A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


 

Nöqtələr

“Səriyya” dedikdə kiçik arx mənası anlaşılır. Yetişmiş, dərilmə vaxtı çatan meyvə isə “cəniyya” adlanır.

Bəziləri bildirirlər ki, nida edən Cəbrail olmuşdur. Amma ayələrdəki ardıcıllıqdan belə görünür ki, nida edən İsadır. İsanın sözünü eşidən Məryəm arxayınlıqla xalqa deyə bilərdi ki, mənim paklığımı beşikdəki körpədən soruşun.

Qadınlar doğuş zamanı və doğuşdan sonra aramlığa, münasib su və qidaya ehtiyac duyurlar. Ayədə bütün bunlara işarə olunmuşdur.

Quranda və rəvayətlərdə yenicə doğmuş qadına təzə xurma yemək tövsiyə olunur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Yeni doğmuş qadının ilkin qidası xurma olsun.”[299] Həzrət Əli (ə) buyurur: “Hamilə qadın üçün ən yaxşı qida təzə xurmadır. Onun üçün xurmadan yaxşı qida yoxdur.”[300]

Amma siz imtahana bir baxın! Məryəm sağlam olan gün ona səma süfrəsi nazil olur. Hamilə olub kimsəsiz qaldığı vaxt isə qida əldə etmək üçün xurma ağacını silkələməlidir.

Bildirişlər

1. İnsan iztirab keçirdiyi vaxt qeybi ilhamlar ona yol açır.

2. Pak qadın üçün iffətsizlik böhtanının qəmi həddində qəm yoxdur.

3. Hamilə qadın üçün həyəcan və iztirab zərərlidir.

4. İnsan ən çətin şəraitdə də ruzi əldə etmək üçün çalışmalıdır.

5. Aramlıq yeməkdən önəmlidir. İztirab keçirən insan ən üstün qidalara da meyl göstərmir.

 

● Ayə 26:

﴿فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا﴾

“(Xurmadan) ye, (arxın suyundan) iç (İsa kimi övlada görə) gözün aydın olsun. Bir adam görsən (körpə haqında soruşsa, ona işarə ilə) de ki, mən Rəhman Allah üçün sükut orucu nəzir etmişəm, buna görə bu gün kimsə ilə danışmayacağam.”

 

Nöqtələr

Həzrət Məryəmin sükut orucunun səbəbi ya qarşı tərəfin cavab üçün tutumsuzluğu, ya onlarla danışığın mənfi təsirə malik olması, ya da veriləcək cavabdan sonra onların gətirəcəyi müxtəlif bəhanələr idi.

İmam Sadiq (ə) buyurur: “Oruc təkcə yemək və içməkdən çəkinmək deyil.” Sonra imam bu ayəni tilavət etdi.”[301]

Bu ayə həzrət İsanın ötən ayədə anası ilə söhbətinin davamı da ola bilər.

Bildirişlər

1. Övlad gözün nuru, insanın ilahi lütfə ümidvarlığı üçün amildir.

2. Ən yaxşı qida aramlıq və şadlıqla yanaşı olan qidadır.

3. Nəzirin yetərincə uzun keçmişi var. Bəzi çətinliklərdən çıxmaq üçün insan nəzirdən faydalana bilər.

4. Nəzirdə qürbət (Allaha yaxınlıq) məqsədi olmalıdır. Və Allahın adı çəkilməlidir.

5. Allaha yaxınlıq məqsədinin çətinliklərdən qurtuluş məqsədi ilə ziddiyyəti yoxdur.

6. İnsan öhdəsinə götürdüyü nəziri yerinə yetirməyə borcludur.

7. Bəzən insanların sözü qarşısında susmaq lazım gəlir.

 

● Ayə 27:

﴿فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا﴾

“Məryəm körpəsini ağuşuna götürüb onu yaxınlarının yanına gətirdi. Dedilər: “Ey Məryəm! Həqiqətən, çox pis bir görmüsən.”

 

● Ayə 28:

﴿يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا﴾

“Ey Harunun bacısı! Atan pis kişi, anan zinakar deyildi.”

 

Nöqtələr

“Fəriyya” sözü çirkin iş, böyük xəta mənasını bildirir.

Bəziləri Harunu Məryəmin doğma qardaşı saysalar da, İslam Peyğəmbəri (s) buyurur: “Məryəm Musanın, Harunun qohumlarından idi.”[302]

Bildirişlər

1. Bir dəstənin narahat olub böhtan atmasına baxmayaraq, həqiqəti aşkarlayaq.

2. Xalq tələsərək həqiqət yox, zahiri görüntülər əsasında mühakimə yürüdür. (Onlar Məryəmin ağuşunda görpəni görən kimi onun haqqında pis düşündülər.)

3. Ata-babaların və ailənin yaxşılıq və fəzilətinə diqqəti yönəltmək tərbiyə üsullarından biridir.

4. Saleh valideyn və ailədən yalnız saleh övlad gözlənilir. (Ata-ananın və ailənin saleh olması övladın rəftar və əməllərinə təsir edir.)

5. Şərafətli ailədən olan bir şəxsin pis iş görməsi daha çox məzəmmət olunur.

 

● Ayə 29:

﴿فَأَشَارَتْ إِلَيْهِ قَالُوا كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِي الْمَهْدِ صَبِيًّا﴾

“Məryəm ona (İsaya) doğru işarə etdi. Dedilər: «Beşikdə olan körpə ilə necə danışaq?»”

 

● Ayə 30:

﴿قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا﴾

“(İsa dilə gəlib) dedi: «Mənəm Allahın bəndəsi, O mənə kitab əta edib məni peyğəmbər qərar verib.»”

 

Nöqtələr

Həzrət Məryəm sükut orucu tutduğu üçün öz nəzirinə vəfalı qalıb bir söz demədən işarə etdi.

İsanın ilk sözü Allaha bəndəliyi haqqında olsa da, ardıcılları çaşqınlığa düçar olub onu Allah və Allah övladı kimi tanıdılar.

İmam Baqirdən (ə) soruşuldu ki, həzrət İsa beşikdə də Allahın höccəti idimi? Həzrət buyurdu: ”İsa nəbi idi, amma mürsəl deyildi. Yeddi yaşına çatdığı vaxt ona risalət məqamı əta olundu.”[303]

İsa qısa bir cümlə ilə həm anasına atılan böhtanı aradan götürdü, həm öz gələcəyi haqqında danışdı, həm də xalqın gələcək vəzifəsinə işarə etdi.

Bildirişlər

1. Allah istəyəndə uşaq beşikdə dilə gəlib şayiələri, fitnələri aradan qaldırır.

2. Özümüzü tanıtdırarkən hər şeydən öncə Allaha bəndə olduğumuzu bildirək. Bu ən böyük iftixardır.

3. Bütün ilahi feyzlərin qaynağı Allaha bəndəlikdir.

4. Peyğəmbərlikdə (və imamətdə) hansısa yaş şərt qoyulmayıb.

 

● Ayə 31:

﴿وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا﴾

“Harada olsam, Allah məni bərəkət səbəbi etmiş, həyatım boyu mənə namaz zəkatı tapşırmışdır.”

 

● Ayə 32:

﴿وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا﴾

“Məni anama qarşı xeyirxah qərar vermiş, (xalqa qarşı) sitəmkar qəddar etməmişdir.”

 

Nöqtələr

Çoxlu mənfəəti və başqalarına təlim-tərbiyə təsiri olan sabit şey bərəkətlidir. Həzrət İsanın bərəkətli ömrü var və İmam Mehdinin (ə) zühurundan sonrayadək sağdır. Onun ardıcılları da çoxdur və bu ardıcıllar həzrəti öldürmək fikrində olan kafirlərə qalibdirlər.[304]

Xeyir və bərəkətlər daxili niyyətlər, məqsədlər, hallar və xislətlərdir. Bu səbəbdən də bəzi insanlar harada olsalar bərəkətlidirlər.[305] Bəziləri isə ruhi problemlərinə və mənəviyyatdan uzaqlıqlarına görə istənilən bir yerdə öz xoşagəlməz xüsusiyyətlərindən əziyyət çəkir və başqalarına fayda vermirlər.

Həzrət İsa “validəti” (“ana”) sözü ilə anasının paklığına və atasının olmamasına işarə etdi.

Bildirişlər

1. Öz imtiyaz və üstünlüklərimizi Allahdan bilək.

2. İnsan lovğalıq, iftixar məqsədi olmasa öz müsbət keyfiyyətlərini qeyd edə bilər.

3. Peyğəmbərlər xeyir-bərəkət və bədii əsərlər üçün qaynaqdırlar.

4. Mənəvi dəyərlər zaman və məkana sığmır.

5. Namaz və zəkat səmavi dinlərin müştərək əmrlərindəndir. (Ola bilsin ki, namazın bərpası və zəkat ödənməsi mübarəklik şərtidir.)

6. Allahla rabitə (namazın bərpası) məhrumlarla rabitədən (zəkat ödənməsindən) ayrı deyil.

7. Namaz və zəkat üçün ömür boyu tətil yoxdur.

8. Anaya yaxşılıq peyğəmbər əxlaqındandır.

9. Anasına qarşı rəhmsiz olan, xalqa qarşı da rəhmsiz olacaq.

10. Peyğəmbərlər istibdad və xalqa hakimlik sorağında deyillər.

 

● Ayə 33:

﴿وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا﴾

“Salam olsun mənə doğulduğum, öləcəyim diriləcəyim gün.”

 

Bildirişlər

1. Peyğəmbər yolu təvəllüddən məadadək istənilən növ çaşqınlıqdan uzaq yeganə yoldur.

2. Bəzi hallarda insan özü haqqında xoş söz deyə bilər.

3. Təvəllüd, vəfat və qiyamətdə dirçəliş günü insan üçün ən mühüm günlərdir. İmam Rza (ə) buyurur: “İnsan üçün ən qorxulu gün üç gündür: Təvəllüd günü, ölüm günü və qiyamət günü.”[306]

4. Ölüm və qiyamət hamı üçündür. (İsa bu günədək səmalarda diri qalsa da, o da bir gün öləsidir.)

5. Doğulan, ölən və qiyamətdə ayağa qaldırılan bir kəs hansı əsasla Allaha şərik sayıla bilər?!

 

● Ayə 34:

﴿ذَلِكَ عِيسَى ابْنُ مَرْيَمَ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ﴾

“Budur İsa Məryəm oğlu–haqqında şəkkə düşdükləri doğru söz.”

 

● Ayə 35:

﴿مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍ سُبْحَانَهُ إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ﴾

“Allahın özünə övlad götürməsi Ona layiq deyil. O, pak-pakizədir. Bir görmək istədikdə elə ki, «ol» deyər, dərhal olar.”

 

Nöqtələr

Ötən bir neçə ayədə İsa yeddi üstün sifət və iki proqramla tanıtdırıldı. Həmin sifətləri nəzərdən keçirək: Allaha bəndə olması, səmavi kitab gətirməsi, peyğəmbərliyi, mübarəkliyi, anaya yaxşılığı, qəddar olmaması, təvazökarlığı (haqşünaslığı və səadət əhli olması).

Həzrət İsanın iki proqramından biri namaz, digəri zəkat idi. Ayədə buyuruldu ki, İsa haqqındakı doğru söz hazırda deyilənlərdir.

Allah-təala Quranda məsihilərin öz yollarını azdığını və Həzrət İsa haqqında düzgün düşünmədiklərini dəfələrlə bəyan etmişdir. “Maidə” surəsinin 73-cü, “Tövbə” surəsinin 30-cu ayələrində uyğun nöqtələr tənqid olunur. Hazırda isə həzrət İsanın həqiqi siması bəyan edilir, doğru yol göstərilir.

Allahın istəyinin gerçəkləşməsi üçün heç “ol” sözünə də ehtiyac yoxdur. Amma Allah bizə anlatmaq üçün bu şəkildə bəyan edir.

Allah mütləq qüdrət sahibidir və yaradarkən heç bir vasitəyə ehtiyac duymur. Onun sonsuz qüdrəti aciz olmamasının və övlad götürməməsinin dəlilidir.

Quran və Məsih

Məkkə kafirlərinin İslam peyğəmbərinə qarşı ciddi təzyiqlərindən sonra bir qrup müsəlman Cəfər ibn Əbi-Taliblə birlikdə Həbəşəyə hicrət etdi. Qüreyş katibləri dedilər: “Əgər müsəlmanlar orada mövqelərini möhkəmləndirsələr və hökumət qursalar, bizim bütpərəstliyi məhv edəcəklər.” Onlar Əmr Asla birlikdə bir dəstəni Nəcaşinin vəzirləri üçün qiymətli hədiyyələrlə Həbəşəyə göndərdilər. Onlar hədiyyələr vasitəsi ilə Nəcaşini mühacir müsəlmanlara qarşı qaldırmaq istəyirdilər. Onları dinləyən Nəcaşi qərara gəldi ki, özü şəxsən müsəlmanları hüzuruna gətirib onların sözünü dinləsin.

Həbəşə padşahının hüzurunda Cəfər müsəlmanların adından çıxış etdi. O, bütpərəstlik bəlasından, xurafatdan, cahiliyyət təcavüzkarlığından, İslamın gəlişindən, Məhəmməd (s) dininin nurundan elə danışdı ki, Nəcaşi ağladı. O, kafirlərin hədiyyələrini qaytarıb dedi: “Mənə qüdrət verən Allah məndən rüşvət almadı. Nə üçün mən sizdən rüşvət almalıyam?!”

Bu məclis müsəlmanların xeyrinə, kafirlərin zərərinə başa çatdı. Əmr As bu məğlubiyyətdən sonra çox götür-qoy edib, səhəri gün yeni bir təklif verdi. O, Nəcaşinin dini hislərini qızışdırmaq üçün dedi: “Müsəlmanların əqidəsi sizin əqidənizə ziddir.”

Nəcaşi növbəti dəfə müsəlmanları hüzuruna gətirib, onların həzrət Məsih haqqındakı əqidələrini soruşdu. Cəfəri-Təyyar onun cavabında Qurani-kərimin “Məryəm” surəsinin ayələrini tilavət etdi. Quranın nurani ayələrini eşidən Nəcaşi göz yaşı axıdıb dedi: “Deyilənlər həqiqətdir.”

Əmr As növbəti rüsvayçılıqdan sonra yeni bir təklif vermək istədikdə Nəcaşi ona möhkəm bir sillə vurdu.[307]

Bildirişlər

1. Azğınlar və çaşqın əqidələr qarşısında doğru yolu göstərmək lazımdır.

2. Övlad sahibi olmaq Allahın şəninə uyğun deyil. (Çünki övlad istəyini doğuran ya ömrümüzün məhdudluğu, ya insan qüvvəsinə ehtiyacımız, ya da ruhumuzun tələbidir. Allah isə bütün bu sifətlərdən pak-pakizədir.

3. Allahın heç bir övladı yoxdur. (Bəzilərinin düşündüyü kimi mələklər Allahın qızı, İsa Allahın oğlu deyil.)

4. Övlad atanın növündən olmalıdır. Allahınsa uşağı yoxdur.

5. Başqalarının xoşagəlməz sözlərini nəql etdikdə dərhal zehnimizi təmizləyək.

6. Təkcə İsa atasız və ya Adəm ata-anasız yaranmayıb, hər bir şey Allahın iradəsi ilə vücuda gəlir.

7. Allahın istəyi ilə bir şeyin gerçəkləşməsi arasında vaxt ötmür.

8. Mövcudların Allahla rabitəsi ata-övlad rabitəsi yox, xaliq-məxluq rabitəsidir.

 

● Ayə 36:

﴿وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَذَا صِرَاطٌ مُّسْتَقِيمٌ﴾

“Həqiqətən, Allah mənim sizin Rəbbinizdir. Beləsə, Ona pərəstiş edin, doğru yol budur.”

 

Nöqtələr

Həzrət İsa özünü belə tanıtdırır: ”Mən Allahın bəndəsiyəm.” Ona ilkin olaraq namaz və ibadət haqqında göstəriş gəldi. Onun ilkin olaraq elan etdiyi proqram da Allaha pərəstiş və ibadət idi.

Həzrət Məsihin tövhid məsələsində israrı və tövhidi doğru yol sayması onu Allahın oğlu sayanlara, üç üqnumçulara yetərli cavabdır. (Uyğun nöqtəyə “Ali-İmran” surəsinin 51-ci, “Zuxruf” surəsinin 64-cü ayələrində də toxunulmuşdur.)

Bildirişlər

1. İbadət yalnız bizim Rəbbimizə layiqdir.

2. İsanı Allahın övladı saymaq dinin təhrifi və küfr mayasıdır.

3. Bir Allaha pərəstiş və Ona bəndəlik yeganə doğru yoldur. Bütün qalan yollar azğınlığa aparır. (Quranda Allah, peyğəmbər, ibadət, Allaha bağlılıq yolu doğru yol kimi tanıtdırılır.)

 

● Ayə 37:

﴿فَاخْتَلَفَ الْأَحْزَابُ مِن بَيْنِهِمْ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ﴾

“Öz aralarındakı dəstələr ixtilafa düşdülər. Vay olsun, böyük gündə (Qiyamət günündə) hüzuru inkar edənlərə.”

 

● Ayə 38:

﴿أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا لَكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُّبِينٍ﴾

“Bizim hüzurumuza gəldikləri gün necə yaxşı eşidir görürlər. Amma zalımlar bu gün açıq-aşkar azğınlıqdadır.”

 

Nöqtələr

Xüsusi mövqe, məqsəd və birliyə malik olan dəstə “hizb” adlanır.

“Məşhəd” dedikdə ya xalqın hüzur məhəlli, ya da şəhadət verilən yer nəzərdə tutulur. Qiyamət günü həm insanlar bir yerə toplanar, həm də mələklər və peyğəmbərlər insanların əməllərinə şəhadət verər.

Bəzi insanlar İsanı Allah sayırdı. “Yəqubiyyə” kimi bəzi firqələr onu Allahın oğlu kimi qəbul edirdi. “Nəsturiyyə” kimi, “İsrailiyyə” kimi firqələr üç üqnuma inanırdı. Amma bütün bu firqələr qiyamət günü öz əqidələrinin ziddinə şəhadət verəcəklər.[308]

Bildirişlər

1. Həzrət İsa doğru yolu göstərsə də, ətrafdakılardan bir qrupu ixtilaf törədirdi.

2. Dəstəbazlıq, bilərəkdən ixtilaf yaratmaq tarix boyu müşahidə olunan bir gerçəkdir.

3. Kafirlər zalımdırlar. (Onlar özlərinə, əqidə məktəbinə və cəmiyyətə zülm edirlər.)

 

● Ayə 39:

﴿وَأَنذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ﴾

“Onları peşmançılıq günü ilə qorxut. Elə bir vaxt ki, onlar qəflətdə olduğu iman gətirmədiyi halda-işdən sovuşar.”

 

● Ayə 40:

﴿إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ﴾

“Yer onun əhlinin yeganə varisi Bizik (hamı) Bizə doğru qaytarılar.”

 

Nöqtələr

Bütün bədbəxtçiliklər qəflətdən doğur: Allahdan, məaddan, günahın nəticələrindən, fitnələrdən, məhrumlardan, tarix və onun sünnələrindən, gənclik və istedadlardan, inkişaf zəminlərindən qəflət.

Bu ayənin oxşarı Quranın başqa yerlərində də gözə dəyir: “Hər şey fəna olar, yalnız cəlal və kərəm sahibi Allahın zatı əbədidir.”[309]; “Göylərin və yerin varisi yalnız Allahdır.”[310]

Qiyamət gününün bir adı da “həsrət günüdür.” Həmin gün insan əldən buraxdığı fürsətlərə, tələf olmuş sərmayələrə görə təəssüf edər.

Bildirişlər

1. Peyğəmbərlərin vəzifələrindən biri də xəbərdarlıqdır.

2. Dünyada bacardığınız qədər çalışın. Qiyamətdə iş-işdən keçmişdir.

3. Qəflət küfr üçün zəmindir.

4. Qəflət və imansızlıq halında ölüm peşmançılıq səbəbidir.

5. İnsanın mal-mülkü onda qəflət doğurur, qəflət isə küfrə səbəb olur.

 

● Ayə 41:

﴿وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ إِنَّهُ كَانَ صِدِّيقًا نَّبِيًّا﴾

“Bu kitabda İbrahimi yad et. Həqiqətən, o, doğruçu bir peyğəmbər idi.”

 

Nöqtələr

“Siddiq” dedikdə həm haqqı çox təsdiq edən, həm də bütün danışıq və rəftarı sədaqətə əsaslanan kəs başa düşülür. Belə bir şəxs dediyinə əməl edir, əməl etdiyini deyir.

Bildirişlər

1. Münafiq insanları daim xatırlayaq.

2. Başqalarının kamilliklərinə diqqət və böyük şəxsiyyətlər haqqında xoş söz tərbiyə üsullarındandır.

3. Sədaqət peyğəmbərlik şərtidir.

4. İnsanda xarakterə çevrilmiş sədaqət dəyərlidir.

 

● Ayə 42:

﴿إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنكَ شَيْئًا﴾

“O (İbrahim), atasına dedi: «Ey ata! Nə üçün eşidib görməyən sənin heç bir ehtiyacını ödəməyən bir şeyə pərəstiş edirsən?»”

 

Nöqtələr

Həzrət İbrahimin ana-atası dünyasını dəyişmişdi. Quranda İbrahimin atası kimi tanıtdırılan şəxs onu himayəsinə götürmüş əmisi Azər və ya anasının əri idi.[311]

Əhli-beyt rəvayətlərində də bildirilir ki, həzrət İbrahimin atası tək Allaha inanırdı və ayədə “əb” dedikdə onun əmisi nəzərdə tutulmuşdur.

Ərəb dilində “əb” sözünün geniş mənası var. Bu söz müəllim, tərbiyəçi, hətta qayınataya da aid edilə bilər. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə buyurulur: “Mən və Əli bu ümmətin atalarıyıq.”[312]

Bildirişlər

1. İbrahimin öz əmisi ilə söhbətləri xatırlanası və dəyərləndiriləsi söhbətlərdir.

2. Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.

3. Nəhy əz münkərdə yaş məhdudiyyəti yoxdur. (Oğul ehtiramı gözləməklə ailə başçısını pislikdən çəkindirə bilər.)

4. İnsanların kamilliyi onların yaşından asılı deyil. Bəzən övlad evdəki böyüklərdən daha anlaqlı olur.

5. Təlim-tərbiyə ümumi olmaya da bilər. Bəzən fərdin özünə nə isə demək lazım gəlir.

6. Nəhy əz münkər zamanı, pisliyə qadağa qoyarkən suallar ünvanlamaqla insanların vicdanını mühakiməyə çəkək.

7. Nəhy əz münkərə etiqadi məsələlərdən başlayaq. (Təəssüf ki, biz, adətən, əxlaqi və ictimai büdrəmələrə daha çox vaxt ayırırıq).

8. Haqq yolu hisslərə fəda etməyə, qohumluq bağlılığı nəhy əz münkərə mane olmamalıdır.

9. Bütpərəstlik mələkpərəstlikdən, insanpərəstlikdən, inəkpərəstlikdən də pisdir. Çünki bütlər görüb eşitmir, heç bir şüura malik deyil.

 

● Ayə 43:

﴿يَا أَبَتِ إِنِّي قَدْ جَاءنِي مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِي أَهْدِكَ صِرَاطًا سَوِيًّا﴾

“Ey ata! Həqiqətən, mənə sənin üçün gəlməmiş bir bilik gəlmişdir; ona görə mənə tabe ol, səni doğru yola yönəldim.”

 

● Ayə 44:

﴿يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَنِ عَصِيًّا﴾

“Ey ata! Şeytana pərəstiş etmə. Çünki şeytan Rəhman Allaha qarşı asidir.”

 

Nöqtələr

Şeytana ibadət dedikdə insanı şeytana qul edən itaət nəzərdə tutulur.

Bildirişlər

1. Elm insanda məsuliyyət yaradır.

2. Peyğəmbərlərin də elmi məhduddur.

3. Nəhy əz münkər edən, pisliyə qadağa qoyan şəxs özü alim olmalıdır.

4. Bəzən insan özü haqqında da xoş söz deməlidir.

5. Şirkin kökü cəhalətdir.

6. İnsanlar alimə itaət etməlidirlər.

7. Az yaşlı uşaq böyüklərə imam ola bilər.

8. Peyğəmbərlərə itaət doğru yol tutmaqdır.

9. Peyğəmbərlərin yolu ifrat və təfrit yox, mötədil (orta) yoldur.

10. Nəhy əz münkərdə, pisliyə qadağa qoyarkən dəlilləri bəyan edək.

11. Şeytanın himayəsi və onunla dostluq təhlükəlidir. Allaha qarşı günaha yol vermiş bir varlıq gör bizim başımıza nə gətirəcək?! Bütün rəhmətlərin qaynağı olan Allaha qarşı üsyan necə də çirkindir!)

 

● Ayə 45:

﴿يَا أَبَتِ إِنِّي أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ الرَّحْمَن فَتَكُونَ لِلشَّيْطَانِ وَلِيًّا﴾

“Ey ata! Həqiqətən, qorxuram ki, Rəhman tərəfindən sənə əzab gəlsin şeytana dost olasan.”

 

Bildirişlər

1. Dəvət və təbliğdə daxili hisslərdən istifadə etməklə qəbul üçün zəmin yaradaq. (Bu ayələrdə “ey ata” müraciəti 4 dəfə işlədilmişdir.)

2. Peyğəmbərlər xalqa canıyanandırlar.

3. İnsan o qədər alçalır ki, rəhmət qaynağını qəzəbə vadar edir, Rəhman Allahı qəzəbləndirir.

4. Peyğəmbərlərin yaxınları da yolunu azdıqda ilahi əzaba düçar olur.

5. Doğru yolu tutmayan kəs şeytanın hakimiyyəti altına düşür.

6. Bir insanla dostuqsa, onun düşmənini dost tutmamalıyıq.

 

● Ayə 46:

﴿قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ آلِهَتِي يَا إِبْراهِيمُ لَئِن