A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


1. Hər bir peyğəmbərin ayrıca bir kitabla gəlməsi zəruri deyil. Musa və Harun hər biri peyğəmbər olsa da, onların bir kitabı vardı və bu kitab Tövrat idi.

2. Müəyyən bir yolda ilahi yardımdan faydalanmaq üçün insan bir neçə şeyə ehtiyac duyur: doğru yolu tanımaq, yola işıq salan nur. Məqsədə diqqət.[568]

3. Peyğəmbərlərin hidayətindən bəhrələnmək üçün təqva ruhiyyəsi əldə etmək lazımdır.

4. Allah qorxusu və qiyamətə görə nigaranlıq təqva nişanələridir.

 

● Ayə 50:

﴿وَهَذَا ذِكْرٌ مُّبَارَكٌ أَنزَلْنَاهُ أَفَأَنتُمْ لَهُ مُنكِرُونَ﴾

“Bu (Quran), nazil etdiyimiz mübarək bir zikrdir. Yoxsa onu inkar edirsiniz?!”

 

Nöqtələr

Qısa bir müddətdə çoxsaylı insanları şirkdən tövhidə, təfriqədən vəhdətə, cəhalətdən elmə, tənəzzüldən tərəqqiyə, əsarətdən azadlığa, çirkinlikdən paklığa, yoxsulluqdan rifaha, hərəkətsizlikdən hərəkətə, xurafatdan həqiqətə, zillətdən izzətə, zalımlara itaətdən məsumlara itaətə, qəflətdən oyaqlığa, tərəddüddən sabitqədəmliyə, küfrdən imana, bir sözlə, zülmətdən nura yüksəltməsi Quranın mübarəkliyini yetərincə təsdiqləyir.

Ötən ayədə Tövratla bağlı yalnız “zikr” sözü işlədildi. Amma bu ayədə Quran “mübarək zikr” adlandırılmışdır. “Furqan”, “nur” kimi sifətlər digər ayələrdə Qurana aid edilmiş sifətlərdəndir.

Bildirişlər

1. Quran öz xəbərdarlıqları ilə müxtəlif əsr və nəsillərdə milyonlarca qəlbi özünə cəzb etməyə qadir olan kitabdır.

2. Quranın bərəkəti inkar olunmazdır.

 

● Ayə 51:

﴿وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِن قَبْلُ وَكُنَّا بِه عَالِمِينَ﴾

“Həqiqətən, Biz bundan öncə İbrahimi öz kamalına çatdırdıq. Biz ondan agah idik.”

 

● Ayə 52:

﴿إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَذِهِ التَّمَاثِيلُ الَّتِي أَنتُمْ لَهَا عَاكِفُونَ﴾

“Bir zaman atası (əmisi) və qövmünə dedi: “Daim pərəstiş etdiyiniz bu cansız heykəllər nədir?”

 

● Ayə 53:

﴿قَالُوا وَجَدْنَا آبَاءنَا لَهَا عَابِدِينَ﴾

“(Onlar cavab olaraq) dedilər: “Biz atalarımızı onlara pərəstiş edən halda gördük!”

 

● Ayə 54:

﴿قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُّبِينٍ﴾

“(İbrahim) dedi: «Həqiqətən, siz atalarınız aşkar azğınlıqda idiniz (və bu gün həmin haldasınız!)»”

 

Nöqtələr

Ötən ayələrdə Tövrat və Quran haqqında danışıldı. Bu ayədə isə Allah-təala belə buyurur: “Peyğəmbərlər və səmavi kitabların göndərilməsi yeni bir məsələ deyil. Biz bundan öncə də İbrahimin dövründə azğınları dəvət etmişdik.”

Bütpərəstlik tarixçəsinə nəzər saldıqda aydın olur ki, əvvəllər böyük şəxsiyyətlərin xatirəsini əziz tutmaq üçün bütlər düzəldilirdi. Bu iş tədricən müqəddəsləşdirildi, nəhayət, bütlərə pərəstiş olundu.[569]

“Timsal” sözünün cəm forması olan “təmasil” sözü cansız heykəllər mənasını bildirir.

Bildirişlər

1. Peyğəmbərlər məbus olmamışdan öncə Allahın nəzər-diqqətində olurlar.

2. Həqiqi inkişaf insanı bir Allaha pərəstişə aparır.

3. Həzrət İbrahimin özündə təkamül hazırlığı vardı. (İnsanların təkamül istedadları və tutumları fərqlidir.)

4. Pisliyə qadağa vəzifəsinin icrasında yaş məhdudiyyəti yoxdur.

5. Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.

6. Pisliyə qadağada çoxluq meyar deyil. Bəzən bir nəfər bir dəstənin qarşısında dayanmalı olur.

7. Pisliyə qadağa vəzifəsinin icrasında vicdanlara müraciət etmək ən müvəffəqiyyətli üsullardandır.

9. Batil və günah işlərin çirkinliyi açıqlanmalıdır.

10. Təbliğdə qarşı tərəfi insani şəxsiyyət və kəramətlərdən xəbərdar edək.

11. Xurafatla mübarizədə onun tərk olunması inkişaf göstəricisidir.

12. Atalar öz çaşqınlıqları ilə gələcək nəsillər üçün azğınlıq zəmini yaradırlar.

13. Ata-babalar öz pis rəftarlarına dəvət etməsələr belə, bu rəftarlar onların övladlarının tərbiyəsinə təsir göstərir.

14. Kor-koranə təqlid, ata-babaların pis rəftarlarının təəssübünü çəkmək məzəmmət olunur və qadağandır.

15. Pisliyə qadağa qoyarkən xəcalət çəkmək yersizdir.

16. Nə yaş, nə də çoxluq haqlılıq göstəricisi deyil.

17. Əqidə məsələsində ata-babaların yoluna yox, dəlillərə istinad etmək lazımdır.

18. Azğınlığın dərəcələri var.

 

● Ayə 55:

﴿قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنتَ مِنَ اللَّاعِبِينَ﴾

“(Müşriklər İbrahimə) dedilər: «Sən bizə həqiqəti deyirsən, yoxsa zarafat edirsən?!»”

 

● Ayə 56:

﴿قَالَ بَل رَّبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَى ذَلِكُم مِّنَ الشَّاهِدِينَ﴾

“(İbrahim) dedi: «Əlbəttə (həqiqəti deyirəm,) Rəbbiniz göylərin yerin Rəbbidir, onları vücuda gətirmişdir. Mən (də) bu həqiqətə şahidəm.»”

 

Nöqtələr

“Həqq” sözü “laib” sözünün antonimi olaraq ciddilik mənasını bildirir. Yəni ciddi deyirsən, yoxsa zarafat edirsən?

Bildirişlər

1. Nəsilbənəsil kor-koranə təqlid nəticəsində yolunu azmış kəslərin haqqı birdəfəyə qəbul etmələri asan iş deyil.

2. Allahın rübubiyyət və tərbiyəsi təkcə bəşəriyyətə yox, bütün varlıq aləminə aiddir.

3. Bütün varlıq aləminin bir Rəbbi var. (Bəziləri yanılaraq göylərin, yerin və bəşəriyyətin ayrı-ayrılıqda Rəbbi olduğunu düşünürlər.)

4. İlahi insanlar öz haqq əqidələri ilə tənha qalmamışlar. Onlar özlərini tarixin təkallahçıları ilə və ilahi mələklərlə bir yerdə görürlər.

 

 

 

 

 

● Ayə 57:

﴿وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُم بَعْدَ أَن تُوَلُّوا مُدْبِرِينَ﴾

“And olsun Allaha ki, siz olmayan vaxt bütləriniz üçün plan cızacağam.”

 

Nöqtələr

Həzrət İbrahimin belə qəti və hədələyici bəyanı ilə bağlı təfsirçilər arasında fikir ayrılığı var. “Təfsire-Safi” və “Təfsire-Əl-mizan”da bildirilir ki, bu cümlə açıq-aşkar bəyan olunmamışdır. Onlar düşünürlər ki, bir millətin tanrılarına qarşı təkbaşına mübarizəyə çağırış ehtiyata ziddir. Amma bu fikir əsaslı görünmür. İlahi insanlar adi insanlardan fərqlənir. Onların ilahi risalətinə heç nə mane ola bilməz. Ötən ayələrdə bildirilir ki, İbrahim xalqa aşkar şəkildə belə bəyan etdi: “Siz və atalarınız aşkar azğınlıqdasınız.” İmam Hüseynin (ə) bacısı həzrət Zeynəb Şamda əsir olduğu vaxt Yezidə buyurdu: “Mən səni alçaq sayıram.” Sonra xanım Yezid hökumətini tənqid atəşinə tutdu.

İmam Xomeyni (r) şahın hakimiyyət zirvəsində olduğu, təpədən dırnağadək silahlandığı, daxildən və xaricdən himayə olunduğu bir vaxt qətiyyətlə buyurdu: “Şah getməlidir!” İmam şahın canişininə belə dedi: “Mən bu dövlətin ağzından vuraram.” Onun dünyaya hakimlik iddiasında olan Amerikaya ünvanlanmış “Amerika heç bir qələt edə bilməz” bəyanatı hansı siyasi mülahizə və adi ehtiyatla bir araya sığır?!

Bəziləri düşünürlər ki, fəsadla mənfi (sadəcə arxa çevirməklə) mübarizə aparılmalıdır. Böyük şəxsiyyətlərdən birinin dövründə kinoteatrlar əxlaqsız filmlər nümayiş etdirməklə gənc nəsli mənəviyyatsızlığa aparırdı. Həmin şəxs bildirmişdi ki, əgər xalq kinoteatrlara getməsə, onların fəaliyyətinə son qoyular. Amma yuxarıdakı ayə bu sayaq təfəkkürü məhkum edir. Bildirilir ki, fəsadın kökü qazılmalıdır. Elə buna görə də, həzrət Musa hirslənib buzovu oda çəkdi, İslam Peyğəmbəri (s) nifaq yuvasına çevrilmiş “Zirar” məscidini uçurdu.

Bildirişlər

1. Məqsədə inam, yolun doğruluğuna əminlik insana güc verir.

2. Böyük işlərin həyata keçməsi üçün böyük planlara ehtiyac var. Ayədəki “əkidənnə” sözü tədbir və plan mənasını bildirir.

3. Qətiyyət yetərli rəhbərlik üçün bir şərtdir. “Təllah” sözü ilə and “vəllah” sözü ilə anddan daha ifadəlidir.[570]

4. Peyğəmbərlər vəhy qaynağına bağlanmaqla təkbaşına plan cıza bilirlər.

5. Həzrət İbrahim bütlərlə tam ciddi mübarizə aparırdı və sadəcə qorxutmaq məqsədi yox idi.

6. Bütlərin çoxluğu İbrahimin qərarına mane olmadı.

7. Bütpərəstlər olmayan yerdə bütlər bir baltanın qarşısında acizdirlər. Əslində bütlər bütpərəstləri yox, bütpərəstlər bütləri qoruyur!

8. Böyük məqsədlərin həyata keçməsi üçün bəzən xalqın iştirakı, bəzən onun kənarda qalması şərtdir.

9. Büt varsa, bütpərəstlik də olasıdır. Bütləri məhv etmək zəruridir.

 

● Ayə 58:

﴿فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ﴾

“(Nəhayət İbrahim münasib bir fürsətdə bütlərin) böyüklərindən savay onların hamısını uçurdu ki, bəlkə onun sorağına gələlər. (Və yatmış vicdanları oyana.)”

 

● Ayə 59:

﴿قَالُوا مَن فَعَلَ هَذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ﴾

“Dedilər: “Bizim tanrılarımızla kim belə rəftar edib? Şübhəsiz, o zalımlardandır.”

 

● Ayə 60:

﴿قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ﴾

«Dedilər: “İbrahim adlı bir gəncin bütləri pislədiyini eşitmişik.”»

 

Nöqtələr

Həzrət İbrahim bütün camaat şəhərdən çıxdığı gün onlara qoşuldu, amma yarı yolda bəhanə gətirib şəhərə qayıtdı. O münasib fürsət əldə edib, öz məqsədini həyata keçirdi.

“Cuzaz” dedikdə parça-parça olmaq mənası başa düşülür.

İslam Peyğəmbəri (s) də Məkkənin fəthi günü 360-adək bütü sındırdı.

Həzrət İbrahim böyük bütü də sındıra bilərdi. Amma belə etsəydi, onların hisslərini təhqir etməklə öz məqsədinə çatmazdı (bütpərəstlər üçün düşünmək fürsəti qalmazdı).

Bildirişlər

1. Büt sındırmaq ilahi peyğəmbərlərin əsas vəzifələrindəndir.

2. Əgər gətirilən dəlillər və moizə fayda verməsə, növbə inqilabi rəftarlara çatır.

3. Fiziki güc və cəsarət dəyər, zəiflik və qorxaqlıq isə nöqsandır.

4. İctimai düşüncəni oyatmaq və şirki aradan götürmək üçün şirk vasitəsi olan bəzi əşyalar məhv edilməlidir. (İbrahimin dövründə bütlər, Musanın dövründə Samirinin buzovu qiymətli sayılırdı.)

5. Büt mülk olaraq möhtərəm sayılmır, onu sındırmağa icazə verilir.

6. Bütlər müvəhhidlərin (təkallahçıların) nəzərində yox, bütpərəstlərin nəzərində böyük və möhtərəmdir.

7. Bütlərin sındırılması diqqəti cansız əşyalardan çəkmək və sorğu-sual üçün müqəddimədir.

8. Azğın əqidə insanı yanlış mühakiməyə aparır. (İnsan bəzən o qədər süqut edir ki, ən böyük zülmü haqq, ən aşkar həqiqəti zülm sayır.)

9. Kafirlər əvvəlcə İbrahimi zalım kimi tanıtdırdılar ki, onu rahatlıqla mühakimə edə bilsinlər.

10. İbrahimin mübarizə fəryadı hər yana yayılmışdı.

11. Haqq yolda gənclər də fəryad qopara bilər.

12. Həzrət İbrahim bütləri dağıtmamışdan öncə öz təbliğatı ilə bütlərə qarşı inqilab zəmini yaratmışdı.

 

● Ayə 61:

﴿قَالُوا فَأْتُوا بِهِ عَلَى أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ﴾

“(Qövm başçıları) dedilər: «Onu xalqın gözü qarşısına gətirin, qoy onlar (İbrahimin günahkarlığına) şəhadət versinlər.»”

 

● Ayə 62:

﴿قَالُوا أَأَنتَ فَعَلْتَ هَذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ﴾

«Dedilər: “Ey İbrahim! Bizim tanrılarımızla sənmi belə rəftar etmisən?”»

 

● Ayə 63:

﴿قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَذَا فَاسْأَلُوهُمْ إِن كَانُوا يَنطِقُونَ﴾

«(İbrahim) dedi: “Bəlkə onların böyükləri bu işi görüb? Danışa bilirsə, onun özündən soruşun!”»

 

Nöqtələr

İbrahimin xalqın qarşısına gətirilməsi, xalqdan şəhadət istənilməsi onun qətlə yetirilməsi üçün zəmin yaradırdı.

Sual: İbrahimin “Böyük büt belə edib” sözləri yalan deyildimi? Axı peyğəmbər və məsum şəxs heç vaxt yalan danışmır.

Cavab: Bu cümlənin təfsiri ilə bağlı müxtəlif baxışlar var. Onlardan bəzilərini nəzərdən keçirək:

a) Həzrət İbrahim yalan danışmadı. O bu sözləri deməklə batil əqidəni ifşa etmək istəyirdi. Söz aldatmaq məqsədi ilə deyildikdə yalan sayılır. Əqli çatışmazlığı olan xəstə otağa daxil olanda əgər desələr ki: «İbn Sina gəldi,» bunu yalan saymaq olmaz.[571]

b) Həzrət İbrahim uyğun cümləni işlədərkən qarşısındakıların başa düşməyəcəyi bir mənanı nəzərdə tuturdu.[572] O, “böyükləri” sözü ilə Allaha işarə edirdi.

v) Pozulmuş münasibətləri bərpa etmək üçün yalan danışmağa icazə verilir. Həzrət bu baxımdan da yalan danışa bilərdi. İnsanların donmuş düşüncəsini oyatmaqdan faydalı nə ola bilər?![573]

q) Uyğun cümlə bütpərəst təfəkkürünün ifşası məqsədi ilə onların dilində söylənə bilərdi. Əgər bütlər danışırsa, demək bu işi böyük büt görə bilər. Məsələn, qoca bir kişi belə deyə bilər: “Dağlar düzənlə birdirsə, mən körpəyəm.” Təbii ki, dağlar düzənlə bir ola bilməz. Demək, həmin şəxs də uşaq deyil.[574]

Bildirişlər

1. Bütpərəstlər də günahın yerinə yetirilməsində insanların şahidliyini əsas sayırlar.

2. İbrahim o qədər böyük iş görmüşdü ki, bütpərəstlər də təzim etməyə məcbur olmuşdu. Əvvəlki ayələrdə “İbrahim adlı biri” deyilirdisə, bu ayədə “Ya İbrahim” deyə müraciət olunur.

3. Bəzən xurafata istehza və tənə ilə yanaşmaq lazım gəlir.

4. Düşüncələri oyatmaq üçün film çəkmək, əsər səhnələşdirmək bəyənilmiş və caiz işdir.

 

● Ayə 64:

﴿فَرَجَعُوا إِلَى أَنفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنتُمُ الظَّالِمُونَ﴾

“Beləcə, dönüb özlərinə dedilər: “Həqiqətən, siz zalımlarsınız.”

 

● Ayə 65:

﴿ثُمَّ نُكِسُوا عَلَى رُؤُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَؤُلَاء يَنطِقُونَ﴾

“Sonra başlarını aşağı saldılar. (Peşmanlıqla dedilər: «Ey İbrahim!) Doğrudan da, sən özün bilirsən ki, bunlar danışan deyillər.»”

 

Bildirişlər

1. Vicdanın oyanışı, insanın özünə gəlməsi, fitrətə diqqət peyğəmbərlərin ümdə hədəflərindəndir.

2. Şirk insanın özünə biganəliyi, tövhid isə insanın özünü tapmasıdır.

3. Düşüncə oyandıqda hər bir günahkar günahı o birinin boynuna atır. Necə ki, Qiyamətdə onlar bir-birinə deyərlər: “Siz olmasaydınız, biz mütləq mömin olardıq.”[575]

4. Tarix, fitrət və vicdan həqiqəti işıqlandıran amillərdəndir. Dünənədək İbrahimi zalım sayanlar bu gün vicdanlarına müraciət etməklə özlərini zalım bilirlər.

 

● Ayə 66:

﴿قَالَ أَفَتَعْبُدُونَ مِن دُونِ اللَّهِ مَا لَا يَنفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ﴾

«(İbrahim) dedi: “Yoxsa Allahın əvəzinə sizə heç bir faydası zərəri olmayan şeyə pərəstiş edirsiniz?!”»

 

● Ayə 67:

﴿أُفٍّ لَّكُمْ وَلِمَا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ أَفَلَا تَعْقِلُونَ﴾

“Vay olsun sizə Allahdan savay pərəstiş etdiyiniz hər şeyə! Yoxsa düşünmürsünüz?!”

 

● Ayə 68:

﴿قَالُوا حَرِّقُوهُ وَانصُرُوا آلِهَتَكُمْ إِن كُنتُمْ فَاعِلِينَ﴾

“(Amma inadkar təəssübkeş müşriklər) dedilər: «Əgər istəyirsinizsə, bir görün! Onu yandırın tanrılarınıza yardım göstərin.»”

 

● Ayə 69:

﴿قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَى إِبْرَاهِيمَ﴾

«Nəhayət tonqal qalayıb, İbrahimi oda atdılar. Amma Biz) dedik: “Ey od! İbrahim üçün soyuq ziyansız ol.”»

 

● Ayə 70:

﴿وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ﴾

“Bütpərəstlər ona qurğu qurmaq istədilər. Amma Biz onları daha çox ziyana düşənlərdən qərar verdik.”

 

Nöqtələr

İlahi insanlar öz müqəddəs amallarını istənilən bir şəraitdə həyata keçirmək istəyirlər. Bir an olsun aram dayanmırlar. Onların səyləri müxtəlif şəkillərdə həyata keçir. Həzrət İbrahim ilahi risalət yolunda öncə əmisi və qövmünün sorağına getdi. Onları tövhid və təkallahçılığa çağırdı. Nəticə çıxmadığını görüb ikinci mərhələdə bütlərin sorağına getdi və onları qırdı. Sonra bütpərəstlərin fitrətinə üz tutub onları oyatmağa çağırdı. Nəhayət, öyüd-nəsihətdən sonra onları düşünməyə məcbur etdi.

Təfsirlərdə həzrət İbrahimin oda atılması ilə bağlı müxtəlif məsələlər açıqlanır. Məsələn, bildirilir ki, müşriklər şeytanın yardımı ilə mancanaq düzəltdilər. Amma həzrət İbrahim Allaha misilsiz təvəkkülü ilə hətta Cəbrailin köməyindən imtina edib, Allaha üz tutdu, Məhəmməd (s) və onun Əhli-beytini (ə) vasitə seçdi.

“Əxsərin” sözü pis iş görüb, yaxşı iş gördüyünü güman edən kəslər mənasını bildirir. Belə ki, onlar zərərə düşdüklərini anlamadıqlarından özlərinə çarə qılmaq haqqında düşünmürlər.

İmam Sadiq (ə) buyurur: “Allah oda soyumaq əmri verdiyi vaxt “ziyansız ol” əmri gələnədək soyuqdan İbrahimin dişi dişinə dəydi.[576]

Bildirişlər

1. Xalqı dinə çağırış qaydalarından biri onları dinsizliyin zərərindən agah etməkdir.

2. İnsan xeyir əldə etmək və şərdən qurtulmaq üçün ibadət edir. Bütlərdə isə nə xeyir vermək, nə də şərdən xilas etmək qüdrəti var.

3. İnsanları oyatmaq üçün zəmin yarandıqda azğınların çirkin sifətlərini açmaq lazımdır.

4. Hisslər əqidə məktəbinin təsiri altında olmalıdır. İbrahimin əmisi də bütpərəst idi. Amma İbrahim bütpərəstliyə münasibətini yumşaltmırdı.

5. Bütpərəstlik ağılla bir araya sığmır. Düşüncəsiz və inadkar insanlar məzəmmətə layiqdirlər.

6. Tövhid aqillərə xas düşüncədir.

7. Ağıl və məntiqdən məhrum şəxslər zora üz tutur.

8. İlahi insanlar son damla qanları tökülənədək məqsəddən üz döndərmirlər. İnsan üçün ən çətin ölüm odda yandırılmaqdır.

9. Yalnız təkallahçılar aradan götürüldükdə şirk yaşaya bilər.

10. Yersiz təəssüblər insanı o qədər alçaldır ki, peyğəmbəri də yandırmaqdan çəkinmir.

11. Düşmən cahil kütlələri qızışdırmaq üçün müqəddəsliklərdən, dini qeyrət hissindən istifadə edir.

12. Allah həm səbəb salmağa, həm də onu aradan qaldırmağa qadirdir. O, həzrət İsanın (ə) nəfəsini ölülər üçün həyat səbəbi edir, oddan yandırıcılığını alaraq onu İbrahim üçün soyudur.

13. Varlıq aləminin şüuru var, ona müraciət olunur.

14. Mövcudların səciyyələri Allahın istək və iradəsindən asılıdır.

15. Haqq nuru küfr odu ilə aradan götürülə bilməz.

16. Allahın qüdrəti bütün qurğuları puça çıxara bilər.

17. Sonda haqq qalibdir.

● Ayə 71:

﴿وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ﴾

“Biz onu (İbrahimi) və Lutu bütün aləmlərdəkilər üçün bərəkətli etdiyimiz yerlə xilas etdik.”

 

● Ayə 72:

﴿وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ نَافِلَةً وَكُلًّا جَعَلْنَا صَالِحِينَ﴾

“Biz ona (İbrahimə) İshaq Yaqubu əlavə nemət olaraq verdik hamısını salehlərdən etdik.”

Nöqtələr

Düşmən İbrahimi aradan götürmək istədi. Allah isə ona nicat verməklə yanaşı, bərəkətli nəsil bəxş etdi, onların hamısını salehlərdən qərar verdi.

Ayədə İshaqın adı zikr olunsa da, İbrahimin birinci övladı İsmailin adı çəkilmir. Bunun səbəbi İshaqın qeyri-adi şəkildə dünyaya gəlişi ola bilər. İshaqı Allahın iradəsi ilə sonsuz və yaşı keçmiş bir ana dünyaya gətirdi.

Bildirişlər

1. Allah Öz övliyalarını tənha qoymur.

2. Alov dağından, düşmən dəryasından qorxmayan kəs mübarək məntəqəyə çatasıdır.

3. İlahi qurtuluş insanın səy və hicrətindən asılıdır.

4. Nəvələr Allahın hədiyyəsidir. (Yaqub İbrahimin nəvəsi idi.)

5. Yer üzünün ayrı-ayrı məntəqələri bir-birindən fərqlənir. Bəzən bir məntəqə hamı üçün bərəkətli olur. (Bəziləri belə hesab edirlər ki, yeri bərəkətli edən orada övliyaların yaşamasıdır. Amma bu ayədə bərəkət yerin öz səciyyəsi kimi təqdim olunub.)

6. Bərəkət Allahın əlindədir.

7. İman və saleh əməl insanın özündən əlavə onun nəslinə də təsir göstərir.

8. Mübarək fərdlər və nəsillər mübarək məntəqələrdə məskunlaşmalıdırlar.

9. Övlad Allahın ətasıdır. Amma övladın varlığından da mühümü onun saleh olmasıdır.

10. Rəhbərlik və peyğəmbərlik üçün əsas şərt salehlikdir.

 

● Ayə 73:

﴿وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ وَكَانُوا لَنَا عَابِدِينَ﴾

“Onları Bizim göstərişimizlə (xalqı) hidayət edən rəhbərlər qərar verdik. Onlara yaxşı işlər görməyi, namazın bərpasını zəkat ödəməyi vəhy etdik. Onlar yalnız Bizim abidlərimiz idilər.”

 

Bildirişlər

1. İmamət də nübuvvət kimi Allahın seçimi ilə müəyyənləşməlidir.

2. Böyük peyğəmbərlər risalət məqamından əlavə, cəmiyyətə imamət və rəhbərlik məqamını da öhdəyə götürmüşlər.

3. Zor və quldurluqla əldə olunmuş imamət və rəhbərlik cəhənnəmə dəvətdir. Allah tərəfindən müəyyənləşmiş imamət isə mübarə