A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


15. Qeyri-şəri yollarla sərvət toplamaq caiz deyildir.

16. Dünya ötəridir.

17. Mənəvi dəyərlər rifaha, var-dövlətə, maddiyyata qurban verilməməlidir.

18. Kənizlərin də şəxsiyyəti azad qızların şəxsiyyəti kimi möhtərəmdir.

19. İslam kənizləri himayə edir.

20. Qadın üçün ən üstün dəyər paklıq və iffətdir.

21. Bir çox günahların səbəbkarı ağalardır.

22. Günaha məcbur edilənlər əfv olunurlar.

Ayə 34:

﴿وَلَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ آيَاتٍ مُّبَيِّنَاتٍ وَمَثَلًا مِّنَ الَّذِينَ خَلَوْا مِن قَبْلِكُمْ وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ﴾

“Həqiqətən, Biz sizə aydınladan ayələr, sizdən əvvəlkilərdən yetərli nümunələr, təqvalılar üçün öyüd-nəsihət göndərdik.”

 

Bildirişlər

1. Allah insanlara yetərli dəlillər gətirir, höccəti tamamlayır.

2. Quran ayələri nur və aydınladandır.

3. Keçmişdəkilərin tarixi gələcəkdəkilərin yolu üçün çıraqdır.

4. Quran əhatəli bir kitabdır.

5. Nəsihətin qəbulu üçün hazırlıqlı qəlb lazımdır.

6. Təqva əhli də moizəyə ehtiyaclıdır.

 

 

 

 

 

 

 

 

 

Ayə 35:

﴿اللَّهُ نُورُ السَّمَاوَاتِ وَالْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكَاةٍ فِيهَا مِصْبَاحٌ الْمِصْبَاحُ فِي زُجَاجَةٍ الزُّجَاجَةُ كَأَنَّهَا كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِن شَجَرَةٍ مُّبَارَكَةٍ زَيْتُونِةٍ لَّا شَرْقِيَّةٍ وَلَا غَرْبِيَّةٍ يَكَادُ زَيْتُهَا يُضِيءُ وَلَوْ لَمْ تَمْسَسْهُ نَارٌ نُّورٌ عَلَى نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَن يَشَاء وَيَضْرِبُ اللَّهُ الْأَمْثَالَ لِلنَّاسِ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

“Allah göylərin və yerin nurudur. Onun nuru çırağı olan qəndil kimidir. Bu çıraq şüşə arasındadır və o şüşə parlaq bir ulduz kimidir. Bu çıraq çox bərəkətli zeytun ağacının yağından şölələndirilmişdir. O (ağac) nə şərqdə, nə də qərbdədir. (Onun yağı o qədər saf və şəffafdır ki,) az qalır od toxunmamış işıqlana. O digər bir nur üstə nurdur. Allah istədiyini Öz nuru ilə hidayət edər. Allah insanlar üçün məsəllər çəkir və hər şeydən agahdır.”

 

Nöqtələr

●“Mişkat” dedikdə qəndil, çıraq qəfəsəsi nəzərdə tutulur. “Durriyy” sözü çox nurlu mənasını bildirir. “Zeyt” dedikdə zeytun yağı mənası anlaşılır. (Bu maddə işıqlandırma vasitəsidir.)

●Nur həm özü işıqlıdır, həm başqa əşyaların işıqlanma səbəbidir. İslam leksikonunda bir neçə şey “nur” adlandırılmışdır. O cümlədən: Quran, hədis, elm, əql, iman, hidayət, İslam, Peyğəmbər (s) və məsum imamlar (ə).

●Həzrət Əli (ə) buyurur: “Elə bir şey görmədim ki, ondan öncə, ondan sonra və onunla birlikdə Allahı görməmiş olam.”

Səhraya boylandım, danışdı Səndən,

Suya nəzər saldım, yenə öndə Sən,

Göylərə, yerlərə, baxdımsa hara,

Gördüyüm hər zərrə Səninlə həmdəm.

 

●“Allah göylərin və yerin nurudur”, yəni Allah göyü və yeri hidayət edəndir. Aydınladan, zinət verən, hadi kimi nura aid bütün səciyyələrdən “üstün hidayət” mənası anlaşılır. Çünki digər ayələrdə də varlığın hidayəti qeyd olunmuşdur. “Nur üzərində nur” dedikdə daimi və ardıcıl hidayət nəzərdə tutulur.

Bildirişlər

1. Varlıq aləmi Allahın feyzi, Onun nurundan bir işartıdır. Varlığın möhkəmliyi və davamı Ondan asılıdır.

2. Allahın nuru həm çox, həm də sabitdir. (Şüşə həm nuru çoxaldır, həm də nuru sönməyə qoymur.)

3. Allah nurunun işığı xarici qığılcımdan yox, Onun Öz zatındandır.

4. Zeytun mübarək bir ağacdır.

5. Zeytun ağacı bağın ortasında olsa və bütün gün günəş işığından faydalansa, onun yağı daha çox olar.

Ayə 36:

﴿فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ﴾

“(Bu hidayət nuru) ucaldılmasına Allahın izin verdiyi və Allah adı zikr olunan evlərdədir. Onlarda səhər-axşam Allaha təsbih deyərlər.”

 

Nöqtələr

●“Cameə” ziyarətində şiə imamlarına xitab edərkən uyğun nöqtəyə toxunulur. Aydın olur ki, məsum imamların evi ayədə nəzərdə tutulan ev nümunələrindəndir.

●“Turfə” sözü ayədə məkan yüksəkliyini bildirir. “Bəqərə” surəsinin 127-ci ayəsində də uyğun təbirlə rastlaşırıq: “Həzrət İbrahim Kəbə sütunlarını uca tikdi.”

●İmam Baqir (ə) buyurur: “Ayədə nəzərdə tutulan evlər peyğəmbərlərin, hikmət sahiblərinin və məsum imamların evləridir.”[175] Sələbi öz təfsirində belə nəql edir: «Bir gün həzrət Peyğəmbər (s) bu ayəni oxuyurdu. Əbu-Bəkr ayağa qalxıb soruşdu: ”Fatimə və Əlinin evi bu ayəyə nümunə ola bilərmi?” Həzrət buyurdu: “Bəli, bu ayə üçün ən yaxşı nümunə onların evidir.»[176]

●İmam Kazim (ə) buyurur: “Səhər-axşam dedikdə, ayədə namazın ilkin vaxtı nəzərdə tutulmuşdur.”[177]

●Quran leksikonunda “namaz” əvəzinə dəfələrlə “təsbih” sözü işlədilir.[178]

Bildirişlər

1. Allah nuruna hər yerdə yox, xüsusi məkanlarda və xüsusi yollarla yetişmək olar.

2. Məscidləri və ibadət mərkəzlərini uca tikməyin eybi yoxdur.

3. Məkanlar eyni olmur, onların biri o birindən üstün ola bilər.

4. Məscidlərə get-gəl vasitəsi ilə Allahın hidayət nurunu sezmək olar.

5. Məscidlər istənilən bir cəhətdən başqa tikililərdən üstün olmalıdır.

6. Böyüklük və əzəmət Allaha məxsusdur və onun icazəsi ilə mümkün olur.

7. Məscidlərin tikintisində əsas məqsəd hansısa mərasimlər yox, Allah zikridir.

8. Məscidin qapıları namaz vaxtı açılmalıdır və kimsə bu qapıları bağlaya bilməz.

9. Allaha təsbih, Onun zikri sübh-axşam təkrarlanmalıdır. (Zaman və məkan ünsürləri ibadətdə təsirlidir.)

Ayə 37:

﴿رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ يَخَافُونَ يَوْمًا تَتَقَلَّبُ فِيهِ الْقُلُوبُ وَالْأَبْصَارُ﴾

“O kişilər ki, heç bir ticarət, alış-veriş onları Allah zikrindən, namaz qılınmasından və zəkat ödəməkdən yayındırmaz, onlar qəlb və gözlərin pərişan olacağı gündən qorxarlar.”

 

Nöqtələr

●“Ticarət” dedikdə fayda əldə etmək üçün aparılan daimi alış-veriş, “bəyun” dedikdə gündəlik ehtiyacların aradan qaldırılması üçün müvəqqəti alver nəzərdə tutulur.[179]

●Ayədə “kişilər” deyərkən istər kişi, istər qadın, bütün Allah bəndələri nəzərdə tutulur.

●Hədisdə oxuyuruq: “Ayədə azan səsini eşitdiyi vaxt ticarəti buraxıb namaza tələsən tacirlər nəzərdə tutulur.”[180]

●İnsanın başını qatıb onu Allah zikrindən uzaqlaşdıran amil təkcə ticarət yox, həm də Quranın buyurduğu kimi, sərvət toplamaq həvəsi, uzun-uzadı arzular, pis övlad və dostlardır.

Bildirişlər

1. Ticarətin qəflətdə saxlamadığı insanlar böyük insanlardır.

2. Allah zikrindən uzaq olan səy və iqtisadiyyat puç və dəyərsizdir.

3. Ticarət və iqtisadiyyatda böyük büdrəmələr təhlükəsi var.

4. İman və iradə güclü olduqda yayındırıcı vasitələr təsirsiz qalır.

5. Müsəlman bazarında namaz vaxtı iş dayandırılmalıdır.

6. İslam baxımından təkcə məkruh və haram yox, həm də halal və mübah işlər insanı Allah zikrindən yayındırmamalıdır.

7. Ticarətdən uzaqlıq dəyər sayılmır, əslində Allah zikri, namaz və zəkatla müşayiət olunan ticarət dəyərlidir. (İlahi insanlar həm maddi ehtiyacların təmini üçün çalışır, həm də axirətdən qəflətdə qalmırlar.)

8. Axirətə iman insanın gözündə dünyanı kiçildir.

9. Namaz Allah zikri olsa da, böyük əhəmiyyət daşıdığından Allah zikri təbiri ilə yanaşı ayrıca qeyd olunur.

10. Namaz və zəkat yanaşı faydalıdır. Hər iki ilahi hökmə əməl edən tacirlər tərifə layiqdirlər.

11. Dünya sizi axirətdən qəflətdə saxlamasın.

12. Qiyamətdə gözlər bəzən iti, bəzən müti, qəlblər isə pərişan olur. Qiyamət qorxulu, hövlnak bir səhnədir.

13. Qiyamətdə meyarlar dəyişir. Dünyada gözü və qəlbi oxşayan şey axirətdə başqa şəkil alır. (Bu gün həsrətlə sorağına getdiyimiz şeydən sabahı gün baş götürüb qaçasıyıq.)

Ayə 38:

﴿لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا عَمِلُوا وَيَزِيدَهُم مِّن فَضْلِهِ وَاللَّهُ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ﴾

“(Qorxub-çəkinmələrinin səbəbi budur ki,) Allah onlara gördükləri işdən daha yaxşı mükafat versin, Öz fəzl və rəhməti ilə mükafatlarını artırsın. Allah istədiyi kəsə hesabsız ruzi verər.”

Bildirişlər

1. Allah ilahi insanların əməllərinin nöqsanını aradan qaldırar və onlara kamil mükafat verər.

2. İlahi insanlar daim inkişaf edər, onların vücud yönümləri güclənər.

3. Mükafat verəndə əməldən üstün mükafat verin. (İslamda tövsiyə olunur ki, muzdu müəyyənləşdirin, amma həmin miqdardan artıq verin.)

4. Əgər dünyada alış-veriş qazancından keçsəniz, hesabsız axirət faydasına çatarsınız. (Hesabsız dedikdə bol və gözlənilməyən mükafat nəzərdə tutulur.)

 

Ayə 39:

﴿وَالَّذِينَ كَفَرُوا أَعْمَالُهُمْ كَسَرَابٍ بِقِيعَةٍ يَحْسَبُهُ الظَّمْآنُ مَاء حَتَّى إِذَا جَاءهُ لَمْ يَجِدْهُ شَيْئًا وَوَجَدَ اللَّهَ عِندَهُ فَوَفَّاهُ حِسَابَهُ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ﴾

“Kafir olanların əməlləri biyabandakı ilğım kimidir. Təşnə (susuz) insan onun su olduğunu düşünər. Elə ki, sorağınca gəldi, onun bir şey olmadığını bilər. Amma onun hesabını əskiltmədən verən Allahı hazır gördü. Allah tez hesab çəkəndir.”

 

Nöqtələr

●“Qiə” dedikdə hamar və geniş yer nəzərdə tutulur. Çox susuz adama “zəman” deyilir. “Vəffa” dedikdə kamil, əskildilməmiş mükafat mənası anlaşılır.

Bildirişlər

1. İman əməlin qəbul şərtidir. İnsanın xoşbəxtliyi də imandan asılıdır. (Küfr əməlin puça çıxma səbəbidir.)

2. Kafirlərin əməlləri aldadıcıdır. Əməllərin görüntüsünə və zahiri sələrə yox, məqsədə diqqət yetirin.

3. Təlim-tərbiyədə misallardan, təşbehlərdən istifadə etmək faydalıdır.

4. Qiyamət həqiqətin üzə çıxdığı gündür.

5. Bütün insanların fitrətində xoşbəxtlik istəyi var. Bütün hərəkətlərdə məqsəd xeyirə çatmaqdır. Amma insanlar həqiqi xoşbəxtliyi tanıya bilmir, xəyal ardınca gedirlər.

6. Kafirlərin Qiyamətdə heç bir sərmayələri yoxdur.

7. İnsanın əqidəsindən əlavə, əməlləri də onun xoşbəxtliyini müəyyənləşdirən amildir.

8. Bir gün bütün insanlar Allaha inanasıdırlar.

9. Qiyamətdə insanlarla kamil, dəqiq və iti hesab aparılar. (Dünya hesabı isə ya dəqiq olmur, ya kamil olmur, ya da yubanır.)

Ayə 40:

﴿أَوْ كَظُلُمَاتٍ فِي بَحْرٍ لُّجِّيٍّ يَغْشَاهُ مَوْجٌ مِّن فَوْقِهِ مَوْجٌ مِّن فَوْقِهِ سَحَابٌ ظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكَدْ يَرَاهَا وَمَن لَّمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِن نُّورٍ﴾

“(Kafirlərin əməlləri) dərin və təlatümlü dəryanın zülməti kimidir. Böyük bir dalğa onun üstünü örtər. O dalğanın üstündən başqa böyük bir dalğa gələr və bu dalğanın üzərində bulud dayanar. Bu, iç-içə bir zülmətdir. Elə ki, əlini (qurtuluş üçün) çıxarar, kimsə onu görməz. Allah kimə nur verməsə, onun üçün heç bir nur tapılmaz.”

 

 Nöqtələr

●Adi və sıravi bir kafir İslamdan çox uzaq düşməyib və onun qayıdışına ümid var. İki nəfər arasındakı ötəri inciklik və tezliklə əldə olunan barışıq buna misal ola bilər. Amma küfr yolunda qan-tər axıtmış kafirlərin geri qayıdışı çox çətindir. Öz mövqeyində inadkarlıq göstərib haqqı təhqir edən, savaşlar qızışdıran, böyük büdcələr xərcləyən, ətrafına adam toplayan kafirlərin İslama dönüşü mümkünsüz görünür. Çünki belə bir insanın hər səyi zülmət dalğası üzərinə zülmət dalğası gətirir və küfr mövqeyini daha da möhkəmləndirir.

●Kafirlərin əməlləri qurtuluş yolu açmaq əvəzinə onları daha da azdırır, örtük üzərindən örtük olur.[181]

Bildirişlər

1. Nümunələr göstərərkən müsbət və mənfi nümunələrə müraciət olunmalıdır.

2. 35-ci ayədə ilahi nurdan danışıldıqdan sonra, bu ayədə küfrlə bağlı zülmət üzərindən zülmətdən söz açılır.

3. Möminin hər əməli nur, kafirin hər əməli zülmətdir.

4. Kafirlərin yaxşı əməlləri ilğım, pis əməlləri zülmətdir.

5. Elm və düşüncə insanı ilahi nurdan ehtiyacsız etmir. İlahi nurdan savay heç bir nur insanı xilas etmək gücündə deyil.

Ayə 41:

﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُسَبِّحُ لَهُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالطَّيْرُ صَافَّاتٍ كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهُ وَتَسْبِيحَهُ وَاللَّهُ عَلِيمٌ بِمَا يَفْعَلُونَ﴾

“Görmədinmi ki, göylərdə və yerdə olan hər kəs, qanad çalan quşlar Allaha təsbih söyləyir və hər biri öz dua və təsbihini bilir?! Allah onların gördüyü işlərdən xəbərdardır.”

Ayə 42:

﴿وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَى اللَّهِ الْمَصِيرُ﴾

“Göylərin, yerin hökmü Allaha məxsusdur və qayıdış Ona doğrudur.”

 

Nöqtələr

●Ayə zahirən tərcümə olunduğu kimidir. Amma ayədəki “əlimə” feli Allaha da aid ola bilər. Bu halda ayə belə tərcümə olunmalıdır: “Allah bütün mövcudların dua və təsbihini bilir.”

●Quran mövcudların təsbihi, səcdəsi, ibadəti məsələsinə dəfələrlə işarə etmişdir. Bəzən bildirilir ki, siz onların təsbihini anlamırsınız.[182] Bu ayələrdən məlum olur ki, elm və şüur təkcə insanlara aid deyil. Bəziləri mövcudların təsbihini təkvini, hal dili ilə təsbih kimi qəbul etsə də, ayələrin zahirindən belə görünmür.

●Allah-təala bu ayədə bir neçə dəfə dolayısı ilə insana xəbərdarlıq edib:

a) Göy və yerin mövcudları, quşlar Allaha təsbih halındadır. Nə üçün insan qafildir?!

b) Mövcudların təsbihi, həmd-sənası agahcasınadır. Nə üçün insanda qəlb iştirakı yoxdur?!

v) Quşlar pərvaz vaxtı dua və təsbih edir. Amma bəzi insanlar havaya qalxıb məzlumların başına bomba yağdırır, ya da qəflət və məstlik halında yaşayırlar!

●Rəvayətdə oxuyuruq: “İmam Sadiq (ə) sərçə səsi eşidib buyurdu: “Bu quş dua və təsbihə məşğuldur.”[183]

Bildirişlər

1. Təkcə özünüz haqqında düşünməyin, ətrafa nəzər salıb varlıq aləmində də düşünün.

2. Başqalarını doğru yola çağıran insan özü dərin baxışa malik olmalıdır. Həzrət Peyğəmbər (s) mövcudların təsbihini görürdü.

3. Varlıq aləmindəki mövcudlar arasında pərvaz halında olan quşlar Allaha daha çox diqqətlidirlər.

4. Bütün mövcudlar şüurludur, onların dua və təsbihi agahcasınadır.

5. Namaz o zaman dəyərli olur ki, namaz qılan şəxs nə dediyini və nə etdiyini bilsin.

6. Hər bir mövcudun namaz və təsbihi xüsusi bir şəkildədir.

7. Allah varlıq aləmindəki işlərin xırdalıqlarından xəbərdardır.

8. Varlıq aləminin həm hakimi var, həm də o, məqsədlidir.

Ayə 43:

﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُزْجِي سَحَابًا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُ ثُمَّ يَجْعَلُهُ رُكَامًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ وَيُنَزِّلُ مِنَ السَّمَاء مِن جِبَالٍ فِيهَا مِن بَرَدٍ فَيُصِيبُ بِهِ مَن يَشَاء وَيَصْرِفُهُ عَن مَّن يَشَاء يَكَادُ سَنَا بَرْقِهِ يَذْهَبُ بِالْأَبْصَارِ﴾

“Görmədinmi ki, Allah buludları aramlıqla qovur, sonra onlar arasında əlaqə yaradır və bir yerə yığır?! Görürsənmi, onların arasından yağış yağar və Allah səmadakı dağ kimi buludlardan dolu tökər?! Ondan istədiyinə (zərər) yetirər və istədiyindən (zərəri) götürər. Həmin buludun şimşəyi az qalır gözləri kor edə.”

 

Nöqtələr

●“Yuzci” dedikdə qayıdışla müşayiət olunan ahəstə hərəkət mənası anlaşılır.

●“Rukam” sözü sıxılma, yığılma, “vədq” sözü yağış mənasını bildirir. “Səna” dedikdə parlama mənası anlaşılır. “Səna bərqihi”, yəni şimşəyin parlaması.

●Təyyarə ilə havaya qalxıb buludları yuxarıdan aşağıya seyr edən insan onları dağ şəklində görür. Bu görüntü Quranın möcüzələrindəndir. Bəli, Quran 14 əsr öncə belə bir görüntü haqqında məlumat vermişdir.

Bildirişlər

1. Öz haqq sözünüzü nümunələr göstərməklə sübuta yetirin.

2. Varlıq aləminə diqqət Allahı tanımaq və Ona eşq üçün ən yaxşı yoldur.

3. Təbiət aləmindəki bütün hərəkətlər Allahın qüdrət və iradəsi ilə, hikmətli bir məqsədlə həyata keçir.

4. Təbii amillər Allahı əvəz etmir, sadəcə Onun iradəsinin gerçəkləşməsi üçün vasitədir.

5. Yağış və dolunun yağması, yağıntının xeyirli və ya zərərli olması Allahın iradəsindən asılıdır.

Ayə 44:

﴿يُقَلِّبُ اللَّهُ اللَّيْلَ وَالنَّهَارَ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِّأُوْلِي الْأَبْصَارِ﴾

“Allah gecə-gündüzü yerbəyer edir. Həqiqətən, onda (qüdrət nümayişində) bəsirət əhli üçün ibrət var.”

 

Bildirişlər

1. Gecə və gündüzün dəyişməsi, get-gəli təsadüfi deyil, dəqiq nizam əsasında qurulmuşdur.

2. Varlıq aləmindəki hadisələr ibrətamizdir. Onlar haqqında düşünün.

3. Bəsirət əhli olan kəs bütün zaman və məkanlardan ibrət götürə bilər.

4. Dərin düşüncə və səthi baxışdan uzaqlıq Quranın daimi göstərişlərindəndir.

Ayə 45:

﴿وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاء فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ يَخْلُقُ اللَّهُ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

“Allah hər bir canlını sudan yaratdı. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi dörd ayaq üstə hərəkət edir. Allah istədiyini yaradır. Çünki Allah hər şeyə qadirdir.”

 

Nöqtələr

●Allah-təala bu ayədə müxtəlif canlıları yada salır: sürünənlər, dördayaqlılar, quşlar.

●Heyvanların vücudu haqqında düşüncə Allahı tanımaq istiqamətində bir addımdır. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də tovuz quşu və qarışqa kimi bəzi canlılardan danışır.

●Bu ayə əvvəlki ayənin davamıdır. Yəni gecə-gündüzün yerdəyişməsi ibrət olduğu kimi, müxtəlif canlıların sudan yaranışı da bir ibrətdir.

●Ayədə belə bir məna da nəzərdə tutula bilər ki, Allah canlıların müxtəlif növlərini müxtəlif sulardan və münasib mayelərdən yaratdı.[184]

Bildirişlər

1. Bütün canlılar onun istəyi ilə yaradılmışdır.

2. İnsan mənəvi inkişafda olmasa, öz zahiri hərəkətləri ilə heyvandan fərqlənməz.

3. Bütün canlılar üçün ilkin maddə sudur. Sadə bir maddədən çeşidli mövcudlar yaratmaq isə Allahın qüdrətini göstərir.

Ayə 46:

﴿لَقَدْ أَنزَلْنَا آيَاتٍ مُّبَيِّنَاتٍ وَاللَّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

“Həqiqətən, Biz aydınladan ayələr nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldər.”

 

Nöqtələr

●Bəziləri “səbil” və “təriq” sözlərini “sirat” sözündən fərqləndirərək bildirirlər ki, “sirat” dedikdə heç bir dolaması və çala-çökəyi olmayan hamar yol nəzərdə tutulur.[185]

Bildirişlər

1. Allah açıq-aydın ayələr göndərməklə höccəti tamamlamış, son xəbərdarlıq etmişdir.

2. Hidayət Allahın işidir, ilahi ayələr isə hidayət üçün vasitədir.

Ayə 47:

﴿وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُم مِّن بَعْدِ ذَلِكَ وَمَا أُوْلَئِكَ بِالْمُؤْمِنِينَ﴾

“Deyirlər: “Biz Allaha və Onun rəsuluna iman gətirdik, tabe olduq.” Amma onlardan bir qrupu bu etirafdan sonra arxa çevirər. Onlar həqiqi mömin deyildirlər.”

 

Nöqtələr

●Bu və bundan sonrakı ayələr Mədinə münafiqləri haqqındadır. Onlar sözdə Peyğəmbərə (s) yardımçı olduqlarını iddia edir, əməldə müxalifətdə dayanırdılar.

Bildirişlər

1. Gözəl və aldadıcı şüarlara uymayaq, iman və sabitqədəmlik lazımdır.

2. Münafiqlər imanlı olduqlarını təkrar-təkrar iddia edir və təkidlə açıqlayırdılar.

3. Əhdi pozan şəxsin dini yoxdur.

4. İman əməldən ayrı deyil. (Hətta münafiqlər də imanı itaətdən fərqləndirmir, sadəcə, əməldə etinasızlıq göstərirdilər.)

Ayə 48:

﴿وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِّنْهُم مُّعْرِضُونَ﴾

“Nə vaxt Allah və Onun rəsuluna doğru çağırılırlar ki, peyğəmbər onların arasında mühakimə aparsın, həmin vaxt onlardan bir qrupu üz çevirər.”

 

Nöqtələr

●Peyğəmbərin mühakimə və hökmü Allah hökmünün bəyanından başqa bir şey deyil. “Nisa” surəsinin 105-ci ayəsində oxuyuruq: “İnsanlar arasında Allahın sənə öyrətdiyi əsasında hökm ver.”

Bildirişlər

1. Peyğəmbər hökmünün qəbulu gerçək iman, bu hökmə müxalifət nifaq nişanəsidir.

2. Mühakimə peyğəmbərlik şənindəndir.

3. Peyğəmbərin hökmü eynən Allahın hökmüdür.

4. Tənqid edərkən insaflı olun, ağı qaraya qatmayın.

5. Ədalətli mühakimə bir qrup insana xoş gəlmir.

Ayə 49:

﴿وَإِن يَكُن لَّهُمُ الْحَقُّ يَأْتُوا إِلَيْهِ مُذْعِنِينَ﴾

“Haqq onların xeyrinə olsa, razılıq və təslimçiliklə peyğəmbərə doğru gələrlər.”

Ayə 50:

﴿أَفِي قُلُوبِهِم مَّرَضٌ أَمِ ارْتَابُوا أَمْ يَخَافُونَ أَن يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُ بَلْ أُوْلَئِكَ هُمُ الظَّالِمُونَ﴾

“Görün onların qəlbində xəstəlik var, yoxsa şəkkə düşüblər? Bəlkə qorxurlar ki, Allah və Onun rəsulu bunların haqqını zaya çıxara? (Xeyr!) Onlar həmin zalımlardır.”

 

Nöqtələr

●“Həyf” sözü orta həddən çıxmaq mənasını bildirir.

Bildirişlər

1. Hər marağa və məhəbbətə etibar etməyin. (Onlar peyğəmbərin sorağına gəlirdilər, amma ilahi hökm yox, fayda əldə etmək üçün!)

2. Münafiq münasib fürsət güdür və hər görüşdə fayda axtarır.

3. Həzrət Peyğəmbər (s) münafiqlərin xeyrinə olsa belə, haqq əsasında hökm edirdi.

4. İmansızlıq ruhi bir xəstəlikdir.

5. Peyğəmbər hökmünə etirazın üç səbəbi ola bilər: ruhi xəstəlik, tərəddüd və sui-zənn (bədgümanlıq.)

6. Allaha qarşı şəkk və sui-zənn zülmdür. (Bu zülm insanın özünə, ətrafındakılara və peyğəmbərlərə qarşı yönəlmişdir.)

Ayə 51:

﴿إِنَّمَا كَانَ قَوْلَ الْمُؤْمِنِينَ إِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ أَن يَقُولُوا سَمِعْنَا وَأَطَعْنَا وَأُوْلَئِكَ هُمُ الْمُفْلِحُونَ﴾

“(Amma) möminlər aralarında mühakimə üçün Allah və peyğəmbərə doğru çağırıldıqda sözləri yalnız bu olur: “Eşitdik və itaət etdik.” Onlar həmin nicat tapanlardır.”

 

Nöqtələr

●Ötən dörd ayədə münafiqlərin İslam Peyğəmbərinin (s) mühakiməsinə münasibəti açıqlandı. Bu ayədə isə uyğun mühakiməyə möminlərin münasibətindən danışılır. Bu bildirişlər əsasında xalq hansı dəstədən olduğunu müəyyənləşdirməlidir.

Bildirişlər

1. Möminin sözü və tutduğu yol birdir.

2. Haqq qarşısında təslimçilik möminlərin daimi qaydasıdır.

3. Mömin dəvət edənə yox, dəvət olunduğu yola diqqətlidir.

4. Mömin üçün ən mühüm iş ilahi vəzifəsinə əməl etmək, Allah və Onun rəsulunun mühakiməsinin qəbuludur. (Bu mühakimə onun həm xeyrinə, həm də zərərinə ola bilər.)

5. Mühakimə peyğəmbərlik şənindəndir.



Geri   İrəli
Go to TOP