A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (səkkizinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


1. Pak qadınlara böhtan atanlar Qiyamət günü məhkum olunacaq.

2. Qiyamət mühakiməsində insan öz bədən üzvlərinin sahibi deyil.

3. Şahidlik üçün elm, şüur, hafizə və sədaqətə ehtiyac var. Biz anlamasaq da, bədən üzvlərimizdə bu səciyyələr var.

4. Qiyamətdə bütün söz və rəftara şəhadət verilər.

 

Ayə 25:

﴿يَوْمَئِذٍ يُوَفِّيهِمُ اللَّهُ دِينَهُمُ الْحَقَّ وَيَعْلَمُونَ أَنَّ اللَّهَ هُوَ الْحَقُّ الْمُبِينُ﴾

“Həmin gün Allah onların haqqı olan cəzanı artırıb-əskiltmədən verəcək. Onlar biləcəklər ki, Allah həmin aşkar həqiqətdir.”

 

Nöqtələr

●Ayədəki “din” sözü ya “cəza”, ya da “şəriət” mənasını bildirir. Demək, ayədə ya Qiyamət cəzasının tam verilməsi, ya da həqiqi şəriətin bəyan olunması nəzərdə tutulur. Həmin gün bütün yanlış ideoloji məktəblər anlayacaq ki, Allah həmin gerçək məbuddur.[147]

Müəyyən məhdudiyyətlər səbəbindən dünya cəzası kamil olmur. Məsələn, bir bomba atıb minlərlə insanı məhv edən təyyarəçini dünyada layiqincə cəzalandırmaq mümkünsüzdür. Qiyamətdə isə heç bir məhdudiyyət yoxdur və günahkar təkrar-təkrar yandırılıb dirildilə bilər.

Bildirişlər

1. İnsan yalnız Qiyamətdə kamil cəzalandırıla bilər.

2. Qiyamət cəzası şəhadətə və həqiqətə əsaslanır.

3. Allah kimsənin cəza və mükafatını əskiltmir.

4. Qiyamət günü bütün qəflət, qürur, cəhalət, yalan təbliğat, boş həvəs pərdələri götürüldüyündən insanlar həqiqəti anlayırlar.

Ayə 26:

﴿الْخَبِيثَاتُ لِلْخَبِيثِينَ وَالْخَبِيثُونَ لِلْخَبِيثَاتِ وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ أُوْلَئِكَ مُبَرَّؤُونَ مِمَّا يَقُولُونَ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ﴾

“Alçaq qadınlar alçaq kişilərə, alçaq kişilər alçaq qadınlara, pak qadınlar pak kişilərə və pak kişilər pak qadınlara layiqdir. Onlar haqlarında danışılandan uzaqdırlar. Onlar üçün bağışlanma və gözəl ruzi var.”

 

Nöqtələr

●Bu ayə ümumi bir prinsipi bəyan edir. Bu o demək deyil ki, insan yaxşıdırsa, onun həyat yoldaşı da hökmən yaxşı olmalı, bağışlanmalı və gözəl ruziyə çatmalıdır. Quran behişt üçün iman, təqva və saleh əməli meyar sayır. Həzrət Nuh və Həzrət Lut pak insanlar olduqları halda onların zövcələri günahkar idi. Təbii ki, bu qadınlar cəhənnəm əhlidirlər.

●“Təyyib” dedikdə xoşagəlimlik mənası anlaşılır. Quranda var-dövlət, övlad, kəlam, şəhər, zövcə, ruzi, külək, məskən, mələk, ağac və salam bu sözlə vəsf olunur. Bu sözün antonimi “xəbis” sözüdür. Bəzən var-dövlət, insan, ailə-övlad bu sözlə tanıtdırılır.

●Hazırkı ayə bir neçə cür mənalandırıla bilər:

a) Pak qadınlara qarşı ittiham, «ifk» macərası haqqında danışan ötən ayələrə əsasən, onu belə mənalandırmaq olar: böhtan və iftira kimi çirkin sözlər çirkin insanlara, pak sözlər isə pak insanlara layiqdir.

b) Ayədə müəyyən şəri hökm bəyan oluna bilər. Məsələn, pakların qeyri-paklarla izdivacı, evlənməsi qadağandır. Necə ki, surənin əvvəlində bu məsələyə toxunuldu: “Zinakar kişi zinakar qadınla evlənə bilər.” İmam Baqirdən (ə) nəql olunmuş rəvayət də bu mənanı təsdiqləyir.[148]

v) Ola bilsin ki, ayədə düşüncə, əqidə, əxlaq, şən uyğunluğu nəzərdə tutulmuşdur. Yəni hər kəs təbii olaraq öz həmfikrini soraqlayır.

Torpaqda, səmada hər nə zərrə var

Hər zaman, hər yerdə tayın soraqlar.

Od əhli od əhlin arayar əlbət,

Nur əhli nur əhlin bilər səadət.

●Quranda ruzinin bəzi səciyyələri zikr olunmuşdur: Gözəl ruzi, bol ruzi, pak ruzi, halal ruzi, gözlənilməyən ruzi, hesabsız ruzi.[149]

Bildirişlər

1. Adətən, çirkin insanlar çirkin işlərin, pak insanlar yaxşılıqların sorağınca gedirlər.

2. Pak nemətlərdən istifadə iman əhlinin haqqıdır.

3. Pak nəsillərin sağlam qalması Quran proqramlarındandır.

4. Pak insanları himayə etmək lazımdır.

5. Mənəviyyat maddiyyatdan öndə gəlir.

Ayə 27:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَدْخُلُوا بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّى تَسْتَأْنِسُوا وَتُسَلِّمُوا عَلَى أَهْلِهَا ذَلِكُمْ خَيْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ﴾

“Ey iman gətirənlər! Başqalarının evlərinə icazə almadan və onun əhlinə salam vermədən daxil olmayın. Bu göstəriş sizin xeyrinizədir. Ola bilsin ki, öyüd götürəsiniz.”

 

Nöqtələr

●“İstinas” dedikdə icazə istəmək, giriş üçün bildiriş nəzərdə tutulur. Rəvayətlərə əsasən, insan Allah zikri, ayaq səsi, salamla xəbərdarlıq edə bilər.[150]

●Bir şəxs Peyğəmbərdən (s) soruşdu: “Anamın otağına daxil olmaq üçün icazə istəyimmi?” Həzrət buyurdu: “Bəli.” Həmin şəxs dedi: “Evdə ondan başqa kimsə yoxdur, yalnız mən xidmət göstərirəm! Həzrət buyurdu: “Ananı çılpaq görmək sənə xoş gələrmi?” Həmin şəxs bildirdi: “Xeyr.” Həzrət buyurdu: “Belə isə, icazə al.”

●Digər bir rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) ailə başçısı kənarda olan qadınların otağına daxil olmağı kişilərə qadağan etmişdir.[151]

●Rəvayətdə oxuyuruq: “Ev əhlinə hazırlıq imkanı vermək üçün üç dəfə icazə almaq lazımdır. Əlbəttə, söhbət başqalarının evindən gedir. İnsan öz evinə qapını döyüb daxil ola bilər. Boğulanı, məzlumu, od içində olanı xilas etmək üçün icazə almaq lazım deyil.[152]

●Həzrət Peyğəmbər (s) bir evə daxil olmaq istəyərkən icazə üçün qapı ilə üzbəüz durmaz, qapı açılarkən evin içini görməmək məqsədi ilə onun sağında və ya solunda dayanardı.[153]

Bildirişlər

1. İman əhli bütün işlərdə ilahi vəhyə əsaslanmalıdır.

2. Ev əhlinin əmin-amanlığı və azadlığı qorunmalıdır. Başqalarının evinə xəbərdarlıqsız daxil olmaq haramdır.

3. Böhtan şəraitindən uzaq olun.

4. Qapının açıq olması giriş üçün icazə sayılmır.

5. İnsanların mal-mülkü möhtərəmdir.

6. Öncə mehriban rəftar etmək lazımdır.

7. İffət pərdəsinin yırtılma ehtimalı olan işlərdən uzaq olun.

8. Başqalarının mənzilinə məcburiyyət və sərtliklə daxil olmaq qadağandır.

9. Qapıya çıxan kəs yaşca kiçik olsa da, daxil olan kəs salam verməlidir.

10. Başqalarının hüquqlarına riayət edilməsi xoşbəxtliyin əsasını təşkil edir.

11. Peyğəmbər göstərişlərini unutmayaq.

12. Dini ədəb və əxlaq oyaq fitrətin nidasıdır.

Ayə 28:

﴿فَإِن لَّمْ تَجِدُوا فِيهَا أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّى يُؤْذَنَ لَكُمْ وَإِن قِيلَ لَكُمُ ارْجِعُوا فَارْجِعُوا هُوَ أَزْكَى لَكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ﴾

“Bir şəxsi evdə tapmadıqda sizə giriş icazəsi verilənədək oraya daxil olmayın. Sizə “qayıdın” deyilsə, qayıdın (və narahat olmayın). Bu, sizin pak qalmağınız üçün daha yaxşıdır və Allah sizin əməlinizdən agahdır.”

 

Bildirişlər

1. Evdə bir şəxs olmadığını bilərək oraya daxil olmaq haramdır.

2. Giriş üçün hökmən icazə lazımdır. Evdən çıxmaq üçün isə ev sahibinin icazəsinə ehtiyac yoxdur. Ev sahibinin narahat olduğunu hiss etdikdə evdən çıxmaq lazımdır.

3. Xalqın evinə daxil olmaq üçün icazəyə ehtiyac var. Evə daxil olmaq üçün ya ev sahibi, ya da İslam hakimi kimi bir məsul icazə verməlidir.

4. Kiminsə evinin kənarında dayanmaq qadağandır.

5. Çağırılmamış qonağı qəbul etməmək olar.

6. Ev sahibinin üzrünü qəbul edək və məcburi şəkildə evə daxil olmayaq.

7. Səfa-səmimiyyət, yersiz istəkdən uzaqlıq İslam əxlaqının bərəkətlərindəndir.

8. Özünütərbiyə və paklanma yolu İslam qaydalarına əməl və insanların hüququna riayət etməkdən ibarətdir.

9. Bəzən insan başı daşa dəydikdə tərbiyələnib inkişaf edir. Hər dönüş uğursuzluq sayılmır.

10. İctimai rabitələrin tənzim meyarı inkişaf və paklıqdır. İlahi əmr və qadağalar inkişaf və paklıq açarıdır.

11. Allahın bizim əməllərimizdən məlumatlı olması təşviq və xəbərdarlıq rəmzidir.

Ayə 29:

﴿لَّيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَدْخُلُوا بُيُوتًا غَيْرَ مَسْكُونَةٍ فِيهَا مَتَاعٌ لَّكُمْ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ﴾

“Daxilində bir şeyiniz qalmış məskunlaşmamış evə daxil olmaq sizin üçün günah deyil. Allah sizin aşkarladığınızdan və ya gizlətdiyinizdən agahdır.”

 

Nöqtələr

●Mehmanxana, yataqxana, dükan və hamam kimi qapısı hamının üzünə açıq olan ümumi mərkəzlər sahibi olan evlərdən fərqlənir. Həmin yerlərə daxil olmaq üçün icazəyə ehtiyac yoxdur.[154]

Bildirişlər

1. Faydalı bir məqsəd olmadan, vaxt öldürmək və çənə vurmaq üçün ümumi mərkəzlərə getmək qadağandır.

2. Ümumi mərkəzlərə daxil olarkən Allahı nəzərdə saxlayaq və bilək ki, Allah bizim düşüncə və rəftarlarımızdan xəbərdardır.

Ayə 30:

﴿قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ﴾

“Mömin kişilərə de ki, bəzi şeylərə baxmaqdan çəkinsinlər və ayıb yerlərini hifz etsinlər. Bu, onların daha pak qalması üçün yaxşıdır. Allah onların gördükləri işdən agahdır.”

 

Nöqtələr

●Bu ayənin nazil olma şəni haqqında oxuyuruq: “Bir kənc gözünü yolda gördüyü qadına zilləyib onun ardınca getdi. Özünü yaddan çıxardığından başı divara dəydi və yaralandı. O, əhvalatı olduğu kimi Peyğəmbərə (s) danışdı. Sonra bu ayə nazil oldu.”[155]

Baxış haqqında rəvayətlər

–Həzrət Əli (ə) buyurur: “Birinci dəfə baxmağın eybi yoxdur. Növbəti baxış pisdir, çünki fitnəyə səbəb olur.”[156]

–Bir hədisdə oxuyuruq: “Qiyamət günü yalnız üç göz ağlamaz: Dünyada Allah qorxusundan ağlayan göz, günah görüntüyə yumulan göz, Allah yolunda oyaq qalan göz.”[157]

–“Səhih Buxari”də oxuyuruq: “Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Xalqın yolu üstə oturmayın.” Bir qrup adam yolda oturmağa məcbur olduğunu bildirdi. Həzrət buyurdu: “Belə isə, bunun haqqını ödəyin.” Soruşdular ki, bunun haqqı nədir? Həzrət buyurdu: “Göz zilləmək və xalqı incitməkdən uzaqlıq, başqalarının salamını almaq, əmr be məruf (yaxşılığa dəvət) və nəhy əz münkər (pisliyə qadağa)”

–Həzrət İsa (ə) buyurmuşdur: “Naməhrəmə baxmaqdan çəkinin. Bu baxış qəlbdə şəhvət toxumu səpir və insanın fitnəyə düçar olması üçün bəs edir.”[158]

–Həzrət Əli (ə) buyurur: “Göz, qəlbi öz ardınca çəkir. Göz şeytanın qarmağıdır. Şəhvətdən qurtuluş üçün ən yaxşı yol gözü yummaqdır.”[159]

–Həzrət Peyğəmbər (s) buyurur: “Pis baxış şeytanın zəhərli oxlarındandır. Allah qorxusundan gözünü yuman kəsə Allah elə bir iman verər ki, insan öz daxilində bu işin şirinliyini hiss edər.”[160]

–Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Dünyada haramla dolan göz tövbə edilməsə, Qiyamətdə odla dolacaq.”[161]

–İmam Sadiq (ə) naməhrəm qadına baxış haqqında buyurmuşdur: “Qadının üzünə, əlinin içinə və ayağının üstünə (şəhvətsiz) baxmaq olar.”[162]

Bildirişlər

1. Gözü haramdan qorumaq iman şərtidir.

2. Cinsi ehtirasa nəzarət olunmalıdır.

3. Günahın çeşməsi bağlanmalıdır. Təqvaya gözdən başlayaq.

4. Pak göz paklıq üçün müqəddimədir.

5. Örtük kişilər üçün də vacibdir.

6. Şəhvətli baxış və iffətsizlik insanın mənəvi inkişafına mane olur.

7. Şəhvətlə baxan insan Allahın hüzurunda olduğunu bilməlidir. Allah hüzurunda günah etməyək.

Ayə 31:

﴿وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاء بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاء بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُوْلِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَى عَوْرَاتِ النِّسَاء وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾

“İmanlı qadınlara de ki, bəzi şeylərə baxmaqdan çəkinsinlər, ayıb yerlərini hifz etsinlər. Zahirdə olandan savay zinətlərini aşkarlamasınlar. Baş örtüklərini boyunlarına salsınlar (başlarından əlavə boyunları, sinələri örtülsün), zinətlərini ər, ata, qayınata, oğul, ərin oğlu, qardaş, qardaşın oğlu, bacının oğlu, öz qadınları, ya sahib olduqları qadın, kişiliyi olmayan xidmətçi kişilər, cinsi məsələlərdən xəbərsiz uşaqlar istisna olmaqla kimsəyə göstərməsinlər. Eləcə də, ayaqlarını yerə elə vurmasınlar ki, gizli zinətləri aşkar olsun. Ey möminlər! Hamılıqla Allaha doğru dönün və Allah dərgahına tövbə qılın ki, nicat tapasınız.”

 

Nöqtələr

●Allah-təala Quranda namazın hərəkətlərinin və təvafın sayını, zəkat miqdarını bildirməsə də, bu və bu kimi digər məsələləri həzrət Peyğəmbərin (s) öhdəsində qoymuşdur. Amma ailə, tərbiyə və əxlaq məsələlərində ən incə nöqtələr açıqlanmışdır.

●Allah bu ayədə qadın cinsini bildirən əvəzliyi 25 dəfə işlətməklə qadınlara xüsusi diqqət ayırmışdır.[163]

●İmam Sadiq (ə) buyurur: “Ayədə ayıb yerlərin qorunması dedikdə nəzərdə tutulur ki, hətta qadınlar da qadınların ayıb yerlərinə baxmasınlar və öz ayıb yerlərini başqalarından qorusunlar.”[164]

●“İrbə” sözü istək və ehtiyac mənasını bildirir. “Ulil-irbə” dedikdə cinsi yaxınlıq meyli olmayan xidmətçilər nəzərdə tutulur.[165]

●Həzrət Peyğəmbər (s) “illə li buulətihinnə” cümləsi ilə bağlı buyurur: “Allah çöhrəsini və saçlarını əri üçün bəzəməyən, ərin istəklərinə cavab verməyən qadınlara lənət etmişdir.”[166]

●Bəzən fərdi bir günaha görə peşmanlıq, bəzən isə günahkar bir «mədəniyyət»in dəyişməsi üçün tövbə qılınır. Ayədə zahirən ikinci məna nəzərdə tutulmuşdur. Çünki cahiliyyət dövründə qadınların boyun və sinələri açıq idi.[167]

●Hicabın qorunması və özünü nümayişdən çəkinməyin bir sıra səmərələri var. Onlardan bəzilərini nəzərdən keçirək: ruhi aramlıq, ailə təməlinin möhkəmliyi, nəsil-nəcabətin hifzi, sui-qəsd və təcavüzün qarşısının alınması, cinsi və psixoloji xəstəliklərdən uzaqlıq, boşanmaların azalması, intiharların əskilməsi, qanunsuz övladların və abortların sayının azalması, mənfi rəqabətlərin aradan götürülməsi, qadın şəxsiyyətinin hifzi, qadınların şəhvətpərəst göz və qəlblərdən qorunması. (Bu gün qərb və şərq dünyasını məhz bu bəla öz girdabına salmışdır.)

●“Xumur” sözü baş örtüyü mənasını bildirən “ximar” sözünün cəm formasıdır. “Cuyub” dedikdə boyun və sinə mənaları anlaşılır.

Bildirişlər

1. İffətin qorunması və haram baxışdan çəkinmək məsələsində qadınla kişi arasında fərq yoxdur.

2. Qadının cəmiyyətdə özünü nümayiş etdirməsi haramdır.

3. Bədənin öz-özlüyündə zahir olan hissələrinin (üz, əl və ayaq) görünməsinin eybi yoxdur.

4. Örtüklər arasında məqnə və böyük baş örtüyünün adı qeyd olunur. Bu diqqət hicabın əhəmiyyətini göstərir.

5. Qanunçuluqda zərurətlərə, gerçəkliklərə və ehtiyaclara diqqət yetirilməlidir. (Əgər bədənin üz, əl və ayaq kimi öz-özlüyündə görünən hissələrini örtmək vacib edilsəydi, qadınlar üçün çətinlik yaranardı.)

6. İslam bəşəriyyətin fitri və daxili ehtiyaclarına müsbət cavab verir.

7. Kişiliyi olmayan xidmətçilərdən örtünmək vacib deyil.

8. Qadının gizli zinətlərinin aşkara çıxmasına səbəb olan istənilən yeriş qadağandır.

9. Qadının mülkiyyət hüququ var.

10. Qadın öz zinətlərini yalnız müsəlman qadınlara göstərə bilər. Müsəlman qadın kafir qadın qarşısında örtünməlidir.

11. Qadının örtünməsi naməhrəm kişilərin cinsi meyli ilə sıx rabitədədir. Cinsi meyli olmayan insandan örtünmək lazım deyil.

12. Hicab və örtük vacibdir. Qadının zinətini aşkarlayan və bilindirən istənilən bir iş qadağandır.

13. Baş və üzün vacib örtük həddi başa atılan örtüyün boyun və sinəni bürüməsidir.

14. Hicablı qadın cəmiyyətə qatıla bilər. Necə ki, qadın cəmiyyət namazında heç bir mane olmadan iştirak edir.[168]

15. Baxış və hicabın qorunması bütün insanların vəzifəsidir. İnsan haram baxışa görə tövbə etməlidir.

16. Allah dərgahına tövbə iman şərtidir.

17. Tövbə həm vacibdir, həm də qurtuluşun açarıdır.

18. Azğınlıqdan Allah xəttinə qayıdış qurtuluş yoludur.

 

 

 

 

 

 

 

 

Ayə 32:

﴿وَأَنكِحُوا الْأَيَامَى مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِن يَكُونُوا فُقَرَاء يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ﴾

“Subay oğlanlarınızı və qızlarınızı, ləyaqətli qulam və kənizlərinizi evləndirin. (Yoxsulluqdan qorxmayın,) əgər yoxsul olsalar, Allah Öz fəzli ilə onların ehtiyacını ödəyər. Allah geniş lütf sahibidir və biləndir. (O, sizin ehtiyaclarınızdan xəbərdardır və sizi təmin edəcəyini vəd etmişdir; O, Öz vədini yerinə yetirməyə qadirdir.)”

 

Nöqtələr

●“Əyama” dedikdə - istər kişi, istər qadın, istər bakirə, istər dul - subay şəxslər nəzərdə tutulur.

●Ən üstün vasitəçilik şəfaət və izdivaca köməkdir. Rəvayətdə deyilir: “Birini evləndirən və ya ərə verən kəs Allahın ərşi kölgəsindədir.”[169]

●İmkanlı olduğu halda övladını evləndirməyən ata-ana övladın mümkün günahına şərikdir.[170]

●İzdivac (evlənmə) haqqında bir çox rəvayətlər nəql olunmuşdur. Onlardan bəzilərinə nəzər salaq:

–İmam Sadiq (ə) buyurmuşdur: “Həyat evlənmə sayəsində vüsətə çatır.”

–Yoxsulluq qorxusundan evlənməyən kəs Allaha qarşı bədgüman olmuşdur.

–Ailəli insanın iki rəkət namazı subay insanın yetmiş rəkət namazından üstündür.[171]

Bildirişlər

1. İslam cəmiyyəti subay insanları evləndirməyə məsuldur.

2. Evlənmə İslamda müqəddəs və təkid olunmuş işdir.

3. Oğlan tərəfinin elçilik etməsi zəruri deyil. İzdivac tərəflərindən hər biri bu işdə qabağa düşə bilər.

4. Haram baxışa qadağa qoymaq bəs etmir, izdivac problemi həll olunmalıdır.

5. Dul qadınları ərə verin.

6. Evlənən tərəflərin səlahiyyətli olması şərtdir. Yəni tərəflər müştərək ailə həyatını idarə etmək səlahiyyətinə malik olmalıdır.

7. Cəmiyyət saleh fərdləri evləndirmək istiqamətində addım atarsa, bu iş qeyri salehləri salehlər cərgəsinə qatılmağa təşviq edər. (Beləcə, səlahiyyət dedikdə əxlaq və əqidə səlahiyyəti nəzərdə tutulur.

8. Cinsi ehtiyacın təminində insanlar arasında fərq yoxdur. (Qadın, kişi qulam və kəniz arasında fərq qoyulmur.)

9. Yoxsulluq izdivaca mane olmamalıdır.

10. Yoxsul olduğunuz vaxt Allaha təvəkkül edib ailə həyatı qurun.

11. Yoxsulluq ər və arvad üçün nöqsan eyb deyil.

12. Allah evlənənlərin ehtiyacını təmin edəcəyini vəd etmişdir. Evlənmə vüsət və bərəkət vasitəsidir.

13. İlahi vədlərin gerçəkləşməsi Allahın sonsuz fəzlindən qaynaqlanır.

14. Allahın Öz bəndələrinə nəsib etdiyi inkişaf və vüsət Onun elm və hikmətinə əsaslanır.

Ayə 33:

﴿وَلْيَسْتَعْفِفِ الَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّى يُغْنِيَهُمُ اللَّهُ مِن فَضْلِهِ وَالَّذِينَ يَبْتَغُونَ الْكِتَابَ مِمَّا مَلَكَتْ أَيْمَانُكُمْ فَكَاتِبُوهُمْ إِنْ عَلِمْتُمْ فِيهِمْ خَيْرًا وَآتُوهُم مِّن مَّالِ اللَّهِ الَّذِي آتَاكُمْ وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاء إِنْ أَرَدْنَ تَحَصُّنًا لِّتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا وَمَن يُكْرِههُّنَّ فَإِنَّ اللَّهَ مِن بَعْدِ إِكْرَاهِهِنَّ غَفُورٌ رَّحِيمٌ﴾

“Allah Öz kərəmi ilə evlənməyə yol tapmayanların ehtiyacını ödəyənədək onlar öz iffətlərini qorumalıdırlar. Qulam və kənizlərinizdən özünü satın alıb azad etmək istəyən olsa, onlardan layiq bildiklərinizin istəyini qəbul edin. (Onların azadlığına yardım etmək üçün) Allahın sizə verdiyindən onlara verin. İsmətini qorumaq istəyən kənizlərinizi dünya malına xatir zinaya məcbur etməyin. Kim onları zinaya məcbur edərsə, əlbəttə, Allah bu işə məcbur olan kənizlər üçün bağışlayan və mehribandır”.

 

Nöqtələr

●Öncə imkanlı insanlara və məsullara tapşırıq verilməli, sonra imkansızlara iffətini qorumaq əmr olunmalıdır.

●Həzrət Əli (ə) buyurur: “Cahiliyyət dövründə insanlar qazanc məqsədi ilə öz kənizlərini zinaya vadar edirdilər”.[172]

Döyüşdə qalib gəlib əsir götürən müsəlmanlar onlarla bir neçə cür rəftar edə bilərlər.

A) Bütün əsirlər azad olunar–bu halda yenidən döyüş qızışar:

B) Hamı qətlə yetirilər–bu hərəkət müsəlmanlar üçün qəddarlıq sayıla bilər:

V) Əsirləri bir məntəqədə toplayıb beytül-maldan onların xərcini ödəmək–bu halda günahsızlar günahkarların ehtiyaclarını ödəmiş olurlar:

Q) Əsirlər müsəlmanlar arasında bölüşdürülür ki, tədricən İslamla tanış olsunlar və bu dini qəbul etsinlər. Sonra onlar müxtəlif yollarla azad edilirlər ki, bu yol ən üstün yoldur və İslam bu yolu təqdir edir.

Keçmiş dövrdə döyüş qanunlarına əsasən, əsirlər qul kimi istifadə olunurdular. İslam da qarşı tərəf kimi hərəkət etməyə məcbur idi. Bu gün isə əsirlər zindanlarda saxlanılırlar. Biz də əqidəmizə zidd olmayan hallarda beynəlmiləl hərb qanunlarını qəbul edirik.

Bildirişlər

1. Həyat yoldaşının uzaqda olması günah üçün səbəb deyil. Belə məqamlarda səbirli və iffətli olmaq lazımdır.

2. Təhlükə çox olan yerdə xüsusi xəbərdarlıq lazımdır. (Subay insanlar üçün iffətsizlik təhlükəsi daha böyükdür. Allah iffət göstərişi verərkən onlara müraciət edir.)

3. İffət və təqvamız olsa, Allah bizi ehtiyacsız edər. (Gənclər evlənmə xərcini əldə etmək üçün haram yola üz tutmasınlar.)

4. Cəmiyyətin iffətinin qorunması üçün fərdlər özünü hifz etsin, hökumət bu istiqamətdə səy göstərsin, varlılar yardım əli uzatsın.

5. İstənilən bir razılaşmada, hətta tabeçilikdə olanlarla yazılı sənəd tərtib edin.

6. Qulların özünü satın alıb azad etməsi yolu ilə izdivacı asanlaşdırmaq məsləhət əsasında olmalıdır.

7. İslam qulları azadlığa çıxarmaq üçün müxtəlif proqramlar nəzərdə tutur. Bunlardan biri qulun özünü satın alıb azad etməsidir.

8. Var-dövlətinizi öz malınız bilməyin. Onu sizə Allah bir neçə günlük əmanət vermişdir.

9. Gənclərin evlənmə məsələsində varlılar daha çox məsuliyyət daşıyır.

10. Özünü satın almağa gücü çatmayan qullara ağalar kömək etsin. Həzrət Əli (ə) buyurur: ”Razılaşma qiymətinin dörddə birini güzəştə getsinlər.”[173] İmam Sadiq (ə) buyurur: ”Müqavilənin qiymətindən bir qədər azaltsınlar.”[174]

11. Qullar azadlıq barədə müqavilə bağlayarkən öz sahibləri ilə eyni çəkiyə malikdirlər.

12. İlahi puldan (zəkat büdcəsindən) həm qulları azad etmək və həm də cavanları evləndirməkdə istifadə edin.

13. Tabeçilikdə olanlardan haram yolda istifadə etmək, iffətli kənizləri zinaya sürükləmək qadağandır.



Geri   İrəli
Go to TOP