A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Allah yolunda Ona layiq cihad edin! O sizi (ümmətlər arasından seçdi) və dində (İslamda) sizin üçün heç bir çətinlik qoymadı. Atanız İbrahimin ayini (sorağınca gedin). O sizi öncədən müsəlman adlandırdı. Bu peyğəmbər sizə, siz də xalqa şahid olasınız deyə! Namaz qılın, zəkat ödəyin, Allaha bağlanın. O sizin mövlanız və haminizdir. Necə də yaxşı himayə, necə də yaxşı kömək!”

 

Nöqtələr

●Bildiyimiz kimi, şahidlik üçün elm və ədalətə ehtiyac var. İnsanlar adil və agah deyil ki, başqalarına şahid olsun. Demək, müsəlmanların şahidliyi dedikdə onlardan bəziləri nəzərdə tutulur. Bu müsəlmanlar xalqın əməl və rəftarlarından xəbərdardırlar, etibarlı və ədalətlidirlər. Rəvayətlərdə bildirildiyi kimi, bu zümrə Peyğəmbər Əhli-beyti və məsum imamlardan (ə) ibarətdir. Bizim əməl və rəftarlarımız onlara təqdim olunur.

●Allah surənin başlanğıcında Qiyamətin böyük zəlzələsindən və şiddətli əzabdan danışır. Surənin sonunda isə cihad, namaz və zəkat mövzuları yad edilir. Qeyd olunur ki, Allah bütün bəndələrinin mövlası və himayəçisidir. Bu nöqtədən aydın olur ki, Qiyamətin böyük zəlzələsi və şiddətli əzabdan qurtuluş üçün Ona bəndə olmalı, Onun pənahına sığınmalıyıq.

●Çətinliyin olmaması qeydi ilahi hökmlərin asanlığını göstərmir. Çünki həmin ayədə buyurulur: “Ona layiq olduğu kimi cihad edin.” Aydın məsələdir ki, cihad yetərincə çətin işdir. Dində çətinliyin olmaması çıxılmaz vəziyyətin olmamasına işarədir. Məsələn, cihad göstərişi xəstələrə, əlillərə, korlara, qocalara, qadınlara, uşaqlara və zəiflərə aid deyil. Bununla belə, bütün çətinliklərə baxmayaraq müdafiə zəruri vəzifədir.

Bildirişlər

1. İşin dəyəri məqsəddən, üsuldan və qədərdən asılıdır. Var qüvvə ilə aparılan cihad dəyərlidir.

2. İnsanların şəxsiyyətinə hörmətlə yanaşın, çətinlik yaratmayın.

3. Qanun tənzimləyərkən xalqın gücünü nəzərə alın.

4. İslam asan dindir, onun hökmlərində istisna var. Hökmün icrası üçün münasib zaman və məkan şərtdir.

5. İslam İbrahim ayinidir və onun yetərincə böyük keçmişi var.

6. Peyğəmbərlər ümmətlərin atalarıdır.

7. “Müsəlman” adı öncədən bizim üçün seçilmiş mübarək addır.

8. Həzrət Peyğəmbər (s) əməllərimizə şahiddir.

9. Namaz və zəkat Allaha təşəkkürdür.

10. Təkcə müsəlmanlıqla kifayətlənməyək. Namaz, zəkat, Allaha bağlılıq kimi iftixarın qədrini bilək.

11. Bəşəri hakimiyyətlərin qanuniliyi ilahi vilayətlə tamamlanmaqdan asılıdır.


MUMİNUN” SURƏSİ

(23-cü surə, 118 ayə)

On səkkizinci cüz

“Muminun” surəsinin siması

118 ayədən ibarət olan bu surə Məkkədə nazil olmuşdur.

Surənin başlanğıc ayələrində möminlərin siması və iman nişanələri bəyan olunduğundan onu “muminun” adlandırmışlar. Surədə həzrət Nuh, Hud, Musa və İsa kimi peyğəmbərlərin sərgüzəştlərindən, müxtəlif qövmlərin onların dəvətinə cavabından da danışılır.

“Muminun” surəsinin tilavətinin fəziləti haqqında İmam Sadiq (ə) buyurur: “Bu surənin xüsusi ilə cümə günlərində tilavətinin davamı dünya və axirət səadətinə, Firdovs cənnətlərdə ilahi peyğəmbərlərlə yoldaşlığa səbəb olur.[35]

 

Rəhman və rəhim Allahın adı ilə

﴿بسم الله الرحمن الرحيم﴾

Ayə 1, 2:

﴿قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ﴾

“Şübhəsiz, möminlər nicat tapdılar. Həmin kəslər ki, namazlarında xüşuludurlar (mütidirlər).”

 

Nöqtələr

●Quranda “fəlah” (qurtuluş, nicat tapma) sözü “ləəllə” (bəlkə də) sözü ilə 11 dəfə yanaşı işlənmişdir (“ləəlləkum tuflihun”). Həmin söz üç yerdə “ləəllə” sözündən ayrı qeyd olunmuşdur və həmin üç məqamdan biri hazırkı, digəri “Şəms”, üçüncüsü “Əla” surəsində əks olunmuşdur. Bu üç halı bir-biri ilə müqayisə etdikdə aydın olur ki, iman və paklanmanın eyni bir cövhəri var.

●Bütün İslam proqramlarının üstün və son məqsədi insanın qurtuluşudur. Quranın bir çox ayələrində təqvadan danışılır, dini hökmlər təqvaya çatma yolu kimi tanıtdırılır.[36] Təqvanın son məqsədi isə qurtuluşdur.[37] Maraqlıdır ki, İslam dininin mühüm və son məqsədi onun ilkin şüarında bəyan olunmuşdur: “Deyin “la ilahə illəllah” qurtulun!” Bəli, Allahın birliyinə iman gətirin və “la ilahə illəllah” deməklə nicat tapın.

●Hər gün gündəlik (yövmiyyə) namazlarının azan və iqaməsində “həyyə ələl fəlah” cümləsini 20 dəfə dilə gətiririk. Son məqsədi fəryad çəkərək elan edirik ki, yolu itirməyək. (“Həyyə ələl-fəlah” - “tələsin qurtuluşa!”)

●Quran iman gətirənlərin və nəfsini paka çıxaranların nicat tapdığını bildirir.[38] Küfr isə başqa bir bəyanatla çıxış edirdi. Firon deyirdi ki, bu gün kimin gücü və üstünlüyü varsa, o, nicat tapmışdır.[39]

●“Fəlah” sözü cücərmə, böyümə mənalarını bildirir. Əkinçilərin “fəllah” adlandırılmasının səbəbi bu ola bilər ki, onlar toxumun torpaqda cücərməsinə zəmin hazırlayırlar. Torpaqda yerləşən toxum üç yolla özünü xilas edib işıqlı havaya çıxır: Öncə torpağa kök atır, sonra torpaqdan qidalanır, daha sonra yoluna çıxan torpağı kənarlaşdırır.

Bəli, insan da özünü xilas etmək, açıq tövhid səmasına çıxmaq, maddiyyat zülmətlərindən qurtulmaq, nəfs istəkləri və tağutların boyunduruğundan azad olmaq üçün eynən həmin toxum kimi hərəkət etməlidir: O, dəlillərlə əqidə köklərini möhkəmləndirməli, sonra təkamülü üçün verilmiş imkanlardan faydalanmalı, daha sonra qarşısını kəsən maneə və düşmənləri kənarlaşdırmalıdır. Bəli, insan açıq tövhid fəzasına çıxmaq üçün “la ilahə illəllah” deməklə qeyri-ilahi məbudları dəf etməlidir.

●Bir şəxs namaz qıldığı vaxt saqqalı ilə oynayırdı. Həzrət Peyğəmbər (s) buyurdu: “Əgər onun qəlbində xüşu olsaydı, belə namaz qılmazdı.”[40]

●İmam Sadiq (ə) buyurmuşdur: “Namazda xüşu dedikdə, gözü qapamaq nəzərdə tutulur.”[41]

Kimlər qurtuluş əhlidir?

1. Abidlər (“Rəbbinizə pərəstiş edin, ola bilsin ki, nicat tapasınız”);[42]

2. Əməlləri dəyərli və ağır gələnlər.[43]

3. Xəsislikdən uzaq olanlar.[44]

4. Hizbullah (“Allahın firqəsi nicat tapmışdır”;)[45]

5. Çox zikr edənlər (“Allahı çox zikr edin ki, nicat tapasınız”;)[46]

6. Təqvalılar (“Ey düşüncə sahibləri! Təqvalı olun ki, nicat tapasınız”;)[47]

7. Mücahidlər (Allah yolunda cihad edin ki, nicat tapasınız”;)[48]

8. Tövbə edənlər (“Ey iman əhli! Tövbə edin ki, nicat tapasınız”;)[49]

Bildirişlər

1. Möminlərin qurtuluşu labüddür.

2. İmanın şərtləri və nişanələri var.

3. Namaz İslam proqramlarının başlanğıcında gəlir.

4. Namazda hal və keyfiyyət mühümdür.

 

Ayə 3, 4:

﴿وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ﴾

“O kəslər ki, boş işlərdən üz çevirər; o kəslər ki, zəkat ödəyərlər.”

Ayə 5:

﴿وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ﴾

“O kəslər ki, ayıb yerlərini (günahdan) hifz edərlər.”

Ayə 6:

﴿إِلَّا عَلَى أَزْوَاجِهِمْ أوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ﴾

“Yalnız zövcələri və əldə etdikləri kənizlər istisnadır. Onlar (zövcələri və kənizləri ilə yaxınlığa görə) məzəmmət olunmaz.”

 

Nöqtələr

●Mənasız iş və danışıq “ləğv” adlanır.

●Boş işlərdən çəkinmək təkcə müsəlmanlara aid olan xüsusiyyət deyil. Quran kitab əhli arasında da belələrinin olduğunu bildirir.[50]

●“Zəkat” sözünün lüğətdə mənası inkişaf və paklıq, terminoloji mənası isə şəri vergi, dini vacibatdır.

●İslam cəmiyyətində namaz və namusun hifzi çox mühümdür. Həmin bir neçə ayədə namus “hafizun”, namaz isə “əla səlatihim yuhafizun” cümləsi ilə yad edilir.

●Dünyada boş işlərdən uzaqlığın nəticəsi Qiyamətdə boşluqdan hifz olunmaqdır.[51]

●Boş iş və danışıqdan uzaqlıq çirkin söz və tünd xasiyyətlə müşayiət olunmamalıdır.[52]

●Rəvayətlərdə boş iş və boş danışığın (ləğvin) müəyyən nümunələri göstərilir: Allah zikri olmayan söz, ğina (haram musiqi), mənasız işlər.[53]

●Rəvayətdə oxuyuruq: “Yalnız iffətli qadınla evlənin, malınıza münasibətdə əmin-aman saymadığınız kəslə bir yastığa baş qoymayın.”[54]

Zəkatın əhəmiyyəti

–Zəkat İslamın beş bünövrəsindən biridir.

–Quranda 32 dəfə “zəkat”, 32 dəfə “bərəkət” (“bərək”) sözü işlədilmişdir. Sanki zəkatla bərəkət bərabərdir.

–Həzrət Peyğəmbər (s) zəkat ödəməyənləri məsciddən çıxarardı.

–Həzrət Mehdi (ə) öz böyük inqilabında zəkat ödəməyənlərlə vuruşacaq.

–Zəkat ödəməyənə öldüyü vaxt deyilər: “Ya yəhudi, ya da məsihi kimi öl!”

–Zəkat ödəməyən şəxs öldüyü vaxt Allahdan istəyər ki, yaxşı işlər üçün onu geri qaytarsın. Amma onun möhləti başa çatmışdır.

–İmam Sadiq (ə) buyurur: “Əgər insanlar zəkat ödəsələr, yer üzündə zərrəcə yoxsulluq qalmaz.”

Bildirişlər

1. Boş işlərdən uzaqlıq iman nişanəsidir. (Möminin bütün işlərində və danışıqlarında düzgün hədəf olmalıdır.)

2. Boş işlərdən uzaqlıq o qədər mühümdür ki, uyğun məsələ namaz və zəkat mövzuları arasında zikr olunmuşdur.

3. Zəkat da namaz kimi əhəmiyyətlidir. (28-ci ayədə namaz və zəkat mövzuları yanaşı xatırlanır.)

4. Etiqad təklikdə bəs etmir, əməl də lazımdır.

5. Həya iman şərtidir. (Cinsi pozğunluq iman zəifliyini göstərir.)

6. Şəhvət tüğyançıdır - ona nəzarət etmək zəruridir.

7. Cinsi ehtirasın təminində məhdudiyyət qoyulmalıdır. Amma bu işi qadağan etmək fitrətə ziddir.

8. Yersiz həya, utancaqlıq qadağandır. Bir işin icrası üçün İslamın icazəsi yetər. Yerdə qalan şəxsi səliqələr, dinə zidd adətlər məhkumdur.

Ayə 7:

﴿فَمَنِ ابْتَغَى وَرَاء ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْعَادُونَ﴾

“Bundan (zövcə və kənizdən) artığını istəyənlər həddi aşanlardır.”

Ayə 8:

﴿وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ﴾

“Nicat tapmış möminlər o kəslərdir ki, əmanət və əhdlərinə vəfa qılarlar.”

Ayə 9, 10:

﴿وَالَّذِينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ أُوْلَئِكَ هُمُ الْوَارِثُونَ﴾

“Onlar namazlarını hifz edərlər; onlar varislərdir.”

 

Ayə 11:

﴿الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ﴾

“O kəslər ki, Firdovs behiştə varis olar və orada əbədi qalarlar.”

 

Nöqtələr

●“Firdovs” dedikdə bağça, behiştin ən yaxşı yeri nəzərdə tutulur.[55] Bu söz “cənnət” sözünün yerinə işləndiyindən, o, qadın cinsini bildirən işarə əvəzliyi ilə işlədilmişdir.

●İmam Sadiq (ə) istimna (özündən sperma xaric etmək) hökmü ilə bağlı suala 7-ci ayəni tilavət etməklə cavab vermişdir.[56]

Əmanətin əhəmiyyətini göstərən rəvayətlər

–Xalqın namaz, oruc, həccinə yox, sədaqət və əmanətdarlığına fikir verin.[57]

–Həzrət Peyğəmbər (s) ömrünün son anlarında Həzrət Əliyə (ə) buyurdu: “Əmanət sahibi istər xeyirxah olsun, istər günahkar, əmanət istər dəyərli olsun, istər dəyərsiz, istər sap qədərində olsun, istər parça və ya libas, əmanəti sahibinə qaytar.”[58]

–Bütün maddi və mənəvi nemətlər ilahi əmanətdir. (İmam Rahil buyurmuşdur: “İslam respublikası ilahi əmanətdir.)

–Qurani-Kərim əmanətdar olan bəzi kitab əhlini tərifləmişdir: “Kitab əhlindən bəzisinə böyük miqdarda malı əmanət tapşırsan, onu sənə necə varsa elə qaytararlar.”[59]

Bildirişlər

1. Qanunun pozulması Allahın təyin etdiyi hədlərə təcavüzdən ibarətdir.

2. Günah sorağınca getmək də günahdır.

3. Mömin vədinə vəfa qılır. Vədə xilaflıq imanın zəifliyini göstərir.

4. Əməldə vəfa qıla bilməsək də əhd-peymana riayət etmək lazımdır.

5. Möminlərin siması tanıtdırılarkən əvvəldə və sonra namazın adı çəkilir. Bu təkrar namazın əhəmiyyətini göstərir.

 

Ayə 12:

﴿وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ﴾

“Həqiqətən, Biz insanı sıxılmış torpaqdan yaratdıq.”

Ayə 13:

﴿ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَّكِينٍ﴾

“Sonra onu nütfə şəklində möhkəm bir yerdə qərar verdik.”

Ayə 14:

﴿ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنشَأْنَاهُ خَلْقًا آخَرَ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ﴾

“Sonra nütfədən laxta qan yaratdıq. Laxta qanı bir parça ət etdik. Ət parçasını sümüklər şəklinə gətirdik. Sümüklərə ət geyindirdik. Sonra ona yeni bir yaranış verdik. Yaradanların ən üstünü olan Allah təzimə layiqdir.”

 

Nöqtələr

●“Sulalə” dedikdə cövhər, “ələqə” dedikdə laxta qan, “muzğə” dedikdə bir parça sümüksüz ət nəzərdə tutulur.

●İmam Baqir (ə) buyurur: “Yeni yaranış dedikdə ruhun bədənə üfürülməsi nəzərdə tutulur.”[60]

●İmam Rzanın (ə) buyruğuna əsasən, “ən üstün yaradan” dedikdə Allahın başqalarına da yaratmaq qüdrəti verməsi nəzərdə tutulur. Məsələn həzrət İsa Allahın istəyi ilə yaradırdı.”[61]

●Allahın ən üstün yaradan olmasının bir çox dəlilləri var: Onun xaliqliyi daimidir, bu yaranış xüsusi bir əşya ilə məhdudlaşmır, bu işdə çeşidlilik sonsuzdur, ən sadə şeydən ən mürəkkəbi yaradılır, ilkin maddə özündəndir, Allah yaratdığı vaxt təqlid etmir, bu yaradılışda peşmanlıq və tərəddüd yoxdur, yaranış Allahın mərhəmətinə əsaslanır və bütün yaranışlar məqsədlidir, Onun yaratdıqları varlıq nizamına uyğundur.

Bildirişlər

1. Keçmişin və zəifliklərin yada salınması, Allahın qüdrət və lütfünə diqqət imanın güclənməsi və daha çox ibadət üçün zəmindir.

2. İnsanın yaranışı bir neçə mərhələdə gerçəkləşmişdir.

3. Ana müxtəlif hərəkətlər etsə də, onun bətni övlad üçün ən etibarlı yerdir.

4. Yaranışın bütün mərhələləri Allahın nəzəri altda həyata keçir.

5. İnsanın dəyəri onun ruhundadır.

6. İnsanın özünü tanıması onun Allahı tanıması üçün müqəddimədir.

Ayə 15, 16:

﴿ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَلِكَ لَمَيِّتُونَ ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ﴾

“Sonra heç şübhəsiz ölərsiniz, Qiyamət günü ayağa qaldırılarsınız.”

 

Nöqtələr

●Allah bu ayələrdə ölümü labüd sayır. Bu məqamda Əmirəl-mömininin (ə) kəlamını yada salmaq yerinə düşər: “Əgər dünyada həmişəlik qalmaq və ölümdən qurtarmaq üçün bir kəs çarə axtarsa o, Davud oğlu Süleyman ola bilər ki, cin və insana hakim idi. Bundan əlavə peyğəmbərliyə, böyük məqama malik idi... Lakin bununla belə yoxluq kamanları ölüm oxları ilə onun həyatına son qoydu.”[62]

●Ötən ayədə insanın təkamül yolu bəyan olundu və Allah özünə «əhsən» söylədi. Bu iki ayədə isə təkamülün ölümdən sonrakı axır mərhələləri bəyan olunur.

Bildirişlər

1. Ölüm yox olmaq deyil, təkamülün növbəti mərhələsidir.

2. Ölüm qaçılmaz bir taledir.

3. İnsan məqsədli yaradılmışdır.

4. Ölümlə Qiyamət arasında yetərincə uzun fasilə var.

Ayə 17:

﴿وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ﴾

“Həqiqətən, Biz sizin başınız üstə yeddi yol (yeddi səma) yaratdıq və Biz xilqətdən (varlıq aləmindən) xəbərsiz deyildik.”

 

Nöqtələr

●«Təraiq» kəlməsindən məqsəd ya mələklərin keçib getdiyi yol, ya digər planetlərin hərəkət istiqaməti və orbiti və yaxud da bir-birinə yolları olan yeddi göydür.

●Ötən ayələrdə insanın, bu ayədə göylərin yaranışından danışılır.

Bildirişlər

1. Allah həm xaliqdir, həm də nəzərdə saxlayan. (Aləm Allahın hüzurundadır.)

2. Yaradılış və varlıq aləminin idarəsi üçün daimi müdiriyyətə ehtiyac var.

Ayə 18:

﴿وَأَنزَلْنَا مِنَ السَّمَاء مَاء بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ وَإِنَّا عَلَى ذَهَابٍ بِهِ لَقَادِرُونَ﴾

“Səmadan müəyyən qədər su nazil etdik. Ona yer üzündə yer verdik. Həqiqətən, Biz onu aparmağa qadirik.”

 

Bildirişlər

1. Allah nemət verməyə və neməti geri almağa eyni dərəcədə qadirdir.

2. Yağış damlalarının hesabı var. (Yağış təsadüfi təbii hadisə deyil.)

3. Su hövzələrinin yaranışı ilahi lütfdür və Allahın Öz məxluqundan xəbərdar olduğunu göstərir.

4. Allah hadisələrə hakimdir.

5. Nemətlərin daimi olduğunu düşünməyək.

Ayə 19:

﴿فَأَنشَأْنَا لَكُم بِهِ جَنَّاتٍ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ لَّكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ﴾

“Onun (suyun) vasitəsi ilə sizin üçün xurma və üzümdən ibarət bağlar yaratdıq. Həmin bağlarda sizin üçün bol meyvələr var və onlardan yeyirsiniz.”

Ayə 20:

﴿وَشَجَرَةً تَخْرُجُ مِن طُورِ سَيْنَاء تَنبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِّلْآكِلِينَ﴾

“Sina dağında cücərən bir ağac, yeyənlər üçün yağ və yavanlıq bara gətirər.”

 

Bildirişlər

1. Su nəbatat aləmi üçün həyat qaynağıdır.

2. Ağaclar və otlar insanların istifadəsi üçün yaradılmışdır.

3. Meyvələr arasında xurma və üzüm kimi nemətlərin ayrı yeri var.

4. Hikmət sahibi olan Allah insanların maddi ehtiyaclarını təmin etmişdir.

5. Allah insanların istifadə etdiyindən daha artıq yaradır.

6. Allahın yaratdığı hər bir şey faydalı və bərəkətlidir. (Harada zərər varsa səbəbkar insandır. “Nəhl” surəsinin 67-ci ayəsində buyurulur: “Siz ondan şərab hazırlayırsınız.”)

7. Hər məntəqə müəyyən bir qrup ağac və ot üçün münasibdir.

8. Bəzi torpaqlar mənəvi və maddi baxımdan bərəkətlidir. (Sina dağı vəhyin nazil olduğu və zeytun ağaclarının cücərdiyi məhəldir.)

9. Zeytun yağı ilahi nemətlərdən biridir.

Ayə 21:

﴿وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً نُّسقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ﴾

“Həqiqətən, dördayaqlılarda sizin üçün ibrət var. Onların qarnında olandan (süddən) sizə içirərik. Onlarda sizin üçün böyük faydalar var və onlardan (onların ətindən) yeyirsiniz.”

Ayə 22:

﴿وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ﴾

“Onlara və gəmilərə süvar olursunuz.”

 

Bildirişlər

1. Dördayaqlılar insan üçün yaradılmışlar.

2. Heyvanların əbəs yaradıldığını düşünməyək. Torpaqdan dəmiri ayırmaq üçün yüzlərlə mütəxəssisə və alətə ehtiyac var. Amma Allah-təala otdan süd çıxarır. O elə bu qüdrətlə də insanları torpağın köksündən bayıra çıxarasıdır.

3. Süd Quranın qeyd etdiyi nemətlərdəndir.

4. Meyvələr və bitki yağları heyvan mənşəli qidalardan öndə gəlir.

5. Süd, ət və minik heyvanların mənafelərinin bir hissəsidir. Süd məhsulları, yağ, konserv, sap-ip istehsal edən müəssisələr heyvandarlıq sayəsində fəaliyyət göstərir və milyonlarla insan üçün iş yeri açılır.

6. Sərnişin və yük daşınmasında gəmiçiliyin rolunu lazımınca qiymətləndirək.

Ayə 23:

﴿وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُم مِّنْ إِلَهٍ غَيْرُهُ أَفَلَا تَتَّقُونَ﴾

“Həqiqətən, Nuhu öz qövmünə doğru göndərdik. Onlara dedi: “Ey mənim qövmüm, (bir olan) Allaha pərəstiş edin. Sizin üçün Ondan savay məbud yoxdur. Qorxmursunuzmu?”

 

Nöqtələr

●Allah ötən ayələrdə insanın yaranışından və onun ehtiyaclarının təmini üçün nəzərdə tutulmuş maddi nemətlərdən danışdı. Bu ayələrdə isə düşüncə ehtiyaclarının təminindən söz açılır.

Bildirişlər

1. Dini təbliğatda xalqa məhəbbətlə müraciət edin.

2. Peyğəmbərlərin ilkin vəzifəsi tövhidə dəvətdir. (Təbliğdə əsas məsələlərə diqqət yetirin.)

3. İnsanın batinində pərəstiş ruhu var. Peyğəmbərlər isə pərəstiş nümunələrini bəyan edir.

4. Allahdan qeyrisinin sorağınca getmək özünü təhlükəyə atmaqdır.

Ayə 24:

﴿فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِن قَوْمِهِ مَا هَذَا إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاء اللَّهُ لَأَنزَلَ مَلَائِكَةً مَّا سَمِعْنَا بِهَذَا فِي آبَائِنَا الْأَوَّلِينَ﴾

“Onun qövmünün küfrə uğramış başçıları dedilər: “Nuh yalnız sizin kimi bir insandır və sizin üzərinizdə üstünlük əldə etmək istəyir. Əgər Allah sizə peyğəmbər göndərmək istəsəydi, hökmən mələkləri göndərərdi. Biz bunu ata-babalarımız arasında görməmişik.”

 

Bildirişlər

1. Peyğəmbərlərə müxalifət cəbhəsində başçılar, əyanlar ön cərgədə dayanırdı.

2. İnsanın daxilində özünə sevgi hissi var. (Başqalarının ondan üstünlüyü insanı narahat edir.)

3. Üstünlük böhtanı kafirlərin təbliğat vasitələrindəndir.

4. Təkəbbürlü insan Allah üçün də vəzifələr müəyyənləşdirir.

5. Kafirlər əslində kamillik olan bir səciyyəni nöqsan sayırlar. (Peyğəmbərlərin üstün olması onlar üçün nöqsan yox, kamillikdir.)

6. Düzgün məntiq qarşısında tarixə, ata-babalara, milli ənənələrə istinad edib mövqeyinizi müdafiə etməyin.

Ayə 25:

﴿إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّى حِينٍ﴾

“O yalnız ağlını itirmiş bir adamdır. Ona qarşı bir müddət səbir edin.”

 

Ayə 26:

﴿قَالَ رَبِّ انصُرْنِي بِمَا كَذَّبُونِ﴾

“Nuh dedi: “Pərvərdigara! Onların təkzibi qarşısında bizə yardım buyur.”

 

Bildirişlər

1. Keçmişdəkilərin tarixindən xəbərdarlıq insanlar üçün təsəlli olur. (“Ey peyğəmbər! Əvvəlki peyğəmbərləri də dəli sayırdılar.)

2. Bəziləri özü yüksələ bilmədiyindən böyüklərin məqamını alçaltmağa çalışırlar.

3. Qürur və inadkarlıq ən ağıllı insanların dəli adlandırılmasına səbəb olur.

4. Küfr başçıları peyğəmbərlərin dəvətini onların ruhi sarsıntısı kimi qələmə verirdilər.

5. Böhtan və təhqirlərə qarşı ən güclü vasitə təvəkkül və duadır.

6. Allahdan yardım istəyində məqsəd fərdin fərdə yox, imanın küfrə qələbəsidir.

Ayə 27:

﴿فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاء أَمْرُنَا وَفَارَ التَّنُّورُ فَاسْلُكْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا إِنَّهُم مُّغْرَقُونَ﴾



Geri   İrəli
Go to TOP