A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Nöqtələr

●Allah-təala Quranda zülmün bəzi əsərlərini bəyan etmişdir. O cümlədən:

1. Nakamlıq–“Allah zalımlara nicat verməz.[232]

2. Məhrumiyyət–“Allahın lütflərindən məhrumluq.[233]

3. Əzab.[234]

4. Zalımlardan fidyə (gördükləri işə görə əvəz) qəbul olunmaz.[235]

5. Üzrün qəbul olunmaması.[236] Bundan da pisi onlara üzr istəmək üçün icazə verilməz.[237]

Bildirişlər

1. Uydurma məbudlar və bütlər nəinki yardımçı deyil, hətta sizin sözünüzü və işinizi inkar edirlər.

2. Müşrik insan Qiyamətdə heç bir himayə görməz və özünü qurtarmaq üçün bir iş görməkdə aciz olar.

3. Müşrik zalımdır.

Ayə 20:

﴿وَما أَرْسَلْنَا قَبْلَكَ مِنَ الْمُرْسَلِينَ إِلَّا إِنَّهُمْ لَيَأْكُلُونَ الطَّعَامَ وَيَمْشُونَ فِي الْأَسْوَاقِ وَجَعَلْنَا بَعْضَكُمْ لِبَعْضٍ فِتْنَةً أَتَصْبِرُونَ وَكَانَ رَبُّكَ بَصِيرًا﴾

“Biz səndən öncə yeməyən və bazarlarda gəzməyən heç bir peyğəmbər göndərmədik. Biz sizin bəzilərinizi digərləri vasitəsi ilə sınağa çəkdik. Görən səbir və dözüm göstərəcəksinizmi? Sənin Rəbbin daim görəndir.”

 

Nöqtələr

●Hazırkı surənin yeddinci ayəsində kafirlərin İslam Peyğəmbərinin (s) adi həyat tərzi ilə bağlı bəhanələri bəyan olunur. Bu ayədə isə buyurulur ki, bütün peyğəmbərlər qidalanmış, xalq arasında olmuş və bazarlara get-gəl etmişlər.

Bildirişlər

1. Elçilər göndərmək Allahın proqramlarından və sünnələrindəndir.

2. Tarixlə tanışlıq həm bəhanə axtaranları tərk-silah edir, həm də həzrət Peyğəmbər (s) üçün təsəlli səbəbidir.

3. Bütün peyğəmbərlər xalq kimi sadə həyat tərzi keçirmişlər.

4. Mürəbbinin (tərbiyəçinin) xalqla get-gəli olmalıdır.

5. Peyğəmbərin sadə həyat tərzi xalq üçün sınaqdır. (Bəli, əgər peyğəmbərlər rifah içində və saraylarda yaşasaydılar, xalq onların imkanlarına görə ətraflarında toplaşardı və belə bir meylin dəyəri olmazdı. İnsanın imkanları ilə başqalarından seçilməyən adi şəxsə itaəti dəyərlidir.

6. Xalqın sınaq vasitələrindən biri onun özüdür. Bəzilərinə var-dövlət verilir ki, onun şükür və ya tüğyan edəcəyi bilinsin. Bəziləri də məhrumiyyətə salınır ki, səbir edəcəyi və ya varlılara həsəd aparacağı müəyyən olunsun.

7. İlahi sınaqlarda müvəffəqiyyət açarı səbirdir.

8. İlahi sınaqların fəlsəfəsi insan tərbiyəsidir.

9. İlahi sınaqlar zamanı Allah üçün yeni bir şey məlum olmur. O hər şeydən agahdır. Sınaqlar sadəcə insanların istedadını çiçəkləndirir. Mükafat və cəza xislətlərin üzə çıxması əsasında təyin olunur.

10. Allahın hüzurundan xəbərdarlıq insanda səbir yaradan amildir.


 

On doqquzuncu cüz

Ayə 21:

﴿وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءنَا لَوْلَا أُنزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَى رَبَّنَا لَقَدِ اسْتَكْبَرُوا فِي أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِيرًا﴾

“Bizimlə görüşə ümidi olmayanlar dedilər: ”Nə üçün bizə mələklər nazil olmur, nə üçün Rəbbimizi görmürük?” Şübhəsiz onlar özlərini böyük tutdular və böyük tüğyana yol verdilər.”

 

Nöqtələr

●“Utuvv” sözü ən pis zülm mənasını bildirir.[238]

●Qiyamət gününü “liqa” (görüş) günü adlandırırlar. Çünki həmin gün qəflət pərdələri götürülər və insanlar Allahın əzəmətini seyr edərlər.[239]

Bildirişlər

1. Məada, ölümdən sonrakı həyata etimadsızlıq bəhanələr üçün bir səbəbdir.

2. İnsanın tərbiyəsi və Allaha itaəti üçün elə Qiyamətə ümid də bəs edər.

3. Qiyamət günü ilahi lütf və ya qəhr-qəzəblə görüş günüdür.

4. Kafirlər mələklərin varlığına inanırdılar.

5. Materialistlər hər şeyi maddi sayır, gözləri ilə Allahı görmək istəyirdilər.

6. İnsanın tüğyan və təkəbbürünün səbəbi onun daxilindəki yuxarıdan getmək həvəsidir.

7. Günah və təcavüzün dərəcələri var.

Ayə 22:

﴿يَوْمَ يَرَوْنَ الْمَلَائِكَةَ لَا بُشْرَى يَوْمَئِذٍ لِّلْمُجْرِمِينَ وَيَقُولُونَ حِجْرًا مَّحْجُورًا﴾

“Mələkləri görəcəkləri gün günahkarlar üçün müjdə deyil. (Mələklər günahkarlara) deyərlər: «(Sizin üçün Behişt) haram və qadağandır.»”

 

Nöqtələr

●Ötən ayədə Qiyamətə ümidi olmayan təkəbbür əhlindən danışıldı. Bu ayədə isə deyilir ki, mələklər nazil olacaq, amma vəhy əvəzinə ağır xəbərdarlıq gətirəcək. İmam Baqir (ə) buyurur ki, həmin gün onlar üçün ölüm günüdür, Allah ölüm mələyinə əmr edər ki, kafirlərin canını çıxarsın; onların canını çıxararlar və canları boğazlarına yetən vaxt mələklər onların üzlərinə və arxalarına vurarlar. Sonra həzrət hazırkı ayəni tilavət etdi.[240]

●“Hicr” dedikdə qayıdış mənası anlaşılır. Ağıl insanı yanlışlıqdan çəkindirdiyi üçün ona “hicr” deyilir.[241]

Xalqın get-gəlinin qarşısını almaq üçün daşlarla əhatəyə alınmış məntəqə “məhcur” adlanır.

●Allahı görmək mümkünsüzdür. Amma müəyyən şərtlərlə mələkləri görmək olar. Başqa ayələrdə oxuyuruq: “Qiyamətdə mələklər möminlərə salam verərlər.”[242] Cəhənnəm əhli Cəhənnəmə məmur mələklərdən yardım diləyər.[243]

Bildirişlər

1. Mələklər xüsusi şəraitlərdə görünürlər.

2. Mələklərin gəlişini gözləyən təkəbbür əhli heç bir müjdə almaz.

Ayə 23:

﴿وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاء مَّنثُورًا﴾

“Biz onların hər bir əməlinin sorağına gedər və onu dağınıq toza döndərərik.”

 

Nöqtələr

●Narın torpağa “həba” deyilir. ”Mənsur” sözü dağılmış, yayılmış mənasını bildirir. Qurani-Kərim digər bir yerdə kafirlərin əməlini iti küləyin göyə sovurduğu külə bənzədir. [244]

Başqa bir ayədə kafirlərin işi təşnə insanın su hesab etdiyi ilğıma oxşadılır. [245]

●Rəvayətlərdə əməli puça çıxmış insanlara misal olaraq, haram tikədən çəkinməyib namaz qılan, oruc tutan insanlar göstərilir. Həzrət Əli (ə) və onun şiələrinə kin-küdurətlə yanaşanlar da bu qəbildəndirlər.[246]

Bildirişlər

1. Qiyamətdə insanın əməlləri təcəssüm olunar.

2. Günahkarların böyük əməli puça çıxa bilər.

3. İnsanın əməllərinin onun gözü qarşısında puça çıxması Qiyamət dərdlərindəndir.

4. İnsanın niyyəti işin canını təşkil edir. Əqidə və ixlassız əməl nəticəsizdir.

Ayə 24:

﴿أَصْحَابُ الْجَنَّةِ يَوْمَئِذٍ خَيْرٌ مُّسْتَقَرًّا وَأَحْسَنُ مَقِيلًا﴾

“Həmin gün Behişt əhlinin öz yeri və gözəl istirahət mənzili var.”

 

Nöqtələr

●“Xeyir” və “əhsən” sözləri bəzən “ən yaxşı, ən üstün” mənasını bildirmir. Bu sözün “daha üstün” mənasında işlənməsi üçün müqayisə tərəfi «yaxşı, üstün» üçün olmalıdır. Bu ayədə də uyğun sözlər «yaxşı» mənasında işlədilmişdir. Çünki əvvəlki ayədə xatırladılanlar yaxşı deyildi.

●“Məqil” dedikdə günorta istirahəti nəzərdə tutulur. Bu istirahət vaxtı yatmaq da olar.[247]

Bildirişlər

1. Xəbərdarlıq və qorxutma ilə yanaşı təşviq və müjdə də zəruridir.

Ayə 25:

﴿وَيَوْمَ تَشَقَّقُ السَّمَاء بِالْغَمَامِ وَنُزِّلَ الْمَلَائِكَةُ تَنزِيلًا﴾

“Göyün buludlarla parçalanması, mələklərin nazil olacağı gün...”

Ayə 26:

﴿الْمُلْكُ يَوْمَئِذٍ الْحَقُّ لِلرَّحْمَنِ وَكَانَ يَوْمًا عَلَى الْكَافِرِينَ عَسِيرًا﴾

“Həmin gün haqqın hökmü Rəhman Allaha məxsusdur və o gün kafirlər üçün ağırdır.”

 

Nöqtələr

●Qiyamət günü kafirlərə vasitələrin, üzürxahlıqların, var-dövlətin, ailə-övladın, qohum-əqrəbanın, məqamın faydası olmadığından həmin gün kafirlər üçün ağırdır.

●“Bilğəmam” sözü “buludla yanaşı” mənasını verə bilər. Yəni səma buludlara parçalanar.

●“Nuzzilə” sözündən aydın olur ki, mələklər Qiyamət günü gözlənilmədən xüsusi bir şəkildə nazil olarlar.

Bildirişlər

1. Səma başlanğıcda tüstü olmuşdur.[248] O, gələcəkdə də məhv olacaqdır.

2. Mələklərin yeri səmalardır.

3. Allahın mülk və hakimiyyəti etibari və ədalətsiz yox, gerçək və ədalətlidir.

4. Qiyamət günü ilahi rəhmətin təcəlla günüdür.

Ayə 27:

﴿وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا﴾

“Elə bir gün ki, zalım (müşrik) öz əllərini çeynəyib deyər: «Kaş ki,» peyğəmbərlə olaydım.”

Ayə 28:

﴿يَا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا﴾

“Vay olsun mənə! Kaş filankəsi özümə dost tutmayaydım.”

Ayə 29:

﴿لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا﴾

“Allah tərəfindən mənim üçün haqq gəldikdən sonra Dostum məni azdırdı. Şeytan ümid gözləyəndə insanı atar.”

 

Nöqtələr

●“Xəzulən” dedikdə insanın himayəsinə ümidli olduğu kəs tərəfindən atılması başa düşülür.

●Rəvayətlərə əsasən, ilahi rəhbər zikr nümunəsidir. Zikrdən uzaqlıq dedikdə rəhbərdən uzaqlıq mənası anlaşılır.[249]

●İslam dost və dost seçimi ilə bağlı bir çox tövsiyələr vermişdir. Bəziləri ilə dostluq bəyənilirsə, bəziləri ilə də dostluq qadağan edilir. Bu nöqtələri açıqlamaq üçün müstəqil bir söhbətə ehtiyac var. “Dost və dostluq” mövzusunda açıqlanası bəzi məsələləri nəzərdən keçirək: Dostu tanıma yolları, dostluq çərçivəsi, dostluğun davamı, dostluğu qırmaq, dostluq amilləri, dostlarla ünsiyyət qaydaları, dostun hüquqları. Bu məsələlərin hər biri çoxsaylı ayə və rəvayətlərdə açıqlanılır. Bəzi rəvayətləri nəzərdən keçirək:

–Bir şəxsi tanımaqda çətinlik çəkirsinizsə, onun kimlərlə dostluq etdiyinə nəzər salın.[250]

–Pis dostdan tənhalıq yaxşıdır.”[251]

–Peyğəmbərdən yaxşı dost haqqında soruşdular. Həzrət buyurdu: “Ən yaxşı dost odur ki, onunla görüş yadınıza Allahı salsın, danışığı elminizi artırsın, rəftarı Qiyamətlə bağlı düşüncənizi oyatsın.”[252]

–Həzrət Əli (ə) buyurmuşdur: “Gücdən düşdüyün vaxt həqiqi dostların düşmənlərdən seçilər.”[253]

–Həzrət Əli (ə) buyurur: “Yaxşı dost ən üstün qohumdur.”[254]

–Hədisdə deyilir: Dostunu qəzəbə, dinar-dirhəmə münasibətdə və müsafirətdə sınağa çək. Bu sınaqlardan uğurla çıxsa, yaxşı dostdur.”[255]

Dost və dostluq haqqında çoxlu şerlər yazılmış, yaxşı dostlarla yaxınlıq tövsiyə olunmuşdur.

Yaxşı bir yoldaşın, yaxşı rəfiqin

Ağlını, dinini artırar sənin.

Pis insanlarla dostluq məzəmmət olunmuş, pis dost içində öldürücü zəhər olan xoş görünüşlü ilana bənzədilmişdir.

Pis dostdan uzaq ol bacarsan əgər,

Bil, dili altında gəzdirir zəhər.

Təkcə bədənini çalırsa ilan,

Pis dost həm can alır, həm də ki, iman.

 

Şerlərdə pis dost qara buluda oxşadılır. Qara bulud əzəmətli günəşin qarşısını kəsir.

 

Pislərlə oturma, onların sözü,

Nə qədər pak olsan, qaraldar üzü.

Günəş yer üzünə çiləsə də nur,

Bulud önün kəsir, həqiqət budur.

Bildirişlər

1. İnsanın içdən çəkdiyi həsrət onun əməl və rəftarlarına təsir göstərir.

2. Peyğəmbər yolundan üz çevirmək zülmdür.

3. Qiyamət əzabı çox ağırdır. (Müşrik Qiyamət səhnəsində təkcə barmağını və ya bir əlini yox, hər iki əlini gəmirir.)

4. Qiyamətdə vicdanlar oyanır.

5. Peşmanlıq insanın azad olduğunu göstərir. İnsan məcbur edilsəydi, peşmançılıq mənasız olardı.

6. Bu günün qeyri-şəri dostluqlarının təhlükəli sabahı var. Dostların insanın taleyinə təsiri var.

7. İman təklikdə bəs etmir, peyğəmbərlərlə birlikdə olmaq da zəruridir.

8. Peyğəmbərlərlə cüzi rabitə qurtuluş yolu ola bilər.

9. Bir qəlbdə iki sevgi yaşatmaq olmaz. (Ya peyğəmbər sevgisi, ya da azğın insanla dostluq!)

10. Azğın dostlar şeytana işləyir.

11. Əsas məsələ ad yox, görülən işdir.

12. Pis dostun əlaməti insanı yuxuya verməsidir.

13. Bəzən dostluq hissləri dəlil və məntiqə qalib gəlir.

14. Allah bütün xalqa höccəti tamamlayır, xəbərdarlığı başa çatdırır.

Ayə 30:

﴿وَقَالَ الرَّسُولُ يَا رَبِّ إِنَّ قَوْمِي اتَّخَذُوا هَذَا الْقُرْآنَ مَهْجُورًا﴾

“Peyğəmbər (Qiyamət günü şikayətlə) deyər: “Pərvərdigara! Mənim qövmüm bu Quranı tərk etdi.”

 

Nöqtələr

●Ayədə İslam Peyğəmbərinin (s) gileyindən danışılır. Həzrət aləmlərə rəhmət olduğundan nifrin etmir.

●İmam Rza (ə) buyurur: “Namazda Quran oxumağımızın səbəbi budur ki, Quran tərk olunmasın.”[256]

●Rəvayətlərdə deyilir: Hər gün Qurandan əlli (50) ayə oxuyun. Məqsədiniz surəni başa vurmaq olmasın, aram oxuyun, Quran tilavəti ilə qəlbinizi hərəkətə gətirin. Fitnələr qaraqlıq gecə tək üstünüzə hücum çəkəndə Qurana sığının.[257]

●Böyük şəxsiyyətlərdən bəzilərinin Qurandan uzaqlıqla bağlı qeydlərini nəzərdən keçirək:

a) Molla Sədra “Vaqiə” surəsinin təfsirindəki müqəddimədə deyir: Filosofların və hikmət alimlərinin kitablarını xeyli mütaliə etdikdən sonra elə bildim ki, bir məqama çatmışam. Amma bəsirət gözüm azca açıldıqda həqiqi elmlərdən xəbərsiz olduğumu gördüm. Ömrümün sonlarında belə bir qərara gəldim ki, Quran və məsumların buyruqlarını araşdırıb düşünüm. Əmin oldum ki, işim əsassız olub, bir ömür nuru qoyub kölgədə dayanmışam. Qəm-qüssədən içim yandı, qəlbim şölələndi. Nəhayət, ilahi mərhəmət əlimdən tutdu və məni Quranın sirləri ilə tanış etdi. Quranın təfsir və təfəkkürünə başladım. Vəhy evinin qapısını döydüm, qapılar açıldı, pərdələr kənara çəkildi, mələklərin mənə salam verdiyini eşitdim.”

b) Feyz Kaşani deyir: “Kitab və risalələr yazdım, araşdırmalar apardım. Amma heç bir elmdə dərdimə dərman, yanğıma su tapmadım. Qorxdum və Allaha doğru qaçaraq yalvardım. Nəhayət, Allah məni Quran və hədisə varmaq yolu ilə hidayət etdi.”[258]

v) İmam Xomeyni öz söhbətlərində qeyd edir ki, bütün ömrünü Quran yolunda sərf etmədiyi üçün təəssüf edir. O, elmi mərkəzlərə və universitetlərə tövsiyə edir ki, Quran və onun müxtəlif yönümlərini bütün sahələrdə ali məqsəd seçsinlər. Belə olmasın ki, qocalan vaxt cavanlıqları üçün təəssüf etsinlər.[259]

●“Hicr” dedikdə əməl, cisim, dil, qəlblə ayrılıq nəzərdə tutulur.[260]

●İnsanla səmavi kitab arasındakı rabitə daimi və hərtərəfli olmalıdır. Çünki “hicr” sözü insanla bir şey arasında rabitə olduqda işlədilir.[261]

Bəli, bütün istiqamətlərdə çalışmalıyıq ki, Quranı qəriblikdən xilas edək, onu həyatın bütün sahələrində elmi və əməli mehvər seçək. Bu yolla əziz İslam Peyğəmbərinin (s) razılığını qazanarıq.

●Quran oxumamaq, başqa kitabları Qurandan üstün tutmaq, Quranı həyat qanunu seçməmək, Quran ayələri haqqında düşünməmək, onu başqalarına təlim etməmək, Quran göstərişlərinə tabe olmamaq Quranı tənha qoymaq nümunələrindəndir. Hətta Quranı öyrənib sonra bir kənara qoyan, ona baxmayan, əməl etməyən insan da Quranı tənha qoymuşdur.[262]

Bildirişlər

1. Qiyamətdə şikayət edənlərdən biri də həzrət Peyğəmbərdir (s).

2. Quranı bilərəkdən, agahlıqla tərk edənlər məzəmmət olunurlar.

3. Quranın yığılıb tərtib olunması həzrət Peyğəmbərin (s) öz dövründə baş vermişdir. Yoxsa Qurana işarə edilməz, xitab olunmazdı.

4. Quranın tənha buraxılması Peyğəmbərin (s) gileyi və bizim məsuliyyətimiz qəti, gerçək məsələlərdir.

5. Quranı sadəcə tilavət etmək bəs etmir, onu tənhalıqdan, qürbətdən çıxarmaq da lazımdır.

Ayə 31:

﴿وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نَبِيٍّ عَدُوًّا مِّنَ الْمُجْرِمِينَ وَكَفَى بِرَبِّكَ هَادِيًا وَنَصِيرًا﴾

“Biz bu sayaq hər bir peyğəmbər üçün günahkarlardan düşmən qərar verdik. Sənə yol göstərmək və himayə üçün Rəbbin yetər.”

 

Bildirişlər

1. Haqla batil arasındakı ziddiyyət Allahın iradəsindən kənar deyil.

2. Haqqa çağırışların həmişə müxalifi olmuşdur.

3. Başqalarının çətinliklərini yada salmaqla özünüzə təsəlli verin.

4. İnsan öncə günaha batır və tədricən peyğəmbərlərə düşmən olur.

5. İnsan günah səbəbindən haqq yoldan çıxır.

6. Çətinliklər və müxalifətlər insanı tərbiyə edir.

7. Düşmən üzərində qələbənin yeganə yolu ilahi hidayət və yardıma bağlanmaqdır.

8. Müxaliflər qarşısında Allaha təvəkkül edək.

9. Himayə və hidayət üçün Allah bəs edirsə, nə üçün başqalarına üz tutulmalıdır?!

10. Peyğəmbərlər də Allahın hidayətinə ehtiyaclıdırlar.

11. İnsan haqla batilin döyüşündə iki şeyə ehtiyaclıdır: hidayət və qüdrət.

12. Hidayət və nüsrət Allahın rübubiyyət şənlərindəndir.

Ayə 32:

﴿وَقَالَ الَّذِينَ كَفَرُوا لَوْلَا نُزِّلَ عَلَيْهِ الْقُرْآنُ جُمْلَةً وَاحِدَةً كَذَلِكَ لِنُثَبِّتَ بِهِ فُؤَادَكَ وَرَتَّلْنَاهُ تَرْتِيلًا﴾

“Küfrə uğrayanlar dedilər: “Nə üçün Quran ona birdəfəyə nazil olmayıb? (Biz) bu sayaq (nazil etdik ki,) sənin qəlbini onun vasitəsi ilə möhkəmlədək. Onu tədricən, aram-aram sənə oxuduq.”

Nöqtələr

●Bəhanə axtaranlar hər an yeni bir bəhanə tapırlar. Bəzən deyirlər ki, nə üçün bizə vəhy gəlməyib? Bəzən soruşurlar ki, nə üçün vəhy mələyini görmürük, nə üçün peyğəmbərin var-dövləti, taxt-tacı yoxdur? Bəzən də irad tuturlar ki, nə üçün Quran birdəfəyə nazil olmayıb?

Halbuki Quran iki şəkildə nazil olmuşdur: mübarək «Qədr» gecəsində Peyğəmbərin (s) qəlbinə birdəfəyə göndəriş, iyirmi üç il ərzində müxtəlif münasibətlərlə tədrici göndəriş.

Quranın tədricən nazil edilməsinin əsər və dəlilləri:

1. Tədrici nazil olma həzrət Peyğəmbərlə (s) vəhy qaynağı arasında daimi rabitə və həzrətin qəlbinin möhkəmlənmə amilidir. Bu tədricilikdən aydın olur ki, risalət (peyğəmbərlik) davamı olmayan qığılcım deyil.

2. Canlı və kompleks din günün hadisələri ilə güclü rabitədə olur. Hadisələr isə birdəfəyə yox, tədricən baş verir.

3. Xalqın bütün əmr və qadağalara birdəfəyə əməl etməsi çətin idi və sıxıntıya səbəb ola bilərdi.

4. Quranın hər surə və hər ayəsi təklikdə möcüzədir. Tədrici göndəriş möcüzələrin ardıcıl göndərişi kimi idi və hər möcüzə düşmənlərin sıxıntıları qarşısında Peyğəmbərin (s) qəlbi üçün təsəlli olurdu.

5. Hər ayənin ehtiyac əsasında nazil olması ilə bütün ayələrin ehtiyaclar nəzərə alınmadan nazil olması arasında böyük fərq var.

6. Bəzi ayələr xalqın suallarına cavab olur. Demək, öncə sual bəyan olunmalıdır, sonra cavab olaraq ayə nazil olmalıdır.

7. Bəzi ayələr və hökmlər müəyyən bir müddət üçün nazil olmuşdur. Bu səbəbdən də onları əvəz edən ayələr gəlməlidir.

“Tərtil” nədir?

–Həzrət Peyğəmbər (s) buyurur: “Quranı aydın bəyanla oxumaq tərtildir. Onun incəlikləri ilə rastlaşdıqda dayanın, ruhunuza və qəlbinizə səfa verin, tilavətdə məqsədiniz surəni başa vurmaq olmasın.”[263]

–Həzrət Əli (ə) buyurur: “Tərtil dedikdə vəqf və hərflərin əda qaydalarına əməl etmək nəzərdə tutulur.”[264]

–İmam Sadiq (ə) buyurur: “Tərtil dedikdə Quranı gözəl və aram oxumaq, vəqf etmək (dayanmaq), od və əzab ayələri oxuduqda Allaha pənah aparmaq, Behişt ayələrini tilavət etdikdə dua etmək, mehriban Allahdan Behişt diləmək nəzərdə tutulur.”[265]

Bildirişlər

1. Rəhbərin arxayın, möhkəm və aram qəlbi olmalıdır.

2. Peyğəmbər tərbiyəsinin nəticəsi məlumat əldə edilməsi yox, qəlblərin aramlığıdır.

3. Təlim-tərbiyə tədrici olmalıdır.

 

Ayə 33:

﴿وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا﴾

“Sənə elə bir məsəl çəkmədilər ki, onun haqq cavabını ən üstün bəyanla sənə bildirməyək.”

 

Nöqtələr

●Qurani-Kərim bu ayədə Peyğəmbərə (s) xitabən buyurur ki, müxaliflərin sözləri ya batildir və Biz onun müqabilində sənə haqqı bildirdik, ya haqdır və Biz onların dediyi haqdan da üstün və yığcamını sənə bəyan edirik.

Bildirişlər

1. Quran əhatəli bir kitabdır və bütün iradlara cavab verir.

2. Peyğəmbərlər müxaliflərlə mübarizədə idilər və onlarla dəlillər əsasında rəftar edirdilər.

3. Allah Öz peyğəmbərlərini müdafiə edir, kafirlərin batil sözlərinə haqq kəlamla cavab verir.

4. Müxaliflərin sözləri və dəlilləri cavabsızdır.

5. Haqq batilə qalibdir.

6. Peyğəmbərlərin məqsədi haqqın bərqərar olmasıdır.

7. Deyilən söz məntiqə və həqiqətə əsaslanmalıdır.

8. Peyğəmbərin elmi və buyruqları Allah tərəfindəndir.

9. Başqalarının danışıq və etirazına üstün sözlərlə cavab verək.

Ayə 34:

﴿الَّذِينَ يُحْشَرُونَ عَلَى وُجُوهِهِمْ إِلَى جَهَنَّمَ أُوْلَئِكَ شَرٌّ مَّكَانًا وَأَضَلُّ سَبِيلًا﴾

“Onlar Cəhənnəmə üzləri üstə sürünərək gətirilərlər. Onların yeri ən pis yerdir və ən azğın yolu gedirlər.”

 

Bildirişlər

1. Müxaliflərin peyğəmbərə yönəlmiş təhqirləri Qiyamətdə onların özlərini yaxalayar.

2. Peyğəmbərlərə irad tutanlar xalqın ən azğın fərdləridir.

Ayə 35:

﴿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا﴾

“Həqiqətən, Musaya kitab (Tövrat) əta etdik və qardaşı Harunu ona köməkçi qərar verdik.”

 

Ayə 36:

﴿فَقُلْنَا اذْهَبَا إِلَى الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيرًا﴾

“Həmin iki şəxsə dedik: “Ayələrimizi təkzib edən qövmə doğru gedin.” Sonra onları (kafirləri inadlarına görə) tamam məhv etdik.”

 

Nöqtələr

●“Tədmir” dedikdə dəhşətli həlakət mənası anlaşılır.[266]

●Quranın təbliğ və tərbiyə üsulları fərqlidir. Bir yerdə buyurulur ki, azğınların sorağınca getmək lazımdır. Digər bir yerdə bəyan olunur ki, göstəriş verilsin və onlar qürurlarını sındıraraq özləri gəlsinlər. Məsələn, həzrət Süleyman Səba padşahına buyurur: “Tam təslim olaraq hüzurumuza gəl.”[267]

Bildirişlər

1. Nə qədər ki, səmavi kitabla ünsiyyət qurmamışıq, təbliğat haqqımız yoxdur.

2. Peyğəmbərlər üçün canişinləri də Allah təyin etməlidir.

3. Çətin vəzifələrin icrasında vəzir və həmkara ehtiyac var.

4. Bəzi dövrlərdə bir neçə peyğəmbər göndərilmişsə də, onlardan yalnız biri rəhbər olmuşdur.

5. Bəzən birlikdə təbliğ üçün qrup göndərilməlidir.

6. Azğınlara höccəti tamamlamaq, xəbərdarlığı başa çatdırmaq lazımdır.

7. Xalqın inkar və inadkarlığı ilahi lütfə mane olmur.

8. Peyğəmbərin təkzibi Allahın təkzibidir.



Geri   İrəli
Go to TOP