A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Nöqtələr

Əllamə Təbatəbai bildirir ki, “kəlla səyəkfurun” cümləsi iki cür təfsir olunur:

a) Müşriklər öz ibadətlərini inkar edib bütlərə müxalif olacaqlar;

b) Zalım güclər və bütlər müşriklərə şəfaət və izzət vermək əvəzinə, onlara qarşı qiyam qaldıracaqlar. Quranda bu mənanı təsdiqləyən başqa ayələr də var.[384]

“Əziz” dedikdə bütün zərər və şərdən amanda olan qalib və nüfuzolunmaz nəzərdə tutulur.

İmam Sadiq (ə) buyurur: “Alihə” dedikdə xalqın itaət edib izzət gözlədiyi rəislər nəzərdə tutulur.[385] Zalım güc və şeytan kimi məbudların öz ardıcılları ilə müxalifliyi aydın məsələdir. Ola bilsin ki, daş, ağac və digər cansız bütlər qiyamət günü Allahın irdəsi ilə dilə gəlib onlara pərəstiş edən müşriklərə qarşı çıxsınlar.[386]

İmam Sadiq (ə) ayə ilə bağlı buyurur: “Ayədə ibadət deyərkən səcdə və rüku nəzərdə tutulmamışdır. Bu ibadət tabeçilik mənasındadır. Bir məxluqa itaət etməklə günaha batan insanın itaəti bir növ pərəstişdir.[387]

Bildirişlər

1. İnsan fitrətində izzət istəyi var. Amma o, hədəfi düz seçmir, həqiqi izzət mənbəyinə üz tutmur.

2. Qiyamət yaxındır, buna inanaq.

3. Allah əvəzində yanlış olaraq insanın üz tutduğu şeylər onun ziddinə qiyam qaldıracaq.

 

● Ayə 83:

﴿أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا﴾

“Təhrik etsinlər deyə şeytanları kafirlərə doğru göndərdiyimizi görmədinmi?!”

 

● Ayə 84:

﴿فَلَا تَعْجَلْ عَلَيْهِمْ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا﴾

“Onlar üçün (əzaba düşsünlər deyə) tələsmə. Biz onlar üçün hesab aparırıq.”

 

Nöqtələr

“Əzz” sözündən şiddətli təhrik etmə və yerindən qoparma mənaları başa düşülür. “Əzzul-Qidr”, yəni qazan elə qaynadı ki, onun içindəkilər alt-üst oldu.

Şeytanın iman əhli ilə rabitəsi sadədir. Huşyarlıq və tövbə ilə nəticələnir.[388] Amma şeytanın kafirlərlə rabitəsi hakim-məhkum rabitəsidir. Əlbəttə, bu ağalıq üçün kafir özü zəmin hazırlamışdır.[389]

Şeytanların Allah tərəfindən göndərilməsi dedikdə, onların başlı-başına buraxılmaları nəzərdə tutula bilər. Məsələn, itinə mane olmayan adam haqqında “itini buraxdı” deyirlər.

“Təfsire-Qummi” də deyilir: “Şeytanları göndərdi” ayəsi xüms-zəkat ödəməyənlər haqqındadır. Allah belələrinin üzərinə zalım hakim və ya şeytan göndərir ki, xüms-zəkat olaraq ödəmədiklərini qeyri-ilahi yolla xərcləsinlər.

İmam Sadiq (ə) buyurur: “İnsan ömrünün günlərini onun ata-anası da hesablaya bilər. Demək, “onların hesabını apararıq” cümləsi “onların çəkdikləri nəfəsi də hesablayarıq” mənasında anlaşılmalıdır.[390]

Bildirişlər

1. Allah küfr yolunu seçib şeytanın hakimiyyətini qəbul edənləri fəsada təşviq etmək üçün şeytanları onların sorağınca göndərir. (Kafirlərin cəzalarından biri şeytanın onlara hakimiyyətidir.)

2. Şeytan insanı həvəsləndirsə də, onu məcbur edə bilmir.

3. Şeytanın təhriki çox güclüdür.

4. Heç bir şey, hətta şeytanın vəsvəsələri Allahın iradəsindən xaric deyil.

5. Küfr şeytan təhriklərinin qəbulu səbəbidir.

6. Peyğəmbərlərin hadisələrdən xəbərdarlığı məhduddur.

7. Müxaliflərin küfr və düşmənçilikdəki inadkarlıqları geniş qəlbə malik Peyğəmbəri (s) əzab istəməyə vadar etdi.

8. İnsanlara möhlət vermək ilahi sünnə, qanundur. İlahi proqramlar nizamlı və tədricidir. Buna görə də kafirlərin məhvinə tələsməyək.

9. Öz əmr və qadağalarınızı, göstərişlərinizi əsaslı şəkildə bəyan edin.

 

● Ayə 85:

﴿يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَنِ وَفْدًا﴾

“Həmin gün Biz pəhrizkarları toplum halda Rəhmana doğru cəm edərik.”

 

● Ayə 86:

﴿وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَى جَهَنَّمَ وِرْدًا﴾

“Günahkarları təşnə halda cəhənnəmə qovarıq.”

 

Nöqtələr

Ziyarət və ya dua üçün süvari halda yenicə varid olmuş dəstə “vəfd” adlandırılır. “Vird” sözü isə susuzluq, təşnəlik mənasını bildirir.

Bildirişlər

1. Qiyamət səhnələri xatırlanası səhnələrdir. Qiyamət təqvalılar və günahkarlar arasında fərqlərin zahir olduğu gündür.

2. Behişt və cəhənnəm əhlinin hərəkət forması çox mühümdür.

3. Pəhrizkarlar Allahın qonağıdırsa, günahkarlar zillət içində hərəkət edir. Birinci zümrə xüsusi dəbdəbə və mələklərin istiqbalı ilə behiştə daxil olur.[391]

4. İlahi rəhmət behiştdən daha mühümdür. Behişt yalnız onun bir cilvəsidir.

5. Behiştin açarı ilahi təqvadır.

 

● Ayə 87:

﴿لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا﴾

“Rəhmanla əhd bağlayanlardan başqa kimsə şəfaət sahibi deyil.”

 

Nöqtələr

Quran şəfaət üçün müəyyən şərtlər irəli sürür. Hər şəxs istədiyi bir şeyi şəfaətçi seçə bilməz. Qiyamət günü kafirlər hansı qapını döyər, kimdən sığınacaq istəyərlərsə, mənfi cavab alarlar.

Ola bilsin ki, “əhd” dedikdə Allaha bəndəlik əhdi və şeytandan uzaqlıq nəzərdə tutulmuşdur. Quran buyurur: “Ey insanlar! Sizdən əhd almadıqmı ki, şeytana itaət etməyəsiniz?! O sizə aşkar bir düşməndir. Yalnız Mənə pərəstiş edin, doğru yol budur.”[392] Digər bir ayədə oxuyuruq: “Həmin gün Allahın icazə verib sözündən razı qaldığı kəsdən savay kimsənin şəfaətində fayda yoxdur.[393]

“Əhd” sözü rəvayətlərdə bir neçə cür təfsir olunmuşdur:

a) Əmirəlmöminin Əli ibn Əbu-Talib (ə) və ondan sonrakı imamların vilayəti ilə bağlı öhdəçilik.[394]

b) Ölüm zamanı vəsiyyət; insan xalqı ətrafına toplayıb deyir: «Mən “la ilahə illəllah, Muhəmmədən rəsulullah” sözlərinə, behişt və cəhənnəmin gerçəkliyinə şəhadət verirəm.»[395]

v) Gündəlik namazların yerinə yetirilməsi ilə bağlı öhdəçilik.[396]

Bildirişlər

1. Şəfaətin öz qanunauyğunluqları var və Allahın nəzarəti altındadır.

2. Allahın istəyi olmasa kimsədə şəfaət gücü və haqqı yoxdur.

3. Şəfaət geniş ilahi rəhmətin bir cilvəsidir.

4. Xalis və Allahla əhdi olan fərdlərin şəfaət haqqı var.

 

● Ayə 88:

﴿وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا﴾

“(Kafirlər) dedilər: «Rəhman (Allah) övlad götürmüşdür.»”

 

● Ayə 89:

﴿لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا﴾

“Doğrusu, çirkin söz dediniz.”

 

Nöqtələr

“İdd” sözü böyük və çox çirkin günah mənasını bildirir.

Bu ayə bir çox zümrələrə aid edilə bilər:

a) Mələkləri Allahın qızları sayan müşriklər.[397]

b) Üzeyri Allahın oğlu sayan yəhudilər.[398]

v) İsanı Allahın oğlu sayan məsihilər.[399]

Bildirişlər

1. Allahın övlad götürməsinə inam əsassız və çox çirkin işdir.

2. Allahın övladı olması Onun üçün kamillik yox, əskiklik səbəbidir.

 

● Ayə 90:

﴿تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا﴾

“Bu sözdən az qalır səmalar parçalansın, yer yarılsın dağlar şiddətlə yerə uçulsun.”

 

● Ayə 91-92:

﴿أَن دَعَوْا لِلرَّحْمَنِ وَلَدًا وَمَا يَنبَغِي لِلرَّحْمَنِ أَن يَتَّخِذَ وَلَدًا﴾

“Çünki Rəhman Allaha övlad aid etdilər. Halbuki övlad götürməsi Rəhmana layiq olmayan işdir.”

 

● Ayə 93:

﴿إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَنِ عَبْدًا﴾

“Göylərdə yerdə elə bir mövcud yoxdur ki, Rəhman Allahın hüzuruna qul olaraq gəlməsin.”

 

Nöqtələr

“Hədd” sözü süqut mənasını bildirir.

Həqiqətlər qarşısında təbiətin reaksiyası Quranda dəfələrlə bəyan olunmuş bir məsələdir: Bir ayədə buyurulur: “Bəzi daşlar Allah xofundan dağlardan uçulub tökülür.”[400] Digər bir yerdə buyurulur: “Əgər Quran dağlara nazil olsaydı, mütləq Allah qorxusundan tikə-tikə parçalanardı”[401]

Bildirişlər

1. Günah varlıq aləmindəki nizamın pozulmasına səbəb ola bilər.

2. Allah varlıq aləmini insan üçün yaratmışdır. Bəşəriyyət yolunu azdığı vaxt varlıq aləminin süqutu yersiz olmur.

3. Varlıq aləmində ən böyük fəsad puç əqidədir.

4. Allah o zaman övlad götürərdi ki, nəsil davamına ehtiyac duyar, tənhalıqdan əziyyət çəkərdi. Halbuki Allah bütün bu sifətlərdən pak-pakizədir.

5. Bütün varlıq aləmi Allahın hökmü altındadır və Ona doğru qayıdır.

6. Varlıq aləmi və ondakı mövcudlar bütünlüklə Allahın hökmü altındadır və Onun bəndəsidir. Nə üçün Allahın bəndəsini Ona övlad sayırsınız?!

 

● Ayə 94:

﴿لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا﴾

“Şübhəsiz, Allah onların hamısını hesaba çəkmiş, diqqətlə saymışdır.”

 

● Ayə 95:

﴿وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا﴾

“Qiyamət günü hamı Onun hüzuruna gələcək.”

Bildirişlər

1. Varlıq aləmində nə varsa, hər birinin dəqiq hesabı Allahın əlindədir. Allah təkcə külliyyat yox, həm də cüziyyatı əhatə edir.

 

Düşünmə bir zərrə qaça hesabdan,

Hesab var, kitab var qurulu divan.

 

2. Varlıq aləmindəki mövcudlar məhduddur.

3. Qiyamət hamıya aiddir.

4. Qiyamət mühakiməsi hamıya aid olsa da, hər kəs öz hayındadır. Sanki insan tək-tənhadır.[402]

5. Qiyamət günü bütün qohumluq əlaqələri, iqtisadi və ictimai rabitələr, partiya bağlılıqları qırılar.

6. Qiyamətdə var-dövlətin, ailə-övladın, dost-tanışın faydası yoxdur.

 

● Ayə 96:

﴿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَنُ وُدًّا﴾

“Həqiqətən, Rəhman Allah iman gətirib saleh işlər görənlər üçün tezliklə (qəlblərdə) məhəbbət qərar verər.”

 

Nöqtələr

İmanlı və saleh insanlar dünyadan köçərkən hətta günahkar fərdlərin qəmləndiyini çox görmüşük. Onlar özlərindən ixtiyarsız olaraq kədərlənir, göz yaşı axıdır, dünyadan köçən saleh insanın xatirəsini əziz tutur, qəbrini ziyarət edir və başqalarına onunla bağlı xatirələr danışırlar. Bütün bunlar pak və insanpərvər fitrətdən qaynaqlanır.

Bəli, yalnız Allaha könül verən kəsə xalqın qəlbində yer verilir. Allah Onu yada salanları yad edir.[403]

İmam Sadiq (ə) buyurur: “Əmirəlmöminin (ə) vilayəti Allahın möminlərə saleh əməl müqabilində verdiyi mükafatdır.[404] İman əhlinin Həzrət Əliyə (ə) məhəbbəti ilə bağlı həzrət Peyğəmbərdən (s) də oxşar rəvayətlər nəql olunmuşdur.[405]

Bildirişlər

1. Əməlsiz iman, imansız əməl yetərsizdir.

2. İman və saleh əməl xalq sevgisinin açarıdır. Az sevildiyimizi gördükdə öz əqidə və əməllərimizi nəzərdən keçirək. Çünki Allahın vədi dəyişməzdir.

3. Sevimlilik də, qəlblər də Allahın əlindədir.

4. Sevimlilik möminlərə və ilahilərə nəsib olmuş ilahi rəhmətdir.

5. Bu gün sizin saleh əməliniz dəyərləndirilməsə də, bilin ki, ardıcıl səbir və təlaşınız gələcəkdə səmərə verəcək.

6. Sevimlilik dünyada nəsib olan ilahi lütf və mükafatlardandır. (Möminlər və salehlər axirət mükafatından əlavə dünyada da mükafatlandırılırlar.

 

● Ayə 97:

﴿فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنذِرَ بِهِ قَوْمًا لُّدًّا﴾

Həqiqətən, Quranı sənin dilin üçün asan etdik ki, onun vasitəsi ilə pəhrizkarlara müjdə verəsən inadkar xalqı qorxudasan.

Nöqtələr

“Ludd” sözü dərin düşmənçilik mənasını bildirir.

Bildirişlər

1. Asan bəyan tərbiyə prosesində Quran üslubudur. Əlbəttə ki, asan bəyan dedikdə süst danışıq nəzərdə tutulmur. Söz möhkəm, amma rəvan olmalıdır.[406]

2. Rəvan bəyan ilahi lütflərdəndir.

3. Hər bir zümrə ilə xüsusi tərzdə danışmaq lazımdır. (Təqvalılarla müjdə, düşmənlərlə xəbərdarlıq dilində danışılmalıdır.)

 

● Ayə 98:

﴿وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا﴾

“Onlardan öncə bir çox nəsilləri həlak etdik. Onlardan kimsəni tapır ya azca da olsa səslərini eşidirsənmi?!”

 

Nöqtələr

Bu şərif ayə Peyğəmbər (s) üçün bir təsəllidir. Dolayısı ilə ona müjdə verilir ki, sənin inadkar düşmənlərin tezliklə məhv olacaq. Necə ki, bir çox inadkarlar keçmişdə məhv oldular.

“Rikz” dedikdə ahəstə, məxfi səs mənası anlaşılır.

İmam Sadiq (ə) Cabirin bu ayə ilə bağlı sualına belə cavab verir: “Həlak olmuş qövm Bəni-Üməyyədir. Onlardan bircəsini də ümidli və ya qorxudan kənar görməzsən.” Cabir deyir: “Ərz etdim ki, belə bir şey mümkündürmü?” Həzrət buyurdu: ”Tezliklə baş verəcək.”[407]

Bildirişlər

1. İnadkar qövmlərin məhvi Quran xəbərdarlıqlarının ciddiliyindən danışır.

2. Haqq düşmənlərinin məhvi ilahi sünnələrdən biridir.

3. Tarix ibrət güzgüsüdür.

 


TAHA” SURƏSİ

(20-ci surə, 135 ayə)

On altıncı cüz

“Taha” surəsinin siması

135 ayədən ibarət olan “Taha” surəsi Məkkə surələrindəndir. Bu surədə də digər Məkkə surələrində olduğu kimi, daha çox yaranış və məad mövzularından danışılır.

“Taha” surəsi həzrət Musanın macərasının ətraflı şəkildə bəyan olunduğu ilkin surədir. Surənin səksənədək ayəsi bu mövzuya həsr olunmuşdur. Surənin digər hissələrində Quranın əzəmətindən və Allahın sifətlərindən, Adəmlə Həvvanın və Şeytanın vəsvəsələrindən söz açılır. Sonda isə düşündürücü nəsihətlər bəyan olunur.

İmam Sadiq (ə) buyurmuşdur: “Taha” surəsini davamlı şəkildə tilavət edən kəs Allahın məhbubu olar, qiyamət günü əməl naməsi onun sağ əlinə verilər.”[408]


 

﴿بسم الله الرحمن الرحيم﴾

Bağışlayan və mehriban Allahın adı ilə

 

● Ayə 1-2:

﴿طه مَا أَنزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَى﴾

“Ta-Ha; Biz Quranı səni məşəqqətə salmaq üçün nazil etmədik.”

 

● Ayə 3:

﴿إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَى﴾

“Yalnız (Allahdan) qorxan kəs üçün xatırlatma olsun deyə (göndərdik).”

 

● Ayə 4:

﴿تَنزِيلًا مِّمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى﴾

“(Bu ayələr) yer uca göyləri yaratmış kəs tərəfindən nazil olmuşdur.”

 

Nöqtələr

“Ta-ha” müqəttəə hərfləri müxtəlif cür mənalandırılmışdır. O cümlədən, bu hərflərin Allahın və ya peyğəmbərin adı olması bildirilir.[409] Bəzən peyğəmbər Əhli-beyti “ali ta-ha” və ya Həzrət Əli (ə) “ta-ha” adlandırılmışdır.[410] “Nüdbə” duasında imam Mehdi (ə) “yəbnə taha” adı ilə çağırılır. Hər halda bu hərflər artıq və ya mənasız deyil. Quranın nazil olmasından keçən uzun müddət ərzində, eləcə də, dilşünas düşmənlərin çoxluğuna baxmayaraq, indiyədək uyğun mövzuda heç bir irad bildirilməmişdir.[411]

İslam Peyğəmbəri (s) vəzifəsinin icrasında hədsiz eşq, yanğı və məsuliyyət göstərdiyindən tabdan düşürdü. Belə ki, onu ayaqları ağrıyar, mübarək çöhrəsinin rəngi saralardı.[412]

“Tənzil” dedikdə tədrici nazilolma başa düşülür. Yəni Quran 23 il müddətində müxtəlif hadisələr və münasibətlərlə bağlı nazil olmuşdur. Bu sayaq tədrici nazilolmanın Qədr gecəsində birdəfəyə Peyğəmbərin (s) mübarək qəlbinə nazil olması ilə ziddiyyəti yoxdur.

Bildirişlər

1. İlahi vəhy əzab-əziyyət yaratmaq üçün nazil olmamışdır.

2. Dini vəzifələrin icrasında üzücü məşəqqətlərə dözmək lazım gəlmir.

3. İnsan fitrətən etiqadlıdır. Amma fitrətinə diqqətsiz olduğundan xatırlatmaya ehtiyac var.

4. Təqva, elm və ilahi xof bir-birinə ehtiyaclıdır.[413]

5. Münasib inkişaf üçün tərbiyəçi və təbliğatçının səviyyəsi bəs etmir. Qarşı tərəfdə qəbul üçün zəmin olmalıdır. Necə ki, yaxşı məhsul götürmək üçün yaxşı toxum, yaxşı torpaq və qulluğa ehtiyac duyulur.

6. Öyüd götürülməsində məsuliyyət hissi müqəddimədir.

7. Peyğəmbərin vəzifəsi xalqı məcbur etmək yox, sadəcə xəbərdarlıqdır.

8. Şəriət və təbiət eyni mənbədəndir və uyğun qanunlara malikdir.

9. Əzəmətli göylərin yaradanı bir söz demişsə, demək, bu söz mühümdür.

 

● Ayə 5:

﴿الرَّحْمَنُ عَلَى الْعَرْشِ اسْتَوَى﴾

“Ərşi hökmü altına alan Rəhman Allahdır.”

 

● Ayə 6:

﴿لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَى﴾

“Göylərdə, yerdə, onlar arasında yer altında varsa Onundur.

 

● Ayə 7:

﴿وَإِن تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى﴾

“Sözünü açıq desən (və ya gizlətsən, fərqi yoxdur), həqiqətən, O sirləri daha gizliləri bilir.”

 

 

 

 

 

● Ayə 8:

﴿اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاء الْحُسْنَى﴾

“Bir Allahdır ki, Ondan başqa məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur.”

 

Nöqtələr

Bu bir neçə ayədə Allahın bariz sifətlərindən dördü bəyan olunmuşdur. Xaliqlik, hakimlik, maliklik, alimlik.

Allahın ərşə hakim olması digər surələrdə başqa ifadələrlə bəyan olunmuşdur. Bütün bunlar Onun varlıq aləmi üzərindəki mütləq hakimiyyətindən danışır. Məsələn, “filankəs taxta çıxdı” dedikdə, onun hakimiyyətə çatması başa düşülür.

Müxtəlif ayələrdə Allahın ərşə hakimliyi qeyd olunduqdan sonra, adətən, deyiləni təfsir edən cümlə gəlir. Məsələn: “O, ərşə hakimdir və gecə ilə gündüzü örtür.”[414]; “Onun varlıq üzərində əhatəsi var və işləri idarə edir”[415]; “O, varlığa hakimdir və hər şeyi bilir”[416]; “O, ərşə hakimdir və Ondan başqa hami yoxdur.”[417]

“Səra” sözü rütubətli torpaq mənasını bildirir. “Təhtəs-səra” dedikdə ölülər, xəzinələr və torpaq altda olan istənilən bir şey başa düşülür.

“Əsmaul-husna” dedikdə Allahın sifətləri, adları nəzərdə tutulur. Rəvayətlərə əsasən, “əsmaul-husna”ya 99 ad daxildir. Əgər duada Allah bu adlarla çağırılsa, böyük bərəkətlər və təsirlər gözlənilir. Allahın adları təkcə bu 99 addan ibarət deyil. Bir sıra dualarda, o cümlədən, “Cuşən kəbir” duasında Allahın minədək adı zikr olunur. Əlbəttə ki, bu adları vasitə seçmək yalnız onları dilə gətirmək deyil. İnsan özünü həmin adlara, sifətlərə yaxınlaşdırmalıdır.[418]

Rəvayətlərdə məsum imamların dilindən belə nəql olunur: “And olsun Allaha, biz Allahın gözəl adlarıyıq.”[419]

İmam Sadiq (ə) buyurur: “Sirr” dedikdə qəlbində gizlədiyin, “əxfa” dedikdə isə zehnindən ötüb keçmiş, amma unutduğun şey nəzərdə tutulur.”[420] Yəni “əxfa” təkcə başqalarının yox, həm də özünün xəbərsiz qaldığın həqiqətdir.

Allah hər şeydən agahdır. O, göylərin və yerin qeybini bilir.[421] Allah bətndəkilərdən xəbərdardır.[422] O, baxışlardak