A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


6. Cəmiyyətə rəhbərliyi ələ almaq Rəhmanın bəndələrinin arzusudur. Çünki imamət və rəhbərliyin müttəqilər əlində olması bir dəyərdir.

7. Az dua ilə kifayətlənməyin, bu istiqamətdə çox səy göstərin. (Pərvərdigara, bizi kamilliyə çatmaqda təqvalılara rəhbər qərar ver!)

8. Allah bəndələri arasında məqsəd və söz birliyi var.

Ayə 75:

﴿أُوْلَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ بِمَا صَبَرُوا وَيُلَقَّوْنَ فِيهَا تَحِيَّةً وَسَلَامًا﴾

“Onlara (Rəhmanın bəndələrinə) səbir etdikləri üçün Behişt mənzilləri verilər. Orada hörmət və salamla qarşılanarlar.”

Ayə 76:

﴿خَالِدِينَ فِيهَا حَسُنَتْ مُسْتَقَرًّا وَمُقَامًا﴾

“Onlar orada əbədidirlər. Necə də gözəl yer və mənzildir!”

 

Nöqtələr

●“Ğurfə” dedikdə yerdən yuxarı, gözəl otaq nəzərdə tutulur.

Bildirişlər

1. Behişti bəhanəyə yox, bahasına verirlər.

2. Allah bəndəsi olmaq üçün səbir və dözümə ehtiyac var.

Ayə 77:

﴿قُلْ مَا يَعْبَوُاْ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا﴾

“De ki, əgər dua etməsəniz Rəbbim sizi dəyərli bilməz. Siz haqqı təkzib etdiniz və tezliklə təkzibinizin cəzası sizi yaxalayacaq.”

 

Nöqtələr

●«Əl-ib» (cəm: əba) dedikdə çəki, ağırlıq mənası anlaşılır. “Ma yəbəu bikum Rəbbi”, yəni Allah sizi dəyərli bilmir, yalnız dua və ibadət etməklə dəyərli sayılarsınız.

●“Duaukum” sözü iki cür mənalandırılır:

a) Sizin Allah dərgahına dua etməyiniz, nalələriniz, yalvarışlarınız Allahın sizə diqqətinə səbəb olar. Hədisdə oxuyuruq: “Dua əhli olan kəs həlak olmaz.”[319] Sonra Allah dua etməyənləri qınayaraq bildirir ki, siz haqqı təkzib etdiniz, yalvarış əvəzinə bütlərin, nəfs istəklərinizin və zalım hakimlərin sorağınca getdiniz. Bildirilir ki, təkzib edənlər öz cəzalarına çatacaqlar.

b) Allahın xalqı dəvəti: xalqı haqqın qəbuluna dəvət və xəbərdarlığın başa çatdırılması ilahi sünnədir. Bu dəvət olmasa, insan dəyərə çatmaz. İnsana dəyər verən onun Allah dəvətini qəbul etməsidir. Bildirilir ki, siz ilahi dəvəti qəbul etmədiniz, sizə heç bir ümid yoxdur və əməlinizin cəzasına çatarsınız.

●“Zariyat” surəsinin 56-cı ayəsində buyurulur: “İns və cini yalnız ibadət üçün yaratdım.” Bu ayədə isə buyurulur ki, insan dua etməsə, dəyərə çatmaz. Bəli, dua ibadətin ruhu və canıdır.[320]

Bildirişlər

1. Dinin təkzibi insanın dəyərdən düşməsinə səbəb olur.

2. Dua dəyərlər əldə etmək üçün vasitədir.

3. Hidayət və ibadətdən uzaq olan insan heç nədir.

4. Haqqa dəvət Allahın rübubiyyət şənlərindəndir.

5. Mənəviyyat varlığın mehvəridir. Çünki varlıq insan üçün yaradılmışdır, insan isə haqqın qəbulu və Allaha ibadət üçün!

6. Hidayət və ibadətdən uzaq olan insan əslində peyğəmbərləri və onların göstərişlərini təkzib edir.


ŞUƏRA” SURƏSİ

(26-cı surə, 227 ayə)

On doqquzuncu cüz,

“Şuəra” surəsinin siması

Məkkədə nazil olmuş bu surə 227 ayədən ibarətdir. “Şuəra” surəsi “Bəqərə” surəsindən sonra ən çox ayəsi olan surədir. Surədə mömin şairlər tərif, onun son dörd ayəsində boş-boş danışan şairlər məzəmmət olduğundan surə “Şuəra” adlandırılmışdır. Onun digər bir adı “Ta, sin, mim”–dir.

Surədə həzrət Musa (ə), İbrahim (ə), Nuh (ə), Lut (ə), Saleh (ə), Hud (ə) və Şüeyb (ə) kimi peyğəmbərlərin əhvalatlarından, eləcə də xalqın onlara inadkar münasibətindən danışılır. Hər əhvalatdan sonra eyni bir ayə təkrarlanır. Həmin ayə surədə 8 dəfə zikr olunmuşdur ki, İslam Peyğəmbərinə (s) təsəlli olsun, bildirilsin ki, Məkkə camaatının inadkar rəftarı onu üzməsin, çünki bütün peyğəmbərlər belə insanlarla üzləşmişlər. Bəli, möminlərin ruhiyyəsini gücləndirmək üçün ən üstün vasitə tarixdir. Tarixlə tanışlıq nəticəsində bəsirət artır, kök genişlənir, gələcəklə bağlı proqnozlar müəyyənləşdirilir. Bu səbəbdən də cəmiyyətə rəhbərlik edənlər tarixdən xəbərdar olmalıdırlar.

 

Rəhman və Rəhim Allahın adı ilə

﴿بسم الله الرحمن الرحيم﴾

Ayə1-2:

﴿طسم تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ﴾

“Ta, sin, mim; budur açıq-aşkar kitabın ayələri.”

Ayə 3:

﴿لَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ﴾

“Deyəsən, müşriklərin iman gətirməsinə görə özünü həlak etmək istəyirsən?!”

 

Nöqtələr

●Müqəttəə hərflərin mənası haqqında çox danışılıb. Belə bir məna daha üstün sayıla bilər: Allah bəzi Quran surələrinin (29 surənin) başlanğıcında bu hərfləri bəyan etməklə bildirir ki, Mənim əbədi möcüzəm həmin bu hərflərdəndir, bacarırsınızsa ərəb əlifbasının bu hərflərindən Qurana bərabər kitab düzəldin. “Şura” surəsinin müqəttəə hərflərdən sonra bəyan olunmuş ayəsi də deyiləni təsdiqləyir.

●“Baxiun” dedikdə “həlak edici” mənası anlaşılır.

Bildirişlər

1. Əhatəli bir məktəb güclü, qəti, yazılı və üslublu məntiqə malik olmalıdır. Belə ki, hamının ona əli çatmalıdır.

2. Quranın yetərincə böyük məqamı var. Nə vaxt çətinliyə düşsəniz Quran yolunuzu işıqlandırar.

4. Təkrar tərbiyə üsullarından biridir.

5. Səy və qayğı bəzən səmərəsiz olur.

6. Qəm-qüssəyə batanlara təsəlli vermək ilahi bir işdir.

7. Peyğəmbərlər öz vəzifələrinin icrası üçün gözlənildiyindən çox çalışırdılar.

8. Peyğəmbərlərin bariz sifətlərindən biri onların canıyananlığıdır. (Yanğı məzhəb və ümmətə eşq nişanəsidir.)

9. Təsir üçün zəmin olmasa, ən üstün kitab və mürəbbi də səmərə verməz.

Ayə 4:

﴿إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّن السَّمَاء آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ﴾

“Qarşısında boyun əysinlər deyə onlara səmadan bir möcüzə endirmək istəsək (məcburən mömin olarlar, amma Allahın sünnəsi belə deyil)”.

 

Bildirişlər

1. Allahın qanunu insanlara ixtiyar və möhlət verməkdir.

2. İlahi qüdrətə diqqət ruhun aramlığı üçün ən üstün vasitədir.

3. İman məcburi yox, azad və seçim əsasında qəbul olunmalıdır.

Ayə 5:

﴿وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ الرَّحْمَنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ﴾

“Rəhman Allah tərəfindən onlar üçün hansı yeni xəbərdarlıq gəldisə, ondan üz döndərdilər.”

Ayə 6:

﴿فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنبَاء مَا كَانُوا بِهِ يَسْتَهْزِئُون﴾

“Onlar təkzib etdilər və məsğərəyə qoyduqlarının xəbərləri tezliklə onlara çatacaq.”

 

Nöqtələr

●Bu ayələrdə kafirlərin üç xisləti bəyan olunur: arxa çevirmək, təkzib və istehza. Bəli, insan tədricən, addım-addım süquta uğrayır. Öncə həqiqətə etinasızlıq göstərir, sonra onu təkzib edir, nəhayət haqqı məsxərəyə qoyur. Bunlardan ən pisi insanın haqqı məsxərəyə qoymasıdır. Ayədə buyurulur ki, məsxərə etmələrinin xəbərləri gələcəkdə onlara çatacaq. Bəli, üz döndərmək və təkzibin yox, məhz məsxərənin cəzasından danışılır.

Bildirişlər

1. Quran tədricən nazil olmuşdur.

2. Quran xəbərdarlıqları Allahın daimi lütflərindəndir.

3. Daş qəlbli fərdlərə heç bir xəbərdarlıq təsir göstərmir.

4. Allah xəbərdarlıq, təkrar və yeni xəbərlər vasitəsilə kafirlərə höccəti tamamlayır, onlara xəbərdarlığı başa çatdırır.

5. İnsan köhnə adət-ənənələrə o qədər bağlanmamalıdır ki, yeni söz eşitdikdə götür-qoy etmədən ona inanmasın.

6. Din uydurucu yox, oyaqlıq amilidir.

7. Xalqın bir hissəsi haqqı qəbul etmək əvəzinə öncədən inadkarlıq yolunu seçir. (Haqdan üz döndərmək və uzaqlıq bir dəstənin daimi qaydasıdır.)

8. Təkəbbür və təkzibdən qaynaqlanan uzaqlaşma təhlükəlidir.

9. Gələcək təhlükə və cəzalara etinasızlıq ilahi qəhr-qəzəb rəmzidir.

10. Haqq və haqq ardıcıllarını məsxərəyə qoyanlar cavabsız buraxılmayacaq. (Ya dünyada, ya ölüm zamanı, ya bərzəxdə, ya rəcətdə, ya da Qiyamət günü onlar öz çirkin işlərinin cavabını alacaqlar.)

Ayə 7:

﴿أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ﴾

“Yerə baxmadılarmı ki, hər növdən nə qədər gözəl (bitki) cücərtdik?”

Ayə 8, 9:

﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾

“Şübhəsiz, bunda bir nişanə var, amma onların çoxu iman gətirən deyil; həqiqətən, sənin Rəbbin qalib və mehribandır.”

 

Nöqtələr

●Miladi 18-ci əsrin ortalarında məşhur İsveç təbiətşünası Linney bitki aləmində cütlüyün (erkək-dişi) mövcudluğunu kəşf etdi. O deyirdi: «Bitkilər arasında da erkək və dişi var. Bitkinin bəhrə verməsi üçün mayalanma lazımdır.» Qurani-Kərim isə zövciyyət qanunu adlanan qanunu Linneydən 12 əsr öncə bəyan etmiş və həm bitkilər, həm də qeyri-bitkilər arasında bu qanunun işlədiyini bildirmişdir.[321]

Bildirişlər

1. Varlıq aləmindəki mövcudlar və onların gözəlliklərinin araşdırılması Allahı tanımaq üçün ən üstün yoldur.

2. Quran varlıq aləminə dərindən diqqət yetirməyənləri məzəmmət edir.

3. Allahın qüdrət nişanələrindən biri bitkilərin erkək-dişiyə malik olmasıdır.

4. Bütün bitkilərdə faydalar var. Ola bilsin ki, bəzi bitkilərin faydası var, lakin hələ ki bizə məlum deyil.[322]

5. Əgər bir şəxsdə həqiqətin qəbulu üçün qabiliyyət və zəmin olmasa, o bütün varlıq aləmindən belə ibrət götürə bilməz.

6. Əksəriyyət haqlılıq göstəricisi deyil.

7. Həzrət Peyğəmbər (s) Allahın nəzəri altındadır.

8. Allahın mehribançılığı Onun acizliyinə əsaslanmır. O, yenilməz olduğu halda mehribandır, müxaliflərə imkan verir ki, bəlkə tutduqları yoldan dönüb tövbə edələr.

Ayə 10:

﴿وَإِذْ نَادَى رَبُّكَ مُوسَى أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ﴾

“(Yada sal,) bir zaman Rəbbin Musaya nida etdi ki, sitəmkar qövmə doğru get”

Ayə 11-12:

﴿قَوْمَ فِرْعَوْنَ أَلَا يَتَّقُونَ قَالَ رَبِّ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ﴾

“Firon qövmünə doğru. Yoxsa onlar qorxub-çəkinmir?!–(Musa) dedi: «Pərvərdigara! Məni təkzib edəcəklərindən qorxuram.»”

 

Nöqtələr

●Bu surədə “yoxsa qorxub-çəkinmirlər” cümləsi yeddi dəfə təkrarlanmışdır. Bəli, təqva olmayan yerdə peyğəmbərlərin sözü təsirsizdir.

Bildirişlər

1. Peyğəmbərlərin tarixi unudulmamalıdır.

2. Həm peyğəmbərlərin məqsəd və yolu, həm də müsəlmanların rəftarları bir-biri ilə oxşardır. Bəli, onların tarixi ilə tanışlıq İslam Peyğəmbərinə (s) yardımçı ola bilər.

3. Xalqa peyğəmbərlər göndərmək Allahın rübubiyyət şənlərindəndir.

4. Zalım qüvvələrlə mübarizə peyğəmbər proqramlarının ilk maddəsidir.

5. Pisliyə qadağa vəzifəsini icra edərkən bəzi təhlükə ilə üzləşmək lazım gəlir.

6. Peyğəmbərlərin qiyamı kin-küdurət və intiqama yox, ilahi meyarlara əsaslanır.

7. Allahı unudub zalım qüvvələrə itaət göstərmək ən böyük zülmdür.

8. Pisliyə qadağa (nəhy əz münkər) üçün fəsad mərkəzlərinə üz tutun.

9. Xalq olmasa, zalım hakimlər gücsüzdür.

10. Xalqın təqvasızlığı, Allahdan çəkinməməsi zalım qüvvələrin təkamülü üçün zəmin yaradır.

11. Xalqın hidayəti ilahi yardımlara ehtiyaclı ağır yükdür.

 

Ayə 13-14:

﴿وَيَضِيقُ صَدْرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَى هَارُونَ وَلَهُمْ عَلَيَّ ذَنبٌ فَأَخَافُ أَن يَقْتُلُونِ﴾

“Köksüm sıxılır, dilim açılmır. Haruna da (mənə yardım üçün) risalət ver. Onlar məni günahkar sayır, qorxuram məni öldürələr.”

Ayə 15:

﴿قَالَ كَلَّا فَاذْهَبَا بِآيَاتِنَا إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ﴾

“Allah buyurdu: “Belə deyil, birlikdə Bizim möcüzələrimizlə hərəkət edin, Biz sizinləyik və hər şeyi eşidirik.”

Ayə 16:

﴿فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ﴾

“Fironun sorağına gedib deyin: «Biz, aləmlərin Rəbbinin rəsuluyuq.»”

Ayə 17:

﴿أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ﴾

“(Deyin ki,) Bəni-İsraili (azad et və) bizimlə yola sal.”

 

Nöqtələr

● Həzrət Musanın (ə) günahı məsələsi ki, “Qəsəs” surəsinin 14-cü ayəsində də buna işarə olunmuşdur, bundan ibarətdir: Musa (ə) peyğəmbərlikdən öncə bir şəhərə daxil oldu və gördü ki, onun tərəfdarlarından biri fironçulardan biri ilə vuruşur. Musanın tərəfdarı ondan kömək istədi. Musa onu himayə edərək fironçuya bir yumruq vurdu. Musanın (ə) zərbəsindən sonra o, yerindəcə keçindi.

Bu məsələ ilə bağlı məntəqədə çaxnaşma yarandı və Musa qaçmağa məcbur oldu. Musa həmin şəxsi öldürmək məqsədi ilə vurmamışdı. O, sadəcə, məzlumu müdafiə etmək istəyirdi. Amma iş elə alındı ki, fironçular Musanı (ə) qatil kimi tanıdılar. Peyğəmbərlik məqamına çatdığı vaxt Musa (ə) Allaha ərz etdi ki, qorxuram fironçu kişinin ölümü mənim işimə mane olsun. “Kəlla” (belə deyil) təbirindən aydın olur ki, Musa (ə) həmin şəxsi qəsdən öldürməmişdi. Əks təqdirdə, Allah bilərəkdən qətlə əl bulaşdıranı Öz himayəsinə götürməzdi.)

Bildirişlər

1. İnsanların, hətta peyğəmbərlərin tutumu məhduddur. (Allahdan savay hər kəs, hər şey məhduddur).

2. Məsuliyyəti qəbul edərkən insan öz zəif nöqtələrini bildirməlidir.

3. Səmimiyyət və sədaqət peyğəmbərlərin bariz sifətlərindəndir.

4. Rəhbərlik, hidayət, təbliğ və tərbiyədə geniş qəlbə ehtiyac var.

5. Təbliğ və mübarizədə bəzən bir neçə nəfər yanaşı hərəkət etməli olur.

6. Zəif nöqtələri aradan qaldırın, amma məsuliyyətdən qaçmayın. Aradan qaldırılası nöqsanları olan şəxsə iş tapşırmaq olar.

7. Sağlam və qərəzsiz fərdlər onlara böyük məsuliyyət təklif olunduqda daha layiqli insanları məsləhət görürlər.

8. Fərdlərin keçmişi onların işdəki müvəffəqiyyətinə təsirlidir.

9. Qisas qanununun uzun keçmişi var. (Şəhadət peyğəmbərlərin arzusudur. Amma müqəddəs hədəflərin həyata keçməməsi onları qorxudur və nigaran qoyur!)

10. Təbliğə rəhbərlik üçün bir neçə nöqtə nəzərə alınmalıdır. O cümlədən: İctimai durumun araşdırılması, gələcəyin nəzərə alınması, təbliğ üçün təsirli zəminlər hazırlamaq.

11. Haqqı bəyan edərkən nə tərəfdarların azlığından, nə də müxaliflərin çoxluğundan qorxun.

12. Faydalı və münasib təklifi Allah da qəbul edir.

13. Nigarançılıq çəkənlərə təsəlli və yardım ilahi işdir.

15. Mühüm tapşırıqların icrasında dəqiq və anbaan agahlıq zərurətdir.

16. Peyğəmbərlərin möcüzələri hidayət vasitəsi və onların ümmətlər üçün azuqəsidir.

17. Allah bizim işlərimizin xırdalıqlarından xəbərdardır. O hər yerdədir və hər şeyi görür.

18. Təşkilatlanmış və pozucu qruplarla mübarizə üçün öncə onların qaynağına üz tutun.

19. Başqalarını haqqa dəvət edərkən səmimi və qətiyyətli olun.

20. Xalq üçün peyğəmbər göndərmək Allahın rübubiyyət şənlərindəndir.

21. Bütün varlıq aləmi bir növ inkişafdadır.

22. Bütün varlıq aləmi Allahın tədbirinə tabedir.

23. Bütün peyğəmbərlərin bir məqsədləri var.

24. Özünü rəbb sayan kəsə aləmlərin Rəbbindən danışmaq lazımdır.

25. Eyni bir dövrdə iki peyğəmbər göndərilsə, onlardan biri rəhbər olur.

26. Xalqı zalımların əsarətindən azad etmək peyğəmbərlərin proqramlarında ilk maddədir.

Ayə 18-19:

﴿قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنتَ مِنَ الْكَافِرِينَ﴾

“(Firon) dedi: “Səni uşaqlıqda biz saxlamadıqmı, ömrünün neçə ilini yanımızda qalmadınmı? Bununla belə öz bildiyini etdin. (Bizimkilərdən birini yumruqla öldürdün.) Sən nankorlardansan.”

 

Nöqtələr

●Firon iki cümlə ilə Musanın peyğəmbərliyini şübhə altına aldı: “Sən bizim nəzərimizdə qatilsən və qatildən peyğəmbər olmaz”; “Səni biz böyütdük, bizim lütfümüzə nankor oldun. Axı nankordan peyğəmbər olmaz”. Sonrakı ayələrdə Musanın (ə) cavabı bəyan olunur.

Bildirişlər

1. Minnət qoymaq və yaxşılığı üzə vurmaq təkəbbür əhlinin xüsusiyyətlərindəndir.

2. İlahi iradə Musanı (ə) Fironun ağuşunda böyüdür.

3. Böyütdüyümüz, elm öyrətdiyimiz, evləndirdiyimiz, məskən verdiyimiz və bu kimi yardımlar göstərdiyimiz kəsin haqq sözünü yaxşılıqlar bəhanəsi ilə inkar etməyək.

4. Allahın övliyaları yediyi çörəyə görə haqqı inkar etmir. Mühit, cəmiyyət onları dəyişə bilmir. (Musa (ə) demədi ki, uzun müddət Fironun süfrəsində oturduğumuza və bütün cəmiyyət ona təslim olduğuna görə bir kənara çəkilib susaq.)

5. Duz-çörək o demək deyil ki, süfrə sahibinin yanlış hərəkətlərini qəbul edək. (Musa (ə) Fironun duz-çörəyini yemişdi, amma onu özbaşına buraxmadı.)

6. Zalım rəhbərlərin yersiz istəklərinə etina göstərməyək. Təkəbbürlü başçılara qarşı nankorluq pis deyil.

Ayə 20, 21:

﴿قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ﴾

“(Musa) dedi: Mən onu (qətli) törədəndə xəbərsizlərdən idim. Sizdən qorxduğum üçün yanınızdan qaçdım. Sonra Rəbbim mənə hikmət bəxş etdi, məni peyğəmbərlərdən qərar verdi.”

 

Nöqtələr

●Ayədə “hukm” sözü ya Bəni-İsrailə hakimiyyət və himayədarlıq, ya da hikmət və bilik mənasını bildirir.

●Bu iki ayədə həzrət Musa (ə) Fironun iradlarına cavab verir.

İrəlidə deyildiyi kimi, həzrət Musa (ə) öz tərəfdarlarından birini himayə etmək üçün onun vuruşduğu müxalifə bir yumruq vurdu. Müxalif şəxs həmin zərbədən öldü. Bu qətl bilərəkdən və qətl aləti ilə yerinə yetirilməmişdi. Həmin hadisəni bilməyərəkdən baş vermiş yanlışlıq saymaq olardı. Hadisə Musanın (ə) peyğəmbərliyindən əvvəl və bir məzluma tərəfdarlıq məqsədi ilə baş vermişdi.

Ayədəki “zall”, yəni zəlalət, xəbərsizlik sözü məqsədsiz bir çaşqınlığı göstərir və Musanın (ə) ismətinə nöqsan gətirmir. Bu söz “Zuha” surəsinin 7-ci ayəsindəki kimi heyrət mənasında da başa düşülə bilər.

●Həzrət Əmirəl-möminin Əlidən (ə) soruşdular: “Nə üçün həzrət Peyğəmbərdən (s) sonra öz canişinlik haqqını qılıncla almadın? Nə üçün Təlhə, Zübeyr, Müaviyə ilə döyüşdüyün kimi xəlifələrlə döyüşdün? Həzrət buyurdu: “Bəzən sükut lazım gəlir. İbrahim buyurmadımı ki, mən sizdən kənara çəkilirəm?[323] Harun buyurmadımı ki, xalq az qala məni öldürəcəkdi?[324] Yusif buyurmadımı ki, mənim üçün zindan onların istəyini qəbul etməkdən üstündür? Peyğəmbər mağaraya getmədimi və mən də onun yerində yatdım? Musa buyurmadımı ki, qorxduğumdan qaçdım? Həzrət Lut günahkarların istəyinə belə cavab vermədimi ki, kaş qüdrətim olaydı, ya əmin-aman bir yerə sığınaydım?”[325] Bəli, Allahın digər övliyaları da bəzən sükut etməyə məcbur olmuşlar.

Bildirişlər

1. Bəzən etiraf dəyər sayılır.

2. Zalım qüvvələrdən uzaqlaşma ilahi lütfə çatmaq üçün müqəddimədir.

3. Peyğəmbərlər Allahın xüsusi lütflərindən faydalanır.

4. Nübüvvət (peyğəmbərlik) tarix boyu davam etmiş cərəyandır. Musadan (ə) öncə də bir çox peyğəmbərlər olmuşdur. Demək, Fironun təəccübü yersizdir.

Ayə 22:

﴿وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدتَّ بَنِي إِسْرَائِيلَ﴾

“Bəni-İsraili özünə qul etməyin nemətdirmi ki, ona görə mənə minnət qoyursan? (Nə üçün mən atamın evində boya-başa çatmayım?)”

Ayə 23:

﴿قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ﴾

“(Firon) dedi: “Aləmlərin Rəbbi nədir?”

 

Nöqtələr

●Musa (ə) Firona dedi ki, mən atamın evində yaşamalı ikən atamı qul etdin və mən məcbur qalıb sənin evində yaşadım. Məgər bu, müqabilində şükür olası nemətdir, yoxsa əsarət?! Sənin sarayında rifah olsa da, Bəni-İsrailin düşdüyü çətinlik məni narahat edir.

●Qurandan məlum olur ki, Firon öz daxilində Allahı tanıyırdı.[326] Zahirdə isə özünü xalqın Rəbbi sayırdı. Necə ki, bir rəis kimlərəsə hakim, eyni zamanda kiməsə tabedir.[327]

Bildirişlər

1. Təkəbbür insana çirkinliyi gözəl göstərir.

2. Təkəbbür və minnətə qəti cavab verin.

3. Təkəbbürlü şəxs bəzən taxt-tacını qorumaq üçün özünü nadanlığa vurur.

4. Təkəbbür əhli qürurla və qarşı tərəfi alçaldaraq sual verir. Firon “aləmlərin Rəbbi kimdir?” yox, “aləmlərin rəbbi nədir?” deyə soruşdu. (Ərəb dilində “ma” şəkilçisi cansız cisimdən danışıldıqda işlədilir.)

 

Ayə 24:

﴿قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا إن كُنتُم مُّوقِنِينَ﴾

“(Musa) dedi: Əgər inansanız, (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir.”

Ayə 25:

﴿قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ﴾

“(Firon) öz ətrafındakılara dedi: «Eşidirsinizmi, (o nə danışır)?»”

Ayə 26:

﴿قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ﴾

“(Musa növbəti dəfə) dedi: “O sizin və ata-babalarınızın Rəbbidir.”

 

Nöqtələr

●Quran buyurur ki, peyğəmbərlər öz müxalifləri ilə Allahın rübubiyyətini, yəni müdiriyyətini qəbul etdirmək üçün vuruşurdu. Müxaliflər Allahı varlıq aləminin yaradıcısı kimi qəbul edirdilər. Bu gün bəziləri “din siyasətdən ayrıdır” deyirlər. Bu sözlər “Allahın varlıq aləmini yaratması bir, idarə etməsi ayrı məsələdir” deyənlərin sözünə oxşayır. Onlar istəyirlər ki, Allahın xəlq etdiyi dünyanı özləri idarə etsinlər. Quran və ağıl əsasında isə yalnız Yaradana itaət olunmalıdır, yalnız O, qanun verə bilər. Əslində hansı qanunun gərəkli olduğunu Yaradan bilir.[328]

Bəziləri “əgər inanırsınızsa” ifadəsini belə mənalandırır: Musa dedi ki, sizin anlamaq üçün yox, bəhanə üçün sual verdiyinizi bilirəm və əgər həqiqət axtarışındasınızsa varlıq aləminin nizamı haqqında düşünün, Allahın rübubiyyət və birliyini anlayacaqsınız.

Bildirişlər

1. Etiqadla bağlı suallara qəti və aydın cavab verilməlidir.

2. Bütün varlıq aləminin bir Allahı var. (Müşriklər isə çox saylı tanrılara inanırlar.)

3. Bütün varlıq aləmi vahid müdiriyyət və nəzarət altındadır, təkamül hərəkətindədir.

4. Allahın zatını tanımaq mümkünsüzdür, Onu yaratdıqları vasitəsi ilə tanımaq və tanıtdırmaq lazımdır. (Firon Allahın nə olması və necəliyi haqqında soruşdu. Amma Musa (ə) Allahın zatını tanımaq mümkünsüz olduğundan Onun yaratdıqları haqqında danışdı.)

5. Varlıq aləminə müdiriyyətdəki vəhdəti hər kəs dərk edə bilməz. Yəqin əhli göylərin və yerin yaranışını dərindən nəzərdən keçirdikdə ilahi rübubiyyəti dərk edir.

6. Aranı qarışdırmaq, haqqı ört-basdır etmək və başqalarının məntiqli sözlərini kəsmək təkəbbürlü başçıların iş üsuludur.

7. Allah mövcud və gələcək insanları, göyləri və yeri eyni dərəcədə idarə edir.

Ayə 27-28

﴿قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا إِن كُنتُمْ تَعْقِلُونَ﴾

“(Firon) dedi: “Şübhəsiz, sizə doğru göndərilmiş peyğəmbəriniz tamamilə divanədir.” (Musa) dedi: “(O,) əgər düşünsəniz, şərqin, qərbin və onların ikisi arasında olan hər şeyin Rəbbidir.”

Ayə 29-30:



Geri   İrəli
Go to TOP