A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“(Firon) dedi: «(Ey Musa,) əgər məndən başqa məbud seçsən, şübhəsiz, səni zindandakılardan qərar verəcəyəm.» (Musa) dedi: «Əgər sənə aşkar bir nişanə gətirsəm də?»”

Ayə 31:

﴿قَالَ فَأْتِ بِهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ﴾

“(Firon) dedi: “Əgər doğru deyirsənsə, həmin nişanəni göstər.”

 

Nöqtələr

●27-ci ayədə görürük ki, Firon öz əskikliyini ört-basdır etmək üçün Musa (ə) ilə ən sərt tərzdə danışır və onun haqqında ən çirkin sözləri işlədir. Ərəb qrammatikasında bir mövzunu təkidlə bəyan etmək üçün müəyyən şəkilçi və sözlərdən istifadə edilir. “İnnə” sözü və “lə məcnun” sözündəki “lam” şəkilçisi, eləcə də cümlənin ismi cümlə olması həqarətli sözlər üzərində təkid nişanəsidir.

Bildirişlər

1. Zalım başçılar haqla üzbəüz gəldikdə yayınırlar. (Musa (ə) hər dəfə dəlil göstərəndə, Firon ona cavab vermək əvəzinə xalqı əldən vermək qorxusu ilə onlara üz tuturdu.)

2. Təkəbbürlü şəxs heç vaxt haqqı qəbul etmir və özünü xalqdan ayırır.

3. Peyğəmbər müxaliflərinin güclü hücumlarından biri qarşı tərəfi divanə adlandırmaqdır. Bəli, dəlil gətirə bilməyən kəs böhtan və təhqirə əl atır.

4. Yerə və göyə, şərqə və qərbə, varlıq aləmindəki bütün mövcudlara hakim qanunların həmahəngliyi və sabit nizamdan məlum olur ki, bu aləm vahid bir müdiriyyətlə idarə olunur.

5. Təbliğatçı və tərbiyəçi söhbətdən yorulmamalı, öz dəlillərini təkrarlamalı və qəlbi geniş olmalıdır.

6. Allahın övliyalarını böhtanlar vasitəsi ilə tutduqları yoldan döndərmək olmaz.

7. Tövhidə çatmaq üçün düşüncəyə ehtiyac var. (Küfr və şirk ağılsızlıq məhsuludur.) (Xalqın düşüncəsinin işləkliyi zalımlar üçün böyük təhlükədir.)

8. Peyğəmbərlər ədəblə danışırlar. (Firon Musanı divanə adlandırdı. Amma Musa “əgər düşünsəniz, sözlərimi anlayarsınız” dedi.)

9. Zalımların bir gedişi də hədə-qorxu gəlməkdir. (Dini rəhbərlər çətinliyə hazır olmalıdırlar.)

10. Zalım rejimlərdə hərbə-zorba və işkəncə hakimdir. Zülmə qarşı səsini qaldıran əksər şəxs zindana düşməli olur.

11. Məntiq təsirsiz olan yerdə möcüzə zəruridir.

12. Öncədən hazırlıq müvəffəqiyyət və düşmənə qələbə şərtidir. Musa (ə) əsanın əjdahaya dönəcəyini, əlinin bəyazıyacağını bildiyindən “sənin üçün aşkar nişanə gətirsəm necə?” deyirdi.

13. Peyğəmbərlərin möcüzəsi həqiqətdir və xalq bunu yaxşı dərk edir.

Ayə 32:

﴿فَأَلْقَى عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُّبِينٌ﴾

“Əsanı yerə atdı və əsa qəfildən aşkar bir əjdaha oldu.”

Ayə 33:

﴿وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاء لِلنَّاظِرِينَ﴾

“Əlini (qoynundan) çıxardı və qəfildən onun əli tamaşaçılara bəyaz göründü.”

Nöqtələr

●Ayədəki “nəzəə” sözü əli cibdən və ya qoyundan çıxarmaq mənasını bildirir.

●Quranda əsanın əjdahaya dönməsi 10 dəfə, Musanın (ə) əlinin bəyazıması beş dəfə zikr olunmuşdur.

●Musa əsanı atdıqda, o əvvəlcə kiçik bir ilan şəklinə düşdü,[329] sonra itaətsiz zalımlar qarşısında əjdaha şəklini aldı. Bu, qarşı tərəfə uyğun söz və əməlin zəruriliyini göstərə bilər.

Bildirişlər

1. Peyğəmbərlərin möcüzəsi ilahi qüdrətə bağlı olduğundan bu istiqamətdə çalışmaya və tədriciliyə ehtiyac qalmır. (Yəni əsa qəfildən, dərhal ilan oldu.)

2. Azğın insanlar qarşısında lərzəyə gətirən iş görülməlidir.

3. Peyğəmbərlərin möcüzəsi təxəyyül yox, açıq-aşkar hadisədir.

4. Dəhşətli möcüzə ilə yanaşı əlin parlaması səfa və məhəbbət rəmzidir.

5. Haqq sözün təsiri üçün qorxu və ümidin bütün düzgün üsullarından istifadə edin.

Ayə 34-35:

﴿قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَذَا لَسَاحِرٌ عَلِيمٌ يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ﴾

“(Firon) ətrafındakı əyanlarına dedi: “Həqiqətən, bu, mahir bir sehrbazdır. O öz sehri ilə sizi yurdunuzdan çıxarmaq istəyir. Əmriniz nədir?”

Ayə 36-37:

﴿قَالُوا أَرْجِهِ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَ يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ﴾

“Dedilər: Onu və qardaşını saxla, bütün şəhərlərə (sehrbazlar) toplamaq üçün adamlar göndər. Qoy bütün şəhər sehrbazları sənin yanına gəlsinlər.”

Ayə 38:

﴿فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ﴾

“Sehrbazlar müəyyən bir gün vəd olunmuş vaxtda bir yerə toplandılar.”

 

Ayə 39:

﴿وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ﴾

“Xalqa deyildi: Siz də toplanırsınızmı?”

 

Nöqtələr

●Firon Musanın (ə) üzərinə bir neçə istiqamətdə hücuma keçdi:

a) Təhqir: ”Səni biz boya-başa çatdırmadıqmı?”

b) İstehza: ”Sən divanəsən.”

v) Hədə: ”Səni zindana salaram.”

q) Sehr böhtanı: ”Sən sehrbazsan.”

d) Fitnəkarlıq böhtanı: ”Sən qiyam qaldırmaq istəyirsən.”

●Musanın (ə) Fironla söhbətində Harundan söz açılmır. Çünki rəsmi mövqe rəhbər tərəfindən müəyyənləşdirilməlidir.

●“Əmriniz nədir?” soruşularkən məsləhət nəzərdə tutulur. Çünki müşavirlər öz fikirlərini əmr və fərman şəklində bildirirdilər. Necə ki, buyurulur: ”Musa və qardaşına fürsət ver, onları zindana atma.”

●Həzrət Musa (ə) və Firon bir-biri ilə razılığa gəldilər ki, sehrbazların Musa (ə) ilə qarşılaşma mərasimi nə vaxt və harada keçirilsin.

●Müəyyən vaxt və müəyyən yerdə xalqa toplaşmaq göstərişi verildi. Çünki belə bir hüzur və toplanış nəticəsində Musa (ə) və Harun özünü tənha hiss etməli, sehrbazlar bundan güc almalı, hay-küylü təbliğat rəvac tapmalı idi.

●İradəsiz və yaltaq ətraf danışdığı sözdə də təqlid edir. Bu iki ayədə Firon bildirir ki, Musa (ə) mahir sehrbazdır və o, xalqı yurd-yuvasından çıxarmaq istəyir. Amma “Əraf” surəsinin 109, 110-cu ayələrində eyni sözlər artırılıb əskildilmədən onun ətrafı tərəfindən dilə gətirilir.

Bildirişlər

1. Zalım hakimlər öz şeytani təbliğatlarını təkid və qətiyyətlə bəyan edirlər.

2. Firon sehrbazları Musa (ə) ilə mübarizəyə təşviq və təhrik etmək üçün Musanı (ə) mahir sehrbaz kimi tanıtdırır.

3. Yalançının yaddaşı olmur. Musanı (ə) divanə adlandıran fironçular sonradan onu mahir və agah sehrbaz kimi təqdim edirdilər.

4. Vətən sevgisi və mülkiyyət hissi insanın daxili meyillərindəndir. Firon xalqı Musaya (ə) qarşı qaldırmaq üçün bu iki nöqtəni bəhanə gətirərək dedi: «O sizi yurd-yuvanızdan çıxaracaq, mülkiyyətinizdən məhrum edəcəkdir.»

5. Yalan, ikiüzlülük və avamları aldatmaq zalım hakimlərin qaydasıdır.

6. Zalım hakimlər qüdrət və hakimiyyətdə olduqları vaxt hər şeyi özlərininki bilirlər.[330] Amma təhlükə hiss etdikləri vaxt xalqı qabağa verirlər.

7. Zalım hakimlər öz əlaltılarına ehtiyaclıdırlar və çətinliyə düşdükdə onlardan çarə istəyirlər. Öncə Musanı (ə) özünə itaətə çağıran şəxs sonradan ətrafındakılara möhtac olur.

8. Fironun dövrü sehr-cadunun rəvac tapdığı bir dövr olmuşdur.

9. Əgər mütəxəssislər vicdanlı olmasalar, fironların xidmətində durarlar.

10. Mütəxəssislərin toplantı və seminarlarının uzun keçmişi var.

11. Zalım qüvvələr öz azğın məqsədlərinə çatmaq üçün mütəxəssislərdən sui-istifadə edirlər. Bəs nə üçün biz yetərincə faydalanmayaq?!

12. Firon bütün gücünü işə saldı.

13. Təbliğatda zaman və məkan seçiminin rolu var.

14. Zalım qüvvələr üçün ictimai rəy qazanmaq və xalqın səhnədə iştirakı mühümdür.

Ayə 40-41:

﴿لَعَلَّنَا نَتَّبِعُ السَّحَرَةَ إِن كَانُوا هُمُ الْغَالِبِينَ فَلَمَّا جَاء السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ﴾

“Bu ümidlə ki, sehrbazlar qalib gəlsələr, onlara tabe olaq... Sehrbazlar gəldilər və ona dedilər: “Əgər qalib gəlsək, mükafatımız varmı?”

Ayə 42:

﴿قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ الْمُقَرَّبِينَ﴾

“Firon dedi: “Bəli, bu halda siz hökmən sarayın yaxınlarından olacaqsınız.”

 

Nöqtələr

●İmandan güc alan Musa (ə) və Harun bir tərəfdə dayandılar və arxayın idilər. Firon, əyan-əşrəf və sehrbazlar isə digər tərəfdə nigaran halda dayanmışdılar. Bəli, məhz belə bir məqamda imanın rolu və gücü aydın olur. Sehrbazların “əgər qalib gəlsək” sözündən onların tərəddüddə olduğu, Fironun böyük mükafat vəd etməsindən onun nigarançılıq keçirdiyi aydın olur.

Sehrbazların mükafatla bağlı şərt kəsməsi Fironun xəsisliyinə işarə ola bilər. Adətən, insanlar səxavətli, əliaçıq fərdlərlə muzd barədə şərt kəsmir, bilirlər ki, qarşı tərəf mərifət və səxavətinə uyğun olaraq hər şeyi nəzərə alacaq.

Bildirişlər

1. Firon tanrılıq iddiasında idi. Amma Musanın (ə) möcüzəsi ilə bağlı iş bir yerə çatdı ki, hamı sehrbazlara tabe olub, onların sözünü həlledici saydı.

2. Musanın (ə) möcüzəsini görən Firon sehrbazların qələbəsinə əmin deyildi.

3. Hətta söhbət əqidədən gedəndə belə maddiyyatçı fərdlər puldan dəm vururlar.

4. Sehrbazlar özlərini düşünürdülər və məqsədləri muzd almaq idi. Onları haqq və batil maraqlandırmırdı. Amma peyğəmbərlərin bütün işlərdə şüarı xalqdan təmənnasızlıq idi.[331] Sehrbazlar isə kiçik bir hərəkətə görə muzd alırdılar.

5. Həqiqi imandan məhrum insan Fironun qızıl-gümüşünə göz dikir. Allaha üz tutduqdan sonra isə bütün varlıq aləmi insanın nəzərində kiçilir, o, rahatlıqla canını fəda edir.[332]

6. Bəzən məqam və etibar var-dövlətdən üstün olur.

Ayə 43:

﴿قَالَ لَهُم مُّوسَى أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ﴾

“(Vəd olunmuş gün çatdı və bütün sehrbazlar bir yerə toplandılar.) Musa onlara dedi: “Atmaq istədiyinizi atın.”

 

 

 

Ayə 44:

﴿فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ﴾

“(Sehrbazlar) öz kəndirlərini və əsalarını atdılar və dedilər: “And olsun Fironun izzətinə, şübhəsiz, biz qalibik.”

 

Bildirişlər

1. İlahi insanlar haqqın qələbəsinə, sehr-cadunun puçluğuna inanır, qorxu yox, arxayınçılıqla danışırlar.

2. Müxaliflərə fürsət verin ki, öz əqidə və məqsədləri yolunda addım atsınlar. Yalnız bundan sonra onlara möhkəm və məntiqi cavab verin.

3. Kafir daxilən təlatümdədir, zahirdə isə şüar deyir. Öz qələbəsinə inanmayan sehrbazlar ötən ayədə “əgər qalib gəlsək” deyirdilər. Amma Fironun hüzurunda yerlərini şirin salaraq onun izzətinə and içirlər. Özlərini qalib göstərir, psixoloji müharibə aparırdılar.

Ayə 45-46:

﴿فَأَلْقَى مُوسَى عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ﴾

“Sonra Musa əsasını atdı. (Əsa əjdahaya dönüb) qəfildən onların quramalarını uddu. Sehrbazlar ixtiyarsız olaraq səcdəyə düşdülər.”

Ayə 47-48:

﴿قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ رَبِّ مُوسَى وَهَارُونَ﴾

“Dedilər: «Aləmlərin Rəbbinə iman gətirdik - Musanın (ə) və Harunun Rəbbinə!»”

 

Nöqtələr

●Sehrbazlar əsanın əjdahaya döndüyünü görən kimi iman gətirdilər. Rəvayətlərdə deyilir: Həzrət Mehdi (ə) zühur edən vaxtda şərq və qərbin mütəxəssisləri ona iman gətirəcək. Çünki mütəxəssislər işin əzəmətini başqalarından daha çox dərk edəcəklər.

Bildirişlər

1. Möcüzə tədricən və çalışmalarla yox, ildırım sürəti ilə, ani olaraq baş verir.

2. Batilin haqq qarşısında müqavimət gücü yoxdur.

3. Sehr-cadu həqiqətdən uzaq və əməli bir yalandır.

4. Hazırlıqlı fərdlər haqq qarşısında bəhanə gətirmədən təslim olurlar.

5. Zər qədrini zərgər bilər. (İşində mütəxəssis olan sehrbazlar möcüzəni sehrdən fərqləndirirlər. Möcüzə onlara o qədər təsir etdi ki, ixtiyarsız olaraq səcdəyə düşdülər. Halbuki hadisəyə şahid olan fironçular iman gətirmədilər.)

6. Bir anda mövqeni dəyişmək gücü insanın imtiyazlarındandır.

7. Səcdə haqqpərəstliyin və təslimçiliyin uzun keçmişi olan izharıdır.

8. Bütün varlıq aləmi Allahın tədbiri sayəsində təkamül hərəkətindədir.

9. Sui-istifadənin qarşısı alınmalıdır. Fironçular «Rəbbül-aləmin» təbirini yanlış təfsir etməsinlər deyə sehrbazlar bildirdilər: «Musanın və Harunun Rəbbinə!»

10. Sehrbazlar tövhid, nübüvvət və məad kimi dini əsaslara etiraf etdilər.

Ayə 49:

﴿قَالَ آمَنتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ﴾

“(Firon qəzəblənib) dedi: “Mən sizə icazə verməmiş ona iman gətirdiniz? Şübhəsiz, o sizə sehr öyrətmiş böyüyünüzdür. Tezliklə cəzanızı görəcəksiniz, hökmən əllərinizi və ayaqlarınızı çarpaz kəsəcək, hamınızı dardan asacağam.”

Ayə 50:

﴿قَالُوا لَا ضَيْرَ إِنَّا إِلَى رَبِّنَا مُنقَلِبُونَ﴾

“Sehrbazlar dedilər: “Eybi yox, biz öz Rəbbimizə doğru qayıdarıq.”

Ayə 51:

﴿إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَايَانَا أَن كُنَّا أَوَّلَ الْمُؤْمِنِينَ﴾

“Ümid edirik ki, Rəbbimiz bizim xətalarımızı bağışlasın. Çünki biz ilk iman gətirənlərik.”

 

Nöqtələr

●Sehrbazlar Musanın (ə) möcüzəsini görən kimi səcdəyə düşdülər. Firon ətrafdakıları aldatmaq üçün belə izahat verdi: “Bu öncədən qurulmuş bir hiylədir. Siz Musanın (ə) şagirdləri olmusunuz və bu qurğunu məni süquta uğratmaq üçün işə salmısınız.” Halbuki sehrbazlar müxtəlif məntəqələrdən gəlmişdilər və Musanın (ə) yanında deyildilər ki, onun şagirdi olsunlar. Bundan əlavə, onlar Fironun izzətinə and içmişdilər ki, qalib gələcəklər.

●Bəzi təfsirlərdə bildirilir ki, Firon sehrbazların əl-ayağını kəsdi, onları hündür xurma ağaclarından asdı, bu işə görə həzrət Musanın (ə) ağladığı qeyd olunur.

Bildirişlər

1. Zalım rejimlərdə xalqın əqidə azadlığı yoxdur.

2. Zalım qüvvələr hətta insanların düşüncəsinə hakim olmaq istəyirlər.

3. Yalançının yaddaşı olmur.

4. İnsanın qüdrətini və iş qabiliyyətini onun əlindən alan ən pis işkəncə əl-ayağının çarpaz surətdə kəsilməsidir.

5. Zalımlara inanmayın - onlar hər şeyi özlərinə xatir istəyirlər. (Firon az öncə vəd etmişdi ki, sehrbazları özünə yaxınlardan qərar verəcək. Amma sonradan hamısını qətlə yetirməklə hədələdi.)

6. Məada, ölümdən sonrakı həyata iman göstəricilərindən biri zalımlar qarşısında şücaətdir.

7. Məada iman gələcək üçün aydın üfüqdür.

8. Allah yolunda şəhadət zərər və həlakət deyil.

9. İmanı agahlığa əsaslanan insan təlatüm keçirmir. (Möcüzənin nə olduğunu bilən sehrbazlar Fironun hədələri qarşısında möhkəm dayandılar.)

10. Həm sehr, həm də Firon tərəfində dayanmaq günahdır.

11. Maddiyyata tamah mənfi, mənəviyyata maraq müsbətdir.

12. Bağışlamaq ilahi rübubiyyət şənlərindəndir.

13. Bağışlanma arzusu gerçək tövbə ilə müşayiət olunmalıdır.

14. İmanda öncüllük fəzilətdir.

15. Xeyir aqibət ən böyük səadətdir. Ömür boyu azğınlıq içində olanlar bir qığılcımla dəyişib ilkin möminlərdən oldular.

16. Hiylə hiyləgəri rüsvay edir. (Firon Musanı (ə) rüsvay etmək üçün böyük sərmayə qoyub sehrbazları dəvət etdi. Amma sehrbazların iman gətirməsi Fironun özünü rüsvay etdi.)

Ayə 52:

﴿وَأَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُم مُّتَّبَعُونَ﴾

“Musaya vəhy etdik ki, Mənim bəndələrimi gecə (Misirdən) çıxar. Çünki siz təqib olunacaqsınız.”

 

 

 

 

 

Ayə 53:

﴿فَأَرْسَلَ فِرْعَوْنُ فِي الْمَدَائِنِ حَاشِرِينَ﴾

“Firon (bu işdən xəbər tutub) xalqı bir yerə toplamaq üçün şəhərlərə məmurlar göndərdi.”

 

Nöqtələr

●Həzrət Musanın (ə) işləri 3 qismə bölünür:

1. Fironun dəvəti və möcüzə;

2. Sehrbazların ona qoşulmaları və müxtəlif eniş-yoxuşlar;

3. Tərəfdarların və möminlərin hərəkətə gətirilməsi, Firon tərəfindən onların təqibi ki, bu iş möminlərin dəryadan keçməsi, kafirlərin qərq olması ilə nəticələndi.

●“Həşr” sözündə ayağa qaldırmaq, sövq etmək və toplamaq mənaları var.

●Bəni-İsrailin fironçulara faydası vardı və buna görə Firon onların mühacirətinin qarşısını almaq istəyirdi. Həzrət Musaya (ə) əmr olundu ki, onları gecə Misirdən çıxarsın.

Bildirişlər

1. Dəlillər qəbul olunmadıqdan sonra növbə Allahın qəhr-qəzəbinə çatır. Bu iş Musaya (ə) köç əmri və fironçuların təqibi ilə başlayır, onların qərq olması ilə başa çatır.

2. Peyğəmbərin bütün hərəkətləri, hətta hicrətin vaxtı belə, vəhy əsasındadır.

3. Fironla mübarizə üçün gecənin qaranlığından da istifadə edin.

4. Ya pozğun cəmiyyəti islah edək, ya da oradan uzaqlaşaq.

5. Peyğəmbərlərin işi təkcə öyüd-nəsihət deyil. Böyük inqilablar və bu inqilablara rəhbərlik peyğəmbərlərin növbəti işlərindəndir.

6. Nəhy əz münkər (pisliyə qadağa) mərhələlərindən biri günahkar cəmiyyətdən hicrətdir.

7. Allah Öz bəndələrini təhlükədən qurtarır.

8. Zalım hakimlər şəhərlərdə şayiələr yayır, təbliğat aparırlar.

Ayə 54, 55, 56:

﴿إِنَّ هَؤُلَاء لَشِرْذِمَةٌ قَلِيلُونَ وَإِنَّهُمْ لَنَا لَغَائِظُونَ وَإِنَّا لَجَمِيعٌ حَاذِرُونَ﴾

“(Fironçuların Musa və onun tərəfdarları haqqında təbliğatı bu idi ki,) həqiqətən, bunlar kiçik bir dəstədir, bizə qarşı qəzəblidirlər, amma biz hamımız müdafiəyə hazırıq.”

Ayə 57-58:

﴿فَأَخْرَجْنَاهُم مِّن جَنَّاتٍ وَعُيُونٍ وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ﴾

“Buna görə onları bağlardan və çeşmələrdən çıxardıq, xəzinələrdən və közəl məskənlərdən uzaqlaşdırdıq.”

Ayə 59-60:

﴿كَذَلِكَ وَأَوْرَثْنَاهَا بَنِي إِسْرَائِيلَ فَأَتْبَعُوهُم مُّشْرِقِينَ﴾

“(Bizim tədbirimiz) belə oldu ki, Bəni-İsraili onlara varis qərar verdik. Günəş doğan vaxt Firon qoşunu onları təqibə başladı.”

 

Nöqtələr

●“Şirzimə” sözü kökündən ayrılmış məhdud dəstə mənasını bildirir. Firon öz təbliğatında müxaliflərini kiçik dəstə kimi tanıtdırırdı. Amma İbn-Abbas tərəfindən rəvayət olunur ki, Həzrət Musa (ə) ilə birlikdə yola düşənlərin sayı 600000 nəfərə yaxın idi. Firon isə bu cəmiyyəti kiçik dəstə adlandırırdı.[333]

●“Hazirun” dedikdə müdafiə vasitələri nəzərdə tutulur. “İnna ləcəmiun hazirun”, yəni biz hamımız intiqama hazırıq və silahlıyıq.

●Fironçular təbliğatlarında özlərini yekdil, Bəni-İsraili kiçik dəstə kimi tanıtdırırdılar. Yəni onlar pərakəndə dəstələrdən ibarətdir və biz tezliklə onları darmadağın edərik. Onlar xəbərsiz idilər ki, nəzərdə tutduqları qrup həzrət Musanın (ə) bir işarə və göstərişi ilə hamılıqla hicrət etmişdir.

Bildirişlər

1. Zalım qüvvələr xalq hərəkatlarını əhəmiyyətsiz sayırlar.

2. İctimai fikri çaşdırmaq zalımların qaydasıdır.

3. Zalım hakimlər bilsinlər ki, nifrətə tuş gəlmişlər.

4. Zalımlara qarşı kin və qəzəb, eləcə də onlardan uzaqlıq Allaha iman şərtidir.

5. Saraylar əbədi deyil, zülm süqutun açarıdır.

6. Fironçular Misirdə mədəniyyət sahibi idilər.

7. Təkəbbürlülərin yerində haqqı tapdanmışları varis etmək ilahi sünnələrdəndir.

8. Fironçuların var-dövləti, sarayları və bağları Bəni-İsrailə çatdı.

9. Fironçuların Bəni-İsraili təqib etməsi onları qərq etmək üçün nəzərdə tutulmuş ilahi tədbir idi.

Ayə 61:

﴿فَلَمَّا تَرَاءى الْجَمْعَانِ قَالَ أَصْحَابُ مُوسَى إِنَّا لَمُدْرَكُونَ﴾

“İki dəstə bir-birini gördüyü vaxt Musanın (ə) yaxınları dedilər: “(Biz tələyə düşdük) Onlar bizi ələ keçirəcəklər.”

Ayə 62:

﴿قَالَ كَلَّا إِنَّ مَعِيَ رَبِّي سَيَهْدِينِ﴾

“Musa onlara dedi: “Elə deyil, həqiqətən, Rəbbim mənimlədir və məni hidayət edəcək.”

 

Nöqtələr

●“Təra” sözü bir-birini görmək, “cəman” sözü iki qrup, dəstə mənasını bildirir.

●“Bəni-İsrail” əvəzinə “Musanın (ə) əshabı” təbirinin işlədilməsi, hətta Musanın (ə) yaxınları arasında dəryanın yolu kəsməsi və Firon qoşununun təqibi ilə bağlı narahatçılığa işarə ola bilər.

●Hər bir hərəkat, qiyam və qərar üçün tanışlıq və bəsirətə ehtiyac olsa da, elə ilk addımda bütün mərhələlərdən xəbərdarlıq zəruri deyil. Musa (ə) qarşısında dəryanı, arxasında düşməni gördüyü vaxt nə baş verəcəyindən xəbərsiz idi. Amma o daim Allahın hidayətinə inanırdı.

Bildirişlər

1. Səmavi rəhbərlər böhranlı vaxtlarda həm özləri aram olur, həm də başqalarına aramlıq verirlər.

2. Allahın vədlərinə əmin olaq. (15-ci ayədə Allah Musaya (ə) vəd verirdisə, hazırkı ayədə Musa (ə) xalqa Allahın vədini xatırladır.)

3. Düşmənlə qarşılaşan zaman məyus olmayın, Allaha təvəkkül edin. (Hətta qarşıda dərya, arxada düşmən qoşunu dayanmışsa da!)

4. Peyğəmbərlər ilahi feyz və rəhmət vasitəsidirlər. (Nəzərdə saxlayaq ki, peyğəmbərin hidayəti xalqın hidayəti üçün vasitədir.)

5. Peyğəmbərlər Allahın xüsusi himayəsi altındadırlar.

6. Hidayət rübubiyyət şənlərindəndir.

 

 

 

 

 

Ayə 63-64:

﴿فَأَوْحَيْنَا إِلَى مُوسَى أَنِ اضْرِب بِّعَصَاكَ الْبَحْرَ فَانفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ﴾

“Musaya vəhy etdik ki, əsanı dənizə vur. Dəniz yarıldı və hər parası böyük bir dağ kimi dayandı. Sonra digər dəstəni (Fironun qoşununu) oraya yaxınlaşdırdıq.”

Ayə 65-66:

﴿وَأَنجَيْنَا مُوسَى وَمَن مَّعَهُ أَجْمَعِينَ ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ﴾

“Musa və onunla olan hər kəsi hamılıqla xilas etdik. Sonra o biri dəstəni suda batırdıq.”

Ayə 67-68:

﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

“Əlbəttə, bu macərada aydın bir nişanə var. Onların çoxu isə iman gətirən deyildi. Həqiqətən, sənin Rəbbin yenilməz və mehribandır.”

 

Nöqtələr

●“İnfilaq” dedikdə parçalanma, “firq” dedikdə para, “təvd” dedikdə dağ mənası anlaşılır. Dəniz kimi böyük Nil çayının parçalanması nəticəsində su onun iki sahilində toplanıb dağ kimi ucaldı.

Bildirişlər

1. Peyğəmbərlərin işi Allahın iradəsi və ilahi vəhyə əsaslanır.

2. Allah bəzi işləri övliyaların əli ilə görür ki, xalq onlara diqqət yetirib itaət göstərsin. (Bəli, təbiət və onun görüntüləri Allahın iradəsi ilə xüsusi bəndələrin ixtiyarına verilir.)

3. Allahın iradəsi ilə bir gün əsa əjdahaya dönür və düşmənləri qorxuya salır. Başqa bir gün həmin əsa möminlərə rəhmət və onlara yol açılması üçün vasitə olur.

4. Allahın iradəsi ilə eyni bir əsa bəzən daşdan su çıxmasına, bəzən dəryanın qurumasına səbəb olur.[334]

5. Bütün varlıq aləmi və ondakı hərəkətlər Allahın iradəsinə bağlıdır.

6. Qurtuluş peyğəmbərlərlə yoldaşlıq sayəsində əldə olunur.

7. Allah Öz dostlarını ən çətin şəraitdə belə çıxılmaz vəziyyətdən qurtarır.

8. Dənizin yarılması və fironçuların suda batması ilahi qüdrət və qəhr-qəzəb nişanəsi, öyüd-nəsihət səbəbidir.

9. Haqqa yardım və batilin məhvi tarix boyu cərəyanda olan ilahi sünnədir. Bəli, bir hadisə o zaman əlamət və ibrət olur ki, onun oxşarı tarix boyu təkrarlanmış olsun.

10. Allah keçmişdəkilərin tarixini bəyan etməklə İslam Peyğəmbərinə (s) təsəlli və səbir dərsi verir.



Geri   İrəli
Go to TOP