A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


1. Risalət məqamı cah-cəlal, şan-şöhrət və hakimiyyətlə zidd deyil.

2. Təlim-tərbiyə və təbliğdə hər insanı bir üsulla dəvət etmək lazımdır. Varlılarla elə danışmayaq ki, möminliyi yoxsulluq kimi başa düşsünlər.

3. Maddi imkanlar dini təbliğata xidmət etməlidir. Süleymansayaq məqsədlərlə sənət və maddi imkanlardan xalqın hidayəti üçün faydalanmaq olar.

4. Kafir qonaqları ədəblə qəbul edin.

5. Qonaqlıqda insanların şəxsiyyətinə hörmətlə yanaşın.

6. Bəzən insan gözlə görsə də, yanlış qiymətləndirir. (Göz xətası.)

7. Kafir varlıları öz quruluşunuzun sənətkarlığı, ixtiraları, gözəllikləri ilə təslim edin.

8. Güzgüləmə işi və memarlıqda şüşədən istifadə həzrət Süleymanın dövründən mövcuddur.

9. Haqqın qəbulu zəiflik yox, azadlıq nişanəsidir.

10. Allahdan qeyrisinə bağlılıq və Ondan qeyri istənilən bir kəsə pərəstiş zülümdür.

11. Həqiqi tövbə odur ki, keçmiş etirafla islah edib, qarşıdakı yolu ilahi hidayət çırağı ilə adlayaq.

12. Ad-san, məqam və ətraf haqqın etirafına mane olmamalı, yanlış əqidəyə əsir etməməlidir.

13. Təkamülün mərhələləri var: Zülmətdən xaric olma mərhələsi, nura daxil olma mərhələsi.

14. İman ruhu həmin təslimçilikdir. (Həm Süleyman öz dəvətində bu məsələyə toxunur, həm Səba mələkəsi işin sonunda təslim olduğunu bildirir.)

15. İman xalqa yox, varlığın Xaliqinə təslim olmaqdır.

16. Qadın əqidə seçimində və onun izharında azaddır.

17. İman təklikdə bəs etmir, peyğəmbər və övliyalarla yoldaşlıq insanı sığortalayır.

18. Siyasi, iqtisadi, hərbi və qohumluq rabitələri müqabilində ilahi və müqəddəs rabitələr də var.

19. Bər-bəzək insanı sirab etmir. İnsanın itkisi varlıq aləminin qaynağı ilə rabitədir.

20. Peyğəmbər hökumətinin məqsədi fatehlik yox, Allaha doğru dəvətdir. Səba mələkəsi bu həqiqəti anladı və ona görə təslim olduğunu bəyan etdi.

Ayə 45:

﴿وَلَقَدْ أَرْسَلْنَا إِلَى ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ﴾

“Həqiqətən, Səmud qövmünə qardaşları Salehi peyğəmbər göndərdik. (O, xalqa dedi:) «Allaha pərəstiş edin.» Həmin vaxt xalq bir-biri ilə vuruşan iki dəstəyə bölündü.”

 

Ayə 46:

﴿قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ﴾

“Saleh dedi: «Ey mənim qövmüm! Nə üçün yaxşılıqdan öncə tələsik pislik istəyirsiniz? Nə üçün Allahdan bağışlanma diləmirsiniz ki, sizə rəhm olunsun.»”

 

Nöqtələr

●Həzrət Saleh xalqı ilahi əzabla qorxudur, onlara xəbərdarlıq edirdi. Amma onlar deyirdilər ki, vəd etdiyin əzabı gətir.[446] Bu ayədə isə Saleh belə deyir: “Nə üçün siz xeyir əvəzinə şər soraqlayırsınız?” Bəli, kafirlər həzrət Huddan, İslam Peyğəmbərindən (s) də əzabın tezləşməsini istəyirdilər.

●İmam Baqir (ə) buyurur: “Həzrət Salehin dəvətini bir qrup təsdiq, digər bir qrup təkzib etdi.”[447]

●Bütün peyğəmbərlər xalqla mehriban davransalar da, onlardan bəziləri haqqında “qardaşları” sözü işlədilir. Ola bilsin ki, bəzi peyğəmbərlər mehriban davranışdan əlavə, peyğəmbər göndərildikləri qövmə qohum olmuşlar.

Bildirişlər

1. Peyğəmbərlər xalqla qardaşcasına rəftar etmişlər.

2. Tövhidə dəvət peyğəmbər çağırışlarının sərlövhəsi olmuşdur.

3. Sözünüzün bütün xalq tərəfindən qəbul ediləcəyini gözləməyin.

4. Haqla batil arasındakı müharibə daimidir.

5. Günahkarlar üçün tövbə yolu saxlayın.

6. Peyğəmbərlər xalqa canıyanan olmuşlar.

7. İstiğfar və tövbə ilahi rəhmət üçün zəmindir.

Ayə 47:

﴿قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَن مَّعَكَ قَالَ طَائِرُكُمْ عِندَ اللَّهِ بَلْ أَنتُمْ قَوْمٌ تُفْتَنُونَ﴾

«(İnsanlar Salehə) dedilər: “Sənin və yoldaşlarının varlığı bizə düşmədi. (Mövcud qəhətlik sizə görədir. Saleh) dedi: “Sizin uğurunuz (yaxşı və ya pis taleyiniz) Allahdandır. Əslində siz sınağa çəkilmiş bir qövmsünüz.”»

 

Ayə 48:

﴿وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ﴾

“Həmin şəhərdə fəsad törədən və islahdan uzaq doqquz dəstə vardı.”

 

Nöqtələr

●“Rəht dedikdə fərdləri arasında möhkəm rabitə olan dəstə nəzərdə tutulur.[448]

●“Təyr” sözündən olan “tətəyyur” sözü “quş” mənasını bildirir. Ərəblər səfərə çıxmazdan öncə fal açıb quş uçurardılar. Əgər quş sağ tərəfə uçsaydı, səfərə çıxardılar, sol tərəfə uçsaydı səfəri təxirə salardılar.[449]

●Quş vasitəsi ilə fala baxmaq İslamda şirk sayılır. Belə bir fal həqiqətdən uzaqlaşıb xurafat ardınca getməkdir.

●Quranda peyğəmbərlərin uğursuzluq gətirməsi ilə bağlı ittihamlar dəfələrlə qeyd olunmuşdur. Fironçular Musanın onlara bədbəxtlik gətirdiyini düşünürdülər.[450] Həzrət İsa da bu sayaq ittiham olunurdu.[451] Hazırkı ayədə isə eyni ittiham həzrət Salehə ünvanlanır.

●“Bəlkə də siz sınağa çəkilmiş bir qövmsünüz” cümləsi bir neçə cür mənalandırılır.

a) Siz hiyləgərlər tərəfindən aldadıldığınız üçün bu sayaq müqavimət göstərirsiniz. (“Fitnə” sözü yalan kimi mənalandırılsa.)

b) Siz acı hadisələrlə sınağa çəkilirsiniz (“Fitnə” sözü imtahan kimi mənalandırılsa.)

v) Siz inadkarlığınıza görə cəzalandırılırsınız. (“Fitnə” sözü əzab kimi mənalandırılsa.)

Bildirişlər

1. Ayədə İslam Peyğəmbəri (s) və müsəlmanlara keçmiş peyğəmbərlər və onların ətrafındakıların necə təhqir olunduğu xatırladılır, bununla da onlara təsəlli verilir.

2. Düşər-düşməz məsələsinin tarixi keçmişi var. (Allah və ilahi hikmətə inanmayan insan xurafata üz tutur.)

3. Elm, ədəb, məntiq və vəhyin hakim olmadığı quruluşda xilaskarlar bədbəxtlik gətirən insanlar kimi tanıtdırılırlar.

4. Peyğəmbərlərin varlığı təbii və gündəlik problemlərin aradan qaldırılması kimi başa düşülməməlidir.

5. Çətinliklər və acılıqlar Allah tərəfindən nəzərdə tutulmuş dəlillərə əsaslanır.

6. Peyğəmbərlərlə rəftar ilahi bir sınaqdır.

 

 

 

 

 

Ayə 49:

﴿قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ﴾

“(Həmin azğın qövm) dedi: “Allaha and için ki, gecə yarı ona və ailəsinə hücum edib öldürəcək, sonra sahibinə deyəcəyik ki, biz onun adamlarının qətl yerində olmamışıq və şübhəsiz doğru danışdıq.”

 

Nöqtələr

●“Nubəyyitənnəhu” dedikdə gecə hücumu nəzərdə tutulur.

●İslamda yaxşı iş üçün içilən andın dəyəri var. Dəyərli bir iş görmək və ya pis bir işi tərk etməklə bağlı içilən anda əməl edilməlidir. Amma bir şəxs and içsə ki, bir məzlumu vuracaq və ya bir zalımı müdafiə edəcək, belə bir andın şəri və qanuni dəyəri yoxdur.

●Bu ayə bizə Məkkə kafirlərinin Peyğəmbərə (s) qarşı andını xatırladır. Onlar and içmişdilər ki, gecə yarı İslam Peyğəmbərinə (s) hücum edib onu yatağındaca qətlə yetirsinlər. Amma həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) öz yerində saxladı və düşmənin planları puça çıxdı.

Bildirişlər

1. Məxfi söhbətlər əsrlərcə sonra üzə çıxır.

2. Düşmən dini müqəddəsliklərdən sui-istifadə edir.

3. Peyğəmbərləri qətlə yetirməklə ən böyük günaha düçar olanlar qəlblərində Allahı qəbul edir və Onun adı ilə öz pis işlərini sahmana salırlar.

4. Azğın fərdlər və dəstələr müştərək məqsədlər üçün əl-ələ verir, and içirlər.

5. Tarixdə saysız ibrətlər var. Kimi Allah peyğəmbərini öldürmək üçün Allaha and içir, kimi Allah evində və Allah ayında, Qədr gecəsində, Allaha yaxınlaşmaq üçün Allahın vəlisini ibadət halında qətlə yetirir!!

6. Terror üçün gecənin qaranlığından istifadənin uzun tarixi var.

7. Peyğəmbərlər və onların yardımçıları ən amansız qurğularla üzləşmişlər.

8. Bəşərin imansızlığının hədd-hüdudu yoxdur. (Peyğəmbərlərin qətli, peyğəmbər yardımçılarının qətli, gecə yarı hücumlar.)

9. Qisas ağıla əsaslanan bir qanundur və bütün səmavi dinlərdə təsbit olunmuşdur.

10. Azğın insan don geyindirməklə günahını ört-basdır edir.

11. Sədaqət iddiasında olan və sədaqətdən danışan hər adama inanmayın.

12. Sədaqəti hətta peyğəmbər qatilləri də şərəf və dəyər sayırlar.

Ayə 50:

﴿وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ﴾

“(Həmin doqquz azğın dəstə) böyük tədbirə əl atdı, Biz də böyük tədbirə əl atdıq. Amma onlar anlamazlar.”

Ayə 51:

﴿فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ﴾

“Bax gör onların tədbiri necə sonuclanır? Biz onları və bütün qövmlərini həlak etdik.”

 

Nöqtələr

●Quranda Səmud qövmünün bir neçə vasitə ilə məhv edildiyi bildirilir: zəlzələ[452]; ildırım[453]; dağıdıcı səs[454]. Əlbəttə ki, hər üç əzabın eyni vaxta nazil olması mümkündür.

●Allahın zalımlara qarşı tədbirlərindən biri onlara möhlət və nemət verməsidir. Bu nemətlər onların başını qatır. Günah yükləri ağırlaşdıqdan sonra onlar qəfil əzaba düçar olurlar.

Bildirişlər

1. Allah insanın günahına münasib cəza verir.

2. Allah övliyalarına qarşı qurğu quranlar Allaha cavab verməli olurlar.

3. Kafirlərin tədbirlərinə siz də öz tədbirlərinizlə cavab verməlisiniz.

4. Allah insanların tədbirini bilir, amma insanlar Allahın tədbirlərindən xəbərsizdirlər.

5. Allahın qamçısı səssizdir.

6. Tarix müəyyən qanun və sünnələr üzərində qurulmuşdur. Bu qanunlara diqqət digər dövrlərdə də faydalıdır.

7. İlahi sünnə haqqın qələbəsi üzərində qurulmuşdur.

8. Tələsik qərar verməyin. Bəzilərinin hiyləgərliklə əldə etdiyi sizi çaşdırmasın. İşin sonuna baxın.

9. Düşmənlər çirkin məqsədlərinə çatmasalar da öz hazırlıqlarına görə Allahın qəzəbinə gəlirlər. (Düşmənlər and içmişdilər ki, peyğəmbəri öldürsünlər. Amma məqsədlərinə çatmayıb özləri həlak oldular.)

10. Azğınlara tabeçiliyin cəzası var.

Ayə 52:

﴿فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا إِنَّ فِي ذَلِكَ لَآيَةً لِّقَوْمٍ يَعْلَمُونَ﴾

“Bu onların evləridir. Zülm etdiklərindən viran və boş qaldı. Şübhəsiz, bunda (bu cəzada) elm və agahlıq sahibləri üçün aşkar nişanə var.”

Ayə 53:

﴿وَأَنجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ﴾

“Möminləri və təqva əhlini (təhlükədən) qurtardıq.”

 

Nöqtələr

●“Xaviyə” dedikdə həm süqut və viranlıq, həm də boş və sakinsiz qalma mənaları anlaşılır.

Bildirişlər

1. İbrətamiz tarixi abidələr gələcək nəsillər üçün qorunmalıdır.

2. Cəza təkcə axirətə aid deyil. Bəzən zalımlar elə bu dünyadaca cəzalandırılırlar.

3. İbrət və nişanələr təklikdə bəs etmir, insanın taleyi onun öz əməllərindən asılıdır.

4. İnsanların ibrət götürməsi üçün stimul da lazımdır.

5. Allahın qəzəbi yaşla qurunu bir yerdə yandırmır. Ona görə də təqvalı insanlar istisna olunur, onlara nicat verilir.

6. İman və təqvanın əsərləri təkcə axirətə aid deyil. Təqva əhli dünyada da öz işinin nəticəsini görür.

7. Daimi təqva ilə müşayiət olunan iman səmərəlidir.

 

Ayə 54:

﴿وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ﴾

“Lutu da (göndərdik). O öz qövmünə dedi: “Agah olduğunuz halda nə üçün bu sayaq çox çirkin işə yol verirsiniz?”

Ayə 55:

﴿أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِّن دُونِ النِّسَاء بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ﴾

“Qadınlar var ikən şəhvətinizi söndürmək üçün kişilərinmi ardınca gedirsiniz? Siz cahil bir qövmsünüz.”

 

Nöqtələr

●Lut qövmü aşkar məclislərdə, bir-birlərinin qarşısında həmcinsbazlıq edirdi. “Ənkəbut” surəsinin 29-cu ayəsində buyurulur ki, siz aşkar məclislərdə pis işə yol verirsiniz. Bu ayədə isə onların bilərəkdən günaha yol verdiyi qeyd olunur.

●Livat (həmcinsbazlıq) kəbirə günahlardandır. Növbəti ayələrdə bu günah müqabilində ilahi əzab vəd olunur.

●Qurani-Kərimin digər bir ayəsində bildirilir ki, həyat yoldaşı aramlıq, nəsil tərbiyəsi, qarşılıqlı yardım üçündür. Amma burada yalnız şəhvət məsələsi bəyan olunur. Çünki Lut qövmünün məqsədi yalnız şəhvət idi.

Bildirişlər

1. Peyğəmbərlər və islahatçı rəhbərlər öz dövrlərində rəvac tapmış günahlarla ciddi mübarizə aparmışlar.

2. Tənqidi sualarla vicdanları oyadın.

3. Peyğəmbərlərin vəzifələrindən biri pis işlərlə mübarizədir.

4. Livat təkcə İslamda qadağan olunmayıb.

5. Aşkar və bilərəkdən baş verən günahın çirkinliyi və cəzası daha böyükdür.

6. Livatın çirkinliyi hamıya məlumdur.

7. Pisliyə qadağa qoyarkən aşkar günahları hədəfə alaq.

8. Şəhvət qanuni yolla təmin olunmalıdır.

9. Cinsi məsələlərdə təbii və şəri yoldan çıxmaq cəhalət və axmaqlıqdır.

10. Həmcinsbazlıq mədəniyyətsizlikdən qaynaqlanır. İnsanı günaha aparan elm və bilik cəhalətdir.


 

İyirminci cüz

Ayə 56:

﴿فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِّن قَرْيَتِكُمْ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ﴾

“Amma qövmü yalnız belə cavab verdi: “Lutun ailəsini şəhərinizdən çıxarın, çünki onlar paklıq axtaran insanlardır.”

 

Bildirişlər

1. Günahkarların məntiqi olmadığından peyğəmbərlər qarşısında zora əl atırlar.

2. Bulaşıq mühitdə paklıq günah sayılır.

3. Pisliyə qadağa bəzən sürgünlə sonuclanır.

4. Günah qarşısında susmaq qadağandır. Ən azı günahkara sıxıntı yaradaq.

5. Günah üçün azadlıq Lut qövmünün təfəkkür tərzidir.

6. İlahi insanların sürgünü İbrahim və Lut dövrünə gedib çıxır.

7. Günahkarın fitrəti pak olduğundan onlar özlərini çirkin, başqalarını pak görürlər.

8. Mühit insanı günaha məcbur etmir. Ən azğın dövrlərdə də pak insanlar olmuşdur.

Ayə 57:

﴿فَأَنجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ قَدَّرْنَاهَا مِنَ الْغَابِرِينَ﴾

“Biz Lutu və onun ailəsini xilas etdik. Yalnız zövcəsinin (əzabda) qalanlardan olmasını qərar verdik.”

Ayə 58:

﴿وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا فَسَاء مَطَرُ الْمُنذَرِينَ﴾

“Sonra başlarına (daşdan) yağış yağdırdıq (hamılıqla daş altında dəfn olundular). Necə də pisdir qorxudulanların yağışı!”

 

Nöqtələr

●“Ğabirin” dedikdə “həlak olanlar” mənası nəzərdə tutulur. Bu söz Quranda 7 dəfə və hər dəfə Lutun zövcəsi haqqında işlədilmişdir.

Ayədə yağış dedikdə bərk gil nəzərdə tutulmuşdur.[455]

Allah dəfələrlə möminlərin nicat tapacağını və təqvalıların xoş aqibətə yetişəcəyini vəd etmişdir. Bu vədin gerçəkliyi ilə bağlı peyğəmbərlərin və ümmətlərin tarixindən nümunələr göstərilir. O cümlədən:

a) “Biz peyğəmbərlərə və iman gətirən kəslərə hökmən yardım edəcəyik.”[456]

b) “İman əhlinə nicat vermək Bizə vacibdir.”[457]

Bildirişlər

1. Təqva və paklıq dünyada Allah qəzəbindən qurtuluşla nəticələnir.

2. Allah təbii vasitələrlə nicat verir. (Lut nicat tapmaq üçün Allahın əmri ilə məntəqədən xaric oldu.)

3. İlahi rəhbərlər Allahın himayəsindədirlər.

4. Qadın əqidə seçimində azaddır. Ailə nizamı, ərdən iqtisadi asılılıq qadından əqidə və əməl seçimi haqqını almır.

5. Ailə bağlılığı qurtuluş amili deyil. Qurtuluş üçün ləyaqət lazımdır.

6. Günahkarları cəzalandırarkən hansısa bağlılıqların təsiri altına düşməyin.

7. Rəftarlarımızda hər kəslə ayrıca hesab aparaq. Zövcənin azğınlığı ərin paklığına nöqsan gətirmir. (Peyğəmbər zövcəsi cəhənnəm əhli ola bilər.)

8. Bəzən zövcə düşmənlərin təsiri altına düşür. (Livat üçün şərait yarandıqda, məsələn həzrət Lutun gözəl qonaqları olduqda zövcəsi bunu camaata xəbər verirdi.)

9. İnsanın taleyi onun öz əməllərindən asılıdır.

10. Livat hadisəsi ilə bəşər nəslinin davamına mane olanların öz nəsli daşqalaqla kəsilir.

11. Qanuni izdivac yolundan uzaqlıq həmcinsbazlığa, yaranış qanununun dəyişməsi rəhmət yağışının əzab yağışına çevrilməsinə səbəb olur.

12. Höccət tamamlandıqdan, xəbərdarlıq başa çatdırıldıqdan sonra ilahi əzab nazil olur.

 

Ayə 59:

﴿قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَى عِبَادِهِ الَّذِينَ اصْطَفَى آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ﴾

“De ki, həmd-səna Allah üçündür. Salam olsun seçilmiş bəndələrə. Allah üstündür, yoxsa Ona şərik qoşduqları?”

 

Bildirişlər

1. Günahkarların cəzalandırılması və möminlərin qurtuluşu ilahi lütflərdəndir. Onun şükrünü yerinə yetirmək lazımdır.

2. Şükür qaydasını Allahdan öyrənək.

3. Allah bəndələrinin mədhi və onlara salam Allaha sitayişlə yanaşı zikr olunur.

4. Allahı yadda saxlayaq ki, Allah da bizi yadda saxlasın.

5. Allahın övliyalarını yaddan çıxarmayaq.

6. Allahın övliyaları sağdır və bizim salamımızı alırlar.

7. Qəlbimizi Allaha tapşıraq və Ona bəndə olaq ki, Allahın və Onun rəsulunun salamını ala bilək.

8. İnsanın bəndəliyi ilahi seçim meyarıdır.

9. Suallarla vicdanları oyadaq.

Ayə 60:

﴿أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنزَلَ لَكُم مِّنَ السَّمَاء مَاء فَأَنبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَّا كَانَ لَكُمْ أَن تُنبِتُوا شَجَرَهَا أَإِلَهٌ مَّعَ اللَّهِ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ﴾

“Kimdir səmaları və yeri yaradan? Səmadan sizin üçün su endirdi, onun vasitəsi ilə gözəl bağlar cücərtdi. Onun ağaclarını cücərtmək sizin işiniz deyildi. Allahla yanaşı başqa bir məbudmu var? Yox, onlar həddi aşmış bir qövmdür.”

 

Nöqtələr

●“Hədaiq” dedikdə «göz hədəqəsi kimi divarlarla əhatəyə alınmış bağ» mənası başa düşülür.

Bildirişlər

1. Allaha yaxınlaşmaq üçün ən üstün yol yaranış haqqında düşünməkdir.

2. Hər bir ağac və bitki Allahın nəzəri altda, Onun iradəsi ilə cücərir.

3. Allahın iradəsi adi vasitələrlə həyata keçir.

4. Könül oxşayan gözəllik bir dəyərdir.

5. Hamının anlayacağı tərzdə danışaq. (Bitki aləminin xüsusiyyətlərini və sirlərini hamı dərk etmir. Yaşıllıq və gül-çiçəyin təravət və gözəlliyini isə hamı dərk edə bilir.

6. İnsan hətta bir ağac cücərtməyə belə qadir olmadığını anladıqda Allahın qüdrətini dərk edir.

7. Düşündürücü suallarla vicdanları oyadaq.

8. Şübhələrin qarşısını alaq. Göyləri və yeri yaratdığını kimsə iddia etmir. Amma təbiət aləmi ilə bağlı iddialar var. Bəziləri deyir ki, filan məntəqəni biz yaşıllaşdırıb abadlaşdırdıq. Ona görə də Allah bu işin insan işi olmadığını buyurur. Digər bir yerdə buyurulur: “Əkib-becərən sizsiniz, yoxsa Biz?”[458]

9. Tövhid doğru, şirk isə yanlış yoldur.

Ayə 61:

﴿أَمَّن جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا أَإِلَهٌ مَّعَ اللَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ﴾

“Yeri qərargah edib, onda çaylar yaradan, onun üçün dağları sabit və möhkəm qərar verən, iki (şor və şirin) dərya arasında sədd qoyan kimdir? Allahla yanaşı başqa bir məbudmu var?! Yox, onların əksəri bilmir.”

Ayə 62:

﴿أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاء الْأَرْضِ أَإِلَهٌ مَّعَ اللَّهِ قَلِيلًا مَّا تَذَكَّرُونَ﴾

“Kimdir bir çarəsiz çağıran zaman onu eşidən, pisliyi uzaqlaşdıran, sizi yer üzünün canişinləri qərar verən? Allahla yanaşı başqa bir məbudmu var?! Nə az öyüd götürürsünüz!”

 

Nöqtələr

●Rəvayət və təfsirlərdə 62-ci ayənin tilavətinin duanın qəbuluna təsirli olması barədə məlumatla rastlaşmamışam. Amma insanlar ayənin mənasına görə, bərəkət üçün onu oxuyurlar və bunun eybi yoxdur.

●Allahla münacat, Onunla raz-niyaz bəyənilmiş və zəruri bir işdir. Onun dərgahına üz tutub dua etmək, xüsusi ilə çətin məqamlarda qurtuluş istəmək hamı üçün zəruridir.

Məryəmin dərdinə dəvadır deyən

Körpə dilə gəldi, götürüldü qəm.

Dərdin yanındadır onun dəvası,

Xəstənin uzaqda deyil şəfası.

Haraya cavab var, həqiqətdi bu,

Əlbət ki, çökəkdən axıb gedir su.

Göylərdə qəbuldu nalə, yalvarış,

Üz tutub Allaha, dərdini danış.

Əl götür tələbdən, ahu zar elə,

Mərhəmət naləylə yetişir ələ.[459]

 

●Rəvayətdə oxuyuruq: “Ayədəki “muztərr” (“iztirabda olan”) sözünün əsil ünvanı, rəvayətlərə əsasən, imam Mehdidir (ə). “Pisliyi uzaqlaşdırar” dedikdə isə həzrət Mehdinin (ə) dövründə aradan qaldırılacaq küfr hakimiyyəti nəzərdə tutulur. Yer üzünün canişinləri isə həmin dövrdə hakimiyyətə çatacaq salehlərdir.[460]

●Duanın qəbul olunmamasının səbəbləri var. Məsələn:

a) Dua xeyir istəməkdir. Bəzən biz xeyir istədiyimizi düşünsək də, istəyimiz xeyir olmur.

b) İstək ciddi və ah-naləli olmur.

v) Duada ixlas, səmimiyyət olmur. Dua edən insan üzünü Allah dərgahına tutsa da, ətrafdan kömək gözləyir.

Bəzən Allah istədiyimizin əvəzinə Öz hikməti əsasında başqa bir şey verir. Məsələn, Allah məsləhət bilir ki, hansısa bəlanı bizdən uzaqlaşdırsın. Bəzən isə istək dünyada yox, Qiyamətdə verilir. Bəzən insanın özünə yox, onun nəslinə lütf olunur. Bütün deyilənlər rəvayətlərdə qeyd olunmuşdur.

Müztərrin (iztirabda olanın) eşidilməsi ilahi işdir. Amma Allah Öz sünnəsini dəyişmir. Məsələn, ilahi sünnəyə əsasən, insanlar hansısa bir şəkildə dünyadan getməlidirlər. Can verən məqamda bütün insanlar müztərr sayılırlar. Amma həmin halda bütün insanların istəyi qəbul olunsa, ölüm qanunu ləğv olunar.

Allaha imanın kökü

●Allaha imanın kökü ağıl və fitrətdir. Amma materialistlər elə hesab edirlər ki, Allaha imanın kökü insandakı qorxudur. Guya özünü hadisələr qarşısında aciz görən insan təsəvvüründə bir qüvvə canlandırıb ona sığınır.

Materialistlər bu düşüncə ilə imanın qorxudan qaynaqlandığını bildirirlər. Amma onlar Allaha doğru hərəkətlə Allaha köklü imanın fərqini anlamırlar. Məsələn, biz bir it gördükdə təhlükə hiss edib daş axtarırıq. Amma demək olmaz ki, daşın tapılmasının səbəbi itdən qorxudur. Bəli, biz qorxu hiss etdiyimiz vaxt Allaha üz tuturuq. Amma Allaha iman qorxudan qaynaqlanmır.

Bundan əlavə, əgər iman qorxudan qaynaqlansaydı, daha çox qorxanlar daha imanlı olardılar. Amma əslində həqiqi möminlər yer üzünün ən şücaətli insanlarıdırlar. Materialistlərin dediklərindən belə anlaşılır ki, qorxusu olmayanın imanı yoxdur. Halbuki biz qorxmadığımız vaxtlarda ağıl və fitrət əsasında Allahı qəbul edirik. Əslində qorxu və çıxılmaz vəziyyət qəflət pərdəsini kənara çəkir, diqqətimizi Allaha yönəldir. Allahı inkar edənlər təyyarə və ya gəmidə təhlükəli vəziyyətə düşdükdə, ətrafdan heç bir köməyə ümid etmədikdə daxilən bir xilaskar gözləyirlər. Bu insanlar həmin məqamda məchul bir nöqtəyə ümid bağlayırlar. Bəli, məhz bu ümid nöqtəsi Allah-təaladır.

Bildirişlər



Geri   İrəli
Go to TOP