A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Nöqtələr

●Allahın möcüzə üçün qüdrət əli açıqdır, ayı parçalamağın, suyu yarmağın, dağın köksündən dəvə çıxarmağın Onun üçün fərqi yoxdur.

●Salehin dəvəsini öldürən şəxs bir nəfər olsa da, Quran bu işi bir dəstəyə aid edir. Çünki həmin dəstə dəvənin öldürülməsi ilə razılaşmışdı. Bu nöqtəyə Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də işarə etmişdir.[364]

Bildirişlər

1. Möcüzə o qədər aydın olmalıdır ki, istənilən səviyyəli şəxs onun qeyri-adiliyini dərk etsin.

2. Müqəddəsliklərin təhqiri böyük günahdır. Allah-təala “Əraf” surəsinin 73-cü ayəsində bu dəvəni Özünə aid edir.

3. Su ehtiyatları Allah göstərişi əsasında ədalətlə bölünməlidir.

4. İlahi rəngə malik dəvə adi insanlardan irəlidir.

5. Zalım insan hətta zərərsiz heyvana belə rəhm etmir.

6. Peyğəmbərlərin xəbərdarlıqlarına ciddi yanaşaq.

7. Başqa birinin işi ilə razılaşan şəxs həmin işin savab və ya günahına şərikdir.

8. Hər peşmançılıq və tövbə qəbul deyil. (Əzab yetişən anda tövbə və peşmançılıq səmərəsizdir.)

Ayə 158:

﴿فَأَخَذَهُمُ الْعَذَابُ إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ﴾

“Belə ki, əzab onları yaxaladı. Həqiqətən bunda nişanə və ibrət dərsi var. Amma onların əksəri iman gətirən deyil.”

Ayə 159:

﴿وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

“Əlbəttə, sənin Rəbbin yenilməz və mehribandır.”

 

Bildirişlər

1. İlahi müqəddəsliklərin təhqiri o qədər ciddi məsələdir ki, bir heyvanın ölümünə görə bir dəstə məhv olur.

2. Allahın həm lütfü, həm də qəhr-qəzəbi ibrət nişanəsidir.

3. Bəzən insan Allahın ən böyük nişanələrini görsə də inad göstərib iman gətirmir.

4. İnadkar kafirlərə peyğəmbərlər və möcüzə göndərmək, onları qəhr-qəzəblə yaxalamaq Allahın rübubiyyət şənlərindəndir.

5. Xalqın iman və küfrü Allaha təsirsizdir.

6. Allah mehribandır, bizim öz əməllərimiz Onun qəzəbinə səbəb olur.

 

Ayə 160:

﴿كَذَّبَتْ قَوْمُ لُوطٍ الْمُرْسَلِينَ﴾

“Lut qövmü (də) peyğəmbərləri təkzib etdi.”

Ayə 161-162:

﴿إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ﴾

“Bir zaman qardaşları Lut onlara dedi: “(Şirk və azğınlıqdan çəkinib Allahdan) qorxmursunuzmu? Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm.”

Ayə 163-164:

﴿فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ﴾

“Allahdan qorxun və mənə itaət edin. Mən öz peyğəmbərliyim müqabilində sizdən muzd istəmirəm. Mənim muzdum yalnız aləmlərin Rəbbi tərəfindəndir.”

 

Nöqtələr

●Həzrət Lut Həzrət İbrahimlə eyni bir dövrdə yaşamışdır. Bu surədə İbrahimlə (ə) Lutun (ə) əhvalatı arasında yüzədək ayə var. Çünki Quran buyruqlarında əsas məsələ tarixi ardıcıllıq yox, öyüd-nəsihətdir.

Bildirişlər

1. Əsas mövzuları sözümüzə sərlövhə edək. (Bu surədə bütün peyğəmbərlərin tarixindən danışılarkən öncə “təkzib etdilər” sözü qeyd olunur. Demək, hazırkı surədə peyğəmbərlərin tarixini bəyan etməkdə məqsəd inadkar xalqın təkzibi və onların cəzalandırılması məsələlərinin açıqlanmasıdır.)

2. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbərləri təkzib etmək kimidir. (Hər qövm öz peyğəmbərini təkzib etsə də, peyğəmbərlər ümumi məqsədə malik olduqlarından onlardan birinin təkzibi hamısının təkzibi kimidir.)

3. Səmavi rəhbərin xalqla rabitəsi qardaşlıq rabitəsidir.

4. Daxilən çəkinəcəyi olmayan şəxsi hər tərəfdən təhlükə gözləyir və o heç bir haqqı qəbul etmir.

5. Səmavi rəhbərlər xalqın sorağınca getməli və öz məqsədlərini ona açıqlamalıdırlar.

6. Təqva haqqın qəbulu və peyğəmbərlərə itaət üçün zəmindir.

7. Dini rəhbərə itaətdən uzaq dindarlıq yarımçıqdır.

8. Gözümüz xalqın əlində olmasa, sözümüz daha təsirli olar.

9. Allaha daha çox təvəkkül edən kəs xalqdan ehtiyacsız ola bilər.

 

Ayə 165:

﴿أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ الْعَالَمِينَ﴾

“Yoxsa dünyadakı insanlar arasında yalnız kişilərin sorağınca gedirsiniz?”

Ayə 166:

﴿وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِنْ أَزْوَاجِكُم بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ﴾

“Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi boşlayırsınız? Bəli, siz həddi aşmış bir qövmsünüz.”

Ayə 167:

﴿قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ الْمُخْرَجِينَ﴾

“Onlar (öyüd götürmək əvəzinə) dedilər: “Ey Lut! Əgər sözlərindən əl çəkməsən, şübhəsiz sürgün edilənlərdən olacaqsan.”

 

Nöqtələr

●Bu ayələrdə Lut qövmü azğın kimi tanıtdırılır. Amma başqa ayələrdə fərqli təbirlər də var. Onlar bəzən israfçı, bəzən fasiq, bəzən cahil kimi tanıtdırılırlar.[365]

●Livata (həmcinsbazlığa) yol verən insanın cəzası qətldir. Bu əməl o qədər çirkindir ki, hətta heyvanla belə bir yaxınlıq olduqda onun əti haram sayılır. Belə bir heyvan kəsilməli və cəmdəyi yandırılmalıdır.

●Həmcinsbazlıq yalnız insanlar arasında mövcuddur və varlıq aləmində digər mövcudlar arasında müşahidə olunmur.

Bildirişlər

1. Nəhy əz münkərdən öncə ayrı-ayrı zaman və şəraitlərə aid olan günahlardan xəbərdar olmalı və daha sonra onun qarşısını almağa çalışmaq lazımdır.

2. Nəhy əz münkərdə (pisliyə qadağada) tanınmış yollar seçin.

3. Həyat yoldaşını boşlamaq və onun ehtiyaclarını nəzərə almamaq qadağandır.

4. Allah bəşərin daxili hislərinin təmini üçün fitri və təbii yollar müəyyənləşdirmişdir.

5. Səmavi dinlər insanı izdivaca rəğbətləndirir.

6. İzdivac ilahi rübubiyyət cilvəsidir və insanın xeyrinədir.

7. Cinsi azğınlıq təcavüz və tüğyandır. Həmcinsbazlıq, livat dəyərlərə qarşı təcavüzdür.

8. Pis işi aradan qaldırmaq üçün pisliyə qadağanı təkrarlamaq və davamlılıq lazımdır.

9. Pisliyə qadağa qoyarkən özümüzü ətrafdakıların hədələrinə hazırlayaq.

10. Sürgün etmək Lut qövmü zalımlarının qaydası idi.

Ayə 168-169:

﴿قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ الْقَالِينَ رَبِّ نَجِّنی وأَهلی مِماََّ يعْمَلوُنَ﴾

“Lut dedi: “Mən sizin əməllərinizə qatı müxalifəm. Pərvərdigara! Məni və mənim adamlarımı onların gördüyü işdən xilas et.”

Ayə 170, 171, 172:

﴿فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ﴾

“(Onun duasını qəbul etdik və) ona və bütün ailəsinə nicat verdik. Yalnız geridə qalmışların arasındakı qadından (Lutun arvadından) savay. Sonra o birilərinin kökünü kəsdik.”

Ayə 173:

﴿وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا فَسَاء مَطَرُ الْمُنذَرِينَ﴾

“Onların başına (daşdan) yağış yağdırdıq. Nə pisdir xəbərdarlıq olunanların yağışı!”

Ayə 174-175:

﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

“Əlbəttə, bunda (ilahi qüdrətdən) bir nişanə var. Amma insanların çoxu iman gətirən deyil. Həqiqətən, sənin Rəbbin yenilməz və mehribandır.”

 

Nöqtələr

●“Qalin” dedikdə nigarançılığın izharı və içdən gələn qatı müxalifət mənaları anlaşılır.

Bildirişlər

1. Günahkarla yox, onun pis işi ilə müxalif olun.

2. Peyğəmbərlər hədələrdən qorxmur, öz sözlərini deyirdilər. Lut (ə) sürgün hədəsi qarşısında buyurdu: “Mən sizin işinizə düşmənəm.”

3. Pis işə həm dildə, həm də əməldə nifrət etmək lazımdır. Bəli, nigarançılıq bəs etmir, fəsad mərkəzindən qurtuluş barədə düşünmək lazımdır.

4. Günahkar mühit ilahi insanlar üçün dözülməzdir. Onlar mühitin islahına olan ümidlərini itirdikdə, heç olmasa özlərini xilas edirlər.

5. Cəmiyyətin böyükləri öz ailələri və yaxınları haqqında düşünməlidirlər.

6. Peyğəmbərlərin duası qəbuldur.

7. Qadın yol seçimində ərindən asılı deyil. (Lutun (ə) arvadı azğın yol seçmişdi.)

8. Səmavi dinlərdə bütün qanunlar və dəyərlər rabitələrə yox, normalara əsaslanır. (Peyğəmbərin də zövcəsi yolunu azdıqda həlak edilir. Çünki meyar ailə rabitəsi yox, küfr və imandır.)

9. Şəxsiyyətlər və onların yaxınları ilə ayrı-ayrılıqda hesab çəkin. (Allah rəsulunun da yaxınları azğın yolda ola bilər. Lutun (ə) arvadı peyğəmbər evində olsa da, düşüncə tərzi yanlış idi.)

10. Bir günaha görə hamı üçün eyni cəza nəzərdə tutulub. Lutun arvadı xüsusi imtiyaza malik deyildi və o, fəlakətə düçar olanlar arasında idi.

11. İzdivacda həmcinsbazlığa rəvac verənlərin cəzası rəhmət yağışının əzab yağışına dönməsi və onları məhv etməsidir.

12. Allah əzab verməzdən öncə xəbərdarlıq edir, höccəti tamamlayır.

13. Saleh insanlar cəmiyyətdən uzaqlaşdıqda orada ilahi qəhr-qəzəb üçün zəmin yaranır.

14. Təbiət Allahın qüdrətinə tabedir. (Göydən yağış endirən qüdrət daş da yağdıra bilər.)

15. Tarix ibrət vasitəsidir.

16. Tərbiyə prosesində təkrara ehtiyac var. (Bu surədə hər bir peyğəmbərin macərası nəql olunduqdan sonra “əlbəttə, bunda bir nişanə var” cümləsi təkrarlanmışdır.)

17. İnsanların əksəriyyəti öyüd-nəsihəti qəbul etmir.

18. Mərhəmətlə yanaşı olan qüdrət dəyərlidir.

Ayə 176:

﴿كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ﴾

“Əykə əshabı (da) peyğəmbərləri təkzib etdi.”

Ayə 177, 178, 179:

﴿إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ﴾

“Bir zaman Şüeyb onlara dedi: “Yoxsa (şirk və azğınlıqdan) qorxmursunuz? Həqiqətən mən sizin üçün etibarlı bir peyğəmbərəm. Allahdan qorxun və mənə itaət edin.”

Ayə 180:

﴿وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ﴾

“Mən risalətim müqabilində sizdən heç bir əvəz istəmirəm. Mənim mükafatım yalnız aləmlərin Rəbbi tərəfindəndir.”

 

Nöqtələr

●“Əykə” sözü meşə mənasını bildirir. Bəziləri belə hesab edir ki, “Əykə əshabı” dedikdə adı Quranda dörd dəfə qeyd olunmuş Mədyən əshabı nəzərdə tutulur. Bəziləri də həmin qövmün Mədyən yaxınlığında yaşadığını bildirirlər. Həzrət Şüeyb hər iki qövmə xitab etmişdir.

●Şüeyb (ə) bu surədə haqqında danışılan yeddinci peyğəmbərdir. Bütün bu əhvalatlarda “qardaşları onlara dedi” cümləsi işlədilsə də, Şüeyb haqqında danışılarkən “qardaşları” sözü qeyd olunmur. Bunun səbəbi Şüeybin (ə) həmin yerdə qəribliyi ola bilər.[366]

Bildirişlər

1. Bütün peyğəmbərlər həmfikir olmuş, bir söz deyib, bir cəhətə üz tutmuşlar.

Ayə 181-182:

﴿أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ﴾

“Ölçünü (peymanəni–ölçü qabının düzlüyünü) gözləyin, əskik satanlardan olmayın. Düz tərəzi ilə çəkin.”

Ayə 183:

﴿وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ﴾

“Xalqın malını əskik verməyin, yer üzündə fəsad və günah üçün çalışmayın.”

 

Nöqtələr

●“Kəyl” sözü mayelərə, “qistas” sözü çəkilərə, “əşyaəhum” sözü saylı şeylərə aiddir.

●Bu ayələrdə iki əmr və iki qadağa ilə rastlaşırıq. Onlar bir-birini tamamlayır.

●Rəvayətdə bildirilir ki, satdığı malın eybini müştəriyə deməyən kəs mələklər tərəfindən lənətlənir. Hiyləgərliklə insanları aldadan fərd xalqın ən pisidir.[367]

●Əskik satmaq böyük iqtisadi günahlardan biridir. Bu işə görə haram tikənin bütün bəlaları qarşıya çıxır. Əskik satmaq təkcə alış-verişə aid deyil. Tədrisdə, təbabətdə, nəzarətdə, mühəndislikdə və həyatın digər sahələrində başqalarının haqqını ödəməməklə uyğun zümrəyə qatılmaq olar.

Bildirişlər

1. Peymanə (ölçü qabı) və tərəzinin uzun tarixi keçmişi var.

2. Əskik satmaq haramdır və xalqın haqqına riayət etmək vacibdir.

3. Peyğəmbərlər cəmiyyətin iqtisadi sağlamlığına nəzarət edirdilər.

4. Səmavi dinlərdə ictimai və iqtisadi ədalətə xüsusi diqqət ayrılır.

5. Ölçü meyarı istənilən sahədə ədalətli və düzgün olmalıdır.

6. Təkcə möminlərin yox, bütün insanların hüquqlarına riayət olunmalıdır.

7. Əskik satmamaq qadağası təkcə peymanə və tərəziyə aid deyil.

8. Əskik satmaq bir növ fəsaddır və cəmiyyətə iqtisadi baxımdan zərbə vuranlar yer üzündə fəsad törədən sayılırlar. Çünki iqtisadi nizamsızlıq ictimai quruluşun dağılmasına səbəb olur.

9. Cəmiyyətin islahında ilk addım mövcud büdrəmələri müəyyənləşdirməkdir.

Ayə 184-185:

﴿وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَ﴾

“Sizi və əvvəlki qövmləri yaratmış Allahdan qorxun. Xalq (Şüeybin dəvətini qəbul etmək əvəzinə) dedi: “Şübhəsiz, sən sehr olunmuşlardansan.”

 

Ayə 186:

﴿وَمَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ﴾

“Sən bizim kimi bəşər deyilsən və biz səni yalançılardan sayırıq.”

 

Nöqtələr

●“Cibill” dedikdə ümmət, camaat mənası anlaşılır. “Yasin” surəsinin 62-ci ayəsində oxuyuruq: “Şeytan sizdən olan bir çox dəstələri azdırdı. Dağ “cəbəl”, fitrilik “cibilli” adlandığından qədim, fitri xüsusiyyətli və dağ kimi möhkəm dayanmış qövm və nəsillərə “cibilli” deyilmişdir.

Bildirişlər

1. İnsanı yaradan kəs ehtirama layiqdir və ondan çəkinmək lazımdır.

2. Təqva və iman iqtisadi fəsada mane olur. Sizi yaradan ruzinizi də verər.

3. Ata-babaların puç adət-ənənələrinə istinad etməyək. Hamımız Allahın məxluquyuq və Ona müti olmalıyıq.

4. Böhtan məntiqsiz şəxslərin ilk silahıdır.

5. Xilaf iş görən şəxs öz işinə don geyindirir. (Öz səhvini etiraf etmək əvəzinə peyğəmbərləri sehr olunmuş sayır)

Ayə 187:

﴿فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ السَّمَاء إِن كُنتَ مِنَ الصَّادِقِينَ﴾

“Əgər sən doğru danışanlardansansa, göyün parçalarını başımıza endir.”

Ayə 188:

﴿قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ﴾

“(Şüeyb) dedi: “Mənim Rəbbim gördüyünüz işlərdən daha çox xəbərdardır.”

Ayə 189:

﴿فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ﴾

“Şüeybi təkzib etdilər (odlu bulud gününün əzabı onları bürüdü. Əlbəttə, o əzab böyük və hövlnak bir günün əzabıdır.”

 

Ayə 190-191:

﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

“Şübhəsiz bunda (ilahi qüdrətdən) bir nişanə var. Amma xalqın əksəri iman gətirən deyil. Əlbəttə, sənin Rəbbin yenilməz və mehribandır.”

 

Nöqtələr

●Quranda dörd yerdə işlədilmiş “kisəf” sözü hissələr, parçalar mənasını bildirir. Burada bulud parçası nəzərdə tutulur. “Bulud gününün əzabı” dedikdə ya insanların istidən kölgəyə sığındığı günün əzabı, ya da buludun onların başına kölgə saldığı günün əzabı nəzərdə tutulur.

●Şüeyb qövmünün əzabı haqqında bir neçə təbir işlədilmişdir. Bir yerdə onların zəlzələ vasitəsi ilə məhv edildiyi bildirilir.[368] Digər bir yerdə bildirilir ki, onlara silkələyici səslə əzab verildi.[369] Burada isə buluddan danışılır. Və hər üç mövzu uyğun nöqtədə yekunlaşdırıla bilər. Qara buluddan şimşək və səs qopar və canlara titrətmə düşər. Eyni zamanda zəlzələ vasitəsi ilə günahkarlar məhv edilər. Ola bilsin ki, zəlzələ Mədyən, qara bulud Əykə əshabına aiddir. Çünki həzrət Şüeyb hər iki qövmə məbus edilmişdi. “Əraf” surəsində həzrət Şüeybin Mədyən qövmünə doğru göndərildiyi bildirilir. Onların zəlzələ vasitəsi ilə məhv edilməsi qeyd olunur. Bu surədə isə Şüeybin Əykə əshabına məbus edildiyi bəyan olunur.

Bildirişlər

1. Daşqəlblilərin istəkləri də şərtdir.

2. Haqq rəhbərlərin müqaviməti sayəsində müxaliflər öz sərt şüarlarından daşınırlar. Şüeyb qövmü əvvəlcə onu sehr olunmuş və yalançı saydı. Sonra “əgər doğru danışanlardansansa” şərtini irəli sürdülər.

3. Təbliğ və nəsihətdə müxaliflərin istəklərinə uyğun hərəkət etmək lazım deyil. (Onlar səma parçalarının başlarına enməsini istəyirdilər. Amma peyğəmbər “Allah daha agahdır” deyə cavab verir.)

4. Allahın zikri və Ona təvəkkül xurafat qarşısında ən üstün dayaqdır.

5. Bizim taleyimiz öz əlimizdədir.

6. Allah peyğəmbərləri himayə, müxalifləri məhv edir.

7. Dünya sevgisi və var-dövlətə çatmaq istəyi insanı peyğəmbərlər qarşısında azğınlığa sürükləyir.

8. Tarixi bəyan etməkdə Quranın məqsədi nağıl danışmaq yox, öyüd-nəsihət verməkdir.

9. İnsanların əksəri haqq yolda olmur.

10. Tərbiyəçi güclə yanaşı, mərhəmətli olmalıdır.

11. Şüeybi (ə) himayə, onun müxaliflərini həlak edən Allah sənin də Rəbbindir. (Həzrət Şüeyb kimilərin tarixini bəyan etməklə həm peyğəmbərə təsəlli verilir, həm də düşmənlər hədələnir.)

12. Peyğəmbər müxaliflərinin məhvi ilahi qüdrət nişanəsidir. Düşmənlərə verilən möhlət isə Allahın mərhəmətindən qaynaqlanır.

Ayə 192, 193, 194:

﴿وَإِنَّهُ لَتَنزِيلُ رَبِّ الْعَالَمِينَ نَزَلَ بِهِ الرُّوحُ الْأَمِينُ عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنذِرِينَ﴾

“Əlbəttə, bu (Quran) aləmlərin Rəbbi tərəfindən göndərilmişdir. Allahın əmin mələyi (Cəbrail) onu endirmişdir. Qorxudanlardan olasan deyə sənin qəlbinə (nazil etmişdir) ”

Ayə 195-196:

﴿بِلِسَانٍ عَرَبِيٍّ مُّبِينٍ وَإِنَّهُ لَفِي زُبُرِ الْأَوَّلِينَ﴾

“(Bu Quran) aydın ərəb dilində (nazil oldu). Həqiqətən, o, əvvəlki kitablarda gəlmişdir.”

 

Nöqtələr

●“Zubur” sözü “zəbr” sözündən götürüldükdə “yazmaq”, “zəbur” sözündən götürüldükdə kitab mənasını bildirir.

●Qurana yüngül yanaşmayaq. Çünki bu Kitab aləmlərin Rəbbi tərəfindəndir, vasitəçi Ruhul-əmindir, onun müqabil tərəfi Peyğəmbərin (s) pak qəlbidir, məqsədi xalqı oyatmaqdır, dili fəsahətli və bəlağətlidir, ondakı müjdə əvvəlki kitablarda da bəyan olunmuşdur.

●Həzrət İsmail, Hud, Saleh və Şüeyb ərəb dilində danışmışlar.[370]

●Vəhy mələyinin bir neçə adı var: Ruhul əmin, Ruhul-qudus, Şədidul-qova, Rəsulun-kərim və Cəbrail. Cəbrailin Ruh adlandırılmasının səbəbi ruhların dirçəldilməsində onun vasitəçiliyi və ya özünün ruhani mövcudluğu ola bilər.

Bildirişlər

1. Quran peyğəmbərin eşitdikləri və toxumaları yox, ilahi vəhydir.

2. Quran qeyb dünyasından hazırkı dünyaya nazil olmuşdur... Vəhy göndərən kəs bütün varlığı idarə və tərbiyə edən kəsdir. (Səmavi qanunlar yaranış nizamı ilə həmahəngdir.)

4. Vəhyin nazil olması təkamül vasitəsidir və Allahın rübubiyyət şənlərindəndir.

5. İlahi sünnə vasitələrlə həyata keçir.

6. İlahi vəhy artırılıb-əskildilmədən nazil olunur.

7. İnsan qəlbi həqiqətlərin qəbul mərkəzidir.

8. Bir şeyə tam əmin olmamış bu barədə ciddi xəbərdarlıq edə bilmərik.

9. Xəbərdarlıq üçün peyğəmbərlər göndərmək ilahi sünnədir.

10. Qafil şəxs qorxutma və xəbərdarlıqla oyanır. Quranda müjdədən çox qorxutma vasitəsinə yer verilir.

11. Təbliğ aydın və xalqın dilində olmalıdır.

12. Qurandakı müjdələr əvvəlki səmavi kitablarda da qeyd olunmuşdur. Məsələn, peyğəmbərin gəlişi Tövrat və İncildə müjdə verilmişdir.[371]

13. Proqramlaşdırma və müdiriyyətdə gələcək nəsillərin inkişafı, hidayəti və fəaliyyəti üçün zəmin hazırlayın.

14. Quranın məzmun və mahiyyəti əvvəlki səmavi kitablarda da olmuşdur. Amma onun kəlmələri həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil edilmişdir.

Ayə 197:

﴿أَوَلَمْ يَكُن لَّهُمْ آيَةً أَن يَعْلَمَهُ عُلَمَاء بَنِي إِسْرَائِيلَ﴾

“Bəni-İsrail alimlərinin ondan (Qurandan) xəbərdarlığı müşriklər üçün dəlil deyilmi?!”

Ayə 198:

﴿وَلَوْ نَزَّلْنَاهُ عَلَى بَعْضِ الْأَعْجَمِينَ﴾

“Əgər Biz Quranı qeyri-ərəblərdən bəzisinə nazil etsəydik...”

 

Ayə 199:

﴿فَقَرَأَهُ عَلَيْهِم مَّا كَانُوا بِهِ مُؤْمِنِينَ﴾

“(Nazil ediləni) onlara oxusaydı, ərəblər ona iman gətirməzdilər.”

 

Nöqtələr

●İmam Sadiq (ə) buyurmuşdur: “Qeyri-ərəblərin dəyər və fəziləti budur ki, onlar ərəb dilində Qurana üz tutmuşlar. Amma əgər Quran qeyri-ərəb dilində nazil olsaydı, ərəblərdən bəzisi iman gətirməzdi.”[372]

Bildirişlər

1. ”Müqəssir”, yəni imkanı çatdığı halda öyrənməyən cahilin üzrü qəbul deyil. Alimlərinizdən soruşmadığınız halda məzəmmətə layiqsiniz.

2. Bəni-İsrail alimləri Quranın ilahi kitab olmasını bilirdilər.

3. Təbliğ və tərbiyədə qarşı tərəfin milli hisslərinə və dilinə diqqətli olun.

4. Təəssüb və millətçilik haqqın qəbuluna mane olur.

5. Ərəb qövmündə təəssüb və millətçilik hissləri güclüdür.

Ayə 200, 201, 202:

﴿كَذَلِكَ سَلَكْنَاهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ لَا يُؤْمِنُونَ بِهِ حَتَّى يَرَوُا الْعَذَابَ الْأَلِيمَ فَيَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ﴾

“Biz Quranı bu sayaq (səlis və aşkar bəyanla) günahkarların qəlbinə yatırdıq. (Amma onlar) dərdli əzabı görməyincə iman gətirməzlər. (Bu əzab) qəfildən və xəbərsiz olduqları halda onların sorağına gələr.”

Ayə 203-204:

﴿فَيَقُولُوا هَلْ نَحْنُ مُنظَرُونَ أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ﴾

“Deyərlər: «Görən bizə möhlət veriləcəkmi?» Yoxsa əzabımızın nazil olmasına tələsirlər (soruşurlar ki, Allahın qəzəbi nə vaxt nazil olar)?”

 

Ayə 205-206:

﴿أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَ ثُمَّ جَاءهُم مَّا كَانُوا يُوعَدُونَ﴾

“Gördünmü, əgər onları illərcə (nemətlərimizdən) bəhrələndirsək də, vəd olunmuş əzab onlara yetişəcək.”

 

Nöqtələr

●Rəvayətdə oxuyuruq: “İslam Peyğəmbəri (s) yuxuda gördü ki, Bəni-Üməyyə onun minbərinə çıxır və xalqı azdırır. Həzrət yuxudan pərişan oyandı. Bu vaxt Cəbrail hazırkı ayələri gətirdi.[373]

Bildirişlər

1. Allah hətta kafirlərə də xəbərdarlığı başa çatdırır, höccəti tamamlayır. Quran kafirlərə təqdim edilir, onların qəlbinə ötürülür.

2. Qabiliyyət olmayan yerdə Quran da təsirsizdir.

3. Günah insandakı hidayət zəminini məhv edir.

4. Quran qeyri-ərəb dilində nazil olsaydı, Məkkənin müşrik ərəbləri iman gətirməzdi. İlahi kitab aydın ərəb dilində nazil olmuş və onun buyruqları qəlblərə çatdırılmışsa da, bir çox ərəblər iman gətirmirlər.

5. Bəla yetişən məqamda iman gətirmək faydasızdır.

6. Allahın möhləti bizi arxayınlaşdırmasın. Çünki ölüm və ilahi əzab qəfildən gəlir.

7. Günahkar insan ölüm məqamı möhlət diləyir.

8. Bir gün yatmış vicdanlar oyanasıdır.

9. İlahi əzabı görməyə tələsənlər bir gün bu əzabdan qurtuluş üçün möhlət istəyəcəklər.



Geri   İrəli
Go to TOP