A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


Ayə 84:

﴿وَلاَ تُصَلِّ عَلَى أَحَدٍ مِّنْهُم مَّاتَ أَبَدًا وَلاَ تَقُمْ عَلَىَ قَبْرِهِ إِنَّهُمْ كَفَرُواْ بِاللّهِ وَرَسُولِهِ وَمَاتُواْ وَهُمْ فَاسِقُونَ

“Münafiqlərdən heç birisinin ölüsünə namaz qılma və dua üçün qəbri üstə dayanma. Çünki onlar Allaha və Onun rəsuluna kafir oldular, azğın halda dünyadan getdilər.”

Nöqtələr

◘Müsəlmanlardan biri öldükdə onun dəfnində iştirak etmək, onun üçün dua edib cənazə namazı qılmaq həzrət Peyğəmbərin (s) qaydası idi. Allah-təala bu ayəni nazil etməklə, münafiq halda ölənlərin mərasimində Peyğəmbərin (s) iştirakına qadağa qoydu.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s) meyyit namazında dördüncü təkbirdən (“Allahu əkbər”-dən) sonra ölü üçün dua edərdi. Bu ayə nazil olduqdan sonra həzrət bir daha belə dua etmədi.”[117]

Bildirişlər

1. Münafiqlərlə mübarizə üsullarından biri mənfi mübarizə, yəni onlardan uzaqlıqdır.

2. Münafiqin ölüsünə də həqarətlə yanaşmaq lazımdır. Onların dəfnində iştirak etməyək və qəbirlərinin ziyarətinə getməyək.

3. Müxaliflərin tənbehi üçün namazdan da istifadə edək.

4. Meyit namazı və qəbir ziyarəti öləndən sonra möminə hörmət nişanəsi və bəyənilmiş işdir. Münafiqin isə belə bir hörməti yoxdur.

5. Münafiq kafir və azğındır.

6. İşin aqibəti mühümdür. Təhlükə odur ki, insan tövbə etmədən, azğın halda dünyasını dəyişsin.

 

Ayə 85:

﴿وَلاَ تُعْجِبْكَ أَمْوَالُهُمْ وَأَوْلاَدُهُمْ إِنَّمَا يُرِيدُ اللّهُ أَن يُعَذِّبَهُم بِهَا فِي الدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَافِرُونَ

“Onların var-dövləti və övladları səni heyrətə gətirməsin. Həqiqətən, Allah bu vasitə ilə onlara dünyada əzab vermək, canlarının küfr halında çıxmasını istəyir.”

Nöqtələr

◘İlkin İslam dövründə münafiqlərin çoxlu var-dövləti, övladları və imkanları vardı. Müsəlmanlar isə bu baxımdan zəif idilər. Müsəlmanların ehtiyac səbəbindən münafiqlərə yaxınlaşma təhlükəsi olduğundan uyğun ayə vasitəsi ilə onlara xəbərdarlıq olundu. Bu surənin 55-ci ayəsində də eyni məsələyə toxunulur.

◘“Zəhuq” dedikdə çətinlik, təəssüb və həsrətlə xaric olmaq mənası başa düşülür.

Bildirişlər

1. Başqalarının imkanlı olmasına görə özümüzü əskik saymayaq.

2. Var-dövlət və övlad bəzən xoşbəxtliyə yox, əzaba aparır.

3.Allah bəzən dünyəvi təzahürlərlə cəzalandırır.

4. Ölüm yoxluq yox, ruhun bədəndən çıxmasıdır.

5. Bir ömür küfr və naşükürlük insanın dünyadan kafir getməsinə səbəb olur.

6. Dəyər ölçüsü bir neçə günlük rifah yox, xeyir aqibət və imanlı ölümdür.

 

Ayə 86:

﴿وَإِذَآ أُنزِلَتْ سُورَةٌ أَنْ آمِنُواْ بِاللّهِ وَجَاهِدُواْ مَعَ رَسُولِهِ اسْتَأْذَنَكَ أُوْلُواْ الطَّوْلِ مِنْهُمْ وَقَالُواْ ذَرْنَا نَكُن مَّعَ الْقَاعِدِينَ

“Əgər surə nazil olsa ki, Allaha iman gətirin və peyğəmbərlə birlikdə cihad edin, sərvət sahibləri (münafiqlər) səndən (peyğəmbərdən) mürəxxəs olmaq icazəsi istəyib deyərlər: “Bizi azad burax, qoy evdə oturanlarla qalaq.”

Ayə 87:

﴿رَضُواْ بِأَن يَكُونُواْ مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلَى قُلُوبِهِمْ فَهُمْ لاَ يَفْقَهُونَ

“Onlar müxaliflər və evdə oturanlarla qalmağa razı oldular. Onların qəlblərinə möhür vurulmuşdur, bu səbəbdən də anlamırlar.”

Nöqtələr

◘“Təvl” dedikdə imkan və qüvvə, “ulut-təvl” dedikdə isə qüvvəlilər və sərvətlilər nəzərdə tutulur.

◘“Surə” dedikdə xüsusi mövzuları bəyan edən ayələr məcmusu nəzərdə tutulur. Bu səbəbdən də surənin müəyyən bir hissəsi də ”surə” adlandırılır.

Bildirişlər

1. Cihad Allaha iman şərtidir.

2. Peyğəmbər (s) savaş meydanında öndə dayanırdı.

3. Cihad müsəlmanların rəhbərinin göstərişi və onunla birlikdə həyata keçməlidir.

4. Cihada münasibətdə zəifliyimizə, nifaq və qorxumuza mürəxxəs olma icazəsi ilə don geyindirməyək.

5. Canını sevən rifahtələblər cihaddan daha çox qorxurlar. Onlara ümid bağlamayaq.

6. Münafiqlər qəlbi ölmüşlərdirlər.

7. Dünyapərəstlik, rahattələblik və nifaq ruhiyyəsi insanı düzgün baxış və dərin mərifətdən məhrum qoyur.

 

Ayə: 88

﴿لَـكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُواْ مَعَهُ جَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ وَأُوْلَـئِكَ لَهُمُ الْخَيْرَاتُ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“Amma peyğəmbər və onunla birlikdə olan möminlər öz malları və canları ilə cihad etdilər. Onlardır bütün xeyir və yaxşılığa sahib olanlar, onlardır nicat tapanlar.”

Bildirişlər

1. Münafiqlərin və rahattələblərin döyüşdə iştirak etməməsinə görə narahat olmayaq.

2. Münafiqlər elə düşünürlər ki, onlar cihadda iştirak etməsə, İslam köməksiz qalacaq.

3. Rəhbər döyüşçülərdən öndədir.

4. Peyğəmbərə iman azdır, onun yanında olmaq lazımdır.

5. Cihad hərtərəfli olmalıdır.

6. Yalnız iman və cihad sayəsində nicat tapmaq olar.

7. Döyüş və cihad döyüşçülərə ilahi xeyir və bərəkət nazil olması ilə nəticələnir.

8. Mücahidlər qalib də gəlsələr, zahirən məğlub da olsalar, nicat tapmışlar.

 

Ayə: 89

﴿أَعَدَّ اللّهُ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

“Allah onlar üçün altından çaylar axan bağlar hazırlamışdır və orada əbədi qalarlar. Bu, həmin böyük qurtuluşdur.”

Bildirişlər

1. Mücahidlərin mükafatı öncədən hazırlanmışdır.

2. Behişt yaradılmışdır və indi də mövcuddur.

3. Təbii meyl və istəklərdən inkişaf və hidayət yolunda istifadə edək. (İnsan təbii şəkildə səfalı guşə istəyindədir)

4. İlahi rəhmət behiştində daimi yaşayış əsl səadətdir.

 

Ayə: 90

﴿وَجَاء الْمُعَذِّرُونَ مِنَ الأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُواْ اللّهَ وَرَسُولَهُ سَيُصِيبُ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ

“Üzrü olan bədəvilər (sənin yanına) gəldilər ki, onlara (döyüşdə iştirak etməmək üçün) icazə verilsin. Amma Allaha və Onun peyğəmbərinə yalan deyənlər (üzrü olmayanlar) savaşdan boyun qaçırdılar. Onlardan küfr edənlərə tezliklə ağrılı əzab yetişəcək.”

Nöqtələr

◘“Muəzzirunə” sözü həm həqiqətən üzrü olanlara, həm də bəhanə gətirib üzr istəyənlərə işarə ola bilər.

◘Bəzilərinin həqiqətən də üzrü vardır. Bəziləri isə üzrsüz yerə cihadda iştirak etmirdilər və bu dəstə üçün əzab var.

◘Şəhər mədəniyyətindən uzaq, səhrada yaşayan bədəvi ərəblər “ərab” adlanırlar.

Bildirişlər

1. Təbuk döyüşündə ümumi səfərbərlik elan olunmuşdu. Bu səfərbərliyə qatılmayan hər bir kəs üzrünü bildirib Peyğəmbərdən (s) icazə almalı idi.

2. Cihad fərdə yox, hökumətə aid bir işdir. Ona görə də cəbhəyə gedib-getməmək haqqında müsəlmanların rəhbəri icazə verməlidir.

3. Cihada etinasızlıq göstərib cəbhədən qaçanlar həqiqi iman sahibi deyillər.

4. Yalan təkcə dilə aid deyil. İddianın yalan olduğu bəzən əməldə üzə çıxır.

5. Vəzifədən boyun qaçırmaq üçün bəhanə axtaranlar tezliklə tənbeh olunar.

 

Ayə 91:

﴿لَّيْسَ عَلَى الضُّعَفَاء وَلاَ عَلَى الْمَرْضَى وَلاَ عَلَى الَّذِينَ لاَ يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُواْ لِلّهِ وَرَسُولِهِ مَا عَلَى الْمُحْسِنِينَ مِن سَبِيلٍ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ

“(Cihad yolunda) xərcləmək üçün bir şeyi olmayan zəiflərə, xəstələrə və əliboşlara irad yoxdur. Bir şərtlə ki, Allahın və Onun rəsulunun xeyirxahı olsunlar. Xeyir əməl sahibləri üçün bir qınaq yoxdur və Allah bağışlayan və mehribandır.”

Nöqtələr

◘Kor bir qoca Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Əlimdən tutub məni cəbhəyə aparacaq bir kəsim yoxdur, zəif və qocayam. Mənim üzrüm qəbuldurmu?!” Həzrət Peyğəmbər (s) susdu. Nəhayət, bu ayə nazil oldu.

Əhsən İslam aşiqlərinə ki, qocalıq və korluqlarına baxmayaraq vicdanları rəhatlaşmır və cihadla bağlı Peyğəmbərə (s) sual verirlər!

◘Bəzi ailələrin ehtiyacını yalnız evin kişisi təmin edir və o, cəbhəyə getdikdə ailə aclıq çəkir. Ola bilsin ki, yoxsulluq deyərkən belə bir hal nəzərdə tutulmuşdur.[118]

◘İslamda güc çatmayan işlərə əmr olunmur. İslam üzrü qəbul edir və bu dində çıxılmaz vəziyyət yoxdur. İmam Sadiq (ə) buyurmuşdur: “İnsan gücü çatmayan bir işi görməyə vəzifəli deyil.” Sonra həzrət bu ayəni tilavət etmişdir.[119]

Bildirişlər

1. İlahi vəzifələr bəşərin gücünə uyğundur. (Fiziki cəhətdən gücsüz olan zəiflər və xəstələr cihaddan, yoxsullar isə cihada maddi yardımdan azaddır)

2. Xeyirxahlıq həmişə mümkündür. Zəiflər də bir yolla himayə göstərə bilər. Hətta gözü görməyən qoca dili və qəlbi ilə duaya, döyüşçülərə xeyirxahlığa vəzifəlidir.

3. Üzürlü səbəbdən cihada getməyən, amma getmək arzusunda olan şəxs xeyirxahlardan sayılır.

4. Yetərli üzrü olan və heç bir ziyan vurmayanlar məzəmmət olunmur və cərimə ödəmirlər. (İslam fiqhinə əsasən, yalnız öz işində məsuliyyətsizliyə yol vermiş işçi cərimə oluna bilər.)

 

Ayə 92:

﴿وَلاَ عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لاَ أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّواْ وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلاَّ يَجِدُواْ مَا يُنفِقُونَ

“Miniyə süvar edib cəbhəyə göndərməyin üçün yanına gəldikdə “sizi süvar etmək üçün bir şey tapmıram” dediyin və bundan sonra dönüb gedənlər üçün də (irad yoxdur). Cihada xərcləmək üçün bir şeyləri olmadığından onların qəm-qüssədən gözləri yaşlı idi. (Bəli, cihad aşiqi olan belə yoxsullar üçün cəbhəyə getməmək günah deyil.)”

Nöqtələr

◘Ötən ayədə cəbhəyə yardım üçün imkanları olmayanlardan danışıldı. Bu ayədə isə cəbhədə iştirak üçün minik tapa bilməyən yoxsullardan söhbət gedir. Onlar imkansızlıqdan qəmlənir, göz yaşı axıdırdılar. Bu göz yaşlarına görə, döyüşçülərin mükafatına şərikdirlər. Necə ki, Həsən Bəsri deyir: Həzrət Peyğəmbər (s) Təbuk döyüşündəki döyüşçülərə buyurdu: “Mədinədə qalanlardan bir qrupu cəbhədə iştirak etmək istədiyi üçün bu yolda sizin xərclədiyiniz malın və aldığınız yaraların mükafatına şərikdirlər.”[120]

Bildirişlər

1. Döyüşçülərin döyüş ehtiyacının təmini hökumətin öhdəsinədir.

2. İnsanların dəyəri təkcə onların hərəkətindən, maddi imkanından yox, məqsəd və ruhiyyələrindən da asılıdır. (Ayədə pulu və imkanı olmayan, amma cəbhəyə həvəs göstərənlər mədh olunurlar)

3. Mömin insan cəbhədə iştirak edə bilmədiyi üçün narahat və ağlardır.


 

ON BİRİNCİ CÜZ

Ayə 93:

﴿إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَسْتَأْذِنُونَكَ وَهُمْ أَغْنِيَاء رَضُواْ بِأَن يَكُونُواْ مَعَ الْخَوَالِفِ وَطَبَعَ اللّهُ عَلَى قُلُوبِهِمْ فَهُمْ لاَ يَعْلَمُونَ

“Yalnız imkanlı olduğu halda səndən izin istəyənləri, müxaliflərlə qalmağa razı olanları qınamağa yol var. Allah onların qəlblərinə möhür vurmuşdur, o səbəbdən bilmirlər.”

Nöqtələr

Möminlə münafiq insan arasında yerlə göy arası qədər fərq var. Ötən ayədə bildirildi ki, mömin cəbhəyə gedə bilmədiyi üçün ağlayır. Bu ayədə isə imkanlı münafiqlərin cəbhəyə getməkdən israrla imtina etməsi və Peyğəmbərdən (s) icazə istəməsi bəyan olunur.

Bildirişlər

1. Həm yoxsul, həm də varlı insan cəbhəyə getməyə borcludur. Sərvət cəbhədən tərxis olmaq üçün imtiyaz, üzr sayılmır.

2. Məsuliyyətdən boyun qaçırmaq pis aqibətlə və agahlığı əldən verməklə nəticələnir.

 

Ayə 94:

﴿يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ قُل لاَّ تَعْتَذِرُواْ لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللّهُ مِنْ أَخْبَارِكُمْ وَسَيَرَى اللّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

“Cihaddan qayıtdığınız vaxt (Təbuk döyüşündə müxalif olan münafiqlər) sizdən üzr istəyirlər. De ki, üzr istəməyin, biz heç vaxt sizin sözlərinizə inanmarıq, Allah bizi sizin halınızdan agah etmişdir, Allah və Onun rəsulu sizin əməllərinizi bilirlər; sonra gizlini və aşkarı bilən Allahın yanına qaytarılarsınız və O sizi etdiklərinizdən xəbərdar edər.”

Nöqtələr

◘Münafiqlərdən təqribən 80 nəfəri Təbuk döyüşündə iştirak etmirdi. Peyğəmbər (s) və müsəlmanlar döyüşdən qayıtdıqdan sonra onlar müxtəlif bəhanələr gətirdilər. Ayə nazil oldu ki, onların dediklərinə inanmayın, onları Allahın öhdəsinə buraxın.”

Bildirişlər

1. Müsəlmanlar o qədər qüdrətli olmalıdırlar ki, müxaliflər özlərini üzr istəməyə borclu bilsinlər.

2. Bəhanəçi münafiqlərlə kəskin rəftar edin.

3. Allah münafiqlər və xalqın əməlləri haqqında Öz peyğəmbərinə qeybi yolla xəbər verir.

4. Savaş başa çatdıqdan sonra bəhanələr başlanır.

5. Allah üçün qeyb də aşkar kimidir və hər şey Ona bəllidir.

6. Qiyaməti yada salmaq insanın kamilləşməsi üçün ən üstün amillərdəndir.

7. İnsan gördüyü bütün işlərin məsuliyyətini daşıyır. Qiyamət müxaliflər üçün rüsvayçılıq günüdür.

 

Ayə 95:

﴿سَيَحْلِفُونَ بِاللّهِ لَكُمْ إِذَا انقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُواْ عَنْهُمْ فَأَعْرِضُواْ عَنْهُمْ إِنَّهُمْ رِجْسٌ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاء بِمَا كَانُواْ يَكْسِبُونَ

“Cihaddan münafiqlərin yanına qayıtdığınız vaxt Allaha and içərlər ki, onlara (günahlarına) göz yumasınız. Onlardan üz çevirin, uzaq olun. Onlar çirkindirlər və öz əlləri ilə qazandıqlarına görə yerləri cəhənnəm olacaq.”

Nöqtələr

◘Üz çevirmənin səbəbi ya böyüklükdür, ya da etinasızlıq. O ayədə hər iki məna nəzərdə tutulmuşdur. Münafiqlər onlara göz yumulmasını istədilər. Allah da qəzəblə uzaqlaşmaq göstərişi verdi.[121]

◘Həzrət Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdıqdan sonra xalqa göstəriş verdi ki, cəbhəyə getməmiş münafiqlərlə ünsiyyət saxlanılmasın.[122]

◘Ötən ayədə münafiqlərin üzr və bəhanələri qəbul olunmadı. Bu ayədə isə zillətə düşmüş münafiqlərin and içdiyi bildirilir.

Bildirişlər

1. Hər anda inanmaq olmaz.

2. Münafiqlər müqəddəsliklərdən və Allahın adından sui-istifadə edirlər.

3. Müsəlmanlar təvəlla və təbərra əhli olmalı, konkret mövqe tutmalıdırlar.

4. Üzürsüz səbəbdən cihadı tərk edənlərlə rabitələri kəsib onlarla sərt rəftar edək və onlara meydan verməyək.

5. Azğın fərdlərdən və mühitdən uzaq dayanaq. Çünki nifaq ruhiyyəsi və digər eyblər ətrafdakılara da sirayət edir.

6. Nifaq batini çirkinlik, ruhi xəstəlikdir.

7. Cəhənnəm Allahın intiqamı yox, insanın öz əməllərinin nəticəsidir.

 

Ayə 96:

﴿يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْاْ عَنْهُمْ فَإِن تَرْضَوْاْ عَنْهُمْ فَإِنَّ اللّهَ لاَ يَرْضَى عَنِ الْقَوْمِ الْفَاسِقِينَ

“Sizin üçün and içirlər ki, onlardan razı qalasınız. (Bilin ki, siz də) onlardan razı qalsanız, şübhəsiz, Allah azğın qövmdən razı qalmayacaq.”

Nöqtələr

◘Əgər ötən ayədə münafiqlər onlara göz yumulmasını istəyirdilərsə, bu ayədə qəlb razılığı sorağındadırlar.

◘Münafiqlər üçün müsəlmanların qəlb razılığı əhəmiyyətsiz bir şey idi. Onlar bu yolla, sadəcə öz ictimai nüfuzlarını qorumağa çalışırdılar.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Xalqı qəzəbləndirmək bahasına Allahın razılığını arayan şəxsdən Allah razı qalar və xalqı da ondan razı salar. Allahı qəzəbləndirmək bahasına xalqın razılığını qazanmaq istəyən kəsdən Allah narazı qalar və xalqın da qəlbini ondan narazı edər.”[123]

Bildirişlər

1. Münafiqlər xalqın diqqətini cəlb etmək və öz mövqelərini qorumaq fikrindədirlər. Onları Allahın razılığı və tövbə maraqlandırmır.

2. Xalqın yox, Allahın razılığını düşünək. Xalqın razılığı bir o qədər də mühüm deyil. Ən mühümü Allahın bağışlaması və razılığıdır.

3. Allahın narazı qaldığı münafiqlərdən razı olanlar Allah yolundan uzaqlaşırlar.

4. Bəzən möminlərin razılığı Allahın razılığından fərqlənir.

5. Azğın kəsdən heç vaxt razı qalmayın.


 

Ayə 97:

﴿الأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلاَّ يَعْلَمُواْ حُدُودَ مَا أَنزَلَ اللّهُ عَلَى رَسُولِهِ وَاللّهُ عَلِيمٌ حَكِيمٌ

“Bədəvi ərəblər (peyğəmbər buyruqlarından xəbərsiz olduqları üçün) küfr və nifaqda daha tünd, Allahın Öz rəsuluna nazil etdiyinin hüdudlarını bilməməyə daha çox layiqdirlər. Allah biləndir və hikmət sahibidir.”

Nöqtələr

◘“Ərab” deyərkən bədəvi ərəblər nəzərdə tutulur. Bu sözün tək forması “ərəb” yox, “ərabi”-dir.

◘Ərabi olmaq odur ki, insan dini mədəniyyət və məktəb təlim-tərbiyəsindən uzaq olsun. Quranda “ərab” sözü on dəfə işlədilmişdir. Yalnız bir yerdə bu söz məzəmmətsiz zikr olunur.

◘Hədisdə deyilir: “Dinşünas olun. Çünki dərin dini düşüncəsi olmayan kəs ərabidir.” Digər bir hədisdə isə belə deyilir: “Bizim peyğəmbərimiz və yardımçılarımız ərəb, başqaları isə ərabidir.”[124]

◘Peyğəmbər dövrünün insanları iki zümrəyə ayrılırdı: şəhər əhli və bədəvilər. Ötən ayədə müsəlmanların Təbuk döyüşündəki qələbəsindən danışılırdı. Ola bilsin ki, bu ayədə bədəvi ərəblərin düşmən təsiri altında fitnə qoparma imkanı nəzərə çatdırılır.

Bildirişlər

1. Bədəvilik mədəniyyətdən və dini qaydalardan uzaqlığa səbəb olur.

2. İctimai mühit və insanın mədəniyyəti onun baxışına və mövqeyinə təsir göstərir.

3. Nadan və mədəniyyətdən uzaq insanlar bəzən kafirlərin və münafiqlərin əlində alətə çevrilir, hətta onlardan da tünd olurlar.

4. Küfr və nifaqın dərəcələri var.

5. Küfr və nifaq amillərindən biri bixəbərlikdir.

6. Dini biliklər zəruridir və onlardan xəbərsizliyimiz ərabi olmağımızla nəticələnir.

7. İlahi hədələrdən xəbərsiz olan cahil şəhər əhli bədəvilərdən də pisdir.

 

 

 

 

 

 

Ayə 98:

﴿وَمِنَ الأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ عَلَيْهِمْ دَآئِرَةُ السَّوْءِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ

“Bədəvilərdən bəziləri infaq etdiyini zərər sayan kəslərdir və sizin üçün pis hadisələr intizarındadırlar. Onlara nəsib olsun pis hadisə! Allah eşidən və biləndir.”

Nöqtələr

◘“Ğəramət” sözündən olan “məğrəm” sözü muğayat olmaq mənasını bildirir. Bir-birinə bağlı borclu və tələbkar “ğərim” adlanır. Borcu qaytarmaq üçün insana yanaşan borcluya “məğrəm” deyilir.

◘“Dairə” sözünün cəm forması olan “dəvair” sözü insanı öz ağuşuna almış hadisələrə deyilir.

Bildirişlər

1. Münafiq və ilahi hədlərdən xəbərsiz insan infaqı zərər sayır.

2. Münafiq həsədçildir və başqaları üçün yalnız pislik istəyir.

3. Başqalarına pislik istəyən özü pisliklə rastlaşar.

4. Allah insanın dediklərindən və xasiyyətlərindən agahdır.

 

Ayə 99:

﴿وَمِنَ الأَعْرَابِ مَن يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَاتٍ عِندَ اللّهِ وَصَلَوَاتِ الرَّسُولِ أَلا إِنَّهَا قُرْبَةٌ لَّهُمْ سَيُدْخِلُهُمُ اللّهُ فِي رَحْمَتِهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

“Amma bədəvi ərəblərdən bəziləri Allaha və qiyamət gününə imanlı kəslərdir. Onlar infaq etdiklərini Allaha yaxınlıq və peyğəmbərin duası üçün vasitə bilirlər. Agah olun ki, həmin infaqlar onlar üçün yaxınlıq səbəbidir. Tezliklə Allah onları Öz rəhmətinə daxil edər. Həqiqətən, Allah bağışlayan və mehribandır.”

Bildirişlər

1. Bir dəstəni məzəmət edərkən onların arasındakı yaxşıları nəzərdən qaçırmayaq.

2. Bədəvilik və ictimai mühit təkamül imkanını insanın əlindən almır.

3. İman infaq və aramlığa zəmin yaradır.

4. Allaha yaxınlıq üçün maddi imkanlardan bəhrələnək.

5. Sırf əməl yox, xalis niyyət Allaha yaxınlıq səbəbidir. Həm mömin infaq edir, həm də münafiq. Amma möminin infaqı mədh olunmuşdur.

6. Peyğəmbərin razılığını qazanmaq üçün iş görmək tövhid əqidəsinə zidd deyil.

7. İnfaq edən mömin peyğəmbərin duasına nail olur.

8. Mömin ilahi rəhmətə qərq olmuşdur. Münafiq isə acı hadisələrə qərq olmuş vəziyyətdədir.

9. Mədəni mühitdən uzaq olan bədəvi ərəblərin xalis niyyətlə etdikləri infaq daha çox dəyərləndirilir.

 

Ayə 100:

﴿وَالسَّابِقُونَ الأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالأَنصَارِ وَالَّذِينَ اتَّبَعُوهُم بِإِحْسَانٍ رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

“Mühacirlərdən, ənsardan və yaxşılıqda onlara itaət edənlərin öncüllərindən Allah razıdır. Onlar da Allahdan razıdırlar. Onlar üçün altından çaylar axan bağlar hazırlanmışdır və orada əbədidirlər. Budur böyük qurtuluş və feyz.”

Nöqtələr

◘Bu ayədə ilkin İslam dövrü müsəlmanları üç dəstəyə bölünmüşdür: İslam və hicrətdə öncüllər; Peyğəmbərə (s) və mühacirlərə yardımda öncüllər; onların yolunu davam etdirən arxada gələnlər.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Allah öncə müsbət keçmişli mühacirləri, sonra ənsar və köməkçiləri, daha sonra onların ardıcıllarını yada salır. Beləcə, hər bir dəstənin məqamı öz yerində bəyan olunmuşdur.”[125]

◘Müsəlmanların ümumi rəyinə görə, İslamı qəbul etmiş ilk qadın həzrət Xədicə olmuşdur. Bütün şiə və bəzi sünni mənbələrinin bildirdiyinə görə, İslamı qəbul etmiş ilk kişi Əli ibn Əbi-Talibdir (ə).[126] Həzrət Əlinin (ə) ilk iman gətirən kişi olduğunu hamı qəbul etsə də, bəziləri bildirirlər ki, on yaşlı növcavanın imanı ciddi deyil. Onların cavabında deməliyik ki, Həzrət İsa və həzrət Yəhya da uşaq vaxtı peyğəmbərliyə çatmışdı.

 

 

 

 

 

Bildirişlər

1. Yaxşı işdə öncüllük dəyərdir. Hərəkatlarda öncüllərin mövqeyi hifz olunmalıdır.

2. Mühacirlərin və ənsarın bir qismi ilahi razılıq əldə edə bilmir.

3. Keçmişdəkilərin hər baxışına yox, kamilliklərinə itaət dəyərdir.

4. Mömin Allahın qəzavü-qədərindən razı olarsa, Allah da ondan razı olar.

5. Behişt iman, öncüllük, hicrət, yardım və ehsan sayəsində əldə olunur.

 

Ayə 101: