A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

● Ayə 75:

﴿وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا إِنَّهُ مِنَ الصَّالِحِينَ﴾

“Onu Öz rəhmətimizə daxil etdik. Həqiqətən, o, salehlərdən idi.”

 

Nöqtələr

Həzrət İbrahimin dövründə Lut peyğəmbər idi. İmamət və rəhbərlik isə İbrahimin öhdəsinə düşmüşdü. Ola bilsin ki, elə bu səbəbdən də ötən ayələrdə İshaq və Yaqub haqqında “Onları imam qərar verdik” təbiri işlənmişdir. Bu ayədə isə Lutun adı ayrıca çəkilir. İbrahim imam olduğundan Lut imamət məqamında olmamışdır.

Bu ayədə Allah Luta əta olunmuş 4 mühüm nemətə işarə edir: Hökm, elm, qurtuluş, rəhmətə daxil olma.

Bu ayədə “hökm” dedikdə nübuvvət məqamı nəzərdə tutula bilər. Çünki həzrət Yəhya haqqında da uyğun təbir işlədilmişdir.[578]

Allahın nicat verməsi insanların səy və təlaşına zidd deyil. Çünki həzrət Lutun qurtuluşu Allahın əmr və hidayəti, Lutun öz istək və təlaşı ilə baş tutdu.[579]

Ayədə “fasiqlər” deyərkən kafirlər nəzərdə tutulmuşdur. Uyğun məna ilə başqa ayələrdə də rastlaşırıq.[580]

Bildirişlər

1. Allah Öz övliyalarına nicat verir.

2. Günahkarlıq rəvac tapmış məntəqədə qalmayın.

3. Bəzən bir günah başqa günahlara səbəb olur.

4. Günahdan da pisi günahın davamlı şəkil almasıdır.

5. Günahın davamlı şəkil alması küfr səmərəsi və bədbəxtlik səbəbidir.

6. Mühit və cəmiyyət zora “yox” deyir.

7. Biz saleh olsaq, Allah bizi mərhəmətində qərq edər.

 

● Ayə 76:

﴿وَنُوحًا إِذْ نَادَى مِن قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ﴾

“(Xatırla,) ondan da (İbrahim Lutdan) qabaq (Rəbbini) çağıran Nuhu. Onun (istəyini) qəbul etdik. Onu ailəsini böyük bəladan qurtardıq. ”

 

● Ayə 77:

﴿وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ﴾

“Ayələrimizi təkzib edən qövmə qarşı ona yardım göstərdik. Həqiqətən, onlar pis bir qövm idi. Onların hamısını qərq etdik.”

 

Nöqtələr

Ola bilsin ki, həzrət Nuhun dua və naləsi “Nuh” surəsinin 27-ci ayəsində haqqında danışılan nifrindən ibarətdir: “Pərvərdigara! Yer üzündə bir nəfər olsun kafir saxlama.“ Bəlkə də həzrət Nuh insanların hidayətindən ümidini üzdükdən sonra belə nifrin etmişdir. “Hud” surəsinin 38-ci ayəsində buyurulur: “Ey Nuh! Sənə iman gətirənlərdən savay bir başqası iman gətirməyəcək.” Nuh 950 il təbliğ, səbir və dözümdən sonra əlini açıb dua etdi: “Pərvərdigara! Mən məğlubam, mənə yardım buyur.”[581]

Bildirişlər

1. Başqa qövmlərin tarixini öyrənmək, onların bəla və çətinliklərindən xəbər tutmaq insanı səbirli edir.

2. Peyğəmbərlərin duası qəbuldur. (Tarixi gedişatda duanın rolu var.)

3. Əgər günahkar cəmiyyəti dəyişməyə gücünüz yoxsa, özünüzü xilas etmək barədə düşünün.

4. Küframiz cəmiyyətdə yaşamaq çox böyük bəladır.

5. Sonda haqq əhli qalib, batil əhli məğlubdur.

6. Bəlalar insanların öz düşüncə və əməllərinin əks-sədasıdır.

 

● Ayə 78:

﴿وَدَاوُودَ وَسُلَيْمَانَ إِذْ يَحْكُمَانِ فِي الْحَرْثِ إِذْ نَفَشَتْ فِيهِ غَنَمُ الْقَوْمِ وَكُنَّا لِحُكْمِهِمْ شَاهِدِينَ﴾

“Davud Süleymanı (xatırla). O zaman ki, bir qövmün qoyunlarının əkin sahəsi haqqında hökm verdilər Biz onların mühakiməsinə şahid idik.”

 

● Ayə 79:

﴿فَفَهَّمْنَاهَا سُلَيْمَانَ وَكُلًّا آتَيْنَا حُكْمًا وَعِلْمًا وَسَخَّرْنَا مَعَ دَاوُودَ الْجِبَالَ يُسَبِّحْنَ وَالطَّيْرَ وَكُنَّا فَاعِلِينَ﴾

“ Biz onu (həqiqi hökmü) Süleymana anlatdıq. Biz onların hər birinə hökm elm verdik. «Quşlarla birlikdə təsbih etsinlər» deyə dağları Davuda ram etdik. Bu işləri görən Biz idik.”

 

Nöqtələr

Bu macəra ilə bağlı rəvayət və təfsirlərdən məlum olur ki, qoyunlar gecə bir şəxsin əkinəcəyinə daxil olub onu zay etdilər. Üzüm tənəklərinin sahibi şikayət üçün Davudun yanına gəldi. Həzrət Davud ziyanın ödənməsi ilə bağlı hökm çıxardı və bütün qoyunları bağ sahibinə verdi. Amma onun oğlu Süleyman atasına başqa bir təklif etdi: qoyunlar ziyan vurulmuş şəxsə verilsin, bağsa qoyunların sahibinə tapşırılsın. Qoyunların sahibi tədricən ziyanı ödəsin və ziyan ödəndikdən sonra hərə öz malına sahib dursun.[582]

Təbii ki, hər iki peyğəmbər məsələni düzgün həll etməyə çalışırdı. Amma ata və oğulun göstərdiyi yollar fərqli idi. Ata qoyunları zərər dəymiş şəxsə vermək istəyir, övlad qoyunların gəliri ilə zərəri ödəmək təklifini irəli sürürdü.

Allah-təala buyurur: “Biz hər ikisinə elm və hikmət versək də, bu dəfə Süleymanın mühakiməsi üstün idi.”

Hədisdə bildirilir ki, Davud səmavi Zəbur kitabını oxumağa məşğul olduqda, dağlar, daşlar, quşlar səsini eşidib, ona qoşulardı.[583]

Bildirişlər

1. Atanın hörməti onun adı övladla yanaşı çəkilərkən də gözlənilməlidir.

2. Mühakimə peyğəmbərlik şənindəndir.

3. Peyğəmbərlər xalqın ixtilaflarını həll edəcək həqiqi ünvandırlar.

4. Hadisədən dəyən zərər bilməyərəkdən baş verdikdə belə ödənməlidir.

5. Hakim öz işində Allahı şahid və nəzarətçi bilməlidir.

6. Allahın lütfü olmadan məsələni düzgün anlamaq mümkünsüzdür.

7. Bəzən ataya əta olunmamış xeyir övlada əta olunur.

8. Dağların təsbihi kiminsə təsbihinin əks-sədası deyil. Dağlar gerçəkdən təsbih deyir.

9. Bütün mövcudların, hətta dağların və quşların şüur payı var və onlar Allaha təsbihə məşğuldur.

 

● Ayə 80:

﴿وَعَلَّمْنَاهُ صَنْعَةَ لَبُوسٍ لَّكُمْ لِتُحْصِنَكُم مِّن بَأْسِكُمْ فَهَلْ أَنتُمْ شَاكِرُونَ﴾

“Ona (Davuda) zireh düzəltməyi öyrətdik ki, sizi vuruşda hifz etsin. Heç şükür edirsinizmi?!”

 

 

 

 

 

 

 

● Ayə 81:

﴿وَلِسُلَيْمَانَ الرِّيحَ عَاصِفَةً تَجْرِي بِأَمْرِهِ إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا وَكُنَّا بِكُلِّ شَيْءٍ عَالِمِينَ﴾

“Süleymana əmri ilə bərəkət verdiyimiz yerə doğru əsən şiddətli küləyi ram etdik. Biz hər şeydən agahıq.”

 

Nöqtələr

Bu ayədə mübarək torpaqda (Şamat) əsən şiddətli küləkdən danışıldı. Amma “Sad” surəsinin 36-cı ayəsindən məlum olur ki, həzrət Süleyman digər məntəqələrdəki aram küləklərə də təsir göstərə bilirdi. Ayədə buyurulur ki, Biz küləyi Süleymanın ixtiyarına verdik, mülayim və ahəstə, istədiyi yerə getsin.

Həzrət Süleymanın küləklə hansı məsafəni hansı zamanda qət etməsi ilə bağlı “Səba” surəsinin 12-ci ayəsində buyurulur: “Külək (vasitəsi ilə hərəkət) Süleymanın ixtiyarında idi. O, bir aylıq (yol) sübh vaxtı, bir aylıq (yol) qürub vaxtı gedirdi.”

Bildirişlər

1. İxtiralar Allahın insana ilhamıdır.

2. Həzrət Davud zireh düzəltmə sənətinin banisidir.

3. Peyğəmbərlər də iş və sənət əhli olmuşlar.

4. Peyğəmbərlər xalqı təbii və adi yollarla hifz edirdilər.

5. Sənət zalım hakimlərə yox, xalqa xidmət etməlidir.

6. Müdafiə xarakterli hazırlıq zəruri işdir.

7. Əmin-amanlıq şükür olunası nemətdir. (Əmin-amanlıq sənət sayəsində təmin olunur.)

8. Hər bir ixtira və sənaye nemətinə görə Allaha təşəkkür edilməlidir.

9. Allahın övliyaları Allahın izni ilə təbiətin işlərinə qatıla bilərlər.

10. Küləklərin də şüuru var. Onlar Allahın və övliyaların əmrini anlayıb icra edirlər.

 

 

 

 

 

 

 

 

● Ayə 82:

﴿وَمِنَ الشَّيَاطِينِ مَن يَغُوصُونَ لَهُ وَيَعْمَلُونَ عَمَلًا دُونَ ذَلِكَ وَكُنَّا لَهُمْ حَافِظِينَ﴾

“Şeytanlardan bir dəstəsi onun (Süleyman) üçün qəvvaslıq (üzgücülük) edirdilər. Bundan başqa da işlər görürdülər. (Süleymanın əmrindən çıxmamaları üçün ) Biz onlara nəzarət edirdik.”

 

Nöqtələr

Şeytan cin nəslindəndir və şüurlu varlıqdır. Onun da insan kimi vəzifələri var. Həzrət Süleyman insanlardan əlavə cinlərin də bəzilərinə hakim idi.[584]

Cinlərin Süleymana göstərdikləri xidmətlərdən biri də üzgüçülük idi. Amma onlar başqa işlər də görürdülər. Digər ayələrdə cinlərin müəyyən işlərinə işarə olunur. “Səba” surəsinin 13-cü ayəsində oxuyuruq: “Onlar Süleyman üçün mehrablar, gözəl məbədlər, iri qazanlar, bir sözlə istədiyini düzəldirdilər.”

Bildirişlər

1. Cinlər də sənətkarlıqla məşğul olurlar.

2. Cin insanın xidmətində dura bilər.

3. Əgər nəzarət olmasaydı, Süleymanın da misilsiz hökumətində fitnə-fəsad yaranardı.

 

● Ayə 83:

﴿وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ﴾

“(Xatırla,) bir zaman Əyyub Rəbbinə dua etmişdi ki, həqiqətən, mənə zərər toxunub, Sən (isə) mehribanların mehribanısan.”

 

● Ayə 84:

﴿فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِن ضُرٍّ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَى لِلْعَابِدِينَ﴾

“Onun duasını qəbul etdik, düşdüyü çətinlikdən çıxardıq, ailəsini yanına qaytardıq. Ona rəhmət, ibadət edənlərə öyüd-nəsihət olsun deyə, onlar kimisini əlavə əta etdik.”

 

Nöqtələr

Həzrət Əyyub Qurani-məciddə səbir nişanı ilə iftixara çatdırılmış peyğəmbərdir: “Sad” surəsinin 44-cü ayəsində oxuyuruq: “Həqiqətən, Biz onun səbirli insan olduğunu gördük. Necə də gözəl bəndə idi. Həqiqətən, o çox tövbə edib yalvarardı.

Həzrət Əyyub çox ağır xəstəliyə düçar olsa da, onu xəstəliyi (bəzi kitablarda yazıldığı kimi) ətrafdakılarda ikrah doğurmurdu. Belə bir ikrah lütf qaydasına zidd olmaqla yanaşı, bir çox rəvayətlər və təfsirlərlə uyğun gəlmir.[585]

İmam Sadiqdən (ə) “onlar kimisini də” ifadəsi ilə bağlı sual olunduqda həzrət buyurmuşdur: “Allah həlak olanlarla yanaşı bir vaxt təbii ölümlə dünyasını dəyişmiş övladlarını da Əyyuba qaytardı.”[586]

Bildirişlər

1. Böyük şəxsiyyətlərin xatırlanması və onların tarixinə baxış təskinlik, səbir, hidayət üçün ən üstün vasitədir.

2. Peyğəmbərlər də adi insanlar kimi maddi həyatda müxtəlif çətinliklərə və xəstəliklərə düçar olmuşlar.

3. Çətinliklər zahirən zərərli görünsə də, çox vaxt batini bir lütf, ilahi rəhmət olur.

4. Bəlalar bəzən cəza yox, sınaq xatakterli olur və insanın dərəcəsini yüksəldir. (Nəzərə alaq ki, peyğəmbərlər məsumdurlar və onların düçar olduğu çətinliklər günahlarının cəzası kimi izar oluna bilməz.)

5. Peyğəmbərlər ədəb nümunələridir. Həzrət Əyyub demədi ki, Pərvərdigara, zərəri məndən uzaqlaşdır.” Onun duasından anlaşıldı ki, “Pərvərdigara, Sən özün yaxşı bilirsən.”

6. Dua zamanı Allahı öz ehtiyacımıza uyğun adı ilə çağıraq.

7. Peyğəmbərlərin duası qəbuldur.

8. Allah insana onun duasından artıq lütf edir. (Həzrət Əyyub zərərin ondan uzaqlaşdırılmasını istəyirdi. Amma Allah əlavə olaraq ona ailəsini qaytardı)

9. Övlad Allahın lütf və rəhmətidir.

10. Allah həm səxavət, həm də böyüklük göstərir. “Fitr” və “Qurban” bayramı namazının qunutunda Allah uyğun səciyyələri ilə xatırlanır. Bəli, Allah Əyyubdan aldıqlarını qaytarmaqla yanaşı, ona ikiqat əta edir. Həm keçmiş zərərlər ödənir, həm də gələcəklə bağlı səxavət və kərəm göstərilir.

11. Dua ilə ilahi rəhmətin nazil olması arasında xüsusi bir rabitə var.

12. Peyğəmbərlərin də duası şəxsi ləyaqətlərinə görə yox, ilahi fəzl və rəhmətə görə qəbul olunur.

13. Bəla müxtəlif məqsədlərlə nazil ola bilər: Bəzən sınaq üçün, bəzən əqli və elmi təkamül üçün, bəzən başqalarının ibrət götürməsi üçün.

14. İbadət nəsihətin qəbulu üçün zəmindir.

15. Bütün insanların, hətta abidlərin xatırlatmaya ehtiyacı var.

 

● Ayə 85:

﴿وَإِسْمَاعِيلَ وَإِدْرِيسَ وَذَا الْكِفْلِ كُلٌّ مِّنَ الصَّابِرِينَ﴾

“İsmail, İdris, Zül-Kifl hər biri səbirlilərdən idi.”

 

● Ayə 86:

﴿وَأَدْخَلْنَاهُمْ فِي رَحْمَتِنَا إِنَّهُم مِّنَ الصَّالِحِينَ﴾

“Biz onları Öz rəhmətimizə daxil etdik. Həqiqətən, onlar salehlərdən idilər.”

 

Nöqtələr

İsmail həzrət İbrahimin övladı, əziz İslam Peyğəmbərinin (s) babası idi. O haqqa itaət və Allah əmri qarşısında səbirin ən gözəl əsərini nümayişə qoydu. Atası sadiq bir yuxuda İsmaili qurban vermək əmri almışdı.

Həzrət Nuhun babası həzrət İdris ilk dəfə nücum (astrologiya) elmi ilə məşğul olmuş, başqalarına libas tikməyi öyrətmiş, qələm götürüb yazı yazmışdır. Deyirlər ki, İdrisə 30 səhifə ilahi kəlam nazil olmuşdur. Nəhayətdə, səmaya çəkilmişdir, hazırda da sağdır.[587]

Həzrət Zül-Kifl ilahi peyğəmbərlərdən biridir. Həzrət Süleymandan sonra, həzrət İsadan əvvəl yaşamışdır.[588] Bildirilir ki, onun qəbri Kərbəla-Nəcəf yolu kənarındadır.

“Tibyan” təfsirində oxuyuruq: “Bu ilahi peyğəmbər gündüzlər oruc tutub, gecələr ibadətlə məşğul olmağı əhd etmişdi. O yalnız haqq əsasında hökm edər, Allahın razılığı əsasında qəzəblənərdi. Sonadək əhdinə vəfa qıldığından onu “Zül-Kifl”, yəni “öhdəçilik götürən” adlandırmışdılar. Bəziləri, o cümlədən Fəxr-Razi bu fikirdədir ki, Zül-Kifl həzrət İlyasın ləqəbidir. Ammma biz “Məcməul-bəyan” təfsirində nəql olunmuş rəvayəti daha mötəbər sayırıq. Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) nəql edir ki, Allah bəşəriyyətin hidayəti üçün 124 min peyğəmbər məbus etdi. Onlardan 313 nəfəri mürsəl peyğəmbərlərdir. Zül-Kifl həmin mürsəl peyğəmbərlərdən biridir. Biz Zül-Kifli həzrət İlyas yox, mürsəl peyğəmbərlərdən biri kimi tanıyırıq.

Həzrət İsmail qurban kəsilməsi ilə bağlı ilahi əmr qarşısında səbir etdi. Həzrət İdris xalqı 365 il haqq dinə çağırdı. Amma ona iman gətirən olmadı.[589]

Bildirişlər

1. İlahi insanları unutmayaq, onların kamilliklərini nəql edək.

2. Səbir Allah tərəfindən təriflənilmiş bir xislətdir.

3. Səbir insanın ilahi rəhmətə qovuşması üçün zəmin yaradır.

4. İnsan ilahi sınaqlardan müvəffəqiyyətlə çıxdıqdan sonra dərəcə və məqam əldə edir.

5. İnsan saleh əməl sayəsində ilahi rəhmətdən bəhrələnir.

6. Səbir və salehlik peyğəmbərlik sifətlərindəndir. Bu sifətlərə malik insanda peyğəmbərlərdən nişan var.

 

● Ayə 87:

﴿وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَن لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ﴾

“Zunnunu (Yunisi yada sal,) bir zaman qəzəblənib getdi düşündü ki, (rahatlığa çıxdı) Biz onu sıxıntıya salmayacağıq. (Nəhəng) bir balıq onu kamına çəkdikdən sonra bu işin səbəbini anladı,) zülmət içində yalvardı ki, (Pərvərdigara,) Səndən başqa məbud yoxdur. Sən pak-pakizəsən. Həqiqətən, mən zalımlardan idim. (İtaətsizliyinə görə xalqdan qaçmamalıydım.)”

 

● Ayə 88:

﴿فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ﴾

“Duasını qəbul etdik, onu qəmdən qurtardıq. Biz, möminlərə bu sayaq nicat veririk.”

 

Nöqtələr

Təfsirlərdə həzrət Yunisin əhvalatı ilə bağlı bildirilir: Həzrət Yunis uzun illər xalqı allahpərəstliyə dəvət etdi, amma ona yalnız iki nəfər iman gətirdi. Onlardan biri abid, digəri alim idi. Belə bir vəziyyət yarandıqda abid Yunisə nifrin etməyi məsləhət gördü. Xalqın itaətsizliyi və inadkarlığından cana yığılmış Yunis nifrin etdi. Bəla nişanələri görünən vaxt Allahdan icazə almadan qəzəblənərək məntəqəni tərk etdi. O düşündü ki, rahatlığa çıxacaq. Amma bilmirdi ki, bu addımına görə Allah tərəfindən sıxıntıya salınacaq.

O, xalqdan uzaqlaşıb dəryaya üz tutdu. Başqa bir məntəqəyə getmək məqsədi ilə gəmiyə süvar oldu. Yol arası gəmi nəhəng bir daşa dəyib zədələndi və batmaq təhlükəsi yarandı.

Gəmi sahibləri qərara gəldilər ki, bu bəladan xilas olmaq üçün gəmidə olanlardan birini dənizə atsınlar. Püşk atıldı və püşkdən Yunisin adı çıxdı. Beləcə, Yunis dəryaya atıldı. Dalğaların qoynuna düşər-düşməz bir dəniz nəhəngi (iri bir balıq, balina) Yunisi uddu. Amma Allahın əmri ilə ilahi peyğəmbər nəhəngin qarnında hifz olundu.

Yunis balığın qarnındakı zülmətdə, suyun dərinliyində xalqı tərk etməklə bağlı zülmünü anladı. O günahını etiraf edib Allaha dua etdi və duası qəbul olundu. Yunis düşdüyü zülmətdən xilas edildi. Həmin hadisədən sonra ona “zunnun”, yəni balıq sahibi ləqəbi verildi.

“Saffat” surəsinin 143, 144-cü ayələrində buyurulur: “Əgər o təsbih edənlər zümrəsindən sayılmasaydı, Qiyamət gününədək balığın qarnında həbsdə qalardı.”

Bildirişlər

1. Tarixin bəyanında davamlı olaraq şirin və müvəffəqiyyətli hadisələrdən danışaq, acı hadisələrə sadəcə işarə edək.

2. Öz ilahi vəzifəmizi başa çatmış sayıb onu tərk etməyək.

3. Bəzən bir tələsik, hesabsız və icazəsiz hərəkət ağır cəza ilə nəticələnir.

4. Allah bizim düşüncələrimizdən və gümanlarımızdan agahdır.

5. Bəzən peyğəmbərlər gələcək hadisələrdən xəbərsiz olur.

6. Bir yersiz qəzəb bəzən ilahi peyğəmbəri çətinliyə salır.

7. Bəzən bir ləyaqətsiz əməl növbənöv zülmətlərə aparır.

8. Çətinlikləri araşdırarkən Allahı pak sayaq və çətinliyin səbəbini özümüzdə axtaraq.

9. Hərəkətlər, sevgilər və nifrətlər Allahın razılığına əsaslanmasa, xoşagəlməz nəticə ilə sonuclanır.

10. Allah qarşısında günahın etirafı özü bir kamillik və dua qaydasıdır.

11. Duada tövhid əqidəsi bəyan olunsa, Allah paklıqla yada salınsa, günah etiraf edilsə həmin dua qəbuldur.

12. Allahın təsbihi (paklığının bəyanı) və günahın etirafı çətinlik və məhrumiyyətlərdən qurtuluş rəmzidir.

13. Yeganə qurtuluş yolu Allahın razılığıdır.

14. Quran dastanları başa çatmış əhvalatlar yox, daimi bir cərəyan, sünnədir.

15. İman əhlinin qurtuluşu Allahın sünnəsi, qanunudur.

16. Uyğun zikrin nəzərdə tutulmuş halda deyilməsi insanı xilas edir.

 

● Ayə 89:

﴿وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ﴾

“Zəkəriyyanı (yad et), bir zaman Rəbbinə belə dua etdi: “Pərvərdigara! Məni tənha buraxma. (Mənə varis olaraq övlad əta et əlbəttə ki,) Sən özün varislərin ən üstünüsən.”

 

● Ayə 90:

﴿فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ﴾

“Onun duasını qəbul etdik Yəhyanı ona bağışladıq. Zövcəsini onun üçün ləyaqətə çatdırdıq. Həqiqətən, onlar yaxşı işlərə tələsdilər, bizi ümid qorxu ilə çağırdılar, hüzurumuzda müti dayandılar.”

 

Nöqtələr

Peyğəmbərlər hər dəfə çətinliklə rastlaşdıqda Allah dərgahına üz tutmuş, Rəblərindən qurtuluş diləmişlər. Ötən ayələrdə uyğun istəklərdən bəzi nümunələrlə rastlaşdıq. (Ötən ayələrdə həzrət Nuhun, Əyyubun və Yunisin duaları ilə tanış olduq.)

İmam Hüseyn (ə) Peyğəmbər (s) Xəndək müharibəsi zamanı Allah dərgahına üz tutub belə ərz etdi: “Pərvərdigara! Sən Übeydə ibn Harisi Bədr günü, Həmzəni Ühüd günü məndən aldın. Bu isə Əlidir.” Sonra həzrət hazırkı ayəni oxudu.[590]

İmam Sadiq (ə) “Ümid və qorxu ilə” (“rəğəbən” və “rəhəbən”) ifadəsi haqqında buyurur: “Əlin içinin səmaya doğru tutulduğu hal rəğbət, əlin arxasının səmaya doğru tutulduğu hal rəhbətdir.”[591]

Bildirişlər

1. Heç vaxt Allahın mərhəmətindən ümidimizi üzməyək. (Allah hətta Zəkəriyya kimi qocaya sonsuz zövcədən övlad əta edir.)

2. Duada “Rəbb” sözü ilə müraciət və onun təkrarı istəkləri qəbula yaxınlaşdırır.

3. Dua zamanı Allahı bizim istəyimizə uyğun gələn sifəti ilə yada salaq.

4. Allahın varislərin ən xeyirlisi olmasına iman övlad məhəbbəti və Allahdan övlad istəyi kimi təbii meyllərlə zidd deyil.

5. Peyğəmbərlərin duası qəbuldur.

6. Övlad Allahın ətasıdır.

7. Allahın Öz övliyalarına xüsusi diqqəti var.

8. Allah hər şeyə qadirdir, O, sonsuz qadını ana edə bilər.

9. İnsan dua vasitəsi ilə sonsuzluğu aradan qaldıra bilər.

10. Kamil səadət o zaman əldə olunur ki, bütün ailə üzvləri xeyir işlərin yerinə yetirilməsində bir-birləri ilə həmfikir olsunlar.

11. İşlərə dəyər verən onların sürət və şadlıqla yerinə yetirilməsidir.

12. Ümid və qorxu hətta peyğəmbərlər üçün də dəyərli olan iki ünsürdür.

13. Allaha qorxu və ümid halında dua etmək lazımdır.

14. Allahın övliyaları yalnız Onun qarşısında baş əyirlər.

15. Kamilliklər davamlı olduqda dəyər sayılır.

16. Xeyir işə tələsmək, ümid və qorxu halında dua etmək duanın qəbuluna təsir göstərir.

 

● Ayə 91:

﴿وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِّلْعَالَمِينَ﴾

“Özünü pak saxlayan qadını (Məryəmi yad et). Biz ona Öz ruhumuzdan üfürdük. Onu oğlunu aləmlər üçün nişanə qərar verdik.”

 

Bildir