A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz, əgər pislik etsəniz, (yenə) özünüzə pislik etmisiniz. Elə ki, ikinci vəd yetişdi (güclü cəngavərləri üstünüzə göndərdik ki,) simanızı pis hala salsınlar, birinci dəfə olduğu kimi Məscidul-Əqsaya daxil olub, oranı ələ keçirsinlər, viran qoysunlar.”

 

○ Nöqtələr

● Tarixi hadisələrin xırdalıqları yox, yalnız ibrət olan müəyyən məqamları əhəmiyyətlidir və müsbət təsirə malikdir. Yəhudi təkəbbürlülərinin Allahın mömin bəndələrinin əli ilə tar-mar edilməsinin yada salınması ilə nəzərə çatdırılır ki, təkəbbür və küfr cavabsız qalmır. Əsas məqsəd həmin ümumi və tərbiyəvi nöqtə olduğundan, ayədə savaşın xırdalıqları, canlı qüvvələr və silahlar haqqında ətraflı məlumat verilmir. Necə ki, həzrət Yusifin əhvalatında bir çox xırdalıqlar, o cümlədən, Züleyxanın adı qeyd olunmur.

● Bəzi təfsirçilər bildirirlər ki, yəhudilərin təkəbbür və fəsadı, onların iki dəfə tar-mar edilməsi uzaq və ya yaxın keçmişə aiddir, Məscidul-Əqsa min illər boyu dəfələrlə acı hadisələrə şahid olmuşdur. Amma ayə və rəvayətlərə əsasən, İsrailin gələcək təcavüzləri və onların saleh bəndələr tərəfindən məhv edilməsi də nəzərdə tutula bilər. 5-6-cı ayələrdən belə görünür ki, hələlik yer üzündə Bəni-İsrailin belə bir əhatəli fəsadı baş qaldırmayıb və ilahi insanlar tərəfindən nəzərdə tutulan həddə mühüm iş görülməyib. (Bu gün İsrailin dünyanı əhatə edən cinayətlərinə və casusluq şəbəkəsinin fəaliyyətlərinə şahidik. İslam inqilabının və Fələstin gənclərinin İsraillə mübarizəsi və Məscidul-Əqsanı ələ keçirməklə bağlı fəaliyyətləri də göz qabağındadır. Ola bilsin ki, ayədə bugünkü hadisələr nəzərdə tutulur.)

● Hazırkı ayənin təfsiri ilə bağlı çoxsaylı rəvayətlərdə bildirilir ki, fitnəkar yəhudilər həzrət Mehdinin (ə) qiyamından öncə mömin inqilabçılar tərəfindən məhv ediləsidir. Bu mübariz möminlər qılıncları çiyinlərinə alıb şəhadətə qucaq açır, həzrət Mehdinin (ə) ümumdünyəvi hökuməti üçün zəmin yaradırlar. Bəzi rəvayətlərdə isə yəhudi təcavüzkarlarının imam Mehdinin (ə) zühuru dövründə məhv ediləcəyi bildirilir[19].

● Bildirişlər

1. Bizim yaxşı-pisliyimizin Allaha xeyir-ziyanı yoxdur. Əməl və rəftarlarımızın nəticəsi yalnız özümüzə aiddir.

2. Əvvəlcə yaxşılıqlardan danışmaq, sonra pislikləri yada salmaq lazımdır.

3. İnsan hansı yolu seçib necə əməl etməkdə azad buraxılıb.

4. Tarixin eniş-yoxuşları və yəhudilərin məhvi onların təkəbbüründən sonra, ilahi qanun və sünnə əsasında baş verir.

5. Məscidlər tarix boyu dinlərin güc mərkəzi və qüdrət simvolu olmuşdur. Məscidləri zalımların nüfuz dairəsindən çıxarmaq möminlərin vəzifəsidir. Müsəlmanlar Məkkəni fəth etməklə Məscidül-Hərama daxil olduqları kimi, təcavüzkar yəhudiləri məhv etmək üçün ilahi insanlar Beytül-Müqəddəsə daxil olasıdır.

6. Haqqı bərpa etmək üçün zalım qüvvələri tar-mar etmək zəruridir.

 

● ayə 8:

﴿عَسَى رَبُّكُمْ أَن يَرْحَمَكُمْ وَإِنْ عُدتُّمْ عُدْنَا وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا﴾

“Ümid var ki, Rəbbiniz sizə rəhm etsin. Əgər geri dönsəniz (ikinci dəfə fitnə törətsəniz), Biz də geri dönərik (qəhr-qəzəbimizi göndərərik). Biz cəhənnəmi kafirlər üçün zindan qərar vermişik.”

 

○ Nöqtələr

● “Həsr” sözündən olan “həsir” sözü çıxılmaz vəziyyət, mühasirəyə düşmək mənalarını bildirir. Bəzi döşənəcəklər toxunmaqla hazırlandığından “həsir” adlanır.

 

● Bildirişlər

1. Allahın rəhmətindən ümid üzmək rəva deyil. Allah fəsad əhli üçün də geriyə yol qoymuşdur.

2. Tərbiyəçinin işi rəhmət və məhəbbətə əsaslanmalıdır.

3. Doğru yola yönəldərkən öncə rəhm və mehribanlıqdan danışaq, sonra xəbərdarlıq və hədədən istifadə edək.

4. İlahi qəhr-qəzəb bizim öz əməllərimizdən asılıdır.

5. Fəsaddan sonra tövbə edilməzsə, iş küfrlə nəticələnər.

6. Cəhənnəm əhli üçün heç bir qurtuluş yolu yoxdur.

 

● ayə 9:

﴿إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا﴾

“Həqiqətən, bu Quran ən davamlı yola hidayət edir. Saleh işlər görən möminlərə müjdə verilir ki, onlar üçün böyük mükafat var.”

 

● ayə 10:

﴿وأَنَّ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا﴾

“Axirətə iman gətirməyənlər üçün dərdli bir əzab hazırlamışıq.”

 

○ Nöqtələr

● “Yəhdi lilləti hiyə əqvəmu” cümləsi iki cür mənalandırıla bilər:

a) Quran ən davamlı yola hidayət edir;

b) Quran ən möhkəm millətləri və ümmətləri hidayət edir.

● Bildirişlər

1. Quranın möhkəm məntiqi qarşısında xurafat və təxəyyülə yer yoxdur.

2. Quran əbədi və sabit qanunlara malik olan yeganə kitabdır.

3. Mükafat əldə etmək üçün iman və əmələ ehtiyac var. Cəhənnəmə düşmək üçün isə küfr bəs edər.

4. İlahi əzab indi də hazırdır.

5. Qorxu və ümid yanaşı olmalıdır.

 

● ayə 11:

﴿وَيَدْعُ الإِنسَانُ بِالشَّرِّ دُعَاءهُ بِالْخَيْرِ وَكَانَ الإِنسَانُ عَجُولاً﴾

“(Tələskən və nadan) insan xeyir istədiyi kimi şər də istəyir. İnsan daim tələsəndir.

 

○ Nöqtələr

● Quranda insanın tələskənliyinə və şər istəməsinə dəfələrlə işarə olunmuşdur: “Səndən dərhal əzab istəyərlər.” [20] Digər bir ayədə kafirlərin dilindən deyilir: “Pərvərdigara, əgər din haqdırsa, səmadan başımıza daş yağdır.” [21] Bu tələskənliklər cəhalət, inadkarlıq və təəssübdən qaynaqlanır.

● Möhtərəm Peyğəmbər (s) buyurur: “İnsanın bir çox çətinliklərinin səbəbi onun tələskənliyidir.”[22]

● Bildirişlər

1. İnsanın düşüncə və əməlinin bəlalarından biri tələskənlikdir.

2. İnsan fitrətən xeyirə meyillidir. Ayədə insanın şər istəyinin bir istək olaraq xeyir istəyinə bənzədilməsi bir daha onun əslində xeyirə meyilli olduğunu göstərir.

3. Quranın möhkəm hidayətinə (doğru yol göstərişinə) yol tapmayanlar tələsik halda şər sorağınca gedəcəklər.

4. İnsanın daxilində bir tələskənlik var, amma bu tələskənlikdən düzgün istifadə yerini öyrənməliyik.

● ayə 12:

﴿وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً﴾

“Biz gecə və gündüzü iki əlamət qərar verdik. Gecənin nişanəsini (ay işığını) götürdük və gündüzün nişanəsini (günəşi) işıqlandırdıq ki, Rəbbinizdən bir fəzl soraqlayasınız, illərin sayını və hesabı biləsiniz. Biz hər şeyi aydın bəyan etdik.”

 

○ Nöqtələr

● Quranda gecənin gündüzdən öncə zikr olunmasının səbəbi bu ola bilər ki, qaranlıq yerin özündəndir, işıq isə günəşdən.

● Bildirişlər

1. Yerin öz oxu ətrafında dövr etməsi, gecə və gündüzün müəyyənləşməsi təsadüf yox, Allahın hikmət dolu iradəsidir.

2. Gündüz iş, gecə isə istirahət üçündür.

3. Allah fəzl və rəhmət nazil etsə də, biz çalışmalıyıq.

4. Ruzi əldə etmək üçün zəmin yaratmaq ilahi rübubiyyət şənindəndir.

5. Öz zirəkliyimizlə qürrələnməyək, ruzi Allahdandır.

6. Varlıq aləmindəki nizam məqsədsiz deyil. Bütün tədbirlərdə mehvər insandır.

7. Gecə və gündüz təbii, daimi, ümumi, asan, dərk olunan bir təqvimdir. Bu təqvim nəzm və proqramlaşdırma üçün vasitədir.

8. Varlıq aləmində ziddiyyətlərin qarşısını almaq üçün hər şey nəzmə çəkilmiş, qanunlara tabe edilmişdir.

 

● ayə 13:

﴿وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَآئِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنشُورًا﴾

“Hər bir insanın əməl naməsini onun boynundan asmışıq. Qiyamət günü çıxaracağımız yazını qarşısında açılmış görər.”

 

○ Nöqtələr

● Ayədəki “tair” sözü insanın əməlinə işarədir. Çünki əməllər quş tək pərvaz edib sahibinə çatar, hər bir insanın xeyir və şərdən ibarət əməl naməsi onun boynundan asılar.

● Quranda əməl naməsinə bir neçə dəfə işarə olunmuşdur. O cümlədən:

1. “Əməl naməsi hamı üçündür.”

2. “Həmin namədə bir şey ötürülməmişdir.”[23]

3. “Günahkarlar ondan qorxar.” [24]

4. İnsan öz əməl naməsini oxumaqla özünü mühakimə edər.[25]

5. “Nicat tapanların kitabı sağ, cəhənnəm əhlinin kitabı onların sol əlinə verilər.”[26]

● Bildirişlər

1. Hesab-kitab hamı üçündür və kimsə istisna olunmayıb.

2. Bütün insanlar əməl namələri ilə birlikdə məhşərdə dayandırılarlar.

3. İnsanın əməli ondan ayrılmaz.

4. İnsanın xoşbəxtliyi və bədbəxtliyi onun əməllərindən asılıdır. Bu istiqamətdə bəxt kimi amillər rol oynamır.

5. Allah insanın bütün əməllərindən xəbərdardır. Əməl naməsinin boyundan asılmasında məqsəd onun insanın özünə anlatmaqdır.

6. İnsanın bütün əməl və hərəkətləri qeyd olunar. İnsan dünyada əməllərinin qeydə alındığını hiss etməsə də, qiyamətdə əməl naməsi açılar və gizli işlər ifşa olunar.

 

● ayə 14:

﴿اقْرَأْ كَتَابَكَ كَفَى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا﴾

“(Qiyamətdə insana deyilər:) Kitabını oxu. Bu gün özünün özünlə hesab aparmağın yetər.”

 

○ Nöqtələr

● İmam Sadiq (ə) buyurur: “İnsan əməl naməsində öz əməllərini o qədər aydın görər ki, sanki uyğun əməllər həmin saat baş vermişdir.”[27]

● Fəxr Razi deyir: “İnsanın əməlləri onun ruhuna təsir göstərir. Oxumaq dedikdə dərk etmək başa düşülür.” [28] “Əl-Mizan” təfsirində bildirilir ki, “kitab” dedikdə əməllərin özü nəzərdə tutulur.

● Bir çox rəvayətlərdə tövsiyə olunur ki, insan qiyamətdən öncə özü ilə hesab çəksin[29]. Bu sayaq hesab insanı oyadır və qəflətdən uzaqlığı göstərir.

Hədisdə deyilir: Hər kəs dünyada özü ilə hesab çəksə, axirət hesabı asan olar. Elə bu dünyada həyat kitabımızı, əməl naməmizi oxumalıyıq ki, zəif nöqtələri aradan qaldıraq, pisliklərə tövbə edib, yaxşı əməllərimizi artıraq. (Bir ata öz övladından hər gün əməllərini qeyd etməsini istədi. Oğul bir gün bu işi görsə də, ikinci gün çətinlik çəkdi və atasından üzr istədi. Atası dedi: “Əziz övladım! Bütün əməllər bu sayaq yazılır. Əlbəttə ki, qiyamətdə bütün əməllər açılar və öz əməlindən peşman olarsan.”[30]

● Bildirişlər

1. Qiyamətdə bütün insanlar öz əməl namələrini oxuya bilirlər.

2. Qiyamətdə vicdanlar oyanır.

3. Qiyamət günahkarların öz əleyhinə şəhadət verdiyi yeganə məhkəmədir.

 

● ayə 15:

﴿مَّنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدي لِنَفْسِهِ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولاً﴾

“Hidayət olan (doğru yol tutan), həqiqətən, öz xeyrinə hidayət olmuş, yolunu azan isə yalnız öz zərərinə azmışdır. Kimsə başqasının günah yükünü çiyninə almır. Biz peyğəmbər göndərməmiş əzab verən deyilik.”

 

○ Nöqtələr

● “Ənam” surəsinin 25-ci, “Ənkəbut” surəsinin 13-cü ayələrinə və bir sıra rəvayətlərə əsasən, küfr başçıları öz günah yüklərindən əlavə ardıcıllarının da günah yüklərini çiyinlərinə alarlar. Çünki onlar öz ardıcıllarının doğru yoldan azmalarına səbəb olmuşlar.

● Bildirişlər

1. İnsan yol seçimində azad buraxılmışdır.

2. Doğru yolun qəbulu insanın öz xeyrinə, küfr isə onun zərərinədir. İnsanın hansı yolu tutmasının Allaha xeyir-zərəri yoxdur.

3. Hər kəs öz əməlinin cəzasını çəkər.

4. Öncə müsbət işlərdən danışmaq, sonra mənfiləri qeyd etmək lazımdır.

5. Kimsəyə höccəti tamamlamamış, xəbərdarlıq etməmiş əzab vermək Allahın sünnəsi, qanunu deyil. Bəşəriyyətin doğru yolu tutması üçün elə öncədən peyğəmbərlər göndərilmişdir.

6. Xoşbəxt olmaq üçün ağıl bəs etmir, peyğəmbərlərin hidayəti də lazımdır.

7. Peyğəmbərlərin gəlişi axirət sorğusu üçün şərtdir. Sorğuya çəkilən insana öncə peyğəmbərlər vasitəsi ilə vəzifələri aydınlaşdırılmalıdır.

 

● ayə 16:

﴿وَإِذَا أَرَدْنَا أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا﴾

“Bir məntəqəni (günahlarına görə) həlak etmək istədikdə, onun xoş güzaran keçirən adamlarına əmr edərik. Belə ki, bu əmrə qarşı müxalif və aciz olarlar. Nəticədə əzab və ilahi qəhr-qəzəbə düçar olarlar. Sonra oranı tam viran qoyarıq.”

 

○ Nöqtələr

● “Əmərna mutrəfiha”, yəni qövm başçılarına itaət əmri verərik. Allah zülm və günah yox, ədalət və ehsan göstərişi verir. Həlak etməzdən öncə itaət göstərişi verilir. Rifah içində yaşayanlar müxalif olar və adi insanlar da onların yolunu gedərlər. Həmin vaxt ilahi qəhr-qəzəb qətiləşər və itaətdən çıxanları bürüyər.

● Hikmət sahibi olan Allahın əzab istəyi bizim günahlarımıza və mənfi xislətlərimizə əsaslanır. Əslində Allah mehribandır, heç bir qövmü səbəbsiz yerə həlak etmir. İmam Riza (ə) buyurur: “Bu ayədə ilahi iradə bizim günahımızla şərtlənir.”[31]

● Bildirişlər

1. İnsanın nemətlərə qərq olması da ilahi qəhr-qəzəb və cəza nümunəsi ola bilər.

2. Cəmiyyətdəki varlı insanlar ilahi qəhr-qəzəbə zəmin yaradırlar.

3. Cəmiyyətin əxlaqı və ictimai baxımdan süqutu bu cəmiyyətin varlı başçılarının əlindədir.

4. Rifah, adətən, fəsad səbəbi olduğundan peyğəmbərlərə qarşı ilkin olaraq rifah içində yaşayanlar çıxmışlar.

5. İtaətsizlik göstərənlərə möhlət vermək ilahi sünnə, qanundur.

6. İlahi xəbərdarlıqlara ciddi yanaşaq, özümüzü islah edək. Çünki bu hədələrin həyata keçməsi öz əməllərimizdən asılıdır.

7. Höccət tamamlanmadan, yetərli dəlillər gətirilmədən ilahi əzab nazil olmur.

8. İlahi qəhr-qəzəb və əzab şiddətlidir.

9. Bütün işlər Allah qüdrəti ilə həyata keçir.

 

● ayə 17:

﴿وَكَمْ أَهْلَكْنَا مِنَ الْقُرُونِ مِن بَعْدِ نُوحٍ وَكَفَى بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًَا بَصِيرًا﴾

“Nuhdan sonra bir çox ümmətləri məhv etdik. Rəbbinin Öz bəndələrinin günahlarından agah olub, onları görməsi yetər.”

 

○ Nöqtələr

● Bəşər həyatında bir nəslin məhvi və yeni bir nizamın bərpasından danışan bu ayədən məlum olur ki, həzrət Nuhun dövrü bəşər tarixində dönüş nöqtəsi olmuşdur. Nuhdan öncəki bəşər nəsli sadə və azsaylı idi, həyat macərasız ötüşürdü. Həmin vaxt insan nəsli Nuhun gəmisinə süvar olmuş bir neçə möminlə davam etmişdi.

● Allah qafil insanlara xəbərdarlıq, xalq üçün ibrət olmaqla yanaşı Peyğəmbər (s) üçün bir təsəlli idi. Bildirilirdi ki, əgər kafirlər əzab-əziyyət verməkdən çəkinməsələr, Allahın qəhr-qəzəbinə düçar olacaqlar.

● Nuh qövmündən sonra Ad, Səmud, Lut qövmü, Mədyən səhabələri, Firon, Haman, Qarun və Fil səhabələri ilahi qəzəbə düçar oldular.

● Bildirişlər

1. İtaətsizliyinə görə Allahın qəhr-qəzəbinə düçar olmuş millətlər tarixdə yetərincədir.

2. İlahi qəhr-qəzəb təkcə qiyamətə aid deyil, dünyada da tətbiq olunur.

3. Tarix ibrət qaynağı və məktəbdir.

4. Allahın günahlarımızdan xəbərdar olmasını yadda saxlamağınız tərbiyəmiz üçün kafidir.

5. Günahkarların cəzalandırılması üçün şahid və dəlilə ehtiyac yoxdur. Allahın məsələdən xəbərdarlığı kafidir.

6. Günahkar insan da Allahın bəndəsidir.

7. Allah batinimizdən xəbərdardır, zahirimizi görür.

● ayə 18:

﴿مَّن كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاء لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلاهَا مَذْمُومًا مَّدْحُورًا﴾

“Hər kəs daim ötəri dünya həyatını istəsə, bu dünyada tezliklə istədiyimizə istədiyimiz qədər verərik. Sonra onun üçün cəhənnəmi qərar verərik. O, xəcalət içində və rədd edilmiş halda oraya daxil olar.”

 

○ Nöqtələr

● Quran baxımından, insana axirəti unutduran dünya istəyi məzəmmət olunur. Bu məsələyə bir çox ayələrdə işarə olunmuşdur.[32]

● Maddi dünyada ziddiyyət və qarşıdurmalar çoxdur. İnsan bütün arzularına çata bilmir. Demək, hamıya pay ayrılmalıdır. Mənəviyyat dünyasında isə belə deyil. Çünki bu dünyada heç bir məhdudiyyət yoxdur. Mənəvi ləzzətlər yolu hamının üzünə açıqdır və hər kəs istədiyi qədər kam ala bilər[33].

● Bildirişlər

1. Dünya ötəridir.

2. İnsan məqsədli yaradılmışdır və seçim aparmaqda azad buraxılmışdır. Amma əsas məsələ Allahın iradəsidir.

3. Pislənilən dünya yox, dünyapərəstlik xislətidir.

4. İnsanın arzuları bitib-tükənməzdir, bu arzuları Allahın çərçivəsində məhdudlaşdırmaq lazımdır.

5. Dünyapərəstlər arasında dünyanı əldə edə bilməyənlər də var.

6. Dünyapərəstlər iki dəstədir: bəziləri dünya və axirəti əldən verir, bəziləri isə müəyyən dünya istəklərinə çatır.

7. Maddi istəklərlə yaşayanlar müəyyən həddə ad-san və çörək əldə etsələr də, qiyamətdə müşkülə düşürlər.

8. Dünyapərəstliyin sonu peşmançılıq və cəhənnəmdir.

9. Dünyapərəstlər həm fiziki baxımdan odda yanır, həm də ruhi baxımdan alçaldılırlar.

 

● ayə 19:

﴿وَمَنْ أَرَادَ الآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا﴾

“Axirət istəyən bu məqsədlə lazımınca çalışan və mömin olan insanın zəhməti dəyərləndirilər.”

 

● Bildirişlər

1. İnsan iradəyə malikdir və azad buraxılmışdır.

2. Axirət zəhmətsiz əldə olunmur.

3. Axirət səadəti üçün xüsusi səy lazımdır.

4. Dünya səylərindən nəticə əldə etmək üçün iman şərtdir.

5. İman və səy axirət səadəti üçün şərtdir.

6. Möminlər səy göstərib nəticəyə çatsalar da, çatmasalar da, onların zəhməti dəyərləndirilər.

7. Dünyapərəstlərin dünyanı əldə etməsi ehtimal olunursa, möminlərin axirət mükafatı labüddür.

8. İnsanın istək və səyinin onun xoşbəxtliyinə təsiri var.

9. Başqalarının səyinə görə təşəkkür etmək ilahi işdir.

10. Allahın möminlərə təşəkkürü behişt bağlarından üstündür. Çünki hər kəsin təşəkkürü onun vücudundan şölənənən şüa ölçüsündədir.

11. Allah hər səyi bəyənib tərif etmir.

 

● ayə 20:

﴿كُلاًّ نُّمِدُّ هَـؤُلاء وَهَـؤُلاء مِنْ عَطَاء رَبِّكَ وَمَا كَانَ عَطَاء رَبِّكَ مَحْظُورًا﴾

“Biz Rəbbinin ətasından bunlara və onlara yardım göstərərik. Rəbbinin ətası kimsəyə qadağan olunmaz.”

 

○ Nöqtələr

● Allah insanı azad yaratmışdır. İnsana sınaq üçün imkanlar verilmişdir ki, necə əməl edəcəyi aydınlaşsın. Bu yolla Allahla müamilə edənlər Allahdan qeyriləri ilə müamilə edənlərdən seçilirlər. Su və elektrik təchizat idarələri evləri su və işıq kimi iki nemətlə təchiz edir. Bu nemətlərdən yaxşı və ya pis işdə istifadə etmək insanların ixtiyarındadır.

● Bildirişlər

1. Öz yardımlarını hamının ixtiyarına vermək və bu yolla yaxşı və pis sifətlərin üzə çıxmasına şərait yaratmaq Allahın sünnəsidir.

2. Allaha iman və axirət istəyinin maddi imkanlardan faydalanma ilə ziddiyyəti yoxdur.

3. İlahi lütflər Allahın rübubiyyət şəni və fəzlidir. Əslində, Allahın kimsəyə borcu yoxdur.

4. Allahın ətası həmişəlikdir.

 

● ayə 21:

﴿انظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ وَلَلآخِرَةُ أَكْبَرُ دَرَجَاتٍ وَأَكْبَرُ تَفْضِيلاً﴾

“Bax gör ki, onların bəzisini bəzi digərlərindən necə üstün etdik. Şübhəsiz, axirət dərəcələri daha böyük və daha dəyərlidir.”

 

○ Nöqtələr

● İnsanlar bir-birindən iki baxımdan üstün ola bilərlər: bəzən insan istedad, zövq, düşüncə, ailə şəraiti, coğrafi mövqe kimi nemətlər baxımından üstün olur və bütün bunlar məsuliyyətlə müşayiət olunan ilahi lütf və sınaqdır. Bu ayədə uyğun üstünlüyə işarə edilmişdir. Bəzən isə insanlar zülm, istismar və təhqir baxımından fərqlənir. Bunun hesabı ayrı çəkilir.

● Peyğəmbər (s) buyurur: “Behiştdə behişt əhlinin ağlı qədər dərəcələr var.”[34]

● Bildirişlər

1. Varlıq aləmindəki ixtilafların və fərqlərin hikmətini anlamaq üçün düşüncə və diqqətə ehtiyac var.

2. İnsanların axirət məskəni eyni deyil. Yetərincə böyük üstünlüklər var.

 

● ayə 22:

﴿لاَّ تَجْعَل مَعَ اللّهِ إِلَـهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولاً﴾

“Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət edilər, başıaşağı olarsan.”

 

○ Nöqtələr

● Ayədə Peyğəmbərə (s) xitab olunsa da, bütün xalq nəzərdə tutulmuşdur. Qurani-Kərimdə bu sayaq xitablar çoxdur. Məsələn, növbəti ayədə Peyğəmbərə (s) müraciətlə ata-anaya ehtiram tövsiyə olunur. Hansı ki, Peyğəmbər (s) öz ata-anasını uşaq vaxtı itirmişdi.

Bu ayədə “la təcəl” deyə xalqa müraciət olunur. Peyğəmbərə (s) bir rəhbər olaraq üz tutulur.

● Bildirişlər

1. İnsanın xoşbəxtlik və izzəti tövhid sayəsindədir. Şirk və Allahdan qeyrisinə pərəstiş insanı alçaldır.

2. Qeyri-ilahi məktəblərə ardıcıllıq insanı çıxılmaz vəziyyətə, uçuruma sürükləyir.

3. Müşrik insan Allah, mələklər, möminlər, oyaq vicdanlar, düşüncə sahibləri tərəfindən məzəmmət olunur. Ayədə məzəmmət edənin adı konkret qeyd olunmamışdır.

 

● ayə 23:

﴿وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلاَهُمَا فَلاَ تَقُل لَّهُمَآ أُفٍّ وَلاَ تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلاً كَرِيمًا﴾

“Rəbbin qərar vermişdir ki, Ondan qeyrisinə tabe olmayasınız, ata-anaya yaxşılıq edəsiniz. Əgər onlardan biri və ya hər ikisi sənin yanında bir həddə çatsa, onlara (hörmətsizliklə) “uf” demə, onları yanından qovma, onlarla ölçülü və xoş danış.”

 

○ Nöqtələr

● Hədislərdə valideynə ehsanla bağlı xeyli tapşırıqlar var. Eləcə də, valideyni incitmək məzəmmət olunmuşdur:

Valideynə mərhəmətli bir baxışın mükafatı qəbul olunmuş həccin mükafatıdır. Ata-ananın razılığı Allahın razılığı, onların qəzəbi Allahın qəzəbidir. Ata-anaya ehsan ömrü uzadır, övladların da öz növbəsində bizə ehsan etməsinə səbəb olur. Hədislərdə deyilir: Valideyn səni vursa belə “uf” demə, çəpəki baxma, əl qaldırma, yolda onlardan qabağa keçmə, onları adları ilə çağırma, xalqın valideyni qınamasına səbəb olası iş görmə, onlardan qabaq oturma, səndən kömək istəməmiş onlara əl tut.”[35]

● Bir şəxs anasını çiyninə alıb Kəbə evini təvaf edirdi. Bu şəxs Peyğəmbəri (s) görüb soruşdu: “Anamın haqqını ödəmişəmmi?” Həzrət buyurdu: “Hətta onun doğuş vaxtı çəkdiyi bir nalənin əvəzini ödəməmisən.”[36]

● Həzrət Peyğəmbərdən (s) soruşdular: “Ölümündən sonra da valideynə ehsan lazımdırmı?” Həzrət buyurdu: “Bəli, onlar üçün namaz qılmaq, bağışlanmalarını diləmək, əhdlərinə vəfa qılmaq, borclarını ödəmək, dostlarına ehtiram göstərməklə (ehsan edin).”[37]