A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


3. İnsan o qədər alçalır ki, haqq söz ona acı və təəccüblü gəlir.

4. Yaşca özündən kiçikdən haqq söz qəbul etməmək təkəbbür nişanəsidir.

5. Vahid şüurlu Allahı qəbul etməyən kəs bir neçə şüursuz məbudu qəbul edəsidir.

6. Haqqın bəyanı və batillə mübarizə məhrumiyyətlərlə sonuclanır.

 

● Ayə 47:

﴿قَالَ سَلَامٌ عَلَيْكَ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي إِنَّهُ كَانَ بِي حَفِيًّا﴾

“(İbrahim ondan ayrıldı,) dedi: «Salam olsun sənə, tezliklə Rəbbimdən sənin üçün bağışlanma diləyərəm. Çünki O mənə daim mehriban olmuşdur.»”

 

Nöqtələr

“Həfiyy” dedikdə bir başqasına xeyirxah və onu əziz tutan kəs nəzərdə tutulur. Bu söz bəzən alim mənasında da işlədilir.

Bu ayələrdə söhbətlər əsnasında mömin və kafirin ruhiyyəsi çox yaxşı müşahidə olunur:

a) İbrahim məhəbbətlə, onun əmisi qəzəblə danışır. İbrahim 4 dəfə “ey ata” deyə müraciət etdiyi halda, əmisi bir dəfə olsun “ey oğlum” deyə sözə başlamır.

b) İbrahim dəlillərlə danışır, əmisi Azər isə əsassız sözlər deyir.

v) İbrahim canıyananlıqla danışır, Azər ona hədələməklə cavab verir.

q) İbrahim salam verir, Azər ona uzaqlaşmaq göstərişi verir.

 

Əskik olma kölgə salan ağacdan,

Bəhrələnir budağına daş atan.

 

Həzrət İbrahim əmisinin doğru yola gələcəyinə ümid etdiyindən onun bağışlanmasını diləyirdi. Amma elə ki, əmisinin hidayətindən ümidini üzdü, ona arxa çevirdi.[313]

Bildirişlər

1. İlahi insanlar başqalarının hədə və təhqirləri qarşısında səbirli və qəlbi genişdirlər.

2. Başqalarının qəzəb alovunu gözəl və aram danışıqla söndürməyə çalışaq.

3. Peyğəmbər və övliyaların bağışlanma diləyinin xüsusi təsirləri var.

4. Üzrxahlığı qəbul etmək rübubiyyət şənindəndir.

5. Bağışlanma diləmək üçün müəyyən vaxtların üstünlüyü var. Yəni münasib vaxtlarda dua etməliyik.

6. Allahın rübubiyyətinə diqqət dua qaydalarındandır.

7. Müxaliflərin hədələri qarşısında Allahın lütflərini yada salaq.

 

 

 

 

 

 

 

 

● Ayə 48:

﴿وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَى أَلَّا أَكُونَ بِدُعَاء رَبِّي شَقِيًّا﴾

“Mən sizdən Allahdan başqa çağırdıqlarınızdan kənara çəkilib Rəbbimə dua edirəm. Ümid edirəm ki, Rəbbimi çağırdığım vaxt əliboş qalmayacağam.”

 

Nöqtələr

Azğın ailə içində yaşayan allahpərəst gənclər İbrahimin yolunu tutmalıdırlar. Onlar ədəblə dəvət etməli, məntiqi şəkildə canıyananlıq göstərməli, dua etməklə yanaşı qorxutmalı, bağışlanma diləməklə birlikdə salam verməli və ən sonda ayrılmalıdırlar.

Bildirişlər

1. Rabitələri qırmaq nəhy əz münkərin (pisliyə qadağanın) son mərhələlərindəndir. (İslah edə bilmədiyimiz günahkar mühitdən ən azı uzaqlaşaq.)

2. İlahi məktəblərin əsas prinsiplərindən biri kafirlərdən üz çevirməkdir.

3. Bəraət (azğınlıqdan zara gəlib üz çevirmək) vilayətdən (haqq hakimiyyətin qəbulundan) öndə gəlir. Öncə şirk və zalım hakimdən uzaqlaşmaq, sonra haqqa qatılmaq lazımdır.

Bəli, “Div çıxanda qapıdan, mələk olur nümayan.” Öncə “La ilahə” (“yoxdur məbud”) sonra “illəllah” (“Allahdan başqa”). Quranda əvvəlcə zalım qüvvənin inkarı, sonra Allaha iman bəyan olunur.[314]

4. Əgər dualarımızın İbrahim duası olmasını istəyiriksə, azğın insanlardan və azğınlıq mərkəzlərindən uzaq olmalıyıq.

5. Duada “Rəbb” sözü ilə müraciət etməyin mühüm rolu var.

6. Mömin qorxu ilə ümid arasındadır. Qorxu qalib gəldikdə insan ümidsizləşir, ümid qalib gəldikdə insan tənbəl olur. Bu səbəbdən də qorxu ilə ümid arası orta halı qorumaq lazımdır.

7. Duanın qəbulu ilahi bir fəzldir.

8. Peyğəmbərlər də öz gələcəkləri ilə bağlı Allaha ümid edirlər.[315]

 

● Ayə 49:

﴿فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ وَكُلًّا جَعَلْنَا نَبِيًّا﴾

“İbrahim müşriklərdən Allah əvəzinə pərəstiş olunanlardan uzaqlaşdığı vaxt Biz ona İshaq Yaqubu əta etdik. Onların hər birini peyğəmbər qərar verdik.”

 

● Ayə 50:

﴿وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا﴾

“Öz rəhmətimizdən onlara əta etdik, onlar üçün (xalq arasında) uca yaxşı ad müəyyənləşdirdik.”

 

Nöqtələr

İbrahimin siması

–İbrahim ulduz, ay və günəşdən üz döndərib Allaha yetişdi.[316]

– İbrahim yolunu azmış əmisini boşlayıb, özü xalq üçün ata oldu.[317]

–Əmisi ondan üz çevirdi, Allah isə ona lütf etdi.[318]

–O, Allaha görə kənara çəkildiyi vaxt şöhrət tapdı.[319]

–Bütxanadan qaçıb tövhid evi tikdi.[320]

–Canını Allah yolunda verdi və od onun üçün gülüstan oldu.[321]

–Allah əmrinə görə oğlunu qurbanlıq üçün hazırladı, salamatlıqla qurtardı. Bunun da əvəzində qurbanlıq sünnəsi vacib oldu.[322]

–Ömrünün axırlarınadək övladı olmadığı halda razı idi. Ömrünün sonunda nəslindən peyğəmbər qərar verildi.

–Ən xəlvət yerdə Kəbəni tikdi və bu ev yer üzünün ən cazibəli nöqtəsi oldu.

–Biyabanda tənha dayanıb fəryad çəkdi və bütün yer üzündən “ləbbeyk” səsi yetişdi.[323]

–Təşnə körpəsini biyabanda qoyub getdi, həmişəlik olaraq zəm-zəm çeşməsi qaynadı.

–Bütpərəst əmisinin hədələrinə salamla cavab verdi, Allah da ona salam göndərdi.[324]

–O bir nəfər idi, bu gün isə səmavi məktəblər özünü İbrahim məktəbi sayır.

–Hamı onu düşmən saydığı bir vaxt Allah onu Özünə dost seçdi.[325]

Bildirişlər

1. Həm günahkarlardan, həm də günahdan uzaq olaq. Günahkarlardan uzaqlaşmaq o zaman səmərəlidir ki, insan həm də günahdan uzaqlaşsın.

2. Saleh övlad valideynin haqq uğrunda mübarizələrinin mükafatıdır.

3. Allahdan qeyrilərini boşlasaq, ilahi yardımlar nazil olar.

4. Övladdan da mühümü onun mənəvi məqamıdır.

5. Nəvələr də ilahi lütflərdəndir. (Yaqub İbrahimin nəvəsi idi.)[326]

6. Peyğəmbərlik Allahın təyin etdiyi məqamdır.

7. Bir babanın ilahi hərəkəti onun nəslini ilahi mərhəmətdə qərq edir.

8. Kimin nəyi varsa Allahdandır.

9. Allahın rəhməti o qədər genişdir ki, peyğəmbərlərin əldə etdiyi onun kiçik bir hissəsidir.

10. Sevimlilik və yaxşı ad ilahi lütflərdəndir. (İbrahim elə bir məqama yüksəldi ki, bütün müşriklər, yəhudilər və məsihilər “İbrahim bizdəndir” dedilər.)

11. İlahi insanların duası qəbul olur. (İbrahim Allahdan yaxşı ad istədi və öz istəyinə çatdı.)

 

● Ayə 51:

﴿وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَى إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا﴾

“Bu kitabda Musanı yad et. Çünki o, xalis bir bəndə göndərilmiş peyğəmbər idi.”

 

Nöqtələr

“Müxlis” dedikdə yalnız Allahın razılığı üçün iş görən şəxs nəzərdə tutulur. Amma belə bir şəxsə şeytanın təsir göstərib onu şirkə çəkməsi mümkündür. Bir çoxları əzab və təhlükə zamanı müxlis olsa da, təhlükə sovuşduqdan sonra şirkə meyl edirlər. “Muxləs” dedikdə isə şeytanın nüfuz edə bilmədiyi seçilmiş insanlar nəzərdə tutulur.[327] “Təfsiri-kəşşaf”da bildirilir ki, “müxlis” Allah üçün çalışan, “müxləs” isə Allahın Özü üçün xalis edib seçdiyi kəsdir. Belələrinə Allahdan başqa kimsə təsir edə bilmir.

Musanın seçilməsi gerçəkliyi ilə başqa ayələrdə də rastlaşırıq: “Mən səni seçdim.”[328]; “Mən səni özüm üçün seçdim.”[329]

Həzrət Musa həm rəsul, həm də nəbi idi. “Nəbiyy” dedikdə mələyin səsini eşidib, özünü görməyən kəs nəzərdə tutulur. “Rəsul” isə səs eşitməklə yanaşı mələyi müşahidə edir.[330]

Bildirişlər

1. Böyük şəxsiyyətləri xatırlamağın tərbiyəvi və nümunəvi təsirləri var.

Peyğəmbərlərin tarixi, onların apardıqları mübarizə yolu, ilahi sünnələr və qeybi yardımlarla tanışlıq təcrübə və ibrət üçün zəmindir, eləcə də təsəlli amilidir. (Xüsusi ilə də həzrət Musanın yüzlərlə ayəni əhatə etmiş macəralı tarixi.)

2. Mənəvi dəyərlər xatirə meyarıdır.

3. Xalislik (ixlas) mənəvi məqamlara çatmaq zəminidir.

4. Peyğəmbərlər məsumdur və şeytan onlara nüfuz edə bilmir.

5. Allah risalətin tamamlanması, peyğəmbərlik missiyasının başa çatdırılması üçün bir qrup insanı xalis (müxləs) etmişdir.[331]

 

● Ayə 52:

﴿وَنَادَيْنَاهُ مِن جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا﴾

“Turun sağ tərəfindən ona nida etdik (özümüzə yaxın məqama) gizli danışığa yaxınlaşdırdıq.”

 

Bildirişlər

1.”Əymən” sözü ya “yomn” sözündən olub mübarək mənasını bildirir, ya da “yəmin” sözündən olub sağ tərəf mənasını ifadə edir.

Ayənin əvvəlində nida, sonunda münacatdan danışılması Allahın mehribanlıq göstərməsi nişanəsidir. Elə bil ki, mehriban ağa öz qulunu səsləyib deyir: gəl yanımda otur, xüsusi bir söhbət edək.[332]

Quranda Musanın Allahla danışıq və rabitəsi həm “təkəllüm”, həm “nida”, həm də “nəcva” sözləri ilə bəyan olunur.[333]

Ayədə yaxınlıq deyilərkən məkan yaxınlığı yox, məqam yaxınlığı nəzərdə tutulur.

Tur dağı Misirlə Mədyən arasında yerləşir.[334]

Bildirişlər

1. Allah-təala peyğəmbərləri lütf və mehribanlıqla addım-addım özünə yaxınlaşdırır.

2. Bəzi məkanlarda müqəddəslik var.

3. Yaxınlıq və xəlvət danışıq zamanı ən üstün məqamlardandır. (Həzrət Əli (ə) buyurur: “Behişt əhli oranın nemətlərindən bəhrələndiyi vaxt Allaha yaxın məqamda olanlar (“əhlullah”) Onunla raz-niyaza məşğul olarlar.”)

4. Allah bəzi məsələləri peyğəmbərlərlə xəlvəti, məhrəmanə danışar.

 

● Ayə 53:

﴿وَوَهَبْنَا لَهُ مِن رَّحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا﴾

“Öz mərhəmətimizdən qardaşı Harun peyğəmbəri ona bəxş etdik.”

 

Bildirişlər

1. Peyğəmbərlərin duası qəbuldur. Musa Allahdan dilədi ki, qardaşı Harunu ona vəzir qərar versin.[335] Allah onun bu istəyi ilə razılaşdı.

2. Yaxşı həmkar ilahi lütflərdən biridir.

3 Eyni bir dövrdə bir neçə peyğəmbər ola bilər.

4. Peyğəmbərlik məqamı bir peyğəmbərin o birinə tabeçiliyinə mane olmur.

 

● Ayə 54:

﴿وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا﴾

“Bu kitabda İsmaili yad et. O daim öz vədinə sadiq göndərilmiş peyğəmbər idi.”

 

● Ayə 55:

﴿وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِندَ رَبِّهِ مَرْضِيًّا﴾

“Daim öz əhlini namaz zəkata çağırardı Rəbbinin razılığını qazanmışdı.”

 

Nöqtələr

Ayədə xatırlanan İsmail ya həzrət İbrahimin övladı İsmaildir, ya da Bəni-İsrail peyğəmbərlərindən olan İsmail ibn Hezqildir.

Bütün peyğəmbərlər sədaqətli olmuşlar. Amma bu xüsusiyyət İsmaildə özünü daha çox göstərmişdir. Nəql olunur ki, bir gün İslam Peyğəmbəri (s) bir şəxslə Kəbə kənarında görüş təyin edir. Amma həmin şəxs verdiyi vədi unudur. Həzrət vəd yerində üç gün gözləyir. Nəhayət, həmin şəxsə xəbər çatır və gəlib üzrxahlıq edir.[336] Peyğəmbər (s) başqa bir şəxslə günorta vaxtı görüşməyi qərarlaşdırdı. Həmin şəxs gəlmədiyi üçün həzrət qürub vaxtınadək görüş yerində dayandı.

Vədə vəfa qılmaq ilahi bir sifətdir.[337] Vədə xilaflıq isə nifaq nişanəsidir. Bir hədisdə oxuyuruq: “Münafiqin üç əlaməti var: Əmanətə xəyanət, yalan danışıq, vədə xilaflıq.[338]

Allahın razılıq məqamı (rizvan) peyğəmbərlərin ən böyük istəyidir.[339] Hədisdə oxuyuruq: “Behişt əhli behiştdə yerləşdikdən sonra onlara xitab olunar ki, başqa istəkləri varmı? Onlar deyər: “Pərvərdigara! Məqsədimiz Sənin razılığındır.”[340]

Bildirişlər

1. İlahi insanlar haqqında xoş sözlər demək lazımdır.

2. İlahi şəxsiyyətlərin xatirəsi səthi və ötəri yox, dərin və davamlı olmalıdır.

3. İnsan davamlı mənəvi kamilliklərinə görə yada salınmalıdır.

4. Əhdə vəfa dəyərli insani sifətlərdəndir.

5. Peyğəmbərlərin ictimai məsuliyyətdən əlavə, ailə məsuliyyətləri də var.

6. Namaz və zəkata çağırış ailədə atanın vəzifələrindəndir. (Ailələrdə namaza çağırışla az-çox rastlaşsaq da, zəkat tövsiyə olunmur.)

7. Namaz və zəkata çağırış əmr be məruf (yaxşılığa əmr) nümunələrindəndir.

8. Namaz və zəkatın yetərincə uzun keçmişi var.

9. Namaz (Xaliqlə rabitə) və zəkat (məxluqla rabitə) bir-birindən ayrı deyil. (Kamillik üçün yalnız bədən ibadəti bəs etmir.)

10. Əmr be mərufa, namaza çağırışa yaxınlardan başlamaq lazımdır.

11. Namaza davamlı şəkildə dəvət etmək lazımdır.

 

● Ayə 56:

﴿وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا﴾

“Bu kitabda İdrisi yad et. Həqiqətən, o çox doğruçu bir peyğəmbər idi.”

 

● Ayə 57:

﴿وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا﴾

“Biz onu uca bir məqama çatdırdıq.”

 

Nöqtələr

“Məkanən əliyya” dedikdə ya uca mənəvi məqam, ya səmaya yüksəliş nəzərdə tutulur. Çünki Allah 4 peyğəmbəri–İdrisi, İsanı, Xızrı və İlyası səmaya qaldırmışdır.[341]

Sözü və əməli bir olan şəxsə “Siddiq” deyilir.

İdrisin siması

–Həzrət İdris həzrət Nuhun babalarındandır. Dərslə daha çox məşğul olduğu və ya ilk dəfə qələmdən istifadə etdiyi üçün “İdris” adı ilə tanınmışdır.[342]

–Quranda adı iki dəfə zikr olunmuş bu şəxs “siddiq”, “sabir”, “nəbiyy” səciyyələri ilə vəsf olunmuşdur.

–Hədisdə oxuyuruq: İdrisin evi Nəcəf ətrafında - Səhlə məscidində olmuşdur.[343]

–Astronomiya və riyaziyyat elmlərinə ilkin yiyələnən İdris olmuşdur.[344]

–Dərziliyi ilkin təlim edən şəxs İdrisdir.[345]

–İdris 365 il yaşamışdır. Sonra səmaya qaldırılmış və hazırda da sağdır. O, həzrət Mehdinin (ə) zühuru dövründə qayıdasıdır.[346]

Bildirişlər

1. Böyük insanların yada salınması və onlar haqqında xoş söz deyilməsi başqalarının inkişaf və hidayət vasitəsidir.

2. İlahi insanlar davamlı şəkildə xatırlanmalıdır.

3. Fərdlərin yada salınma meyarı onların mənəvi səciyyələri olmalıdır.

4. Sədaqət təbliğin təsirlilik şərtidir. “Siddiq” sözünün “nəbiyy” sözündən öncə gəlməsi sədaqətin nübuvvət üçün zəmin olduğunu göstərir.

 

Ayə 58:

﴿أُوْلَئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ مِن ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا إِذَا تُتْلَى عَلَيْهِمْ آيَاتُ الرَّحْمَن خَرُّوا سُجَّدًا وَبُكِيًّا﴾

“Onlar Allah tərəfindən (xüsusi) nemət əta olunmuş peyğəmbərlər idilər. Onlar Adəm nəslindən, Nuhla (gəmiyə) süvar etdiklərimizdən, İbrahim İsrail nəslindən, hidayət etdiklərimizdən seçdiklərimizdən olan peyğəmbərlər idi. Onlara Rəhman Allahın ayələri oxunan zaman səcdə qılar, ağlar halda üzü üstə torpağa düşərdilər.”

 

Nöqtələr

Ötən ayələrdə 10 peyğəmbərin adı çəkildi. Zəkəriyya, Yəhya, İsa, İbrahim, İshaq, Yaqub, Musa, Harun, İsmail və İdris. Bu ayədə isə həmin şəxslərə nemət verildiyi bəyan olunur. Biz hər gün namazda on dəfə Allahdan diləyirik ki, bizi azğınların yox, məhz bu insanların yoluna yönəltsin.

Adəm nəsli dedikdə İdris nəzərdə tutulur. Nuhun gəmisinə süvar olanların nəsli dedikdə Nuhun nəvəsi həzrət İbrahim başa düşülür. İbrahim nəsli ifadəsi İshaq, İsmail və Yaquba aiddir. Musa, Harun, Zəkəriyya, Yəhya və İsa isə İsrail nəsli kimi yada salınmışdır.[347]

Hədisdə oxuyuruq: “Quran tilavət edərkən ya qəmlənib ağlayın, ya da özünüzü həmin hala gətirin.[348]

Göz yaşı axıdaraq uzun səcdələr qılan ilahi insanlar zümrəsinə ən yaxşı nümunə İslam Peyğəmbəri (s) və onun məsum Əhli-beytidir. Ramazan ayı, Ərəfə və digər münacatlarda Peyğəmbər (s) və onun məsum Əhli-beytinin göz yaşları ilə müşayiət olunan uzun səcdələri haqqında yetərli məlumatlar var.

Bildirişlər

1. Bütün peyğəmbərlərin məqsədi birdir. (Allah Öz peyğəmbərlərini ardıcıl şəkildə eyni səciyyələrlə vəsf edir.)

2. Həqiqi nemət verən (“Munim”) Allahdır.

3. İrsiyyət qanununa əsasən, nəslin tərbiyəsinə valideyn və babaların təsiri var.

4. Bütün peyğəmbərlər Adəm nəslindən olsalar da, Nuhun, İbrahimin və İsrailin (Yaqubun) adı xüsusi ehtiramla çəkilir.

5. Səcdə halında ağlamaq o qədər dəyərlidir ki, Allah bu zümrəni xüsusi yada salır.

6. Allah dərgahına üz tutub ağlamaq və yalvarmaq təkamül, mərifət, tövfiq və seçilmə nişanəsidir.

 

● Ayə 59:

﴿فَخَلَفَ مِن بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا﴾

“Onların ardınca namazı zaya çıxaran, nəfs istəkləri ardınca gedən pis ləyaqətsiz canişinlər gəldi. Onlar tezliklə azğınlıqlarının cəzasını görəcəklər.”

 

● Ayə 60:

﴿إِلَّا مَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُوْلَئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا﴾

“Yalnız tövbə edib iman gətirən, saleh işlər görən kəslər istisnadır. Onlar behiştə daxil olar heç bir sitəmə məruz qalmazlar (mükafatları əskildilməz).”

 

Nöqtələr

Saleh övlad “xələf”, qeyri-saleh övlad isə “xəlf” adlanır. “Qəyy” sözü “inkişaf” sözünün antonimi kimi işlənmişdir.[349]

Namaz qılmamaq namazı zaya çıxarmaqdan fərqli bir işdir. Namazı zaya çıxarmaq dedikdə, namaz qılan şəxsin namazın şərtlərinə əməl etməməsi, onu təxirə salması və yüngül tutması başa düşülür.[350]

Rəvayətdə oxuyuruq: İslam Peyğəmbəri (s) bu ayəni tilavət edən vaxt pərişan oldu və buyurdu: “Altmış ildən sonra bir qrup şəxs namazı zaya çıxaracaq.”[351]

Əgər bu söz hicrətin ilkin illərində deyilmiş olsa, altmış il sonra dedikdə İmam Hüseynin (ə) şəhadətə çatdığı və Yezidin hakimiyyət kürsüsünə qalxdığı dövr nəzərdə tutulur.

Quranda tövbə

–Adətən Qurani-kərim əzab ayələrinin bəyanından sonra tövbə edənləri istisna edir. Məlum olur ki, islah yolu heç vaxt kimsə üçün bağlı deyil.

–Tövbə etmək vacibdir. Çünki bu, Allahın əmridir.[352]

–Həqiqi tövbə hökmən qəbuldur. İnanmaq olmur ki, Allah Onun əmri əsasında qılınan tövbəni qəbul etməsin.[353]

–Allah həm tövbələri qəbul edir, həm də çox tövbə edənləri dost tutur.[354]

–Tövbə saleh əməl və xətaların aradan qaldırılması ilə müşayiət olunmalıdır.[355]

–Tövbə qurtuluş rəmzidir.[356]

–Tövbə günahın savaba çevrilmə vasitəsidir.[357]

–Tövbə yağış yağmasına səbəb olur.[358]

–Tövbə gözəl ruziyə səbəb olur.[359]

–Ölüm və əzabla qarşı-qarşıya dayanan zaman tövbə qəbul deyil.[360]

–Allah tövbələri qəbul etməkdən əlavə, xüsusi lütf göstərir.[361] Uyğun mövzu ilə əlaqədar ayələrdə tövbə ilə yanaşı, ilahi mərhəmət və məhəbbət məsələlərinə də işarə olunur.

–Quran tövbənin tərk olunmasını zülm və bə