A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


7. Həqiqi möminlər peyğəmbərə agahlıqla itaət edirlər.

8. İnsan Allah qarşısında təslim olub Ona itaət göstərməklə doğru yola yetişir.

9. Dindarlıq Allah və Onun rəsulunun mühakiməsinə münasibətdə müəyyənləşən səciyyədir.

 

Ayə 52:

﴿وَمَن يُطِعِ اللَّهَ وَرَسُولَهُ وَيَخْشَ اللَّهَ وَيَتَّقْهِ فَأُوْلَئِكَ هُمُ الْفَائِزُونَ﴾

“Allaha və Onun rəsuluna itaət edən, Allahdan qorxub-çəkinənlər həmin nicat tapanlardır.”

 

Nöqtələr

●Fəxr Razi öz təfsirində deyir: “Qurtuluş üç şeydədir:

1. Şadlıq və qəm-qüssə zamanı Allah və Onun rəsuluna itaət;

2. Keçmiş əməllərə görə Allahdan qorxmaq;

3. Ömrün qalan hissəsində təqvaya riayət;

Bildirişlər

1. Xoşbəxtlik irqdən, millətdən, yaşdan, cinsdən asılı deyil. Yalnız Allaha təslim olanlar nicat tapır.

2. Peyğəmbər məsumdur. Çünki ona qeyd-şərtsiz itaət göstərişi verilmişdir.

3. Daxili “xəşyət” (əzəmət qorxusu) və zahiri çəkinmə bir dəyərdir.

4. İnsan həm Allaha, həm də Onun rəsuluna itaət etməlidir. Bu istiqamətdə qürura yer yoxdur, xəşyət və təqva ruhiyyəsi hakim olmalıdır.

5. Təqva yolunu seçmiş və Allahdan qorxan möminlər Allah və Onun rəsuluna tabedirlər və hökmən nicat tapasıdırlar.

Ayə 53:

﴿وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ أَمَرْتَهُمْ لَيَخْرُجُنَّ قُل لَّا تُقْسِمُوا طَاعَةٌ مَّعْرُوفَةٌ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾

“Allah adına ən möhkəm andlarını içdilər ki, əgər göstəriş versən, hökmən (cihad üçün) evdən çıxarlar. De ki, and içməyin, bəyənilmiş itaət (boş-boş danışıqlardan yaxşıdır). Əlbəttə, Allah gördüyünüz işlərdən agahdır.”

 

Nöqtələr

●Ayə belə mənalandırıla bilər ki, and içməyin, sizin itaətiniz hamıya məlumdur, mənfi keçmişiniz var. Ayəni başqa cür də mənalandırmaq olar: Bizim üçün ən düzü dil andları yox, əməldə itaətdir.

Bildirişlər

1. Hər anda əmin olmayın. Çünki münafiqlər müqəddəsliklərdən sui-istifadə edirlər.

2. İçiboş insan özünü daha çox göstərməyə can atır.

3. Müsəlmanlıq təkcə sözdə yox, həm də əməldədir.

4. Münafiqlərin andını rədd etməklə onların sui-istifadəsinin qarşısını alın.

5. Allah münafiqləri onların danışıq və rəftarlarından xəbərdar olması ilə hədələyir.

Ayə 54:

﴿قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ فَإِن تَوَلَّوا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُم مَّا حُمِّلْتُمْ وَإِن تُطِيعُوهُ تَهْتَدُوا وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ﴾

“De ki, itaət edin Allaha, itaət edin peyğəmbərə. Əgər boyun qaçırsanız (ona bir zərər gəlməz). Onun işi yalnız öz öhdəsinə qoyulan, sizin işiniz isə sizin öhdənizə qoyulandır. İtaət etsəniz hidayət taparsınız. Peyğəmbərin aşkar təbliğdən savay məsuliyyəti yoxdur.”

 

Nöqtələr

●“İtaət edin” əmrinin iki dəfə təkrarlanması göstərir ki, Peyğəmbərin (s) iki şəni olmuşdur: İlahi vəhyin bəyanı və hökumətlə bağlı göstərişlər.

●Quranda belə hallarla rastlaşmaq olar ki, Allahın iki göstərişi yanaşı zikr olunur. Bu göstərişlərin hər ikisinə əməl olunmalıdır və onlardan birinə əməl olunması məqbul sayılmır. İman və əməl göstərişi buna misal ola bilər.

–Namaz və zəkat;

–Allah və valideynə təşəkkür;

–Allaha və Onun rəsuluna itaət;

●Quranda “fə in təvəlləv” cümləsi dəfələrlə işlədilmişdir. Hər dəfə Peyğəmbərə (s) təsəlli verilir ki, xalqın etinasızlığı onu təbliğdə həvəsdən salmasın.

Bildirişlər

1. Peyğəmbərə əmr olunub ki, münafiqləri itaətə dəvət etsin.

2. Peyğəmbərin əmr və qadağalarına itaət Allaha itaət qədər vacibdir.

3. Peyğəmbərin göstərişləri Allahın əmrlərinə uyğundur. Allah buyurmayıb ki, Mənə və Mənə zidd göstərişlərə itaət edin.

4. Xalqın peyğəmbər göstərişlərinə itaət edib-etməməsi o böyük elçilərin vəzifəsinə təsirsizdir.

5. Hər fərdin vəzifəsi onun özünə aiddir.

6. İnsan itaət sayəsində hidayət olur, doğru yolu tapır.

7. Peyğəmbərlərin işi xalqı məcbur etmək yox, doğru yola çağırmaqdır. Bəli, xalqın qəbul etməməsi təbliğçinin susmasına dəlil ola bilməz.

Ayə 55:

﴿وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ﴾

“Allah sizlərdən iman gətirib saleh işlər görənlərə vəd etmişdir ki, onlardan öncə bəzilərini canişin etdiyi kimi, onları da yer üzündə canişin qərar versin, onlar üçün bəyəndiyi dini hökmən möhkəmləndirsin, qorxudan sonra onlar üçün əmin-amanlıq gətirsin. Belə ki, (yalnız) Mənə pərəstiş etsinlər və Mənə şərik qoşmasınlar. Bundan sonra kimlər küfrə uğrasa, əsil fasiqlər də onlardır.”

 

Nöqtələr

●İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunmuş çoxsaylı rəvayətlərdə oxuyuruq: «Bu ayənin kamil nümunəsi həzrət Mehdinin (ə) hakimiyyət günüdür.»[186]

●Quranda salehlərin sonda hakimiyyətinə dəfələrlə işarə olunmuşdur. Üç ayədə belə buyurulur: «İslam bütün dinlərə qalib gələcək.»[187] Digər bir ayədə oxuyuruq: «Yer üzündə Mənim saleh bəndələrim varis olaqcaq.»[188] Qurani-Kərimdə sonda hakimiyyətin təqva əhlinə məxsus olacağı vəd olunur.[189]

●Ayədə möminlərin canişinliyi deyərkən ya Allah tərəfindən canişinlik, ya da həlak edilmiş qövmlər tərəfindən canişinlik nəzərdə tutulur.

●Qurtəbi öz təfsirində İslamın tam qələbəsi ilə bağlı bir neçə hədis nəql edir. Bildirir ki, yer üzündə İslamın daxil olmadığı bircə ev qalmayacaq.

●Həzrət Peyğəmbər (s) son Həcc səfərində Məkkədən geri dönərkən Qədiri-Xum adlı məntəqədə Allahın əmri ilə Həzrət Əlini (ə) özünə canişin təyin etdi. Ayə nazil oldu ki, «bu gün Mən sizin üçün İslamı bəyəndim.»[190] Bu ayədə də dinin qələbəsi ilə bağlı Allahın vədi bəyan olunur. Allahın bəyənib elan etdiyi din həmin Qədiri-Xum məktəbidir.

Bildirişlər

1. İslam gələcəyin dinidir. Tarix möminlərin qələbəsi və kafirlərin məğlubiyyəti ilə başa çatasıdır.

2. Təzyiqlər və çətinliklər məyus etməsin deyə, məhrum möminlərə ümid verin.

3. Əhatəli haqq hakimiyyətin əldə edilməsinin açarı və ləyaqət rəmzi yalnız iman və saleh əməldir. Təkcə iman yox, imanla yanaşı saleh əməli olanlara qələbə vəd olunmuşdur.

4. Din siyasətdən ayrı deyil. Əksinə, siyasət və hökumət dinin hifzi üçündür.

5. Xalqa təbliğ və xalqın hidayəti yolunda qarşı tərəfi inandırmaq üçün tarixdən nümunələr bəyan etmək faydalıdır.

6. Haqq əhlinin sonda qələbəsi ilahi bir sünnədir.

7. İman əhlinin qələbəsi və hakimiyyətində məqsəd yer üzündə ilahi dini möhkəmləndirmək və kamil tövhidə, əmin-amanlığa çatmaqdır.

8. Tarixi hadisələrdə Allahın iradəsini görək.

9. İslam dini Allahın razı olduğu yeganə dindir.

10. Gerçək əmin-amanlıq din sayəsində əldə olunur.

11. İslam cəmiyyətindəki əmin-amanlıq ibadət üçün münasib şərait yardır. (İlahi vədlərin son məqsədi xaliscəsinə ibadətdir.)

12. İstənilən növ şirkdən uzaq ibadət kamil olur.

13. Salehlərin hökumətində də bir qrup yolunu azacaq.

Ayə 56:

﴿وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا الرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ﴾

“Namaz qılın, zəkat ödəyin və peyğəmbərə tabe olun. Ola bilsin ki, sizə rəhm edilə.”

Ayə 57:

﴿لَا تَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا مُعْجِزِينَ فِي الْأَرْضِ وَمَأْوَاهُمُ النَّارُ وَلَبِئْسَ الْمَصِيرُ﴾

“Heç vaxt düşünmə ki, kafirlər Bizi yer üzündə aciz və çarəsiz qoyarlar. Onların yeri oddur. Həqiqətən, çox pis sonluqdur.”

Nöqtələr

●İmam Sadiq (ə) bu ayəni tilavət edib buyurdu: “Fitrə zəkatı ayədəki zəkatın bir nümunəsidir və vacibdir.”[191]

●Ola bilsin ki, bu ayədə ötən ayədən sonra ortaya çıxan suala cavab verilmişdir. Soruşulurdu ki, müxaliflər bir bu qədər güclü ikən hansı əsasla Allah möminlərə yer üzünün hakimiyyətini vəd edir? Ayədə buyuruldu ki, şübhə etmə, müxaliflər yer üzünün heç bir nöqtəsində Allahın iradəsinə və yoluna maneçilik törədə bilməzlər. Düşmənlərin istək və gümanının əksinə olaraq, bir gün yer üzündə imam Mehdinin (ə) hökuməti qurulasıdır.[192]

Bildirişlər

1. Namaz, zəkat və ilahi rəhbərə itaət iman və saleh əməlin bariz nümunələridir. Ötən ayədə iman və saleh əməl sahiblərinə hakimiyyət vəd olundu.

2. İslamda ibadi, iqtisadi, siyasi məsələlər bir-birindən təcrid olunmayıb.

3. İlahi vədlər rahattələbliyə səbəb olmasın!

4. Allaha və Onun rəsuluna itaət ilahi rəhmətə yetişmək şərtidir.

5. Kafirlər çox qüdrətli olsalar da, Allahın dini ilə mübarizədə məğlubiyyətə uğrayasıdırlar.

Ayə 58:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِيَسْتَأْذِنكُمُ الَّذِينَ مَلَكَتْ أَيْمَانُكُمْ وَالَّذِينَ لَمْ يَبْلُغُوا الْحُلُمَ مِنكُمْ ثَلَاثَ مَرَّاتٍ مِن قَبْلِ صَلَاةِ الْفَجْرِ وَحِينَ تَضَعُونَ ثِيَابَكُم مِّنَ الظَّهِيرَةِ وَمِن بَعْدِ صَلَاةِ الْعِشَاء ثَلَاثُ عَوْرَاتٍ لَّكُمْ لَيْسَ عَلَيْكُمْ وَلَا عَلَيْهِمْ جُنَاحٌ بَعْدَهُنَّ طَوَّافُونَ عَلَيْكُم بَعْضُكُمْ عَلَى بَعْضٍ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾

“Ey iman gətirənlər! Sahibi olduğunuz qullar və sizin yetkinlik yaşına çatmayanlarınız (otağınıza daxil olmaq üçün) üç vaxtda sizdən icazə alsınlar: sübh namazından öncə, günorta libasınızı çıxardığınız vaxt və işa namazından sonra. Bu üç vaxt sizin üçün xəlvətə çəkilmə vaxtıdır. Qalan vaxtlarda icazəsiz daxil olmaq sizin üçün və onlar üçün günah deyil. Çünki onlar sizinlə daim get-gəldədir, bəzisi bəzisinin yanına daxil olur. Allah Öz ayələrini sizin üçün bu sayaq bəyan edir. Allah elm və hikmət sahibidir.”

 

Nöqtələr

●Əgər bir daha surəyə onun ilk ayələrindən başlayaraq nəzər salsaq, görərik ki, ayədə çirkin işlərin qarşısını almaq yolu göstərilmişdir. Məsələn, bildirilir ki, zinakar qadın və kişini insanların gözü qarşısında tənbeh edin; onların izdivacını məhdudlaşdırın; dörd şahid olmadan ittiham irəli sürənə səksən qamçı vurun, Peyğəmbərin (s) zövcəsinə böhtan atanları böyük əzab gözləyir; böhtan eşitdikdə ona qarşı çıxın; çirkin sözü yaymağı sevənləri böyük əzab gözləyir; şeytanın addımlarını izləməyin; pak qadınlara böhtan atanları böyük əzab gözləyir, çirkin söz sizə yox, xəbis fərdlərə aiddir, başqalarının otağına xəbərdarlıqsız daxil olmayın və “çıxın” deyildikdə qəbul edib qayıdın; kişilər və qadınlar naməhrəmə göz dikməsinlər; qadınlar öz zinətlərini göstərməsinlər, ayaqlarını yerə döyəcləməsinlər, subayların izdivacı üçün addım atın, yoxsulluqdan qorxmayın... Hazırkı ayədə bəyan olunur ki, insanın xəlvətə çəkildiyi saatlarda hətta övladlar və qullar da xəbərdarlıqsız otağa daxil olmasınlar. Bəli, bu göstərişlərdə məqsəd çirkin işlərin, vaxtsız yetkinliyin qarşısını almaq, abır-həyanı qorumaqdır.

Bildirişlər

1. Mömin valideynlər övladlarına dini hökmləri öyrətməyə məsuldurlar.

2. Valideynin yataq yeri ayrıca, övladların gözündən uzaq olmalıdır. Əks-təqdirdə, otağa daxil olmaq üçün icazəyə ehtiyac qalmazdı.

3. Uşaq və ya qul olmaq başqalarının otağına icazəsiz giriş üçün dəlil deyil.

4. Kişi günün müəyyən saatlarını həyat yoldaşı üçün ayırmalıdır.

5. Uşaqların da vəzifəsi var.

6. İslam həyat dinidir və bütün sahələri əhatə edir. Bu dində valideynin otağına daxil olmaq kimi xırdalıqları və ümumdünya hökumətin təşkili kimi mühüm məsələləri əhatə edən proqramlar var.

7. Uşaqlar paklığı ailə mühitində öyrənməlidirlər.

8. Uşaqların tərbiyəsinə və onlara İslam qaydalarını təlim etməyə yetkinlikdən öncə başlamaq lazımdır.

9. Evdə iş və çöl paltarı istifadə olunmamalıdır.

10. Günortadan sonra və iş arası istirahət faydalı və münasibdir.

11. Müsəlmanlar günün saatlarını namaz vaxtları əsasında tənzimləməlidirlər.

12. Bütün ilahi hökmlər hikmətə əsaslanır.

 

Ayə 59:

﴿وَإِذَا بَلَغَ الْأَطْفَالُ مِنكُمُ الْحُلُمَ فَلْيَسْتَأْذِنُوا كَمَا اسْتَأْذَنَ الَّذِينَ مِن قَبْلِهِمْ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ﴾

“Uşaqlarınız büluğ (yetkinlik) həddinə çatdığı vaxt öncə yetkinliyə çatmış böyüklər kimi (giriş üçün ) icazə almalıdırlar. Allah Öz ayələrini sizin üçün bu sayaq bəyan edir. Allah elm və bilik sahibidir.”

 

Nöqtələr

●“Hulum” və “ehtilam” dedikdə yuxuda cünub olmaq (insandan sperma xaric olması) başa düşülür. Bu hal büluğ həddinin nişanələrindəndir. Qızların və oğlanların büluğ nişanələri fərqlidir və bu nişanələr risalələrdə bəyan olunmuşdur.

Bildirişlər

1. Ehtilam (yuxuda məni xaric olması) şəri büluğa çatma sərhəddidir.

2. Böyüklər və ətrafdakılar gənclər üçün nümunədirlər.

3. Övladlarınızı öz əməllərinizlə tərbiyə edin.

4. Övladlarınızın tərbiyəsində canlı nümunələrdən istifadə edin.

5. Abır-həya, iffətin qorunması istiqamətində müəyyənləşmiş ilahi göstərişlər agahlıq və hikmətə əsaslanır.

Ayə 60:

﴿وَالْقَوَاعِدُ مِنَ النِّسَاء اللَّاتِي لَا يَرْجُونَ نِكَاحًا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاحٌ أَن يَضَعْنَ ثِيَابَهُنَّ غَيْرَ مُتَبَرِّجَاتٍ بِزِينَةٍ وَأَن يَسْتَعْفِفْنَ خَيْرٌ لَّهُنَّ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ﴾

“Ərə getmək ümidi olmayan yaşlı qadınlar zinətlərini göstərmədən örtüklərini yerə qoya bilərlər. İffətli olmaları isə onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir.”

 

Nöqtələr

●Quran ayələrindən məlum olur ki, hicab məsələsində meyar ehtirasın alovlanmasıdır. Çünki yalnız aşağıdakı hallar istisna olunmuşdur:

–Şəhvəti olmayan kəs;[193]

–Şəhvətlə bağlı biliyi olmayan uşaq;

–Həyat yoldaşınızla olduğunuz vaxt;[194]

–Ərə getməyə ümidi olmayan qadınlar.

Demək, söhbət cinsi ehtirasın alovlanmasından və günahdan gedir. Əgər ən güzəştli hicab günahın qarşısını almırsa, qadınlar hicaba ciddi əməl etməlidirlər.

●Ayədə nəzərdə tutulmur ki, yaşlı qadınlar tamamilə hicabsız olsun. Söhbət yalnız çarşab kimi üst libasdan gedir. İmam Sadiq (ə) ayə haqqında buyurur: “Ayədə çılpaqlıq yox, üst örtüyün götürülməsi nəzərdə tutulur.”[195]

●Hicab məsələsi İslamın sabit və zəruri hökmlərindəndər. Hicabın necəliyi isə ehtirasa təsir dərəcəsi ilə müəyyənləşir. Hicab cinsi ehtirası qızışdırmamalı, iffəti hifz etməlidir.

Bildirişlər

1. İslam qanunları gerçəkliyə, zəruri ehtiyaca və ictimai imkanlara uyğundur. (Ərə getməyə meyli olmayan və bəzənməyən yaşlı qadınlar üçün məsələ asanlaşdırılır.)

2. İstər yaşlı, istər gənc qadınlar bər-bəzəklərini və zinətlərini göstərməməlidirlər.

3. Hicabın yüngülləşdirilməsi üçün yaşlı olmaq bəs etmir, həm də izdivaca meyl olmamalıdır.

4. Hicab iffətin hifzi səbəbidir.

5. Hicab qadınların xeyrinədir.

6. Libasın tikilişi, rəngi iffətə uyğun seçilsə yaxşıdır.

7. Azadlıq verməklə yanaşı xəbərdarlıq da lazımdır. (İlahi hökmün rahatlığından sui-istifadə etdikdə unudulmamalıdır ki, Allah eşidən və biləndir, müxaliflərlə hesab çəkir)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ayə 61:

﴿لَيْسَ عَلَى الْأَعْمَى حَرَجٌ وَلَا عَلَى الْأَعْرَجِ حَرَجٌ وَلَا عَلَى الْمَرِيضِ حَرَجٌ وَلَا عَلَى أَنفُسِكُمْ أَن تَأْكُلُوا مِن بُيُوتِكُمْ أَوْ بُيُوتِ آبَائِكُمْ أَوْ بُيُوتِ أُمَّهَاتِكُمْ أَوْ بُيُوتِ إِخْوَانِكُمْ أَوْ بُيُوتِ أَخَوَاتِكُمْ أَوْ بُيُوتِ أَعْمَامِكُمْ أَوْ بُيُوتِ عَمَّاتِكُمْ أَوْ بُيُوتِ أَخْوَالِكُمْ أَوْ بُيُوتِ خَالَاتِكُمْ أَوْ مَا مَلَكْتُم مَّفَاتِحَهُ أَوْ صَدِيقِكُمْ لَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَأْكُلُوا جَمِيعًا أَوْ أَشْتَاتًا فَإِذَا دَخَلْتُم بُيُوتًا فَسَلِّمُوا عَلَى أَنفُسِكُمْ تَحِيَّةً مِّنْ عِندِ اللَّهِ مُبَارَكَةً طَيِّبَةً كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُون﴾

“Öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində açarı əlinizdə olan evlərdə, dostlarınızın evlərində kor, şikəst, xəstə şəxs və sizin özünüz üçün yemək yeməyin eybi yoxdur. Bir yerdə və ya ayrılıqda yemək də günah deyil. Evlərə daxil olduqda bir-birinizi salamlayın. Bu, ilahi bərəkət, mübarəklikdir. Allah öz ayələrini sizin üçün bu sayaq bəyan edir. Bəlkə düşünəsiniz.”

 

 Nöqtələr

●İmam Baqir (ə) buyurur: “İslamdan öncə korların, şikəstlərin və xəstələrin sağlam insanlarla bir süfrə arxasında əyləşməyə haqqı yox idi. Ayədə adı çəkilən şəxslərə sağlamlarla bir yerdə oturmaq icazəsi verilir. Əlbəttə, onlar istəsələr ayrı da otura bilərlər.[196] Bəli, cəmiyyətdə uyğun zümrənin şəxsiyyəti müdafiə olunmalıdır.

●Əlavə dəlillər olmazsa, ayədən belə görünə bilər ki, Allah korlar, şikəstlər və xəstələr üçün istənilən bir yerdə ehtiyacları olan qidadan yemək icazəsi vermişdir. Digərləri ilə yalnız sadalanmış hallarda süfrə arxasında otura bilərlər. (Belə bir nəticəni başqa bir yerdə görmədim. Əgər haqdırsa Allahdandır, batildirsə məndən!)

●Quran ümumi bir qanun bəyan edərək bildirir ki, kor, şikəst və xəstə fərdlər müəyyən yerlərdə qidalana bildiyi kimi, siz də ayədə göstərilən evlərdə süfrə arxasında otura bilərsiniz.

●Bu ayədə yalnız yaxın qohumların evləri sadalanır və qayınatanın, qayınananın, qayın və baldızın adı çəkilmir.

●Ayədə yalnız qidadan istifadə etmək nəzərdə tutulur. Digər şeylərdən istifadə etmək üçün icazə almaq lazımdır. İmam Sadiq (ə) buyurur: “Ayədə xurma, çörək və xuruş yemək nəzərdə tutulmuşdur.” Adı çəkilmiş on bir evdə yeyərkən israfa yol vermək olmaz.

●Ayədə zikr olunmuş hallarda ev sahibinin razılığından xəbərdar olmağımız yetər. Amma bəzən elə olur ki, sadalanan evlərdə süfrə arxasına oturmağımız razılıqla qarşılanmır. Məsələn, evdə olan hansısa qidanın süfrəyə gətirilməməsi narazılıq əlamətidir. Belə hallarda əl saxlamaq lazımdır.

●“Məcməül-bəyan” təfsirində oxuyuruq: “Ayənin ilkin hissəsi kor, şikəst və xəstələrin cihadda iştirakını üzürlü sayır. Ayənin növbəti hissəsi qidalanmaya aiddir.”

●İmam Baqir (ə) buyurur: “Bir şəxs müəyyən evə daxil olub ev əhlinə salam versə və ev əhli onun salamını alsa, bu salam özü üçündür.”

Bildirişlər

1. Başqalarını, xüsusi ilə məhrumları özümüzdən qabağa buraxaq.

2. İnsanın daxili hissləri hüquqi məsələlərə də təsir göstərir. (Qida ev sahibinin mülkü olsa da, İslam qohumluq əlaqələrini və daxili hissləri mülkiyyətdən üstün tutur.)

3. Həyat yoldaşı və övladın evi sizin öz evinizdir.[197] (Ola bilsin ki, övladın evi ilə bağlı heç bir sual yaranmadığından onun adı qeyd olunmamışdır. Hədisdə oxuyuruq: “Sən və sənin malın atana məxsussunuz.”)

4. Məsrəf üçün möhkəm dəlillər və əqli yəqinlik bəs edir. (Məsələn, evin açarının verilməsi razılıq nişanəsidir)

5. İslamda dostun haqqı qohumun haqqı ilə yanaşı qeyd olunur. (Əflatundan soruşdular ki, qardaşını çox sevirsən, yoxsa dostunu? O dedi: “Mənə dost olan halda qardaşımı.”[198]

6. Salam evə daxil olmaq ədəbidir.

7. Salam səmavi, mübarək və könül oxşayan bir ədəbdir.

8. Salam həyatın xeyir-bərəkətli olmasına təsirlidir.

9. Ev əhli sizin üçün canınız yerindədir.

10. Vəzifə və hüquqlar Allah tərəfindən təyin olunmalıdır.

11. İlahi hökmlər haqqında düşünmək lazımdır.

 

Ayə 62:

﴿إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ وَإِذَا كَانُوا مَعَهُ عَلَى أَمْرٍ جَامِعٍ لَمْ يَذْهَبُوا حَتَّى يَسْتَأْذِنُوهُ إِنَّ الَّذِينَ يَسْتَأْذِنُونَكَ أُوْلَئِكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ فَإِذَا اسْتَأْذَنُوكَ لِبَعْضِ شَأْنِهِمْ فَأْذَن لِّمَن شِئْتَ مِنْهُمْ وَاسْتَغْفِرْ لَهُمُ اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ﴾

“Həqiqətən, möminlər yalnız o kəslərdir ki, Allah və Onun rəsuluna iman gətirmişlər, peyğəmbərlə müəyyən məsələdə bir araya gəldikdə ondan icazəsiz getməzlər. (Ey peyğəmbər,) Allah və Onun rəsuluna iman gətirənlər həmin icazə alanlardır. Əgər bəzi işlərdən ötrü səndən icazə istəsələr, istədiyin kəsə icazə ver və Allahdan onların bağışlanmasını dilə. Allah bağışlayan və mehribandır.”

 

Nöqtələr

●Təfsir kitablarında ayənin nazilolma şəni haqqında müxtəlif fikirlər söylənilmişdir. Onlardan mühümlərini nəzərdən keçirək:

1. Bəziləri deyirlər ki, bu ayə Hənzələyə aiddir. Onun toy gecəsi cihad göstərişi verilmişdi. O, Peyğəmbərdən (s) icazə almaqla evinə getdi. Zifafdan sonra vaxt az olduğundan qüsl verməyib cəbhəyə yola düşdü və şəhadətə çatdı. Həzrət Peyğəmbər (s) buyurdu: “Mələklər ona qüsl verdilər.”

Allah həmin bir gecədən Hənzələyə bir övlad əta etdi. Tarixdə bu barədə ətraflı danışılır.[199]

2. Bəziləri bildirirlər ki, bu ayə münafiqlər haqqındadır. Onlar xalqla bir yerdə olduqda namaz qılır, təklikdə qaldıqda namazı tərk edirdilər.[200]

3. Başqa bir qrup bildirir ki, həzrət Peyğəmbərin (s) iş ardınca göndərdiyi bir dəstə öz şəxsi işlərinin ardınca getdi. Ayədə həmin məsələdən danışılır.

4. Belə bir fikir də var ki, ayə xəndək qazan müsəlmanlara aiddir. Onlar ailələrinə baş çəkmək üçün Peyğəmbərdən (s) icazə istəyirdilər.

Bildirişlər

1. Rəhbərə kömək üçün onun yanında qalmaq iman, onu tərk etmək nifaq və zəif iman nişanəsidir.

2. Həmfikirlik və məşvərət əsasında həll olunan təşkilat məsələlərində özünə güvənmək qadağandır.

3. İctimai həyatda rəhbərin varlığı və ona itaət zəruridir.

4. İman təslimçilik və itaətlə müşayiət olunmalıdır.

5. Rəhbərdən icazə alınması ədəb, ona təslimçilik rəhbər və nizama eşq göstəricisidir.

6. İctimai nizam və kütləvi işləri dəyərləndirmək lazımdır.

7. Bəzi məsələləri üstüörtülü demək lazımdır.

8. İslamda rəhbərlik məsləhət və mərhəmətlə müşayiət olunur.

9. Son söz rəhbərindir. (Cəmiyyətin ümumi məsələlərində Peyğəmbərin (s) xalq üzərində hakimiyyəti var.)

10. Rəhbər öz siyasətlərində həssas olmalı, həqiqəti görməlidir.

11. İlahi rəhbərlər üzrü qəbul edən və mehribandırlar.

12. Şəxsi işlər üçün Peyğəmbərin (s) icazəsi qadağanı götürür.

13. Ümumi işlərin gedişində hətta icazə ilə şəxsi məsələlərlə məşğulluq yaxşı deyil və bu hərəkətə görə üzrxahlıq lazımdır.

14. Peyğəmbərin (s) bağışlanma diləyi və duası qəbuldur.

Ayə 63:



Geri   İrəli
Go to TOP