A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


◘“Bələə” dedikdə udmaq, “əqlii” dedikdə geri çəkilmək, “ğiz” dedikdə cəzb olmaq və suyun azalması başa düşülür.

◘“Cudi” dedikdə ya mütləq bir dağ, ya da bu adı daşıyan hansısa bir dağ nəzərdə tutulur. Bu dağın harada yerləşməsi barədə müxtəlif fərziyyələr var. Tədqiqatçıların bu dağla bağlı ehtimal etdiyi məntəqələri nəzərdən keçirək: İraqın Mosul məntəqəsi, Şam ətrafı, Mosulla Əlcəzairin arası, Ərəbistan, Türkiyədə Ağrı dağı silsiləsi.

◘Rəvayətlərdə bildirilir ki, Nuhun gəmisi altı ay suda qaldı. Məkkə və Hicaz məntəqələrindən ötüb nəhayət Allahın əmri ilə çəkilib getdi. (“Təhzibul-əhkamdakı” bir hədisə əsasən, su bu günkü Kufə məscidinin yerində soruldu.) İmam Sadiq (ə) buyurmuşdur: “Nuhun gəmisi novruz günü dağa oturdu.”[370]

Bildirişlər

1. Göyün və yerin şüuru var. Allah onlara xitab edir, onlar da itaət göstərirlər. Göy və yer Allaha ikrah yox, rəğbətlə itaət göstərirlər.[371]

2. Zalım həlak olduqdan sonra da lənətlənməlidir.

 

Ayə 45:

﴿وَنَادَى نُوحٌ رَّبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابُْنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنتَ أَحْكَمُ الْحَاكِمِينَ

“Sonra Nuh öz Rəbbini çağırıb dedi: “Pərvərdigara! Həqiqətən, oğlum mənim ailəmdəndir və əlbəttə ki, Sənin (ailəmi xilas etməklə bağlı) vədin haqdır. Sən hakimlərin üstünüsən.”

Nöqtələr

◘Allah-təala Nuhun ailəsinə qurtuluş vəd etmişdi.[372] Nuh güman edirdi ki, yalnız onun zövcəsi məhvə məhkumdur. Bu səbəbdən də öz oğlunu gəmiyə dəvət etməsi və Allahdan oğlu üçün qurtuluş diləməsi təbii idi.

◘Nuh öz oğlunun kafir olacağını bilsəydi, onun üçün dua etməzdi. Çünki o həddi aşmış zövcəsi üçün də dua etməmişdi. Ola bilməzdi ki, yer üzünün kafirlərinə nifrin edən Nuh kafir oğlu üçün qurtuluş diləyə![373]

Bildirişlər

1. Allaha üz tutub Ona dua edərkən ədəbli olmaq lazımdır. Həzrət Nuh “vəd etdiyin halda nə üçün oğluma nicat vermirsən” deyə etiraz etmədi. Nuh Allahı ən üstün hakim saydığını qeyd etməklə kifayətləndi.

2. Əgər ilahi yardım olmasa, Allahın övliyaları da səhvə yol verə bilər. Adəmin yaranış əhvalatında hətta mələklər də onu tanıya bilmədi. Onlar Adəmin yaranışını fəsad törədib qan tökən bir varlığın yaranışı kimi zənn etdilər. Allahın yetərli cavabı onları razı saldı.

 

Ayə 46:

﴿قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ فَلاَ تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنِّي أَعِظُكَ أَن تَكُونَ مِنَ الْجَاهِلِينَ

“(Allah cavab olaraq) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyil. O, qeyri-saleh əməl sahibidir. Bilmədiyin şeyi məndən istəmə. Həqiqətən, Mən sənə moizə edirəm ki, cahillərdən olmayasan.”

Nöqtələr

◘Peyğəmbər haqqında işlədilmiş “fəla təsəlni” (Məndən istəmə) təbiri gerçək bir istəyə işarə deyil. Çünki həzrət Nuh növbəti ayədə bilmədiyi şeyi istəməkdən Allaha pənah aparır. Nuh elə düşünürdü ki, oğlu haqq əhlidir. Allah isə Nuhun övladı haqqında həqiqəti bildirir.

◘Peyğəmbər (s) və məsum imamlardan nəql olunmuş bir çox rəvayətlərdə “ləysə minna”, yəni “bizdən deyildir” təbiri qeyd olunur. Bu təbirin bəzi nümunələrini nəzərdən keçirək: Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs bir müsəlmana xəyanət etsə, bizdən deyil.” Digər bir rəvayətdə həzrət (s) buyurur: “Xalq bir şəxsə ondan qorxduğu üçün hörmət göstərərsə, o şəxs məndən deyil.” Başqa bir hədisdə oxuyuruq: “Hər kəs sübh vaxtı müsəlmanlara xidmət fikrində olmasa, müsəlman deyil.”

Sual: “Təhrim” surəsinin 10-cu ayəsində Nuh və Lutun zövcələri haqqında “onlar xəyanət etdilər” deyə buyurulur. Burada isə belə bəyan edilir: “Ey Nuh! Övladın sənin əhlindən deyil.” Bu o demək deyilmi ki, Nuhun övladı zinadan yaranmışdır?

Cavab: Əvvəla, Nuhun zövcəsinin ona xəyanəti peyğəmbərin sirlərinin kafirlərə açılmasından ibarət idi. İkincisi, ayədə Nuhun oğlunun nöqsanı onun qeyri-saleh olması bildirilir.

Bildirişlər

1.Əqidə bağlılığı ailə və qohumluq bağlılıqlarından üstündür. (Başqa diyardan olan Səlman, Peyğəmbərin (s) əhli-beyti sayıldığı halda, Peyğəmbərin (s) əmisi Əbu-Ləhəb lənətlənir.) (Nuhun nifrini ilə qərq olanlar başqa bir səbəbdən yox, imansızlıqlarına görə cəzalandılar)

2. Bəzən insan xeyir və şərə elə qatılır ki, sanki həmin əməlin bir parçası olur.

3. Peyğəmbərlərin də Allah moizəsinə ehtiyacları var. (Allah Öz peyğəmbərlərini həssas məqamlarda oyadır və hifz edir.)

4. Cahil işlərdən çəkinmək lazımdır. (Allahdan hikmətsiz bir şey istəmək cahillikdir.)

 

 

Ayə 47:

﴿قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَإِلاَّ تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُن مِّنَ الْخَاسِرِينَ

“(Nuh) Dedi: “Pərvərdigara! Bilmədiyim şeyi istəməkdən Sənə pənah aparıram. Əgər (bu istəyi) mənə bağışlamasan və rəhm etməsən, ziyankarlardan olacağam.”

Bildirişlər

1. Peyğəmbərlər Allaha dərhal təslim olur.

2. Dualarımızda “Rəbb” çağırışını yaddan çıxarmayaq.

3. Allaha pənah aparmaq çətinliklər zamanı insan üçün ən üstün sığortalanmadır.

4. Allahın moizələri qarşısında ədəbli və təvazökar olaq.

5. Bir şeyin yaxşı-pisliyini  bilmədikdə Allahdan onu istəməyək.

6. Yersiz sual və sözə görə tövbəyə ehtiyac var. (Əgər peyğəmbərlər yersiz istəyə görə Allaha pənah aparırsa, daim Allahdan yersiz şeylər istəyən bizlər nə etməliyik?)

7. Öncə bağışlanmaq, sonra rəhmət əldə etmək!

8. Əsl zərər bağışlanmamaqdır.

9. İnsanlar, hətta peyğəmbərlər Allahın lütfü olmadan məqsədə çata bilməzlər. Allahın mərhəmətindən məhrum olan kəs ziyankardır.

 

Ayə 48:

﴿قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلاَمٍ مِّنَّا وَبَركَاتٍ عَلَيْكَ وَعَلَى أُمَمٍ مِّمَّن مَّعَكَ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌ

“Nuha xitab olundu: “(İndi) sənə və səninlə olan bütün ümmətlərə tərəfimizdən salamatlıq və bərəkətlə aşağı en. Tezliklə ümmətləri nemətlərdən bəhrələndirəcəyik. (Amma) sonra (küfr və günaha) görə tərəfimizdən onlara dərdli əzab çatacaq.”

Nöqtələr

◘“Hubut”, yəni “en” göstərişi həm həzrət Adəmə, həm də həzrət Nuha ünvanlanmışdır. Bunun ardınca xalq mömin və kafir olmaqla iki dəstəyə bölünür.

◘Nuhla olan ümmətlər dedikdə, ya onun sonralar qəbilələr təşkil edən hər bir yoldaşı, ya da bir qəbilədən olan və gəmiyə minən möminlər başa düşülür. “Uməmun” dedikdə, həzrət Nuhun özü ilə götürdüyü heyvanlar nəzərdə tutula bilər. Çünki Quranda canlılar “uməmun əmsaləkum” adlandırılmışdır.[374] Yəni heyvanlar da insanlar kimi bir ümmətdir.

Bildirişlər

1.Əzəmətli seldən sonra yer üzündə həyat iki təhlükə ilə üzləşdi: Bunlardan biri “səlam” sözü ilə torpağın aradan qaldırılan çirkabı, digəri bərəkət vədi ilə bərpa edilən bitkilərin məhvi idi.

2. Əgər Allah bəzən moizə və xəbərdarlıq edirsə, hətta atanın gözü qarşısında övladı batırırsa, bəzən də Öz salam və bərəkətini nazil edir.

3. Salamatlıq və bərəkət möminin əldə etdiyi ilahi nemətlərdəndir. Kafir isə yalnız dünya matahı əldə edir. Demək hər matah nemət və bərəkət deyil. Nemət odur ki, sonu xeyirlə başa çatsın.

4. Allah kafirlərə dünya malını əsirgəmir.

5. Öncə nemət və möhlət vermək, sonra mükafatlandırmaq və ya cəzalandırmaq ilahi sünnə, qanundur.

6. Həm mehr, həm də qəhr Allahdandır.

7. Allah gəmiyə süvar olmuş möminlərdən kafir ümmətlərin yaranacağını Nuha xəbər verdi.

 

Ayə 49:

﴿تِلْكَ مِنْ أَنبَاء الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ مَا كُنتَ تَعْلَمُهَا أَنتَ وَلاَ قَوْمُكَ مِن قَبْلِ هَـذَا فَاصْبِرْ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ

“(Ey peyğəmbər,) bunlar sənə vəhy etdiyimiz qeybi xəbərlərdəndir. Bundan öncə nə sən, nə də sənin qövmünün bundan xəbəri vardı. Səbir et ki, həqiqətən, aqibət, (qələbə) müttəqilər üçündür.”

Nöqtələr

Quranda Nuhun siması;[375]

◘Həzrət Nuhun adı Quranda qırx dəfə yad olunsa da onun anadan olduğu yer, peşəsi, vəfatı və dəfn yeri haqqında məlumat verilmir. Çünki bəşəriyyət üçün Nuhun həyat tarixçəsi yox, rəftarları ibrətdir.

◘Həzrət Nuhun əhvalatı Quranın altı surəsində zikr olunmuşdur: “Əraf”, “Hud”, “Muminun”, “Şuəra”, “Qəmər”, “Nuh”. Bu əhvalat, “Hud” surəsində daha ətraflı bəyan olunmuşdur.

◘Nuh ilk ülul-əzm peyğəmbərdir. Onun ümumbəşəri risaləti, kitabı və şəriəti vardı.

Həzrət Adəmdən sonra bu ülul-əzm peyğəmbərin besəti şirk, bütpərəstlik və zülmün genişlənmə dövrünə təsadüf edir. Nuhun proqramını tövhid, namaz, əmr be məruf və nəhy əz münkər, ədalət və sədaqət mövzuları təşkil edirdi.

◘Həzrət Nuhun risalət müddəti doqquz yüz əlli il olmuşdur. Sonra Allah ona dəvətinin qəbul olunmayacağını bildirdikdə, Nuh məyus oldu və nifrin etdi. Nəticədə Nuhun zövcəsi və övladı kafirlərlə birlikdə qərq oldu.

◘Həzrət Nuh bəşərin ikinci atası, Adəm, və İdris peyğəmbərdən savay bütün peyğəmbərlərin atası seçildi.[376] Allah ona salam göndərdi.[377]

◘Həzrət Nuhun əhvalatı azca fərqlə Tövratda nəql olunmuşdur. Kəldanilərin, hindilərin, çinlilərin, yunanların, farsların kitabları zalım və günahkar xalqın Allahın qəzəbinə gəlməsini Nuhun tufanının səbəbi kimi göstərir. Zərdüştilərin müqəddəs kitabı Avestada bütün insanları qərq edəcək tufandan danışılır. Cəmşidə vəhy olunur ki, hündür bir divar ucalt, saleh kişiləri və qadınları, eləcə də hər heyvandan bir cütünü orada yerləşdir.

◘Həzrət Nuhun risaləti ümumbəşəri idi. Nifrini ilə bütün kafirlərin qərq olması onun peyğəmbərlik əhatəsini sübut edir. Əgər həzrət Nuh bir məntəqəyə peyğəmbər göndərilsəydi, gəmiyə hər heyvandan bir cüt götürməyə ehtiyac qalmazdı. Şübhəsiz, ki, bu iş yer üzündə heyvan nəslinin qorunması üçün idi. (Əl-minar” təfsirində iddia olunur ki, həzrət Nuh bir məntəqəyə peyğəmbər göndərilmişdir. Amma “əl-mizan” təfsiri bu iddianı qətiyyətlə rədd edir.)

◘Həzrət Nuhun əhvalatı min illik bir tarixdir. Bu tarixdə yer üzünü əhatə edən sel, bir nəslin məhvi və yeni bir cəmiyyətin bünövrəsinin qoyulması, haqqın batilə qələbəsi, peyğəmbər nifrinin qəbulu, əqidəyə görə ata ilə oğul arasında rabitənin kəsilməsi, varlıq aləminin Allah göstərişinə təslim olması, heyvan nəslinin qorunması, gəmiqayırma mövzuları özünə yer almışdır.

◘Bu əhvalat göstərir ki, insan peyğəmbər moizələrinin təsir etmədiyi bir səviyyəyə alçala bilər. Bu sayaq alçalmış insan peyğəmbər ardıcıllarını əskik sayıb, Allahın qəzəbindən dağa sığınmaq fikrinə düşür!

Bildirişlər

1. Quran bəşər tarixi ilə tanış olmaq üçün ən üstün mənbədir.

2. Tarixin bir çox səhnələri bəşər üçün qaranlıqdır. Bunlardan biri də həzrət Nuhun tarixidir.

3. İslam Peyğəmbəri (s) və xalqın həzrət Nuhun tarixi ilə tanış olmaq üçün vəhydən başqa yolu yox idi.

4. Ən dəqiq və ən faydalı məlumatı vəhy yolu ilə əldə etmək olar. Çünki vəhy heç bir kənar təsirin dəyişmədiyi sonsuz elm çeşməsidir.

5. Peyğəmbərlər yalnız Allahın istədiyi həddə qeyb elmindən xəbərdardırlar.

6. Ötən peyğəmbərlərin tarixi və taleyi növbəti rəhbərlər üçün böyük təsəllidir.

7. Həm səbir zəruridir,həm də təqva. Səbir və təqva qələbə şərtidir.

8. Nəhayətdə haqq qalibdir, batil məğlub!

 

Ayə 50:

﴿وَإِلَى عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَا قَوْمِ اعْبُدُواْ اللّهَ مَا لَكُم مِّنْ إِلَـهٍ غَيْرُهُ إِنْ أَنتُمْ إِلاَّ مُفْتَرُونَ

“Ad qövmünə doğru qardaşları Hud (göndərildi, o, xalqa) dedi: “Ey mənim qövmüm! Allaha pərəstiş edin, sizin üçün Ondan savay heç bir məbud yoxdur. (Siz bütlərə pərəstiş etməkdə yanılırsınız.) Siz yalnız iftira və böhtan əhlisiniz.”

Nöqtələr

◘Həzrət Nuhun ardınca həzrət Hud məbus oldu. Bu peyğəmbərin əhvalatı “Əraf”, surəsinin 65-72-ci ayələrində bəyan olunmuşdur. Məlum olur ki, həzrət Hud Ad qəbiləsindən olmuşdur. Çünki o ayədə “Ad qardaşı” kimi təqdim olunur.

◘Nuhun vəfat vaxtı çatdıqda ətrafındakılara buyurdu: “Məndən sonra qeyb dövrü olacaq. Həmin vaxt zalım hakimlər ortaya çıxar və Allah mənim nəslimdən olan Hud adlı canişinlə sizə qurtuluş nəsib edər.”[378]

◘Bütlərin şəfaətçi kimi tanınması həm Allaha iftiradır, həm də bütlərə böhtandır. Bütlər heç bir xeyir və zərər yetirmək gücündə deyil.

Bildirişlər

1. Həzrət Hudun peyğəmbərliyi Ad qövmünə aid idi.

2. Qardaşyana fəzada təbliğ təsirlidir.

3 Peyğəmbərlər yalançı və ya sehrbaz yox, ümmətlər üçün qardaşdırlar.

4. Tövhidə dəvət peyğəmbərlərin ilkin vəzifəsidir.

5. Əməli tövhid etiqadi tövhidə əsaslanır.

6. Allaha şərik qoşmaq xülya və böhtandan başqa bir şey deyil.

 

 

 

 

 

Ayə 51:

﴿يَا قَوْمِ لا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ أَجْرِيَ إِلاَّ عَلَى الَّذِي فَطَرَنِي أَفَلاَ تَعْقِلُونَ

“(Hud dedi) Ey mənim qövmüm! Mən öz risalətim müqabilində sizdən əvəz istəmirəm. Mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir. Yoxsa düşünmürsünüz?!”

Nöqtələr

◘Peyğəmbərlərin əvəz istəməməsi və təmənnasızlığı Quranda dəfələrlə bəyan olunmuşdur. Məlum olur ki, xalqın haqqa üz tutmasında ən böyük maneələrdən biri maddiyyatdır.

Bildirişlər

1. Peyğəmbərlərin maddi məqsədləri yox idi. Onların hədəfi Allahın razılığını qazanmaq olmuşdur. (Peyğəmbərlərin əcrini Allah Özü verir.)

2. Təbliğdə müvəffəqiyyətin əsas şərtlərindən biri ixlas, səmimilikdir.

3. Allahın xaliqliyinə diqqət ixlas üçün zəmindir.

4. Düşüncə bizi peyğəmbərlərə itaətə, vəhyə tabeçiliyə çağırır. (Ağıl vəhyə zidd deyil, əksinə vəhyin qəbulu üçün zəmin yaradır.)

5. Dünya və onun mənafeləri fikrində olmayan kəsin özünü bir bu qədər zəhmətə salmasına nə dəlil var?!

 

Ayə 52:

﴿وَيَا قَوْمِ اسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَى قُوَّتِكُمْ وَلاَ تَتَوَلَّوْاْ مُجْرِمِينَ

“(Hud sözünə davam etdi:) “Ey mənim qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra Ona doğru qayıdın. Tövbə qılın ki, O sizin üçün səmadan aramsız yağış göndərsin, gücünüzə güc artırsın. Günaha görə (haqq yoldan) üz döndərməyin.”

Bildirişlər

1. İstiğfar və günahlardan tövbə vacibdir.

2. Günahlara görə bağışlanma diləmək və tövbə qılmaq Allaha doğru qayıdış üçün müqəddimədir.

3. Bir insanın istiğfar və tövbəsi cəmiyyətin taleyini dəyişmir. Allahın yardımının nazil olması üçün bütün cəmiyyət dəyişməlidir.

4. Əməllərin və əqidələrin təbiət hadisələrinə təsiri var. (Ad qövmü şirk və günahına xatir qıtlıq və quraqlığa düçar olmuşdu.)

5. Təbii amillər diqqətimizi Allahın iradəsindən yayındırmasın.

6. İslam quruluşu və hökuməti iqtisadi tərəqqi istəyirsə, cəmiyyətin mənəviyyatı üzərində işləməlidir.

7. Tövbə və Allaha doğru qayıdışın dünyada mükafatı var-dövlət və qüdrətdir.

8. Elə güman etməyin ki, Allaha iman gətirən insan dünya malından uzaq düşür. (Əgər iman gətirsək, nəinki bizdən maddi bir şey tələb olunmaz, hətta var-dövlətimiz artırılar.

9. Allah dərgahına üz tutub boyun əymək və tövbə qılmaqla nəinki əskilmirik, hətta güclü, böyük və əziz oluruq.

10. Ad qövmü qüvvətli bir qövm idi.

11. Əgər fiziki gücə iman gücü əlavə olunarsa, insanın qüdrəti kamilləşər.

12. Sağlam, güclü, varlı cəmiyyət ərsəyə gətirmək səmavi dinlərin məqsədlərindəndir.

13. İqtisadi qüdrət digər qüdrətlər üçün zəmindir.

14. Təbliğdə təşviq üsulundan da yararlanmaq lazımdır. (Məqsədə çatmaq yolunda maddi nəticələri bəyan etmək olar.)

15. Peyğəmbər yolundan üz döndərib, bu yola etinasızlıq göstərmək günahdır.

 

Ayə 53:

﴿قَالُواْ يَا هُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِي آلِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ

 “(Müşriklər) dedilər: “Ey Hud! Sən bizim üçün aşkar dəlil gətirməmisən və biz sənin sözlərinə xatir öz tanrılarımızdan əl çəkmərik. Biz sənə iman gətirənlərdən deyilik.”

Bildirişlər

1.Əlində heç bir dəlil olmadığı halda daşa və ağaca ibadət edənlər bir belə möcüzə və dəlil sahibi olan peyğəmbərə şübhə edirmi?!

2. Kafirlərin son sözü bu idi ki, biz sənin sözlərinə xatir bütlərimizdən əl çəkmərik. Ayədən aydın görünür ki, müxaliflər heç bir dəlil tələb etmirdilər.

3. Peyğəmbərlər öz dəvətlərinin ilkin mərhələsində müşriklərin ciddi müqaviməti ilə rastlaşırdılar, amma heç vaxt təbliğdən əl çəkmirdilər.

 

 

 

 

 

 

 

 

Ayə 54:

﴿إِن نَّقُولُ إِلاَّ اعْتَرَاكَ بَعْضُ آلِهَتِنَا بِسُوَءٍ قَالَ إِنِّي أُشْهِدُ اللّهِ وَاشْهَدُواْ أَنِّي بَرِيءٌ مِّمَّا تُشْرِكُونَ

“(Bizim sözümüz yoxdur,) təkcə bunu deyirik ki, tanrılarımızdan bəziləri sənə ziyan vurmuşlar. Onları qəzəbləndirdiyin üçün ağlını əlindən almışlar.) Hud dedi: “Həqiqətən, mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.”

 

Ayə 55:

﴿مِن دُونِهِ فَكِيدُونِي جَمِيعًا ثُمَّ لاَ تُنظِرُونِ

“Ondan (Allahdan) başqa hər şeydən (uzağam)! Hamınız mənə qarşı qurğu qurun və mənə möhlət verməyin. (Məlum olsun ki, siz və sizin bütləriniz heç nə bacarmırsınız.)”

Nöqtələr

◘“İtira” dedikdə etiraz və hədəfə çatma mənaları başa düşülür.

◘Həzrət Hud bütpərəstlərin tutduqları yolun puç olduğunu sübut etmək üçün onları mübarizəyə çağırdı. Nuh da belə etmişdi. O, xalqa dedi: “Siz istədiyiniz işi görün. Amma bilin ki, mənə bir zərər toxundura bilməyəcəksiniz.”[379] İslam Peyğəmbərinin (s) də bu sayaq çağırışları var.