A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


1. İslam məhrumların, zəiflərin və yetimlərin dayağıdır.

2. Sui-istifadə ehtimalı olan yerdə daha çox xəbərdarlıq lazımdır. (Bu səbəbdən də həzrət Əli (ə) “Nəhcül-bəlağə”də muzd ilə işləyənin, əkinçinin, qadın və yetimin haqlarının qorunması ilə bağlı xeyli tövsiyə edir.)

3. Var-dövlət o qədər cazibəlidir ki, bəzən ona yaxınlaşmaq da günah və harama düşməklə nəticələnir.

4. Uşaqların da mülkiyyət hüququ var.

5. İrs mülkiyyət səbəblərindən biridir.

6. Yetimin malını sərf edərkən ən üstün və səmərəli yol seçmək şərtdir. (Əgər yetimin malının dövriyyəsi onun üçün faydalıdırsa, bu malı hərəkətsiz saxlamaq olmaz.)

7. Maliyyə əməliyyatlarında yetimlərin mənafeyi nəzərə alınmalıdır.

8. Yetimin malını boş yerə sərf etmək, mənimsəmək qadağandır.

9. Yetim əqli, iqtisadi və fiziki yetkinliyə çatdıqda malını onun öz ixtiyarına vermək olar.

10. İstənilən şəxslə bağlanmış istənilən əhd-peymana vəfalı olaq.

11. Məsuliyyətə diqqət insanı günahdan uzaqlaşdırır.

 

● Ayə 35:

﴿وَأَوْفُوا الْكَيْلَ إِذا كِلْتُمْ وَزِنُواْ بِالقِسْطَاسِ الْمُسْتَقِيمِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً﴾

“Peymanə (xüsusi ölçü qabı) ilə alış-veriş etdikdə peymanəni doldurun. Tərəzi ilə düzgün çəkin. Bu, daha yaxşıdır və sonu xoşdur.”

 

○ Nöqtələr

● “Qistas” sözü ədalət mənasını bildirən “qist” və tərəzi gözünü bildirən “tas” sözlərindən düzəlmişdir.[72] Hədisdə deyilir: “Məsum imam İslam cəmiyyətində “qistasil-müstəqim” nümunəsidir.[73]

● Alış-veriş və müamilədə xalqın hüquqlarının qorunması o qədər mühüm məsələdir ki, Quran bu məsələ üzərində təkrar-təkrar dayanır. Quranın ən böyük ayəsi[74] bu mövzuya həsr olunmuşdur və “Mutəffifin” surəsi bu münasibətlə adlandırılmışdır. Bəzi peyğəmbərlərin, eləcə də, həzrət Şüeybin ilkin dəvəti əskik satmamaq, düzgün alış-verişlə bağlıdır.[75]

● Bildirişlər

1. Müsəlman bazarında saxtakarlığa və əskik satışa yol verilməməlidir. Bu bazarın satıcısı etibarlı, düzgün və hesab-kitablı olmalıdır.

2. Düzgün çəki və ölçü ötən ayədə qeyd olunduğu kimi əhdə vəfa nümunəsidir. Müamilə də bir növ öhdəçilikdir.

3. Tərəzi, ölçü vasitələri, alış-veriş hesabatları sağlam və dəqiq olmalıdır.

4. Tərəzi, ölçüyə və hesaba diqqət xeyir-bərəkət amilidir. Əskik satmaq insanı xeyir-bərəkətdən məhrum edir.

5. İlahi göstərişlərin məqsədi insanın öz xeyrinədir.

6. İqtisadi məsələlərdə düzlük əskik satmaqla əldə olunan var-dövlətdən üstündür. Düzgün alış-verişin, xalqın hüquqlarına riayət etməyin faydası insanın özünə aiddir. Əgər düzlük insana qarşı etimad yaradırsa, əskik satmaq, ölçüdə aldatmaq etimadı aradan götürür. Demək, yaxşı sonluq düzlükdən asılıdır.

7. Düzgün alış-veriş xoşbəxtlik səbəbidir.

Əskik satmaq müvəqqəti fayda versə də, insan dünyəvi etibarını itirib axirət əzabı qazanmaqla özünü bədbəxt edir.

 

● ayə 36:

﴿وَلاَ تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولـئِكَ كَانَ عَنْهُ مَسْؤُولاً﴾

“Bilmədiyin işin ardınca getmə. Çünki qulaq, göz və qəlb hər biri sorğuya çəkiləcək.”

 

○ Nöqtələr

● Ayədə göz, qulaq və qəlbə nümunə olaraq işarə edilə bilər. Çünki qiyamətdə insanın əl-ayağı, bədən üzvləri də sorğuya çəkilər.[76] Bədən üzvləri dilə gəlib günahları etiraf edər. Ola bilsin ki, məhz bu səbəbdən göz, qulaq və qəlb başqalarına itaət vasitəsi sayılır.

 

● Kor-koranə təqlid, puç adət və təxəyyüllərə ardıcıllıq, ata-babalara itaət, öncəgörmələrə, yuxulara, ehtimallara, gümanlara və elmi əsassız mühakimələrə inam, dəlilsiz şahidlik, elmi əsası olmayan sitayiş və ya tənqid, rəy əsasında təfsir və təhlil, şayiələri nəql etmək, elmi əsası olmayan xüsusiyyətləri Allaha və dinə aid etmək, həyəcanlı və böhranlı şəraitdə qərar çıxarmaq, yalan and və göz yaşlarına istinad “la təqfu ma ləysə ləkə bihi ilmun” (“bilmədiyinə itaət etmə”) nümunələrindəndir və qadağandır.

● Mütəvatir və mötəbər rəvayətlərə əsasən, müctəhidin fətvası, yəqinə yaxın əminlik sayılan elm kimi şəri əsaslara itaət, əslində elmə ardıcıllıqdır. İnsanlar peşəkar həkimin nüsxəsi əsasında əminlik əldə etdikləri kimi, mötəbər və təqvalı müctəhidin fətvası əsasında Allahın hökmünə əmin olurlar. Elmin “elmul-yəqin”, “həqqul-yəqin”, “eynul-yəqin” kimi mərhələləri olsa da, yuxarıda zikr olunan mərhələ yetərlidir.

● Məsum imamlar öz səhabələrini hər sözü dinləyib danışmaqdan çəkindirmişlər. Onlar tövsiyə edirlər ki, insan öz qəlb və qulağının  keşikçisi olmalıdır. Onlar öz münasibətlərində hazırkı ayəyə istinad etmişlər.

Bir şəxs ayaq yoluna gedərkən qonşudakı musiqi səsini dinləmək üçün orada yubanardı. İmam (ə) bu şəxsi məzəmmət edərək hazırkı ayəni tilavət etdi və buyurdu: “Qulaq eşitdiklərinə, göz gördüklərinə, qəlb öz xatirələrinə görə sorğuya çəkilər.” İmam Səccad (ə) isə belə buyurur: “İnsanın haqqı yoxdur ki, hər nə istəsə danışsın.”[77]

 

● Bildirişlər

1. İnsan həqiqi elm və düzgün məlumat, məntiq və bəsirət əsasında yaşamalıdır.

2. Şayiə bazarını qızışdırmayaq, eşitdiyimiz əsassız sözləri ona-buna nəql etməklə insanların şəxsiyyətini alçaldıb, hüquqlarını ayaq altına salmayaq.

3. Quran sadə xalqı öz ətrafına toplayan sehrbazları,  kahinləri, falçıları tənqid atəşinə tutur.

4. İnsan təkcə hiss üzvləri ilə məlumat toplamır, qəlb də ətrafla tanışlıq vasitələrindəndir.

5. Qiyamətdə insanın qəlbindən ötənlər və niyyətləri də sorğuya çəkilər.

6. Qiyamət və Allah sorğusuna iman təqva amilidir.

7. İnsanın öz fiziki və digər imkanlarından düzgün faydalanmamasının cəzası var.

 

● ayə 37:

﴿وَلاَ تَمْشِ فِي الأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ الأَرْضَ وَلَن تَبْلُغَ الْجِبَالَ طُولاً﴾

“Yer üzündə təkəbbür və lovğalıqla hərəkət etmə. Şübhəsiz, sən nə yeri yara bilər, nə də ucalıqda dağlara çata bilərsən.”

 

● ayə 38:

﴿كُلُّ ذَلِكَ كَانَ سَيٍّئُهُ عِنْدَ رَبِّكَ مَكْرُوهًا﴾

“Bütün bunların günahı Rəbbinin yanında bəyənilməmişdir.”

 

○ Nöqtələr

● Etiqadi, siyasi, hərbi və iqtisadi sahələrlə yanaşı evdən bayıra get-gəl kimi xırda məsələlərlə bağlı göstəriş verməsi İslamın hərtərəfli bir din olmasını göstərir. Məsələn:

a) Yol gedərkən orta həddi gözlə.[78]

b) Təkəbbür və lovğalıqla yerimə.

v) Yer üzündə aram və təkəbbürsüz hərəkət edənlər Allahın bəndələridir.[79]

q) Küçə və bazardan təkəbbür və dəbdəbə ilə keçən varlı Qarun tənqid olunur.[80]

● Peyğəmbər (s) hətta Məkkənin fəthi günü palansız bir ulağa süvar olmuşdu. İmam Həsən Müctəbanın (ə) çoxsaylı minikləri olduğu halda Məkkəyə piyada gedirdi. Bütün bunlar din övliyalarının təvazökarlığını göstərir. Həzrət Əli (ə) təvazökarlıqla yol getməyi müttəqilərin sifəti sayır.[81]

● Bildirişlər

1. Hətta təkəbbürlə yol yerimək Quran tərəfindən məzəmmət olunur.

2. Təkəbbürü aradan götürmək üçün zəiflərin və acizlərin halını nəzərə almaq lazımdır.

3. İç sifətlər insanın rəftarlarına təsir göstərir.

4. Bütün ilahi dinlərdə çirkin əməllər pislənilmişdir.

5. Allahın əmrləri insanın inkişaf və tərbiyəsinə yönəldilmişdir.

 

● ayə 39:

﴿ذَلِكَ مِمَّا أَوْحَى إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ وَلاَ تَجْعَلْ مَعَ اللّهِ إِلَهًا آخَرَ فَتُلْقَى فِي جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا﴾

“Bu (göstərişlər) Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət olunar, qovular və cəhənnəmə atılarsan.”

 

○ Nöqtələr

● Bəzi təfsirçilər deyir: “Hikmə” dedikdə ötən ayələrdə qeyd olunmuş və digər dinlərdə əks olunmuş sabit hökmlər nəzərdə tutulur. İyirmi ikinci ayədə şirkin qadağası ilkin hikmət idi. Bu ayədə şirkin qadağası hikmətlərin sonudur.

● Allah bəzən Peyğəmbərə (s) sərt bir xitabla əslində kafirlərə xəbərdarlıq edir. Məqsəd kafirlərin peyğəmbərlərdən ümidlərini üzməsidir. Məsələn, buyurulur ki, əgər Allahdan qeyrisinin sorağınca getsən, cəhənnəmə atılarsan.

● Bildirişlər

1. Allahın əmr və qadağaları hikmətə, bəşəriyyətin tərbiyə ehtiyaclarını əhatə edən elmə əsaslanır və ağıla uyğundur.

2. Ağıl və fitrət insanın vəhyə olan ehtiyacını ödəmir. İnsan vəhyə möhtacdır.

3. Şirk o qədər çirkindir ki, hətta Peyğəmbər (s) onun sorağınca getsə məhv olar.

4. Vəhy məktəbi və ilahi qanundan savay bütün yollar və məktəblər məhvə aparır, məhrumiyyət və cəhənnəmlə sonuclanır.

5. Şirkin sonu cəhənnəmdir və müşrik Allahın rəhmətindən uzaq düşəsidir.

6. Müşriklər cəhənnəmdə yanmaqla yanaşı, ruhi əzab da görürlər.

 

● ayə 40:

﴿أَفَأَصْفَاكُمْ رَبُّكُم بِالْبَنِينَ وَاتَّخَذَ مِنَ الْمَلآئِكَةِ إِنَاثًا إِنَّكُمْ لَتَقُولُونَ قَوْلاً عَظِيمًا﴾

“(Yoxsa güman edirsiniz ki,) Rəbbiniz sizi oğlan övladlarla seçib, Özü üçün mələklərdən qızlar götürüb? Həqiqətən, siz böyük (böhtan) danışırsınız.”

 

○ Nöqtələr

● Müşriklərin əqidələrindən biri də bu idi ki, mələkləri Allahın qızları sayırdılar. Quran dəfələrlə bu məsələyə toxunur və deyilənləri böyük böhtan sayır.[82]

Əlbəttə, Allahın övladı olmasına inam yəhudilər və məsihilər arasında da mövcuddur. Allahın qızları olması fikri isə bütpərəstlərə məxsusdur.

● Bildirişlər

1. Oğlan övladın qız övladdan üstünlüyü yanlış düşüncədir.

2. Allahın rübubiyyəti müşriklərə də şamildir.

3. Allahın övladı olması fikri əsassızdır və məhkum olunur.

4. Mələkləri Allahın qızı bilmək səhv təsəvvürdür.

5. İnsan özünə rəva bilmədiyini başqasına rəva bilməməlidir. Belə bir sifəti Allaha aid etmək isə daha dəhşətlidir!

 

 

 

 

 

 

● ayə 41:

﴿وَلَقَدْ صَرَّفْنَا فِي هَـذَا الْقُرْآنِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمْ إِلاَّ نُفُورًا﴾

“Şübhəsiz, Biz bu Quranda (həqiqəti müxtəlif ifadələrlə) təkrar-təkrar bəyan etdik ki, öyüd götürsünlər. Amma bu, onların nifrətini artırdı.”

 

○ Nöqtələr

● “Sərrəfna” dedikdə mövzunu aydınlaşdırmaq üçün müxtəlif bəyanlar və təkrarlar nəzərdə tutulur.

● İnsan istər təbiətdə, istər ilahi kitabda fitrətən rəngarənglik axtarışındadır. Qurandakı təkrarların və rəngarəngliyin səbəbi məhz bu meyldir.

● Pak yağış üfunətli leşin pis qoxusunu apardığı kimi, ilahi ayələr də təkəbbür və inadkarlıq dolu qəlbin tərsliyini artırır.

● Bildirişlər

1. Məsələlər rəngarəng və cazibəli şəkildə təkrarlanmalıdır. Çünki yeknəsəqlik insanı yorur.

2. İnsan daim xatırlatmaya ehtiyaclıdır. Xəbərdarlıq hər dəfə təkrarlandıqda hansısa qrup cəzb ola bilər.

3. Quran ayələrinin təkrarında məqsəd xatırlatma və nəsihətdir.

4. Təkrar dostları cəlb edir, inadkarlarda nifrət yaradır.

 

● ayə 42:

﴿قُل لَّوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لاَّبْتَغَوْاْ إِلَى ذِي الْعَرْشِ سَبِيلاً﴾

“De ki, əgər müşriklərin dediyi kimi, Allahla yanaşı başqa məbudlar olsaydı, bu məbudlar yaranış sahibi olan Allaha (üstün gəlmək üçün) nüfuz yolu axtarardılar.”

 

● ayə 43:

﴿سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا﴾

“Allah onların dediklərindən daha pak və üstündür, çox üstün!”

 

○ Nöqtələr

● Müşriklər Allahı qəbul edir, Onu varlıq aləminin yaradıcısı kimi tanıyırdılar. Amma bütləri özləri üçün şəfaətçi və ya Allaha şərik sayırdılar. Ayədə Allahla bütlər arasındakı bu sayaq münasibət inkar olunur. Çünki bütlər nə Allahın qüdrətini əlindən ala bilər, nə də özlərini gücləndirə bilərlər.

● Bildirişlər

1. Varlıq aləmi Allahın birliyini təsdiq edən ən üstün dəlildir. (Əgər başqa tanrılar olsaydı, varlıq aləmində rəqabət yaranar, sabit nizam pozulardı.)

2. İftiraya cavab vermək, həqiqəti bəyan etmək lazımdır.

3. Allahın heç bir şəriki yoxdur və Onun müqəddəs zatı ilə danışılan xurafat arasında ölçüyəgəlməz fasilə var.

4. Nə qədər sitayiş olunsa da, yenə Allah dilə gətirilən vəsflərdən üstündür.

 

● ayə 44:

﴿تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالأَرْضُ وَمَن فِيهِنَّ وَإِن مِّن شَيْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدَهِ وَلَـكِن لاَّ تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا﴾

“Yeddi qat göy və yer, eləcə də, onlarda olanlar Allaha təsbih deyir. Hər şey ona sitayişdədir, Onun pak olduğunu bildirir, amma siz onların təsbihini anlamırsınız. Həqiqətən, O, həlim və bağışlayandır.”

 

○ Nöqtələr

● Ayədə deyilir: Bütün varlıq aləmi Allaha təsbih edir, səcdə qılır, qunut tutur. Bəzi təfsirçilər bu təsbihi təkvini (fitrətdən gələn, təbii) təsbih sayırlar. Yəni aləmdəki hər bir zərrənin quruluşu Allahın iradə, hikmət, elm və ədalətini göstərir.

Bəziləri bu əqidədədir ki, varlıq aləminin şüur və biliyi var. Hər bir varlıq Allaha təsbih deyir, sadəcə, biz bu səsi eşitmirik. Belə bir baxış ayənin zahirinə müvafiqdir. Əşyanın nitqi ola bilər, çünki qiyamətdə hər bir varlığın dilə gələcəyi təsdiqlənir.[83] Hətta daşın da elmi və qorxusu var. Daş Allah qorxusundan dağdan yuvarlanır.[84] Həzrət Süleyman qarışqa dilini bilirdi, quşların nitqini anlayırdı. Xalqın yolunu azmasından xəbər tutan hüd-hüd quşu (şanapipik) bu barədə Süleymanı məlumatlandırdı. Allah dağlara müraciət edir: “Ey dağlar! Davudla birlikdə yalvarın.”[85] Quranda başqa mövcudların da Allaha təsbih deməsindən danışılır.

 

Aləmdə hər zərrə, içində hər an

Səninlə danışır gündüz və axşam.

Deyirlər dinləyib görürük, amma

Qalmış təsbihimiz, gizli insana.

 

● Heyvanların və sair mövcudların Allaha təsbih deməsi rəvayətlərdə də təsdiqlənir. O cümlədən:

a) Heyvanların üzünə sillə vurmayın. Onlar Allaha təsbih deyir.[86]

b) Allaha təsbih deməyən heyvan ovçuya şikar olar.[87]

c) Yalnız Allaha təsbihi tərk edən ağac kəsilir.[88]

d) Peyğəmbərin (s) əlindəki çınqıl onun peyğəmbərliyinə şəhadət verdi.[89]

e) Bal arısı Allaha təsbih deyir.[90]

 

Bütün bu rəvayətlər gerçək təsbihdən danışır.

● Bildirişlər

1. Bütün varlıq aləmi Allaha təsbih deyirsə, nə üçün insan bu karvandan geri qalmalıdır?!

2. Səmalarda da diri və şüurlu varlıqlar mövcuddur.

3. Varlığın təsbihi həmd və sitayişlə müşayiət olunur.

4. Biz təsbih olduğunu anlamadığımız səslər eşidirik.

5. Bütün varlıq aləmi şüurludur, sadəcə, insanın varlıq aləmi haqqında məlumatı naqisdir.

6. Həqiqət yalnız haqq əhlinə açıqlanır.

7. Allah elm və mərhəmətinə xatir xurafi əqidələrə, rəva olmayan sözlərə dözür. Əgər tövbə edib haqq yola qayıtsaq, şübhəsiz, bağışlanarıq.

 

● ayə 45:

﴿وَإِذَا قَرَأْتَ الْقُرآنَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ حِجَابًا مَّسْتُورًا﴾

“Quran oxuduğun vaxt səninlə qiyamətə inanmayanlar arasında görünməz hicab qərar verərik (ki, haqq maarifin dərkindən məhrum qalsınlar).”

 

○ Nöqtələr

● Quran təqvalıların hidayət vasitəsidir.[91]Axirətə əminlik müttəqilərin nişanələrindəndir.[92] Demək, Quran qiyamətə inanmayanları hidayət etmir. İnsanı vəhy və ilahi maarifin dərki ləzzətindən məhrum edən həmin hicabdır. Peyğəmbərin (s) dilindən vəhy eşitsələr belə, onlara təsir etməz.

 

● Bildirişlər

1. İnsanda hidayət qabiliyyəti olmasa, Peyğəmbərin (s) oxuduğu Quran da ona təsir etməz.

2. İnsanın inadkarlıq və küfründən sonra ilahi qəhr-qəzəb nazil olur.

3. Quran tilavəti insanı kafirlərin şərindən qoruya bilər.

4. Quran tilavəti insanda kafirlərdən uzaqlıq ruhiyyəsi yaradır.

5. Vəhyi dərk etməkdən məhrumluq ilahi əzab və qəzəbdir. Allahın qamçısı səssizdir.

6. Məada iman ilahi dəvətin qəbul amili, məada küfr ilahi maarifin inkar səbəbidir.

7. Allah Öz həqiqətlərini və maarifini yalnız haqq əhlinə açır.

 

● ayə 46:

﴿وَجَعَلْنَا عَلَى قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْاْ عَلَى أَدْبَارِهِمْ نُفُورًا﴾

“Onların (kafirlərin) qəlbində örtük, qulaqlarında ağırlıq qoyduq ki, onu (Quranı) anlamasınlar. Çünki sən Quranda Rəbbini yeganəliklə yad etdiyin vaxt onlar baş götürüb gedirlər.”

 

○ Nöqtələr

● “Əkinnə” dedikdə örtük vasitəsi başa düşülür. “Vəqr” isə qulaqda ağırlıq mənasını bildirir. Bu təbirlərin oxşarı digər ayələrdə də bəyan olunmuşdur.[93]

● Tövhid mövzusu Quranda min dəfədən çox xatırlanır.[94] Amma təəssüf ki, qəlbikorlar tövhid ayələrini eşitməkdən və bu ayələrdən bəhrələnməkdən məhrumdurlar. Şirkamiz pis sözlər isə onları xoşhal edir.[95]

Bu gün də tövhid, təkallahçılıq söhbəti düşəndə bəziləri nifrətlə qulaq asırlar. Onlar üçün şərqlilər və qərblilərdən danışmaq daha cazibəlidir.

Quran haqdan qaçan bu sayaq dəstələri şirdən qaçan ulağa bənzədir.[96]

 

● Bildirişlər

1. Qapalı ruh, ölü qəlb həqiqi Quran maarifini qəbul etmir.

2. Sadəcə eşitmək dərin dinləmə və eşidilənlərdən zövq duymaqdan fərqli bir işdir.

3. Mənəviyyat məsələlərinin dərkindən məhrumluq bir növ ilahi qəhr-qəzəbdir.

4. Allahdan qeyrisinə üz tutmaq küfr, həm Allah, həm də Allahdan qeyrisinə üz tutmaq şirk; yalnız vahid Allaha üz tutmaq tövhiddir.

5. Müşriklər üçün ən çətin məsələ rübubiyyət (tərbiyə) prinsipində tövhiddir. (Tərbiyəçinin bir Allah olmasıdır.)

 

● ayə 47:

﴿نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَى إِذْ يَقُولُ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلاَّ رَجُلاً مَّسْحُورًا﴾

“Bir-birləri ilə pıçıldaşıb, “siz yalnız ovsunlanmış birinə tabe olursunuz” deyən zaman onların səni nə üçün dinlədiklərini Biz daha yaxşı bilirik.”

 

○ Nöqtələr

● Təfsirlərdə bildirilir ki, küfr başçıları bir-birindən xəbərsiz məxfi şəkildə Peyğəmbərin (s) evinin ətrafına toplanıb Quranı dinləyir və sonra təhlil edirdilər. Bəzən qaranlıqda bir-birləri ilə toqquşur və qarşı tərəfi məzəmmət edirdilər ki, əgər biz Məhəmmədin avazından uzaq dayana bilmiriksə, xalq nə etsin!

● Bu ayədə Peyğəmbərə (s) təsəlli verilir ki, kafirlərin hörmətsizliyi onu pərişan etməsin. Çünki Allaha hər şey aydındır.

● Bildirişlər

1. Allah xalqın məqsədlərindən xəbərdardır.

2. İnsan pis niyyətlə də dinləyə bilər.

3. Həqiqi təbliğatçı xalqın böhtanlarına görə geri çəkilməməlidir. O, Allahın nəzəri altında olduğunu düşünüb təsəlli tapmalıdır.

4. Düşmənlər xalqın ilahi rəhbərlərə meylini gördüklərindən onlara böhtan və yalanla zərbə vururlar.

 

● ayə 48:

﴿انظُرْ كَيْفَ ضَرَبُواْ لَكَ الأَمْثَالَ فَضَلُّواْ فَلاَ يَسْتَطِيعْونَ سَبِيلاً﴾

“(Ey peyğəmbər!) Bax gör ki, sənin üçün necə misallar çəkdilər və nəticədə yollarını azdılar. Onlar haqq yolu tapa bilməzlər.”

 

● Bildirişlər

1. Peyğəmbər, dini rəhbərlər və möminlər düşmənin təbliğat üsulundan xəbərdar olmalıdırlar.

2. Həm haqqın sübutu, həm də həqiqətlərin solğun göstərilməsi üçün misal və təmsildən istifadə etmək olar.

3. Dinə qarşı məntiqlə çıxış edə bilməyənlər müxtəlif misallarla peyğəmbəri təhqir edirlər.

4. İlahi rəhbərə qarşı alçaldıcı hərəkət azğınlıq amilidir.

5. İnsanlar azğınlıq girdabına tədricən yuvarlanırlar. Öncə pis danışıq və yersiz məsəllər, sonra azğınlıq, daha sonra isə çıxılmaz vəziyyət.

6. Küfrün sonu yoxdur. Kafirlər müxtəlif böhtanlardan, yersiz məsələlərdən istifadə etsələr də, yenə müvəffəqiyyət qazanmadılar.

 

● ayə 49: