A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Nöqtələr

Ötən ayədə “cənnət” sözü tək formada işlənmişdir. Bu ayədə isə həmin söz cəm formada, yəni “cənnat” şəklində qeyd olunmuşdur. Aydın olur ki, behişt əhli üçün nəzərdə tutulmuş bağlar çoxsaylıdır.

Bu təbir belə də anlaşıla bilər ki, hər bir behişt əhli üçün dörd bağ nəzərdə tutulmuşdur. “Ər-rəhman” surəsində bu nöqtəyə işarə olunur. Surədə bildirilir ki, təqva əhli üçün iki və başqa iki bağ mövcuddur.[363] Bu bağlar ya bir-birinə yaxındır, ya aşağı qatlara malikdir, ya da behişt əhli arasında müxtəlif dərəcələr olduğundan bağlar da çeşidlidir.[364]

Qurani-kərim ilahi vədlərin gerçəkləşməsi ilə bağlı dəfələrlə söhbət açmışdır. Məsələn, buyurulur ki, kimdir Allahdan vəfalısı?[365]

Boş danışıqlardan uzaqlığın behişt üçün imtiyaz sayılmasında məqsəd bu ola bilər ki, bu günkü həyatımızda boş danışıq və işlərdən uzaq olaq. Belə bir nöqtəyə də işarə olunması mümkündür: Kafirlərin dünyada möminlərə əziyyət verən danışıqlarına behiştdə yer yoxdur.

“Nurisumin ibadina mən kanə təqiyya” cümləsində həm behiştin açarı olan təqvaya işarə olunmuşdur, həm də əziyyətsiz olaraq bir nemətə çatmaq mənasını bildirən irs təbiri işlədilmişdir. Təqva behişt açarı olsa da, bütün mükafatlar Allahın bizə ayırdığı irsdir. Əslində bizim əməllərimizin nəzərdə tutulmuş həddə mükafatı yoxdur. Behişt Allah tərəfindən irs olaraq təqva əhlinə verilən mükafatdır.

Hədisdə oxuyuruq: “Hər bir insanın behişt və cəhənnəmdə yeri var. Behiştə düşən insanın cəhənnəmdəki yeri cəhənnəm əhlinə irs verilir. İnsan cəhənnəmə düşdükdə onun Behiştdəki yeri irs olaraq Behişt əhlinə çatır.[366]

Bir şəxs İmam Sadiqə (ə) mədə ağrılarından şikayətləndi. Həzrət ona buyurdu: ”Gün uzunu 2 dəfə–sübh və axşam ye. Sübh və axşam arası (günorta) yemək yemə, bu, bədəndə fəsad yaradır.” Sonra imam hazırkı ayəni tilavət etdi.[367]

Bildirişlər

1. Behişt bağlarına sakinlik həmişəlikdir. (“Ədn” sözü sakinlik mənasını bildirir.)

2. Vəd olunmuş bütün lütflərin qaynağı Rəhman Allahın lütfüdür.

3. Biz bu gün ilahi vədlərin həqiqətini dərk etmirik.

4. Behişt əhli arasında “salam” sözü geniş yayılmış sözdür. Behişt mühiti əmin-aman mühitdir. Behişt əhli həm mələklərin, həm də dostların salamını eşidir.[368]

5. Behiştdə səhər və axşam kimi vaxt fərqləri var.

6. Behiştdə həm ruhi aramlıq, həm fiziki ehtiyaclar təmin olunur.

7. Behişt ən üstün mülkiyyət növüdür. O, əta olunduqdan sonra geri alınmır, əskildilmir.[369]

8. Behişt təqva əhli üçün mirasdır.

 

● Ayə 64:

﴿وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَلِكَ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا﴾

“Biz (mələklər) yalnız Rəbbinin əmri ilə nazil oluruq; qarşımızda (gələcəkdə), arxamızda (keçmişdə) və ikisinin arasında varsa Onundur. Sənin Rəbbin unutqan deyil.”

 

Nöqtələr

“Əl-mizan” təfsirində oxuyuruq: “Bəziləri bu iki ayəni əvvəlki ayələrlə əlaqələndirməyə çalışsalar da, əslində onlar müstəqildir.

“Təfsire-Fəxr-Razi”, “Təfsire-Təbəri”, “Təfsire-Tibyan” mənbələrində oxuyuruq: “Peyğəmbərə (s) gələn vəhyin arası bir müddət kəsildi. Bu, peyğəmbərin nigarançılığına və müxaliflərin tənəsinə səbəb oldu: Ayə nazil edildi: “Rəbbin unutqan deyil.” “Zuha” surəsinin 3-cü ayəsi də bu ayənin oxşarıdır.

Bildirişlər

1. Quran tədricən və Allahın əmri əsasında nazil olur.

2. Mələklər Allahın əmrinə təslimdir.

3. Hər şeyin həqiqi sahibi Odur.

4. Vəhy Allah əmri əsasında təxirə salınmışdı. Bu təxirin səbəbi Allahın Öz peyğəmbərini unutması deyildi.[370]

 

● Ayə 65:

﴿رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا﴾

“Göylərin yerin, onların arasında olanların Rəbbi! Yalnız Ona pərəstiş et, Ona ibadətə səbirli ol. Ona bənzərini tanıyırsanmı?!”

 

Nöqtələr

“Səmiyy” sözü ilə bağlı bir neçə məna zikr olunmuşdur: Şərik, bənzər, həm ad (adaş), övlad. Ötən ayədəki “Rəbbikə” və bu ayədəki “Rəbbus-səmavati vəl-ərz” sözləri bütün varlıq aləmi ilə birlikdə bəşər həyatının idarəçiliyindəki vəhdəti göstərir.

İbadət təkcə Allahın zikri, namaz deyil. Bu sayaq ibadətlərdə elə bir çətinlik yoxdur ki, səbir və dözümə ehtiyac duyulsun. Səbir və dözüm tələb edən ibadət insanı təzadlarla, zalım qüvvələrlə, problemlərlə üzbəüz qoyan ibadətdir. Yalnız belə məqamlarda insanın səbir və dözümə ehtiyacı olur.

Həzrət Əli (ə) ayədəki “həl tələmu ləhu səmiyya” təbiri ilə bağlı buyurur: “Kimsə “Allah” adı ilə adlandırılmamışdır.”[371]

Bildirişlər

1. Bizim Allah qarşısındakı ibadətlərimizin fəlsəfəsi varlıq aləmində yalnız Ona məxsus olan rübubiyyətdir.

2. İbadət səbir tələb edir. (İbadət bir növ azğın nəfs istəkləri və azğın qüvvələrlə mübarizədir.)

3. Allah səni unutmayıb, sən də Onu unutma.

4. Allahın övladı yoxdur, Ona bənzəri tapılmaz.

 

● Ayə 66:

﴿وَيَقُولُ الْإِنسَانُ أَئِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا﴾

“İnsan deyir: “Yoxsa öləndən sonra ikinci dəfə (qəbirdən) xaric olacağam?”

 

● Ayə 67:

﴿أَوَلَا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا﴾

“Görən insan heç olmadığı bir halda bundan öncə onu yaratdığımızı yada salmırmı?!”

 

Nöqtələr

Bu ayə “Yasin” surəsinin 78, 79-cu ayələrinə bənzəyir. Uyğun ayələrdə bildirilir ki, bir şəxs çürüyüb ovulmuş sümükləri Peyğəmbərin (s) yanına gətirib onunla mübahisəyə başladı və dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” Bu şəxsə cavab olaraq Allah buyurdu: ”(Ey peyğəmbər,) de ki, onu öncə yaradan kəs ölümdən sonra da dirildər. O, hər şeyi bilir.”

İmam Sadiqdən (ə) “bir şey olmadığı halda” ifadəsi haqqında soruşulduqda həzrət buyurur: “Yəni təqdir (yazı) və təkvin (yaranış) mərhələsində heç nə idi.” İmam rəvayətçinin növbəti sualı ilə bağlı buyurur: “Yəni təqdir olmuşdu, amma adı çəkilmirdi.”[372] Demək, bu iki ayədə insanın yaranışdan öncəki iki mərhələsi haqqında danışılır.

Digər bir hədisdə İmam Baqir (ə) “Bundan öncə” təbiri ilə bağlı buyurur: “Nə kitabda, nə elmdə onun haqqında bir söz yox idi.”[373]

Bildirişlər

1. Məada inamsızlıq günaha don geyindirmək və ibadətdən qaçmaq üçün bir yoldur.

2. Ölümdən sonrakı həyata inamsız yanaşmaq və insanların yenidən diriləcəyinə şəkk bir dövr və ya bir qrupa aid hadisə deyil.

3. Məad cismanidir. Yəni insanın cismi torpaqdan xaric olunar.

4. Məad məcburidir. Yəni bu iş insanın istəyindən asılı deyil.

5. İlkin yaranış məlum olduğu halda məada şübhəli baxış təəccüb doğurur.

6. Məadın–ölümdən sonrakı həyatın qəbul olunması üçün bir nöqtəyə diqqət bəs edər: İnsan öncə yox idi, sonradan xəlq olundu.

7. Məadı inkar edənlərin heç bir dəlili yoxdur. Onlar sadəcə qiyaməti mümkünsüz sayırlar. Quran isə bu mövzu ilə bağlı dəlillərə istinad edir.

8. İnsanın heçdən yaradılması onun ölümdən sonra çürümüş sümüklərdən yaradılmasından daha çətin görünür.

 

● Ayə 68:

﴿فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا﴾

“And olsun Rəbbinə, Biz onların hamısını şeytanlarla birlikdə (qiyamətdə) səhnəyə gətirəcəyik. Sonra onları diz çökmüş halda cəhənnəm ətrafına düzəcəyik.”

 

Nöqtələr

“Cisiyya” sözü ya “casi” sözündən olub, mühakimə üçün diz çökmüş şəxs və ya “cəsvə” sözündən olub dar, sıxılmış torpaq mənasını bildirir. Bu, ən pis oturuş növüdür.

Allah-təala Quranın bir çox yerlərində Öz məxluqlarına, qiyamətlə bağlı isə Öz müqəddəs zatına and içmişdir.[374]

Bildirişlər

1. Qiyamətlə bağlı xəbərdarlıqlara ciddi yanaşaq. Qiyamət mühakiməsi labüd bir hadisədir.

2. Allah məadı qəbul etməyən kafirlər qarşısında Öz peyğəmbərinə təsəlli verir.

3. Küfrə uğramaqda şeytan insana çiyin yoldaşıdır. (İnsanların şeytanlarla birlikdə qiyamət səhnəsinə gətirilməsi onların eyni cür düşünüb, həmkarlıq etmələridir.)

4. Cəhənnəm kənarında dayanış cəhənnəm cəzasından fərqli bir işgəncədir.

5. Qiyamətdə azğınlar çox ağır vəziyyətdə olar. Cəhənnəm ətrafında şeytanlarla birlikdə diz çökmüş, zəlil vəziyyətdə dayanmaq ağır işgəncədir.

 

● Ayə 69:

﴿ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَنِ عِتِيًّا﴾

“Sonra hər dəstədən Rəhmana qarşı daha çox asi olanı ayıracağıq.”

 

● Ayə 70:

﴿ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَى بِهَا صِلِيًّا﴾

“Həmin vaxt onlardan cəhənnəmdə yanmağa kimin daha çox layiq olduğunu bilərik.”

 

Nöqtələr

“Şiə” sözü həm bir şəxsə ardıcıllar, həm də eyni bir əqidə ətrafında toplananlar mənasını bildirir. “İtiyya” sözü asilik, azğınlıq mənasını ifadə edir. “Siliyya” dedikdə isə od qalamaq, odda yandırmaq və oda salmaq mənaları nəzərdə tutulur.

Bildirişlər

1. Günahkarlar qiyamətdə seçilib dəstələrə ayrılar. (Rəhman Allah qarşısında daha çox tüğyan qoparanlar daha şiddətli əzab görərlər.)

2. Günahkarlar (xilafkarlar) üç zümrədir: şəxsən günah edənlər, başqalarının günah işinə vasitə olanlar, ətrafdakıların günahı ilə razılaşanlar. Aydın məsələdir ki, hər üç zümrənin günah və cəzası fərqlidir.

3. Bütün rəhmətlər Allahdan qaynaqlansa da, insan Allah qarşısında tüğyan qoparır.

4. Cəhənnəm əzabı hesablı və dəqiq nizama malikdir. Bu dəqiqlik və seçimə Allahın elmi zamindir.

5. Cəhənnəmin müxtəlif təbəqələri var. Günahın böyük-kiçikliyindən asılı olaraq, cəzalar fərqlənir və Allah hər bir cəza mərtəbəsindən xəbərdardır.

 

● Ayə 71:

﴿وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَى رَبِّكَ حَتْمًا مَّقْضِيًّا﴾

“Sizlərdən cəhənnəmə daxil olmayan kəs yoxdur. Bu, Rəbbin tərəfindən olan qəti bir hökmdür.”

Nöqtələr

“Təfsire-Təbəri”də yazılır: Bir gün Abdullah ibn Rəvahə xəstə halda ağlayırdı. Zövcəsi də ona qoşulmuşdu. Abdullah soruşdu: “Sən nə üçün ağlayırsan?” Zövcəsi dedi: “Sən ağladığın üçün.” Abdullah dedi: “Məni ağladan Allah-təalanın” hamınız cəhənnəmə daxil olarsınız” buyruğudur. Mən bilmirəm ki, oraya düşdükdən sonra xilas olacağam, yoxsa yox?”

 Bu ayə Sirata aid ayə və rəvayətlərlə yanaşı mənalandırılmalıdır. Sirat cəhənnəm üzərindən salınmış körpüdür. Kimi asta, kimi iti - bütün insanlar bu körpüdən keçəsidirlər. Həmin vaxt bəziləri cəhənnəmə düşəsidir.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü bütün insanlar cəhənnəmə daxil olar. Amma cəhənnəmin odu möminlərə zərər toxundurmaz. Necə ki, od həzrət İbrahimə təsirsiz idi.” Hamının cəhənnəmə daxil olacağını bildirən ayə ilə möminlərin cəhənnəmdən uzaq olduğunu bildirən ayələr arasında ziddiyyət yoxdur.[375] Çünki cəhənnəmə daxil olan möminlərə Allahın lütfü sayəsində od zərər vurmaz.

Düşünmək olar ki, giriş dedikdə cəhənnəmə daxil olmaq yox, ötüb keçmək nəzərdə tutulmuşdur. Həzrət Musa haqqında deyilir: “Mədyən suyunun kənarına varid oldu.” Amma Musa suya daxil olmadı. (İmam Sadiq (ə) buyurur: “Əgər bir şəxs filan tayfanın suyuna varid oldu” deyirsə, suya daxil olmaq yox, suya çatmaq nəzərdə tutulur.[376]

Ayədə “sizlərdən” deyərkən, ötən ayədə haqqında danışılan şeytanın tərəfdarları nəzərdə tutulur. Nicat tapan müttəqilər küfr və şirkdən nicat tapanlardır. Yəni şeytanın bütün havadarları cəhənnəmə daxil olsa da, kafirlər və müşriklər orada qalar, şirk və küfrə batmamış günahkarlar isə nəhayət cəhənnəmdən qurtularlar.

Bildirişlər

1. Qiyamət və onun mərhələləri hesablanmış və dəqiqdir.

2. Allahın qəti və labüd sünnələri və proqramları var.

 

● Ayə 72:

﴿ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوا وَّنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا﴾

“Sonra təqva əhlini (cəhənnəmdən) xilas edərik zalımları diz çökmüş halda orada boşlayarıq.”

Nöqtələr

Nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur: “Bütün insanlar oda daxil olar, sonra əməllərinə uyğun oradan xaric edilər. Bəziləri şimşək, bəziləri külək, bəziləri at kimi, bəziləri qaçaraq, bəziləri isə adi yerişlə oddan xaric olar.”[377]

Bildirişlər

1. Cəhənnəm təqva əhli üçün keçid, zalımlar üçün məskəndir.

2. Cəhənnəmdən yeganə qurtuluş yolu təqvadır.

3. Təqvasız insan zalımdır.

4. Zalımlar təhqirə layiqdirlər.

 

● Ayə 73:

﴿وَإِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا﴾

“Nə vaxt aydın ayələrimiz onlara oxunsa, küfrə uğrayanlar iman gətirənlərə deyərlər: “Bizlərdən hansımızın yeri daha üstün, məclisi daha gözəldir?”

 

Nöqtələr

“Nədiyy” dedikdə hər hansı məclis və ya müşavirə məclisi nəzərdə tutulur. “Darun-nədvə” ifadəsi şura məclisi mənasını bildirir. “Ənkəbut” surəsinin 29-cu ayəsində “Siz öz məclisinizdə günah edirsiniz”, “Ələq” surəsinin 17-ci ayəsində “Öz müşavirlərini çağırdı” cümlələri bəyan olunur.

Kafirlər möminləri məsxərəyə qoyaraq və ya sual formasında deyirdilər: “Nəzir ibn Haris və Vəlid ibn Müğeyrə kimi sərvətlilər üstündür, yoxsa Bilal və Əmmar kimi yoxsullar?” Onlar bu sayaq təkəbbür göstərib özlərini müsəlmanlardan ayırır və iman gətirmirdilər.

Bəli, bəziləri çalışırlar ki, öz mənəvi nöqsanlarını maddi görüntülərlə ört-basdır etsinlər. Bəzi rəvayətlərdə deyilir: Kafir əyanlar gözəl və dəbdəbəli libaslar geyinir, Peyğəmbər (s) və onun tərəfdarlarının qarşısından ötərək onlara alçaldıcı nəzərlərlə baxırdılar.[378]

 

Xərabəti süzmə həqarətlə sən,

Sınıq kuzə gördün qaldır yerindən.

Bildirişlər

1. Möminlər düşmənlərin təbliğat və şübhələrinə cavab üçün hazır olmalıdırlar.

2. Düzgün əqidə və məntiqlə dünyəvi rifah arasında əlaqə yoxdur. Din düşmənləri deyirdilər: “Əgər bizim yolumuz batildirsə, nə üçün maddi durumumuz sizdən üstündür?”

3. Pul və var-dövlət haqlılıq və şəxsiyyət nişanəsi deyil.

4. Fəxr (öyünmək) və lovğalıq küfr üçün zəmin yaradır.

 

● Ayə 74:

﴿وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا﴾

“Biz onlardan öncə onlardan daha varlı daha gözəl görünən bir çox nəsilləri məhv etdik.”

 

Nöqtələr

“Əsas” sözü dünyəvi imkanlar və rifah mənasını bildirir. Xoş görünüşlü, baxmalı mənzərələrə “riya” deyilir. “Qərn” dedikdə eyni bir dövrdə yaşamış insanlar nəzərdə tutulur.

Bildirişlər

1. Zalım güclərin və kafirlərin süqut tarixi insan üçün elm və ibrət mənbələrindəndir. (Tarix ardıcıl düzümlü bir məcmuədir və qədim tarixdən gələcək üçün ibrət götürmək olar.)

2. Məhv edilmiş kafirlər və zalım güclər az olmamışdır.

3. Tarixi hadisələr Allah tərəfindən müəyyənləşdirilmiş qanunlar əsasında baş verir.

4. Maddi imkanlar və rifah nə xoşbəxtlik göstəricisidir, nə də Allahın qəzəbinin qarşısını ala bilir.

5. Rifah və maddi imkanlar qürur, qəflət, tüğyan və nəhayətdə həlak olma amilidir.

 

● Ayə 75:

﴿قُلْ مَن كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَنُ مَدًّا حَتَّى إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا﴾

“De ki, Rəhman Allah yolunu azan kəsə (Öz sünnəsi əsasında) vəd olunmuş, (dünyada) əzab ya qiyaməti eşidib-görənədək möhlət verib yardım göstərir. (Həmin gün) kimin yerinin daha pis kimin qoşununun daha aciz olduğunu biləcəklər.”

Nöqtələr

“Mədd” və “imdad” sözləri eyni bir mənanı bildirir. Amma Rağibin nəzərincə, adətən, imdad sözü bəyənilmiş və sevilən iş haqqında, “mədd” sözü isə bəyənilməmiş və ikrah doğuran iş haqqında işlədilir.

Allah-təala şərr yol seçənlərə möhlət verir. Möhlət verilməsində məqsəd budur ki, həmin şəxslər tövbə edə bilsinlər və ya onların nəslindən saleh övladlar ərsəyə gəlsinlər. Əlbəttə ki, bəzi azğınlar bu ilahi möhlətdən sui-istifadə edib daha çox günaha batır və öz əzablarını artırırlar.[379]

 

Haqqın lütfü sənə edəsi yardım,

Batarsan kənara atsan bir addım.

 

İmam Sadiq (ə) “iza rəəv ma yuədun” cümləsi haqqında buyurur: “Burada həzrət Mehdinin (ə) zühuru vəd olunur. “Şərrun məkanən”, yəni Mehdinin (ə) qiyam günü məlum olacaq ki, kimin mövqeyi xoşagəlməz və zəifdir.[380]

Bildirişlər

1. Allahın sünnəsində bütün insanların hərəkət və inkişafı üçün zəmin hazırlanması nəzərdə tutulur. Bununla belə, azğınlıq yolunu tutan insana bir müddət möhlət verilir. Həmin şəxs doğru yolu seçdikdə Allah ona yardımını artırır.

2. İnsana verilən möhlət və göstərilən yardım ilahi rəhmətdən qaynaqlanır.

3. Kafirlər dəfələrlə əzabla hədələnsələr də, nəticə çıxarmırdılar.

4. Yolunu azanların bəzisini Allah həm dünya, həm də axirətdə, bəzisini isə yalnız axirətdə cəzalandırır.

5. Ölüm anında məqam və mövqe, yaxınlar və çoxluq kara gəlmir.

6. Qiyamət həqiqətlərin zühuru, kəşf və şəhadət günüdür.

 

● Ayə 76:

﴿وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا﴾

“Allah hidayət olanların (doğru yolu tutanların) hidayətini artırar. Rəbbinin yanında davamlı yaxşılıqların savabı daha üstün xoş aqibətdir.”

 

Nöqtələr

“Mərədd” dedikdə aqibət və mənfəət mənaları anlaşılır. “Səvab” sözü əməlin əvəzi mənasını bildirir. Bu əvəz xeyir və şər ola bilər. Amma adətən xeyir mənasında işlədilir.[381]

<