A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Allahdan çəkinin və mənə itaət edin. Mən bu risalət müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım yalnız aləmlərin Rəbbi tərəfindəndir.”

Ayə 110-111:

﴿فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَ﴾

“Allaha münasibətdə təqvalı olun və (göstərişlərimə) itaət edin. Onlar iman gətirmək əvəzinə dedilər: «Yalnız səfillər sənə tabe olduğu vaxtımı sənə iman gətirək?!»”

 

Nöqtələr

●Quranda həzrət Nuhun (ə) adı 43 dəfə qeyd olunmuşdur. Həzrət İbrahim (ə) Nuhun (ə) şiəsi sayılır.[355] Quranda “Nuh” adlı surə də var. Allahın Nuha (ə) xüsusi bir salamı var.[356] Allah həzrət Musa (ə), Harun (ə) və İbrahimə (ə) salam verirsə də, həmin salamlarda “fil-aləmin” təbiri yoxdur.

●Peyğəmbərlərin tarixi ilə tanışlıq insanı peyğəmbərlərə məftun edir, insanda səbir və sabitlik ruhu yaranır.

Bildirişlər

1. Bütün peyğəmbərlər vahid məqsədə doğru hərəkət etmişlər. Buna görə də bir peyğəmbərin təkzibi bütün peyğəmbərlərin təkzibi kimidir. (Nuh qövmü təkcə Nuhu (ə) təkzib etsə də Quran bütün peyğəmbərlərin təkzib olduğunu bildirir.)

2. Qəbilələr və ümmətlər onların rəhbərləri və şəxsiyyətləri ilə tanınır.

3. Nuhdan (ə) öncə çoxsaylı peyğəmbərlər olmuşdur.

4. Dinin təbliğində duyğulardan istifadə edin.

5. Peyğəmbərlər öz dövrlərinin insanları ilə qardaşcasına rəftar etmişlər.

6. Xalqın mədəniyyətindən, dilindən, adət-ənənələrindən, zəif və güclü nöqtələrindən xəbərdarlıq təbliğatçı üçün zəruri səciyyədir. Xalqa qardaş olan kəs onun düşüncəsindən, adət-ənənələrindən, zəif və güclü nöqtələrindən agahdır.

7. Din qardaşlığı vəzifələrindən biri digər qardaşlara öyüd-nəsihət verilməsidir.

8. Sual verməklə vicdanları oyadın.

9. Peyğəmbər çağırışlarının qəbulu və onlara itaət üçün təqva ruhiyyəsi lazımdır.

10. Peyğəmbərlik bəşəriyyətin faydası, insanların qurtuluşu üçündür.

11. Etibarlılıq, müsbət keçmiş və canıyananlıq sözün təsiri üçün şərtdir.

12. İlahi vəhyin tapşırılması üçün əsas şərt etibarlılıqdır.

13. Müəyyən hallarda şəxsi kamillikləri bəyan etmək lazım gəlir.

14. Dindarlıq ilahi rəhbərə itaətdən ayrı deyil. Bəli, təqva peyğəmbərlərə itaətdə möhkəmlənir.

15. Allah əmrinin icrası üçün özünə doğru çağırışın eybi yoxdur.

16. Dini təbliğatçı xalqdan bir şey ummamalı, onlara ağız açmamalıdır. (İxlas sözün təsir şərtidir.)

17. Allaha təvəkkül edən şəxs xalqdan ehtiyacsız ola bilər.

18. Allah din təbliğatçılarının mükafatını Özü üçün zəruri etmişdir.

19. Dini rəhbər dünyapərəstlikdə ittiham üçün hədəf olmamalıdır.

20. Bəhanə yollarını bağlayın, mənəvi işləri əvəz almaq məqsədi ilə yerinə yetirməyin.[357]

21. Allaha iman və ilahi təqva peyğəmbərə iman və itaət üçün zəmindir.

22. Tərbiyə və təkamül yolunda təkrar zəruridir.

23. Kübarlıq və dəbdəbəli həyat insanın iman gətirməsinə mane ola bilər. Çünki təkəbbürlü əyan-əşrəf möminlərə yuxarıdan aşağıya baxır.

24. Peyğəmbərlərin əksər tərəfdarları yoxsullar və kimsəsizlər olmuşdur.

25. Yoxsul tərəfdarlara görə haqqı və haqq məktəbini təhqir etmək olmaz.

26. Peyğəmbər təlimləri ictimai yanlış ayrıseçkilikləri aradan götürür.

Ayə 112:

﴿قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ﴾

“(Nuh) dedi: «Mən onların keçmişdə etdikləri əməllərdən xəbərsizəm.” (Yaxud onların keçmişi ilə işim yoxdur.)”

Ayə 113:

﴿إِنْ حِسَابُهُمْ إِلَّا عَلَى رَبِّي لَوْ تَشْعُرُونَ﴾

“Əgər anlasanız, onların hesabı yalnız Rəbbimə aiddir.”

 

Nöqtələr

●İslamda bizə zahir əsasında hərəkət etmək tapşırılıb. Əgər bir şəxs İslamı qəbul etdiyini dilə gətirsə, ondan iç məqsədi haqqında soruşmağa haqqımız yoxdur.[358]

●Digər bir ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, gecə-gündüz Allaha yaxınlıq üçün Onu çağıranları özündən uzaqlaşdırma. Qeyd olunur ki, onların hesabı Allaha aiddir, nə sən onlara məsulsan, nə də onlar sənə məsuldurlar; onları rədd etsən zalımlardansan.[359]

Bildirişlər

1. Peyğəmbərlər yalnız Allahın istəyi ilə insanların keçmişindən xəbər tuturlar.

2. “Bilmirəm” demək eyb deyildir.

3. Bəndəni Allah tanıyır və Allah onunla hesab aparır. Kiminsə əməllərini qəbul edib-etməmək bizim işimiz deyil.

4. İnsanların şəxsi həyatını araşdırıb eyb axtarmaq qadağandır.

5. İnsanlar haqqında danışarkən onların bugünkü iman və saleh əməlinə əsaslanın və keçmişini təftiş edib üzə vurmayın.

6. Mənfi keçmiş insanın tövbəsinə mane olmur.

7. Peyğəmbərlərin vəzifəsi xalqın islahı və tövhidə dəvətidir. Peyğəmbərlər insanların hesab-kitabına məsul deyildirlər.

 

Ayə 114-115:

﴿وَمَا أَنَا بِطَارِدِ الْمُؤْمِنِينَ إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ﴾

“(Onların bu gün iman gətirməsi kifayətdir) və mən möminləri rədd edən deyiləm. Mən yalnız aşkar bir xəbərdarlıq edənəm.”

Ayə 116-117:

﴿قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَ قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ﴾

“Onlar Nuha dedilər: «Ey Nuh! Əgər (öz dəvətindən) əl çəkməsən, hökmən daşqalaq edilənlərdən olacaqsan.» Nuh dedi: «Pərvərdigara! Həqiqətən, qövmüm məni təkzib etdi.»”

Ayə 118:

﴿فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ الْمُؤْمِنِينَ﴾

“Mənimlə onlar arasında (hökm ver və) aydın bir yol aç. Mənə və mənimlə olan hər bir möminə (kafirlərin şərindən) nicat ver.”

 

Nöqtələr

●Təkəbbürlülər hətta peyğəmbərlərdən tələb edirdilər ki, iman gətirmiş ad-sansız yoxsulları rədd etsinlər. Bütün peyğəmbərlər uyğun təklifi rədd etmişlər. Allah “Kəhf” surəsinin 28-ci ayəsində həzrət Peyğəmbərə (s) göstəriş verir ki, sübh-axşam xalis halda Allahı çağıran möminlərlə ol, dünya zinətləri əldə etmək üçün onlardan üz döndərmə, həvəspərəstlərə və həddi aşanlara itaət etmə.

●“Daşqalaq edilərsən” yox, “daşqalaq edilənlərdən olacaqsan” şəklində deyilişdən aydın olur ki, həzrət Nuhdan (ə) öncə də kimlərsə daşqalaq edilmişdir.

Bildirişlər

1. Təkəbbürlü zalımların istək və tələblərinə qətiyyətlə cavab verin. (Bir dəstənin iman gətirməsi ilə şərtlənsə belə, imanlı yoxsulları rədd etmək olmaz.)

2. İslamda ictimai və iqtisadi məqam yox, iman dəyər ölçüsüdür.

3. Cazibə üstün həddə olmalı, dəf etmə isə zəruri hallarda həyata keçməlidir.

4. Peyğəmbərlər müjdə verməkdən çox qorxutmuş, xəbərdarlıq etmişlər.

5. Qafili təhlükələrdən xəbərdar etmək öyüd-nəsihətin ən üstün yoludur.

6. Peyğəmbər müxaliflərinin ən mühüm gedişlərindən biri hədə-qorxu gəlməkdir.

7. Daşqalaq etmək ən qədim işkəncə növlərindən biridir.

8. Düşmənin hədə-qorxuları qarşısında Allaha pənah aparaq.

9. Həzrət Nuh (ə) hədə-qorxu və daşqalağa görə yox, din təkzib olunduğu üçün nalə çəkirdi.

10. Cahillərin amansızlığı sizin ata və qardaşlıq duyğularınızı əskiltməsin.

11. Düyünləri açan Allahdır.

12. Öncə xalq və cəmiyyətin problemlərinin həlli, sonra öz qurtuluşunuz üçün dua edin.

13. Hədə-qorxulara baxmayaraq xalqın bir hissəsi peyğəmbərlərə iman gətirirdi.

14. Ən mühümü fiziki və zahiri yox, əməli və dini yaxınlıqdır.

15. Peyğəmbərlərin duası möminlərə şamil olur.

16. İman təklikdə bəs etmir, itaət və yoldaşlıq da lazımdır.[360]

Ayə 119-120:

﴿فَأَنجَيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِ ثُمَّ أَغْرَقْنَا بَعْدُ الْبَاقِينَ﴾

“Biz Nuhu və qiymətli yükü olan gəmidə möminlərdən onunla birlikdə olan hər kəsi xilas etdik. Sonra yerdə qalanlarını suda batırdıq.”

Ayə 121:

﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ﴾

“Şübhəsiz, bunda (bu macərada) böyük bir nişanə var. Amma insanların çoxu iman gətirən deyil.”

Ayə 122:

﴿وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

“Şübhəsiz, sənin Rəbbin yenilməz qüvvət və mərhəmət sahibidir.”

 

Nöqtələr

●«Qiymətli yük» dedikdə ehtiyac duyulan bütün şeylərin gəmidə yerləşdirilməsi nəzərdə tutulur. İmam Baqir (ə) həmin gəmini “hərəkətə tam hazır” gəmi kimi vəsf edir. Həzrət Əli (ə) buyurur: “Həmin gəmidə dördayaqlılar üçün 90 yer düzəldilmişdi.”[361]

Bildirişlər

1. Peyğəmbərlərin və məzlumların duası qəbuldur.

2. Möminlər peyğəmbərlər sayəsində sığortalanmışlar.

3. Peyğəmbərdən uzaqlıq fəlakətə səbəb olur.

4. Nuh (ə) və onun yoldaşlarının xilası, kafir və müxaliflərin batırılması əhvalatı Allahın haqqa yardım və batilin məhvi sünnəsinin bir nümunəsidir.

5. Kafirlərə imkansızlıqdan yox, mərhəmət olaraq möhlət verilir.

Ayə 123-124:

﴿كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَ إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ﴾

“Ad qövmü (Nuh qövmü kimi) peyğəmbərləri təkzib etdi. Bir vaxt qardaşları Hud onlara dedi: “(Şirk və azğınlıqdan) qorxmursunuz?”

Ayə 125-126:

﴿إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ﴾

“Həqiqətən, mən sizin üçün etibarlı bir peyğəmbərəm. Beləsə, Allahdan qorxun və mənə itaət edin.”

Ayə 127:

﴿وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ﴾

“Mən risalətim müqabilində sizdən heç bir muzd istəmirəm. (Çünki) mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.”

 

Nöqtələr

●“Ad” həzrət Hud qövmünün ulu babasının adıdır. Bu qövm öz babasının adı ilə tanınırdı. Bu tayfa ərəb idi və xoş ab-havalı Yəmən diyarının Əhqaf məntəqəsində, dəniz yaxınlığında yaşayırdı. Onların ölkəsi abad idi, xalq şəhərdə yaşayırdı. Həzrət Nuh məntəqə əhlinin peyğəmbəri idi. Onun adı Quranda 24 dəfə qeyd olunur. Bundan əlavə Quranda “Əhqaf” və “Hud” adlı surələr var.

Bildirişlər

1. Bütün peyğəmbərlərin məqsədi bir olduğundan bir peyğəmbərin təkzibi bütün peyğəmbərlərin təkzibi kimidir.

2. Peyğəmbərlər qardaşcasına dəvət edirdi.

3. Peyğəmbər dəvətinin sərlövhəsi təqvadır.

4. Təqvaya dəvət üçün qardaşlığa ehtiyac var.

5. Peyğəmbərlərin risaləti xalq üzərində hakimiyyət yox, onların tərəqqisi üçündür.

6. Peyğəmbərlər yalnız ilahi bildirişi bəyan etmiş, özlərindən bir söz deməmişlər.

7. Bütün peyğəmbərlərin danışıq tərzi, təbliğ üsulu, bəyan mövzusu və düşüncə xətti müştərək olmuşdur.

8. İlahi təqva rəhbərə itaət üçün zəmin yaradır. İlahi rəhbərlərə itaət ilahi təqvanı möhkəmlədir.

9. İxlas və təmənnasızlıq müvəffəqiyyət rəmzidir.

10. İxlas və təvəkkül təbliğ şərtidir.

 11. Varlıq aləmini idarə edən kəs bizim həyatımızı da idarə edəsidir.

12. Varlıq aləmi müxtəlif amillərdən təşkil olunmuşdur, onların hər biri eyni tədbirlə təkamül halındadır.

Ayə 128-129:

﴿أَتَبْنُونَ بِكُلِّ رِيعٍ آيَةً تَعْبَثُونَ وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ﴾

“(Hud xalqa dedi:) «Hər təpədə nəfs istəkləri üzündən qəsr qurursunuzmu? Əbədi qalmaq ümidi ilə möhkəm saraylar qərar verirsinizmi?»”

Ayə 130-131:

﴿وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ﴾

“Birini cəzalandırdıqda zalımlar kimi cəzalandırırsınız? Allahdan qorxun və mənə tabe olun.”

 

Nöqtələr

●“Riin” dedikdə dağ ətəyi və təpə nəzərdə tutulur. Möhkəm və uca qala, eləcə də qəsr “məsaniə” adlanır. Qəhr-qəzəb və güc hesabına almaq “bətş” sözü ilə ifadə olunur.

●Bu ayələrdə Quran dağ ətəklərində tikinti işi aparmaq, qala tikmək və qüdrətli olmağı yox, qeyri-müqəddəs məqsədləri, boş xülyaları və həddi aşmağı tənqid edir.

●Rəvayətlərdə oxuyuruq: “Həzrət Peyğəmbərin (s) yaxınlarından biri evinin damı üzərində qübbə tikmişdi. Həzrət bunu görüb narahat oldu. Ev sahibi həzrətin narahatçılığına görə qübbəni sökdü. Həzrət Peyğəmbər (s) növbəti dəfə qübbəni görməyib soruşdu ki, qübbə nə oldu? Həzrətə bildirildi ki, sizin narahatçılığınızı görən ev sahibi onu sökdü. Həzrət buyurdu: “Ehtiyac duyulmayan istənilən tikinti Qiyamətdə sahibi üçün dərd olacaq.”[362]

Bildirişlər

1. Uca binaların tarixi Hud (ə) dövrünə gedib çıxır.

2. Hərislik insanı rahat buraxmır.

3. Dünyapərəstlərin gözündə böyük görünən şey övliyaların nəzərində əhəmiyyətsizdir və onlar uyğun işlərə görə xalqı məzəmmət edirlər.

4. Yalançı mədəniyyət və rifah qürur amilidir və haqqın qəbuluna mane olur.

5. Peyğəmbərlər mövcud nizamsızlığı tənqid etmək və yatmış vicdanları sual yolu ilə oyatmaqla işə başlayırlar.

6. Zalımların məqsədi ya özlərini göstərmək, ya əbədilik əldə etmək, ya da xalqın istismarıdır.

7. Hər bir işdə uca məqsəd olmalıdır.

8. Azğınların var-dövlət, sərmayə və uca qəsrlər əldə etməkdə məqsədləri nəfs istəklərini təmin etməkdir.

9. Quran sadəcə tikilini yox, saray və əyyaşlıq ruhiyyəsini tənqid edir. (İstehsal, ixtira, sənət, bütün imkanlar və qüvvələr gerçək ehtiyacların təmininə yönəlməlidir.)

10. Qəsrlər və saraylar insan həyatını əbədiləşdirmir.

11. Hər bir tikilinin dörd bəlası var: hərislik və israf; iftixar və özünü nümayiş; həvəsbazlıq; dünyapərəstlik və qəflət.

12. Cəza qanunları ədalətli olmalıdır. (Quran zalımcasına cəzaları tənqid edir.)

13. Dindarlıq üçün mehvər, rəhbər və nümunəyə ehtiyac var.

14. Dindarlıq həm qəlbən, həm də əməldə itaətdir.

15. Bütün fəsadların səbəbi təqvasızlıqdır. Həzrət Hud (ə) kafirlərin düşüncə və əməllərini məzəmmət etdikdən sonra onları təqvaya çağırdı.

Ayə 132-133:

﴿وَاتَّقُوا الَّذِي أَمَدَّكُم بِمَا تَعْلَمُونَ أَمَدَّكُم بِأَنْعَامٍ وَبَنِينَ﴾

“Sizə nə qədər kömək etdiyini bildiyiniz kəsdən qorxun. O sizə mal-qara və övladlarla yardım etdi.”

Ayə 134-135:

﴿وَجَنَّاتٍ وَعُيُونٍ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ﴾

“Bağlar və çeşmələr (əta etdi). Mən sizə görə böyük günün əzabından qorxuram.”

 

Ay 136:

﴿قَالُوا سَوَاء عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ الْوَاعِظِينَ﴾

“(Ad qövmü Huda) dedilər: “Öyüd-nəsihət verib-verməməyinin bizim üçün fərqi yoxdur. (Biz səni qəbul etmirik.)”

 

Nöqtələr

●Həzrət Hud (ə) xalqın diqqətini həm Allaha, həm peyğəmbərlik məsələsinə, həm də məada yönəltdi.

●Ayədə «böyük gün» dedikdə Qiyamət nəzərdə tutulmuşdur. Amma həzrət Şüeybin əhvalatında dünya da «böyük gün» adlandırılır: “Od dolu buludlu günün əzabı onları bürüdü və o böyük günün əzabı idi.”[363]

Bildirişlər

1. Təqva Allaha təşəkkürün ən üstün yoludur.

2. Hansı həddə ilahi lütfə çatdığını hərə özü bilir.

3. Ad qövmünün saraylar və tikililərlə yanaşı mal-qara, bağ-bağat və çeşmələri vardı.

4. Hazırlıq və qabiliyyət olmasa, peyğəmbərlərin də moizəsi səmərə verməz.

Ayə 137-138:

﴿إِنْ هَذَا إِلَّا خُلُقُ الْأَوَّلِينَ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ﴾

“Bu (sənin dəvətin və ya bizim bütpərəstliyimiz) yalnız əvvəlkilərin yoludur. Bizə əzab verilməyəcək.”

Ayə 139:

﴿فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ﴾

“Hudu dandılar və Biz onları həlak etdik. Əlbəttə bunda (bu əhvalatda) böyük nişanə var, amma xalqın çoxu iman gətirən deyil.”

Ayə 140:

﴿وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

“Həqiqətən sənin Rəbbin yenilməz və mehriban Allahdır.”

 

Nöqtələr

●“Haza” (bu”) əvəzliyinin nəyə işarə olması ilə bağlı müxtəlif ehtimallar var:

a) Sənin bu peyğəmbərlik iddian əvvəlkilərin peyğəmbərlik iddiasına təqliddən savay bir şey deyil.

b) Təpələrin üstündəki bu uca evlər və bizim digər işlərimiz ata-babalarımızın yoludur.

v) Bizim bu təkzib və bütpərəstliyimiz ata-babalarımızın təkzib və bütpərəstliyidir.

●Quran xalqın əksəriyyətini dəfələrlə tənqid etmişdir. Bu surədə də peyğəmbərlərin tarixi bəyan olunduqdan sonra “xalqın əksəri iman gətirən deyil” ifadəsi bir neçə dəfə təkrarlanmışdır.

Bildirişlər

1. Ata-babaların getdiyi yol həqiqət göstəricisi deyil.

2. Yersiz təqlid və təəssüf öyüd-nəsihətin qəbuluna mane olur.

3. Ata-babaların azğınlığı sonrakı nəsillərin azğınlığı üçün zəmin olur.

4. Bəzən bütpərəstlik və bunun kimi başqa işlər insanın cövhərinə qatılır. (“Xuluq” sözü sabit ruhiyyə mənasını bildirir.)

5. Bütpərəstlər məsuliyyəti boyunlarından ataraq azğınlıqlarını ata-babalarının yolu kimi təqdim edirdilər.

6. İnsanın taleyi onun öz əlindədir.

7. Başqalarının haqqı təkzib edib məhv olmasından ibrət götürün.

8. Çoxluq sizi aldatmasın. Həqiqəti çoxluqda axtarmayın. Kəmiyyət haqqı batildən seçmə meyarı deyil.

Ayə 141-142:

﴿كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَ﴾

“Səmud qövmü (də) peyğəmbərləri təkzib etdi. Bir vaxt qardaşları Saleh onlara dedi: «Yoxsa qorxmursunuz?»”

Ayə 143-144:

﴿إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ﴾

“Mən sizin üçün etibarlı bir peyğəmbərəm. Beləsə, Allahdan qorxun və mənə itaət edin.”

Ayə 145:

﴿وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلَّا عَلَى رَبِّ الْعَالَمِينَ﴾

“Mən bu risalətimə görə sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım yalnız aləmlərin Rəbbi tərəfindəndir.”

 

Nöqtələr

●Bu surədə bir neçə peyğəmbərin əhvalatı nəql olunmuşdur. Amma onların əhvalatları “kəzzəbət” (“təkzib etdilər”) sözü ilə başlayır. (Ayə 105, 123, 141, 160, 176.) Səbəb budur ki, bu əhvalatlarda mühüm nöqtə peyğəmbərlərin keçmiş qövmlər tərəfindən təkzibi və onların məhvidir. Bəli, yazı və danışıqda mühüm mövzular sərlövhə seçilməlidir.

●Tarixin bəyanında faydasız yox, mühüm nöqtələrə diqqət yetirilməlidir. Bu əhvalat insanların sayı, hadisənin baş verdiyi yerin adı, hadisənin tarixi və xırdalıqları bəyan olunmamışdır. Çünki yalnız haqq və batilin tanıtdırılması, haqqın batil üzərində qələbəsinin bəyanı ibrətamizdir.

Bildirişlər

1. Bütün peyğəmbərlər eyni üslubda dəvət etmişlər. Həzrət Nuh, Hud, Saleh, Lut və Şüeybin əhvalatlarında eyni söz, eyni şüarlarla rastlaşırıq. Onların bəyanatlarını bir neçə məsələ üzərində xülasələşdirmək olar. Qardaşlıq, təqva, rəhbərə itaət, təmənnasızlıq, Allaha təvəkkül. Onlar xalqı inandırırdılar ki, peyğəmbərlər onların xeyri və əmin-amanlığı üçün göndərilmişlər.

Ayə 146:

﴿أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ﴾

“(Yoxsa düşünürsünüz ki,) dünyada olanlarınız arasında əmin-amanlıqda buraxılacaqsınız?”

Ayə 147-148:

﴿فِي جَنَّاتٍ وَعُيُونٍ وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ﴾

“Bağlarda və çeşmələrdə, əkinlərdə və çiçəkləri lətif və üst-üstə oturmuş xurmalıqlarda qalacaqsınız (və heç bir məsuliyyətiniz olmayacaq)?”

Ayə 149:

﴿وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ﴾

“Siz xoş güzaran üçün daşlardan evlər yonub düzəldirsiniz.”

Ayə 150-151:

﴿فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ﴾

“Allahdan qorxun və mənə tabe olun. İsrafçılara tabe olmayın.”

 

Ayə 152:

﴿الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ﴾

“O kəslər ki, yer üzündə fəsad törədir və islah əhli deyildirlər.”

 

Nöqtələr

●Əgər bəşəriyyət yalnız “israfkarlara tabe olmayın” göstərişinə əməl etsə, bütün israfçı zalım rejimlər süquta uğrayar.

●Səmud qövmü həm məhsuldar əkinçiliyə, həm mədəniyyət və inşaata, həm də rifah və əmin-amanlığa malik idi.

●“Təll” dedikdə meyvədən öncəki xurma çiçəyi nəzərdə tutulur. Bəzən ağacın ilk xurmasına da “təl” deyilir.

●“Həzim” sözü lətif və üst-üstə oturmuş (salxım) çiçək mənasını bildirir. Yəni xurma çiçəkləri salxım şəklində üst-üstə minmişdir, bərəkətli və təravətlidir.

●“Cənnat” sözünün həm də xurma ağacı mənasını bildirməsinə baxmayaraq, bu ağacın adının ayrıca qeyd olunması Səmud qövmünün ona daha çox əhəmiyyət verməsinə işarə ola bilər.

●“Farihin” sözü “fərəh” kökündən olsa dadlı, “fərahət” kökündən olsa məharət mənasını bildirər. “Buyutən farihin” təbiri birinci halda “evlərdə şad-xürrəm idilər”, ikinci halda “dağlardan məharətlə evlər yonurdular” mənasını bildirir.

Bildirişlər

1. Dünya rifahı sizi qürrələndirməsin. Rifahlı həyat Allahın razılığını göstərmir.

2. Dünyanın davamsızlığına diqqət təqva vasitəsidir.

3. Peyğəmbərlərə itaət, israfçılardan uzaqlıq təqva şərtidir.

4. Əmin-amanlıq, iqtisad və rifah məsum rəhbərə itaətlə müşayiət olunsa fəsad üçün zəmin yaradar.

5. İnsan başlı-başına buraxılmayıb və nemətlər qarşısında məsuliyyət daşıyır.

6. İsrafçının cəmiyyətə rəhbərlik səlahiyyəti yoxdur.

7. Peyğəmbərlər insanların israfçılığına həssas idilər.

8. İsrafçı sərmayədarların qarşısında boyun əyməyin.

9. Təvəlla və təbərra (Allah dostu ilə dostluq və Allah düşməni ilə düşmənçilik) yanaşı olmalıdır.

10. İsraf fəsaddır, israfa yol verən isə fəsadçı.

11. Əyyaş varlıların islah olacağına ümid bəsləməyin. İnsan yalnız peyğəmbər məktəbi sayəsində islah olur.

12. İsrafçılar öz işlərinə don geyindirir və özlərini saleh tanıtdırırlar.

 

Ayə 153:

﴿قَالُوا إِنَّمَا أَنتَ مِنَ الْمُسَحَّرِينَ﴾

“(Səmud qövmü Salehə iman gətirmək əvəzinə) dedilər: “Həqiqətən, sən sehr olunmuşlardansan.”

Ayə 154:

﴿مَا أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِآيَةٍ إِن كُنتَ مِنَ الصَّادِقِينَ﴾

“Sən yalnız bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bir nişanə göstər.”

 

Bildirişlər

1. Peyğəmbərlər iki cür ittiham olunurdular: Sehr etməkdə və sehr olunmaqda.

2.Üsyandan da pisi ona don geyindirməkdir. Onlar Allah əmri qarşısında üsyan edib deyirdilər ki, Sənə sehr olunub və rəhbərlik edə bilməzsən.

3. Nübüvvət olan yerdə möcüzə lazımdır. (Möcüzə peyğəmbərlərin sədaqətini göstərir.)

Ayə 155:

﴿قَالَ هَذِهِ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ﴾

“Saleh (xalqın möcüzə istəyinə cavab olaraq) dedi: «Bu, (Allahın iradəsi ilə dağdan xaric olmuş) dişi bir dəvədir. Sudan bir gün ona, bir gün sizə pay ayırılmışdır.»”

Ayə 156:

﴿وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ﴾

“Ona bir xətər toxundurmayın. Yoxsa böyük günün əzabı sizi bürüyər.”

Ayə 157:

﴿فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ﴾



Geri   İrəli
Go to TOP