A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“Sizin bədəvi ardıcıllarınızdan bir qismi münafiqdir. Mədinə əhlinin də bir dəstəsi nifaqa üz tutmuşdur. Sən onları tanımırsan, onları Biz tanıyırıq. Tezliklə onlara iki əzab verəcəyik. Sonra ağır əzaba doğru qaytarılarlar.”

Nöqtələr

◘“Mərədu” dedikdə bir işin xasiyyət yaradanadək təkrarı nəzərdə tutulur.

◘Ayədə qeyd olunan iki əzabdan biri xalq arasında rüsvayçılıq, digəri çətin can verməkdir. Necə ki, “Ənfal” surəsinin 50-ci ayəsində buyurmuşdur: “Ölüm mələkləri onların üzlərinə və arxalarına sillə vurarlar.” İki əzab dedikdə ruhun və cismin əzabı nəzərdə tutula bilər.

Bildirişlər

1. Yaxınlıqdakı münafiqləri nəzərdən qaçırmayaq.

2. Bədəvilərin küfr və nifaqı tünd də olsa, aşkardır. Şəhər əhlinin nifaqı isə pərdəlidir.

3. Nifaqın mərhələləri var. Nifaq bəzən səthi, bəzən köklü olur.

4. Peyğəmbər yalnız Allahın bəxşişi və təlimi sayəsində qeybdən xəbər tutur.

5. Öz azğınlığı üzərində israr göstərən və bu azğınlığın xasiyyətə çevrildiyi kəslər daha ağır əzaba düçar olurlar.

6. Münafiq həm dünya, həm də axirətdə müşkül içindədir. Onun çətinlikləri bir o qədər də uzaqda deyil.

 

 

 

 

Ayə 102:

﴿وَآخَرُونَ اعْتَرَفُواْ بِذُنُوبِهِمْ خَلَطُواْ عَمَلاً صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَى اللّهُ أَن يَتُوبَ عَلَيْهِمْ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

“(Ərəblərdən) bir başqaları da var ki, öz günahlarını etiraf etmişlər. Onlar yaxşı işi pis işə qarışdırmışlar. Ümid var ki, Allah onların tövbəsini qəbul etsin (Öz lütfünü onlara qaytarsın). Həqiqətən, Allah bağışlayan və mehribandır.”

Nöqtələr

◘Peyğəmbərin (s) tərəfdarlarından bir neçəsi Təbuk döyüşündə iştirak etməkdən boyun qaçırdı. Onları buna sövq edən nifaq yox, dünyaya bağlılıq idi. Məzəmmət dolu ayələr nazil olduqdan sonra belələri peşman oldular və tövbə nişanəsi olaraq özlərini məscidin sütununa bağladılar. Nəhayət, Allah onların tövbəsini qəbul etdi və həzrət Peyğəmbər (s) onları sütunlardan açdı.

Bildirişlər

1. Peyğəmbərin səhabələri arasında ədaləti gözləməyənlər də olub. Hətta bəziləri pis işlərə də yol verib.

2. İnsan özündə zəif nöqtələri görməli, nöqsanlarını nəzərdən qaçırmamalıdır.

3. Günahın etirafı, insanın özünü tənqid etməsi, eləcə də saleh işlər Allahın bağışlaması üçün zəmin yaradır.

4. Allah bağışlamaq vəd etsə də, insan qorxu və ümid içində olmalıdır.

5. Peşman olmuş xətakar ümidə ehtiyaclıdır. İslamın ağuşu ona açıqdır.

 

Ayə 103:

﴿خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ إِنَّ صَلاَتَكَ سَكَنٌ لَّهُمْ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

“Mallarından sədəqə al ki, bu yolla onları paklayasan, inkişaf etdirəsən. Onlara salam göndər (dua et). Çünki sənin duan onların aramlığına səbəb olur. Allah eşidən və biləndir.”

 

 

 

 

 

 

 

Nöqtələr

◘Ayə hicrətin ikinci ili ramazan ayında, Mədinədə nazil olmuşdur. Peyğəmbər (s) buyurdu: “Elan edin ki, Allah zəkatı da namaz kimi vacib etdi.” Bir ildən sonra yenə göstəriş verdi ki, müsəlmanlar zəkat ödəsinlər.

◘Peyğəmbər (s) zəkat verənlərə salam göndərdi. Allah isə qanına bələndiyi halda müqavimət göstərən mücahidlərə salam göndərir.[127]

Bildirişlər

1. İslam hakiminin vəzifələrindən biri zəkat toplamaqdır.

2. İslam xüsusi mülkiyyəti qəbul edir.

3. Zəkat sizin sərmayənizin kiçik bir hissəsini təşkil edir. Onu həvəslə ödəyin.

4. Zəkat insanın iman iddiasının sübutudur.

5. Zəkat insanın ruhunu xəsislikdən, dünyapərəstlikdən təmizləyir.

6. Zəkat fərd və cəmiyyətdə əxlaqi keyfiyyətləri inkişaf etdirir.

7. Bir çox fəsadların səbəbi yoxsulluqdur. Məhrumların dolanışıq xərclərinin təmini cəmiyyəti bir sıra fəsadlardan xilas edir.

8. Həzrət Peyğəmbər (s) adi xalqa salam göndərirdi. Onun bu münasibəti xalqı yaxşılığa sövq edir, şəxsiyyətlərini formalaşdırırdı.

9. Zəkat ödəyənlə zəkat alanın rabitəsi məhəbbət və mənəviyyat üzərində qurulmalıdır.

10. Peyğəmbərin xalqa duası qəbuldur.

11. Deməyək ki, zəkat vermək vəzifədir, zəkat verənlərə təşəkkür edək.

12. Təşviq həmişə maddi olmur. Bəzən mənəvi təşviq daha təsirli olur.

13. Təşviq işin ağırlığını yüngülləşdirir.

14. Göstərişlərin və vəzifələrin qaynağı ilahi elmdir.

 

Ayə 104:

﴿أَلَمْ يَعْلَمُواْ أَنَّ اللّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ

“Bilmədilərmi ki, yalnız Allah Öz bəndələrindən tövbəni qəbul edir, sədəqələri alır və Allah tövbələri qəbul edən və mehribandır.”

 

 

 

 

 

Nöqtələr

◘Təbuk döyüşündə iştirak etməmiş bir dəstə həzrət Peyğəmbərin (s) yanına gəlib tövbələrinin qəbul olunmasını istədilər. Ayədə buyurulur ki, tövbələri qəbul edən başqası yox, yalnız Allahdır. Peyğəmbərə və imama verilən sədəqə və zəkatların əsil ünvanı Odur.

◘Peyğəmbər (s) Allahın göstərişi altında zəkat aldığından, əslində bu zəkatı Allah alır. Necə ki, beyət ayəsində buyurulur: “Ey peyğəmbər, kim sənə beyət etdisə, elə bil, Allaha beyət etmişdir.”[128]

◘İmam Sadiq (ə) buyurmuşdur: “Sədəqə əvvəlcə Allaha çatır, sonra fəqirin əlinə yetişmiş olur.” Sonra həzrət həmin bu ayəni tilavət etmişdir.[129]

◘İmam Sadiqdən (ə) soruşdular ki, zəkat peyğəmbərə məxsusdur, yoxsa ondan sonra da davam edir? Həzrət buyurdu: “Bəli, davamı var.”[130]

Bildirişlər

1. Tövbəni nəinki keşişlər və kilsə, hətta Allahın peyğəmbəri də qəbul edə bilməz. Bu, yalnız Allaha məxsus məqamdır.

2. Zəkat ödənməsi gerçək tövbə şərtidir.

3. İnsanın daxilindəki inqilab onun maddi yardımlarından öndə gəlir.

4. Tövbə təkcə peşmançılıq deyil, peşmançılıqdan sonra islah və əməl də lazımdır.

5. Sədəqəni Allah qəbul etdiyindən onu həvəslə, ən yaxşı mallardan və ən üstün tərzdə verək.

6. Zəkat böyük müqəddəsliyə malik islami ödəncdir. Çünki onu alan Allah-təaladır.

 

Ayə 105:

﴿وَقُلِ اعْمَلُواْ فَسَيَرَى اللّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

“De ki, əməl edin, tezliklə Allah, Onun rəsulu və möminlər sizin işinizi görərlər. Tezliklə qeyb və aşkarı bilənə doğru qaytarılarsınız. Sizi gördüyünüz işlərdən agah edəcək.”

Nöqtələr

◘Allahın, Peyğəmbərin (s) və möminlərin bizim əməllərimizdən xəbər tutacağını bildirən bu ayə əslində əməllərin övliyalara çatdırılması kimi şiə əqidəsini təsdiqləyir. Əməllər gündəlik, həftəlik və ya aylıq olaraq övliyalara çatdırılır. Əməllərimiz xeyir olduqda, övliyalar da bizə görə şadlanır. Əməllər pis olduqda, onlar qəmlənirlər. Belə bir həqiqətə iman təqva və həyaya müsbət təsir göstərir. İmam Sadiq (ə) buyurmuşdur: “Ey xalq! Öz günahlarınızla Allah rəsulunu narahat etməyin.”[131]

◘Rəvayətlərə əsasən bu ayədəki “möminlər” təbiri məsum imamlara işarədir. Allah imamları bizim əməllərimizdən xəbərdar edir.[132]

Bildirişlər

1. İnsan öz-özlüyündə azaddır.

2. Əməllərimizin Allahın hüzurunda baş verməsinə diqqət günaha mane olur.

3. Ətrafdan baxanlar çox olduqca xəcalət hissi də güclənir. Xüsusi ilə Allah, Peyğəmbər (s) və möminlərin nəzəri günaha mane olur.

4. Ölçü meyarı əməldir. Düna həyatında övliyalara çatdırılan bizim əməllərimizdir. Qiyamətdə də sorğuya çəkilən əməldir.

5. Əməllərimizin mahiyyəti qiyamət günü aşkarlanacaq.

 

Ayə 106:

﴿وَآخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ اللّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

“Digər bir qrup var ki, onların işi Allahın istəyindən asılıdır. Onlara ya əzab verər, ya da (tövbələrinə xatir) lütf edər. Allah biləndir və hikmət sahibidir.”

Nöqtələr

◘“İrca”, sözündən olan “murcəvnə” sözü “təxir” mənasını bildirir. Bu, ümid dolu bir təxirdir.

◘Bu üç ayədə Allah-təala üç dəstəni yada salır: Mədinədə olan, tanınmayan məxfi münafiqlər (ayə 101); Günahını etiraf etmiş və tövbəyə ümidli azğınlar (ayə 102); Günah üzərində dayanıb tövbə etməmiş azğınlar. (ayə 106)

◘Rəvayətlərə əsasən ayə həzrət Həmzə və ya Cəfər Təyyarın qatillərini nəzərdə tutur. Onlar peşman olub İslamı qəbul etmişdilər. Amma hələ də qəlblərində iman kök atmamışdı. Ya da Təbuk döyüşündə olmamış və peşman olub dillə etiraf edənlər nəzərdə tutulur.

Bildirişlər

1. Allah istədiyi vaxt günahkarları cəzalandırar və ya bağışlayar.

2. Xətaya yol verənlərin tərbiyəsində fərqli yanaşmalardan istifadə olunmalıdır. Bir qismini qorxu və ümid arasında qoymaq lazım gəlir.

3. Allahın qəhr-qəzəbi və ya lütfü Onun elm və hikmətinə əsaslanır. Bu işdə intiqam amili yoxdur.

 

Ayə 107:

﴿وَالَّذِينَ اتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللّهَ وَرَسُولَهُ مِن قَبْلُ وَلَيَحْلِفَنَّ إِنْ أَرَدْنَا إِلاَّ الْحُسْنَى وَاللّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ

“(Münafiqlərdən bir dəstəsi də) o kəslərdir ki, İslama zərbə vurmaq, küfrü yaymaq və möminlər arasında təfriqə salmaq, Allah və Onun rəsulunun qədim düşmənlərinə pusqu üçün məscid tikdilər. Daim and içirlər ki, məqsədləri yalnız xeyirdir. (Amma) Allah şahiddir ki, onlar yalançıdırlar.”

Nöqtələr

◘Ayədə “Zirar” məscidinin əhvalatına işarə olunur. Münafiqlər zəif və xəstə adamları, yağışlı günləri bəhanə edərək Qoba məscidi qarşısında başqa bir məscid tikdilər. Əslində bu məscid onlar üçün mərkəz idi. Təbuk döyüşünə yola düşməmişdən öncə Peyğəmbərdən (s) istədilər ki, həmin yerdə namaz qılıb açılış aparsın. Peyğəmbər (s) Təbukdan qayıtdıqdan sonra ayə nazil oldu və münafiqlərin iç üzü açıldı. Peyğəmbər (s) göstəriş verdi ki, məscid oda çəkilsin, viran qoyulsun...[133]

Rəvayətlərə əsasən, “Zirar” məscidi Mədinədə Əbu-Amirin göstərişi ilə tikilmişdi. Hənzələnin (Qəsilül-Məlaikənin) atası olan bu şəxs məsihi abidlərindən idi. Bu şəxs Xəzrəc qəbiləsində nüfuz sahibi idi. Peyğəmbərin (s) hicrəti və İslamın nüfuzunun genişlənməsindən sonra Peyğəmbərlə (s) müxalifətə başladı. Əbu-Amir Ühüd döyüşündə öz münafiq rolu ilə seçilmişdi. Nəhayət, Məkkəyə qaçmış və oradan Ruma gedib Rum padşahından İslama qarşı kömək istəmişdi. Maraqlıdır ki, münafiqlərin başçılarından olan bu şəxsin oğlu Hənzələ İslam aşiqi olmuş və şəhadətə yetmişdir.[134]

◘Əbu-Amir həzrət Peyğəmbəri (s) Zirar məscidinə namaza dəvət etdiyi vaxt üç məsələ haqqında danışmışdı: cəmiyyət namazına eşq, zəiflərə eşq, rəhbər və onun namazına eşq. Amma bütün bu sözlər riyakarlıqdan başqa bir şey deyildi. Münafiqlər daim belə olmuşlar. Musaya qarşı Samiri fitnəsini törətdilər, peyğəmbər məscidi qarşısında əməvi məscidi tikdilər, həzrət Əlinin (ə) qarşısında Quranı nizəyə taxdılar. Samirinin buzovu yandırıldığı kimi, münafiqlərin də məscidi yandırıldı. Bu, tarixi bir dərs idi.

Yezidin imam Hüseynə (ə) qalib gəlməsi münasibəti ilə Kufə və Şamda məscid tikildi. İmamlar bu məscidləri “məlunə” adlandırmışlar!

◘İslamda istənilən bir zərər qadağandır.[135] O cümlədən: cana vurulan zərərlər[136]; xalqa zərər[137]; həyat yoldaşına zərər[138]; övlada zərər[139]; vərəsəyə zərər[140]; zərərli təlimlər[141]; müamilə zərərləri və borclar[142]; əqidə məktəbi və vəhdətə zərər.

Bildirişlər

1. Düşmən məscid və məzhəbdən din əleyhinə istifadə edir. Şüarların və adların zahirinə aldanmayaq.

2. Fitnəkarlar hətta Peyğəmbərin (s) namazından öz mənafeləri üçün istifadə etmək istəyirlər.

3. Məscid tikmək yox, bu işdə xalis niyyət əsasdır.

4. İslamda istənilən növ zərər qadağandır. Zərər məqsədi ilə tikilən məscid də bu qəbildəndir.

5. Düşmənlərin əlində alətə çevrildikdə məscid öz müqəddəsliyini itirir.

6. Allah Öz peyğəmbərinin və dinin hamisidir. O, vəhy yolu ilə münafiqlərin fitnələrini ifşa edir.

7. Müsəlmanlar arasında təfriqə yaradan istənilən bir məscid Zirar məscididir.

8. Münafiqlər kafirlərə xidmət edirlər.

9. Xarici düşmənlərlə mübarizə zamanı daxili düşmənləri yaddan çıxarmayaq. Münafiqlər Təbuk döyüşündən öncə rəsmi şəkildə Peyğəmbərdən (s) istədilər ki, onların mərkəzində açılış etsin. Amma Peyğəmbər (s) Mədinədə həzrət Əlini (ə) öz yerində qoyub geri qayıtdıqdan sonra Zirar məscidini sökdü.

10. Müsəlmanların vəhdətini pozmaq küfrə bərabərdir.

11. Yalan and münafiqlərin üsuludur.

12. Düşmən tərəfin iddia və təbliğatına aldanmayaq.

13. Yalan kafir və münafiqlərin xislətidir.

 

 

 

 

Ayə 108:

﴿لاَ تَقُمْ فِيهِ أَبَدًا لَّمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَى مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَن يَتَطَهَّرُواْ وَاللّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ

“Orada (Zirar məscidində) heç vaxt (namaza) durma. Həqiqətən, ilk gündən təqva üzərində bina olunmuş məscid namaz qılınması üçün daha layiqdir. (Çünki) o məsciddə paklanmaq istəyində olan kişilər var. Allah pakları sevir.”

Nöqtələr

◘Öncədən təqva üzərində bina olunmuş məscid Qoba məscididir. Bu məscid Peyğəmbərin (s) Mədinəyə hicrəti zamanı tikilmişdir.[143]

◘Fəxr-Razi deyir: “Məscidin dəyərli olmasında təqva kökü əsasdırsa, insanın da iman və təqvada öncül olması daha dəyərlidir. İlk gündən iman gətirən həzrət Əli (ə) illər uzunu şirkdən sonra İslamı qəbul edənlərdən üstündür.”[144]

Bildirişlər

1. İslam quruluşuna müxalifətdə dayananların mərkəzinə çevrilmiş məsciddə namaza durmayın.

2. İbadət siyasətdən ayrı deyil. Batili hətta namazla gücləndirmək olmaz. (Küfr, nifaq və təfriqəni təsdiqləmək haramdır.)

3. Rəhbər başqaları üçün nümunədir. Peyğəmbər Zirar məscidinə daxil olmamalıdır ki, başqaları da daxil olmasın. Bu səbəbdən də ayədə Peyğəmbərə (s) xitab olunur.

4. Cəmiyyətin rəhbəri hamıdan qabaq mövqe tutmalıdır.

5. Xalqı fəsad mərkəzlərindən uzaq olmağa çağırırıqsa, onlar üçün sağlam, faydalı mərkəzlər yaratmalıyıq.

6. Hər bir şeyin dəyəri onun bünövrəsini qoyanın məqsəd və niyyətindən asılıdır.

7. Məscid cisim və ruhun paklanma zəminidir.

8. Salehlərlə yoldaşlıq dəyərdir.

9. Məkanların dəyəri oraya get-gəl edən fərdlərin dəyərindən asılıdır. Məscid günbəz və minarəsi ilə yox, pak namaz qılanları ilə seçilməlidir.

10. Namaz və məscid təlim-tərbiyə və paklıq vasitəsidir.

11. Kamillik və paklığa eşq özü bir kamaldır.

12. Paklar Allahın məhbubudurlar.

 

Ayə 109:

﴿أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَى تَقْوَى مِنَ اللّهِ وَرِضْوَانٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىَ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

“Öz (işinin) bünövrəsini təqva və Allahın razılığı üzərində qərar verən kəs üstündür, yoxsa öz (işinin) bünövrəsini uçulası bir aşırımın ağzında qərar verən kəs? Elə bir yer ki, onu cəhənnəm oduna yuvarlandırar. Allah zalım qövmü hidayət etməz.”

Nöqtələr

◘Ötən ayədə Zirar məscidi ilə Qoba məscidi müqayisə olundu. Bu ayədə isə hər iki məscidin banilərindən danışılır.

◘“Şəfa” dedikdə bir şeyin ağzı, kənarı, “curuf” dedikdə çay və ya quyunun su ilə altı uçulmuş haşiyəsi nəzərdə tutulur. “Har” sözü isə süst mənasını bildirir.

Bildirişlər

1. İşlərin dəyəri onların zahirində yox, niyyətlərdədir. Qoba məscidi Allahın razılığı məqsədi ilə tikilmişdisə, Zirar məscidinin tikilməsində məqsəd təfriqə yaratmaq idi.

2. Batilin bünövrəsi süstdür.

3. Bəzən məscid baniləri özlərini cəhənnəmin dibinə yuvarladırlar.

4. Məzhəbə aid və xalqın inanc yeri olan mərkəzlərdən sui-istifadə zülmdür.

 

Ayə 110:

﴿لاَ يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْاْ رِيبَةً فِي قُلُوبِهِمْ إِلاَّ أَن تَقَطَّعَ قُلُوبُهُمْ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

“Münafiqlərin qoyduğu bünövrə onların qəlblərində daimi bir tərəddüd səbəbidir. (Onların xilas yolları yoxdur.) Yalnız qəlbləri (nifaqdan) ayrılsa (nicat taparlar). Allah biləndir və hikmət sahibidir.”

Bildirişlər

1. Münafiqlərin etiqadi bünövrələri süstdür.

2. Qəlbin və ruhun xəstəlikləri bəzən möhkəm və dəyişməz şəkil alır.

3. Zahiri dil tövbəsi ilə qəlb və ruh xəstəliklərindən yaxa qurtarmaq olmaz.

4. Nifaq binası uçurulsa da, onun təsirləri qəlblərdə kök atıb qalır və münafiqin ölümünədək yaşayır.

5. Münafiqlərin təşkilat və mərkəzləri var.

6. Münafiqin rahatçılığı yoxdur.

7. Allah münafiqlərin Zirar məscidini tikməkdəki məqsədlərini bilir.

 

Ayə 111:

﴿إِنَّ اللّهَ اشْتَرَى مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الجَنَّةَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالإِنجِيلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفَى بِعَهْدِهِ مِنَ اللّهِ فَاسْتَبْشِرُواْ بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُم بِهِ وَذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

“Həqiqətən, (Allah) möminlərin canlarını və mallarını behişt bahasına onlardan almışdır. Onlar Allah yolunda döyüşürlər ki, öldürsünlər və ya öldürülsünlər. Tövratda, İncildə və Qurandakı haqq vəd Allahın öhdəsinədir. Əhdinə Allahdan da vəfalı olan kimdir?!” Beyət etməyinizə vasitə olan bu müamiləyə görə sizə müjdə olsun. Bu, həmin böyük qurtuluşdur.”

Nöqtələr

◘Dünya bir bazardır, insanlar isə tacir. İnsan satıcıdır, Allah isə alıcı. Satılan şey insanın mal və canıdır. Mal və canın dəyəri isə behiştdir. İnsan canını və malını Allaha satdıqda xeyir tapır, bir başqasına satdıqda zərərə düşür.

◘Allahla müamilənin bir neçə imtiyazı var: özümüz, gücümüz, olanlarımız Allahdandır və bütün bunları Ondan başqasına vermək yaxşı deyil; Allah aza da müştəridir; Allah-təala aldığı malın eybini örtür və insanı rüsvay etmir; Allah insanın malını və canını behişt bahasına alır. Başqa bir qiymətə müamilə etmək axmaqlıq və zərərdir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Sizin dəyəriniz yalnız behiştdir. Özünüzü behiştdən ucuz satmayın.”[145]

Bildirişlər

1. Allah kimi alıcı olan yerdə nə üçün başqasının sorağına gedək?

2. Allah münafiqin və kafirin yox, yalnız möminin müştərisidir.

3. Allah üçün canla cihad malla cihaddan öndə gəlir. (Var-dövlət hamıda olmasa da, can hamıda var.)

4. Behişt cihad, qılınc, can və malın Allaha təqdimi sayəsində əldə olunur.

5. Cihadda məqsəd Allaha yaxınlıq olsa, öldürməyin və ya öldürülməyin fərqi olmaz.

6. Mömin cihad səfərinə daim hazırdır.

7. Möminin savaşda məqsədi öncə batili aradan götürmək, sonra şəhadətə çatmaqdır.

8. Allahla müamilədə xeyir mütləqdir. Allahla müamilədə hər şey haqdır və insanın xeyrinədir. Başqaları isə bu işdə ya qeyri-ciddidir, qatqılıdır, ya həvəs, ya da rəqibi aşırmaq üçün addım atır.

9. Cihad, mücahidlər və şəhidlər təkcə İslamda dəyərə malik deyil. Tövrat və İncildə də eyni münasibət mövcuddur. Əgər bu gün həmin kitablarda qeyd olunan məsələ yoxdursa, bunun səbəbi həmin kitabların təhrif olunmasıdır.

10. Haqqımız olmasa da, Allah bizim üçün Öz öhdəsinə bəzi haqlar götürmüşdür.

11. Müamilə zəruri bir əqddir və ona vəfa qılmaq vacibdir.