A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


3. Bəzilərinin imanı mövsümi, səthi olur. Kiçik bir acı və ya şirin hadisə onların imanına təsir göstərir.

4. Məntiqi əsası olan əqidə və əməl maddi eniş-yoxuşlarla dəyişən əqidə və əməldən fərqlidir. (Dini çörəyə xatir istəməyək.)

5. İnsan acı və şirin hadisələrin hədəfindədir.

6. Yoxsulluq və acı hadisələr sınaq vasitələridir.

7. Allahın yolundan çıxmaq İlahinin şiddətli qəzəbi və cəhənnəm əzabı ilə sonuclanır.

Ayə 12:

﴿يَدْعُو مِن دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُ وَمَا لَا يَنفَعُهُ ذَلِكَ هُوَ الضَّلَالُ الْبَعِيدُ﴾

“O, Allahdan qeyri birini, ona ziyan və xeyir verə bilməyən bir kəsi çağırır. Budur həmin böyük azğınlıq.”

 

Ayə 13:

﴿يَدْعُو لَمَن ضَرُّهُ أَقْرَبُ مِن نَّفْعِهِ لَبِئْسَ الْمَوْلَى وَلَبِئْسَ الْعَشِيرُ﴾

“Bəlkə də, çağırdığı kəsin zərəri faydasından çoxdur. O necə pis mövla, necə çirkin yoldaşdır!”

 

Bildirişlər

1. Bütün faydalar və zərərlər Allahın əlindədir, ondan qeyrisinin bu sahədə rolu yoxdur.

2. Allahdan qeyrisinə bağlılıq və şirk ən böyük azğınlıqdır.

3. Şirkin əqli və məntiqi əsası yoxdur. İnsan ya fayda əldə etmək, ya da zərərin qarşısını almaq üçün pərəstiş etməlidir. Bütlərdə isə fayda vermək və zərəri uzaqlaşdırmaq qüdrəti yoxdur.

4. Şirkin bütün növləri məhkumdur. Məbudların şüurlu və ya şüursuz olmasının fərqi yoxdur.

5. Dünyanın ötəri mənafelərinə xatir əbədi axirət zərərləri qazanmayaq.

6. Zalım hakimlərin, qüvvələrin xalqa xeyirdən çox zərəri var.

7. Səni Allahdan çəkindirib özünə tərəf çağıran kəslə ünsiyyətdən qaç, onu özünə rəhbər seçmə.

Ayə 14:

﴿إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يُرِيدُ﴾

“Həqiqətən, Allah iman və saleh əməl əhlini ağacları altdan çaylar axan bağlara daxil edər. (Bəli,) Allah istədiyini edər.”

 

Bildirişlər

1. Haqq vədlərə iman və ümid ondan qeyrilərini boşlamaq üçün ən böyük amildir.

2. Əməllə müşayiət olunan iman qurtuluş açarıdır. Nə iman, nə də əməl təklikdə səmərə verir.

3. İlahi nemətlərin çeşidliliyi behişt əhlinin daha çox kam alması üçündür.

4. Allah bəşəriyyətin meyillərinə əsasən mükafatlandırır. (İnsan bağ və çaydan ləzzət aldığı üçün behiştdə də bağlar və çaylar qərar verilmişdir.)

5. Allah mütləq qüdrət sahibidir, heç bir işin icrasında çıxılmaz vəziyyətə düşmür. (Məhz bu qüdrət Onun vədlərinə əməl edəcəyinə zəmanət səbəbidir.)

 

 

 

Ayə 15:

﴿مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى السَّمَاء ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُ مَا يَغِيظُ﴾

“Allahın dünya və axirətdə ona (Öz peyğəmbərinə) kömək göstərmədiyini güman edən kəs (hiylə gəlmək istəyir, de ki) göydən bir ip assın (boğazından asılsın), sonra (onu) kəssin. Baxsın ki, hiyləsi onun qəzəbini soyudurmu?!”

 

Nöqtələr

●Bəziləri ayənin həzrət Peyğəmbərə (s) aid olmadığını bildirib, onu belə tərcümə edirlər: “Hər kəs Allahın ona yardım göstərmədiyini güman etsə...”

●Ayə belə anlaşıla bilər ki, Allahdan uzaq insanı kosmosun fəthi də sakitləşdirə bilməz. “Səbəbin iləs-səma” dedikdə kosmosa uçuş, “Liyəqtə” dedikdə yolu adlamaq mənası başa düşülür. Uyğun təbirlər deyildiyi kimi tərcümə olunsa, hazırkı ayə Quranın elmi möcüzəsi, öncə görməsi sayıla bilər. Bir sözlə, bəşəriyyətin psixoloji durumu mütərəqqi texnologiya və kosmosa uçuşla islah olası deyil.

Bildirişlər

1. İlahi yardımlar dünya və axirətdə kəsiləsi deyil.

2. İlahi qüdrət və yardıma ümidsizlik insanın aramlığını pozur.

3. İntihar (insanın özünü öldürməsi) heç vaxt qurtuluş yolu olmur. (Yeganə aramlıq vasitəsi Allaha iman və təvəkküldür. Allahın iradəsindən və Ona imandan uzaq istənilən bir plan əbəsdir.)

4. Yerin və göyün fəthi, imandan kənar atılan istənilən bir addım səmərəsizdir.

Ayə 16:

﴿وَكَذَلِكَ أَنزَلْنَاهُ آيَاتٍ بَيِّنَاتٍ وَأَنَّ اللَّهَ يَهْدِي مَن يُرِيدُ﴾

“Quranı bu sayaq aydın ayələrlə nazil etdik. Əlbəttə, Allah istədiyi kəsi hidayət edir.”

 

Bildirişlər

1. Ayələr və hidayət vasitələri göndərmək Allahın sünnəsi, qanunudur.

2. Quran nur kitabı, onun ayələri isə aydındır.

3. Quran hidayət, doğru yola sövq vasitəsidir. Amma bu istiqamətdə Allah və Onun lütfü əsasdır.

4. Allah istədiyini hidayət edər, doğru yola yönəldər. Amma Onun istəyi hikmətə əsaslanır. Beləcə, yalnız özündə zəmin hazırlayanlar hidayət edilir.

Ayə 17:

﴿إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَى وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ﴾

“Həqiqətən, Allah Qiyamətdə möminlər (müsəlmanlar), yəhudilər, sabiilər, nəsranilər və müşriklər arasında mühakimə aparıb, haqqı batildən ayıracaq. Həqiqətən, Allah hər şeyə şahiddir.”

 

Nöqtələr

●Sabiilərin kimliyi barədə müxtəlif fikirlər var. Onları kimi ulduzpərəst, kimi məlaikəpərəst sayır. Bəziləri də Nuh ardıcıllarının “sabii” adlandırıldığını qeyd edir.

●Bir şəxs Həzrət Əlidən (ə) soruşdu: “Nə üçün məcusilərdən “cizyə” (vergi növü) alırsınız? Axı onların nə peyğəmbəri, nə də kitabları var. Məgər cizyə kitab əhlinə aid deyilmi?” Həzrət buyurdu: “Məcusilərin həm səmavi kitabı, həm də ilahi peyğəmbəri var.”[10]

●Ayədə müxtəlif dəstələr arasında “Əlləzinə” (“o kəslər ki”,) sözü ilə fasilə yaradılmışdır. Qiyamətdə də həqiqi möminlərin, digər səmavi din ardıcıllarının və müşriklərin hesabı ayrıdır. “Əlləzinə” sözü üç dəfə işlədilmişdir: birinci dəfə möminlərə, ikinci dəfə digər səmavi din ardıcıllarına, üçüncü dəfə müşriklərə münasibətdə.

Bildirişlər

1. Müxtəlif qrupların adı çəkilərkən həqiqi möminlərin öncə zikr olunmaq haqqı var.

2. Müşrikliklə müqayisədə yəhudiliyin, məsihiliyin, məcusiliyin, sabiiliyin ayrıca qeyd olunması onların təkallahçı və səmavi din olduğunu göstərir.

3. Qiyamət hamı üçündür. Həmin gün bütün qruplar arasında mühakimə aparılar və bütün qarşıdurmalara son qoyular.

4. Qiyamət günü Allah həm hakimdir, həm də şahid.

5. Hakim hərtərəfli məlumata malik olduqda mühakimə kamil sayıla bilər.

6. İslama dəvət və müsbət mücadilə zəruridir. Amma bu işləri görərkən dinlərarası ixtilafların tamamilə aradan qalxacağını gözləmək olmaz. Dünyada sülh, əmin-amanlıq içində yaşayıb, Qiyamət mühakiməsini gözləməliyik. Hansı dinin haqlı olduğunu Allah Özü müəyyənləşdirəsidir.

Ayə 18:

﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَسْجُدُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ وَالشَّمْسُ وَالْقَمَرُ وَالنُّجُومُ وَالْجِبَالُ وَالشَّجَرُ وَالدَّوَابُّ وَكَثِيرٌ مِّنَ النَّاسِ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ الْعَذَابُ وَمَن يُهِنِ اللَّهُ فَمَا لَهُ مِن مُّكْرِمٍ إِنَّ اللَّهَ يَفْعَلُ مَا يَشَاء﴾

“Məgər görmədinmi ki, göylərdə və yerdə nə varsa, günəş, ay, ulduzlar, dağlar, ağaclar, canlıların hər biri və xalqın bir çoxu Allaha səcdə edir?! Əlbəttə, insanların bir çoxu (təkəbbür və inadkarlıq səbəbindən) qəti şəkildə əzaba düçar olur. Allahın alçaltdığı şəxsə kimsə ehtiram göstərməz. Həqiqətən, Allah istədiyini həyata keçirər.”

 

Bildirişlər

1. Göylərdə də şüurlu varlıqlar mövcuddur.

2. Bütün varlıq aləmi Allaha səcdə qılır, təvazö göstərir. Şüur təkcə insana aid deyil. (Əgər bütün varlıq aləminin Allaha təslim olduğunu biliriksə, bu tamdan seçilməməliyik. Şirk, təkəbbür varlıq nizamına ziddir.)

3. İnsanın seçim imkanı var.

4. İlahi əzablar haqq-ədalətə əsaslanır.

5. İzzət və zillət yalnız Allahın əlindədir.

6. Allahın iradəsi qarşısında heç bir maneə mövcud deyil.

Ayə 19:

﴿هَذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّن نَّارٍ يُصَبُّ مِن فَوْقِ رُؤُوسِهِمُ الْحَمِيمُ﴾

“Bu iki müxalif qrup (abidlər və əzaba layiq görülənlər) arasında Rəbləri ilə bağlı düşmənçilik və mübahisə yarandı. Küfrə uğrayanlar üçün oddan libaslar biçilmişdir, başlarından qaynar maye tökülər.”

 

Bildirişlər

1. Tarix boyu «Xaliq» mövzusunda qarşıdurmalar olmuşdur.

2. Cəhənnəm əhlinin hər birinin libası onun öz bədəninə aiddir.

3. Cəhənnəm əhlinin oddan olan libası soyumaz, daim onların başından əridilmiş maye tökülər.

 

Ayə 20:

﴿يُصْهَرُ بِهِ مَا فِي بُطُونِهِمْ وَالْجُلُودُ﴾

“Həmin qaynar maye ilə içlərində və çöllərində olan əridilər.”

Ayə 21, 22:

﴿وَلَهُم مَّقَامِعُ مِنْ حَدِيدٍ كُلَّمَا أَرَادُوا أَن يَخْرُجُوا مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا فِيهَا وَذُوقُوا عَذَابَ الْحَرِيقِ﴾

“Onlar üçün dəmirdən gürzlər var. Nə vaxt cəhənnəm və onun qüssəsindən uzaqlaşmaq istəsələr, onlarla (gürzlərlə) qaytarılarlar. (Onlara deyilər:) Dadın yandırıcı əzabı.”

 

Bildirişlər

1. Cəhənnəm odu həm çölü, həm də içi yandırır.

2. Cəhənnəm əhli qurtulmaq üçün çabalayır. Amma onların bütün təlaşları nəticəsizdir.

3. Ruhi əzab cəhənnəm odundan daha dərdlidir.

4. Cəhənnəm əzabı əbədidir.

5. Cəhənnəm əhli alçaldılar və məzəmmət edilər.

 

Ayə 23:

﴿إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ﴾

“Şübhəsiz, Allah iman gətirib saleh işlər görənləri altından çaylar axan bağlara daxil edər. Orada qızıl və mirvari qolbağılarla bəzənərlər, libasları ipəkdən olar.”

 

Bildirişlər

1. Ən üstün şadlıq və əyləncə yolu təbiətdən istifadədir.

2. Xəbərdarlıqla yanaşı ümid və müjdə də vermək lazımdır.

3. Quranın gözəlliklərindən biri də ondakı xəbərdarlıqlarla müjdələr arasında tənasüb olmasıdır.

4. Çılpaqlıq dəyər, mədəniyyət deyil. Behişt əhlinin də libası var.

5. Allah məhrumiyyətlərin əvəzini verir. Dünya həyatında kişilərə haram olan ipək libas və qızıl axirətdə onlar üçün zinət olasıdır.

6. Sözlərin və cümlələrin gözəlliyi və ölçüsü bir növ fəsahətdir.

 

Ayə 24:

﴿وَهُدُوا إِلَى الطَّيِّبِ مِنَ الْقَوْلِ وَهُدُوا إِلَى صِرَاطِ الْحَمِيدِ﴾

“(Behişt əhli) pak sözlərə yönəldilər, sitayişə layiq olan Allahın yoluna sövq olunar.”

 

Bildirişlər

1. Behiştdə maddi nemətlərlə yanaşı mənəvi nemətlər də var.

2. Ürəyəyatan danışıq behişt əhlinin hədiyyəsidir.

3. Allah yolu ilə hərəkət üçün zahirdə və batində bəzənmək lazımdır.

4. Ən üstün kam xoş aqibətdir.

Ayə 25:

﴿إِنَّ الَّذِينَ كَفَرُوا وَيَصُدُّونَ عَن سَبِيلِ اللَّهِ وَالْمَسْجِدِ الْحَرَامِ الَّذِي جَعَلْنَاهُ لِلنَّاسِ سَوَاءً الْعَاكِفُ فِيهِ وَالْبَادِ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍ بِظُلْمٍ نُذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ﴾

“Həqiqətən, küfr edənlərə, (möminləri) Allah yolundan, bütün xalq, Məkkə sakinləri və bədəvilər üçün bərabər qərar verdiyimiz Məscidül-Həramdan döndərənlərə, orada zülm etmək istəyənlərə ağrılı əzabı daddırarıq.”

 

Nöqtələr

●İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: “Məscidül-həramda Allahdan qeyrisinə pərəstiş edən və həmin müqəddəs məkana övliyalardan başqasını hami sayan kəs zülm və küfrə uğramışdır.”[11]

Bildirişlər

1. Puç əqidə insanı pis əmələ sürükləyir.

2. Adi günahlar böyük günahlar üçün müqəddimə olur.

3. Dini mərkəzlər azğınların gözünün tikanıdır.

4. Məkkə qanunları onun əsil sahibi tərəfindən müəyyənləşdirilməlidir.

5. Məscidül-Həram beynəlmiləl bir məntəqədir. Bu müqəddəs məkan göylər və okeanlar kimi hansısa fərdə, ölkəyə, hökumətə məxsus deyil.

6. Allah azğınları hökmən cəzalandırasıdır. Heç bir kafir və sitəmkar ilahi əzabdan amanda deyil.

7. Ayrı-ayrı məkanlar bir-birindən fərqlənir. (Məscidül-Həram hamı üçün əmin-aman mərkəzi olmalıdır.)

8. Bilərəkdən, zülm məqsədi ilə baş verən günah bilmədən baş verən günahdan fərqlənir. Küfr istəyi üçün cəza nəzərdə tutulur.

9. Müqəddəsliklərin, məzhəbi mərkəzlərin təhqiri üçün cəza müəyyənləşdirilmişdir.

Ayə 26:

﴿وَإِذْ بَوَّأْنَا لِإِبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَن لَّا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ﴾

“(Xatırla,) bir zaman Kəbə məkanını İbrahim üçün hazırladıq. (Ona dedik:) Mənə heç bir şərik qoşma, evimi təvaf, (ibadət üçün) qiyam, rüku və səcdə edənlər üçün pak saxla.”

 

Bildirişlər

1. Kəbə və İbrahimin macərası unudulmaz bir həqiqətdir.

2. Hər birimiz ilahi tövfiqə ehtiyaclıyıq.

3. Müqəddəs məkanlar müqəddəs fərdlərin ixtiyarında olmalıdır.

4. Bəşəriyyət lap qədimdən Kəbə evi ilə tanışdır.

5. Allaha hansısa şəkildə şərik qoşmaq yolverilməzdir.

6. Əvvəlcə içdən, sonra çöldən paklanmaq!

7. Məscidə xidmət ibrahimsayağı iftixardır.

8. Özünütərbiyə kifayət deyil, xalqa xidmət də lazımdır.

9. Allaha aid istənilən bir yer müqəddəsdir və bu yerə hamı ehtiram göstərməlidir.

10. İbadət mərkəzi pak olmalıdır.

11. Namaz və namazqılan şəxs o qədər əzizdir ki, hətta İbrahim özü ibadət məkanına xidmət göstərməlidir.

12. İnsanların təvafı, (ibadət üçün) qiyamı və namazı Məscidül-Həramın haqqıdır. Amma təvafın savabı daha böyükdür. (Təvaf Kəbə evinin başına fırlanmaqla müşayiət olunan ibadətdir; Həccə gedənlər Kəbə ətrafında 7 dəfə dövrə vurur və bu əməl təvaf adlanır.)

Ayə 27:

﴿وَأَذِّن فِي النَّاسِ بِالْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَى كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ﴾

“Xalq arasında Həcc harayı çək. Qoy onlar piyada və iti miniklərə süvari halda, istənilən uzaq yoldan sənin sorağına gəlsinlər.”

 

Nöqtələr

●“Zamir” dedikdə piyi ərimiş, əzələləri möhkəmlənmiş çağ, iti heyvan nəzərdə tutulur. Belə heyvan sanki yarış üçün hazırlanmışdır. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 28-ci xütbəsində buyurur: “Bu gün özünüzü çağ saxlayın ki, Qiyamətdə önə keçə biləsiniz.”

●Rəvayətdə oxuyuruq: “Həzrət İbrahim dedi: “Pərvərdigara! Sözümü kimsə eşitmir.” Allah-təala buyurdu: “Sən haray çək, mən xalqa çatdıraram.”

●Kəbə ziyarətçilərinin ilkin vəzifəsi ehram libası geymək və “ləbbəyk, əllahummə ləbbəyk” deməkdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bu sözlər İbrahimin dəvətinə cavabdır.”[12]

Həzrət Peyğəmbər (s) hicri 10-cu ildə Mədinədə göstəriş verdi ki, azançılar uca səslə xalqı Peyğəmbərlə (s) birlikdə Həccə dəvət etsinlər.[13]

Bildirişlər

1. Allah övliyalarının bugünki harayı gələcək nəsillərə təsir edir.

2. Peyğəmbərlər “əmr be mərufda”, yəni yaxşılığa dəvətdə öncül olmuşlar.

3. Həccə getmək övliyaların hüzuruna yetişməkdir.

4. Allah qeybdən, gələcəkdən xəbər verir.

5. İnsan öhdəsinə vəzifə götürdükdə müqəddimə üçün hazırlıq görməlidir.

6. Həccə piyada səfər süvari halda olan səfərdən üstündür.

7. Bir işdə eşq və istək olduqda növbəti mərhələdə imkanlar üzə çıxır.

8. Həcc yeganə ünvandır ki, daim dünyanın müxtəlif məntəqələrindən ona doğru hərəkətdə olanlar var.

Ayə 28:

﴿لِيَشْهَدُوا مَنَافِعَ لَهُمْ وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَّعْلُومَاتٍ عَلَى مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَامِ فَكُلُوا مِنْهَا وَأَطْعِمُوا الْبَائِسَ الْفَقِيرَ﴾

“(İnsanlar hər tərəfdən Həccə axışırlar ki,) öz müxtəlif mənafelərinə şahid olsunlar, xüsusi Həcc günlərində onlara ruzi edilmiş dilsiz-ağızsız dördayaqlılara görə Allahı yad etsinlər. Onların ətindən yeyin, çarəsiz yoxsula yedirin.”

Nöqtələr

●İmam Sadiq (ə) buyurmuşdur: “Xüsusi günlər dedikdə (qurbandan sonrakı) təşriq günləri, yəni zilhiccənin 11, 12 və 13-cü günləri nəzərdə tutulur.”[14]

●İmam Sadiq (ə) buyurmuşdur: «Allahın zikri dedikdə, “Əllahu əkbər” və on beş namazdan sonraya aid məşhur bir duadakı cümlələr nəzərdə tutulur. Bu namazların birincisi qurban gününün zöhr (günorta) namazıdır.»[15]

●İmam Kazim (ə) bir şəxsin sualına cavab olaraq buyurdu: “Məkkə qurbanlığının dərisi sallaqxanaya muzd verilə bilər. Çünki yalnız yeməli hissə istifadə olunur və ya fəqirə verilir. Dəri isə yeməli deyil.”[16]

●Həccin siması haqqında bunları deyə bilərik:

–Həcc ümumi bir səfərbərlik, müvəhhidlərin (təkallahçıların) manevridir.

–Həcc eşq və bəndəliyin gözəl çöhrəsidir.

–Həcc İbrahim (ə), İsmail (ə), Məhəmməd (s) kimi peyğəmbərlərin xatirələrini və xidmətlərini əbədiləşdirməkdir. (Onların hər birinə Allahın salamı olsun!)

–Həcc müsəlmanların beynəlmiləl yığıncaq mərkəzidir.

–Həcc İslam dünyasının qarşılıqlı rabitə və məlumatlar mübadiləsi mərkəzidir.

–Həcc müsəlmanlar üçün iqtisadi dayaq olur, on minlərlə müsəlmana iş yeri yaradılır.

–Həcc İslam təbliğatı, İslama qarşı qurğuların ifşası, məzlumların himayəsi, kafirlərə nifrət və onların qəlbində qorxu yaradılması üçün ən üstün fürsətdir.

–Həcc tövbə, ölüm və məadın xatırlanması, dünyəvi bağlılıqların qırılması, vəfat və məhşər səhrasının müşahidəsi, həzrət Mehdinin (ə) intizarı üçün ən münasib fürsətdir.

Bildirişlər

1. Müsəlmanlar maddi və mənəvi mənafelər əldə etmək üçün Həcc səhnəsində iştirak etməlidir.

2. Həccin mahiyyəti o qədər mühümdür ki, bu mənafeni əldə etmək üçün dünyanın ən uzaq nöqtələrindən yola çıxmağa dəyər.

3. Allah əmrlərinin icrası, Həcdə ilahi niyyətə malik olmaq müxtəlif nemətlərdən bəhrələnməklə zidd deyil.

4. İlahi göstərişlər insanların öz xeyrinədir.

5. Həcdə həm dünyəvi, həm də üxrəvi (axirətə aid) faydalar var. İmam Sadiq (ə) buyurur: “Ayədə mənafe deyərkən dünya və axirət mənafesi nəzərdə tutulmuşdur.”[17]

6. İbadətin fəlsəfəsi Allahın yada salınmasıdır. Namaz da eyni mahiyyət daşıyır.

7. Zaman ünsürü duanın qəbuluna təsir göstərir. (İslami ibadətlərin xüsusi vaxt bölgüsü var)

8. Dördayaqlılar, onların insan qarşısında təslimçiliyi və qurban kəsilməsi bəşəriyyətə verilmiş ilahi nemətlərdəndir.

9. Ziyarətçilər özləri də qurban ətindən istifadə edə bilər. (Cahiliyyət dövründə isə ziyarətçi öz qurbanlığından istifadə edə bilməzdi.)

10. Həcdə iştirak və ondan bəhrələnmə yoxsulluğun aradan qaldırılması ilə müşayiət olunmalıdır.

11. Varlıların həcdə iştirakı onlara yoxsulları unutdurmamalıdır.

Ayə 29:

﴿ثُمَّ لْيَقْضُوا تَفَثَهُمْ وَلْيُوفُوا نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا بِالْبَيْتِ الْعَتِيقِ﴾

“(Allah evinin ziyarətçiləri qurban günü qurbanlıq edib) sonra öz bulaşıqlıqlarını təmizləsinlər, nəzirlərinə vəfa qılsınlar, qədim və azad evi (Kəbəni) təvaf etsinlər.”

 

Nöqtələr

●“Təfəs” sözü çirk, tük, dırnaq, bığ mənalarını bildirir. “Summəl-yəqzu təfəsəhum”, yəni dırnaq və tükdən kəsməklə ehram halından çıxın, sonra Həcc əməllərinin davamı üçün Kəbə evini təvaf edin.

●Qurban bayramı günü Mina torpağında Allah evinin ziyarətçiləri üçün üç əməl vacibdir:

1. Şeytana yeddi daş vurmaq;

2. Ötən ayədə haqqında danışılan qurbanlıq;

3. Hazırkı ayədə qeyd olunduğu kimi başı qırxmaq, saç və ya dırnaqdan qısaltmaq.

●İmam Baqir (ə) buyurur: “Kəbənin nə sakini, nə də sahibi var. Bu ev azad bir evdir.”[18]

Bildirişlər

1. Təmizlik namaz kimi bəzi ibadətlərdə giriş şərti, Həcc kimi bəzi ibadətlərdə əsas şərt, Quran qiraəti kimi ibadətlərdə isə kamillik şərti sayılır.

2. Təmizliyin qorunması sadəcə bir tövsiyə yox, ciddi tapşırıqdır.

3. Bulaşıqlığı yaradan insan özüdür. Mənafelər isə insan üçün müəyyənləşdirilmiş ilahi mərhəmətlidir.

4. Müqəddəs və azad bir ev ətrafında təvaf üçün bulaşıqlıqlardan və öhdəçiliklərdən azad olmaq lazımdır.

5. Nəzri yerinə yetirmək vacibdir.

6. Qədimlik bir dəyər sayıla bilər. (“Ətiq” dedikdə qədimlik, “ətiqə” dedikdə isə qədim əşya nəzərdə tutulur.)

7. Allahın evi kimsənin mülkü deyil.

Ayə 30:

﴿ذَلِكَ وَمَن يُعَظِّمْ حُرُمَاتِ اللَّهِ فَهُوَ خَيْرٌ لَّهُ عِندَ رَبِّهِ وَأُحِلَّتْ لَكُمُ الْأَنْعَامُ إِلَّا مَا يُتْلَى عَلَيْكُمْ فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْثَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ﴾

“Budur (həcc əməlləri). Allahın möhtərəm saydığını əziz tutmaq, şübhəsiz, Rəbbinin yanında hər kəs üçün daha yaxşıdır. Sizə deyilənlər istisna olmaqla, dördayaqlılar halal edilmişdir. Bütlərin çirkinliyindən uzaq olun, batil sözlərdən çəkinin.”

 

Nöqtələr

●“Qəvləz-zur”, yəni “batil söz” təbiri üçün bir sıra nümunələr göstərilmişdir: yalan, nahaq şəhadət, ğina (haram musiqi). “Hurumatillah”, yəni «Allahın hörmətli saydıqları» təbiri üçün Allahın qanunları, Allahın kitabı, Peyğəmbər Əhli-beyti (ə) nümunə olaraq göstərilmişdir. Bütün sadalananların hörmətini saxlamaq zəruridir.[19]

●Yalan şahidlik Allaha şirk cərgəsində dayanır və “qovləz-zur” nümunəsi olaraq böyük günah kimi tanıtdırılır.[20]

Bildirişlər

1. Allahın möhtərəm saydığını əziz tutaq (ilahi göstərişləri ehtiram və əzəmətlə xatırlayaq, onları şadlıq və həssaslıqla yerinə yetirək).

2. İlahi qanunlara və müqəddəsliklərə hörmət öz xeyrimizədir. Bu hörmətə görə Allah mükafat vəd edir.

3. Vəhyə əsaslanan xüsusi bir dəlil olmasa, dördayaqlı heyvan halal sayılır.

4. Bütpərəstlik çirkaba batmaqdır. (İslamdan öncə həcc və qurbanlıq mərasimləri şirk və bütpərəstliyə bulaşmışdı.)

Ayə 31:

﴿حُنَفَاء لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِ وَمَن يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاء فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ﴾

“Hamılıqla Allah üçün xalis olduğunuz və Allaha heç bir şərik qoşmadığınız halda (həcc mərasimini yerinə yetirin). Allaha şərik qoşan kəs sanki səmadan süqut etmişdir, bir quş onu fəzada alıb aparmışdır, külək onu uzaq bir məkana atmışdır.”

 

Nöqtələr

●“Hənif” sözünün cəm forması olan “hunəfa” sözü “haqq dinə tabe olan kəs” mənasını bildirir.

●“Xətəf” cəld oğurluq, “səhiq” uzaq mənasını bildirir.

●Tövhid hər şeyə dəyər verirsə, şirk ən üstün mövcudları dəyərdən salır. Aləmlərin Rəbbinə iman gətirmiş hud-hud (şanapipik) quşu müşrik xalqın hidayəti üçün çalışmaqla elə bir məqama çatdı ki, bir məntəqə üçün hidayət vasitəsi oldu. İnsan isə şirk səbəbindən elə alçalır ki, quşa yem olur.



Geri   İrəli
Go to TOP