A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


﴿مَا أَغْنَى عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَ﴾

“Bəhrələndikləri şey əzabı uzaqlaşdırmaq üçün karlarına gəlmədi.”

Ayə 208-209:

﴿وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ذِكْرَى وَمَا كُنَّا ظَالِمِينَ﴾

“Qorxuducu bir peyğəmbər göndərməmiş Biz heç bir məntəqəni həlak etmədik. (Peyğəmbərlər göndərdik ki,) öyüd-nəsihətə səbəb olsun. Biz zalım deyildik (ki, xəbərdarlıqsız cəzalandıraq).”

Nöqtələr

●Allah hər bir fərd və qövmü xəbərdarlıqdan sonra həlak edir. Xəbərdarlıqsız cəzalandırma zülmdür. Zülm isə Allahın şənində deyil. Quran bu həqiqəti müxtəlif ayələrdə bəyan etmişdir: “Biz onlara zülm etmədik.”[374]; “Allah zülm istəməz”[375]; “Zülm etmək Allahın şənində deyil.”[376]; “Onlara azca da zülm olunmayacaq.”[377]; “Allah xurma dənəsinin sapı qədər və ondan da az zülm etməz.”[378]; “Allah zərrə ağırlığında zülm etməz.”[379]

Bildirişlər

1. İlahi qəhr-qəzəb gələn zaman bütün bəhrələnmə vasitələri faydasız olur.

2. Din müxaliflərinin rifah içində yaşaması sizi qəmləndirməsin. Bir gün onlara verilənlər alınacaq.

3. Xəbərdarlıq başa çatdıqdan sonra qəzəb nazil olur. Xəbərdarlıqdan sonra tənbeh etmək lazımdır.

4. Hər bir ümmət arasında onlara xəbərdarlıq edən övliyalar var. Peyğəmbərlərin vəzifəsi xəbərdarlıqdır. Xalqın qəbul edib-etməməsinə görə onlar məsuliyyət daşımırlar.

5. Peyğəmbərlərin vəzifəsi xəbərdarlıqdır, xalqın qəbul edib-etməməsində onların heç bir məsuliyyəti yoxdur.

6. İnsan həqiqətləri fitrətən dərk edir. Lakin çox vaxt qəflət həqiqətin qəbuluna mane olur. Qəflətin çarəsi isə xəbərdarlıq və hədədir.

7. Xatırlatmadan öncə cəzalandırmaq zülümdür.

8. Zülm Allahın şənindən uzaqdır.

Ayə 210, 211, 212:

﴿وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ وَمَا يَنبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ﴾

“Quranı şeytanlar nazil etməyib. Bu onlara layiq deyil və bu iş üçün qüdrətləri yoxdur. Şübhəsiz, onlar (səmavi xəbərləri) eşitməkdən uzaqlaşdırılmışlar.”

 

Ayə 213:

﴿فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ﴾

“(Ey peyğəmbər,) Allahla yanaşı başqa məbudu çağırma, yoxsa əzab verilənlərdən olarsan.”

 

Nöqtələr

●Vəhy iki növdür:

a) Ruhul-əmin vasitəsi ilə peyğəmbərin qəlbinə nazil edilən vəhy; belə bir vəhy cin və şeytanlara layiq deyil. Onlar belə bir vəhyi qəbul edib aparmağa qadir deyildirlər.

b) Vəhyin digər bir növü şeytanın vəsvəsələri və ilhamlarıdır. Şeytanlar öz dostlarına təlqin edirlər.[380]

●Quran uca məqama və xüsusi müqəddəsliyə malikdir. Bu səbəbdən də onu Ruhul-əmin gətirmişdir. O hər bir təcavüzdən qorunur, onu qəbul edən məsumdur və ona zəmanət verilmişdir.[381]

●Müşriklər peyğəmbərə belə təklif etdilər: Əgər bizim bütləri çağırıb onları möhtərəm saysan, biz də səni özümüzə rəis seçərik. Ayə nazil oldu ki, kafirləri məyus et.

Bildirişlər

1. Böhtanlara qətiyyətlə cavab verin. Müşriklər ilahi ayələri şeytanın işi sayırdılar.

2. Quranın müqəddəsliyi şeytanların təcavüzündən amandadır.

3. Cin və şeytanların qüdrəti məhduddur.

4. Biganələrin müqəddəs mərkəzlərə girişləri qadağandır.

5. Qabiliyyət, paklıq və tutum olarsa mələk enişə vadar edilər. Hazırlıq olmayan yerdə səmaya yüksəliş süqut və məhrumiyyətlə nəticələnəcək.[382]

6. Quranın nazil olmasının son məqsədi tövhiddir.

7. Allah peyğəmbərə şirki qadağan edir ki, bizə nəsihət olsun. Əslində peyğəmbər Allahdan qeyrisini soraqlayan deyil.

8. Peyğəmbərlərin isməti onların azadlıq və ixtiyarına zidd deyil. (Peyğəmbər məsum olsa da, Allahdan qeyrisini soraqlamasın deyə qadağa qoyulur.)

9. Tövhid rəhbərləri özləri ilkin müvəhhid (təkallahçı) olmalıdır.

10. Allahdan qeyrisi kim olur olsun, pərəstiş ediləsi deyil.

11. Şirk keçmiş ümmətlərin məhvinə səbəb olmuşdur.

12. Allahdan qeyrisinin sorağınca getmək biçarəlik və əzabla nəticələnir.

13. İlahi ayələr böyük şəxsiyyətlərə də xəbərdarlıq edir.

Ayə 214-215:

﴿وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ﴾

“Yaxın qohumlarını qorxut. Sənə itaət edən möminlərə qoynunu aç.”

Ayə 216-217:

﴿فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ﴾

“Əgər boyun qaçırsalar de ki, mən sizin işlərinizdən zara gəlmişəm. Yenilməz və mehriban Allaha təvəkkül et.”

 

Nöqtələr

●214-cü ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) yaxın qohumları qonaq çağırdı. Qonaqlıqdan sonra onları şirk və bütpərəstlikdən çəkinməyə dəvət etdi.[383]

●“Əşirət” sözü ola bilsin ki, yaxınların ünsiyyəti ilə bağlıdır və qohumlar mənasında işlədilmişdir.

●Başqalarına yaxşılıqda insanın yaxınları müqəddəmdir.

●Qanad, qoyun açmaq təbiri Quranda iki yerdə işlədilmişdir: Peyğəmbərin möminlərə qoynunu açması, övladın valideynə qoynunu açması.[384]

●Ayədə qadınlara da xitab olunur. “Əl-mizan” təfsirində Təbəranidən nəql olunur ki, peyğəmbər qadın qohumları da dəvət etmişdir.

Bildirişlər

1. Qohumluq əlaqələri daha böyük məsuliyyətə səbəb olur.

2. Vəhy məktəbində bütün insanlar qanun qarşısında eynidir və Peyğəmbərin (s) yaxınlarına da xəbərdarlıq olunur.

3. Təbliğ və nəhy əz münkərdə özünüzdən başlayıb sonra yaxınlara keçin.

4. Öyüd-nəsihət və təbliğ qətiyyətli olmalıdır.

5. Qohumluq əlaqələri pisliyə qadağa vəzifəsinə mane olmamalıdır.

6. Yaxınlara xəbərdarlıq başqalarının haqqı qəbul etməsi üçün zəmini gücləndirir.

7. Qohumlar arasında da daha yaxınları var.

8. İnsan qohumlarını daha yaxşı tanıdığından onların haqqı qəbul etmə zəmini daha çoxdur.

9. Xəbərdarlıq qayğı və məhəbbətlə müşayiət olunmalıdır.

10. Yoldaşlar, ardıcıllar və tabeçilikdə olanlar qarşısında təvazö rəhbər və təbliğatçı üçün zəruri olan sifətlərdəndir.

11. Möminlər qarşısında təvazö göstərək, müşriklərdən uzaq olaq.

12. Allahın peyğəmbərə təvazö göstərişi verməsi bu sifətin əhəmiyyətini göstərir.

13. Peyğəmbərə itaət Allaha iman şərtidir.

14. Möminlər o qədər uca məqama malikdirlər ki, Peyğəmbərə (s) möminlər qarşısında təvazökarlıq əmr olunur.

15. Ünsiyyətdə meyar qohumluq yox, iman və küfrdür. (Qohumları qorxut, möminlər qarşısında təvazö göstər!)

16. Təvazö təkcə danışığa aid deyil. Əməldə də təvazö göstərmək lazımdır.

17. Təvəlla və təbərranın (Allah dostu ilə dostluq, Allah düşməni ilə düşmənçiliyin) mizanı Allah rəsuluna itaətdir.

18. Küfrə qəlbdə nifrət bəs etmir, bunu dildə də elan etmək lazımdır.

19. Allaha təvəkkül edən kəs kafirlərin əməllərinə və qohumların etinasızlığına nifrət edə bilər.

20. Elə bir varlığa güvənək ki, qüdrətli və bizə dost olsun.

Ayə 218, 219, 220:

﴿الَّذِي يَرَاكَ حِينَ تَقُومُ وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ﴾

“O kəs ki, (namaza) durduğunu da görür, səcdə edənlər arasında hərəkətini də. Çünki eşidən və bilən Odur.”

Ayə 221:

﴿هَلْ أُنَبِّئُكُمْ عَلَى مَن تَنَزَّلُ الشَّيَاطِينُ﴾

“Sizə xəbər verimmi ki, şeytanlar kimə nazil olur?”

Ayə 222, 223:

﴿تَنَزَّلُ عَلَى كُلِّ أَفَّاكٍ أَثِيمٍ يُلْقُونَ السَّمْعَ وَأَكْثَرُهُمْ كَاذِبُونَ﴾

“Onlar hər bir yalançı günahkara nazil olur. (Çünki belələri) şeytanların sözünə qulaq asırlar. Onların çoxu yalançıdır.”

 

Nöqtələr

●“Əffak” dedikdə yalançı mənası anlaşılır.

●218-ci ayədə Peyğəmbərin (s) qiyamı (ayağa qalxması) dedikdə ya namaz üçün, ya da təbliğ üçün qiyam nəzərdə tutulmuşdur. İmam Baqir (ə) buyurur ki, qiyam dedikdə peyğəmbərlik məsələsində qiyam nəzərdə tutulur.

●223-cü ayədə nəzərdə tutula bilər ki, günahkarlara nazil olan şeytanlar şəhablarla (meteorlarla) qovulmalarına baxmayaraq, səmadakı xəbərləri dinləməyə çalışırlar.

●İmam Baqir (ə) buyurur: “Səcdə edənlər arasında hərəkətini görür” deyərkən allahpərəst babalarının sülbündə sənin hərəkətindən Allahın xəbərdar olduğu nəzərdə tutulur.”[385]

●Müşriklər vəhyə münasibətdə şeytanların həzrətə nazil olduğunu düşündüyündən Allah qətiyyətlə buyurur ki, şeytanlar məsum peyğəmbərə yox, yalançı günahkarlara nazil olur. Demək, iki növ nazil olma var: Vəhyin etibarlı mələk yolu ilə nazil olması, günahkar insanlara şeytanların nazil olması.

Bildirişlər

1. Allah Öz nəzarətini yada salmaqla Peyğəmbərə (s) təsəlli verir.

2. İnsan namaz halında Allahın xüsusi diqqətini qazanır.

3. Səcdə namazın ən mühüm rüknüdür (əsasıdır).

4. Qüvvət və mərhəmətə malik olmaqla yanaşı eşidən və xəbərdar, hərəkət və ibadətlərimizi görən Allaha təvəkkül edək.

5. Təbliğdə suallar ünvanlamaqla qarşı tərəfin diqqəti və dinləməsi üçün zəmin yaradaq.

6. Fərqli ruhiyyələr, tutumlar və ləyaqətlər fərqli nazil olmalara, göndərişlərə səbəb olur.

7. Vəhyi yalnız peyğəmbərin pak qəlbi qəbul edir. Şeytanın vəsvəsələri isə bütün bulaşıq qəlblərə yol tapır.

8. Günahdan da pisi günahın təkrarlanması və onun xarakterə qatılmasıdır.

9. Hər sözə qulaq asmaq günahkarın nişanəsidir.

10. Yalan bir çox günahların qaynağıdır və onlardan daha təhlükəlidir. Çünki yalançının qəlbi şeytanın eniş zolağıdır.

Ayə 224, 225, 226:

﴿وَالشُّعَرَاء يَتَّبِعُهُمُ الْغَاوُونَ أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ﴾

“(İslam Peyğəmbəri şair deyil, çünki) şairlərə azğınlar tabe olur. Görmürsənmi, onlar hər vadidə avara dolanır, danışdıqları sözə əməl etmirlər?”

 

Ayə 227:

﴿إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيرًا وَانتَصَرُوا مِن بَعْدِ مَا ظُلِمُوا وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ﴾

“Yalnız iman gətirib saleh işlər görən, Allahı çox yada salan, zülmə düçar olduqdan sonra (müdafiə üçün) yardım istəyənlər istisnadırlar. (Zülm edənlər tezliklə biləcəklər ki, qayıdış yerləri haradır.”

 

Nöqtələr

●“Ğəyy” sözündən olan “ğavun” sözü inkişaf sözünün antonimidir.[386]

●Kafirlər Quranı Peyğəmbər (s) düşüncəsinin məhsulu, Peyğəmbərin (s) özünü şair bildiklərindən hazırkı ayələrdə məhkum olunurlar. Buyrulur ki, şairlərin tərəfdarları azğınlardır, amma İslam Peyğəmbərinin (s) tərəfdarları doğru yoldadırlar. Şairlər məqsədsiz dolanır və öz dediklərinə əməl etmirlər. Amma Peyğəmbər (s) belə deyil. Onun sözü ilə əməli arasındakı uyğunluq şair olmadığını göstərir.

●İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunur ki, fiqhi qeyri-dini məqsədlərlə və ya dərindən öyrənməyənlər həm azğındırlar, həm də başqalarını azdırırlar. Bu məzəmmət dastançılara da aiddir.[387]

●Məqsədsiz şairin adı şeytanların nazil olduğu yalançılarla yanaşı çəkildiyindən belə nəticə çıxarmaq olar ki, yalançı şeytanla məqsədsiz şair arasında rabitə var.

●Rəvayətlərə əsasən, çox zikr dedikdə Həzrət Zəhranın (ə) təsbihatı, yəni 34 dəfə “Allahu əkbər”, 33 dəfə “əlhəmdulillah” və 33 dəfə “sübhanəllah” demək nəzərdə tutulur.

●Hədisdə deyilir: Allah zikri təkcə dilə aid deyil. Zikr dedikdə günahların tərki və ibadətlə müşayiət olunan zikr nəzərdə tutulur.[388]

●Hədisdə oxuyuruq: “İmam Hüseynin (ə) mübarək başı nizəyə taxıldığı vaxt bu ayəni tilavət etmişdir. «İmam Sadiq (ə) buyurur: “Zülmün ən aşkar nümunəsi Peyğəmbər (s) Əhli-beytinə (ə) edilən zülümdür.”[389]

Şer və şairlər

●Surənin son ayələri münasibəti ilə şer və şairlər haqqında bəzi məsəlləri bəyan edirik:

–Beyzavinin təfsirindən belə nəql olunur: Bu ayələrin nazil olmasının səbəbi cahiliyyət dövründə şerlərdə daha çox təxəyyüllərə, gözəl qadınların vəsfinə, eşq macəralarına, yersiz iftixarlara, söyüşə, başqalarının namusuna təcavüzə yer verilməsi olmuşdur.

–Həkimlə (hikmət sahibi ilə) şair arasında fərq budur ki, həkim öncə mənanı nəzərdə tutub sonra yazır, şair isə öncə qəlib və sözləri seçib sonra mənanı bəyan edir.[390]

–Haqqın müdafiəsinə həsr olunmuş yaxşı şer rəvayətlərdə nizə ilə cihaddan üstün sayılmış və mədh olunmuşdur.[391]

–Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Şerlərdən bəzisi sehr kimidir, bəzisi hikmətdir.”[392]

–Həzrət Peyğəmbər (s) mübariz şair Həfsana buyurmuşdur: “Ruhul-qudus səninlədir.”[393]

–Həzrət Peyğəmbər (s) səfərlərdən birində Həssanı çağırıb ondan şer oxumasını istədi. Həssan oxudu və həzrət dinlədi. Sonra o həzrət göstəriş verdi ki, məsciddə Həssana xüsusi yer ayırılsın.[394]

–İmam Sadiq (ə) öz yaxınlarına buyurmuşdur: “Uşaqlarınıza Əbdinin şerlərini öyrədin, o yaxşı şair və bizim məzhəbimizdəndir.”[395]

–İmam Sadiq (ə) buyurmuşdur: “Bizim həqiqətimiz haqqında bir beyt şer yazan hər kəsə Allah behiştdə ev əta edər.”[396]

–İmam Sadiq (ə) buyurmuşdur: “Oruc tutanın, ehram halında və ya hərəmdə olanın şer oxuması məkruhdur. Eləcə də cümə axşamı və cümə günü şer oxumağın kərahəti var.”[397]

–Rəvayətdə oxuyuruq: “Cahiliyyət dövrünün ən düzgün şeri bu idi:

 

Haqdan savay hər nə batildir bil sən,

Gec-tez çıxasıdır hər nemət əldən.

 

–Rəvayətdə deyilir: Ayə nazil olduğu vaxt şairlərdən bir dəstəsi nigaran olub Peyğəmbərin (s) yanına gəldi. Həzrət buyurdu: “Mömin qılıncı və dili ilə cihad edir.”[398]

Bildirişlər

1. Əsas məsələ xalqı cəzb etmək yox, kimi və hansı hədəfə doğru cəzb etməkdir.

2. İslam yaradıcılıqla yox, məqsədsiz şerlə müxalifdir.

3. Şerdə iman və təqva olmasa, fərdi təxəyyüllər və hisslər şairi gündə bir vadiyə çəkər.

4. İstər şer və hekayə, istər film və teatr, istər söhbətlə xalqın başını qatıb onu doğru yoldan azdırmaq məzəmmət olunur. Amma şer gözəllik və özünəməxsusluğuna görə daha təsirlidir.

5. Şerin bir neçə bəlası var: cahillərin itaəti, məqsədsizlik, əməldən uzaqlıq.

6. Əgər şer və yaradıcılıq imanla müşayiət olunmasa azğınlar üçün münasib zəmin və rahat yol olasıdır.

7. Əmr be məruf və nəhy əz münkər yollarından biri haqq və batil nümunələrin təqdimidir.

8. Quran iş yox, söz əhli olan şairləri məzəmmət edir.

9. İnsafı gözləyin. Hər bir zümrənin yaxşılarının haqqını tapdamayın. Şer və yaradıcılıq salehlərin əlində olduqda dəyər tapır.

10. İman, saleh əməl və Allah zikri yaradıcı insanı, şairi azğınlıqdan xilas edir.

11. Quran mömin şairin xalqı haqqın müdafiəsinə təhrik edən şerini təsdiqləyir.

12. İman əməldən müqəddəmdir. Amma səmərə üçün əməllər də saleh olmalıdır.

13. Allah zikri zaman, məkan və miqdarla məhdudlaşmır.

14. Təhlükə böyük olan yerdə Allah zikri də çox olmalıdır.

15. Sənət və şer vasitəsilə zalımlarla mübarizəyə qalxaq.

16. Allah zalımları izləməkdədir.


NƏML” SURƏSİ

(27-ci surə, 93 ayə)

On doqquz, iyirminci cüzlər

“Nəml” surəsinin siması

93 ayədən ibarət olan bu surənin 18-ci ayəsində qarışqalar və həzrət Süleymanın (ə) əhvalatından danışıldığından surə “Nəml” (“qarışqa”) adlandırılmışdır. Amma bu surə “Süleyman” və “Ta-sin” adları ilə də tanınır.

Surə bütünlüklə Məkkədə, müxtəlif münasibətlərlə nazil olmuşdur. “Bismillahir-rəhmanir-rəhim” cümləsi bu surədə iki dəfə bəyan olunmuşdur: başlanğıcında və 30-cu ayədə; həzrət Süleymanın Səba mələkəsinə yazdığı məktubun əvvəlində.

Surədə həzrət Musa, Süleyman, Saleh və Lut kimi dörd böyük peyğəmbərin öz dövrünün azğınları ilə mübarizələri bəyan olunmuşdur. Bu əhvalatların ən genişində həzrət Süleymanın Səba mələkəsi ilə münasibətlərindən, mələkənin Allaha necə iman gətirməsindən danışılır.

Surənin qalan hissəsində hud-hud (şanapipik) kimi quşların, qarışqa kimi həşəratların danışığı, Süleyman qoşununda və sarayında cinlərin hüzuru, nəhayət Bilqeysin taxtının Yəməndən Şama bir göz qırpımında gətirilməsi bəyan olunur.

 

Rəhman və rəhim Allahın adı ilə

﴿بسم الله الرحمن الرحيم﴾

Ayə 1:

﴿طس تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُّبِينٍ﴾

“Ta-sin; budur Quranın və aydın Kitabın ayələri.”

Ayə 2, 3:

﴿هُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ﴾

“(Bu ayələr) iman əhli üçün hidayət və müjdədir. O kəslər ki, namaz qılar, zəkat ödəyərlər. Axirətə əmin olanlar da yalnız onlardır.”

 

Nöqtələr

●Zəkat dedikdə iki məna nəzərdə tutula bilər: biri şəriətdə nəzərdə tutulmuş zəkat, digəri istənilən şəkildə ehtiyaclılara göstərilən yardım. Bu ayədə zəkatın ikinci mənası nəzərdə tutulmuşdur. Çünki surə Məkkədə nazil olmuşdur və həmin vaxt rəsmi zəkat göstərişi verilməmişdi.

●“Mubin” sözü həm “aydın”, həm də “aydınladan” mənasında işlənə bilər.

Bildirişlər

1. İlahi sünnələrdən, qanunlardan biri budur ki, vəhy və malik olduğu məqama və üstünlüyünə baxmayaraq əli çatan bir yerdə qərar verilir.

2. Danışıq və dinləmə yolu ilə dəvət yazı və oxu ilə dəvətdən daha geniş əhatəyə malikdir. (Quran sözü kitab sözündən öncə gəlmişdir.)

3. Peyğəmbərlərin hərəkəti maariflə, oxu və yazı ilə müşayiət olunur.

4. Quran yetərincə böyük kitabdır.

5. Quran xalqın dərk edə biləcəyi bir kitabdır.

6. Dəvət və təbliğ aydın məzmuna, iti və qəti üsluba malik olmalıdır.

7. Hidayətin dərəcələri, mərhələləri var: ibtidai hidayət (xalq üçün) və tamamlayıcı hidayət (möminlər üçün).

8. Yazılı olması, aydınlığı, hidayəti və müjdəsi Quranın imtiyazlarındandır.

9. Quranın əsas missiyası hidayət və müjdədir. Quranda digər elmlərə və məsələlərə diqqət verilməsi ikinci dərəcəlidir.

10. İman hidayət və qurtuluş açarıdır.

11. Hidayətdə əsas şərt qabiliyyətdir.

12. Yaxşılığı genişləndirmək üçün xeyir əməl sahiblərini mədh edək.

13. Tərif insanın ad və ünvanına yox, yaxşı işinə ünvanlanmalıdır.

14. Əməl iman nişanəsidir.

15. Davamlılıq üçün hətta namaz və zəkat əhli olan möminlərin belə ilahi hidayətə ehtiyacları var. Qiyamətdə də insan müəyyən hidayətə möhtac olur.[399]

16. Düzgün və kamil namaz dəyərlidir. (Namazın bərpası dedikdə onu zəruri şərtlər əsasında yerinə yetirmək nəzərdə tutulur.)

17. Allahla rabitə xalqla rabitədən müqəddəmdir. (Öncə namaz, sonra zəkat qeyd olunur.)

18. Namaz və Allahla rabitə digər xeyir işlər üçün zəmin yaratdığından öncə qeyd olunur.

19. Əməlin davamlılığı ona dəyər verir.

20. İslamın imtiyazlarından biri də budur ki, ilahi və ictimai, mənəvi və maddi, dünya və axirət məsələlərini yanaşı nəzərdə tutur.

21. Təbliğdə öncə xalq üçün xərcsiz başa gələn işləri bəyan edin. (Əvvəl namaz, sonra zəkat!)

22. Mömin insan ictimai məsələlər və məhrumların ehtiyacı müqabilində məsuliyyət hiss edir.

23. Həssaslıq tələb olunan yerdə sözü təkrarlayın. (Namaz və zəkat bir, məad isə iki təbirlə qeyd edilir.)

24. Məada imanla müşayiət olunan namaz və zəkatın dəyəri var.

25. Yəqin əhli yalnız xüsusi bir dəstədir.

26. Möminlər qalibdir. Onlar namazla özlərini tərbiyələndirir, zəkatla cəmiyyətin problemlərini aradan qaldırır, məada əminliklə öz gələcəklərini təmin edirlər.

27. Elm unudula bilər, amma yəqinlik daimi diqqətlə yanaşıdır.

28. Güman və bilmək bəs etmir, qəlbən inam və yəqinlik lazımdır.

 

Ayə 4:

﴿إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ﴾

“Həqiqətən, axirətə inanmayanların işlərini gözəl göstərərik ki, avara qalsınlar.”

Ayə 5:

﴿أُوْلَئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ﴾

“Onlar dərdli əzaba qatlaşacaq kəslərdir. Qiyamətdə ən çox ziyana düşəcək kəslər də onlardır.”

 

Nöqtələr

●Bu ayədə və “Ənam” surəsinin 108-ci ayəsində pis işlərin yaxşı sayılması Allaha aid edilir. Halbuki Qurani-Kərim digər ayələrdə bu işi şeytan işi saymışdır. Səbəb budur ki, Allah varlıq nizamını səbəblər üzərində qurmuşdur. Görülən bütün işlər hansısa səbəblərlə həyata keçir. Məsələn, həm “qapını əlimlə açdım”, həm də “qapını açarla açdım” demək olar. Yuxarıdakı halda da pis işi gözəl göstərən şeytandır, amma pis işin təkrarı həmin işi xarakterə hopdurur və işin xasiyyətə çevrilməsi ilahi sünnədir.

Ziyankarların siması

●Ziyankarlar bir neçə növdür: “xasir”, “lə fi xusr”, “xusranun mubin”, “əxsərun”. Ömrünü puça çıxaran şəxs “xasir”[400], iman və saleh əməl sahibi olmayan şəxs “lə fi xusr”[401], Allaha tərəddüdlə bəndəlik edən kəs “xusranun mubin”[402], azğınlıq içində ikən düz yolda olduğunu düşünən kəs “əxsərun” adlanır.[403]

–Rəvayətdə oxuyuruq: “Əxsərun” dedikdə zəkat verməyən, günahı təkrarlayan, bacardığı halda haqqı deməyən kəslər nəzərdə tutulur və onlar insanların ən zalımıdırlar. Onlar dini zaya çıxarmaqla öz dünyalarını bəzəyirlər.

Bildirişlər

1. Məada etiqadsızlıq çirkinliklərin üzə çıxması üçün zəmindir. (İmansız insan çılpaqlığı mədəniyyət, bər-bəzəyi şəxsiyyət, fırıldaqçılığı zirəklik, yalan və riyanı siyasət nişanəsi, istismarı qüdrət göstəricisi sayır.)

2. İmansız fərdlərin anlaqsızlığı və başlarını itirməsi Allahın ən böyük cəzası və silləsidir.

3. Əgər Qiyamətə inansaq, gözəl görünən bir çox işlərin mahiyyətini anlayarıq.

4. Qiyaməti özü üçün aydın gələcək bilməyən kəsi haldan-hala düşən dünya hər an çaşdırır.

5. Qiyamətin inkarı ən böyük xəsarətlərə səbəb olur.

Ayə 6:

﴿وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ﴾

“Şübhəsiz, Quran sənə hikmət və elm sahibi tərəfindən verilir.”

 

Bildirişlər

1. Vəhyi alan tərəf Allahın rəsuludur.

2. Quran ilahi elm və hikmət qaynağıdır.

3. Peyğəmbərin elmi ilahi elmdir.

4. Quranın göndərilməsində və qəbulunda heç bir etibarsız vasitə yoxdur.

5. Dinin hökmləri ilahi elm qaynağındandır və hər bir göstərişdə hikmət mövcuddur.

Ayə 7:

﴿إِذْ قَالَ مُوسَى لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ آتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ﴾



Geri   İrəli
Go to TOP