A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Bəli, Musa özünü və ailəsini xilas etmək üçün oda doğru getdi. Amma Allah ona başqalarının xilası üçün yol açdı. O, adi bir yol axtarırdı, Allah isə ona mənəviyyat və səadət yolu göstərdi. Fərdi hidayət yolu axtaran Musa ümmətin hidayət yoluna çıxarıldı.

Bildirişlər

1. Tarixi həqiqətləri bəyan edərkən əvvəlcə qarşı tərəfdə dinləmək arzusu yaradaq, sonra macəranı nəql edək.

2. Təbliğ və tərbiyə gedişində sual ünvanlamaq münasib bir üsuldur.

3. Tarixin bəyanı həm təcrübə dərsidir, həm də ibrət vasitəsi. Bu tarix peyğəmbər üçün bir təsəllidir. (Quran dilində “hədis” dedikdə yeni bir hadisə yox, tarix mənası anlaşılır.)

4. İnsan bəzən ilahi nuru od şəklində görür.[428]

5. Qadınlar tarix boyu kişilərlə çiyin-çiyinə həyat acılıqlarını dadmışlar.

6. Acı hadisələrdən qorxmayın. Çünki bəzən zahirən acı hadisələrdən Allahın lütfü zahir olur.

7. Kişi ailənin ehtiyaclarını təmin etməyə vəzifəlidir.

 

● Ayə 11:

﴿فَلَمَّا أَتَاهَا نُودِي يَا مُوسَى﴾

“Elə ki, oda yaxınlaşdı, nida gəldi: “Ey Musa!”

 

● Ayə 12:

﴿إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى﴾

“Həqiqətən, Mən sənin Rəbbinəm: Ayaqqabını çıxar, həqiqətən, sən müqəddəs Tuva vadisindəsən.”

 

Nöqtələr

Qurani-kərimdə Musanın adı 20 surədə, 136 dəfə çəkilmişdir. Musanın əhvalatı Quranın ən böyük dastanlarındandır. Quranın 900-dək ayəsi bu mövzuya həsr olunmuşdur.

Allahın gözəl adlarından olan “Rəbb” adı Quranda 970 dəfə işlədilmişdir. Allah ilk dəfə həzrət Musaya təcəlla edərkən özünü bu adla tanıtdırır. Həzrət Musanın peyğəmbərliyi ilahi kəlamla başladığından onu “kəlimullah” adlandırmışlar.[429]

“Vadiyul-muqəddəs” dedikdə eyb və günahdan uzaq məkan nəzərdə tutulur. “Tuva” sözü isə bərəkətli yer mənasını bildirir.

Hədisdə bildirilir ki, ayaqqabıları çıxarmaq dedikdə, iki nigarançılıqdan qurtulmaq nəzərdə tutulur: isti havada zövcənin vəziyyətindən nigarançılıq və Fironun şərindən nigarançılıq.[430] Bəziləri bu təbirin ailə-övlada və ya dünya-axirət məhəbbətinə işarə olduğunu bildirir. Hazırkı Tövratda da uyğun ifadə həmin təbirdə verilmişdir.[431]

Bildirişlər

1. Çox olur ki, insan müəyyən məqsədlə addım atır, amma başqa bir nəticə əldə edir.

 

Musa getdi atəş əldə etməyə,

Bir atəş gördü ki, ucaldı göyə.

 

2. Allah bir işin gerçəkləşməsini istədikdə bütün vasitələr uyğun məqsəd üçün səfərbər olur. (Gecənin qaranlığı, həyat yoldaşının hamiləliyi, yolu itirməsi, od görməsi Musanın cəzbi və ona vəhy nazil olması üçün müqəddimə oldu.)

3. İnamsızlıq hissi olunan yerdə daha çox təkid olunmalıdır.

4. İşin müqəddəsliyi və mənəviyyatı fərdlərin zahirində də müşahidə olunmalıdır.

5. Allahla dərin rabitə qeyri-ilahi bağlılıqların qırılmasından asılıdır.

6. Məsuliyyətin qəbulu üçün sadəlik ilkin şərtlərdəndir.

7. Bəzi yerlərin xüsusi müqəddəsliyi var. (Ayaqqabıları çıxartmaq müqəddəs yerlərə giriş ədəblərindəndir.)

8. Müqəddəs bəyanatlar müqəddəs məkanlarda nazil olur.

9. İlahi məsuliyyətlər təbiətin pak qoynunda, Tur dağında, müqəddəs Tuva vadisində, Hira dağında qəbul olunur.

 

● Ayə 13:

﴿وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَى﴾

“Mən səni (peyğəmbərliyə) seçmişəm. Vəhy olunanı dinlə.”

 

● Ayə 14:

﴿إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي﴾

“Həqiqətən, Mənəm Allah, Məndən başqa məbud yoxdur. Beləsə, Mənə bəndəlik et, namazı bərpa et ki, Məni unutmayasan.”

 

● Ayə 15:

﴿إِنَّ السَّاعَةَ ءاَتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَى كُلُّ نَفْسٍ بِمَا تَسْعَى﴾

“Həqiqətən, qiyamət gələcək. (Amma Mən onu məxfi saxlamaq istəyirəm ki, hər kəs öz səy təlaşı müqabilində əvəz alsın.”

 

Nöqtələr

Qiyamətin bir adı da saətdir. (Bu söz qiyamət mənasında 40 dəfədən çox işlədilmişdir.)

Bildirişlər

1. Peyğəmbərlər xalq tərəfindən yox, Allah tərəfindən təyin olunur.

2. Peyğəmbər vəhy kəlmələrini bütün vücudu ilə, can-dildən dinləməlidir.

3. Təqdimat danışıq qaydalarındandır.

4. İlahi nizamda mərifət əsas amildir.

5. Dini əsaslarla tanışlıq dini vəzifələrin icrasından öndə gəlir. Öncə nəzəri tərif, sonra əməli tövhid.

6. İbadət xalisanə, səmimi olmalıdır. İbadətin dəyəri onun nə dərəcədə xalis olmasından asılıdır.

7. Bütün əqidələrin önündə tövhid, bütün ibadətlərin önündə namaz gəlir.

8. Namaz peyğəmbərlərin ilkin göstərişi və əməli proqramıdır.

9. Digər dinlərdə də namaz göstərişi var.

10. Namazın bərpası dedikdə onun təkcə formal surətdə yerinə yetirilməsi yox, həm də mahiyyətinə diqqət yetirmək nəzərdə tutulur. Yəni insan özünü Allahın hüzurunda hiss etməlidir.

11. Qiyamətə diqqət insanı namaza sövq edir. Qiyamətdə namaz haqqında soruşular.

12. Namaz Allahın xatırlanması üçün qılınır. Allahın xatırlanması qəlblərin aramlığına səbəb olur.[432]

13. Allah bəşəriyyəti ilkin olaraq tövhid və məada çağırmışdır.

14. Qiyamətin bərpa olacağı vaxtdan Allahdan savay kimsə xəbərdar deyil.

15. Qiyamətin baş verəcəyi qətidir, amma onun vaxtı məxfi saxlanılmışdır.

16. Hər bilik faydalı olmur. Qiyamət vaxtının məxfi saxlanılmasının hikməti və faydası var. Qiyamət baxımından xəbərsiz insan əməldə azaddır, həyəcan və qorxu keçirmir. Qonağın nə vaxt gələcəyini bilməyən şəxs daim hazır olur.

17. Qiyamət vaxtının məxfi saxlanılması insanların həqiqət əsasında, onların səyləri həddində dəyərləndirilməsinə şərait yaradır.

18. Dünyəvi mükafat və cəza kamil deyil.

19. Qiyamətdə qanunlar, mükafat və cəzalar ədalət əsasında icraya qoyulur.

20. Mükafat səy və təlaşa əsaslanır. Çalışmaların başa çatıb-çatmaması mühüm deyil.

 

● Ayə 16:

﴿فَلاَ يَصُدَّنَّكَ عَنْهَا مَنْ لاَ يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَى﴾

“Məbada qiyamətə inanmayan azğın nəfs istəklərinə uyan bir kəs sənin diqqətini qiyamətdən yayındırsın. Yoxsa süqut edərsən.”

 

Bildirişlər

1. Dinin əsaslarına etiqad və hökmlərə əməl bəs etmir. Həm də müxaliflərə müqavimət göstərmək lazımdır.

2. İmansız fərdlər sizi haqq yoldan döndərmək fikrindədirlər. Onların pozuculuğunun sizin tutduğunuz yola xələl gətirməsinə yol verməyin.

3. Məadın inkarının səbəbi azğın nəfs istəklərinə itaətdir.

4. Məada iman azğın nəfsə nəzarət üçün ən üstün amildir.

5. Hətta peyğəmbər də nəfsinə uysa süquta uğrayar.

6. Kafirlər və imansız fərdlərlə saziş məhvə aparır.

7. Kafirlər və həvəspərəstlər möminləri doğru yoldan döndərmək fikrindədirlər.

 

● Ayə 17:

﴿وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَى﴾

“Ey Musa! Sağ əlində olan nədir?”

 

● Ayə 18:

﴿قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَى غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَى﴾

“Musa) dedi: «Bu, mənim əsamdır. Ona söykənir, onunla qoyunlarım üçün (ağaclardan) yarpaq tökürəm. Onun mənə başqa faydaları da var.»”

 

● Ayə 19, 20:

﴿قَالَ أَلْقِهَا يَا مُوسَى فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَى﴾

“(Allah) buyurdu: «Ey Musa! Əsanı at!» (Musa) onu atdı o, qəfildən ilana dönüb sürətlə getməyə başladı.”

 

● Ayə 21:

﴿قَالَ خُذْهَا وَلَا تَخَفْ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَى﴾

“(Allah) buyurdu: «Onu tut tələsmə. Biz tezliklə onu əvvəlki halına qaytararıq.»”

 

Nöqtələr

İnsanlar təbii olaraq təhlükə, şərr və zərərdən qorxur, onlarla üzləşməkdən çəkinirlər. Aydın məsələdir ki, Musa da insan idi və qorxurdu. Məzəmmət olunan isə Allahdan qeyrisindən qorxudur. Belə bir qorxu şücaət sifətinə ziddir və həzrət Musa belə bir çirkin sifətdən uzaq olmuşdur.

Musa başqa bir səbəbdən də qorxuya düşə bilərdi: “Əsanı yerə at” əmrinin “ayaqqabını çıxart” əmri kimi ehtiram üçün olduğunu düşünən Musa əsanın ilana döndüyünü gördükdə yerində donub qaldı.

Əslində bu qorxu uyğun hadisənin möcüzə olmasının dəlili idi. Göstərdiyi sehrin həqiqət olmadığını bilən sehrbaz gördüyü işdən qorxuya düşmür.

Allah hər an milyonlarına can verir, milyonlarının canını alır. Uyğun səhnədə də O, öncə əsaya can verib, sonra onu geri aldı.[433] Bu sayaq qadir Allah diri insanı öldürüb, onu yenidən əvvəlki vəziyyətinə qaytara bilməzmi?!

Allahın bir nəzəri ağacı əjdahaya döndərirsə, Onun lütf nəzəri ilə nələr baş verər?! Onun nəzər saldığı bir şey sehrbazların bütün qurğularını kamına çəkirsə, qəlbimizə saldığı nəzər bütün vəsvəsələri aradan qaldıra bilməzmi?!

Elə işin əvvəlində Musa üçün iki möcüzə baş verdi: onun əsası əjdahaya çevrildi və əjdaha yenidən əsa şəklinə qayıtdı.

Bildirişlər

1. Allah Öz qüdrətinin nümayişi üçün ən yaxın və ən sadə vasitələrdən də istifadə edir.

2. Bir neçə məqsəd üçün nəzərdə tutulmuş alətlərdən istifadə etməklə daha az həcmlə kifayətlənmək olar.

3. Əsa kimi maddi vasitələrə arxalanmağın Allaha təvəkküllə ziddiyyəti yoxdur.

4. Çobanlıq əksər peyğəmbərlərin məşğuliyyəti olmuşdur.

5. Dəvətdən öncə hazırlıq, təcrübə zəruridir. Fironun qarşısında əsanı atmaq istəyən Musa onun əjdahaya çevrilməsi səhnəsi ilə öncədən tanış olmalıdır.

 

● Ayə 22:

﴿وَاضْمُمْ يَدَكَ إِلَى جَنَاحِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَى﴾

“Əlini qoltuğunun altına sal, ağ nöqsansız halda çıxsın. (Bu da) digər bir nişanə möcüzədir.”

 

● Ayə 23:

﴿لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى﴾

“Eləcə Öz böyük nişanələrimizdən sənə göstərək.”

 

 

 

 

 

● Ayə 24:

﴿اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى﴾

“(Ey Musa! İndi) Firona doğru hərəkət et, o, həqiqətən, tüğyan qoparmışdır.”

 

Nöqtələr

Həzrət Musanın ikinci möcüzəsi “yədi-bəyza”, yəni ağ əl idi. Bu möcüzə Quranda üç təbirlə xatırlanır. Bu təbirlərdən ikisi “Qəsəs” surəsinin 32-ci və “Nəml” surəsinin 12-ci ayələrindədir. 3-cü təbir hazırkı ayədə bəyan olunmuşdur. Bütün deyilənləri belə yekunlaşdırmaq olar: “Əlini yaxandan sal və boynunadək apar.”

Tövratda deyilir: Musanın əlindəki ağlıq xəstəlikdən idi. (Tövrat, sifri-xüruc, 4-cü fəsil) Amma Quran “eybsiz” təbiri ilə anladır ki, Musanın əlindəki ağlıq xəstəlikdən deyildi, bir nur idi və Tövrat təhrif olunmuşdur.

Bildirişlər

1. Allahın qüdrət əli açıqdır. O, hər an istənilən bir vasitə ilə Öz qüdrətini nümayiş etdirə bilər.

2. Qarşı tərəfin təkəbbür və inadkarlığı böyük olduqca, daha böyük möcüzəyə ehtiyac duyulur. (Fironlar üçün bir neçə möcüzə lazımdır.)

3. Zalım hakimi haqqa dəvət etmək istəyən kəs öncə özü haqqın əsərlərini görməlidir.

4. Peyğəmbərlərin möcüzələri ilahi nişanələrin bir guşəsidir.

5. Peyğəmbərlərin ilkin vəzifəsi zalım hakimlərlə mübarizədir.

6. Xalqın gəlişini gözləmək həmişə zəruri olmur. Bəzən hətta peyğəmbərlər zalım hakimlərin hidayəti üçün hərəkət etməli olur.

7. Cəmiyyətin islahı üçün fitnə-fəsadın kökünü tapmaq lazımdır.

8. Din siyasətdən ayrı deyil. Musa mövcud hakimiyyətin islahı üçün hərəkət etdi.

9. Zalım hakimiyyətlə mübarizə siyasi nümayiş yox, ilahi bir vəzifədir.

10. Bütün inkarların kökü haqq qarşısında tüğyan və itaətsizlikdir.

Firon Rəbblik iddiası ilə tüğyan qopararkən qorxu yaradır, təfriqə salır və xalqı qul edirdi.

11. İman, ibadət və sabitqədəmliklə silahlanmış kəslər zalım qüvvələrlə mübarizə apara bilərlər.

 

● Ayə 25:

﴿قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي﴾

“(Musa) dedi: «Pərvərdigara! (Mənə belə böyük bir əmr etmisənsə) köksümü genişləndir.»”

 

● Ayə 26:

﴿وَيَسِّرْ لِي أَمْرِي﴾

“İşimi mənə asan buyur.”

 

● Ayə 27-28:

﴿وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي يَفْقَهُوا قَوْلِي﴾

“Dilimdəki düyünü, qoy sözlərimi (yaxşı) anlasınlar.”

 

Nöqtələr

Həzrət Musa ilahi peyğəmbərlik məqamına çatdığı vaxt Allahdan dörd şey istədi: geniş köks, münasib şərait, rəvan bəyan , vəzir.

Həzrət Musaya müxtəlif ibadi, siyasi, inqilabi, ictimai, əxlaqi, fərdi və ümumi göstərişlər verilmişdi. Adətən, hər hansı bir işlə məşğulluq insanın diqqətini digər işlərdən yayındırır. Beləcə, bütün işlərlə lazımınca məşğul olmaq üçün geniş köksə ehtiyac duyulur.[434]

Geniş köks həm insanın özü, həm də məsuliyyətlərin yerinə yetirilməsi üçün zəruridir. Ayədəki “li” hissəsi vəhyin qəbulunda böyük tutuma ehtiyac olduğunu göstərir. “İnşirah” surəsində də “geniş köks” (“sieyi-sədr”) mövzusuna toxunulur.

Mömin və kafir qəlbinin xüsusiyyətləri

Mömin və kafir qəlblərinin fərqli səciyyələri vardır. Mömin qəlbində: həyat, şəfa, paklıq, geniş köks, hidayət, iman, aramlıq, ülfət, əminlik.[435]

Kafir qəlbində: xəstəlik, daşlıq, inkarçılıq, möhürlənmə, əhatəli zülmət, hicab, kilidlənmə, bərklik, anlamazlıq.[436]

Bildirişlər

1. İstənilən bir işdə ilkin müvəffəqiyyət şərti geniş köksdür.

2. Məsuliyyətdən qorxub qaçmaq əvəzinə Allahdan vəzifəni yerinə yetirmək üçün imkan, müqəddimə, vasitə diləmək lazımdır.

3. Hər bir işdən öncə dua təvəkkül rəmzi, təhlükələrdən uzaqlıq səbəbidir. Dua özü də ibadət, ehtiyaclılığın elanı sayılır.

4. Xalqın təlim-tərbiyəsi və zalım qüvvələrlə mübarizə tam şəkildə tərbiyəçi və mücahidin səbir və hövsələsindən asılıdır.

5. Peyğəmbərlik tündlük və qəddarlıqla bir araya sığmır. Böyük iş böyük ruh tələb edir. (Musa qarşıdurma zamanı bir nəfəri yumruqla vurub öldürdü. Bu səbəbdən də Allahdan geniş köks istədi.)

6. Quranda peyğəmbərlərin duası “Rəbb” xitabı ilə başlayır.

7. İlahi lütflərə çatmaq üçün böyük ruh, geniş qəlbə ehtiyac var.

8. Geniş kökslə (qəlblə) işlər asanlaşır.

9. Sadə danışıq və rəvan bəyan özü də bir kamillikdir.

10. Xalqın hidayət və səfərbərliyində, mücahidlərə ruh verilməsində və zalım qüvvələrin qorxudulmasında iti dilin mühüm rolu var.

11. Əsas məsələ gözəl sözlərdən istifadə etmək yox, xalqı anlatmaqdır.

12. Təbliğatçının dilini xalqın yaxşı anlaması təbliğdə müvəffəqiyyət şərtidir.

13. Təbliğdə xalqın düşüncəsini dərinləşdirən hər vasitədən istifadə edilməlidir.

 

● Ayə 29-30:

﴿وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي هَارُونَ أَخِي﴾

“Ailəmdən mənim üçün bir vəzir qərar ver–qardaşım Harunu.”

 

● Ayə 31-32:

﴿اشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي﴾

“Onunla arxamı möhkəmləndir, onu işimə şərik et.”

 

● Ayə 33-34:

﴿كَيْ نُسَبِّحَكَ كَثِيرًا وَنَذْكُرَكَ كَثِيرًا﴾

“Beləcə, Səni çox pak anaq, çox zikr edək.”

 

Nöqtələr

“Vizr” sözündən olan “vəzir” sözü ağır yük mənasını bildirir. Başqa birinin də məsuliyyət yükünü öhdəsinə götürən şəxs “vəzir” adlanır. “Əzri” dedikdə “mənim arxam” mənası anlaşılır.

Təfsirlərdə deyilir ki, İslam Peyğəmbəri (s) bu ayələri dəfələrlə oxuyar və buyurardı: “Pərvərdigara! Mən də Musa kimi öz əhlimdən vəzir istəyirəm.”[437]

Həzrət Musa vəhyin qəbulu üçün çətinlik çəkmirdi. O yalnız peyğəmbərlik məsuliyyətinin və təbliğin ağırlığından vəzir istəyirdi.

Harun Musadan 3 yaş böyük idi. O, Musadan 3 il tez dünyasını dəyişdi.[438] Bütün sonrakı peyğəmbərlər Harun nəslindəndir.

Əllamə Təbatəbai “Əl-mizan” təfsirində buyurur: “Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: ”Harun Musa üçün necə idisə, sən də mənim üçün eləsən.” “Mənzilət” hədisi adlanan bu hədis 100 dəfə sünnə, 70 dəfə şiə əhli tərəfindən nəql olunmuşdur.”

İnsanın xalqdan kömək istəməsi onun Allaha təvəkkülü ilə zidd deyil və şirk sayılmır. Quranda dəfələrlə qarşılıqlı yardım məsələsinə toxunulur. “Maidə” surəsinin 2-ci ayəsində buyurulur: “Xeyir işdə bir-birinizə yardım göstərin.” Həzrət İsa (ə) buyurdu: “Allaha doğru hərəkətdə yardımçım kimdir?”[439] Başqa bir yerdə peyğəmbərə cavab olaraq Allah buyurdu: ”Allah və ardınca gələn möminlər sənə bəs edər.”[440] Zül-Qərneyn də sədd tikərkən xalqdan yardım istədi.[441] Hazırkı əhvalatda da həzrət Musa dinin təbliğində kömək üçün Allahdan layiqli insan istəyir.

Bildirişlər

1. Firon kimi zalım güclə təkbaşına mübarizə aparmaq mümkün deyil.

2. İş mühümləşdikcə vəzir seçimi də həssas məsələyə çevrilir. Musa üçün vəziri Allah təyin etməli idi.

3. İnsanın yardımçısı onun öz əhlindən olsa daha yaxşıdır. (Əlbəttə ki, yaxınlar arasında əgər ləyaqətli şəxs varsa.)

4. Rəhbərlik və müdriyyət bir şəxsdə cəmlənməlidir. Başqaları isə onunla həmkarlıq etməlidir.

5. Həmkarlıq irəliləyiş səbəbidir.

6. Zalım qüvvələrlə mübarizə fəzasında təsbih və zikr gerçək olur.

7. Hakimiyyət və q