A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


29. Xəbər gətirən böyük və ya kiçik insan, həm də heyvan ola bilər. Əsas məsələ xəbərin qəti olmasıdır.

30. Hökumət məsulları yalnız qəti xəbərlərə istinad etsinlər.

Ayə 23:

﴿إِنِّي وَجَدتُّ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِن كُلِّ شَيْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ﴾

“(Hud-hud izah etdi:) «Həqiqətən, mən xalqa hakimlik edən (Bilqeys adlı) bir qadın gördüm. O hər şeyə malikdir və böyük bir taxtı var.»”

Ayə 24:

﴿وَجَدتُّهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِن دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ﴾

“Mən qadın və onun qövmünün Allah əvəzinə günəşə səcdə qıldığını gördüm. Şeytan onların nəzərində əməllərini bəzəyib və onları yoldan azdırıb, beləliklə hidayət olmurlar.”

 

Bildirişlər

1. Bəzi heyvanların yüksək anlağı var. Hud-hud qadın və kişi, taxt-tac, hökumət və mülkiyyət, tövhid və şirk, günəş və səcdə, şeytan və şeytanın bərbəzəyi, haqq və batil, hidayət və zəlalət kimi məvhumları anlayırdı.

2. Başqalarının sözünü dinləmək ədəb göstəricisidir və müdiriyət şərtlərindəndir. Sözü deyən heyvandırsa da dinləmək lazımdır.

3. Qadın hakim ola bilər. Amma qadının cəmiyyətə hakimliyi hətta quşa da təəccüblü görünür.

4. Həzrət Süleyman öncə bütün yer üzünə hakim idi.

5. Hökumət təşkilinin tarixi keçmişi var.

6. Azğınlıq amilləri müxtəlifdir: azğın rəhbər, bər-bəzək, imkan və rifah, şeytan və onun bər-bəzəyi.

7. İnsana verilən ilahi nemətlər onun Allaha yaxın olduğunu göstərmir. (Allah həm Süleymana, həm kafir qadına əta edir. Əvvəlki ayələrdə Süleymana, bu ayədə isə Bilqeysə hər şey verildiyi bəyan olunur.)

8. Allahın nemətləri salehlərin əlində aşkar fəzl, başqalarının əlində taxt-tacdır.

9. İnsan fitrət baxımından pərəstişkardır. Haqqa pərəstiş etməyən insan batil sorağınca gedir.

10. Xalq adətən öz hakimlərinin dinini qəbul edir.

11. Hər müşkülü onun əhlinə deyin. (Azğınlıq və şirk xəbərləri Süleymana çatdırılmalıdır.)

12. Həm həzrət İbrahimin, həm də həzrət Süleymanın dövründə günəşə pərəstiş edilmişdir.

13. Xalqı azdırmaq üçün ən təsirli vasitə onların çirkin işini bəzəməkdir.

14. İnsanların mənfi keçmişi onların gələcəkdə büdrəyəcəyinə dəlil ola bilməz. (Bilqeys və onun qövmü öncə yolunu azmışdısa da, sonradan hidayət oldu.)

15. Məlumat verərkən əsas xəbəri söyləyin. Onu araşdırmaq mütəxəssislərin işidir. (Hud-hudun dedikləri həqiqət idi. Amma o, bu xəbəri təhlil etdikdə xilafa yol verdi.)

Ayə 25:

﴿أَلَّا يَسْجُدُوا لِلَّهِ الَّذِي يُخْرِجُ الْخَبْءَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ﴾

“(Şeytan insanların əməllərini ona görə bəzəmişdir ki,) onlar göylərin və yerin görünməyənlərini üzə çıxaran, sizin gizli və aşkar əməllərinizi bilən Allaha səcdə etməsinlər.”

Ayə 26:

﴿اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ﴾

“Bir Allah ki, Ondan savay məbud yoxdur, böyük ərşin Rəbbidir.”

 

Nöqtələr

●«Xəb» sözü “örtülü”, “gizli” mənasını bildirir. Həzrət Əli (ə) buyurur: “İnsanın dəyər və şəxsiyyəti dilinin altında gizlənib.”[439]

Nə qədər ağzını açmayıb insan,

Bilinməz yaxşıdır, yoxsa ki yaman.

●Bitki örtüyünün cücərməsi və yağış yağması göylərdə və yerdə məxfi qalanların üzə çıxarılması nümunəsidir. Üzüm salxımı əslində bir üzüm toxumunda məxfidir. İlahi qüdrət bu salxımı toxumun köksündən üzə çıxarır. İstənilən bir qüvvənin fəallaşması bu ayəyə nümunə ola bilər.

Bildirişlər

1. Əməlləri bəzəməkdə şeytanın məqsədi budur ki, insanlar Allaha səcdə etməsinlər.

2. Allah qarşısında səcdə etməyəni heyvan da qınayır.

3. Səcdə allahpərəstliyin təzahürüdür.

4. Təbii amillər ilahi qüdrətin nümayişi üçün vasitədir. Suyun, torpağın, işığın rolu olsa da, əsil üzə çıxaran Allahdır.

5. Aləm Allahın hüzurundadır.

Məxfi qalmamışdır bir zərrə Ondan,

Hazırdır önündə aşkar və pünhan.

6. Allaha səcdəmizin dəlili Onun qüdrəti, elmi, təkliyi, müdiriyyət və əzəmətidir.

Ayə 27:

﴿قَالَ سَنَنظُرُ أَصَدَقْتَ أَمْ كُنتَ مِنَ الْكَاذِبِينَ﴾

“(Süleyman hud-hudun məlumatını eşitdikdən sonra) dedi: “Tezliklə görəcəyik ki, düz deyirsən, yoxsa yalançılardansan!”

Ayə 28:

﴿اذْهَب بِّكِتَابِي هَذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانظُرْ مَاذَا يَرْجِعُونَ﴾

“Mənim bu məktubumu apar və onlara tərəf at. Sonra bir tərəfə çəkil, gör nə cavab verirlər.”

 

Nöqtələr

●Peyğəmbərlərin kafirlər və müşriklərlə yazışmalarının tarixi keçmişi var. İslam Peyğəmbəri (s) də kafir və müşriklərə məktubla müraciət etmişdir. O həzrət İran və Rum məmləkətlərinin başçılarına namələr göndərmişdir. Məktub və səfir göndərmək, bu işdə ilk addım atmaq peyğəmbərlərin qaydası olmuşdur və tərbiyəvi məqsəd daşımışdır.

Bildirişlər

1. Dərhal inanmaq olmaz. Səbəb olmadan başqalarının sözünü inkar etmək də qadağandır. (Mühüm məsələlərdə bir məlumatla kifayətlənməyin.)

2. Başqalarının iddia və təbliğatına görə araşdırmanı dayandırmayaq. (Hud-hud iddia etdi ki, onun gətirdiyi xəbər həqiqətdir. Amma Süleyman araşdırma lazım gəldiyini bilirdi.)

3. Təkcə günahkarların gətirdiyi xəbər araşdırılmır. İstənilən halda şəkk varsa, araşdırma aparmaq zəruridir.

4. Təsdiq və ya təkzibdən öncə mütləq araşdırma aparılmalıdır.

5. Mənfi nöqtələrdən öncə müsbət nöqtələr qeyd edilməlidir.

6. Bir doğru sözlə sadiqlərə (doğru danışanlara) qatıla bilmərik. Amma bir yalanla yalançılardan oluruq.

7. Quşlar da Allah və Onun övliyalarının əmrini icra edir.

8. Qələm ən mühüm hidayət və maarif vasitələrindəndir.

9. Başqalarının hidayətində və onlarla düzgün rabitə qurmaqda qabağa düşək.

10. Hər hansı məsuliyyət üçün seçim apararkən daha böyük mərifəti və güclü hissi olana üstünlük verilməlidir.

11. İlahi məqsədlərə çatmaq üçün kişi qadına məktub yaza bilər.

12. Əqidə məsələləri ilə bağlı acı xəbər eşitdikdə dərhal cavab vermək və dini qeyrət nümayiş etdirmək lazımdır.

13. Hər hansı məlumat və ya mənanı olduğu kimi çatdırıb əmin olaq.

14. Kənardan və məxfi şəkildə müşahidə ən dərin tanışlıq növüdür.

15. Siyasi və dolaşıq rejimlərə sadəlövh yanaşmaq olmaz.

16. Planlaşdırma gücü müdiriyyət şərtlərindəndir.

17. Başqalarına düşünmək üçün fürsət verək.

18. Ətrafdakıların doğru yola dəvətində tövfiq (ilahi yardım) əldə etmək üçün onların ruhiyyəsini öyrənmək şərtdir.

19. Fərdi tanışlıq bəs etmir, mövcud rejim də nəzərə alınmalıdır.

20. Düşmənin də hal və ruhiyyəsini nəzarətdə saxlamaq lazımdır.

Ayə 29:

﴿قَالَتْ يَا أَيُّهَا المَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ﴾

“(Elə ki, hud-hud məktubu Bilqeysə tərəf atdı, Bilqeys təəccübləndi və) dedi: «Ey əyanlar, mənə tərəf çox dəyərli bir məktub atıldı.»”

Ayə 30:

﴿إِنَّهُ مِن سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ﴾

“Məktub Süleymandandır və (onun məzmunu) budur: “Bağışlayan və mehriban Allahın adı ilə...”

Ayə 31:

﴿أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ﴾

“Özünüzü məndən üstün tutmayın, yanıma gəlib təslim olun.”

 

Nöqtələr

●Süleymanın məktubunu Bilqeysin hansı səbəbdən dəyərli sayması ilə bağlı müəyyən nöqtələr qeyd olunub: mübarək “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi; məktubun Süleyman tərəfindən möhürlənməsi; məktubun doğru yola çağıran məzmunu; Süleymanın yüksək məqamı (ola bilsin ki, Bilqeys bütün bu nöqtələri nəzərdə tutmuşdur.)

Bildirişlər

1. Bilqeysin müxtəlif məlumatları və hadisələri müzakirə etdiyi müşavirləri vardı.

2. Qadın üçün savad bir dəyərdir.

3. Bilqeys iti zehnə və yüksək müşahidəçilik qüdrətinə malik idi.

4. Nəsihət və təbliğə mehribanlıq və mərhəmətlə başlayaq.

5. Hətta bir neçə kəlməlik məktubda “Bismillahir-Rəhmanir-Rəhim” cümləsini qısa yox, tam şəkildə yazaq.

6. Peyğəmbərlər qarşısında təkəbbür Allah qarşısında təkəbbürdür.

7. Təkəbbürdən uzaqlıq haqq qarşısında təslimçilik üçün zəmindir.

8. Məktubları sadə və xülasə şəkildə yazaq. Əlavələri ixtisara salıb məqsədləri aydınlaşdıraq. Məktubda lənət və təhqirdən çəkinək. Həm mərhəmət, həm də ciddiliyə yer verək.

Ayə 32:

﴿قَالَتْ يَا أَيُّهَا المَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّى تَشْهَدُونِ﴾

“(Bilqeys) dedi: «Ey əyanlar! İşimlə bağlı fikrinizi deyin. (Bu vaxtadək) sizsiz bir iş görməmişəm.»”

Ayə 33:

﴿قَالُوا نَحْنُ أُوْلُوا قُوَّةٍ وَأُولُوا بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانظُرِي مَاذَا تَأْمُرِينَ﴾

“(Əyanlar) dedilər: “Biz çox güclü və cəsuruq. (Bir məktub qarşısında mövqeyimizdən çəkinməməliyik.) amma ixtiyar sənin əlindədir. Fikrini bildir, görək nə əmr edirsən? (Biz də var qüvvəmizlə çalışaq.)”

 

Nöqtələr

●“Fətva” və “fəta” sözləri eyni kökdəndir. “Şab” dedikdə istənilən bir gənc nəzərdə tutula bilər. Tədbirli, şücaətli, ağıllı və qətiyyətli gənc isə “fəvta” adlandırılmışdır. “Fəvta” sözü isə ağıllı, bişmiş və kamil söz mənasını bildirir.

Bildirişlər

1. Bilqeys öz ətrafındakıları dəyərləndirir və onlarla məsləhətləşirdi.

2. Bəzən güc və imkan haqqın qəbuluna mane olur. (Güc və məqam Bilqeysin müşavirlərini qürrələndirirdi.)

3. Hökumətdə son sözü bir nəfər deməlidir. (Ətrafdakılar fikrini bildirir, son qərar isə bir nəfər tərəfindən bəyan olunur.)

4. Bilqeys öz dövründə silahlı qüvvələrin komandanı idi.

Ayə 34:

﴿قَالَتْ إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً وَكَذَلِكَ يَفْعَلُونَ﴾

“(Bilqeys) dedi: “Şübhəsiz, padşahlar abad bir məntəqəyə daxil olduqda oranı xarabaya çevirir, o yerin izzətlilərini zəlalətə salır. Bu, onların həmişəki qaydasıdır.”

 

Bildirişlər

1. Padşahların ruhiyyə və xislətlərinin etirafı Bilqeysin alicənablığını göstərir.

2. Bilqeysi həm Süleyman qarşısında məğlubiyyət, həm də ölkəsinin xarabazara çevrilməsi narahat edirdi.

3. Təkcə öz gücümüzə güvənməyək. Başqalarını da nəzərə alaq. (Bəlqisin ətrafındakılar qüdrətdən danışırdı. Amma o, xəbərdarlıq etdi ki, Süleymanı gücsüz bilməyin.)

4. Qeyri-ilahi hökumətlərin qaydası məntəqələrdə və xalq arasında fəsad və zəlalət yaratmaqdır.

5. Fatehlik arzusu, döyüşə səy, virançılıq hakimiyyət və gücün bəlalarındandır.

Ayə 35:

﴿وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِم بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ﴾

“Həqiqətən, mən (döyüşü məsləhət bilmirəm,) onlara dəyərli bir hədiyyə göndərəcəyəm, gözləyəcəyəm görüm, elçilərim nə xəbərlə qayıdacaq. (Ola bilsin ki, Süleyman hədiyyəni qəbul edə və biz amanda qalaq.)”

 

Bildirişlər

1. Qadın zatən davakar deyil.

2. Maddi istəklərlə bağlı hərəkətlər maddiyyata çatdıqda aramlaşır. (Hədiyyəyə aldanmaq padşahların xislətidir.)

3. Bəzən qarşı tərəfi susdurmaq üçün hədiyyə adı ilə rüşvət verilir.

4. Düşmənlər də bizi hədiyyələr göndərməklə sınağa çəkirlər.

5. Zalım güclər və padşahlar yaxşı bilirdilər ki, peyğəmbərlərin maddiyyat əldə etmək məqsədləri yoxdur. Amma yenə də onları susdurmaq üçün səy göstərirdilər.

Ayə 36:

﴿فَلَمَّا جَاء سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِّمَّا آتَاكُم بَلْ أَنتُم بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ﴾

“Elə ki, (hədiyyə gətirən elçi) Süleymanın yanına gəldi, (Süleyman) ona dedi: «Mənə əhəmiyyətsiz bir şeylə yardım edirsinizmi? (Bilin ki,) Allahın mənə verdiyi siz verdiyinizdən daha üstündür. (Sizin hədiyyəniz məni sevindirməz.) Bu sizsiniz ki, öz hədiyyənizə sevinirsiniz.»”

Ayə 37:

﴿ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُمْ بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ﴾

“(Süleyman Bilqeysin elçisinə) dedi: «Onların yanına qayıt. Biz hökmən onların üstünə gücləri çatmayacaq bir qoşun göndərərik. Onları zəlalət duyacaq bir halda (məntəqədən) çıxarıb avara qoyarıq.»”

 

Bildirişlər

1. Allah övliyalarının məqsədi maddiyyat deyil. (İlahi insanlar özlərini pula satmırlar. Çünki onlar dünyanın əsiri yox, ağasıdırlar.)

2. İlahi insanlar itigözlü, ayıq və qətiyyətlidirlər. Onlar hədiyyələrin arxasında dayanan çirkin məqsədləri görür, məqsəd sahiblərini məzəmmət edirlər.

3. Həqiqi hədiyyəni ədəblə qəbul edin və təşəkkürünüzü bildirin.[440] Amma hədiyyə adı ilə verilən rüşvətdən uzaq olun.

4. Kafir hamını özü kimi bilir.

5. Dünya malı mühüm bir şey deyil.

6. İlahi insanlar əldə etdikləri nemətləri Allahdan bilirlər.

7. Bəzən insan öz qüdrətini bəyan etməli olur.

8. Haram malı rədd etmək üçün ən üstün vasitə Allahın lütflərinə diqqətdir.

9. Allahın övliyaları ilahi lütflə, maddiyyat əhli maddiyyatla aramlıq tapır.

10. Elm və hikmət maldan üstündür.

11. Məntiqdən sonra növbə gücə çatır.

12. Yalnız gücə güvənənlərlə qətiyyətli danışın.

13. Əvvəlki dinlərdə də cihad mövzusu olmuşdur.

14. Təbliğ və nəsihət hicrət və gücsüz səmərə vermir.

15. Yalnız maddiyyata göz yuman insan qətiyyətlə danışıb haqqı müdafiə edə bilir.

16. Rəhbər öz silahlı qüvvələrindən yetərincə arxayın olmalıdır.

17. Haqq əhlinin hərbi gücü batil əhlinin hərbi gücündən üstün olmalıdır.

18. Küfr və şirk hakimiyyətlərini alçaltmaq caizdir.

Ayə 38:

﴿قَالَ يَا أَيُّهَا المَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَن يَأْتُونِي مُسْلِمِينَ﴾

“(Süleyman) dedi: «Ey əyanlar! Sizlərdən hansınız onun (Səba mələkəsi Bilqeysin) taxtını onlar təslim olmuş halda gələnədək mənim üçün gətirə bilər?»”

Ayə 39:

﴿قَالَ عِفْريتٌ مِّنَ الْجِنِّ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ وَإِنِّي عَلَيْهِ لَقَوِيٌّ أَمِينٌ﴾

“Cinlərdən olan (qüdrətli və fərasətli) bir ifrit dedi: “Yerlərindən qalxmamış mən onu sənin yanına gətirərəm. Şübhəsiz, mən bu iş üçün qüdrətli və etibarlıyam.”

 

Nöqtələr

●“İfrit” sözündə şiddət və qüdrət mənası var.

●Bilqeysin elçiləri apardıqları hədiyyələri geri qaytardıqda və Səba mələkəsi (padşahı) Süleymanın sadəcə bir padşah olmadığını anladıqda qərara gəldi ki, özü şəxsən Süleymanın yanına getsin. Bilqeysin yola düşdüyündən xəbər tutan Süleyman qüdrətini nümayiş etdirmək üçün hazırlaşdı.

Bildirişlər

1. Süleymanın ətrafındakıların qeyri-adi qüdrətləri vardı.

2. Sağlam rəqabətə yer verin.

3. Münasib şəraitdə başqalarının qüvvəsindən faydalanın.

4. Meyar növ yox, ləyaqət və gücdür. Süleymanın ətrafında cinlər, quşlar, insanlar olsa da, üstünlük ölçüsü onların növü yox, taxtı gətirə bilmələri idi.

5. İnsanın taxt-tacı əlindən alındıqda, o asanlıqla təslim olur.

6. Quran “teyyül-ərz” (uzun məsafəni bir anda adlamaq kəraməti) məsələsini qəbul edir.

7. Güc nümayişində qarşı tərəfin səviyyəsi nəzərə alınmalıdır.

8. Başqalarını doğru yola çağırarkən onların öz imkanlarından da istifadə edin.

9. Düşməndən öncə addım atan kəs qalibdir.

10. Qeyri-adi işlər ali məqsədlərlə həyata keçməlidir.

11. Həzrət Süleymanın qeyb elmi vardı.

12. Müvəffəq bir quruluşda hər qüvvədən öz yerində istifadə edilməlidir.

13. Cin insana kömək edə bilər.

14. Ləyaqətlərinizi başqalarına elan edin.

15. Böyük işlərin icrası üçün sürət, qüdrət və əmanətdarlıq kimi səciyyələrə malik olmaq lazımdır.

Ayə 40:

﴿قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِندَهُ قَالَ هَذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ﴾

“(İlahi) kitabdan qismən xəbəri olan (Asəf ibn Bərxiya adlı) bir şəxs dedi: “Mən onu (taxtı) gözünü qırpmamış sənin yanına gətirərəm. (Süleyman təklifi qəbul etdi və o, taxtı gətirdi.) Elə ki, onu (taxtı) yanında gördü (qürrələnmək əvəzinə belə) dedi: “Bu, (kitabdan və ismi-əzəmdən bir qədər bilən vəzirimin qüdrəti) Rəbbimin lütfündəndir. Bununla mənim şükür edib-etməyəcəyimi sınayır. Şübhəsiz, şükür edən kəs öz xeyrinə şükür etmiş, nankorluq göstərən (öz zərərinə addım atmışdır və həqiqətən mənim Rəbbim (xalqın şükründən) ehtiyacsızdır və kərəm sahibidir.”

Ayə 41:

﴿قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ﴾

“(Süleyman) dedi: “Taxtı onun tanımayacağı hala salın, görüm anlayacaq, yoxsa anlamayanlardandır?”

 

Nöqtələr

●Kitab elmindən qismən xəbərdar olan şəxs imam Hadinin (ə) də qeyd etdiyi kimi, həzrət Süleymanın vəziri və bacısı oğlu Asəf ibn Bərxiya idi.[441] İmam Baqir (ə) buyurur: “İsmi-əzəm 73 sözdür. Asəf ibn Bərxiya bu sözlərdən təkcə birini bildiyi halda belə bir qüdrət nümayiş etdirdi.”[442]

●“Kitab elmi” dedikdə nəzərdə nə tutulur? Bildirirlər ki, «kitab elmi» dedikdə ya səmavi kitab, ya lövhi-məhfuz, ya da ismi-əzəm nəzərdə tutulmuşdur.

Sual: Necə oldu ki, Asəf ibn Bərxiya sahibindən icazə almamış taxtı Süleymanın yanına gətirdi?

Cavab: Bu iş peyğəmbərlərin xalqın malı üzərində hökm sahibi olması, Bilqeys və onun tabeçiliyində olan xalqın doğru yola gəlişinin əhəmiyyəti ilə izah olunur.

●Küfr iki növdür: Allahın inkarı və nemətlərə qarşı nankorluq.

●Şükrün növləri var: dildə şükür, qəlbdə şükür və əməldə şükür.

Əmirəl-möminin (ə) və Əhli-beytin fəzilətləri

–Ayədə bildirildi ki, kitab elmindən bir qismini bilən şəxs Səba mələkəsinin taxtını bir göz qırpımında gətirməsini Süleymana təklif etdi. Amma “Rəd” surəsinin son ayəsində Allah Öz Peyğəmbərinə (s) buyurur: “Kafirlər sənin risalətini qəbul etmirlər. Onlara de ki, mənimlə sizin aranızda Allahın və kitab elmini bütünlüklə bilən kəsin şahid olması yetər.” Rəvayətdə oxuyuruq: “ Ayədə kitab elmini bütünlüklə bilən kəs dedikdə Əli ibn Əbi Talib (ə) nəzərdə tutulmuşdur. Kitab elmindən bir qismini bilən kəs Bilqeysin taxtını bir göz qırpımında gətirə bilirsə, bu elmə tamamilə sahib olan kəsin ömür boyu hansı qüdrəti olmuşdur?!

–İmam Sadiq (ə) buyurur: “Elmdən bir qisim bilən şəxsin agahlığı Əlinin (ə) elmi ilə müqayisədə dərya yanında milçək qanadındakı su kimidir.”[443]

–Bir çox rəvayətlərdə bildirilir ki, məsum imamlar heç bir zaman və məkan məhdudiyyəti olmadan istədikləri yerə çatırdılar. Məsələn: İmam Cavad (ə) atasının şəhadəti zamanı bir anda Mədinədən Tusa gəldi;

İmam Kazim (ə) Bağdadda zindandan çıxan kimi Mədinədə hazır oldu;

İmam Səccad (ə) əsirlik dövründə Kərbəlaya gedib atası Hüseynin (ə) pak bədənini dəfn etdi;

İmam Hüseyn (ə) şəhadətindən öncə Kərbəla torpağından götürüb Mədinədə Ümmü-Sələməyə verdi.[444] Bəli, “teyyül-ərz” sifəti (ildırım sürəti ilə hərəkət) məsum imamlarda (ə) müşahidə olunmuşdur.

Bildirişlər

1. Süleymanın ətrafında dərin elmli şəxsiyyətlər vardı.

2. İnsan təbiət və onun qanunlarına hakim ola bilər.

3. İnsanın cindən qüdrətli olması mümkündür.

4. Bəzi məqamlarda qüdrəti izhar etmək lazım gəlir.

5. Elm qüdrət mənbəyidir. Elmi qüdrətlə əşya və mövcudların yerini dəyişmək olar. (İnsanda hələ ki kəşf olunmamış istedadlar, imkanlar və sirlər var.)

Elm əldə edən qazandı qüdrət,

Elmlə qoca qəlb tapdı təravət.

6. Tapşırıq verilərkən əməldə sürət imtiyaz sayılır. Necə ki, alış-verişdə yerinə çatdırma xidməti rəqabət amili və dəyərdir.

7. Elm və qüdrət iddiası əməldə sübuta yetirilməlidir.

8. Allahın övliyaları bütün nemətləri Allah tərəfindən bilirlər.

9. İlahi nemətləri öz haqqımız bilməyək.

10. Öz elm və qüdrətimizlə qürrələnməyək.

11. İlahi nemətləri dilə gətirək.

12. Nemətlərin verilməsi və ya kəsilməsi bizim təkamülümüz üçündür.

13. İlahi nemətlər ləzzət yox, bəndəlik və sınaq vasitəsidir.

14. Peyğəmbərlər də sınağa çəkilirlər.

15. İnsan məcbur yox, azaddır.

16. İnsanın səadəti onun öz əməllərindən asılıdır.

17. Allahın bizim şükrümüzə ehtiyacı yoxdur. İlahi nemətlər Allahın sonsuz fəzl və lütfündən qaynaqlanır. Biz nankorluq etsək də belə, O Öz rübubiyyəti əsasında bizə lütf göstərir.

Əlbət ki, şükürlə artası nemət,

Nankorluq nemətə çəkəsidir sədd.

18. Dəvət zamanı yaltaqlıq qadağandır.

19. İmkan və səxavət yanaşı olduqda dəyər sayılır.

20. Allah övliyalarının xalqın mülkü üzərində hökmü var.

21. Bəzən zehni sınamaq üçün dəyişiklik aparmaq olar.

Ayə 42:

﴿فَلَمَّا جَاءتْ قِيلَ أَهَكَذَا عَرْشُكِ قَالَتْ كَأَنَّهُ هُوَ وَأُوتِينَا الْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ﴾

“(Bilqeys) gələn zaman ona deyildi: «Sənin taxtın belədirmi?» O dedi: «Elə bil o özüdür. Bundan öncə bizə (Süleymanın haqlılığı ilə bağlı) elm verilmişdir və biz təslim olmuşuq.»”

Ayə 43:

﴿وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ اللَّهِ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَافِرِينَ﴾

“(Qadının) Allah əvəzinə pərəstiş etdiyi şey onu (haqqa təslimçilikdən) uzaqlaşdırmışdı və o kafirlərin qövmündən idi. (Amma küfrdən sonra iman gətirdi.)”

 

Nöqtələr

●Ayədəki “bizə elm verilmişdir” cümləsi zahirən Bilqeysin sözünün davamıdır. Amma bu cümlə Süleyman və onun ətrafındakılara da aid ola bilər. Yəni “bizə Bilqeysdən öncə elm verilmişdir və ondan öncə müsəlman olmuşuq.[445]

●Sual: Bilqeys Süleymanın haqlı olduğunu bildiyi halda nə üçün dərhal təslim olmadı?

Cavab: Şirkə aludə cəmiyyət və mühit onu təslim olmağa qoymadı.

Bildirişlər

1. İlkin danışıqlarda son söz deməyin.

2. Elmə əsaslanan məktəb dəyərlidir.

3. Mühit, cəmiyyət və xurafi əqidələr gerçək imana mane olur.

4. İnsanın mənfi keçmişi onun gələcəyi haqqında bədgümanlığa əsas vermir.

 

 

 

 

Ayə 44:

﴿قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا قَالَ إِنَّهُ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴾

“Ona (Bilqeysə) deyildi: «Qəsrə daxil ol! Onu görüb su gölməçəsi zənn etdi. (Ötüb keçmək üçün) ətəyini yığdı.» (Süleyman ona) dedi: «(Burada su yoxdur) şüşə və büllurdan tikilmiş saraydır.» (Səba mələkəsi) dedi: «Pərvərdigara! Mən özümə zülm etdim və (indi) Süleymanla birlikdə aləmlərin Rəbbi qarşısında təslim oluram.»”

 

Nöqtələr



Geri   İrəli
Go to TOP