A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

○ Nöqtələr

● Tövhidin fitri olma dəlillərindən biri budur ki, insan çətinliyə düşüb hər şeydən əlini üzdüyü vaxt qeybi bir nöqtəyə üz tutur, ondan kömək gözləyir.

● Kafir bir şəxs imam Sadiqdən (ə) Allahın varlığına dəlil istədi. Həzrət soruşdu: “Bu vaxtadək hadisə ilə üzləşmiş bir gəmiyə süvar olmusanmı?” Həmin şəxs dedi: “Bəli, bir dəfə dəniz səfərində gəmimiz zədələnib batdı və mən bir taxta parçasından yapışdım.” İmam buyurdu: “Həmin vaxt qəlbində səni xilas edəsi qeybi bir güc haqqında düşünürdünmü?” Dedi: “Bəli.” İmam buyurdu: “Həmin qeybi qüdrət Allahdır.”

● Bildirişlər

1. Mövsümi, müvəqqəti iman və tövbə dəyərsizdir.

2. Təhlükə girdabında insan təkallahçı olur, zahiri və xəyali vasitələrin yetərsizliyi üzə çıxır.

3. Maddi vasitələrdən uzaqlıq həqiqətlərin ən üstün dərk amilidir.

4. Allahdan savay bütün məbudlar puç olasıdır.

5. Xalisanə (ixlaslı, səmimi) dua qəbuldur.

6. Asayiş, əmin-amanlıq qəflət amilidir.

7. Dünya cazibələri o qədər aldadıcıdır ki, insan təhlükədən qurtardıqdan bir saat sonra hər şeyi unudur.

8. Qurtuluşdan sonra Allahı unutmaq kafirlərin aşkar sifətlərindəndir.

 

● ayə 68:

﴿أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ الْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لاَ تَجِدُواْ لَكُمْ وَكِيلاً﴾

“Arxayınsınızmı ki, sizi (Öz qəhr-qəzəbi ilə) quruda yerə batırmaz və ya üstünüzə daş yağdırmaz?! Sonra özünüz üçün bir qoruyan taparsınızmı?”

 

○ Nöqtələr

● Keçmiş qövmlər müxtəlif şəkillərdə məhv edilmişdir. Allah təcavüzkarlar və düşmənlərdən bəzilərini yerə batırmış, bəzilərini dənizdə qərq etmiş, bəzilərinin başına daş yağdırmış və ya şimşəklə külə döndərmişdir. Bir sözlə, Allah istədiyi vaxt kafirləri məhv etməyə qadirdir. Əgər bu gün sizi dənizdən sahilə salamat çıxarmışsa, düşünməyin ki, başqa bir əzabdan amandasınız və cəzalandırıla bilməzsiniz!

● Bildirişlər

1. İlahi nemətlər bizi qürrələndirməsin. Bir hadisədən qurtarmaq, əbədi qurtuluş deyil. Başqa bir vaxtda insan başqa bir müsibətə düçar ola bilər.

2. Cəzadan uzaqlıq və asayiş hissi insanda qəflət və təcavüz üçün zəmin yaradır.

3. İnsan istənilən bir anda və istənilən bir yerdə Allahın qüdrət əli altındadır. Allahın qəhr-qəzəbi üçün quru ilə dəniz, yaxın ilə uzaq arasında fərq yoxdur.

4. Allahın qəhr-qəzəbi qarşısında heç bir sığınacaq yoxdur.

 

● ayə 69:

﴿أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَى فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفا مِّنَ الرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ثُمَّ لاَ تَجِدُواْ لَكُمْ عَلَيْنَا بِهِ تَبِيعًا﴾

“Yoxsa əmin olmusunuz ki, Allah ikinci dəfə sizi dəryaya aparmaz, məhvedici tufana salmaz, küfrünüzə görə qərq etməz?! Həmin vaxt qəhrimiz qarşısında özünüzə görə heç bir tələbkar tapmazsınız.”

 

○ Nöqtələr

● Quruda baş verən tufan “hasib”, dənizdə baş verən tufan “qasif” adlanır. Ayənin sonundakı “təbia” sözü “təbə” sözündən olub, bir şəxsin qanbahasını və intiqamını tələb edən kəs mənasını bildirir.

● Bildirişlər

1. Müvəqqəti asayiş bizi qürrələndirməsin. İnsan üçün daim təhlükə qorxusu var. Bir çətinlikdən qurtarmışıqsa, bu, birdəfəlik qurtuluş deyil.

2. Bəzi nankorluqlara görə elə dünyada cəza verilir.

3. Qurtuluşdan sonra Allahı unutmaq küfr və nankorluğun nümunəsidir.

4. İnsanın həlakolma və bədbəxtlik amili onun küfrə meyli və öz əməlləridir.

5. Allah qarşısında heç bir qüdrət dayana bilməz. Allah kimsə qarşısında məsuliyyət daşımır.

 

● ayə 70:

﴿وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلاً﴾

“Həqiqətən, Adəm övladlarını möhtərəm tutduq. Onları quru və dənizdə (miniklərlə) apardıq, pak-pakizə şeylərdən onlara ruzi verdik, onları bir çox məxluqlarımızdan üstün etdik.”

 

○ Nöqtələr

● İnsan bəzən öz qazancı ilə, bəzən də yaranış baxımından üstün, kəramətli ola bilər.[120] Məsələn, təqva əhli çalışmaqla kəramət və üstünlük əldə edir. Ayədə güman ki, ikinci növ kəramət və üstünlük nəzərdə tutulmuşdur. İnsan yaddaş, ağıl və istedad kimi üstünlüklərlə yanaşı, səmavi qanunlar, məsum rəhbərlər kimi imtiyazlara malikdir, onun üçün mələklər səcdəyə düşmüşdür.

● İnsan mələkdən üstündür. Çünki:

a) Mələklər insana səcdə etdi;

b) Mələkdə təkcə ağıl qüvvəsi var, insanda isə həm ağıl, həm də şəhvət qüvvələri mövcuddur. Ağılı şəhvətinə qalib gələn insan mələkdən üstün olur;

c) Merac gecəsində Cəbrail Peyğəmbərə (s) dedi: “Sən imam dayan, mən iqtida edim. Çünki Allah sizi bizdən üstün yaratmışdır.”[121]

● Allah insanı bütün mövcudlardan, hətta mələklərdən üstün yaratsa da, insan öz yanlış seçimi ilə ən alçaq dərəcəyə enə bilər.[122] İnsanın heyvandan da alçaq mərtəbəyə düşməsi mümkündür.[123]

● Ayədə insanın kəramət və fəzilətindən danışılır. Kəramət və fəzilət arasında müəyyən fərqlər ola bilər:

a) Kəramət başqalarında olmayan imtiyazdır. Fəzilət isə başqalarında da ola bilər.

b) Kəramət səy göstərmədiyi halda insana Allah tərəfindən əta olunmuş nemətdir. Fəzilət isə şəxsi səy və ilahi tovfiqlə əldə olunur.

c) Kəramət maddi, fəzilət isə mənəvi nemətlərə aiddir.

● Səfər bəşər həyatının zərurətlərindəndir. İnsan səfərə çıxmaqla ehtiyaclarını aradan qaldırır, təcrübə qazanır. Allah səfər üçün quru və dənizdə vasitələr qərar vermişdir. Bu da ilahi nemətlərdən sayılır.

● Bəzi təfsirçilərin nəzərincə, “quru və dənizdə daşınma” dedikdə bütün quru və dəniz qüvvələrinin insanın ixtiyarına verilməsi nəzərdə tutulur. Söhbət təkcə gəmi və ulaq kimi vasitələrə süvar olmaqdan getmir.

● “Təyyibat” (pak-pakizə şeylər) dedikdə təyyibə (pakizə) həyat, övlad, ruzi nəzərdə tutula bilər. İmam Baqir (ə) buyurur: “Pakizə ruzi dedikdə faydalı elm nəzərdə tutulur.”[124]

● Bildirişlər

1. İnsanın öz məqam və kəramətinə diqqəti onun şükrü və nankorluqdan uzaqlığı üçün səbəbdir.

2. Təkcə həzrət Adəm yox, bütün insan nəsli kəramət, üstünlük və əzizlik səviyyəsinə malikdir.

3. İnsanın digər canlılardan böyük fərqi və üstünlüyü var.

4. İnsanın inkişaf və kamal zəmini Allah tərəfindəndir.

 

 

 

 

 

 

● ayə 71:

﴿يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ فَمَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَأُوْلَـئِكَ يَقْرَؤُونَ كِتَابَهُمْ وَلاَ يُظْلَمُونَ فَتِيلاً﴾

“Hər bir dəstəni imamı (rəhbəri) ilə çağıracağımız gün hər kəsin əməl naməsi sağ əlinə verilsə, onlar öz namələrini oxuyub şad olarlar. Onlara xurma sapı qədər də zülm olunmaz.”

 

○ Nöqtələr

● “Qətil” dedikdə xurma dəninin çatındakı nazik sap başa düşülür. “Qətil”, istənilən az, kiçik və zəif şeyə işarə ola bilər.

● Quranda iki rəhbərin adı çəkilir: nur və hidayət imamı[125]; od və zəlalət imamı[126]. İkinci dəstədən olan rəhbərlər xalqı zor, hədə, tamahlandırma, alçaltma vasitəsi ilə özlərinə itaətə məcbur edirlər.

● Əbu Bəsir imam Sadiqə (ə) deyir: “Şəhadət verirəm ki, sən mənim imamımsan.” İmam buyurur: “Qiyamətdə hər bir dəstə öz imamı ilə məşhur olar. Günəşpərəstlər günəşlə, aypərəstlər ayla səhnəyə gətirilər.”[127]

● Bildirişlər

1. Qiyaməti yaddan çıxarmayaq.

2. Qiyamətdə insanlar öz rəhbərlərinə uyğun olaraq bölünər.

3. İnsan özündən asılı olmayaraq nümunə, ideal və rəhbər seçir.

4. Müsəlmanlar rəhbər məsələsinə münasibətdə biganə qalmamalıdırlar. Çünki qiyamətdə insan öz rəhbəri ilə məşhur olur.

5. Rəhbər seçimi və ona itaət məsələsinin təsirləri qiyamətdə davam edir.

6. Qiyamət təkcə fərdlərin mühakiməsi deyil. Qiyamətdə ümmətlər, millətlər, partiyalar, əqidə məktəbləri və hökumətlər də mühakimə olunar.

7. İmamət və vilayət sırf etiqadi və həyat haşiyəsində yox, həyat mətnində əsas yerdə duran məsələdir. Rəhbərlik məsələsi insanların səadət və bədbəxtliyində həlledici amildir.

8. Qiyamətdə xeyir əməl sahibləri öz əməl namələrini oxuyub şad olarlar. Onlar bir-birlərini səsləyib öz namələrini göstərərlər.[128]

9. İnsan öz əməllərini yazılı şəkildə əlinə alasıdır.

10. İnsan qiyamətdə yazılı dəlil-sübutlar əsasında mühakimə olunar.

11. Qiyamətin mükafat və cəzası sırf ədalət əsasındadır.

 

● ayə 72:

﴿وَمَن كَانَ فِي هَـذِهِ أَعْمَى فَهُوَ فِي الآخِرَةِ أَعْمَى وَأَضَلُّ سَبِيلاً﴾

“Dünyada qəlbikor və azğın olan hər kəs axirətdə də kor və azğın olacaq.”

 

○ Nöqtələr

● Qiyamətdə ağzı möhürlənmiş lallarla yanaşı səhnəyə korlar da gətirilər. Onların korluğunun kökü dünyada qəlbikor olmalarıdır.

● Rəvayətdə deyilir ki, həcc vacib olduğu halda həccə getməyən və ya Quran oxuyub ona əməl etməyən kəs qiyamət səhnəsinə kor gətirilər.[129]

● Qəlbikorluq gözükorluqdan da pisdir. Həzrət Əli (ə) buyurur: “Ən pis korluq qəlbikorluqdur.” Həzrət başqa bir məqamda buyurur: “Bizim fəzilətlərimizi görməyə gözü olmayan kəs ən pis və şiddətli kordur.”[130]

● Qiyamətdə korluq məsələsinə digər ayələrdə də toxunulmuşdur.[131] “Taha” surəsinin 125-ci ayəsində dünyada qəlbikorluq, ilahi ayələrin unudulması və haqdan üz döndərmək qiyamət korluğunun səbəbləri kimi göstərilir.

● Sual: Ayələrdə günahkara “kitabını (əməl naməni) oxu” deyə müraciət olunar. Məgər bu qiyamət korluğu məsələsinə zidd deyilmi?

Cavab: Korluq qiyamətin bir dayanacağına aiddir. İnsan digər dayanacaqlarda görür, dünyada tanımadığı həqiqətləri aşkar müşahidə edir.

● İmam Baqir (ə) buyurur: “Varlıq aləminin müşahidəsindən mənəvi bəhrə götürməyən kəs görmədiyi axirətə münasibətdə qəlbikordur.”[132]

● Bildirişlər

1. İnsanın axirət şəxsiyyəti onun dünya şəxsiyyətinin təcəssümüdür. Dünyadakı bəsirət axirətdə bəsirətlə nəticələnir. Dünyadakı korluq axirət korluğu ilə sonuclanır.

 

● ayə 73:

﴿وَإِن كَادُواْ لَيَفْتِنُونَكَ عَنِ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ لِتفْتَرِيَ عَلَيْنَا غَيْرَهُ وَإِذًا لاَّتَّخَذُوكَ خَلِيلاً﴾

“Az qalmışdı ki, səni vəhy etdiyimizdən xəbərsiz qoyalar, vəhydən qeyri bir şeyi Bizə aid edəsən və həmin vaxt səni özlərinə dost tutalar.”

 

○ Nöqtələr

● Rəvayətdə oxuyuruq ki, müşriklər İslam Peyğəmbərindən (s) bütlərə hörmət göstərməsini və ya bütpərəstliyin davamı üçün möhlət verməsini istəyirdilər. Peyğəmbər (s) bu təklifi qəbul etmək haqqında düşündüyü vaxt Allah onu hifz etdi... Amma bu qəbildən olan rəvayətlər qəbuledilməzdir, Peyğəmbərin (s) Quran ayələrində təsdiqlənən paklıq və qətiyyəti ilə bir araya sığmır.[133]

● “Ətyəbul-bəyan” təfsirində deyilir: ayədəki “səni vəhy etdiyimiz” təbirindən aydın olur ki, kafirlər Peyğəmbərin (s) diqqətini vəhydən yox, hansısa şəxsdən yayındırmaq istəmişlər. Bəs haqqında vəhy nazil olmuş bu şəxs kimdir?

İmam Baqir (ə) və imam Kazimdən (ə) nəql olunmuş hədisdə bildirilir ki, bu şəxs Həzrət Əlidir (ə). Allah onun vilayəti haqqında vəhy yolu ilə Peyğəmbərə (s) tapşırıq vermişdir. Allah Peyğəmbərin (s) xalqın həsədinə, inkarına və dözümsüzlüyünə biganə qalması üçün bu ayəni nazil etdi və kafirlərin səyləri səmərəsiz qaldı.

“Əlləzi” (o şey ki) sözünə əsasən uyğun hədis qəbul oluna bilər. Bir şərtlə ki, həzrət Əlinin (ə) Məkkədə tanıtdırılması nəzərdə tutulmuş olsun. Çünki surə Məkkə surəsidir.

● Bildirişlər

1. Kafirlər peyğəmbərləri də öz tərəflərinə keçirmək üçün plan cızırlar.

2. Din rəhbərləri düşmənin qurğularına diqqətli olmalıdırlar. Onlar din rəhbərlərində süstlük yaratmağa, onların mövqeyini dəyişməyə çalışırlar.

3. Hansısa fərdlər və ölkələrlə dostluq əqidə və müqəddəsliklərə göz yummaq bahasına başa gəlirsə, səmərəsizdir.

4. Nə qədər ki, müsəlmanlar öz əqidə və ayinlərindən əl çəkməyiblər, kafirlər və düşmənlər onlara həqiqi dost olmayacaqlar. Düşmən aza qane olmur, sizi əqidənizdən döndərmək istəyir.[134]

 

● ayə 74:

﴿وَلَوْلاَ أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلاً﴾

“Əgər Biz səni sabitqədəm etməsəydik, hər vaxt onlara meyl etməyə yaxın idin.”

 

○ Nöqtələr

● Bu ayənin Peyğəmbərin (s) məsumluğu ilə heç bir ziddiyyəti yoxdur. “Meyl etməyə yaxın idin” cümləsi günah etmək mənasını bildirmir. “Əgər sabitqədəm etməsəydik” cümləsi şərtidir. Yəni himayə etməsəydik, ola bilsin ki, meyl edərdin. Amma Peyğəmbər (s) daim himayə olunduğundan onun düşmənə meyli mümkünsüz idi. Digər hallarda da “əgər” sözü bir işin qəti yerinə yetməsini göstərmir. Məsələn, ayələrdən birində buyurulur: “Əgər Bizə yalan söz aid etsən, şah damarını qət edərik.”[135] Başqa bir ayədə oxuyuruq: “Əgər şirk etsən, əməllərin puça çıxar.”[136]

Şərt şəklində bəyan olunmuş bu cümlələr işin baş verməsini göstərmir.

İmam Riza (ə) buyurur: “Bu ayə «qızım sənə deyirəm, gəlinim sən eşit» prinsipinə əsaslanıb.”[137] Əslində ayədə şəxsən Peyğəmbərə (s) yox, müsəlmanlara xitab olunur.

● Bildirişlər

1. Əgər Allahın lütf və himayəsi olmasa, peyğəmbərlərin məsumluğuna zəmanət yoxdur.

2. Düşmənlər və kafirlər qarşısında qətiyyət və dəyişməzlik peyğəmbərlərin imtiyazlarındandır.

3. Allah peyğəmbərləri məsum saxlayır.

4. Etiqadi məsələlərdə təslimçilik zalımlara meyldir. Din rəhbərləri üçün belə bir təhlükə var.

5. Peyğəmbər üçün kiçik büdrəmə də təhlükəlidir.

6. Dini prinsiplərdən azca geri çəkilmək qadağandır. Çünki belə bir hərəkət düşmənlər üçün müvəffəqiyyət və qələbə sayılır.

 

● ayə 75:

﴿إِذاً لَّأَذَقْنَاكَ ضِعْفَ الْحَيَاةِ وَضِعْفَ الْمَمَاتِ ثُمَّ لاَ تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا﴾

“(Onlara meyl etsəydin,) həmin vaxt sənə iki qat dünyada, iki qat öləndə əzab daddırardıq. Bizim qəhr-qəzəbimiz qarşısında özün üçün yardımçı tapmazdın.”

 

○ Nöqtələr

● Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) belə bir dua oxudu: “Pərvərdigara! Məni bir göz qırpımınca özbaşına qoyma!”[138]

● Bildirişlər

1. Allahın həm lütfü, həm də qəhr-qəzəbi var.

2. Kafirlərə meyl və etimad böyük günahlardandır. Çünki bu günaha görə əzab vəd edilmişdir.

3. Rəhbərlərin ən kiçik büdrəmələrinin cəzası adi insanların cəzasından iki qat ağırdır. İnsanın elmi, ictimai, mənəvi məqamı yüksəldikcə onun məsuliyyəti, eləcə də əzab təhlükəsi artar.

4. Əgər qanunçuluqda vəzifəli şəxslər üçün daha ağır cəza nəzərdə tutulsa, bu, ədalətə zidd olmaz.

5. Allahın qəhri qarşısında hətta peyğəmbər üçün də heç bir yardımçı yoxdur.

6. Kafirlərə meyl insanın tənha qalmasına səbəb olur, onu Allahın qanunlarından məhrum edir.

 

● ayə 76:

﴿وَإِن كَادُواْ لَيَسْتَفِزُّونَكَ مِنَ الأَرْضِ لِيُخْرِجوكَ مِنْهَا وَإِذًا لاَّ يَلْبَثُونَ خِلافَكَ إِلاَّ قَلِيلاً﴾

“Kafirlər səni az qala büdrədib oradan çıxarmışdılar. Həmin vaxt səndən sonra qısa bir müddət qala bilərdilər (həmin zülmə görə Allahın qəzəbinə düçar olardılar).”

 

○ Nöqtələr

● Bu ayədə “Ənfal” surəsinin 30-cu ayəsinə işarə olunur. Ayədə buyurulur: “Xatırla, o zaman ki, kafirlər səni həbs etmək, öldürmək və ya xaric etmək üçün plan cızırdılar. Onlar hiylə qurdular, Allah da tədbir tökdü. Allah ən yaxşı tədbir tökəndir.”

 

● Bildirişlər

1. Peyğəmbər (s) daim təhlükə, fitnə, terror, sürgün təhlükəsi qarşısında idi.

2. Əqidə düşmənlərinin məqsədi dinin bünövrəsini sarsıtmaqdır. Onlar bu yolda hətta peyğəmbərə rəhm etmirlər.

3. Kafirlər ilk mərhələdə rəhbərin düşüncə və etiqadında dəyişiklik etməyə çalışırlar. Növbəti mərhələdə rəhbər sürgün olunur, ölkədən çıxarılır.

4. Peyğəmbərin xalq arasında olması ilahi qəhr-qəzəbi təxirə salır. Peyğəmbər cəmiyyətdən kənarlaşdırılıb sürgün edildikdə qısa bir müddət ərzində qəhr-qəzəb nazil olur.

5. Qurani-kərim həm qeybdən xəbər verir, həm düşmən qurğularının puça çıxacağını bəyan etməklə Peyğəmbərə (s) təsəlli verir.

 

● ayə 77:

﴿سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا وَلاَ تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلاً﴾

“Səndən öncə göndərdiyimiz peyğəmbərlər haqqında da bu sünnə (tüğyan edənlərin məhvi) cərəyan edirdi. Bizim sünnəmizdə heç bir dəyişiklik tapmazsan.”

 

○ Nöqtələr

● Peyğəmbərlərin təsdiqi, kafirlərin və zalımların məhvi ilahi sünnədir. Quranda buyurulur: “Kafirlər öz peyğəmbərlərinə dedilər: “Şübhəsiz, biz sizi öz torpağımızdan çıxararıq. Yalnız ayinimizi qəbul etsəniz belə olmaz.” Amma Allah onlara vəhy etdi ki, Biz hökmən sitəmkarları məhv edərik.”[139]

● Bildirişlər

1. İlahi sünnələr hikmətə əsaslandığından sabitdir. Tarix boyu bu sünnələr dəyişməz.

2. Peyğəmbərlərə qarşı kafirlərin fitnəsi və Allahın qeybi yardımları tarixi köklərə malikdir.

3. Tarixi dəyişikliklər sabit ilahi sünnələrə əsaslanır.

4. Allah adildir. Eyni şəraitlərdə Onun mərhəmət və qəhr-qəzəbi də eyni olur.

 

● ayə 78:

﴿أَقِمِ الصَّلاَةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا﴾

“Namazı günəş (məğribə doğru) dönən vaxtdan gecənin qaranlığınadək qıl. Eləcə də, sübh (Quranın qiraətini). Həqiqətən, (sübh namazında) Quran (qiraəti mələklər tərəfindən) müşahidə olunur.”

○ Nöqtələr

● “Duluk” dedikdə günəş orta xəttdən məğribə doğru meyl etdiyi vaxt nəzərdə tutulur. Bu, eniş vaxtıdır. Uyğun vaxt günorta və ikindi (zöhr və əsr) namazlarının vaxtıdır. “Ğəsəqil-ləyli”, yəni gecənin qaranlığı şam və xüftən (məğrib və işa) namazlarının vaxtıdır. Həmin vaxt qaranlıq ətrafı bürüyür. “Fəcr”, yəni sübh ağartısı məqamı isə sübh namazının vaxtıdır.[140]

● İmam Sadiq (ə) buyurur: “İlkin olaraq günorta (zöhr) namazı vacib oldu.” Sonra imam bu ayəni tilavət etdi.[141] Digər bir rəvayətdə deyilir: “Əgər sübh namazı fəcrin əvvəlində qılınsa, həm gecə, həm gündüz mələkləri onu qeydə alar.”[142] Sübh namazının müşahidə olunması məsələsi də həmin nöqtəyə işarə ola bilər.[143] Yəni hər iki qrup mələk onu müşahidə edib şəhadət verir.

● Bildirişlər

1. İslamda vaxt təbii yolla müəyyənləşdirilir. Bu üsul hamı tərəfindən, hər yerdə və həmişə başa düşüləndir.

2. Dini proqramlarda vaxt bölgüsü var.

3. Namaz “Quran” adı ilə vəsf olunan yeganə ibadətdir.

4. Namazda Quran oxunması əsas mehvərdir.[144]

5. Namazlar arasında sübh namazının xüsusi yeri var.

● ayə: 79:

﴿وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا﴾

“Gecənin bir vaxtı oyan və təhəccüd (gecə namazı) qıl. Bu, sənin üçün əlavə bir vəzifədir. Ola bilsin ki, Rəbbin səni təriflənmiş bir məqama yüksəldə.”

 

○ Nöqtələr

● “Həcud” sözü “yatmaq” mənasını bildirir. “Təhəccüd” dedikdə isə ibadətlə yuxunu aradan qaldırmaq nəzərdə tutulur.

● Gecə namazı ən fəzilətli namazlardandır. “Muzzəmmil” və “Muddəssir” surələrində gecənin bir yarısı oyanmaq əmr olunur. Rəvayətlərdə gecə namazının 30-dan çox fəziləti sayılır. Bu fəzilətlərdən bəzilərini nəzərdən keçirək:

- Bütün peyğəmbərlər gecə namazı qılmışlar. Gecə namazı bədənin sağlamlıq və qəbrin aydınlıq rəmzidir. Gecə namazı insanın əxlaqına, ruzisinə, qəmdən qurtuluşuna, borcunun ödənməsinə və gözünün nuruna təsir göstərir.[145]

- Gecə namazı gündüzün günahını yuyur və qiyamət nurudur.[146]

- İmam Sadiq (ə) buyurur: “Gecə namazının mükafatı o qədər böyükdür ki, Allah bu ibadətin müqabilində veriləcək mükafatdan kimsənin xəbərdar olmadığını bildirir.[147]

- İmam Sadiq (ə) buyurur: “Möminin şərəfi gecə namazı, izzəti xalqa əziyyət verməməsidir”.

- Əbuzər Kəbə kənarında xalqa nəsihət edirdi ki: Qəbir dəhşəti və tənhalı