A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


2. Başqalarından ümidi üzüb ixlaslı olmaq duanın qəbul şərtidir.

3. Allah istəyini dilə gətirməyən insanın halından da xəbərdardır. Amma bəndələrinin hacətini onların öz dilindən eşitmək istəyir.

4. İnsanın təbiət üzərində hökmü var.

5. Çıxılmaz vəziyyətə düşdükdə maddi güclərə ümid bağlayırsınızmı?!

Ayə 63:

﴿أَمَّن يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَن يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ أَإِلَهٌ مَّعَ اللَّهِ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ﴾

“Sizi quru və dənizin qaranlıqlarında (ulduzlar vasitəsi ilə) hidayət edən kimdir? Rəhmətindən öncə müjdə olaraq küləkləri göndərən kimdir? Allahdan başqa məbudmu var?! Allah ona şərik qoşduqlarınızdan ucadır.”

 

 

Nöqtələr

●“Quru və dənizin zülmətlərində hidayət” dedikdə ulduzlar vasitəsi ilə yol göstərilməsi nəzərdə tutula bilər.[461]

Bildirişlər

1. Ən üstün allahşünaslıq yolu həyatdakı çıxılmaz vəziyyətlərə diqqət, Allahın lütfünə ümid yolu tapılmasıdır.

2. Küləklər Allahın tədbiri ilə hərəkət edir.

3. Əgər vicdanları hakim seçsək, anlayarıq ki, bir Allahdan savay məbud yoxdur.

4. İstənilən bir şirk məhkumdur.

5. Allaha şərik qoşmaq Onun məqamını alçaltmaqdır.

Ayə 64:

﴿أَمَّن يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَن يَرْزُقُكُم مِّنَ السَّمَاء وَالْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ﴾

“Yaranışa başlayıb, sonra onu (Qiyamətdə) geri qaytaran kimdir? Kimdir sizə göydən və yerdən ruzi verən? Allahla yanaşı başqa bir məbudmu var?! De ki, doğru deyirsinizsə, dəlillərinizi göstərin.”

 

Nöqtələr

●60-64-cü ayələrdə beş dəfə ardıcıl şəkildə “Allahla yanaşı başqa bir məbud varmı” deyə soruşulur. Məqsəd şirki puça çıxarmaq, yalançı tanrıları inkar etməkdir.

●İnsana bəzən göydən nur, hava, yağış kimi ruzilər; bəzən də yerdən bitki və meyvə kimi ruzilər verilir. Heyvanlar da yerdən istifadə etməklə inkişaf edir, mədənlər də yerdən çıxır.[462]

Quran baxımından heç bir məxluq məhv olmur. Yalnız bizə elə gəlir ki, nələrsə məhv olub gedir.[463] Məad bəzilərinin düşündüyü kimi məhv olub gedənin yenidən qaytarılması deyil. Mövcudlar sadəcə müəyyən dəyişikliklərdən sonra əvvəlki formalarına qaytarılırlar.

Quranın təkrarlanan ayələri yeni bəyanlarla yanaşı təkrarlanır. “Allahla yanaşı başqa bir məbudmu var” cümləsi hər dəfə yeni bir cümlə ilə yanaşı işlədilir:

–60-cı ayədə: “Müşriklər həddi aşmışlar.”

–61-ci ayədə: “Onların azğınlığı cəhalət səbəbindəndir.”

–62-ci ayədə: “Cahil olduqlarından az öyüd götürürlər.”

–63-cü ayədə: “Allah onların şirkindən ucadır.”

–64-cü ayədə: “Onlar dəlil-sübutsuz şirk sorağınca getmişlər.”

Bildirişlər

1. İlkin yaradan qüdrət yenə də həmin vəziyyətə qaytara bilər.

2. Məad cismanidir.

3. Suallarla vicdanları oyadın.

4. Müxaliflərinizin dəlilləri varsa qəbul edin.

5. İslam dəlil və məntiq dinidir. Bu din öz müxaliflərindən də dəlil tələb edir.

Ayə 65:

﴿قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ﴾

“Allahdan savay, göylərdə və yerdə heç kəs qeybi bilmir. Kimsə bilmir ki, nə vaxt ayağa qaldırılacaq.”

Ayə 66:

﴿بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ بَلْ هُمْ فِي شَكٍّ مِّنْهَا بَلْ هُم مِّنْهَا عَمِونَ﴾

“Müşriklərin elmi, ola bilsin ki, Qiyamətdə kamala çatacaq. Ola bilsin ki, müşriklər (bu gün) onun (axirətin) haqqında şübhədədirlər. Onlar axirətə münasibətdə, bəlkə də, kordurlar.”

Ayə 67:

﴿وَقَالَ الَّذِينَ كَفَرُوا أَئِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ﴾

“Küfr edənlər dedilər: “Biz və ata-babalarımız torpaq olduqdan sonra hökmən (torpaqdan) çıxarılacağıqmı?”

Ayə 68:

﴿لَقَدْ وُعِدْنَا هَذَا نَحْنُ وَآبَاؤُنَا مِن قَبْلُ إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ﴾

“Həqiqətən, bizə və ata-babalarımıza belə vəd verilmişdi. Bu vəd keçmişlərin əfsanəsindən başqa bir şey deyil.”

Nöqtələr

●Qeyblə bağlı məlumatlar bir neçə növdür. Onlardan bir növünü Allah Öz peyğəmbərlərinə öyrədir.[464] Qeyb elminin digər bir növü Qiyamət dövrünə təsadüf edir və Allahın müqəddəs zatına məxsusdur.

●Ayədəki “مَن” (mən) sözü şüurlu mövcudlara aiddir. Belə ki, səmalarda mələklərdən əlavə şüurlu mövcudlar ola bilər və bu mövcudlar Qiyamətdə insanlar kimi səhnəyə gətirilər.

●“Bəlkə onların elmi Qiyamətdə kamala çatacaq” cümləsi “Nəbə” surəsinin 4-5-ci ayələrinin oxşarıdır: “Xeyr, onlar hökmən biləcəklər; yenə də xeyr, onlar hökmən biləcəklər.”

“İddarəkə” sözü ayrı-ayrı hissələrin bir-birinə birləşməsi mənasını bildirir. Yəni müşriklər dünyada düşüncə baxımından parçalanmışdılar. Amma axirətdə onların məlumatları üst-üstə yığılacaq və elm həddinə çatacaq. Amma bunun heç bir faydası olmayacaq!

“Əsatir” dedikdə “əfsanələr” mənası anlaşılır. Kafirlər peyğəmbəri ittihamlandırırdılar. Qiyamət haqqında deyilənlər əsassızdır və baş qatmaq üçün bəyan olunur.

Bildirişlər

1. Məadın inkarı küfrdür.

2. Məlumatın bir qrup tərəfindən qəbul edilməməsi həmin məlumatın həqiqət olmadığını göstərmir.

3. Sualın şübhə ilə təkrarı inkar nişanəsidir.

4. Düşmənlərin mühüm işlərindən biri etiqadi məsələlərdə şəkk yaratmaqdır.

5. Sözün keçmişdə deyilməsi onu etibardan salmır.

6. Bütün peyğəmbərlər məadı vəd etmişlər.

7. Günahkarlar öz günahlarına şərik axtarırlar.

8. Peyğəmbərlərin sözünü əfsanə saymaq kafirlərin gedişlərindəndir.

Ayə 69:

﴿قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ﴾

“De ki, yer üzündə gəzin. Baxın (görün) günahkarların aqibəti necə oldu.”

 

Ayə 70:

﴿وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِي ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ﴾

“Onlara görə qəm yemə, qurğu qurmaları səni sıxmasın.”

 

Nöqtələr

●Quran dəfələrlə insanları yer üzünü gəzib dolaşmağa təşviq etmişdir. Məqsəd insanların günahkarların aqibətini görüb nəticə çıxarması, ibrət götürməsidir.

Bildirişlər

1. Tarixə düşmüş zülmkarların bu günə gəlib çatmış nişanələri ilə tanışlıq hidayət və tərbiyə vasitələrindəndir.

2. Bəşər tarixi ənənələrə, qanunlara və sünnələrə malikdir. Belə bir qayda ilə tarixin ibrətamiz səhnələri bu günümüz üçün dərs ola bilər.

3. Səfər məqsədli olmalıdır.

4. Gələcəkdəkilərin ibrət götürməsi üçün keçmişdəkilərin nişanələri qorunmalıdır.

5. Allahın qəhr-qəzəbi ilə viran olmuş yer ictimai yerdir və insanlar heç bir maneəsiz həmin yeri seyr edə bilməlidirlər.

6. Günahkarların aqibəti pisdir. (Ardıcıl günah şükür və təkzibə gətirir.)

7. Günahın dünya və axirət cəzası var.

8. Bir halda ki, günahkarların sonu bədbəxtlikdir, nə üçün onların inadkarlığı bizi qəmləndirsin?!

9. Peyğəmbər hətta hiyləgər düşmənlərin də hidayətini arzulayırdı.

10. Peyğəmbərlər Allah himayəsindədirlər. Allah Öz peyğəmbərinə təsəlli verir.

 

Qəm yemə, qəmini götürən Mənəm,

Bütün pislikləri ötürən Mənəm.

Hamı səndən əgər üz çevirsə,

Dünya axirət sənə yar Mənəm.

 

11. İnsanların, (hətta peyğəmbərlərin) güc və tutumu məhduddur. Peyğəmbəri qəmləndirən kafirlərin qurğusunun həyata keçməsi və təbliğin səmərə verməməsi idi. Belə bir məqamda Allah ona təsəlli verir.

12. İslam düşmənləri daim plan cızmaqla məşğuldurlar.

 

 

Ayə 71:

﴿وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ﴾

“Deyirlər ki, sözünüz doğrusa, bu vəd (dünya və axirət əzabı) nə vaxt olacaq?”

 

Ayə 72:

﴿قُلْ عَسَى أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ﴾

“De: Çox güman ki, tələsik istədiyiniz əzabın bir hissəsi sizə çatmaqdadır.”

Ayə 73:

﴿وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ﴾

“Əlbəttə, sənin Rəbbin insanlara münasibətdə fəzl sahibidir. Amma onların çoxu şükür etmir.”

Ayə 74:

﴿وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ﴾

“Əlbəttə, sənin Rəbbin onların qəlblərində gizlətdiyi və aşkarladığı nə varsa (yaxşı) bilir.”

 

Nöqtələr

●Peyğəmbərlər insanları Qiyamət və Allahın qəhr-qəzəbi ilə qorxutduqda onlar bu hadisənin nə vaxt baş verəcəyini soruşurdular. Amma həmin vaxt yalnız Allaha məlum olduğundan peyğəmbərlər cavab vermirdilər. Onlar xalqa yalnız xəbərdarlıq edir, Qiyamət hadisəsinin nə vaxt baş verəcəyi barədə bir söz demirdilər.

●“Qəlblərində olan” təbirinin “aşkar etdikləri” təbirindən öncə gəlməsi bir neçə cür izah edilə bilər:

a) Aşkar baş verən işlərin səbəbi iç düşüncələr və niyyətlərdir;

b) İnsanların içini bilmək onların zahirini bilməkdən mühümdür;

v) Allahın iç məqsədlərdən və düşüncələrdən xəbərdarlığı məadı inkar edənlər üçün daha qorxuludur.

Bildirişlər

1. Kafirlər əzabın müşahidəsi üçün həm tələsir, həm də uyğun vədi məsxərəyə qoyurdular.

2. Bir mövzunun xırdalıqlarını bilməmək onu inkar etmək üçün dəlil ola bilməz. (Əgər Qiyamətin nə vaxt baş verəcəyini bilmiriksə, onun əslini inkar etməyək.)

3. Qiyamətin nə vaxt baş verəcəyi ilə bağlı inadkar sualların kökü peyğəmbərliyə şübhədir.

4. Hər sualı cavablandırmaq zəruri deyil. (Kafirlər Peyğəmbərdən (s) əzab vaxtını soruşsalar da, Peyğəmbər (s) onlara cavab vermirdi.)

5. İnsanların kafirlərə tələsik əzab istəməsi Allahın hikmətini dəyişmir.

6. Dünya kamil cəza yeri deyil.

7. İlahi cəzaların nizamı, vaxt bölgüsü var və bu cəzalar mərhələ-mərhələ həyata keçir.

8. Qorxu və ümid yanaşı olduqda səmərəlidir.

9. Kafirlər tövbə ilə vəziyyəti dəyişib Allahın qəzəbindən qurtula bilərlər.

10. Dünya əzabından bir qədər dadmaq oyanış və tövbə vasitəsi, ilahi fəzl ola bilər.

11. Cəzanın təxirə salınması tərbiyə və lütf nişanələrindəndir. Bu təsir tövbə üçün fürsət yaradır.

12. Əksəriyyətin nankorluğu Allahın lütfünü dayandırmır.

13. Allahın elminə şəkk etməyin.

14. Bir halda ki, Allah hər şeydən xəbərdardır, günah və nifaqa necə yol verilsin?! Bir işin gizlində və ya aşkarda baş verməsi Allahın elminə təsirsizdir.

15. Allahın rübubiyyəti Onun kamil xəbərdarlığı ilə müşayiət olunur.

16. Allahın gizlindən və aşkardan xəbərdarlığı Onun vədlərinin gerçəkləşəcəyinə zamindir. Beləsə, tələsməyin!

Ayə 75:

﴿وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاء وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُّبِينٍ﴾

“Göydə və yerdə heç bir gizli (mövcud) yoxdur ki, açıq-aydın kitabda (Allahın yanında qeyd) olmasın.”

 

Nöqtələr

●“Ğaibətin” sözündəki “ta” hərfi mübaliğə nişanəsi olarsa, “çox sirli” mənasını bildirər. Bu hərf qadın cinsi (“tənis”) əlaməti də ola bilər.[465]

●Göylərin və yerin qeybi dedikdə bəşəriyyətin bütün məxfi işləri, niyyətləri, Qiyamətin qopması, rəhmət və ya əzabın nazil olma vaxtı nəzərdə tutulur.

●“Kitabun mubin” dedikdə lövhi-məhfuz və Allahın sonsuz elmi nəzərdə tutula bilər.

Bildirişlər

1. Bəşəriyyət bir çox həqiqətləri dərk etməkdə acizdir.

2. Bütün varlıq aləmi Allahın nəzarətindədir və hesab-kitabı var.

Ayə 76:

﴿إِنَّ هَذَا الْقُرْآنَ يَقُصُّ عَلَى بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ﴾

“Həqiqətən, bu Quran Bəni-İsrailin ixtilafda olduğu məsələlərin çoxunu (düzgün şəkildə) onlara nəql edir.”

 

Nöqtələr

●Ayədən məlum olur ki, İslam Peyğəmbərinin (s) dövründə Tövrat və İncil kitab əhlinin ixtilaflarını həll etməyə qadir deyildi. İxtilafları əvvəlki səmavi kitablara hakim olan Quran yalnız ixtilafları həll etmək gücündədir.

Bildirişlər

1. Əqli və köklü ixtilafların məktəb görməmiş peyğəmbər əli ilə həlli Quranın ecazkarlıq və ilahilik nişanəsidir.

Mövlam qələm alıb getmədi dərsə,

Amma dərs deyərdi yüz müdərrisə.

2. Quranın bərəkətlərindən biri onun ixtilafları həll etməsidir.

3. İlahi məktəblərdə heç bir ixtilaf yoxdur. İxtilafı yaradan xalqdır.

Ayə 77:

﴿وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ﴾

“Əlbəttə ki, o, (Quran) iman əhli üçün hidayət və rəhmətdir.”

Ayə 78:

﴿إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُم بِحُكْمِهِ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ﴾

“Şübhəsiz, sənin Rəbbin Öz hökmü ilə onların arasında mühakimə aparacaq. O, qüvvət və agahlıq sahibidir.”

Ayə 79:

﴿فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ﴾

“Allaha təvəkkül et, (bil ki) sən aşkar haqq yoldasan.”

 

Bildirişlər

1. İxtilafların həlli aşkar hidayət və rəhmət nümunəsidir.

2. İman ilahi rəhmət səbəbidir.

3. Allah Öz peyğəmbərinə təsəlli verir.

4. Mühakimə Allahın rübubiyyət şənlərindəndir.

5. İlahi hökmlər Allahın müqəddəs zatına məxsusdur. Çünki cəhalət, qorxu, meyllər və hadisələr Onun hökmünə təsir etmir, Onun hökmü tam ədalətlidir.

6. Mühakimədə ədalətdən əlavə elm və qüdrətə ehtiyac var.

7. Allaha təvəkkül rəhbərin müvəffəqiyyəti üçün bir şərtdir.

8. Yolun doğruluğuna diqqət və onun təlqini insanı ötəri hadisələr qarşısında sığortalayır.

9. Peyğəmbər yolunda heç bir şübhəli nöqtə yox idi. Müxaliflər sadəcə bəhanə axtarırdılar.

10. Allaha təvəkkül yalnız haqq yolda mənalı və səmərəlidir.

11. Rəhbər getdiyi yolun doğruluğuna inanmalıdır.

Ayə 80:

﴿إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاء إِذَا وَلَّوْا مُدْبِرِينَ﴾

“Şübhəsiz, öz dəvətini nə ölülərin qulağına çatdırar, nə də dönüb gedən karlara eşitdirə bilərsən.”

Ayə 81:

﴿وَمَا أَنتَ بِهَادِي الْعُمْيِ عَن ضَلَالَتِهِمْ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِآيَاتِنَا فَهُم مُّسْلِمُونَ﴾

“Sən korları azğınlıqlarından çəkindirən deyilsən. Sən yalnız öz sözünü ayələrimizə iman gətirənlərin, haqq qarşısında təslim olanların qulağına yetirə bilərsən.”

 

Nöqtələr

●Quran leksikonunda ölüm və həyat dedikdə həm təbii, həm də mənəvi ölüm və həyat nəzərdə tutulur.

Quran haqq sözün təsir etmədiyi kəsləri ölü sayır. Təkrar-təkrar bəyan olunur ki, şəhidləri ölü saymayın, onlar diridir, şaddır, bir-birinə müjdə verir, ilahi ruzidən bəhrələnirlər. Bəli, daş qəlbli və inadkar insan ölü, dünyadan getmiş şəhid diridir. Məsələni bir qədər də açıqlayaq:

Həyat mərhələləri

●Həyatın müəyyən mərhələləri var:

1. Nəbatat həyatı–Quranda buyurulur ki, torpaq öləndən sonra Allah onu yağış vasitəsi ilə dirildir.[466]

2. Heyvani həyat–Quranda buyurulur ki, Biz sizə həyat verdik.[467]

3. Ruhi həyat–Ayələrdə oxuyuruq ki, diri insanlar oyadılsın, yəni sağlam ağıl və fitrəti olanlara xəbərdarlıq edilsin. Qeyd olunur ki, peyğəmbərlərin dəvəti sizin həyatınız üçündür.[468]

4. İctimai-siyasi həyat–Əgər qisas hökmünün icrası ilə ədaləti bərqərar etsəniz, cəmiyyət diridir.[469]

5. Axirət həyatı–dünya həyatını puça çıxarmış insanın dilindən nəql olunur ki, kaş axirətdə həqiqi həyat üçün bir şey göndərmiş, azuqə toplamış olaydım.[470]

Bir irada cavab

●“Təfsiri-nümunə”də oxuyuruq: “Vəhhabilər “şübhəsiz, dəvətini ölülərin qulağına çatdıra bilməzsən” buyruğunu öz yanlış əqidələri üçün dəlil göstərirlər. Onlar iddia edirlər ki, dünyasını dəyişmiş Peyğəmbər (s) heç bir söz eşitmir və onu ziyarət etməyin, ona müraciətin heç bir mənası yoxdur.

Bu puç iddiaya cavab olaraq deməliyik ki, ayədə ümumi bir təşbeh nəzərdə tutulmuşdur. Məsələn, “Bəqərə” surəsinin 74-cü ayəsində bəzilərinin qəlbi daşa bənzədilir. Bu o demək deyil ki, onların qəlbi istənilən bir halda daşdır. Quran şəhidlərin bərzəx həyatında yaşadığını bildirir. Bu mövzuda yetərincə şiə və sünni rəvayətləri var:

1. Məhəmməd ibn Əbdül-Vəhhab “əl hədiyyətus-sünniyyə” kitabında yazır: “Peyğəmbərin (s) ölümdən sonrakı Bərzəx həyatı şəhidlərin həyatından üstündür. O, salam verənlərin salamını eşidir.”

2. Bir çox şiə və sünni kitablarında bildirilir ki, Peyğəmbər (s) və imamlar onlara uzaqdan və yaxından salam verənlərin salamını eşidir və cavab verir. Hətta insanların əməlləri onlara xəbər verilir.[471]

3. Biz özümüz şahid olmuşuq ki, peyğəmbər və onun Əhli-beytinə (ə) üz tutan (təvəssül edən) minlərlə insanın istəyi həyata keçib.

4. “Səhih-Buxari”də oxuyuruq: “Həzrət Peyğəmbər (s) Bədr döyüşündə həlak olanlarla danışırdı. Şəhidlərin eşidib-eşitməməsi ilə bağlı Ömərin verdiyi sualı həzrət belə cavablandırdı: “And olsun canım əlində olan Allaha, siz onlardan yaxşı eşitmirsiniz.”[472]

5. Həzrət Əli (ə) Cəməl döyüşünün sonunda buyurdu: “Səd ibn Surun meyitini oturdun.” Sonra həzrət ona üz tutub buyurdu: “Vay olsun sənə, elm və bilik sənə fayda vermədi, şeytan səni azdırdı və Cəhənnəmə yola saldı.”[473]

Bildirişlər

1. Bəsirəti kor olanları Allaha tapşır.

2. Dinləyicinin qəlbi daş olsa, pak bir insanın dediyi haqq sözlər də ona təsir etməyəcək. Bəli, yanmış elektrik lampasını heç bir mənbə işıqlandıra bilməz.

Qəlbi daş insana öyüd vermə sən,

Dəmir mıx qayaya yeriməz əslən.

3. Peyğəmbər təbliğlərinin səmərə verməməsi onların işindəki nöqsanla yox, insanların qəlbinin korluğu ilə əlaqəlidir.

4. İman cisimdə ruh kimidir. Möcüzə görüb məntiqi söz eşitməklə iman gətirməyənlər ruhsuz cəsəd kimidirlər. Haqqın eşidilməsi və qəbulu ruhun sağlamlığını göstərir.

5. İnsan yəqinə çatsa, xalqın inkarı ona təsir göstərməz.

6. Karlara işarə ilə nəyisə anlatmaq olur. Amma həqiqətə arxa çevirib haqq əhlindən uzaqlaşanlar işarə də qanmırlar.

7. İnkardan da pisi inkarı davam etdirməkdir.

 

 

 

 

 

 

 

 

Ayə 82:

﴿وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِّنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ﴾

“Əgər (ilahi əzabla bağlı vəd və) söz insanlar üçün qətiləşsə, onlarla danışmaq üçün yerdən bir canlı çıxararıq və o deyər: “Həqiqətən, insanlar bizim ayələrimizə inanmırdılar.”

 

Nöqtələr

●Zahirən belə görünür ki, ayə Qiyamətdən öncəki cərəyandan danışır. Belə ki, Allahın qəzəbi labüdləşdikdə O Öz qüdrəti ilə yerdən canlı bir varlıq çıxarar, həmin varlıq insanlarla danışar və sözü də bu olar ki, insanlar iman gətirmir.

●“Dabbətən” dedikdə insandan qeyrisi nəzərdə tutulsa da, Quranda bu söz dəfələrlə insan mənasında işlənmişdir. Digər bir tərəfdən, ayədə nəzərdə tutulan varlığın sözü bütün kafirlər üçün dəlil olmalıdır. Qeyd etməliyik ki, bu söz mühüm bir şəxsiyyətə işarədir və rəvayətlərə əsasən həmin şəxs Əli ibn Əbi-Talibdir (ə).

●Bu ayə dünyanın sonunda qiyam qaldırıb, fövqəladə hərəkətlər edən, haqqı batildən, mömini kafirdən ayıran övliyalara da şamil olunur.

“Dabbətən” dedikdə kim nəzərdə tutulur?

●Ayədə “dabbətən” adlandırılan mövcudun çox mühüm olduğunu göstərən nişanələr var:

1. O, ilahi qəhr-qəzəb astanasında zahir olar. Sözün mühüm qaynaqdan olması onun əhəmiyyətini göstərir.

2. İstisna bir formada peyda olar.

3. Danışar, mühakimə edər, xalqın gələcəyindən xəbər verər.

4. Onun sözü İsrafilin suru kimi sonuncudur.

5. “Dabbətən” sözünün tənvinlə (“ən” ilə) işlənməsi əzəmət və böyüklük göstəricisidir.

6. Növbəti ayə Allah övliyalarının Qiyamətdən öncə diriləcəyi rəcət məsələsini bəyan edir.

7. Ayədə “Allahın ayələri” yox, “bizim ayələrimiz” təbirinin işlənməsi həmin mövcudun ilahi nişanələrini göstərir.

Ayənin zahirindən görünən bu nişanələri və təfsirlərdə nəql olunmuş çoxsaylı rəvayətləri ümumiləşdirdikdə belə bir nəticəyə gəlirik ki, uyğun təbir Həzrət Əliyə (ə) işarədir. Bəli, son sözü deməyə o layiqdir. Bəzilərinin alnına imansızlıq möhürü vurub, azğınların pis aqibətini xəbər vermək onun şənindədir.

İki sual

Sual: Məgər “dabbətən” sözü qeyri-insani bir varlığa aid deyilmi?

Cavab: Xeyr, Quranda bu söz dəfələrlə insana şamil edilmişdir.[474]

Sual: Məgər Həzrət Əlini (ə) “canlı” adlandırmaq onun alçaldılması deyilmi?

Cavab: Xeyr! Allahın “alim”, “nur”, “vücud”, peyğəmbərin “bəşər” adlandırılması təhqir olmadığı kimi, Əlinin də “dabbətən” adlandırılması təhqir deyil. Amma Allaha verilən adlar başqalarına verilən adlardan fərqlənir.

Ayə 83:

﴿وَيَوْمَ نَحْشُرُ مِن كُلِّ أُمَّةٍ فَوْجًا مِّمَّن يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ﴾

“(Yada sal) o gün ki, hər ümmətdən ayələrimizi inkar edən dəstələri səhnəyə gətirərik. Onlara dağılışmaq qadağan olunar.”

Ayə 84:

﴿حَتَّى إِذَا جَاؤُوا قَالَ أَكَذَّبْتُم بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنتُمْ تَعْمَلُونَ﴾

“Elə ki, toplandılar, (Allah) buyurar: «Elminiz çatmadığı halda Bizim ayələrimizi yalan saydınızmı? Siz (həyatınız boyu təkzibdən başqa) nə etdiniz?»”

 

Nöqtələr

●Qiyamətdə bütün bəşəriyyətin səhnəyə gətiriləcəyini[475] və hazırkı ayədə hər ümmətdən yalnız bir dəstənin məhşur ediləcəyini nəzərə alsaq, məlum olar ki, bu ayə Qiyamətə yox, Qiyamətdən öncə bir dəstənin dirildilməsi ilə müşayiət olunacaq rəcətə aiddir.

●Quranda elə bu dünyada dirilmə hadisəsini təsdiqləyən nümunələr var. “Bəqərə” surəsinin 243-cü ayəsində bildirilir ki, Allah bir dəstəyə ölmək əmri verib, sonra onları diriltdi. “Bəqərə” surəsinin 56-cı ayəsində buyurulur ki, Biz sizi ölümdən sonra bu dünyadaca diriltdik. “Maidə” surəsinin 110-cu ayəsində buyurulmuşdur: “Sən Mənim iznimlə ölüləri qəbirlərdən diri çıxarırsan.” Allah övliyalarından biri haqqında belə buyurulur: “Onu 100 il müddətində öldürdük, sonra diriltdik.”[476] Bir çox rəvayətlərdə də qeyd olunur ki, Qiyamətdən öncə iman və ya küfr baxımından seçilmiş fərdlər Allahın iradəsi ilə dirildilər. Onlar haqq əhlinin hakimiyyətində bir müddət yaşayar, küfr qabaqcılları cəzalandırılar.

Bildirişlər

1. Xalqın ümumi həşri (dirildilməsi) Qiyamətə aiddir. Amma bir qrup kafirin dirildilməsi bu dünyada baş verəcək hadisədir.

2. Bütün ümmətlərdə imanla küfr arasında təzad olmuşdur.

3. Qiyamətdən öncə dirçəliş mütləq kafirlərə aiddir. (Rəvayətdə deyilir ki, rəcət birinci dərəcəli möminlərə və kafirlərə aiddir.)



Geri   İrəli
Go to TOP