A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (yeddinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
  İrəli


 

NUR TƏFSİRİ

 

YEDDİNCİ CİLD

MÜƏLLİF: MÖHSÜN QƏRAƏTİ

TƏRCÜMƏ EDƏN: HACI ARZU



RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ

Həmd olsun aləmlərin Rəbbinə! Allahın salamı olsun ağamız Məhəmməd (s) və onun məsum Əhli-beytinə!

Ön söz

Qum elmi hövzəsində ümumi (səth) mərhələni bitirdikdən sonra bir qədər də “Dərsi-xaric” oxuyub, Quranla daha dərindən tanış olmaq fikrinə düşdüm. Bəzi dostlarla birlikdə bu istiqamətdə fəaliyyətə başladıq. Hərəmiz bir təfsiri mütaliə edib, xülasə şəkildə qeydlər götürürdük. Beləcə, Quranın bir neçə cüzünü sonadək mütaliə etdik.

Həmin vaxt eşitdim ki, Ayətullah Məkarim Şirazi bir qrup alimlə təfsir yazmaq qərarına gəlib. O mənim təfsir yazılarımı görüb bəyəndi və mən də onlara qoşuldum.

İyirmi yeddi cildlik “Təfsiri-nümunə”nin başa çatması on beş il çəkdi. Həmin təfsir indiyədək dəfələrlə çap olunmuş və başqa dillərə tərcümə edilmişdir. “Təfsiri-nümunə”nin təqribən yarısı yazılıb tamamlandığı vaxt imam Xomeyninin (r) rəhbərliyi ilə İslam inqilabı qələbə çaldı. Elə həmin ilk günlərdə mərhum Əllamə Şəhid Mütəhhərinin göstərişi ilə televiziyaya getdim. Artıq iyirmi yeddi ilə yaxındır ki, hər cümə axşamı İran İslam Respublikasının televiziyasında “Quran dərsləri” adı altında proqramda çalışıram.

“Təfsiri-nümunə” başa çatanadək həmin heyətlə həmkarlıq etdim. Amma bu arada belə bir fikrə düşdüm ki, radioda hamının anlaya biləcəyi bir səviyyədə təfsir dərslərinə başlayım. Bu məqsədlə “Təfsiri-nümunə”dən əlavə, başqa on təfsirdən də qeydlər götürdüm. Artıq səkkiz ildir ki, həftədə bir gün, eləcə də, ramazan ayında hər gün “Ayineye vəhy” adı altında radio verilişləri yayımlanır.

Dəfələrlə təklif edildi ki, radiodan danışdıqlarımı kitab şəklində nəşr etdirim. Öz yazılarımdan bir neçə cüzünü Ayətullah hacı Seyyid Mehdi Ruhani, Ayətullah Misbah Yəzdi üçün oxudum və öz təfsir üslubuma daha çox əmin oldum. Qeydlərimi tərtib üçün höccətül-islam Məhəmmədi və höccətül-islam Mühəddisiyə təqdim etdim. Məcmuə hazır olduqdan sonra onu Qumun “Dər-rahe həqq” müəssisəsinə verdim ki, Ayətullah Ustadinin nəzarəti altında çap olunub, maraqlananların ixtiyarına verilsin.

Həmkarlar

Qurani-kərimin ilk dörd cüzünün təfsirinin hazırlanmasında höccətül-islam Dehşiri və höccətül-islam Cəfəri həftənin yarı hissəsini Tehrana gəlib, mənə kömək etdilər.

Beşinci cüzdən on altıncı cüzədək isə höccətül-islam Seyyid Cavad Behişti və höccətül-islam Şeyx Mahmud Mütəvəssil bu müqəddəs işdə həmkarlıq etmişlər.

İmtiyazlar

1. Bu təfsirdə yalnız xüsusi zümrənin anlaya biləcəyi ədəbi, fiqhi, kəlami, fəlsəfi terminlərdən pəhriz edilmişdir.

2. Rəy əsasında təfsirdən pəhriz olunmuş, yalnız Quran ayələri və Peyğəmbər (s) Əhli-beytindən (ə) olan rəvayətlərə istinad edilmişdir.

3. Bir çox bildiriş və dərslərdə mötəbər şiə və sünni təfsirlərindən istifadə edilmiş, bəzi nöqtələr isə müəllif və əziz həmkarlar tərəfindən açıqlanmışdır.

Allahdan istəyirik ki, hər birimizə ixlas, düşüncə, əməl, təbliğ və Quran maarifinin yayılması və bu müqəddəs işi başa çatdırmaq tövfiqi mərhəmət buyurub, Quranı bizim üçün dünya, bərzəx və qiyamət nuru qərar versin.

Xalqdan istəyim budur ki, Quran təlimində yalnız tilavət, təcvid, tərtil və təvaşihlə kifayətlənməyib, Quranda düşünməyi və ona əməl etməyi əsas götürsünlər.

Alim və fazillərdən təmənnam budur ki, təbliğ və tədrisdə Quran ali bir məqsəd kimi qarşıya qoyulsun və bütün məntəqələrdəki elmi mərkəzlərdə, mədəniyyət ocaqlarında, məscidlərdə və mədrəsələrdə Quran təfsiri dərsləri təşkil edilsin.

İslam, Quran və Peyğəmbər (s) Əhli-beyti (ə) ilə tanışlığımda rolu olanlara təkbətək təşəkkür edir, onlar üçün, xüsusi ilə də ustadlarım, atam-anam üçün bağışlayan Allahdan mərhəmət diləyirəm.

Eləcə də, bu təfsirin yazılmasında, tərtibində, islahında, çapında və yayılmasında mənə yardım edənlərə və işin təkmilləşməsi üçün qurucu və faydalı tənqid və təklif verənlərə təşəkkür edirəm.

Möhsün Qəraəti

 

 


 

Ayətullah hacı Seyyid Mehdi Ruhanidən bir neçə xoş söz

Bəşər həyatında, tarixi dönəmlərdə, xüsusi ilə də müsəlman tarixində böyük təsirə malik olan Qurani-kərimə onun məqamına layiq səviyyədə diqqət yetirilmədiyindən bu ilahi kitab xalq arasında qərib qalmışdır. Hansı ki, Quranda “Biz Quranı öyüd üçün asan etdik” buyurulur. Bununla belə, bir çoxları Quran dəyərlərini yaddan çıxarıb ona diqqətsizlik göstərmişlər. Necə ki, keçmiş ümmətlər haqqında Quranda buyurulur: “Onlara xatırladılanların bir hissəsini unutdular...”[1]

Qurani-məcid əvvəldən axıradək bəşər üçün ilahi göstərişlərdən ibarətdir. Bütün bu bəyanatlarla tanış olmaq zəruridir. Xüsusi ilə də bəşəriyyətin dünyəvi və əbədi səadət yolunu göstərən ayələr və onlardakı nöqtələr haqqında düşünmək lazımdır. Qurani-məciddə həzrət Peyğəmbərə (s) belə müraciət olunur: “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri öyüd götürsünlər.”[2]

Bu müqəddimənin istəyi Qurani-məcidin bütövlükdə elə bir təfsirinin hazırlanmasıdır ki, bu təfsirdə əsas diqqət ayələrin mənasının dərk olunmasına yönəldilsin. Məlum olsun ki, hər bir ayənin məqsədi nədir, nəyə etiraz edir? Müasir dillə desək, bu təfsir “bəyani” bir təfsir olsun.

Adətən, təfsir kitabları daha çox ədəbiyyat, onun şöbələri, kəlam elmi, məzhəbi mübahisələr istiqamətində peşəkar araşdırmalarla məşğul olur. Hər bir mütəxəssis öz ixtisasına aid terminlərlə araşdırma aparır. Bundan əlavə, mövzu haqqında söhbətlər olduqca uzun çəkir və bu hal insanların Qurani-məcidlə bütövlükdə tanış olmasına mane olur. Bəziləri isə Quran ayələrini öz şəxsi, çox vaxt isə yanlış əqidələrinin sübutu üçün əsas gətirirlər.

Son zamanlar elm adamlarının ehtiyacına cavab verəcək bir təfsirin hazırlanması zəruri görünürdü. Həmin təfsirin hazırlanmasında aşağıdakı məsələlərə diqqət yetirilməli idi:

1. Təfsir həm sadə və yetərli, həm də güclü olmalı idi;

2. Quranın dərk olunmasını çətinləşdirən xüsusi terminlərdən pəhriz edilməli idi;

3. Həyat problemlərini həll edən, müsəlman cəmiyyətinə təqdim olunası, hətta tərcümə edilib bütün dünyaya yayılası (bəşəriyyəti, təqva sahiblərini hidayət edəsi) mövzular araşdırılmalı idi. Çünki Quran mətləbləri konkret bir zaman, fərd və ya cəmiyyətə aid deyil;

4. Ayələrdən alınan nəticələrdə Quran ayələrinə istinad olunmalı idi. Rəyə və şəxsi istəklərə, zəif rəvayətlərə əsaslanmaq olmazdı;

5. Həzrət Peyğəmbərin (s) göstərişi əsasında “Səqəleyn”dən (iki əmanətdən) biri olan Əhli-beytdən nəql olunmuş mötəbər rəvayətlərə diqqət yetirilməli idi.

Bu prinsiplər Möhsün Qəraətinin təfsirində nəzərə alınmışdı. Əgər həmin prinsiplərdən kənarlaşma müşahidə edilərsə, bu, məqsədli şəkildə edilməmişdir və inşallah, gələcəkdə islah olar.

Ümid edirəm ki, dəyərli alim höccətül-islam Möhsün Qəraəti elmi keyfiyyətlərindən əlavə, təfsir sahəsində zövq sahibidir və ilahi kəlmələrin lətafətini yaxşı dərk edir. Onun öz təfsirini bu üsul və imtiyazlarla sona çatdıracağına ümidvaram.

Həmin təfsirin bir cüzdən çoxunu müəlliflə birlikdə müzakirə etdik və bəzi qeydlərimi ona bildirdim.

Əziz müəllif hər bir ayəni sadə və yetərli bir şəkildə tərcümə etdikdən sonra onun mahiyyətini şərh etmişdir. Həmin şərhlərdə müəllifin “bildirişlər” adlandırdığı nöqtələrə toxunulmuşdur. Əslində bu nöqtələr təfsirin ruhunu açıqlayır. Düzünə qalsa, bir çox məqamlarda həmin nöqtələr müəllifin xüsusi ixtirasıdır və xüsusi təravətə malikdir.

Ümid edirəm ki, Qurani-kərim bir gün hövzə və universitetlərdə əsas mehvər olacaq. Necə ki, imam Zeynəlabidin (ə) “Səhifeye-səccadiyyə” kitabında Quranın xətm duasında buyurur: “Quran elə bir ədalət tərəzisidir ki, haqqın bəyanında dili qısa deyil.”

Ümid edirəm ki, əziz müəllifin təfsir şivəsi və ixtiraçılıq yolu Quranın ali mətləblərinin gerçəkləşməsində irəliyə doğru bir addım olacaq. İnşallah, bu addım son addım olmaz və nəzər sahibləri növbəti addımlarda bu üsulu təkmilləşdirərlər.

09 Rəbius-sani, 1414

Mehdi Hüseyni Ruhani


 

Müəllifdən

Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə “Nur təfsirini” diqqətlə mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və “Təfsiri-rahnüma”, “Nüxbətut-təfsir” kitablarındakı bəzi nöqtələr mətnlərə əlavə edildi.

Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət olmasın.

Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm!

Sözsüz ki, Quran nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Quranın nurani ayələri sayəsində bizim də yazılarımız nura çevrilsin. Amin!

Möhsün Qəraəti

 

 


BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

“İsra” surəsi

(17-SURƏ, 111 ayə)

On beşinci cüz

“İsra” surəsinin siması

“İsra” surəsi 111 ayədən ibarətdir. Bu surənin Məkkədə nazil olması daha çox qeyd edilir. Amma uyğun surənin 26, 32, 33, 57 və 78-ci ayələrinin Mədinədə nazil olduğu bildirilir.

Surə başlanğıc kəlməsinə görə “Sübhan”, merac əhvalatından danışdığı üçün “İsra” və Bəni-İsrail əhvalatını nəql etdiyi üçün “Bəni-İsrail” adlandırılmışdır.

Bu surədə də digər Məkkə surələrində olduğu kimi tövhid, məad, faydalı nəsihətlər, istənilən növ şirk, zülm və çaşqınlıqla mübarizə, tarixdəki fərdi və ictimai sünnələr (qanunlar), Adəm və İblisin tarixçəsi, İslam peyğəmbəri (s) və onun Məkkədəki mövqeyi mövzuları bəyan olunmuşdur. Bu surədə ümdə və diqqəti daha çox çəkən məsələlərdən biri əziz peyğəmbərimiz həzrət Məhəmmədin (s) merac məsələsidir.

Surə “Allahın təsbihi” (tərifi) ilə başlayır və Ona həmd-səna, sitayişlə başa çatır.

Rəvayətlərdə tövsiyə olunur ki, cümə gecələri bu surə tilavət olunsun. Surənin (oxunmasının) faydalarından biri kimi İmami-Zamanla (ə) (həzrət Mehdi (ə) ilə) görüş qeyd olunmuşdur.[3]


 

﴿بسم الله الرحمن الرحيم﴾

Bağışlaya və mehriban Allahın adı ilə

 

● ayə 1:

﴿سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ﴾

“Öz nişanələrindən göstərmək üçün gecə bəndəsini (Məkkədə) Məscidul-Həramdan (Beytul-Müqəddəsdə) ətrafına bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak-pakizədir. Həqiqətən, O, eşidən və görəndir.”

 

○ Nöqtələr

● Merac səfəri tarixin ən müqəddəs səfəridir. Bu səfərdə müsafir İslam peyğəmbəri (s), uçuş məkanı Məscidul-Həram, eniş məkanı Məscidul-Əqsa, qonaq sahibi Allah, məqsəd ilahi ayələrin (nişanələrin) müşahidəsi, sovqat səma xəbərləri və bəşər düşüncəsinin maddi dünya səviyyəsindən yuxarı qaldırılmasıdır.[4]

● Rəvayətlərə əsasən həzrət Peyğəmbər (s) hicrətdən əvvəlki il Məscidul-Həramda məğrib (şam) namazından sonra Məscidul-Əqsadan, “Buraq” [5] vasitəsi ilə səmaya qalxdı. Qayıdıb Məscidul-Həramda sübh namazını qıldı.[6]

● Peyğəmbərin (s) meracı yuxuda və ruhən yox, oyaq vaxtı və cismani baş vermişdir! Bu, dinin zəruri etiqadlarındandır və bütün İslam firqələri tərəfindən yekdilliklə qəbul olunur.[7]

Mütəvatir (çoxları tərəfindən nəql olunan və şübhəyə yer qalmayan) rəvayətlərdə, bəzi dualarda və ziyarətnamələrdə də bu məsələyə işarə olunur. Bəzi hədislərdə meracın cismaniliyini inkar edən kəs kafir kimi tanıtdırılır.

● Allah-təala həzrət Adəmi səmadan yerə endirdi. Amma həzrət Rəsulu (s) yerdən səmaya qaldırdı[8]. Peyğəmbər (s) həmin gecə yuxarı aləmləri, səma qatlarını və yaranış qəribəliklərini müşahidə etdi, peyğəmbərlərlə görüşdü[9]. Bu səfərdə həzrət üçün qüdsi hədislər bəyan olundu və bu hədislərdə həzrət Əlinin (ə) rəhbərlik və vilayəti təsdiqləndi.

Bu səfərdə həzrət Rəsul (s) behişt və cəhənnəmi gördü. Behişt əhlinin vəziyyəti və onlara verilən nemətlər, cəhənnəm əhli və onlara verilən əzablar Peyğəmbər (s) tərəfindən müşahidə olundu. Peyğəmbər (s) merac əhvalatını bəyan edən vaxt bəzən tutumsuz insanlar dindən çıxdılar[10].

İrad və uyğun iradın cavabı

●Peyğəmbərin (s) meracı – səma səfəri ilə bağlı müəyyən suallar, şübhələr bəyan olunmuşdur. Məsələn, bildirirlər ki, atmosferdən kənarda hava yoxdur, yandırıcı isti və öldürücü soyuq var, çəkisizlik mövcuddur, fəzanın təhlükəli şüaları şölələnir, səma səfəri üçün bir gecə bəs etməz, səma səfərinə çıxan bir şəxsdə işıq sürəti və ya daha böyük sürət olmalıdır, yerin cazibəsindən çıxmaq üçün saatda 400 min km. yol getmək lazımdır və s.

Uyğun şübhələri ümumi şəkildə belə cavablandıra bilərik: Merac mövzusu Quranda və mütəvatir rəvayətlərdə bəyan olunmuşdur[11]. Mövzunu xırdalıqları ilə yox, prinsipcə qəbul etmək zəruridir. (Əlbəttə ki, Allahın cisim halında müşahidə olunmasını bəyan edən rəvayətlər etibarsızdır. Behişt və cəhənnəm əhlinin müşahidəsi isə qəbulolunası bir xəbərdir.) Digər bir tərəfdən, möcüzə ağıl baxımından mümkünsüz sayılmamalıdır. Merac İslam peyğəmbərinin (s) möcüzələrindən olduğu kimi, bütün möcüzələrə tətbiq olunan qayda ona da şamil olunur.

Digər çətinliklər ilahi qüdrətə əsaslanmaqla həll olunasıdır. Bundan əlavə, bu gün insan səmaya təyyarə qaldırdığından, digər planetlərə süni peyklər və hava gəmiləri göndərdiyindən merac məsələsini qəbul etmək problem deyil.

Quranda Bilqeysin taxtının bir göz qırpımında bir ölkədən digər ölkəyə gətirilməsi qeyd olunur. Belə bir məlumat merac məsələsinin məsafə baxımından mümkünsüzlük ehtimalını aradan qaldırır.

● Bildirişlər

1. Merac hadisəsi əbəs deyil, onun yetərincə mühüm səbəbləri var.

2. Merac Peyğəmbər (s) üçün xüsusi ekskursiya və onun elmi görüşünün təcəssümü idi. Çünki Allah məkansızdır.

3. Bəndəlik uçuş, yüksəliş üçün müqəddimədir. Çirkin sifətlərdən paklanmamış yüksəliş mümkünsüzdür.

4. Meraca gedən insan da bəndədir. Allah övliyalarına münasibətdə ifrata varmayaq.

5. Bəndəlik peyğəmbərlərin iftixarı və ilahi ətalar üçün zəmindir.

6. Ümməti gələcəkdə kosmosa uçacaq peyğəmbərin merac səfəri və səmaya qalxması zəruridir.

7. Allaha yaxınlıq üçün gecə ən münasib vaxtdır. (“Sura” gecə səfəri və hərəkət mənasını bildirir.)

8. Merac gecəsi olduqca əhəmiyyətli bir gecədir.

9. İstedad və ləyaqəti olan kəs bir gecəlik yüksəlib, pərvaz edə bilər.

10. Möminin mənəvi pərvazı üçün ən üstün yer məsciddir.

11. Məscid bütün işlərimiz üçün mehvər olmalıdır.

12. Müqəddəs hərəkatlar müqəddəs yollarla gerçəkləşməlidir.

13. Təravət və bərəkət məscid mehvərindədir.

14. Beytul-Müqəddəs və onun ətrafı tarix boyu səmavi bərəkətlərin nazil olma məhəlli, peyğəmbərlərin aramgahı və mələklərin eniş yeri olmuşdur.

15. İnsanın elmi tutumu yer biliklərindən çoxdur, səma əsrarəngizlikləri yer əsrarəngizliklərindən daha genişdir.

16. Merac səfərində məqsəd mərifət və mənəvi yüksəliş qazanmaq idi.

17. İlahi ayələr (nişanələr) bitib-tükənməz olduğundan, Allahın rəsulu (s) da onları sonadək əxz edə bilmir.

18. Allah-təala müxaliflərə xəbərdarlıq edir ki, onları görür və sözlərini eşidir.

 

● ayə 2:

﴿وَآتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَاهُ هُدًى لِّبَنِي إِسْرَائِيلَ أَلاَّ تَتَّخِذُواْ مِن دُونِي وَكِيلاً﴾

“Biz Musaya “Məndən başqa vəkil tutmayın” deyə (səmavi) kitab verdik və onu Bəni-İsrail (İsrail övladları) üçün hidayətçi (doğru yol göstərən rəhbər) seçdik.”

 

○ Nöqtələr

● Allaha təvəkkül və Allahdan qeyrisinə təvəkküldən çəkinmək Quranın təkrar tövsiyələrindəndir. Təvəkkül əmri ilə yanaşı bu əmrin dəlili də bəyan olunmuşdur. Məsələn, “Əraf” surəsində buyurulur: “Nəhayətsiz elm sahibi Allah olduğundan Ona təvəkkül et.” [12] “Yusuf” surəsində buyurulur: “Hakimiyyət Onun əlində olduğundan Ona təvəkkül et.” [13] “Nisa” surəsində oxuyuruq: “Nə üçün-niyəsiz malik O olduğundan Onu özünə vəkil tut.” [14]

● Bu ayədə Musanın Bəni-İsrailə hidayətçi göndərildiyi bildirilsə də, digər ayələrdə bəyan olunur ki, həzrət Musa bütün bəşəriyyət üçün seçilmişdir.[15]

● Bildirişlər

1. Bəzən təbliğatçının təbliğ etdiyi tərəflə həmvətənliyi və həmşəhərliyinin təbliğə təsiri olur.

2. Peyğəmbərlərin dəvətinin canı tövhiddir.

3. İnsanın dayağa ehtiyacı var. Peyğəmbərlər isə həqiqi dayaq kimi Allahı tanıtdırır.

 

● ayə 3:

﴿ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ إِنَّهُ كَانَ عَبْدًا شَكُورًا﴾

“(Ey Bəni-İsrail!) Ey Nuhla birlikdə süvar etdiklərimizin övladları, həqiqətən, Nuh çox şükür edən bir bəndə idi. (Siz də onun kimi olun).”

 

○ Nöqtələr

● Həzrət Nuh bəşəriyyətin “ikinci atası” adlandırılmışdır. Çünki Nuhun tufanı zamanı onunla gəmiyə süvar olanlardan savay hamı qərq oldu. Bu səbəbdən də “Zurriyyətə mən həməlna” müraciəti “ ya bəni Adəmə” müraciəti ilə eyni mənadadır.

● Peyğəmbərlər arasında həzrət Nuh hamıdan çox yaşamışdır. O daim kafirlərin və inadkarların əzab-əziyyətinə məruz qalmış, amma çox şükür etmişdir[16]. Allah da Öz növbəsində həzrət Nuh üçün xüsusi bir hesab aparır və ona xüsusi bir salam göndərir[17].

● Bildirişlər

1. Peyğəmbər məktəbində olmaq və onlarla yoldaşlıq qurtuluş və həyat rəmzidir.

2. Keçmişdəkilərin tarixi gələcəkdəkilər üçün xəbərdarlıq amilidir.

3. Övladların diqqətini ata-babaların şərafət və imanına yönəltmək onların tərbiyəsi və məsuliyyəti qəbul etməsi üçün hisslər üzərində qurulmuş bir yoldur.

4. Allaha bəndəlik hadisə və təhlükələrdən qurtuluş zəminəsidir.

5. Böyük və nümunə insanların tərifi tərbiyə amillərindəndir.

6. Şükrün bərəkətlərindən biri etibarlı övladlara malik olmaqdır.

09121498955

● ayə 4:

﴿وَقَضَيْنَا إِلَى بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا﴾

“Biz kitabda (Tövratda) Bəni-İsrailə elan etdik ki, siz, şübhəsiz, yer üzündə iki dəfə fəsad törədəcək, böyüklük sorağında olacaqsınız.”

 

○ Nöqtələr

● Ola bilsin ki, «Bəni-İsrailin iki dəfə fəsadı» dedikdə, öncə Şəyanın şəhadəti və aramilərin müxalifəti, sonra Zəkəriyya və Yəhyanın qətlə yetirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə ki, digər macəralar da ehtimal olunur və sonrakı ayələrdə  buna işarə olunmuşdur.

● Behişt istənilən şəkildə böyükyanalıq və təkəbbürdən uzaq insanlara məxsusdur. Özünü başqalarından böyük və üstün bilənlərə behiştdə yer yoxdur. [18]

● Bildirişlər

1. Səmavi kitablar gələcəkdən də xəbər vermişdir.

2. Yəhudi qövmünün keçmişi Tövratda da qeyd olunmuşdur.

3. Fəsadın insan həyatına, mədəniyyətə, iqtisadiyyata, hərbi işlərə və siyasətə aid növləri var.

4. Üstünlük istəyi və yer üzündə fəsad dünyapərəstlərin xislətlərindəndir.

5. Təkəbbür üzərində qurulmuş və təkrarlanan fəsad daha təhlükəlidir.

6. Bəzən müstəzəflər (zəif düşmüşlər) də t