A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Nöqtələr

●İmam Baqir (ə) buyurur: “Həzrət Nuh 950 il aşkar və gizli şəkildə xalqı tövhidə dəvət etdi. Nəhayət, Allah buyurdu ki, sənə iman gətirənlərdən qeyrisi boyun əyməyəcək. Nuh dedi: “Onların nəsli də hidayət olası deyil.”[63] Sonda Allah gəmi düzəltmək göstərişi verdi.[64]

Bildirişlər

1. Peyğəmbərlərin duası qəbuldur.

2. Sənət ilahi bir ilhamdır.

3. İlahi yardım istəyi insanın təlaşlarına mane olmur. Peyğəmbərlər dua ilə yanaşı iş də görürdülər.

4. Təhqir olunmuş insanları himayə edək. (Xalq səni divanə sayır, amma sən Bizim himayəmizdəsən.)

5. Əgər bütün işlərimizi vəhyə uyğun qursaq, müvəffəq olarıq.

6. Allahın iradəsi ilə qaynar təndirdən su çıxır.

7. Heyvanların nəslini kəsilməyə qoymayın.

8. Yolunu azan insan peyğəmbərin ailə-övladı olsa da ilahi qəzəbə gəlir.

9. Şəfaət hər yerdə fayda vermir. Peyğəmbərlərin şəfaətinə yalnız Allahın izni ilə nail olmaq mümkündür.

10. Müşrik zalımdır.

11. Zülmün sonu həlakətdir.

12. Bəzən həyat qaynağı olan su ölüm gətirir.

 

Ayə 28:

﴿فَإِذَا اسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ﴾

“Sən və yoldaşların gəmiyə süvar olduğunuz vaxt de ki, həmd-səna bizi sitəmkar qövmün əlindən qurtaran Allah üçündür.”

 

Bildirişlər

1. Sitəmkarlardan uzaqlıq, onların hakimiyyətindən qurtuluş ilahi nemətlərdən biridir.

2. Hər bir nemət üçün şükür etmək lazımdır.

3. Ən üstün şükür deyilişi mübarək “əlhəmdulillah” kəlməsidir.

4. Başqalarının məhvi üçün yox, öz qurtuluşunuz üçün Allaha şükür edin.

5. Gəmi sadəcə bir vasitədir, qurtuluş isə Allahın əlindədir.

Ayə 29:

﴿وَقُل رَّبِّ أَنزِلْنِي مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ الْمُنزِلِينَ﴾

“De ki, Pərvərdigara, məni bərəkətli bir mənzilə endir, Sən nazil edənlərin ən üstünüsən.”

 

Ayə 30:

﴿إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ﴾

“Əlbəttə, bu dastanda nişanələr var, həqiqətən, Biz sınağa çəkənlərik. (Nuh qövmünü və başqa qövmləri təkamül məqsədi ilə dəfələrlə sınağa çəkdik.)”

 

Nöqtələr

●Hədisdə oxuyuruq: Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Mənzilə daxil olduğun vaxt “və qul Rəbbi ənzilni...”ayəsini oxu. Belə etsən, Allah həmin yerin xeyrindən səni faydalandırar, şərindən amanda saxlayar.”[65]

Bütün hallarda Allah zikri

Qurani-Kərimin ayələrində müxtəlif hallarda Allah zikrinin nümunələri verilir: tövhidə dəvətdə[66]; Allahın ilhamı ilə gəminin düzəlişində[67]; gəmiyə minən zaman[68]; hərəkət zamanı[69]; dayanan zaman.[70]

Bildirişlər

1. Öncə Allaha keçmişdə verdiyi nemətlərə görə şükür edək, sonra Ondan yeni nemətlər istəyək.

2. Dua və münacatda Allahı ehtiyaclarımıza uyğun gələn adları ilə çağıraq.

3. Quranın tarixi mövzuları hidayət dəlili, təkamül səbəbidir.

4. İstənilən bir halda xalqı sınağa çəkmək Allahın sünnəsidir. Nuhun başına gələnlər də ilahi sınaq nümunələrindəndir.

Ayə 31, 32:

﴿ثُمَّ أَنشَأْنَا مِن بَعْدِهِمْ قَرْنًا آخَرِينَ فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَهٍ غَيْرُهُ أَفَلَا تَتَّقُونَ﴾

“Nuh qövmündən sonra digər bir nəsil yaratdıq; onların arasına özlərindən olan bir peyğəmbər göndərdik ki, (onlara dedi:) «Allaha pərəstiş edin, sizin üçün Ondan savay məbud yoxdur. Yoxsa qorxmursunuz?»”

Bildirişlər

1. Allah hər bir ümmət üçün peyğəmbər göndərmişdir.

2. Peyğəmbər xalqın özündən olmalıdır. (Yalnız xalqın özündən olan kəs nümunə götürülə, dəlil ola bilər.)

3. Allaha ibadət şirkin inkarı ilə müşayiət olunduqda dəyərlidir.

4. Tövhidə doğru hərəkət üçün təqvaya ehtiyac var.

 

 

 

 

 

 

Ayə 33:

﴿وَقَالَ الْمَلَأُ مِن قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاء الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ﴾

“Peyğəmbərin qövmündən olan, küfrə uğramış, Qiyamət gününü təkzib edən, dünyada naz-nemət içində qərar verdiyimiz başçılar (peyğəmbərin cavabında xalqa) dedilər: “Bu yalnız sizin kimi bir insandır. Yediklərinizdən yeyir, içdiklərinizdən içir.”

 

Bildirişlər

1. Peyğəmbərlərin dəvəti xalqı ağaların və sitəmkarların zülmündən azad etmək qayəsi üzərində qurulub. Bu səbəbdən də peyğəmbərlərə daha çox əyan-əşrəf müxalif olmuşdur.

2. Müxaliflər peyğəmbər islahatlarının məntiq və əsasını inkar edə bilmədiklərindən deyirlər: “Peyğəmbərlər uyğun islahatlara layiq deyildirlər.”

3. Peyğəmbərlərin həyatı adi bir həyatdır.

4. Əyan-əşrəf mənəvi və elmi məsələlərdən xəbərsizdir. (Əmirəl-möminin (ə) buyurur: “Onları bu sözlərə sövq edən qəlblərindəki həsəddir.”[71]

Ayə 34:

﴿وَلَئِنْ أَطَعْتُم بَشَرًا مِثْلَكُمْ إِنَّكُمْ إِذًا لَّخَاسِرُونَ﴾

“(Müxaliflər dedilər: «Əgər özünüz kimi bir bəşərə itaət etsəniz, şübhəsiz, ziyankarsınız.»”

 

Ayə 35:

﴿أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُم مُّخْرَجُونَ﴾

“(Peyğəmbər) sizə vəd edirmi ki, ölüb torpaq və çürümüş sümük olduğunuz vaxt (qəbirdən) çıxarılacaqsınız?!”

Ayə 36:

﴿هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ﴾

“Sizə vəd olunan şey uzaqdır, uzaq!”

 

Nöqtələr

●Quranda “həyhatə” sözü yalnız bu ayədə, həm də iki dəfə işlədil-mişdir. Küfr başçıları Qiyamət hadisəsini çox uzaq görürdülər.

Kafirlərin şüarları

Kafirlərin bir sıra şüarları vardı: Peyğəmbər adi bir insandır; onun başqalarından üstünlüyü yoxdur; peyğəmbərlərin ardınca getmək zərərdir; Qiyamət və ikinci dəfə həyata gəliş uzaqdır.

Bu şüarlar kafirlərin inadkar və aldadıcı şüarlarından idi. Onlar geniş təbliğat apararaq peyğəmbərlərə ardıcıllığı ziyan kimi tanıtdırırdılar. Onların məqsədi bu idi ki, xalqı özlərinə tabe etsinlər. Azadlıq şüarı altında millətləri qula çevirsinlər.

Ayə 37:

﴿إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ﴾

“(Müxaliflər deyirdilər:) «Bu dünya həyatından savay bir şey yoxdur–ölürük, yaşayırıq və (heç vaxt) dirilməyəcəyik.»”

Ayə 38:

﴿إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ﴾

“(Deyirdilər) O yalnız Allaha iftira yaxan bir şəxsdir və biz ona heç vaxt iman gətirməyəcəyik.”

 

Bildirişlər

1. Təkəbbürlü insanlar tutduqları yoldan savay bir yol təsəvvür etmirlər.

2. Gözü axırda (axur) olan axırı görməz (Dünyapərəstlər cəmiyyətin dar baxışlı fərdləridir.)

3. Kafirlər Allahı qəbul etsələr də, məad və nübüvvəti inkar edirdilər.

4. Küfr əhli ilahi müqəddəsliyi qorumaq adı altında övliya və ilahi vədləri rədd edirlər.

5. Cəmiyyət bəzən o qədər süqut edir ki, həqiqi din hamiləri yalançı, təkəbbürlü kafirlər isə din hamisi kimi tanınır.

Ayə 39:

﴿قَالَ رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ﴾

“(Onların peyğəmbəri) dedi: «Pərvərdigara! Mənə onların təkzibləri qarşısında yardım buyur.»”

Ayə 40, 41:

﴿قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاء فَبُعْدًا لِّلْقَوْمِ الظَّالِمِينَ﴾

“(Allah) buyurdu: “Şübhəsiz, tezliklə peşman olacaqlar. Layiq olduqları öldürücü haray onları bürüdü. Onları su üzərindəki saman çöpü vəziyyətinə gətirdik. Sitəmkar qövm (Allahın rəhmətindən) uzaq olsun!”

Ayə 42:

﴿ثُمَّ أَنشَأْنَا مِن بَعْدِهِمْ قُرُونًا آخَرِينَ﴾

“Onlardan sonra digər nəsillər yaratdıq.”

 

Bildirişlər

1. Peyğəmbərlərin güvənc yeri Allahdır.

2. Dua üçün ən yaxşı müraciət “Rəbb” müraciətidir.

3. Kafirlər və günahkarlar tezliklə peşman olacaqlar. (Vicdanlar bir gün oyanasıdır.)

4. Tarixin və keçmiş qövmlərin məhvinin bəyanı İslam Peyğəmbəri (s) üçün təsəlli, Məkkə kafirləri üçün xəbərdarlıq vasitəsidir.

5. Peyğəmbərlərin duası qəbuldur.

6. Allahın qəhr-qəzəbi Onun ədalətinə əsaslanır.

7. Peyğəmbərlərin müxalifləri üçün həm ruhi, həm fiziki, həm də Qiyamət əzabı nəzərdə tutulub.

8. Allahın qəhr-qəzəbi sarsıdıcıdır.

9. Sitəmkarları lənətləmək caizdir.

10. Bir ümmətin məhvindən sonra digərini yaratmaq Allahın sünnəsidir. (Tarixi təbəddülatlar Allahın hökmü altındadır.)

Ayə 43:

﴿مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ﴾

“Hər hansı ümmət öz əcəlindən nə önə keçə bilər, nə də arxaya qala bilər.”

 

Bildirişlər

1. Hər bir cəmiyyət və ümmət üçün xüsusi möhlət və hikmətə əsaslanan zaman bölgüsü var.

2. İlahi əzabın təxirə salınması sizi qürrələndirməsin.

3. İlahi proqramları fərdlərin hay-küyü dayandıra bilməz. Tarixə ilahi nizam hakimdir.

4. Tarixin sabit qanunları var.

Ayə 44:

﴿ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا كُلَّ مَا جَاء أُمَّةً رَّسُولُهَا كَذَّبُوهُ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ فَبُعْدًا لِّقَوْمٍ لَّا يُؤْمِنُونَ﴾

“Sonra ardıcıl olaraq peyğəmbərlərimizi göndərdik. Nə vaxt hər ümmətin peyğəmbəri öz qövmünün sorağına gəldisə, xalq onu təkzib etdi. Biz də həmin qövmü məhv etdik, onların ardınca başqa bir qövm gətirdik. Biz onları (ibrət olsun deyə) xalqın dilinə saldıq. İman gətirməyən qövm (Allahın rəhmətindən) uzaq olsun!”

 

Nöqtələr

●“Əhadis” dedikdə maraqla dinlənilən heyrətamiz dastanlar nəzərdə tutulur.

Bildirişlər

1. Ümmətlər üçün peyğəmbərlər göndərmək Allahın sünnəsidir. (Hər bir cəmiyyətin rəhbərə ehtiyacı var. Bəşəriyyət üçün təkcə düşüncə və elm bəs etmir. Bizə məsələlər vəhy yolu ilə aydınlaşmalıdır.)

2. Bütün peyğəmbərlər təkzib olundular.

3. Hər bir ümmətin öz rəsulu olmuşdur.

4. Haqqı təkzib etməyin sonu fəlakətdir.

5. Kafirləri lənətləmək olar.

6. Quran küfrünə xatir kafirləri lənətləyir.

7. Tarixi hadisələr Allahın iradəsi ilə gerçəkləşir. Azğın ümmətlərin məhvi lənət, nifrin nümunələrindəndir.

 

Ayə 45:

﴿ثُمَّ أَرْسَلْنَا مُوسَى وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُّبِينٍ﴾

“Sonra Musa və qardaşı Harunu aşkar möcüzə və dəlillə yola saldıq”.

Ayə 46:

﴿إِلَى فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ﴾

”(Yola saldıq) Firon və onun qövmünün başçılarına doğru. Amma təkəbbür göstərdilər. Onlar özlərini üstün tutan qövm idilər”.

Nöqtələr

●“Sultan” sözü höccət və dəlil sözlərinin sinonimidir. Çünki insan elmi və əqli dəlillər yolu ilə başqalarının qəlbinə hakim olur.

Bildirişlər.

1. Bəzən təbliğ bir neçə nəfərlik qrup, ezam olunmuş heyət tərəfindən aparılmalıdır.

2. Din təbliğatçısı elmi dəlillərə istinad etməlidir.

3. Xalqın və ictimai quruluşun islahı üçün öncə tanınmış adamlara üz tutmaq lazımdır.

4. Zalım hakimlərin ətrafında olanlar onların hakimiyyətində mühüm rol oynayırlar.

Ayə 47:

﴿فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ﴾

“(Musa və Harunun cavabında) dedilər: “Musa və Harunun qövmü bizə qul olduğu halda özümüz kimi bu iki insana imanmı gətirək?!”

Ayə 48:

﴿فَكَذَّبُوهُمَا فَكَانُوا مِنَ الْمُهْلَكِينَ﴾

“Həmin iki peyğəmbəri təkzib etdilər və məhv edilənlərdən oldular.”

Ayə 49:

﴿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ﴾

“Həqiqətən, Biz Musaya kitab verdik. Bəlkə (xalq bu yolla) hidayət ola.”

Bildirişlər

1. Musa və Harun Bəni-İsrail tayfasından idi. (Bəni-İsrail tayfası fironçuların qulu sayılırdı.)

2. Təkəbbür əhli məntiq və möcüzə əvəzinə insanların ictimai məqamını əsas götürür.

3. Millətçilik imperializm amilidir. (Fironçular özlərini Bəni-İsraildən üstün tayfa sayırdılar.)

4. Peyğəmbərlər möcüzə və dəlilə, zalım qüvvələr millətlərin istismarına əsaslanır.

5. həqiqətin təkzibi həlakətlə nəticələnir.

 

 

 

 

Ayə 50:

﴿وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَى رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ﴾

“Biz Məryəm oğlu (İsa) və onun anasını möcüzə qərar verdik. O iki nəfərə əmin-aman və şirin suyu olan uca bir məkanda yer verdik.”

 

Nöqtələr

●“Məin” sözü yer üzü ilə axan su mənasını bildirir.

●Allah bu surədə İsa və Məryəmi bir ayə ünvanında yada salır. Gecə və gündüz haqqında isə belə buyurulur: “Gecə və gündüz iki ayədir.”[72] Bunun səbəbi İsanın atasız dünyaya gəlişi, Məryəmin ərsiz doğuşudur.

●Bəs İsa və onun anasının yerləşdirildiyi axar suyu olan uca məkan haradır? Bu barədə müxtəlif fikirlər var:

a) “Rəbvə” Kufəyə, “zati qərar” Kufə məscidinə, “məin” Fərat suyuna işarədir. Bu çay Kufədə daim axmaqdadır.[73]

b) Nəzərdə tutulan Şamın ən üstün məntəqəsi Dəməşqdir.[74]

Bildirişlər

1. Nübüvvət məqamı məqamların ən üstünüdür. (İsa nübüvvət məqamında olduğundan onun adı anasının adından öndə çəkilir.)

2. Mühüm və qəribə hadisələri Allahı tanımaq üçün vasitə, onun qeybi qüdrət nişanəsi sayın.

3. Su və əmin-amanlıq yaşayış məskəninin zəruri məziyyətlərindəndir.

 

Ayə 51:

﴿يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ﴾

“Ey peyğəmbərlər! Pak qidalardan yeyin, saleh işlər görün, həqiqətən, Mən sizin gördüyünüz işlərdən agaham.”

 

Nöqtələr

●Qurani-Kərimdə “kulu” (yeyin) ilə yanaşı digər göstərişlər də zikr olunmuşdur. Məsələn: «yeyin və Allaha şükür edin»[75]; «yeyin və yedirin»[76]; «yeyin və israf etməyin»[77].

●Həzrət Peyğəmbər (s) uyğun ayə ilə bağlı buyurmuşdur: “Həzrət İsa anası Məryəmin toxuduğu ipin qazancı ilə dolanırdı.”[78]

●İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: “Pak qida dedikdə halal qida nəzərdə tutulur.”[79]

Hədisdə oxuyuruq: “Allah bir tikə haram yeyənin ibadətini qəbul etməz.”[80]

Bildirişlər

1. Peyğəmbərlər də qidadan, təbii nemətlərdən bəhrələnirlər.

2. Xalqı haqqa dəvət etmək üçün öncə onların maddi dolanışığı barədə düşünək.

3. Bütün ilahi dinlər rahiblik, guşənişinlik və riyazətlə müxalifdir. (İsanın adı çəkildikdən sonra “yeyin” göstərişinin gəlməsində məqsəd məsihilikdə özünə yer almış rahibliyin qarşısının alınması ola bilər.)

4. Yediyiniz vaxt iki mühüm şərti unutmayın: Qidanın halallığı və paklığı.

5. Qidalanma da nəfs istəklərinə əsaslanmamalı, məqsədli olmalıdır.

6. Qarına münasibətdə iffət əməldə təqva ilə yanaşıdır.

7. İnsan halal və pak qidalanma sayəsində saleh əməl üçün tövfiq (ilahi yardım) əldə edir.

8. Halal və pak qida, saleh əməl bütün ilahi dinlərdə diqqət mərkəzindədir.

9. Əgər halal yeyib saleh işlər görməsəniz, bilin ki, Allah peyğəmbərlərlə də hesab aparasıdır.

Ayə 52:

﴿وَإِنَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ﴾

“Əlbəttə, sizin bu ümmət vahid bir ümmətdir və Mən sizin Rəbbinizəm. Belə isə, məndən qorxun.”

Ayə 53:

﴿فَتَقَطَّعُوا أَمْرَهُم بَيْنَهُمْ زُبُرًا كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ﴾

“Amma insanların işi onların arasında pərakəndəliyə apardı. Hər dəstə bir yolla getdi. Hər firqə özündə olana sevindi.”

Nöqtələr

●“Zubur” dedikdə heyvanın ayrıca yığılmış tükü nəzərdə tutulur. Sonralar bu söz ayrıca toplanmış hər cüzə aid edilmişdir.[81]

Bildirişlər

1. Dini və ilahi dünya görüşünə əsasən əslində bütün ümmətlər vahid bir ümmətdir. Çünki:

–Bütün ilahi peyğəmbərlərin dəvət üsulu eynidir;

–İnsanların fitri, ruhani və fiziki ehtiyacları eynidir;

–Hamının Yaradanı və Rəbbi eynidir.

2. Təqva və haramlardan uzaqlıq Rəblik məqamına layiqdir.

3. Təfriqə tarixi keçmişi olan böyük bəladır.

4. Təfriqə yaratmaq təqvasızlıqdır.

5. Təfriqənin əsası insanlardakı eqoistlikdir.

Ayə 54:

﴿فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّى حِينٍ﴾

“Onları bir müddət (ölüm və əzab vaxtı çatanadək) cəhalət və qəflət içində burax.”

Ayə 55:

﴿أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ﴾

“Yoxsa güman edirlər ki, onlara mal və övlad verməyimizin səbəbi...”

 

Ayə 56:

﴿نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ﴾

“Onlara xeyir verməyə tələsməyimizdir? (Qətiyyən belə deyil,) onlar anlamırlar (ki, mal və övlad imtahan vasitəsidir.)”

 

Nöqtələr

●“Ğəmrə” dedikdə qərq olmaq mənası anlaşılır. Burada Məkkə əhlinin yersiz təəssübə qərq olması nəzərdə tutulur.

Bildirişlər

1. Azğınlığın ən pis növü insanın Allah tərəfindən özbaşına buraxılmasıdır.

2. İxtilaf və təfriqə ölüm girdabı, Allah və Onun rəsulunun qəhr-qəzəb səbəbidir.

3. İnsan özü özünə bədbəxtlik quyusu qazır.

4. Təfriqəçi azğınlara böyük möhlət verilməyib və ilahi qəhr-qəzəb onların intizarındadır.

5. Sərvət sahibləri əsassız yerə təhlil edirlər. Var-dövlət, ailə-övlada aldanan bu zümrə özünü Allaha yaxın sayır.

6. Yalnız mal və övlad əsasında dəyərləndirmə şüursuzluq nişanəsidir.

Ayə 57:

﴿إِنَّ الَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ﴾

“Həqiqətən, o kəslər ki, Rəblərinin qorxusundan titrəyərlər...”

Ayə 58:

﴿وَالَّذِينَ هُم بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ﴾

“O kəslər ki, Rəblərinin ayələrinə iman gətirmişlər...”

Ayə 59:

﴿وَالَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ﴾

“Rəblərinə şərik qoşmazlar...”

 

Nöqtələr

●“Xəşyət” dedikdə elm və agahlıqdan yaranan qorxu nəzərdə tutulur. Məhəbbət və ehtiram qatqılı qorxu isə “işfaq” adlanır. Xəşyət daha çox qəlbə, işfaq daha çox əmələ aiddir. Ayədə bildirilir ki, möminlər və xeyir işə tələsənlər qəlblərində ilahi əzəmətdən doğan qorxu olanlardır. Onlar əməldə haramlardan çəkinir və həya edirlər.

Bildirişlər

1. Agahlıqdan doğan qorxu və Allahın əzəmətinə diqqət inkişaf qaynağıdır.

2. Allahın nazil etdiyi hər bir qanuna iman, çeşidli şirklərdən uzaqlıq bizim daimi vəzifəmizdir.

Ayə 60:

﴿وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوا وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ﴾

“O kəslər ki, sonda Rəblərinə doğru qayıdacaqlarından qorxan halda (mallarından Allah yolunda) əta edərlər.”

 

Nöqtələr

●“Vəcil” dedikdə iztirab və nigarançılıq nəzərdə tutulur.

●İnsanın mənəvi təkamülü bir neçə mərhələdə gerçəkləşir: xəşyət gətirən elm və agahlıq, dərk olunanlara dərin və daimi iman, istər məxfi, istər aşkar, hər növ şirkdən uzaqlıq, Allahın verdiklərindən infaq etmək, qürrələnməmək və Qiyamət sorğusuna görə narahat olmaq.

Bildirişlər

1. Etdiyimiz infaqlara görə qürrələnməyək.

2. Mömin Qiyamət günü Rəbbinin hüzurunda dayanacağına görə qorxur.

Ayə 61:

﴿أُوْلَئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ﴾

“Belələri xeyir işə tələsər. Xeyir işdə bir-birindən önə keçən onlardır.”

 

Nöqtələr

56-cı ayədə bəyan olundu ki, bəziləri mal və övladı xoşbəxtlik səbəbi, xeyir nişanəsi sayır. Amma bu ayədə buyurulur ki, xeyir onların düşündüyü yox, elm, iman, ixlas, qorxu və xəşyətlə müşayiət olunan infaqdır.

Bildirişlər

1. Allah və Qiyamət qorxusu insanı xeyir işlərə tələsdirən səbəbdir.

2. Daim xeyir işlərə tələsmək gerçək imanın nişanəsidir.

3. Yaxşı işdə tələsmək bir dəyərdir.

 

Ayə 62:

﴿وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَلَدَيْنَا كِتَابٌ يَنطِقُ بِالْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ﴾

“Biz kimsənin öhdəsinə gücü çatmayanı vəzifə qoymarıq. Bizim yanımızda haqqı danışan kitab var. Onlara heç bir sitəm qılınmaz.”

 

Nöqtələr

●Fiqhdə “nəfyi-usr və hərəc” (çətinliyin və taqətdən uzaq işlərin inkarı”) adlı bir qayda var. Bu qayda hazırkı ayəyə əsaslanır. Yəni insan üçün dözülməz çətinlik yaradan vəzifə onun öhdəsindən götürülür.

Bildirişlər

1. Xeyir işlərdə tələsmək yaxşı sayılsa da, ifrata varmaq olmaz.

2. İnsanlar arasında vəzifə fərqi var. Hər kəs fiziki və mənəvi imkanları həddində göstəriş alır. Allah varlıdan istədiyini yoxsuldan istəmir.

3. İlahi dünya görüşündə gücdən artıq vəzifə qoyulmadığından kimsə çıxılmaz vəziyyətə düşüb əskiklik hiss etmir. (Bəli, vəzifə ona gücü çatana aiddir. Gücümüz çatmaz deyə narahat olmayaq.)

4. Yaranış nizamının hesab-kitabı var.

5. Bu ayədə müdiriyyətin bəzi şərtləri zikr olunmuşdur:

a) Fərdlərin gücü ilə tanışlıq və onlara gücləri həddində iş tapşırılması;

b) Onların işinə dəqiq nəzarət;

v) Onların tənbeh və təşviqində ədalətin əsas götürülməsi.

Ayə 63:

﴿بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِّنْ هَذَا وَلَهُمْ أَعْمَالٌ مِن دُونِ ذَلِكَ هُمْ لَهَا عَامِلُونَ﴾

“Bəlkə də, onların qəlbi bundan (Kitabdan) xəbərsizdir. Bundan əlavə bəzi (yersiz) işlər də görürlər.”

 

Nöqtələr

●Ötən ayədə xalis bəndələr, bu ayədə azğın dəstə haqqında danışılır.

Bəli, hər kəs öz xarakterini göstərir, kuzəni onun içində olan nəmləndirir.

●«Bəli» kəlməsi mətləbi ötürmək üçündür.

Ötən ayələrdə xeyir əməl sahiblərindən, bu ayədə fərqli əməl sahibi olan kafirlərdən danışılır.

●“Ğəmrə” dedikdə insanı bütünlüklə bürüyən su nəzərdə tutulur. Yəni qəflət onların bütün vücudunu bürümüşdü.

Bildirişlər



Geri   İrəli
Go to TOP