A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


12. İslam Peyğəmbəri (s) Allahın xüsusi himayəsi altındadır. (Peyğəmbərə (s) xitab olunur ki, Musanın (ə) müxaliflərini məhv etdiyimiz kimi sənin də müxaliflərini məhv etməyə qadirik.)

13. İnsanların küfrü Allahın yenilməzliyinə zərər vurmur.

14. Tərbiyəçi həm qüdrətli, həm də mehriban olmalıdır.

15. Allahın kafirlərə verdiyi möhlət Onun zəifliyindən yox, mehr-məhəbbətindən qaynaqlanır. Möhlət verməkdə məqsəd kafirlərin tövbə qılmasıdır.

Ayə 69-70:

﴿وَاتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَاهِيمَ إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا تَعْبُدُونَ﴾

“(Ey peyğəmbər!) Onlara İbrahimin əhvalatını danış. O zaman ki, atasına (əmisi Azərə) və qövmünə dedi: “Nəyə pərəstiş edirsiniz?”

Ayə 71, 72, 73:

﴿قَالُوا نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَاكِفِينَ قاَلَ هَل يَسمَعوُنَکُم إذ تَدعوُنَ أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ﴾

“Onlar dedilər: «Daim yanında olduğumuz bütlərə pərəstiş edirik.» İbrahim dedi: «Onları çağırdıqda sizi eşidirlərmi? Yaxud sizə xeyir verib, ziyan yetirirlərmi?»”

Ayə 74, 75, 76:

﴿قَالُوا بَلْ وَجَدْنَا آبَاءنَا كَذَلِكَ يَفْعَلُونَ قَالَ أَفَرَأَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ أَنتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ﴾

“Bütpərəstlər dedilər: «(Xeyr,) biz atalarımızın belə etdiyini gördük.» İbrahim dedi: «Pərəstiş etdiyinizə (dərindən) baxırsı-nızmı? Siz və sizin öncəki ata-babalarınız (diqqət ediblərmi)?»”

 

Nöqtələr

●Quranda 130 dəfədən çox həzrət Musanın (ə) adı qeyd olunmuşdur. Digər peyğəmbərlərdən daha çox (Musadan (ə) sonra) həzrət İbrahimin (ə) adı ilə rastlaşırıq.

●Rəvayətlərə əsasən ayədəki “əb” sözü İbrahimin (ə) əmisi Azərə işarədir. Çünki İbrahim kimi peyğəmbərin atası kafir ola bilməzdi. “Əb” sözünün “tərbiyəçi”, “baba”, “qaynata” kimi lüğət mənaları və “Bəqərə” surəsinin 133-cü ayəsində həm baba, həm də əmi “əb” adlandırılmışdır.

●Elm əhlinə təqlid təkamül və tərəqqi vasitəsi ola bilər.[335] Amma nadana təqlid süquta səbəb olur. İnsanın heç bir araşdırma aparmadan adət-ənənələrə tabe olması cəmiyyətdəki sabitliyi pozur, düşüncə və həqiqətin tanınması yolunda maneəyə çevrilir.

●Həzrət İbrahim (ə) bütün yəhudi və məsihi qrupları tərəfindən qəbul olunduğu üçün Peyğəmbər (s) dövründəki kitab əhlinə və müsəlmanlara onun tarixini bəyan etmək ibrətamiz idi.

●“Rəəytum” sözü müxtəlif köklərə əsasən, həm gözlə, həm də ağılla görmək mənasını daşıya bilər.

Bildirişlər

1. İslam Peyğəmbərinə (s) özündən əvvəlki peyğəmbərlərin tarixini hifz etmək əmr olunub.

2. Həzrət İbrahimin əhvalatı mühüm və faydalıdır. (“Nəbə” sözü mühüm xəbər mənasını bildirir.)

3. Tarixə hakim sünnə və qanunlar sabitdir. Buna görə də dünənki tarix bu gün üçün dərs ola bilər.

4. Pisliyə qadağaya (nəhy əz münkərə) özümüzdən başlayaq.

5. Nəhy əz münkərdə yaş şərt deyil.

6. Nəhy əz münkərdə qüdrət şərt deyil. (Nəzərə alaq ki, həzrət İbrahimin (ə) dövründə elə bir şərait vardı ki, əmisi onu rədd etdi.)

7. Nəhy əz münkərdə tənhalıqdan qorxmayın.

8. Haqqın müdafiəsində qohumları nəzərə almayın.

9. Allah İbrahimin (ə) yaxın qohumlarının bütpərəst olmasını bəyan etməklə İslam Peyğəmbərinə (s) təsəlli verir.

10. Təbliğatda suallar ünvanlamaqla vicdanları oyadın. (İbrahim (ə) nəyə pərəstiş etdiklərini gördüyü halda onları düşüncəyə vadar edib vicdanlarını oyatmaq üçün sual verdi.)

11. İnsan pərəstişkar mövcuddur. O, haqdan yayındıqda batilə üz tutasıdır.

12. Qurani-Kərim tarixi nəql edərkən həssas və tərbiyəvi nöqtələrə toxunur. (Quran tarixdən nəql etdiyi mövzularda saya, ada, zamana və məkana işarə etmir, sadəcə ibrətamiz bildirişləri bəyan edir.)

13. Nəhy əz münkər zamanı mühüm büdrəmələrdən başlayın. (Bəli, ən təhlükəli azğınlıq Allaha şərik qoşmaqdır.)

14. Hər ibadət dəyərli olmur. Məbudun kimliyi və şüur həddi mühümdür.

15. Pərəstiş bir anlıq istək yox, insanın ruhunda kök atmış həqiqətdir.

16. Azğınlıqdan da pisi azğınlıqla fəxr etməkdir.

17. Dəlil və məntiq təbliğin ilkin addımıdır.

18. Pərəstiş üçün əsas olan meyar məbudun xeyir verib şəri dəf etməsidir. Bütlər isə bu iki işdən heç birini bacarmır.

19. Adi insanlarla ünsiyyətdə aydın və dərk olunası dəlillər göstərin.

20. Əqidə məsələlərində təqlid etmək olmaz.

21. Bəzən ata-babaların adət-ənənələri ağıl və məntiq yoluna mane olur.

22. İnsanın yaşı onun haqlı olmasına dəlil deyil.

23. Bütpərəstlər bütlərin gücsüzlüyünü bilsələr də, ata-babalarının yolundan əl çəkə bilmirlər.

24. Təəssüb və millətçilik qadağandır.

25. Cəhalət və sadəlövhlük azğınlıq zəminidir. (Şirkin elmi və məntiqi əsası yoxdur.)

26. Düşüncə insan üçün zərurətdir.

27. Müxtəlif düşüncələr arasında mübahisə və araşdırma zəruridir.

Ayə 77:

﴿فَإِنَّهُمْ عَدُوٌّ لِّي إِلَّا رَبَّ الْعَالَمِينَ﴾

“Əlbəttə, aləmlərin Rəbbi istisna olmaqla (bütlər) mənim düşmənimdir.”

Ayə 78-79:

﴿الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ﴾

“O kəs ki, məni yaratdı və hidayət edir. O kəs ki, (aclıq vaxtı) mənə təam verir, (susuzluq vaxtı) məni sirab edir.”

 

 

 

Ayə 80-81:

﴿وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ﴾

“Xəstələndiyim vaxt mənə şəfa verən də Odur. O kəs ki, məni öldürər, sonra dirildər.”

Ayə 82:

﴿وَالَّذِي أَطْمَعُ أَن يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ﴾

“O kəs ki, din (Qiyamət) günü xətalarımı bağışlayacağına ümidvaram.”

 

Nöqtələr

●Aləmlərin Rəbbi olan Allahdan savay bütün məbudlar bizə düşməndir. Qiyamət günü bütün bütlər dilə gəlib bütpərəstlərin əleyhinə şikayət edəcək.[336] Qiyamət günü bütlər bütpərəstlərdən üz çevirər, onlarla zidd düşər. Bu yolla onlar arasındakı ədavət üzə çıxar.[337]

●Allah-təala Həzrət İbrahimi (ə) ”seçilmiş” kimi sifətlərlə vəsf edir.[338] Peyğəmbərlərin xətası günah yox, “tərki övla”, yəni daha yaxşının tərk olunmasıdır.

Bildirişlər

1. Xülya və yalan məbudlar bəşərin düşüncə, səadət və təkamülünün düşmənləridirlər.

2. İnsan öncə dünya və onu yaradana, sonra özünə diqqət yetirməlidir.

3. Təbliğdə bəzən özümüzü başqalarının yerinə qoymağımız lazım gəlir.

4. İnsanın yaranışı ən böyük ilahi lütflərdəndir.

5. Hidayət haqqı yaranmışa məxsusdur. Çünki tədbir və hidayət yaranışdan ayrı deyil.

6. Allahın yaratması və hidayəti bütlərin yox, məhz Onun insana sevgisini göstərir.

7. Hidayət rübubiyyət şənlərindəndir.

8. Hidayət (doğru yola yönəltmə) neməti (xilqətdən sonra) ən böyük nemətdir.

9. Yaradılış bir dəfə olur, hidayət isə daimidir.

10. İnsanın doyurulması və susuzluğunun yatırılması Allahın işidir. Su və çörək sadəcə vasitədir.

11. Öncə mənəvi nemətlərə, sonra maddi nemətlərə diqqət yetirilməlidir.

12. Xəstəliyin yaranmasında özümüz müqəssirik.

13. Şəfa Allahdandır, dərman yalnız vasitədir və onun təsiri Allahın iradəsindən asılıdır.

14. Ruh və cismin birlikdə şəfa tapması zəruridir.

15. Danışıq və xütbədə sözlərin uyğunluğu dəyərdir.

16. İlahi dünya görüşündə ölümlə iş başa çatmır və ölüm insan həyatının mərhələlərindən biridir.

17. Varlıq aləmindəki bütün işlər Allahdandır.

18. Ölüm də nemətdir. Ölüm ayədə başqa nemətlərlə yanaşı zikr olunur.

19. Harada şirk üçün zəmin varsa orada mübarizə aparılmalıdır. (Hidayət, təam və şəfa nemətləri ilə bağlı üç dəfə “huvə”, yəni “O” əvəzliyi işlədilmişdir. Amma yaranışdan, ölüm və həyatdan danışarkən həmin əvəzlik işlədilmir. Uyğun fərq belə izah oluna bilər ki, yaranış və ölümü hamı Allah tərəfindən bilir və bu istiqamətdə şirkə yer yoxdur. Amma çox vaxt tərbiyə və şəfa xalqa, qidaya, dərman və həkimə aid edilir. Beləcə, Quran tövhid ruhiyyəsinə təravət vermək üçün “huvə” əvəzliyini işlədir. Yəni bütün işlər Onun - Allahın əlindədir.)

20. İbadət fəlsəfələrindən biri Allaha təşəkkürdür. (İbrahim (ə) əmisinə və öz qövmünə buyurdu: “Nəyə pərəstiş edirsiniz?” Dedilər ki, bütə. Həzrət İbrahim (ə) bu ayələrdə Allaha ibadət fəlsəfəsini bəyan edir.)

21. Heç kim Allahın lütflərindən ehtiyacsız deyil. Əgər həzrət İbrahim Xəlilullah özünü Allahın bağışlamasına ehtiyaclı bilirsə, biz necə arxayın ola bilərik?!

22. Allahın əfvi bizim haqqımız yox, Onun mərhəmətidir. Bəli, öz əməllərimizə güvənməyək. Çünki həzrət İbrahim (ə) də öz işinin mükafatına yox, Allahın əfvinə göz dikmişdi.

23. Ümid və qorxu bir dəyərdir.

24. Allahın rübubiyyəti insanı Onun əvf və bağışlamasına yönəldən səbəbdir.

25. Bağışlanma istəyi peyğəmbərlərin qaydasıdır.

26. Əgər Allahın xüsusi lütfü olmasa, insan istənilən bir mərhələdə xətaya yol verə bilər.

27. Peyğəmbər kəlamlarında yaranış və məadın təzahürləri aşkardır.

28. İnsanların maddi və mənəvi ehtiyaclarının təmini başlanğıcdan sonadək Allahın əlindədir.

Ayə 83:

﴿رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ﴾

“(İbrahim (ə) sözünün davamında dedi:) «Pərvərdigara! Mənə hikmət və elm mərhəmət buyur, məni salehlərə qovuşdur!»”

 

Nöqtələr

●“Hukm” sözü hökumət, himayədarlıq və müdiriyyət mənalarını daşıya bilər. Bu sözün elm və mərifət mənasını da ifadə etməsi mümkündür. Şübhəsiz, “hukm” sözü hikmətdən üstün məna bildirir. Çünki hikmət dedikdə yalnız haqqı batildən seçmək gücü, “hukm” dedikdə isə agahlıqla yanaşı haqqın icrası üçün hazırlıq mənası başa düşülür.[339]

●İnsanın xoşbəxtliyi həzrət İbrahimin (ə) duasında bəyan olunmuş bir neçə cümlə ilə xülasələşir:

a) Allahı tanımaq və Ona münasibətdə daxili mərifət;

b) Salehlər cəmiyyətində iştirak;

v) Tarixdə yaxşı ad;

q) Əbədi Behiştə qovuşmaq.

Bildirişlər

1. İnsan kamilliklərə çatmaq üçün Allahdan yardım diləməlidir.

2. “Rəbb” adı ilə çağırış duanın qəbuluna təsir göstərir.

3. Əməllə müşayiət olunan hikmət və bəsirət ilahi hədiyyədir.

4. Allahdan yeni bir nemət istəməzdən öncə əvvəlki nemətlərin adını çəkin və təşəkkür edin.

5. Pis dostların əhatəsində hikmət səmərəsizdir.

6. Əgər baxış və təfəkkür düzgün olsa, niyyət, danışıq və rəftar da düzgün olar. (Hikmət dedikdə düzgün baxış, düzgün düşüncə və düzgün yanaşma nəzərdə tutulur.)

7. Nəzəri hikmət təklikdə faydasızdır. Hikmət əməllə müşayiət olunmalıdır.

8. Daxilən hikmət və mərifətdən faydalanmaq, salehlər cəmiyyətində yaşayıb saleh olmaq xoşbəxtliyin ən üstün dərəcəsidir.

9. Hikmət, mərifət və bəsirət əməldən öndə gəlir.

10. Ən yaxşı duaları ən üstün şəxslərdən öyrənək. (İnsanların ən üstünü peyğəmbərlərdir və həzrət İbrahim (ə) ülul-əzm (böyük) peyğəmbərdir. O öz duasında Allahdan bağışlanma, hikmət, yaxşı ad, xoş aqibət istəyir. Digər ayələrdə İbrahim (ə) yaxşı övlad və müsəlman ardıcılları üçün Allaha dua edir.)

11. İlahi hökmlərin icrası üçün hakimiyyət istəyi yaxşı istəkdir.[340]

12. Həm guşənişinlik, həm də pis insanlarla yoldaşlıq qadağandır.

13. Salehlər arasında öncülləri dəyərləndirək. (İbrahim ərz etmir ki, salehlərdən olum. Deyir ki, onlara qatılım. Çünki “sabiqin”, yəni öncüllər məqamı üstündür.)

14. Fərdləri saleh olan cəmiyyət dəyərlidir.

15. İnsan yaxşı yoldaşa möhtacdır.

Ayə 84:

﴿وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ﴾

“Gələcəkdəkilər arasında mənim üçün yaxşı ad qərar ver.”

 

Ayə 85:

﴿وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِ﴾

“Məni nemət dolu («Nəim») Behişt varislərindən et.”

 

Nöqtələr

●“Saffat” surəsinin 108-ci ayəsində İsmailin (ə) qurbanlıq macərası bəyan olunur. Bildirilir ki, həcc mərasimində qurbanlığı vacib bir sünnə, qanun qərar verdik, İbrahim (ə) təslim olduğundan onun üçün yaxşı ad müəyyənləşdirdik və dualarını qəbul etdik.

“Məryəm” surəsinin 50-ci ayəsində də həzrət İbrahim (ə), İshaq (ə) və Yaqubun (ə) adını çəkdikdən sonra buyurulur ki, Biz onlar üçün uca və yaxşı ad qərar verdik.

●Həzrət Əli (ə) buyurdu: “Yaxşı ad üstün mülk və sərmayədəndir.”[341]

●Rəvayətlərdə “lisanə sidqin” təbirinin həzrət Məhəmməd (s) və Həzrət Əlinin (ə) mübarək vücuduna işarə olduğu bildirilir.[342] Bəziləri həzrət Peyğəmbərin (s) “mən atam İbrahimin (ə) duasının səmərəsiyəm” buyruğunu uyğun nöqtəyə dəlil göstərirlər. Buna əsasən də “lisanə sidqin fil axirin” təbiri İbrahimin (ə) nəslindən olan peyğəmbərlər mənasında anlaşılmalıdır. Onlar tövhid məktəbini davam etdirmişlər. Belə bir istək İbrahim (ə) kimi peyğəmbərin məqamına daha çox uyğundur.

●Rəvayətlərdə oxuyuruq: “İnsan dünyadan getdiyi vaxt onun əməl naməsi bağlanır. Yalnız cari olan sədəqə qoyub getmiş olsa əməl naməsinə əlavə olunur. Məsələn, insanın vəqfi, yazdığı faydalı bir kitab, saleh övladının duası ölümündən sonra onun üçün təsirlidir.[343]

●Rəvayətdə bildirilir: hər bir insan üçün Behiştdə və Cəhənnəmdə mənzil ayırılmışdır. İnsan əməlləri səbəbindən Cəhənnəmə düşdükdə onun Behişt mənzili başqalarına verilir, həmin şəxslər bu evə varis olurlar.[344]

Bildirişlər

1. Yaxşı məktəb və bəxşişin davamını Allahdan diləyək.

2. Yaltaqlıq yox, sədaqət əsasında sitayiş dəyərlidir.

3. Gələcəkdəkiləri və onların mühakiməsini nəzərə alın.

4. Yəhudi, məsihi və müsəlmanların İbrahimin (ə) əzəməti ilə bağlı yekdilliyi onun duasının səmərəsidir.

5. Böyük insanlar həm dünyəvi sevgi, həm axirət xoşbəxtliyi istəyirlər.

6. İnsan ölümündən sonra da binasını qoyduğu yaxşı işlərdən və başqalarının xeyir-dualarından faydalanır.

7. Qısamüddətli planlarla kifayətlənməyək.

8. Behişt nemətləri bizim əməllərimizlə müqayisədə çox-çox böyükdür və əziyyətsiz əldə olunur. İrs dedikdə zəhmətsiz əldə olunan şey başa düşülür.

Ayə 86:

﴿وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ﴾

“(İbrahim duasının davamında dedi:) «Atamı (əmimi) bağışla, şübhəsiz, o, yolunu azanlardandır.»”

Ayə 87, 88, 89:

﴿وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ﴾

“Hamının məbus olacağı (dirildiləcəyi) gün məni xar etmə. Elə bir gün ki, nə var-dövlət, nə də övladlar insan üçün faydalıdır. Yalnız pak ruh və qəlblə Allaha doğru gələn istisnadır.”

 

Nöqtələr

●Əksəriyyət bu fikirdədir ki, ayədə İbrahimin (ə) atası yox, əmisi nəzərdə tutulmuşdur. Quran buyruğuna əsasən, mömin insan kafir haqqında dua etməməlidir. Həzrət İbrahim (ə) əmisinə vəd etdiyi üçün ona dua etdi. Çünki hələ də onun iman gətirəcəyinə ümid bəsləyirdi.[345] Amma İbrahim (ə) Azərin iman gətirməyəcəyinə əmin olduqdan sonra ondan uzaqlaşdı.[346]

●Pak ruh dünya bağlılıqlarından, şirk, küfr, nifaq, təkəbbür və digər qəlb xəstəliklərinə aludəlikdən pak qalmış ruhdur. Allah münafiqlərin qəlbində xəstəlik olduğunu bildirir. Demək, sağlam qəlb mömin insanın qəlbidir.

Hədisdə oxuyuruq: “Sağlam qəlb şirk olmayan qəlbdir.[347]

●Həzrət Peyğəmbər (s) öz namazında belə dua edirdi: “Pərvərdigara! Məni Qiyamətdə xar və rüsvay etmə.”[348]

Sual: Rəvayətdə bildirilir ki, infaq və sədəqə, valideyn üçün dua edən saleh övlad Qiyamətdə onun üçün faydalıdır. Amma başqa bir ayədə mal və övladın fayda verməyəcəyi bildirilir. Burada ziddiyyət yoxdurmu?

Cavab: Bu ayədə ilahi xətdə qərar tutan var-dövlət və övlad nəzərdə tutulur.

Demək, dünya bir hərəkətlə qapını bağlayan, digər bir hərəkətlə qapını açan açar kimidir. Halal mal salehlərin əlində xeyir, qeyri-salehlərin əlində günah vasitəsidir.

Gəmidən bayırda həyat olan su

Göyərtəyə dolsa ölüm olar bu

Bildirişlər

1. Yaxınlara məhəbbət və dua onların nöqsanlarını tənqidlə müşayiət olunmalıdır.

2. Qiyamətdə dünya müqavilələri səmərəsizdir, pak qəlbdən savay heç nəyin faydası yoxdur.

3. Ümid və qorxu yanaşı olmalıdır.

4. İnsan istənilən bir mərhələdə Qiyamətdən qəflətdə qalmamalıdır.

5. Qiyamətdə başqaları da bizim eyblərimizdən xəbər tutur. Çünki rüsvayçılıq o yerdə bizi yaxalayır ki, başqaları bizim rəftar və düşüncələrimiz agah olsunlar.

6. Xarlıq və rüsvayçılıq Qiyamətin ən çətin hallarındandır. Həzrət İbrahim (ə) Qiyamət gününün çətinlikləri arasında rüsvayçılığı qeyd edib kömək diləyir.

7. Qiyamətdəki təhqir və xarlıq cəhənnəm əzabından pisdir.[349]

8. Dünyada dəyərli sayılan bir çox şey axirətdə öz dəyərini itirər. “Mal” maddi, “bənun” (övladlar) mənəvi yönümlərə işarədir. Yəni Qiyamətdə var-dövlət, övlad, məqam, ad-san və diplomun heç bir faydası yoxdur.

Ayə 90, 91, 92:

﴿وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ﴾

“(Həmin gün) Behişt təqvalılar üçün hazır olar. Şölələnmiş od azğınlara göstərilər. Onlara deyilər: Pərəstiş etdiyiniz haradadır?”

 

Ayə 93:

﴿مِن دُونِ اللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ﴾

“Onlar Allahın əvəzində sizə kömək edər, yoxsa özlərini qoruya bilərlər!?”

Ayə 94-95:

﴿فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ﴾

“Bütün azğın məbudlar və abidələr Cəhənnəmə atılar. İblisin bütün qoşunları da (cəhənnəmə salınar).”

 

Nöqtələr

●“Uzlifət” dedikdə yaxınlaşma, “burrizət” dedikdə zahir olma mənaları anlaşılır. “Ğavin” sözü əqidə fəsadlarından olan şər və cəhalət mənasını bildirir. “Kubb” dedikdə yerə dəymək mənası nəzərdə tutulur. “Kubkib”u sözü ardıcıl şəkildə yerə dəymək mənasını bildirir. Cəhənnəm əhli pillədən aşağı yuvarlanan və hər pillədə yerə dəyən daş kimi ardıcıl süqut edir.

●İmam Baqir (ə) və imam Sadiq (ə) buyurur: “Bu ayədə ədalətdən danışıb əməldə ədalətli olmayanlar da nəzərdə tutulur.”[350] 

●“Ətyəbul-bəyan” təfsirinin müəllifi belə hesab edir ki, Behiştin yaxınlaşması və Cəhənnəmin görünməsi dedikdə möminin qəbrinə Behiştdən, kafirin qəbrinə Cəhənnəmdən qapı açılması nəzərdə tutulur.

Bildirişlər

1. Təqvalı (pəhrizkar) möminin məqamı Behiştdən ucadır. Ona görə də Behişt möminin gəlişi üçün hazırlanır. Bəli, Behişt bütün əzəmətinə baxmayaraq dünyada günahdan uzaq olmuş möminin görüşünə gətirilir.

2. İlahi müjdə ilahi xəbərdarlıqdan öndə gəlir.

3. Cəhənnəm və əzab vasitələrinin müşahidəsi özü də Cəhənnəm əhli üçün bir növ əzabdır.

4. Danlaq da Qiyamətin ruhi əzablarındandır.

5. İnsanın taleyində onun etiqadlarının mühüm rolu var.

6. Qiyamətdə insandan onun əqidə və düşüncələri haqqında soruşular.

7. Bütün insanlarda pərəstiş ruhiyyəsi var. Amma onlardan bir hissəsi çaşqınlığa sürüklənir.

8. Həm uydurma məbudlar, həm də azğın abidlər Cəhənnəmə gedərlər.

 

Ayə 96-97:

﴿قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلَالٍ مُّبِينٍ﴾

“Onlar cəhənnəmdə bir-birləri ilə höcətləşən halda deyərlər: “And olsun Allaha ki, doğrudan da biz aşkar azğınlıq içində olmuşuq.”

Ayə 98-99:

﴿إِذْ نُسَوِّيكُم بِرَبِّ الْعَالَمِينَ وَمَا أَضَلَّنَا إِلَّا الْمُجْرِمُونَ﴾

“Çünki sizi aləmlərin Rəbbinə bərabər bilirdik. Bizi günahkarlardan başqa kimsə azdırmadı.”

 

Nöqtələr

●Bütünlüklə salamatlıqdan ibarət Behişt fəzasından fərqli olaraq cəhənnəm fəzası daim danlaq, sıxıntı və lənətlə doludur. Ardıcılların azğın rəhbərlərə nifrini, günahkarların şeytanı məzəmməti, məbudların müşriklərə lənəti, günahkarların bir-birini qınağı bu mühiti əhatə etmişdir. Quranda uyğun mövzu ilə bağlı bir çox ayələr mövcuddur.

Bildirişlər

1. Cəhənnəm əhli arasında höcətləşmə və düşmənçilik mövcuddur. (Müşriklər daim öz məbudları ilə didişmədədirlər.)

2. Qeyri-müqəddəs və qeyri-ilahi eşqlər Qiyamətdə kin-küdurətə çevriləsidir.[351]

3. Qiyamətdə vicdanlar oyanar.

4. Bir şəxsi və ya bir şeyi Allahla bərabər tutmaq şirk etmək sayılır.

5. Qiyamətdə hər fərd öz təqsirini başqasının boynuna atar.

6. Qiyamətdə müşriklər öz rəhbərlərindən şikayət edərlər.

Ayə 100-101:

﴿فَمَا لَنَا مِن شَافِعِينَ وَلَا صَدِيقٍ حَمِيمٍ﴾

“Nəticədə (bu gün) bizim üçün nə şəfaətçi var, nə də səmimi bir dost.”

 

Ayə 102:

﴿فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ﴾

“Əgər (dünyaya) qayıda bilsəydik, möminlərdən olardıq.”

Ayə 103-104:

﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

“Həqiqətən, bunda (bu sərgüzəştdə) ibrət dərsi, nişanə var. Amma onların çoxu iman gətirən deyildi. Əlbəttə, sənin Rəbbin yenilməz və mehribandır.”

 

Nöqtələr

●“Məcməül-Bəyan” təfsirində nəql olunmuş rəvayətlərdə bildirilir ki, məsum imamlar şiələrə şəfaət edəcəkləri ilə bağlı and içmişlər.

●İmam Sadiq (ə) buyurmuşdur: “Mömin şəxs həmin gün öz əhli-beytinə şəfaət edər.”[352]

●İmam Sadiq (ə) buyurmuşdur: And olsun Allaha, Qiyamət günü biz də öz şiələrimizə elə şəfaət edərik ki, azğınların səsi göyə ucalar.”[353]

●Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Qiyamət günü Quran, mömin yaxınlar, Peyğəmbər (s) və onun Əhli-beyti (ə) şəfaət edər.”[354]

Bildirişlər

1. Qiyamətdə şəfaət ediləcəyi şübhəsizdir. Amma müşriklər də daxil olmaqla bir zümrə bu şəfaətdən bəhrələnməz.

2. Dünyada günahkarlarla dostluq Qiyamətdə səmərəsiz olar.

3. İnsan Qiyamətdə də yaxşı dosta ehtiyaclıdır.

4. Qiyamətdə şəfaət əldə etmək üçün iman şərtdir.

5. Qiyamət günü həsrət, peşmançılıq günüdür.

6. Xalq qurtuluş istəmədikdə və inadkarlıq göstərdikdə hidayət üçün böyük ilahi nişanə də faydasız olar.

7. Qüdrət olan yerdə mehribanlıq ilahi bir sifətdir.

8. Ey Peyğəmbər əksəriyyətin yolunu azmasına görə nigaran qalma. Çünki sən Bizim xüsusi himayəmiz altındasan.

9. Allahın azğınlara möhlət verməsinin səbəbi acizlik yox, Onun rəhmət və lütfüdür.

 

Ayə 105:

﴿كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ﴾

“Nuh qövmü peyğəmbərləri təkzib etdi.”

Ayə 106-107:

﴿إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ﴾

“O vaxt qardaşları Nuh onlara dedi: «Yoxsa (Allahdan) çəkinmirsiniz? Həqiqətən mən sizin üçün etibar olunan peyğəmbərəm.»”

Ayə 108-109:



Geri   İrəli
Go to TOP