A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


● Hədisdə deyilir: Valideyn övladı vursa belə övlad “Allah sizi bağışlasın” desin. Bu, ayədəki “qovlən kərima” ifadəsinin bir nümunəsidir[39].

● Valideynə ehsan peyğəmbər sifətlərindəndir. Həzrət İsa (ə) və həzrət Yəhya (ə) valideynə ehsanına görə mədh olunur[40].

● Valideyn dedikdə təkcə doğma ata-ana nəzərdə tutulmur. Bəzi rəvayətlərə əsasən həzrət Peyğəmbər (s), Əmirəl-möminin (ə) ümmətin atası sayılır[41]. Eləcə də, həzrət İbrahim (ə) ərəblərin atası sayılmışdır[42].

● Valideynlər ilahi tapşırıqlar sırasında adlarının tövhiddən sonra gəldiyini bilsələr, övladlarını tövhidə daha həvəslə dəvət edərlər.

● Bildirişlər

1. Tövhid ilahi tapşırıqlar sırasında birinci yerdə dayanır.

2. Ata-anaya xidmət və ehsan həqiqi müvəhhidə (təkallahçıya) xas xüsusiyyətlərdəndir.

3. Tövhidə əmr kimi, valideynə yaxşılıq əmri də qəti və dəyişməzdir.

4. Valideynə ehsan əmrinin tövhid və Allaha itaət əmri ilə yanaşı gəlməsi bu işin əqli və insani vəzifə baxımından, eləcə də, şəri baxımdan vacibliyini göstərir.

5. Yeni nəsil iman sayəsində ötən nəslə möhkəm bağlanmalıdır.

6. Valideynə ehsan üçün onların müsəlman olması şərt deyil.

7. Valideynə ehsan edərkən ata və ana arasında fərq qoyulmur.

8. Ata-anaya vasitəsiz, öz əlinizlə yaxşılıq edin.

9. Ehsan infaqdan üstündür. Məhəbbət, ədəb, təhsil, məşvərət, itaət, təşəkkür, qayğı və bu kimi başqa işlər ehsandır.

10. Valideynə ehsanın həddi-hüdudu yoxdur. (Ehsan doyanadək davam edən fəqirlik, fitnə aradan qalxanadək aparılan cihad, gün batanadək uzanan orucluq kimi deyil).

11. Qurandakı ehsan göstərişi valideynə yox, övladlara ünvanlanıb. Çünki valideynin tapşırığa ehtiyacı yoxdur, o təbii şəkildə öz övladına ehsan edir.

12. Valideynin fiziki və mənəvi ehtiyacı artdıqca ona ehsan etmək daha zəruri olur.

13. Qoca ata-anamızı qocalar evinə aparmayaq, öz yanımızda saxlayaq.

14. Əgər Quran adi bir yolçunu incitməyə qadağa qoyursa, məlum məsələdir ki, ata-anaya necə diqqət göstərilməlidir.

15. Həm ehsan, həm də gözəl danışıq zəruridir. (Ehsan etdikdən sonra gözəl danışmaq valideynlə ən mühüm rəftar qaydalarındandır.)

16. Valideynə ehsan və gözəl danışıq məsələsi ilə bağlı “qarşı tərəf kimi hərəkət etmək” prinsipinə yer verilməmişdir. Yəni valideyn övladla pis rəftar etsə də, övlad onunla yaxşı rəftar edib, gözəl danışmalıdır.

 

● ayə 24:

﴿وَاخْفِضْ لَهُمَا جَنَاحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَقُل رَّبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِي صَغِيرًا﴾

“Mehribanlıq və lütf ilə onları təvazö qanadının altına al və de: “Pərvərdigara! Uşaq vaxtı məni tərbiyə etdikləri kimi, bu iki nəfərə mərhəmət göstər.”

 

● Bildirişlər

1. Övlad istənilən bir məqamda təvazökar olmalı, öz üstünlüyünü valideynin üzünə vurmamalıdır.

2. Övlad riyakarlıq və ya var-dövləti ələ keçirmək məqsədi ilə yox, mərhəmət və məhəbbətlə valideynə təvazö göstərməlidir.

3. Övlad ata-anaya qarşı həm təvazökar olmalı, həm də onlar üçün Allahdan mərhəmət diləməlidir.

4. Övladın ata-ana haqqında duaları qəbul olmasaydı, Allah belə bir duanı tapşırmazdı.

5. Ata-anaya dua həm Allahın əmrinə itaət, həm də valideyn qarşısında şükür nişanəsidir.

6. Dua edərkən “Rəbb” deyə müraciət etməyi unutmayaq.

7. İlahi mərhəmət valideynin tərbiyəçilik rəhmətlərinin əvəzidir. Allah övlada tapşırır ki, məhəbbətini valideynə əsirgəməsin və Allahdan onlar üçün bağışlanma diləsin. Bu yolla övlad öz vəzifəsini yerinə yetirmiş olur.

8. Öz keçmişinizi, uşaqlıq dövrünün çətinliklərini, körpə vaxtı valideynin çəkdiyi əziyyətləri yaddan çıxarmayın.

9. Ata-ana öz övladlarını mehr-məhəbbətlə tərbiyə etməlidir.

10. İnsan öz tərbiyəçilərinə təşəkkür etməli, onların haqqını itirməməlidir.

 

 

 

 

 

● ayə 25:

﴿رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِي نُفُوسِكُمْ إِن تَكُونُواْ صَالِحِينَ فَإِنَّهُ كَانَ لِلأَوَّابِينَ غَفُورًا﴾

“Rəbbiniz içinizdə olanları hamıdan yaxşı bilir. Əgər saleh olsanız, şübhəsiz, O, tövbə edənləri bağışlayandır.”

 

● Bildirişlər

1. Agahlıq Allahın rübubiyyət şənindəndir.

2. Bütün işlərdə və valideynə xidmətdə niyyətlərimiz Allaha bəllidir.

3. Səlahiyyət qəlbə, iç məqsədlərə aiddir.

4. Qəlb və batin saf və saleh olan yerdə tövbə qapısı açıqdır.

5. Ardıcıl yalvarış, ah-nalə ilə tövbə edək.

6. Allah bağışlayandır. Amma ilahi bağışlanma nemətindən faydalanmaq üçün tövbə şərtdir.

7. Əgər nadanlıq səbəbindən valideynlə pis rəftar etsək, tövbə qılmaqla Allahın mərhəmətini əldə edə bilərik.

8. Əfv və bəxşiş Allahın rübubiyyət şənindəndir.

9. Salehlik nişanələrindən biri tövbədir.

10. Bəzən saleh insanlar da büdrəyir. Bu sayaq nöqsanları tövbə ilə aradan qaldırmaq lazımdır.

 

● ayə 26:

﴿وَآتِ ذَا الْقُرْبَى حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا﴾

“Qohumun, çarəsizin, yolda qalanın haqqını ver, heç cür dağıdıb israf etmə.”

 

○ Nöqtələr

● “Bəzr” kökündən olan “təbzir” sözü bədxərclik, israf mənasını bildirir. Məsələn, iki qonaq üçün on qonağın xörəyini hazırlamaq “təbzir” sayılır.

● İmam Sadiq (ə) buyurur: “Hər kəs Allaha itaət yolunda yox, başqa yolda nə isə sərf etsə, bədxərc, israfçıdır.”[43] Həzrətdən soruşulur ki, halal xərclərdə də israf varmı? Həzrət buyurur: “Bəli, çünki özünə bir şey saxlamadan varını paylayan şəxs halal məsrəfdə israf etmişdir.”[44]

● Bu ayə nazil olduqdan sonra möhtərəm Peyğəmbər (s) qohumların haqqını ödəmək haqqında düşünürdü. Həzrət (s) Allahın əmri ilə Fədək bağını həzrət Fatiməyə bağışladı. (Fədək böyük bir sahə idi və heç bir savaşsız Peyğəmbərin (s) ixtiyarına keçmişdi. Həzrət Peyğəmbər (s) Əhli-beytə (ə) diqqət göstərərək din təbliğində onların iqtisadi dayaqlarını möhkəmləndirmək üçün bu bağı onlara bağışlamışdı. Amma Peyğəmbərin (s) vəfatından sonra Əbu-Bəkr Fədəyi geri aldı. Yalnız Ömər ibn Əbdül-Əziz bu bağı Əhli-beytə (ə) qaytardı. Sonra Fədək yenidən qəsb olundu. Məmunun dövründə Əhli-beytin (ə) ixtiyarına verildi. Çox keçməmiş Peyğəmbərin (s) hədiyyəsi geri qaytarıldı.) Amma həzrətin vəfatından sonra Fədək haqsız olaraq Əhli-beytin (ə) əlindən alındı. Əhli-beyt (ə) öz haqqını geri qaytarmaq üçün bu ayəyə istinad edirdi.

● Şiə və sünni təfsirçiləri (məsələn, Təbəri) rəvayətlərə istinadən yazırlar: “İmam Səccad (ə) əsirlik vaxtı karvanla Şama gəldiyi vaxt Əhli-beyt (ə) əsirlərinə ünvanlanmış dinsizlik ittihamına bu ayəyə istinadən cavab vermişdi: “Zəl-qurba” bizik!”[45]

● Bəzi rəvayətlərdə ayənin xümsə aid olduğu bildirilir. Bəziləri isə ayədə daha üstün, qeyri-maddi məsələlərin nəzərdə tutulduğunu önə çəkir. Onlar bildirirlər ki, ayədə həzrət Əlinin (ə) canişinliyi ilə bağlı vəsiyyət əmri verilir. (İmam Sadiq (ə) bu ayə haqqında buyurur: “Allah rəsuluna canişinlik və peyğəmbər elminə sahiblik Əli ibn Əbi-Talibin (ə) haqqıdır.”[46] Ayədə “təbzir”-ə qadağa qoymaqla, əslində ifratçılıq qadağan edilmişdir.[47]

● Bildirişlər

1. Dini göstərişlər insan fitrətinə uyğundur. İnsan fitri olaraq öncə valideynlərinə, sonra yaxınlarına məhəbbət göstərir. İslamda haqqın ödənməsi göstərişi də buna əsaslanır.

2. İnfaqda növbəni nəzərə almaq lazımdır: öncə valideyn, sonra qohum, sonra fəqirlər və yolda qalanlar.

3. Qohumların bizim boynumuzda haqqı var, onlara minnət qoymayaq.

4. Qohumluq, yoxsulluq və yolda qalmaq xüsusi haqlar yaradır.

5. Qohuma infaq edərkən onun yoxsulluğu nəzərə alınmalıdır.

6. İnfaqda orta həddi gözləmək, ifrata yol verməmək lazımdır.

7. Bədxərclik, israfçılıq haramdır.

8. İnsan öz var-dövlətini xərcləməkdə heç vəchlə azad deyil.

 

● ayə 27:

﴿إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا﴾

“Həqiqətən, israfçılar şeytanın qardaşlarıdır. Şeytan öz Rəbbinə qarşı çox nankor idi.”

 

○ Nöqtələr

● Ərəb dilində “əx” dedikdə həm qardaş, həm də yoldaş nəzərdə tutula bilər. Məsələn, “əxus-səfər” dedikdə daim səfərdə olan şəxs, “əxul-kərəm” dedikdə səxavətli insan başa düşülür. İnsan həm ailə, həm də əqidə baxımından qardaş ola bilər. İsrafçılar şeytanın əqidə qardaşlarıdır. “İxvanəş-şəyatin” dedikdə şeytan yolunu izləyənlər başa düşülür.

● Quranda şeytanın fərdlər üzərindəki vəsvəsə və vilayəti ardıcıl şəkildə xatırlanmışdır. Amma yalnız bu ayədə “ixvanəş-şəyatin” (şeytanla olanlar) təbiri işlədilmişdir. Yəni israfçılar artıq şeytanla həmkar olanlardır və sadəcə vəsvəsədən ötüb həmkarlıq mərhələsinə çatmışdır. Başqa ayələrdə də bu ayəyə toxunulur.[48]

● “Təbzir” daha çox maddiyyata aid olsa da, bəzən digər nemətlərə münasibətdə də işlədilir. Məsələn, ömür və gəncliyin hədərə verilməsi, düşüncə, göz, qulaq və dil kimi vasitələrin əyri yolda işlədilməsi, məsuliyyətin qeyri-saleh insanlara tapşırılması, ləyaqət və güc olmayan bir məqamda məsuliyyətin qəbulu, faydasız biliklərin öyrənilməsi və öyrədilməsi. [49]

● Bildirişlər

1. Var-dövlətin düzgün olmayan istiqamətdə xərclənməsi şeytani işdir və bir növ nankorluqdur.

2. İsraf əhli təriflənməməli, əksinə məzəmmət olunmalıdır.

3. Mömin möminə qardaşdır.[50] İsrafçılar isə şeytanla qardaşdırlar.

4. İsraf səxavət yox, naşükürlük nişanəsidir.

● ayə 28:

﴿وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاء رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلاً مَّيْسُورًا﴾

“Əgər Rəbbindən gözlədiyin bir mərhəmətin intizarı ilə onlardan üz çevirərsənsə, onlarla yumşaq danış.”

 

○ Nöqtələr

● Bu ayə xalqla münasib rəftar haqqındadır. Ona görə də Peyğəmbər (s) Allahdan qurtuluş və mərhəmət gözlədiyi bir vaxt istədiyini yerinə yetirmədiyi bir kəs üçün dua edir və buyurur: “Allah bizə və sizə Öz fəzlindən ruzi versin.”[51]

● Fatimeyi-Zəhra (s) ev işlərində kömək üçün Peyğəmbərdən (s) kəniz istədikdə həzrət buyurdu: “Məsciddə libası və yeməyi olmayan dörd yüz nəfər var. Əgər belə olmasaydı, sənə xidmətçi təyin edərdim.” Sonra Peyğəmbər (s) “Həzrət Zəhranın təsbihi” adlanan məşhur zikri öz qızına öyrətdi.[52]

● Quranda xalqla necə danışmağı aydınlaşdıran göstərişlər var. İnsan yumşaq, sadə, tutarlı, yaxşı və təmiz danışmalıdır.[53]

● Bildirişlər

1. Bəzən peyğəmbərlər də ətrafdakılara kömək etməyə aciz qalır.

2. Allahın mərhəmətinə ümid bəsləmək lazımdır.

3. Allahın bizə borcu yoxdur, nə verirsə rəhmətindən verir.

4. Səy və ümid yanaşı olmalıdır. Təklikdə nə səy, nə də ümid səmərə verir.

5. Mömin məhrumlara əl tutmaq üçün imkan axtarışındadır.

6. Maddi imkanları ilahi rəhmət sayaq.

7. Maddi imkanlar insanların tərbiyə və təkamülünə yönəldilməlidir.

8. İnfaq və yardımı dayandırmaq üçün yalnız əliboşluq üzr sayıla bilər.

9. Bir şəxsə maddi yardım göstərmək imkanımız yoxdursa, heç olmasa xoş sözlərlə onun qəlbini ələ alaq.

10. Yoxsullara ümid verin ki, onlar çalışıb öz müşküllərini həll edə bilsinlər.

 

● ayə 29:

﴿وَلاَ تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلاَ تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا﴾

“Əlini nə qoynunda bağlı saxla (ki, heç infaq etməyəsən), nə də onu tam açıq saxla ki, (özün üçün heç bir şey qalmasın). Yoxsa qınanarsan və həsrət çəkərsən.”

 

○ Nöqtələr

● İmam Sadiq (ə) buyurur: “Məhsur” dedikdə yoxsulluq nisgili başa düşülür.”[54]

● Bəziləri bildirirlər ki, məzəmmət ayənin əvvəlindəki xəsisliyə, həsrət və nisgil isə ayənin sonuna, israfçılığa aiddir.

● Bir qadın öz oğlunu Peyğəmbərin (s) yanına göndərib, təbərrük üçün bir köynək istədi. Peyğəmbərin (s) başqa bir libası olmadığından öz köynəyini verdi və köynəksiz qaldığından evdən çıxa bilmədi. Ayə nazil oldu ki, əynindəki bircə köynəyi vermək səxavət deyil.

Digər bir rəvayətdə deyilir: “Peyğəmbərə (s) bir qədər qızıl gətirdilər. Həzrət bütün qızılı həmin gün infaq etdi. Növbəti gün bir yoxsul həzrətə ağız açdı. Amma həzrətdə ona vermək üçün bir şey olmadı. Yoxsul şəxs həzrəti qınadı. Peyğəmbər (s) ona bir şey verə bilmədiyi üçün qəmləndi. Sonra bu ayə nazil oldu.[55]

● Bildirişlər

1. Mömin xəsis olmamalı, ətrafındakılara kömək göstərməlidir.

2. İslam infaqda da orta yolu tutan məktəbdir.

3. İfrat və təfrit məhkum olunur, orta yol bəyənilmiş sayılır.

4. İnfaqda bədxərclik və ifrata varmaq insanın xanənişin olub, içini yeməsinə səbəb olur.

5. İslam heç vəchlə müsəlmanların zilləti ilə barışmır. Müsəlmanı alçaldan istənilən bir iş qadağandır.

6. İşin pis sonluğunu düşünmək həmin işdən uzaq dayanmağa səbəb olur.

7. Müdiriyyət prinsiplərindən biri gələcəyi nəzərə almaqdır.

 

● ayə 30:

﴿إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا﴾

“Həqiqətən, Rəbbin istədiyi kəs üçün ruzini genişləndirib, daralda bilər. Həqiqətən, O, bəndələrinə münasibətdə agah və görəndir.”

 

○ Nöqtələr

● Quranda ruzi haqqında ətraflı danışılmışdır. Həmin ayədəki müəyyən nöqtələrə nəzər salaq:

a) Hər bir canlının ruzisi Allahın öhdəsinədir.[56]

b) Ruzi mənbəyi səmadadır.[57]

v) Hamının gen-bol ruzisi olsa, fəsad artar.[58]

q) İnsan çalışmalı, ruzi dalınca getməlidir.[59]

d) Təqva ruzinin artım amillərindəndir.[60]

● Həzrət Əli (ə) buyurur: “Allah insanların ruzisini artırıb-azaltmaqla müəyyənləşdirmişdir. İstədiyini sıxıntı, istədiyini rifahla sınağa çəkər. Varlı və yoxsul şükür və səbirlə imtahana çəkilib seçilər.”[61]

● Bildirişlər

1. Ruzinin az-çoxluğu Allahın əlindədir.

2. Ruzinin çoxluğu və ya azlığı insanların tərbiyəsinə yönəldilmiş rübubiyyət şənindəndir.

3. Allahın istəkləri Onun bəsirət və agahlığına əsaslanır.

4. Fəqirlikdən qorxub əlinizi sıxmayın. Eyni zamanda, başqalarını yoxsulluqdan  qurtarmaq üçün bütün var-yoxunuzdan keçməyin. Ruzi Allahın əlindədir, bəzilərinin yoxsulluğunda hikmət var.

 

● ayə 31:

﴿وَلاَ تَقْتُلُواْ أَوْلادَكُمْ خَشْيَةَ إِمْلاقٍ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُم إنَّ قَتْلَهُمْ كَانَ خِطْءًا كَبِيرًا﴾

“Övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Şübhəsiz, onları öldürmək böyük günahdır!”

 

○ Nöqtələr

● “İmlaq” dedikdə fəqirlik, yoxsulluq nəzərdə tutulur. Ola bilsin ki, bu sözün kökü “mələq” sözüdür. Çünki yoxsulda “təməllüq”, yəni yağlı dillə yaltaqlıq müşahidə olunur.

● Bu ayə cahiliyyət dövrünün böhranlı iqtisadiyyatının simasını göstərir. Bugünkü dünyamızda iqtisadi problemlər və cəmiyyətin artımından nigaran olanlar çıxış yolunu doğuşların qarşısını almaqda görürlər. Bu da bir növ cahiliyyətdir.

● Allah-təala “Ənam” surəsinin 151-ci ayəsində övladların yoxsulluq səbəbindən öldürüldüyünü bildirir. Bu ayədə isə yoxsulluq qorxusu önə çəkilmişdir. Birinci halda buyurulurdu: “Biz sizin və övladlarınızın dolanışığını təmin edərik.” Bu ayədə isə yoxsulluq qorxusu ilə bağlı deyilir: “Övladlarınızın ruzisi və öz ruziniz Bizim öhdəmizədir.” Qorxu və həyəcan çox olduğundan Allah öncə övladı, sonra valideyni sığortalayır və mümkün həyəcanı azaltmaq istəyir.[62] Bu fərqin səbəbi aclığın hazıra, yoxsulluq qorxusunun gələcəyə aidliyi ola bilər. Əvvəlcə “sizə və övladlarınıza ruzi verərik”, sonra isə “övladlarınıza və sizə ruzi verərik” buyurulur.

● Bildirişlər

1. Övladın yaşamaq haqqı var, valideyn onu bu haqdan məhrum etməməlidir.

2. Yoxsulluq və əliboşluq insanın ən güclü hislərinə də təsir göstərir.

3. Yoxsulluq zərərindən qorxu günah və başqalarının hüququnun pozulması üçün səbəb ola bilməz.

4. Əgər ruhi asayiş və iman olmasa, təkcə yoxsulluq yox, yoxsulluq qorxusu da qətlə səbəb ola bilər.

5. İlahi zəmanətə əminlik günaha mane olur.

6. İman və təvəkkülü yaddan çıxarmayın.

7. Allah ata-anadan mehribandır, Ona bədgüman olmayın.

8. Ruzi Allahın əlindədir, bu istiqamətdə çoxluq rol oynamır. Demək, övlad yoxsulluq səbəbi deyil.

9. Bəzən biz övladlarımızın sayəsində ruziyə çatırıq.

10. Övladı öldürmək, doğuşun qarşısını almaq günah və cinayətdir. İstər oğlan, istər qız övlad yaşamaq haqqına malikdir.

11. Günahlar eyni deyil. Kiçik (səğirə) və böyük (kəbirə) günahlar var.

 

● ayə 32:

﴿وَلاَ تَقْرَبُواْ الزِّنَى إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاء سَبِيلاً﴾

“Zinaya yaxın düşməyin. Bu, çirkin iş, pis yoldur.”

 

○ Nöqtələr

● Qeyri-qanuni cinsi əlaqənin (zinanın) fəsadları, fərdi və ictimai zərərləri var. Ailə təməlinə zərbə vuran bu çirkin iş İslamda haram buyurulmuşdur. Qurani-kərimdə zina şirk, qətl, oğurluqla yanaşı zikr olunur.[63]

Zinanın bir sıra fəsadları var:

1. Zina qarşıdurma, intihar, evdən uzaqlıq, qeyri-qanuni övladlar, cinsi xəstəliklər, ailə üçün hörmətsizlik kimi bir çox acılıqların qaynağıdır.

2. Şəhvət alovunu söndürmək üçün bir-birinin sorağınca gedən zinakarlar arasında möhkəm bağlılıq, aramlıq olmur.

3. Zinakar qarşı tərəfi həyat yoldaşı yox, ləzzət vasitəsi sayır.

4. Zina ailə təşkilinin qarşısını alır, qohumluq əlaqələrini qırır, yaxınlara yardıma mane olur. Zina yolunun açılması evlənməyə marağı öldürür.

5. Zinakarda nəsil davamı, övlad tərbiyəsi ilə bağlı vəzifə məsuliyyəti olmur, bu zümrədən olanlar ata-ana hissindən məhrum olurlar.

6. Zina varislik prinsipini pozur, həqiqi varis tanınmır.

7. Zina nəticəsində insan alçalır, zinakarı vaxtsız ölüm yaxalayır.[64]

8. Zina əlavə xərclər tələb etdiyindən zinakar şəxs öz şəhvətini söndürmək üçün başqa günahlara da əl atır. Məsələn, istəyinə çatmaq istəyən zinakar böhtan atır, hədələyir, oğurluq edir, hətta insan həyatına son qoyur.

9. Zina nəticəsində ərsəyə gələn qeyri-qanuni övladlar cəmiyyətdə bir sıra fəsad və cinayətlər törədir. Zinadan doğulanların fəsadı zinanın aşkar nümunələrindəndir.

● İslam zinanın qarşısını almaq üçün müəyyən tədbirlər planı təqdim edir:

1. Bəzi yerlərdə kişinin naməhrəm qadınla ünsiyyətinə qadağa qoyulur;

2. Kişi və naməhrəm qadının xəlvətdə ikilikdə qalması qadağan olunur;

3. Qadına naməhrəm qarşısına bəzənmiş halda çıxmaq qadağan olunur;

4. Naməhrəmə baxmamaq, naməhrəmlə əl verib görüşməmək, zina barədə düşünməmək, şəhvət doğuran şəkillərə və səhnələrə baxmamaq tapşırılır;

5. Zinakar üçün ciddi cəza nəzərdə tutulur;

6. İzdivac, evlənmək tövsiyə olunur və mehriyyənin (kişinin ödəməli olduğu evlənmə haqqını) aşağı endirilməsi tapşırılır;

7. Gec evlənmək məzəmmət edilir;

8. Evlənmə və ailə üçün səy ibadət sayılır.

● Bildirişlər

1. Bəzi günah səhnələri o qədər cazibədardır ki, onlara yaxınlaşmaq belə təhlükəlidir.

2. Nəinki zinadan, hətta zinaya aparan yoldan çəkinmək lazımdır. (Bəzən bir baxış, bir telefon söhbəti, bir məktub və ya bir görüş zina üçün zəmin olur.)

3. Zina tarix boyu çirkin iş sayılmışdır. Digər dinlərdə də zina haramdır.

4. Nəhy-əz-münkərdə (pisliyə qadağada) günahın çirkinliyini bəyan edək.

5. Zina həm günahdır, həm də başqa günahlara yol açıb insanı bədbəxt edir.

 

● ayə 33:

﴿وَلاَ تَقْتُلُواْ النَّفْسَ الَّتِي حَرَّمَ اللّهُ إِلاَّ بِالحَقِّ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلاَ يُسْرِف فِّي الْقَتْلِ إِنَّهُ كَانَ مَنْصُورًا﴾

“Allah tərəfindən (qətli) haram edilmişi haqsız yerə öldürməyin. Şübhəsiz, zülmə məruz qalaraq öldürülənin sahibinə (qisas üçün) ixtiyar verdik. O da öldürməkdə (qisasda) ifrata varmamalıdır. Çünki ona (ədalət əsasında) himayə göstərilmişdir.

 

○ Nöqtələr

● “Fəla yusrif fil-qətl”, yəni qisasda həddi aşmayın, cahiliyyət dövründə olduğu kimi, əl-ayağı kəsməyin.

● İnsan həyatına son qoymaq kəbirə günahdır. Qisas və fəsad istisna olmaqla, fəsad törətməmiş şəxsi öldürmək bütün xalqı öldürmək kimidir.[65] Belə bir qətlin cəzası əbədi cəhənnəmdir.[66] Silah çıxaran, ölümlə hədələyən hər bir kəs üçün də fəsad və hücum ünvanı ilə eyni cəza nəzərdə tutulmuşdur.[67]

● Ayədəki “vəliyy”, yəni “sahib” sözü həm də həzrət Mehdiyə (ə) aid edilmişdir. Həzrət Mehdi (ə) əziz babası imam Hüseynin (ə) qanını alasıdır.[68]

● Allahın məzlumu himayə etməsi, haqsız olaraq qətlə yetirilənin sahibinə qisas haqqı verilməsi nahaq qətllərin, eləcə də, qisasda ifratın qarşısını alan amildir.

● Bildirişlər

1. Hər bir insanın yaşamaq haqqı var. Hətta müsəlmanla savaşda olmayan qeyri-müsəlmanların toxunulmazlıq haqqı var.

<