A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


“De ki, əgər atalarınız, övladlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, topladığınız sərvət, kasadlığından qorxduğunuz ticarət, qəlbinizi isidən evlər sizin üçün Allah, Onun rəsulu və Allah yolunda cihaddan sevimli olsa, Allahın Öz (qəzəb) fərmanını gerçəkləşdirməsi intizarında olun. Allah itaətsiz qövmü hidayət etməz.”

Nöqtələr

◘Həzrət Əli (ə) bir dəstəyə buyurdu: “Nə üçün siz İslama yardım üçün Mədinəyə hicrət etmir, Peyğəmbərə (s) qoşulmursunuz?” Onlar dedilər: “Biz qardaşlarımız və qohumlarımızlayıq və öz evlərimizi qoruyuruq.”[24]

◘Bu ayədə adı çəkilən dəstələr bir nümunədir. Burada ata ilə yanaşı ana, oğulla yanaşı qız, qardaşla yanaşı bacı da nəzərdə tutulur.

Bildirişlər

1. İman dərəcəsi dünya və axirət kimi iki yol ayrıcında dayanarkən məlum olur.

2. Cihad İslamın sütunlarındandır və onun adı tövhid və nübuvvətlə yanaşı çəkilir.

3. Maddiyyat körpülərindən salamat keçmək üçün Allahla bağlılığı gücləndirmək lazımdır.

4. Ailə bağlılığı, maddi imkanlar cihada mane olmamalıdır. Cihadın qarşısını alan bağlılıq ilahi qəzəb doğurur. (Allahla dostluq yolunda hər şeydən və hər kəsdən keçmək lazım gəlir. Çünki dinin qorunması ailə rabitələrinin, iqtisadi mənafelərin hifzindən öndə gəlir.)

5. Dünyapərəst müsəlman kafir kimidir. Ayədə dünyapərəst müsəlmanlara kafirlər kimi müraciət olunur.

6. Rifah, firavan yaşayış həyat məqsədinə çevrildikdə insan süquta uğrayır. Belə bir yol onu Allah və Onun rəsulundan uzaqlığa, ilahi qəhr-qəzəbə aparır.

7. Məsuliyyətdən qaçan dünyapərəstlər ilahi hidayətə nail olmurlar.

8. Maddiyyatı mənəviyyatdan üstün tutmaq günah nişanəsidir.

 

Ayə 25:

﴿لَقَدْ نَصَرَكُمُ اللّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ وَيَوْمَ حُنَيْنٍ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُم مُّدْبِرِينَ

“Həqiqətən, Allah bir çox məqamlarda sizə yardım etmişdir. Hüneyn günü də (sizə yardım edildi), o zaman ki, qoşununuzun çoxluğu sizi qürrələndirdi. Amma bu say çoxluğunun sizə heç bir faydası olmadı. Yer bütün genişliyi ilə sizə dar gəldi. Düşmənə arxa çevirib qaçdınız.”

Nöqtələr

◘Ötən ayələrdə cihada təşviq, dünyəvi bağlılıqlar məsələsinə toxunuldu. Bu ayədə ilahi lütf və yardımlar yada salınır və bununla da cihad amili gücləndirilir.

◘Bu ayədə “Məvatinə kəsirə” təbiri ilə yad edilən Peyğəmbər (s) döyüşlərinin sayı 80-ə çatır.[25] Nəql olunur ki, Mütəvəkkil Abbasi xəstələndiyi vaxt sağalması üçün çoxlu dirhəm (pul) nəzir edir. Mütəvəkkil sağaldıqdan sonra bu miqdarı təyin etməkdə çətinlik çəkir və İmam Hadiyə (ə) bu barədə sual ünvanlayır. İmam Hadi (ə) haqqında danışılan ayəyə istinad edərək Mütəvəkkilə 80 dirhəm nəzir verməyi tövsiyə edir.[26]

Hüneyn döyüşünün siması

◘Hüneyn döyüşü Taif yaxınlığındakı bir məntəqədə baş verdi. Bu döyüşdə müsəlmanlar Həvazən qəbiləsi ilə qarşılaşmışdılar. Elə bu səbəbdən də həmin döyüşə Həvazən döyüşü də deyilir.

Hicri 8-ci ildə Peyğəmbər (s) bu qəbilənin fitnəsinin qarşısını almaq üçün həmin məntəqəyə qoşun yeritdi. Məkkəni fəth etmiş on minlik qoşun İslamı yenicə qəbul etmiş başqa iki min nəfərlə birlikdə həmin məntəqəyə yola düşdü.

Döyüş sübh namazından sonra başladı. Həvazən qəbiləsinin qəfil hücumuna tuş gəlmiş müsəlmanların bir çoxu qaçmağa başladı. İslam qoşunundakı nizam pozuldu. Amma böyük çətinlikdən sonra qaçanları saxlayıb yenidən hücuma keçmək mümkün oldu. Allahın yardımı ilə Hüneyn döyüşü müsəlmanların qələbəsi ilə başa çatdı. Bu döyüşdə 100 müşrik öldürüldü, qalanları təslim oldu, böyük qənimətlər ələ keçirildi. Bu döyüşdəki əsirlərin sayı, qənimətin miqdarı və necə bölünməsi məsələləri ilə daha ətraflı tanış olmaq üçün tarix kitablarına müraciət etmək lazımdır.

Bildirişlər

1. İlkin İslam dövründə döyüşlərdə əldə olunan qələbələrin səbəbi ilahi yardım idi.

2. İlahi mərhəmətlərin xatırlanması ruhiyyə və imanı gücləndirən amillərdəndir.

3. Hüneyn döyüşünün böyük əhəmiyyəti vardır.(“Məvatinə kəsirə” təbiri Hüneyn döyüşünə da aiddir. Amma xüsusi əhəmiyyət daşıdığından ayrıca qeyd olunmuşdur.)

4. Bəzən cəmiyyətin və maddi imkanların çoxluğu insanı qürrələndirir, onu qəflətə uğradır və məğlubiyyətlə nəticələnir.

5. Bütün hallarda ilahi yardımlara ehtiyac var. Bədr döyüşündə azsaylı, Hüneyn döyüşündən isə çoxsaylı müsəlmanlara ilahi yardım nazil oldu.

6. İlahi iradə olmayan yerdə maddi vasitələr təsirsizdir.

7. Bəzən bəndəlik və təvazökarlıq ruhiyyəsinin yaranması üçün zəif nöqtələr üzə çıxarılır. Zəiflik üzə çıxdıqda qürura yer qalmır.

 

Ayə 26:

﴿ثُمَّ أَنَزلَ اللّهُ سَكِينَتَهُ عَلَى رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنزَلَ جُنُودًا لَّمْ تَرَوْهَا وَعذَّبَ الَّذِينَ كَفَرُواْ وَذَلِكَ جَزَاء الْكَافِرِينَ

“Sonra Allah Öz peyğəmbərinə və möminlərə aramlıq nazil etdi. Görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirləri əzaba saldı. Bu, kafirlərin cəzasıdır.”

Nöqtələr

◘Qurani-kərimdə “Səkinə” sözü altı yerdə işlədilmişdir. Bunlardan beşi döyüşlə bağlı ayələrə təsadüf edir.

◘Hüneyn döyüşündə Allah möminlərə dörd şeyi lütf buyurdu: “Səkinə (aramlıq), görünməyən döyüşçülər, kafirlərə qəzəb, fərarilərin tövbəsinin qəbulu. (Növbəti ayədə bu nöqtəyə toxunulacaq.)

◘Bəzi kafir əsirlər müsəlmanlardan soruşurdular: “Bizi öldürən ağ libaslılar haradadır?”[27] Onlar kafirlərin gözünə ağ libasda görünən mələkləri nəzərdə tuturdular.

Bildirişlər

1. Döyüşçülərin cəbhədə büdrəməsi qeybi yardımların kəsilməsinə səbəb olmur.

2. Qeybi yardımlar müsəlmanların qələbə rəmzidir.

3. Yaxşı əhval-ruhiyyə, imandan doğan arxayınlıq döyüşdə qələbənin əsas səbəblərindəndir.

4. Aramlıq və arxayınlıq həm rəhbərə, həm də onun ardıcıllarına lazımdır. Peyğəmbəri narahat edən ətrafdakıların qaçması, xalqı narahat edən isə qorxu hissi idi.

5. Möminlərdəki ruhi aramlıq Allah tərəfindən idi.[28]

6. Döyüşdə möminlərə yardım üçün mələklərin iştirakı Qurandan doğan bir əqidədir.

7. Öldürülmək yaranış və məada imanı olan insan üçün iftixar, kafirlər üçün isə əzabdır.

8. Bütün kafirlərin aqibəti məğlubiyyət və zillətdir.

 

Ayə 27:

﴿ثُمَّ يَتُوبُ اللّهُ مِن بَعْدِ ذَلِكَ عَلَى مَن يَشَاء وَاللّهُ غَفُورٌ رَّحِيمٌ

“Sonra Allah bunun (fərariliyin) ardınca istədiyinə Öz lütfünü nazil edər. (Fərarilərin tövbəsini qəbul edər.) Allah bağışlayan və mehribandır.”

Nöqtələr

◘“Tövbə” dedikdə nəyin nəzərdə tutulması barədə bir neçə ehtimal var: cəbhədən fərarilik günahından tövbə; şirkdən tövbə; qürurdan, cəmiyyətin çoxluğuna arxayınçılıqdan tövbə.

Bildirişlər

1. Tövbə qapıları həmişə və hamının üzünə açıqdır. Hətta kafir əsirlər və fərarilər də tövbə edə bilərlər. (Felin indiki zaman forması davam bildirir.)

2. Tövbənin qəbulu Allaha vacib deyil. Allah-təala bir fəzl olaraq tövbəni qəbul edir və bu iş Onun hikmətindən qaynaqlanır.

3. Allah-təala həm günahları örtür, həm də insanı sevir.

 

Ayə 28:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلاَ يَقْرَبُواْ الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَـذَا وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللّهُ مِن فَضْلِهِ إِن شَاء إِنَّ اللّهَ عَلِيمٌ حَكِيمٌ

“Ey iman gətirənlər! Şübhəsiz, müşriklər çirkin və murdardırlar. Gələn ildən Məscidül-hərama yaxınlaşmamalıdırlar. Əgər (kafirlərlə alış-verişin kəsilməsi ilə bağlı) yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) əgər Allah istəsə, tezliklə Öz fəzli ilə sizi ehtiyacsız edəcək. Həqiqətən, Allah agahdır və hikmət sahibidir.”

Nöqtələr

◘Hicrətin 9-cu ili həcc mərasimində Həzrət Əlinin (ə) müşriklərə oxuduğu dörd göstərişdən biri bu idi ki, növbəti ildən müşriklər Məscidül-hərama daxil ola bilməzlər.

Bildirişlər

1. Şirk murdarlıqdır. Gerçək paklıq iman sayəsində mümkündür.

2. Mömin insan qəlbində müşrikə qarşı nifrət hissi duymalıdır.

3. Dini hökmləri utancaqlıqla yox, qətiyyətlə yerinə yetirmək lazımdır.

4. Proqram və baxışın elanında icra gücümüzü nəzərə alaq. (Müşriklər elə əvvəlcədən çirkin idilər. Amma müsəlmanlar yalnız qüdrətə çatdıqdan sonra bəraət elan etdilər.)

5. Girişə yaxınlaşmaq daxil olmağa şərait yaratdığından, müşriklər müqəddəs yerlərə yaxınlaşmamalıdır.

6. Qurani-kərimdə bəzi qadağaların fəlsəfəsi bəyan olunmuşdur.

7. Müqəddəslik baxımından yer üzünün ayrı-ayrı hissələri bir-birlərindən fərqlənir.

8. Müxaliflərlə keçinib, onlara möhlət verək.

9. Göstəriş və proqramlarda onların doğuracağı reaksiya və nəticələrə qarşı diqqətli olaq.

10. İqtisadi sıxıntılar bizi dinimizə biganələşdirməsin.

11. İctimai nigarançılıq yarandıqda xalqa ümid və təvəkkül ruhiyyəsi verilməlidir.

12. Ruzimiz başqalarının yox, yalnız Allahın əlindədir.

13. Əqidəyə görə kafirlərlə iqtisadi əlaqələri kəsdikdə narahat olmayaq.

14. Xalqın razılığında rəhbərliyin zirəkliyindən, müdiriyyətindən çox, Allahın fəzl və mərhəməti rol oynayır.

15. Dini hökmlər ilahi elm və hikmətə əsaslanır.

 

Ayə 29:

﴿قَاتِلُواْ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِاللّهِ وَلاَ بِالْيَوْمِ الآخِرِ وَلاَ يُحَرِّمُونَ مَا حَرَّمَ اللّهُ وَرَسُولُهُ وَلاَ يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ حَتَّى يُعْطُواْ الْجِزْيَةَ عَن يَدٍ وَهُمْ صَاغِرُونَ

“Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Onun rəsulunun haram etdiyini haram saymayan, haqq dinə boyun əyməyən kitab əhli ilə, onlar xar və zəlilcəsinə öz əlləri ilə cizyə verənədək vuruşun.”

Nöqtələr

◘Ötən ayələrdə müşriklərin murdarlığından və onlarla savaşdan danışıldı. Bu ayədə qarşısında döyüş və ya cizyə ödəmək kimi iki yol olan kitab əhli ilə rəftar qaydası bəyan olunur.

◘Müsəlmanlar xüms və zəkat ödəməklə İslam dövlətinə kömək edib onun xidmətlərindən faydalandıqları kimi, kitab əhli də cizyə adlı bir məbləğ ödəməklə bu hakimiyyətin himayəsinə sığınırlar.

Cizyənin miqdarı müsəlmanların rəhbəri tərəfindən təyin olunur. Əlbəttə, bu miqdarı ödəmək kitab əhlinə çətin gəlməlidir.

İmam Sadiq (ə) buyurmuşdur: “Əgər cizyə miqdarı az olsa, onu ödəyib-ödəməməyin fərqi olmaz və bu ödənc həqarət doğurmaz.”[29]

◘Kitab əhli hansısa şəkildə Allaha və qiyamət gününə inansa da, ayə onların gerçək iman gətirmədiyini bildirir. Çünki Quran ilahi maarifin bir hissəsini qəbul edib, o biri hissəsini inkar edənləri kafir sayır.[30] Eləcə də, xurafata qatışmış etiqadlar küfr sayılır.[31]

Bildirişlər

1. Kitab əhli öz peyğəmbərlərinin göstərişlərinə əməl etməsə günahkar sayılır.

2. Haqq din yalnız İslamdır. Digər dinlərdə təhrif və xurafata yol verildiyindən onlar həqiqi sayılmır.

3. Kitab əhlindən olan və iman gətirməyən kafirlərlə iki şəkildə rəftar etmək olar: döyüş və ya cizyə ödənməsi.

4. Kitab əhlindən illik vergi alınması zəruridir. Bu vergi ciddi tələb edilməli və nağd ödənməlidir. Qarşı tərəf bu vergini mütiliklə ödəməlidir.

5. İslam hökuməti elə bir qüdrətə sahib olmalıdır ki, başqaları asanlıqla təslim olsun.

6. Dini azlıqlar İslam hakimiyyətinə tabe olub, onun himayəsinə sığınmalıdırlar.


 

Ayə 30:

﴿وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللّهِ وَقَالَتْ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللّهِ ذَلِكَ قَوْلُهُم بِأَفْوَاهِهِمْ يُضَاهِؤُونَ قَوْلَ الَّذِينَ كَفَرُواْ مِن قَبْلُ قَاتَلَهُمُ اللّهُ أَنَّى يُؤْفَكُونَ

“Yəhudilər deyirdilər: “Üzeyir Allahın oğludur.” Məsihilər isə deyir: “Məsih (İsa) Allahın oğludur.” Onların ağızlarına aldıqları bu sözlər öncə kafir olanların sözlərinə oxşayır. (Onlar deyirdilər: “Mələklər Allahın qızlarıdır”) Onları Allah öldürsün! Necə də üz döndərirlər!”

Nöqtələr

◘“Üzeyir” “Əzra” sözünün ərəbləşmiş formasıdır. Necə ki, “İsa” “Yəsu”, “Yəhya” “Yuhanna” sözündən düzəlmişdir.

Üzeyir böyük yəhudi alimlərindən idi. Ona “yəhudilərin xilaskarı” ləqəbi verilmişdi. Çünki Büxtün-Nəsr tərəfindən xalqın qırğını və məbədlərin xaraba qoyulub, Tövratın yandırılmasından, qadınların əsir götürülüb Kuvroş tərəfindən Babilin fəth edilməsindən sonra Üzeyir Kuvroşun yanına gəlib yəhudilərə himayə istədi.

◘Bu ayə “kitab əhli Allaha və qiyamətə iman gətirməmişdir” ayəsini bir növ izah edir.

◘Tədqiqatçıların nəzərincə, Tövrat və İncil Budda, Brahma və yunan xurafatları ilə qatışdırılmışdır. İncildəki bir çox əhvalatlar eynən budda və Brahma məzhəblərində mövcuddur. Bu günkü yəhudilər Üzeyiri Allahın oğlu saymasalar da, İslam peyğəmbərinin dövründə belə bir etiqad vardı. Məhz bu inanclarına xatir həzrət Peyğəmbər (s) onlardan soruşmuşdu: “Musanın məqamı daha üstün olduğu halda nə üçün onu Allahın oğlu saymırsınız?” Təbii ki, onlar bu suala cavab tapmamışdılar.[32]

Bildirişlər

1. Yəhudilərdən bir dəstəsi Üzeyiri Allahın oğlu saydığı və digər bir dəstənin də onların bu işi müqabilində susduğu üçün uyğun büdrəmə onların hamısına aid edilir.

2. Dini və ilahi şəxsiyyətlər haqqında uydurma yolverilməzdir.

3. Yəhudilərin və məsihilərin əqidələri xurafatla qarışmışdır.

4. Müşriklər bütləri Allahın şəriki, mələkləri Onun qızları sayırdılar. Yəhudilər və məsihilər isə Üzeyir və İsanı Allahın oğlu kimi qəbul edirdilər. Bu baxımdan onların sözləri kafirlərin sözlərinə oxşayırdı.

5. Yəhudi və məsihi dinlərindəki xurafatın kökü qədim kafirlərin əqidəsindəndir.

 

Ayə 31:

﴿اتَّخَذُواْ أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِّن دُونِ اللّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُواْ إِلاَّ لِيَعْبُدُواْ إِلَـهًا وَاحِدًا لاَّ إِلَـهَ إِلاَّ هُوَ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ

“(Kitab əhli) öz alimlərini, rahiblərini, Məryəm oğlu Məsihi Allah əvəzinə məbud götürdülər. Halbuki Allahdan qeyri bir məbuda pərəstiş etməmək göstərişi almışdılar. Allah Ona şərik qoşulan hər bir şeydən pakdır.”

Nöqtələr

◘“Hibr” sözünün cəm forması olan “əbvar” sözü alim, “rahib” sözünün cəm forması “röhban” sözü tərki-dünya mənasını bildirir. Bu şəxslər bütün müqəddəsliklərinə baxmayaraq, məbud yox, bəndədirlər.

◘Rahiblərə qeyd-şərtsiz itaət bir növ onlara pərəstişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs günah yolunda bir başqasına tabe olsa, ona pərəstiş etmişdir.”[33]

◘İmam Sadiq (ə) buyurmuşdur: “Kitab əhli namaz və orucu alimlərinə xatir yerinə yetirmirdi. Sadəcə, onların alimləri haramları halal, halalları haram etmişdilər və xalq onlara itaət edirdi.[34]

◘Müşriklər Allaha şərik qoşduqları üçün qiyamət günü peşman olacaqlar.[35]

Bildirişlər

1. Allahdan qeyrisinə qeyd-şərtsiz itaət bir növ həmin ünvana ibadətdir.

2. İstənilən bir formada insana pərəstiş etmək şirkdir. Heç bir şəxsiyyət büt olmamalıdır.

3. Düşüncə və məqsədi yalnız Allah olan məsum peyğəmbər alimlərdən fərqlənir. Ona görə də həzrət Məsihin adı ayrıca qeyd olunur.

4. Sevgilərin, dostluqların, itaətlərin həddi olmalıdır. Vəhyə əsaslanmayan istənilən bir quruluş, qütb, məqsəd, mürşid və ya təşkilata itaət şirkdir.

5. Tövhiddən şirkə büdrəmə təhlükəsi həmişə olmuşdur.

6. Qanun vermək yalnız Allahın haqqıdır. Qeyri-ilahi qanun qəbul edənlər İslam çərçivəsindən xaricdirlər.

7. Peyğəmbərlərə münasibətdə ifrata varmaq, onlara pərəstiş etmək və ya onları Allahın övladı adlandırmaq şirkdir.

 

Ayə 32:

﴿يُرِيدُونَ أَن يُطْفِؤُواْ نُورَ اللّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللّهُ إِلاَّ أَن يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

“Onlar Allahın nurunu ağızları ilə keçirmək istəyirlər. Amma Allah, kafirlər narahat olsalar da belə, Öz nurunu kamala çatdırmaq əzmindədir.”

Nöqtələr

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Allah-təala yer əhlinə nəzər salıb məni seçdi. İkinci dəfə nəzər salıb Əli ibn Əbi-Talibi ayırdı. Məndən sonra yer üzünün nuru odur.” Sonra həzrət (s) bu ayəni tilavət etdi.[36]

Bildirişlər

1. Düşmənlərin fitnəkarlığı daimidir.

2. İslam hökmləri və Allahın dini bir nur, nur isə öz növbəsində həyat qaynağıdır.

3. Kafir dəstələri fərqli səylər göstərsələr də, onların son məqsədi din nurunu söndürməkdir.

4. Kafirlərin dinlə mübarizəsi günəşi üfürmək kimidir.

5. Din düşmənlərinin əsas fəaliyyəti təbliğat üzərində qurulmuşdur.

6. Əgər peyğəmbərin dilindən İslam nidası nurdursa, onun imamət şəklində davamı nurun tamamlanmasıdır.

7. Allah haqq tərəfdarlarına qələbə vəd etmişdir.

8. Allah din nurunu nəinki hifz edir, hətta genişləndirir.

9. Kafirlər bilsinlər ki, onlar dinə qarşı çıxmaqla Allahın qəti iradəsinə qarşı çıxmışlar. İslam məktəbinə qarşı istənilən bir səy məğlubiyyətə məhkumdur.

10. İslam əbədi məktəbdir, onun müxalifləri kafirdirlər.

11. Allah kafirlərə xoş gəlməsə də, Öz peyğəmbərini razı salmaq istəyindədir. (Allah İslam Peyğəmbərinin (s) razılığına xatir qibləni dəyişdi.)

 

 

 

 

 

 

 

Ayə 33:

﴿هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

“(Allah) O kəsdir ki, Öz peyğəmbərini müşriklərin narahatçılığına baxmayaraq bütün dinlərə qalib gəlmək üçün hidayət və haqq dinlə göndərdi.”

Nöqtələr

 ◘Bu ayə “Fəth” (ayə 28) və “Səff” (ayə 9) surələrində də zikr olunmuşdur.

◘İslam məntiq baxımından həmişə qalib olsa da, bu ayə İslamın bütün dünyaya real hakimiyyətini vəd edir. Çünki digər ayələrdə də “Zəhərə” sözü istila mənasında işlədilmişdir.[37]

◘Bu vəd hələlik həyata keçməsə də, Allahın vədi qətidir və bir çox rəvayətlərdə bildirildiyi kimi, həzrət Mehdinin (ə) zühuru ilə həyata keçəsidir.

◘Həzrət Mehdinin (ə) qiyamı bir çox şiə və sünni mənbələrində nəql olunmuş həqiqətdir. Bu həqiqət müsəlmanların prinsipial etiqadlarındandır. Amma bəziləri, o cümlədən vəhhabilər bu əqidənin şiələr tərəfindən uydurulduğunu iddia edirlər.[38]