A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Həmişəlik ölməzə (Allaha) təvəkkül et və Ona sitayişlə təsbih de. Yetər ki, O, bəndələrinin günahlarından tam xəbərdardır.”

 

Nöqtələr

●Quranda “təvəkkül” və ondan alınmış sözlər yetmiş dəfə işlədilmişdir. Təvəkkül dedikdə Allaha güvənmək və işlərdə Onu vəkil seçmək nəzərdə tutulur.

●Ötən ayədə Peyğəmbərə (s) buyuruldu ki, xalqa “mən sizdən muzd istəmirəm” söyləsin. Bu ayədə isə buyurulur ki, xalqın malında gözü olmayan dini rəhbərlər öz ehtiyaclarının təminində yalnız Allaha təvəkkül etsinlər.

●Allaha təvəkkül dedikdə səy və təlaşı dayandırmaq nəzərdə tutulmur. Şair deyir:

 

Peyğəmbər ucadan söylədi bunu:

Təvəkküllə bağla nərin boynunu,

Allah həbibinin eşit sözünü,

Təvəkkül edəndə bükmə dizini.

Təvəkkül et, əl götürmə təlaşdan,

Bel bağla Allaha, çalış ey insan.

Bildirişlər

1. Faninin faniyə (müvəqqətinin müvəqqətiyə) güvənməsi əbəsdir.

2. Zəifin-zəifə güvənməsi əbəsdir.

3. Cahilin-cahilə güvənməsi əbəsdir.

4. Peyğəmbərlərin də ilahi öyüd-nəsihətə ehtiyacları var.

5. Əbədi həyat yalnız Allaha məxsusdur.

6. Həmişə var olan ölməz Allaha təvəkkül et. Əgər bu gün düşmənə möhlət vermişsə, məqsəd onun tövbəsidir. Tövbə edilməyən halda sabah da intiqam üçün fürsət var.

7. Qəlbən təvəkkül əməldə təsbih və həmd-səna ilə müşayiət olunmalıdır.

8. Allah insanların ən xırda işlərindən yetərincə xəbərdardır.

9. Günahkarlar da Allahın bəndələridir.

10. İnsanın Allahın bütün günahlardan xəbərdar olmasına imanı təqva əldə etmək üçün ən üstün vasitədir.

11. Allahın günahlardan agahlığı kafirlərə xəbərdarlıq olmaqla yanaşı, Peyğəmbər (s) üçün təsəllidir. Peyğəmbərə (s) bildirilir ki, nigaran olma, Biz onların pozuculuqların agahıq və inadkar kafirlərlə hesab çəkərik.

Ayə 59:

﴿الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ الرَّحْمَنُ فَاسْأَلْ بِهِ خَبِيرًا﴾

“Göyləri, yeri və onlar arasında olanları altı gündə yaradan Odur. Sonra ərşə hakim oldu. (Aləmin idarə olunmasına başladı.) Odur Rəhman Allah. Ondan istə, O hər şeydən agahdır. (Ya da Onun haqqında bilən kəsdən soruş.)”

 

Nöqtələr

●Dünyanın altı gündə yaradılması ilə bağlı ayələrdə altı dəfə məlumat verilir. Altı gün dedikdə ya altı mərhələ, ya da təbii altı günə bərabər müddət nəzərdə tutulur. Mövləvi deyir:

 

Tədricən yarandı gördüyün hər nə,

Altı gün içində gəldi ərsəyə.

Yoxsa ki, desəydi «ol!» o Yaradan,

Yarada bilərdi yüzlərlə cavan.

Bu tədricilikdə öyüd var sənə:

Səbirlə düz iş gör, yol vermə qəmə.

 

●İslam leksikonunda “ərş” dedikdə yaranışa rəhbərlik və tədbir mərkəzi nəzərdə tutulur. “Ərşə hakim olmaq” dedikdə ilahi hökm və tədbir nəzərdə tutulur.[293]

●İlahi rəhmət hər şeyi əhatə etmişdir:

1. Kainatın nizamı, aləmin yaranışı rəhmət əsasındadır;

2. İnsanın yaranış nizamı rəhmət əsasındadır.[294]

3. Şəriət nizamı və qanunçuluq rəhmət əsasındadır.[295]

4. Qiyamət və hesab-kitab nizamı rəhmət əsasındadır.[296]

Bildirişlər

1. Varlıq aləminin yaranışı tədricən gerçəkləşmişdir.

2. Allah aləmi yaratmışdır, həm də ona tam hakimdir.

3. Varlıq aləmi ilahi rəhmət əsasında idarə olunur.

4. Elə bir şəxsdən bir şey istəyin ki, rəhmət əhli olsun.

5. Soruşmaq ayıb deyil, bilməmək ayıbdır.

6. İlahi maarif əldə etmək üçün mütəxəssisə müraciət olunmalıdır.

Ayə 60:

﴿وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَنِ قَالُوا وَمَا الرَّحْمَنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا﴾

“Onlara «Rəhmana səcdə edin!» söyləndikdə deyərlər: «Rəhman nədir? Yoxsa sənin əmr etdiyin şeyə səcdə edək?» (Bu dəvət) onların nifrətlərini artırar.”

 

Nöqtələr

●Ayədə “ma” sözü iki dəfə işlədilmişdir və hər iki halda cansız cisim nəzərdə tutulmuşdur. Kafirlər bu təbiri işlətməklə Allahın müqəddəs zatını alçaltmaq istəyirdilər. Onlar “Rəhman kimdir?” əvəzinə “Rəhman nədir?” deyə soruşurdular.

●“Rəhman” sözü daimi, sonsuz rəhmət rəmzidir və Allaha məxsus sifətlərdəndir.[297]

Bildirişlər

1. Səcdə allahpərəstliyin izharı, tövhid dinlərinin ruhudur.

2. Yaxşılığa əmr edərkən (əmr be məruf) dəlil göstərin. (Səcdənin dəlili Allahın geniş rəhmətidir.)

3. Küfr və inadkarlıq səbəbindən nəinki peyğəmbərin dəvəti təsirsiz qalır, hətta bu dəvət kafirlərin haqq sözə qarşı nifrətlərini artırır.

 

Ayə 61:

﴿تَبَارَكَ الَّذِي جَعَلَ فِي السَّمَاء بُرُوجًا وَجَعَلَ فِيهَا سِرَاجًا وَقَمَرًا مُّنِيرًا﴾

“Səmada bürclər qərar verən, onda günəş və nurlu ay yaradan kəs mübarək və ucadır.”

Nöqtələr

●“Təbarəkə” sözü yalnız keçmiş zamanda işlədilmiş və bu surədə ondan üç dəfə istifadə olunmuşdur. Deyildiyi kimi, bu söz ya “bərək” sözündən olub sabit, ya da “bərəkət” sözündən olub, çoxlu xeyir mənasını bildirir.

●İmam Baqirin (ə) buyurduğuna əsasən, “buruc “ dedikdə ulduzlar nəzərdə tutulmuşdur.[298]

●“Sirac” sözü günəş mənasını bildirir. Günəşin nuru özündəndir. Nuru özündən olmayan parlaq şeylər “munir” adlanır.[299]

Bildirişlər

1. Ulduzların, günəşin və ayın yaranışı ilahi bərəkət cilvələrindəndir.

Ayə 62:

﴿وَهُوَ الَّذِي جَعَلَ اللَّيْلَ وَالنَّهَارَ خِلْفَةً لِّمَنْ أَرَادَ أَن يَذَّكَّرَ أَوْ أَرَادَ شُكُورًا﴾

“İbrət götürmək və ya şükür etmək istəyənlər üçün gecə və gündüzü bir-biri ilə əvəzləyən Odur.”

 

Nöqtələr

●“Xilafət” sözü iki şeyin bir-birini əvəz etməsi mənasını bildirir.[300]

●İmam Sadiq (ə) buyurur: “Gecə nafilə namazlarından ötürdüyünü gündüz yerinə yetirə bilərsən.” Sonra imam (ə) hazırkı ayəni tilavət etdi.[301]

●Varlığa hakim nizamdan tövhid dərsi almaq öz istəyinizdən asılıdır. Bir çox insanlar bütün ömürlərini təbiət hadisələrinin araşdırılmasına sərf etsələr də, ibrət götürmək məqsədləri olmadığından əliboş qalırlar. Belələri bir ömür güzgü (ayna) satmaqla məşğul olub öz üst-başlarını səliqəyə salmayan şəxslər kimidirlər. Halbuki yoldan ötən hər bir şəxs həmin güzgüyə bir nəzər salmaqla özünü səliqəyə sala bilər. Demək, təkcə baxmaq bəs etmir. İnsanda islah, tərbiyələnmə istəyi də olmalıdır. Deyilənlərdən aydın olur ki, nə üçün bəzi təbiət alimləri bir ömür araşdırma apardıqları halda Allahı tanımırlar. Çünki onlar Allahı tanımaq məqsədi ilə addım atmamışlar. Bəli, ömür boyu nərdivan düzəldib, bir dəfə də olsun onun vasitəsilə yuxarı çıxmayan ustalar var.

Bildirişlər

1. İnsanın istək və iradəsi onun inkişafı üçün zəmindir.

2. İnsan ixtiyar verilmiş bir mövcuddur.

3. İnsan bir xəbərdarlıqla oyanan fitrətə malikdir. (Xatırlatmaq o zaman lazım gəlir ki, insan bildiyi bir şeyi unutmuş olsun.)

4. Həm tanışlıq, həm də əməl və şükür üçün istək lazımdır.

5. Gecə və gündüz şükrə layiq nemətdir.

6. Allah zikri o zaman səmərə verir ki, agahlıq və bəsirət əsasında olsun.

Ayə 63:

﴿وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا﴾

“Yer üzündə təkəbbürsüz gəzən, cahillər (pis sözlərlə) xitab etdikdə mülayimliklə cavab verən kəslər Rəhman Allahın bəndələridirlər.”

Ayə 64:

﴿وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا﴾

“Onlar Rəbləri üçün səcdə və farağat halda gecəni oyaq qalırlar.”

Nöqtələr

●Bu ayədə Allah bəndələrinin on iki sifəti bəyan olunur. Onlardan bəzisi etiqadi, bəzisi ictimai, bəzisi isə əxlaqidir.

●Ola bilsin ki, “məşy”–«yer üzündə aram hərəkət» dedikdə, təkcə yolda yerimək qaydası nəzərdə tutulmamışdır. Uyğun söz orta (nə ifrat, nə də təfrit) həyat tərzinə işarə ola bilər.

●“Həvn” dedikdə həm təvazö və mülayimlik, həm də qəlb aramlığı və vüqar mənaları nəzərdə tutulur.

İmam Sadiq (ə) buyurur: “Həvnən” dedikdə Allahın yaratdığı fitrət əsasında, həmin ruhiyyəyə uyğun yaşayış nəzərdə tutulur. Yəni Allah bəndələri özlərini sıxıntıya, əzab-əziyyətə sürükləmirlər.”[302]

●Burada “səlam” sözü nadanlığa qarşı mülayim rəftarı göstərir. Həzrət İbrahim (ə) buyurdu: “Xudahafiz, tezliklə Allah dərgahından sənin üçün bağışlanma diləyəcəyəm.”[303]

“Bəytutə” sözü bütün gecəni və ya onun bir hissəsini oyaq qalmaq mənasını bildirir. Necə ki, həcc mərasimi əməllərindən biri ziyarətçilərin zilhiccə ayının 11-ci və 12-ci gecəsi Minada qalmasıdır. Fəqihlər həmin yerdə gecənin yarısını oyaq qalmağı bəytutə miqdarı saymışlar.

Həzrət Əli (ə) pak və təqvalı insanları vəsf edərkən buyurur: “Onlar gecələr qiyam (farağat) halında oyaq qalırlar. Onlar gecənin abidləri, gündüzün şirləridirlər.”[304]

Bildirişlər

1. İnsan üçün ən böyük iftixar Allaha bəndəlikdir. Çünki insanı ucaldan sonsuzluğa bağlılıqdır.

2. Hər bir şəxsin rəftarı onun kimliyini göstərir. (Allahın həqiqi bəndələri təvazö nümunələridir.)

3. İslam əhatəli bir dindir, hətta yolu necə yeriməklə bağlı göstəriş verir.

4. İnsanın iman və etiqadı onun rəftarına təsirlidir.

5. Təvazökarlıq bəndəliyin səmərəsi və onun ilk nişanəsidir.

6. Allah bəndələrinin müdara və mülayimliyinin qaynağı qorxu və zəiflik yox, imandır.

7. Vüqar və mülayimlik möminlərin ən bariz sifətlərindəndir.

8. Bütün insanlara - qadınlara və kişilərə, kiçiklərə və böyüklərə, nadanlara və alimlərə - münasibətdə təvazökar olmaq lazımdır.

9. Cahillərlə cahil kimi rəftar etməyin.

10. Müdara, həlimlik və hövsələ möminlərin bariz sifətlərindəndir.

11. Həm əməldə, həm sözdə, həm də ibadətdə təvazökarlıq lazımdır.

12. Nadan və dəyərsiz insanlarla höcətləşməyin. (Onlar öz səviyyələrinə uyğun danışdıqları vaxt siz elm və kəramətlə cavab verin.)

13. İbadət üçün ən üstün vaxt gecədir. Gecə, namaz və münacat arasında güclü rabitə var. (Aram fəza, riyadan uzaqlıq və bir yerə toplanmış fikir gecənin bərəkətlərindəndir.)

14. Gecəni oyaq qalmaq, ibadətin davamı Allahın həqiqi bəndələrinin nişanəsidir.

15. İbadəti dəyərli edən ixlasdır.

 

 

 

 

 

 

Ayə 65:

﴿وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا اصْرِفْ عَنَّا عَذَابَ جَهَنَّمَ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا﴾

“Onlar deyərlər: “Pərvərdigara! Cəhənnəm əzabını bizdən uzaqlaşdır. Onun əzabı üzücüdür.”

Ayə 66:

﴿إِنَّهَا سَاءتْ مُسْتَقَرًّا وَمُقَامًا﴾

“Həqiqətən Cəhənnəm pis yer, pis mənzildir.”

 

Nöqtələr

●“Ğəram” sözü insana qurtuluş yolu qoymayan müsibət mənasını bildirir. Bu müsibət bir növ insanın çiyninə yük qoyur.[305]

●İnsan həm ibadət, həm də digər xeyir əməllər vasitəsi ilə oddan qurtuluş yolu axtarmalıdır. Həzrət Əli (ə) öz malından Allah yolunda vəqf edərkən vəqfnamədə belə yazdı: “Bu malı vəqf etdim ki, onun vasitəsi ilə Cəhənnəm odundan amanda qalım və bu od məndən uzaq olsun.”[306]

Bildirişlər

1. İbadət üçün gecəni oyaq qalsanız da qürrələnməyin.

2. Məadı, ölümdən sonrakı həyatı yada salmaq Allahın həqiqi bəndələrinin xüsusiyyətlərindəndir.

3. Allahın xüsusi, həqiqi bəndələri Behişt barədə düşünməzdən öncə, Cəhənnəm odundan qorxurlar.

Ayə 67:

﴿وَالَّذِينَ إِذَا أَنفَقُوا لَمْ يُسْرِفُوا وَلَمْ يَقْتُرُوا وَكَانَ بَيْنَ ذَلِكَ قَوَامًا﴾

“Onlar infaq edəndə nə israfa yol verər, nə də xəsislik göstərərlər. Bu iki hədd arasında orta həddi gözləyərlər.”

 

Nöqtələr

●“Qəvam” sözü orta hədd, “qivam” sözü qiyam vasitəsi mənasını bildirir.

●İmam Rza (ə) infaq üçün orta həddi “Bəqərə” surəsinin 236-cı ayəsində göstərildiyi kimi müəyyənləşdirir. Yəni varlı öz şəninə uyğun, yoxsul öz gücü hədində - ürfə uyğun - infaq etməlidir.[307]

●İmam Sadiq (ə) buyurur: “Batil yolda az da olsa bəxşiş israfdır. Haqq yolda qıymamazlıq isə xəsislikdir.”[308]

●Quranın digər bir ayəsində oxuyuruq: “Nə əlini boynunda zəncirləyib xəsis ol, nə də əlini tam açıb israf et.”[309]

●İmam Sadiq (ə) yerdən bir miqdar çınqıl götürüb əlində sıxdı və buyurdu: “Bu, iqtardır (xəsislikdir).” Sonra o biri əlin çınqılla doldurub elə açdı ki, bütün çınqıllar yerə töküldü. Sonra həzrət buyurdu: “Bu, israfdır.” Üçüncü dəfə ovcunu doldurub azca açdı. Belə ki, çınqıldan bir qədər yerə töküldü, bir qədəri həzrətin əlində qaldı. Sonra həzrət buyurdu: “Bu, qəvam, orta həddir.”[310]

Bildirişlər

1. Rəhman Allahın bəndəsi üçün infaq etmək zəruri bir vəzifədir.

2. Gecə namazı, Cəhənnəm qorxusu və Allah xofu cəmiyyətdəki imkansızlara əl tutmaqla müşayiət olunmalıdır.

3. İnsanın mülkiyyət hüququ var, amma xərclərlə bağlı məhdudiyyət qoyulmuşdur.

4. İsrafa icazə yoxdur, hətta infaqda belə israfa yol verilməməlidir.

5. Allahın həqiqi bəndələri xəsislikdən uzaqdırlar.

6. Orta ümmət orta həddə əsaslanan proqramlara malik olmalıdır.

7. İbadət və infaqda orta həddi gözləmək dəyərdir.

Ayə 68:

﴿وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَن يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا﴾

“(Allahın əsil bəndələri) o kəslərdir ki, Allahı qoyub başqa bir məbudu çağırmazlar, Allah tərəfindən (qanı) haram edilmiş insanı haqsız yerə öldürməzlər və zina etməzlər. Kim belə etsə, öz günahının cəzasını görəcəkdir.”

 

Nöqtələr

●“İsm” (“اثم”) sözü “günah”, “əsam” sözü “günahın cəzası” mənasını bildirir.

●Bu ayələrdə Allahın xüsusi bəndələrinin müsbət işləri ilə yanaşı, onların daim uzaq qaldıqları mənfi işlər də zikr olunmuşdur.

●Bu ayədə rəvayətlərdə ən böyük günahlardan sayılan şirk, qətl və zinadan danışılır.[311]

●İnsanı öldürmək böyük günahlardandır. Amma “illa bil-həqq” təbirindən aydın olur ki, zəruri hallarda qətl haqdır. O cümlədən: 1-qatildən qisas, 2-məhrəmlərlə zina, 3-müsəlman qadınla kafirin zinası, 4-qadını məcbur edən zinakar, 5-zövcəsi olan kəsin zinası, 6-peyğəmbərlik iddiasında olmaq, 7-Peyğəmbər (s) və məsum imamların (ə) təhqiri, 8-sehrlə məşğul olan müsəlman, 9-fəsadçı və hücum çəkən, 10-mürtəd (dindən çıxan), 11-dövrün ədalətli imamına qarşı qiyam qaldıran, 12-hücum çəkən müşrik.[312]

Bildirişlər

1. İnsanı günaha vadar edən ən təhlükəli daxili qüvvə qəzəb və şəhvətdir. Mömin insan öz hislərinə hakim olmalıdır.

2. Allah-təala bəzi hallarda insanın qətlə yetirilməsini nəzərdə tutur. Amma O heç adla, heç bir şəraitdə razılıq vermir ki, insan şirk və zinaya aludə olsun.

3. Quranın şirk, zina və qətldən uzaqlıqla bağlı göstərişləri təkcə moizə yox, bir qanundur və bu qanunun pozulması müqabilində şiddətli cəza nəzərdə tutulur.

4. Qanunu pozan şəxs cəzalandırılır və ilahi cəzalarda istisnaya yer yoxdur.

Ayə 69:

﴿يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا﴾

“Qiyamət günü onun əzabı ikiqat olar və həmişə orada zəlalətdə qalar.”

 

 

 

 

 

 

Ayə 70:

﴿إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُوْلَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا﴾

“Yalnız tövbə edib iman gətirən və saleh işlər görən kəslər istisnadır. Onlar pislikləri Allah tərəfindən yaxşılıqla əvəz olunanlardır. Allah bağışlayan və mehribandır.”

 

Nöqtələr

●Günahkarların əzabının bir neçə dəfə artırılması ilahi ədalətə zidd deyil. Yalnız böyük və neçə qat əsəri olan günah müqabilində əzab artırılır. Məsələn, zinakar həm günah edir, həm də başqasını günaha sürükləyir. Üstəlik bu günahdan qeyri-qanuni övlad da doğula bilər ki, belə bir övladda mənfiliyə irsən meyl olasıdır. Başqa bir misal: Bir şəxsi qətlə yetirən insan həmin şəxsin yaxınlarının qəlbini parçalayır, ailəni başsız, övladları yetim qoyur, cəmiyyətdə ümidsizlik yaradır. Bu nəticələrin hər birinə görə ayrılıqda cəza vermək olar. Bəzən də fəsadçı bir şəxs cəmiyyətdə pis ənənənin bünövrəsini qoyur və bu ənənə tarix boyu davam edir. İnsanlar nəsil-nəsil bu ənənə səbəbindən günaha batdıqca həmin ənənənin bünövrəsini qoyan üçün də günah yazılır.

●Bütün alim və təfsirçilərin yekdil nəzərlərinə əsasən, zina ayrıca götürüldükdə əbədi Cəhənnəm əzabına səbəb olmur. Əbədi Cəhənnəm əzabı zinakar müşriklərə aiddir. Bəli, haqq və batil əqidə, küfr və şirk dünyagörüşü cəzaların ağırlığına təsir göstərir.

●İmam Rza (ə) buyurur: “Peyğəmbərə (s) dedilər ki, filankəs xeyli günaha batdığı üçün bədbəxtdir. Həzrət buyurdu: “Heç də sizin dediyiniz kimi deyil. Əksinə o nicat tapıb, xoş aqibətə çatıb, günahları aradan götürülərək xeyir əmələ çevrilib. Çünki bir gün o, yoldan keçərkən yol kənarında yatmış və ayıb yeri açıq qalmış bir mömin gördü. Dediyiniz şəxs möminin ayıb yerini örtdü və xəcalət çəkməsin deyə ona bu barədə heç nə demədi. Sonradan hadisəni görmüş üçüncü bir şəxs əhvalatı möminə nəql etdi. Mömin onun ayıbını örtmüş şəxs üçün dua etdi ki, Allah sənə böyük ətalar etsin, axirətini xeyirli qərar versin, səninlə yüngül hesab çəksin. Allah möminin duasını qəbul etdi və öncə günahkar kimi tanınmış şəxsin aqibəti xeyir oldu.

Həzrət Peyğəmbərin (s) bu müjdəsini eşidən günahkar bütün günahlarına tövbə qıldı və ibadət əhli oldu. Bir həftə sonra İslam düşmənləri Mədinəyə hücum etdiyi vaxt Peyğəmbər (s) müdafiə göstərişi verdi. Həmin şəxs müsəlmanlarla birlikdə müdafiəyə qalxdı və düşmənlə döyüşdə şəhadətə yetişdi. Onun ölümü xeyir və səadətlə başa çatdı.[313]

●Cəzanı bir neçə qat artıran amillər vardır. Həmin amillərdən bəzilərini nəzərdən keçirək:

1. Bəzən ictimai şəxsiyyətə malik olması günahların cəzasını ikiqat artırır. Allah-təala Peyğəmbərin (s) zövcələrinə buyurur: “Siz peyğəmbər zövcələrindən hansı biriniz pis iş görsə, ikiqat cəzası var.”[314]

2. Bəzən zaman günahı ikiqat artırır. Məsələn, cümə günü baş verən günah. Rəvayətlərdə bildirilir ki, cümə gününün xeyir və ya şəri ikiqat ölçülür.[315]

3. Bəzən günah başqa günahlara səbəb olur. Yəni günaha yol verən şəxs başqalarını da azdırır.[316]

Bildirişlər

1. Qiyamət cəzalarının kəmiyyət və keyfiyyət ölçüsü var.

2. İslamda çıxılmaz vəziyyət yoxdur. Günahlar üçün də qayıdış yolu var.

3. İman günah zamanı əldən çıxır, tövbə ilə geri qayıdır.

4. Tövbə təkcə dilə aid deyil, əhatəli bir inqilabdır. Saleh əməl həqiqi tövbə nişanəsidir.

5. Həqiqi tövbə və iman insanın işlərinə təsir göstərir, xoşagəlməz rəftarları aradan qaldırır.

6. Allah varlıq aləminin yaranışında torpaqdan çiçək yaratdığı kimi, insanın pis işlərini də yaxşı işlərə çevirə bilir.

Ayə 71:

﴿وَمَن تَابَ وَعَمِلَ صَالِحًا فَإِنَّهُ يَتُوبُ إِلَى اللَّهِ مَتَابًا﴾

“Tövbə edib saleh iş görən kəs həqiqətən Allaha doğru bəyənilmiş bir qayıdışdadır. (Və öz mükafatını alır.)”

 

Bildirişlər

1. Gerçək tövbə saleh əməllə müşayiət olunur.

2. Tövbə edən şəxs Allahın qonağıdır.

Ayə 72:

﴿وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ وَإِذَا مَرُّوا بِاللَّغْوِ مَرُّوا كِرَامًا﴾

“(Allahın bəndələri) o kəslərdir ki, batil işə durub baxmaz, boş işlərlə rastlaşdıqda böyüklüklə ötüb keçərlər.”

 

Nöqtələr

●“Şəhidə” sözünün iki mənası var: iştirak etmək və şahid olmaq. Bu ayədə hər iki mənadan istifadə edilə bilər. Yəni onlar nə pis yığıncaqlarda iştirak edər, nə batilə şahid olarlar. “Zur” dedikdə haqq libası geymiş batil iş nəzərdə tutulur. Təfsirlərdə bu söz batil şəhadət, yalan və ğina (haram musiqi) mənalarında təqdim olunmuşdur.

●İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə bildirilir ki, “zur” ayədə ğina mənasında qəbul olunmuşdur.[317]

●“Məcməul-bəyan” təfsirində oxuyuruq: “Kəramət odur ki, insan çirkin bir şeyin adını çəkməyə məcbur olduqda işarə ilə ad çəksin. İmam Baqirdən (ə) nəql olunmuş rəvayətdə oxuyuruq: “Onlar (kəramətli insanlar) ayıb yerin adını çəkmək lazım gəldikdə işarə ilə danışarlar.” Əlbəttə ki, bu, böyüklüklə rəftarın bir nümunəsidir.

●İmam Sadiq (ə) buyurdu: “Allah haram olanı dinləməməyi qulağa vacib etmişdir.” Sonra imam hazırkı ayəni tilavət etdi.[318]

Bildirişlər

1. Təkcə günaha yol vermək yox, həm də günah məclisində iştirak etmək və günaha şahid olmaq qadağandır.

2. İstənilən bir yığıncaqda istənilən bir məlumatı əldə etmək dəyər deyil. (Bəzən yığıncaqdan kənar olmaq zəruridir.)

3. Günah məclisində iştirak etməmək, günahkarlara etinasızlıq nəhy əz münkərin (pisliyə qadağanın) bir növüdür.

4. Fəsad məclisində iştirak hətta həqiqi bəndələrə də təsir göstərir.

5. Sözdə, işdə və istəkdə istənilən növ batil (“ləğv”) qadağandır. (Həqiqi Allah bəndələri ağıllı və faydalı məqsəd izləyir, öz ömürlərini boş işlərə sərf etmirlər.)

6. Pisliyə qadağa qoyarkən bəzən sərt rəftar lazım gəlir.

7. Pis düşüncələrin ruhumuzda möhkəmlənməsinə yol verməyək.

Ayə 73:

﴿وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا صُمًّا وَعُمْيَانًا﴾

“Onlara Rəblərinin ayələri xatırladıldıqda kor-koranə onu qəbul etməzlər, (agahlıqla əməl edərlər).”

Ayə 74:

﴿وَالَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرَّةَ أَعْيُنٍ وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا﴾

“Onlar deyərlər: “Pərvərdigara! Bizə zövcələrimiz və övladlarımız tərəfindən gözümüzü işıqlandıracaq səbəb əta et və bizi təqvalılara imam qərar ver.”

Nöqtələr

●İman agahlıq və bəsirətə əsaslanmalıdır. ”Ali İmran” surəsinin 191-ci ayəsində bildirilir ki, düşüncəli möminlər öncə göylərin və yerin yaranışı haqqında düşünür, sonra təsdiqləyirlər ki, Allah bütün bunları boş yerə yaratmayıb. Bu ayədə də qeyd olunur ki, möminlər kor-koranə bir şeyi qəbul etməzlər.”

Bildirişlər

1. Bəndəlik və bəsirət rəhman Allahın bəndələrinin sifətlərindəndir. Rəhmanın bəndələri agah halda din sorağınca gedirlər.

2. İnsan ailə-övladı, nəsli qarşısında vəzifəlidir. O öz nəslinin xoş aqibəti üçün çalışmalı və dua etməlidir.

3. Tərbiyə prosesində elm və səydən əlavə, Allahdan yardım da istənilməlidir.

4. Saleh övlad göz işığıdır.



Geri   İrəli
Go to TOP