyətlər də nəzərdə tutulmalıdır.

●Rəvayətdə bildirilir ki, bu ayənin hökmü zina əməlinə görə məşhurlaşmış adamlara aiddir. Əgər zinakar tövbə qılsa, başqaları kimi istədiyi şəkildə evlənə bilər.[121]

●İmam Baqir (ə) buyurur: “Allah möminlə əks qütbdə zinakarın adını çəkir. Belə məlum olur ki, zinakar iman əhli deyil.[122]

Bildirişlər

1. Nikah zamanı evlənənlərin uyğunluğu əsas məsələlərdəndir.

2. Günahkar fərdlər İslam cəmiyyətində qəbul olunmur.

3. Zinakar müşriklə bir cərgədə tutulur.

4. Mömin kişi və qadınlar pak-pakizə zövcələr seçməlidirlər.

 

 

 

 

 

Ayə 4:

﴿وَالَّذِينَ يَرْمُونَ الْمُحْصَنَاتِ ثُمَّ لَمْ يَأْتُوا بِأَرْبَعَةِ شُهَدَاء فَاجْلِدُوهُمْ ثَمَانِينَ جَلْدَةً وَلَا تَقْبَلُوا لَهُمْ شَهَادَةً أَبَدًا وَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ﴾

“Pak və ərli qadınları zinada ittiham edib, dörd şahid gətirə bilməyən kəslərə səksən çubuq vurun. Onların andını qəbul etməyin, çünki onlar həmin fasiqlərdir.”

Nöqtələr

●İmam Sadiqdən (ə) soruşdular: “Nə üçün qətlin sübutu üçün iki, zinanın sübutu üçün dörd şahid tələb olunur?” Həzrət buyurdu: “Qətlin şahidi bir nəfərə, zinanın şahidi iki nəfərə (qadın və kişiyə qarşı şəhadət verir.”[123]

Bildirişlər

1. Böhtan insanların şəxsiyyətini atəşə tutmaq, hücum etmək kimidir.

2. Ərli və pak qadınlara böhtana görə ağır cəza nəzərdə tutulur.

3. Pak qadınların ehtiramının müdafiəsi vacibdir.

4. Müxtəlif böhtanlar arasında zina böhtanının öz cəzası var. Quran bu məsələni aşkar şəkildə bəyan edir.

5. Zina böhtanı o qədər ağır günahdır ki, onun cəzası zinanın öz cəzasından 20 qamçı fərqlənir.

6. Cəmi bircə dəfə böhtan atmış adamın şəhadəti etibarlı sayılmır. (Bəli, dil insanı dünya və axirətdə çıxılmaz vəziyyətə salır.)

7. İnsanların şəxsiyyətini qorumaq üçün bəzən kimlərəsə qamçı vurmaq lazım gəlir.

8. İman gətirmiş kafirin şəhadəti qəbul olunur, böhtan atmış müsəlmanın şəhadəti isə etibarsız sayılır.

9. Böhtanın həm cismani, həm ictimai, həm də axirət cəzası var.

10. Pak qadınlara böhtan atanlar nəhayət fasiq olur.

11. And və şahidlik üçün ədalət şərtdir. Fasiqin (günahkarın, həddi aşanın) şəhadəti qəbul deyil.

Ayə 5:

﴿إِلَّا الَّذِينَ تَابُوا مِن بَعْدِ ذَلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ﴾

“(Böhtandan) sonra tövbə edib islah olanlar istisnadır. Şübhəsiz, Allah bağışlayan və mehribandır.”

Nöqtələr

●Hədisdə oxuyuruq: “Pak qadınları zinada ittiham etməklə alçaldan kəsin tövbəsi xalq qarşısında dediklərini təkzib etməkdir.”[124]

 

Bildirişlər

1. Tövbə dini və ictimai həyatın təzələnmə səbəbidir.

2. İslam ardıcılları heç vaxt çıxılmaz vəziyyətə düşmürlər.

3. Tövbə səhvin aradan qaldırılması və yaxşı əməllə müşayiət olunmalıdır.

4. Ümidsizlik qadağandır.

5. Tövbə yolunun açıq olması ilahi mərhəmət nişanəsidir.

 

Ayə 6:

﴿وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَاء إِلَّا أَنفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ﴾

“Arvadlarını zinada ittiham edən, özündən başqa şahidi olmayan kəslərin hər biri öz iddiasının sübutu üçün dörd dəfə Allaha and içməlidir ki, həqiqətən, o, doğru danışanlardandır.”

Ayə 7:

﴿وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ الْكَاذِبِينَ ﴾

“Beşinci dəfə deməlidir: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət etsin!”

Ayə 8:

﴿ وَيَدْرَأُ عَنْهَا الْعَذَابَ أَنْ تَشْهَدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَ﴾

“Qadının dörd dəfə Allaha and içib, həmin kişinin yalan danışdığını bildirməsi onu əzabdan uzaqlaşdırar.”

Ayə 9:

﴿وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللَّهِ عَلَيْهَا إِن كَانَ مِنَ الصَّادِقِينَ﴾

“(Qadın) beşinci dəfə də desin: “Əgər o kişi doğru deyirsə, Allahın qəzəbinə gəlim.”

Ayə 10:

﴿وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ تَوَّابٌ حَكِيمٌ﴾

“Əgər sizə Allahın fəzl və rəhməti olmasaydı (rüsvay olardınız və ailəniz dağılardı). Şübhəsiz, Allah tövbələri qəbul edən və hikmət sahibidir.”

 

Nöqtələr



Geri   İrəli
Go to TOP