A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: NUR TƏFSİRİ (beşinci cild) Möhsin Qəraəti
Müəllif: Möhsin Qəraəti
Naşir:
Çap tarixi:
Səhifələrin sayı:
Çap növbəsi:
Tirajı:
Geri   İrəli


6. Dəlil, mənəviyyat və nübuvvət məsələlərini dərk etməyən kəs kordur.

7. İnsan din və məzhəb seçimində azaddır.

8. İnsanda haqqın qəbulu üçün zəmin olmasa, o, vəhy nurundan faydalana bilməz.

 

Ayə 29:

﴿وَيَا قَوْمِ لا أَسْأَلُكُمْ عَلَيْهِ مَالاً إِنْ أَجْرِيَ إِلاَّ عَلَى اللّهِ وَمَآ أَنَاْ بِطَارِدِ الَّذِينَ آمَنُواْ إِنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَلَـكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ

“(Nuh sözünə davam edib dedi:) “Ey mənim qövmüm! Sizdən dəvətim müqabilində əvəz istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. Mən iman gətirən kəsləri (sizin yersiz istəklərinizə görə) rədd etmərəm. Onlar öz Rəbbləri ilə görüşəcəklər. Amma mən sizi cahil bir qövm görürəm.”

Bildirişlər

1. Peyğəmbərlərin təmənnasızlığı onların haqlı olmalarının nişanələrindəndir.

2. Xalqdan təmənnasızlıq və dövlətlilərə etinasızlıq təbliğçinin müvəffəqiyyət rəmzidir. Əlbəttə ki, təbliğatçıların Allah yanında böyük mükafatları var.

3. Əgər peyğəmbərlərin dünyəvi məqsədləri olsaydı, onlar fəqirlərə yox, varlılara üz tutardılar.

4. Əyan-əşraf, varlılar vəd edirdilər ki, fəqirlər uzaqlaşdırılsa, onlar iman gətirərlər. Amma peyğəmbərlər müxaliflərin bu istəklərini qətiyyətlə rədd edirdilər.

5. Təbliğatda qazanc məqsədi olmayan insan üçün yoxsulla varlı arasında fərq yoxdur.

6. Təkəbbürlü başçıların istəklərinə əhəmiyyət verməyək.

7. Kafirlər möminləri əskik sayırdılar. Amma Peyğəmbər (s) onlara buyururdu: “Mən onları sizə dəyişmərəm.”

8. Haqq hökumət varlıların diqqətini cəlb etmək üçün məhrumları əldən buraxmamalıdır.

9. Allah yanında hörməti olanlar rədd edilməməlidirlər.

10. Qiyamətin yada salınması dünyəvi mövqeyə düzgün yön verir.

11. Fəqirliyinə görə möminləri təhqir etmək düşüncəsizlik nişanəsidir.

12. Quran möminləri əskik sayanları cahil və nadan kimi tanıtdırır.

13. Ariflərin dərəcələrindən biri ilahi fəzada görüş və hüzurdur. Varlılar belə bir məqamdan xəbərsizdirlər.

 

Ayə 30:

﴿وَيَا قَوْمِ مَن يَنصُرُنِي مِنَ اللّهِ إِن طَرَدتُّهُمْ أَفَلاَ تَذَكَّرُونَ

“(Nuh möminlərin rədd edilməsi istəyinə belə cavab verdi:) “Ey xalq! Əgər mən onları qovsam, Allah qarşısında mənə kim yardım edəcək? Nə üçün düşünmürsünüz?”

Bildirişlər

1. İmanlı insanların rədd edilməsi və təhqiri ilahi qəhr-qəzəblə nəticələnər.

2. Allahın qəhr-qəzəbinə kimsə mane ola bilməz.

3. Möminlər rədd edilsə, ilahi dinə kim yardım göstərəcək?

4. Xalqın razılığını Allahın qəzəbi hesabına əldə etməyək.

5. Peyğəmbərlər öz ictimai və şəxsi mövqelərini möhkəmlətmək üçün yox, ilahi bir vəzifə olaraq xalqa xidmət edirdilər.

6. Öz təbliğimizdə xalqın vicdanına sual ünvanlamaqla onları mühakiməyə çağıraq.

7. İlahi qəhr-qəzəb yetişdikdə mövcudların zəifliyini hamı etiraf edir. Amma bəzən bu həqiqət yaddan çıxır.

 

Ayə 31:

﴿وَلاَ أَقُولُ لَكُمْ عِندِي خَزَآئِنُ اللّهِ وَلاَ أَعْلَمُ الْغَيْبَ وَلاَ أَقُولُ إِنِّي مَلَكٌ وَلاَ أَقُولُ لِلَّذِينَ تَزْدَرِي أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ اللّهُ خَيْرًا اللّهُ أَعْلَمُ بِمَا فِي أَنفُسِهِمْ إِنِّي إِذًا لَّمِنَ الظَّالِمِينَ

“(Nuh dedi:) “Mən sizə demirəm ki, ilahi xəzinələr məndədir və qeybi bilirəm. Demirəm ki, mən mələyəm, demirəm ki, sizin gözünüzdə xar olanlara Allah heç bir xeyir verməyəcək. Allah onların qəlbində olandan daha çox agahdır. (Bundan artıq bir şey desəm) şübhəsiz, zalımlardan olacağam.”

Nöqtələr

◘Qeyb elmi mütləq şəkildə, hər şeyə münasibətdə, istənilən bir şəraitdə Allaha məxsusdur.[345] Amma bəzən Allahın izn və iradəsi ilə Onun övliyaları üçün qeyb aləminə baca açılır.[346] Beləcə, ilahi peyğəmbərlər qeyb elmindən bəhrələnmişlər.[347]

◘Təkcə qeyb elmi yox, qeyri-adi işlərin icra qüdrəti də Allaha məxsusdur. Amma Allah istədiyi kəsə istədiyi qədər bu qüdrətdən əta edər. Ölüm və həyat Allahın əlindədir.

Həzrət İsa da Allahın izni ilə ölüləri dirildirdi.[348] Canları Allah alsa da, onun izni ilə mələklər də insanların canını alır.[349] Xəlq etmək yalnız Allaha məxsus sifət olsa da, bəzən Onun izni ilə həzrət İsa da xəlq etmişdir.[350]

Bildirişlər

1. Peyğəmbərdə boş iddia olmur. Onların işi dəvət, məqsədləri doğru yoldur. Əlbəttə ki, bu işlər də Allaha bəndəlik çərçivəsində görülür.

2. Qeyb elmi və varlıq xəzinələrinə sahiblik peyğəmbərlik şərti deyil.

3. Peyğəmbərlərin məqsədi maddi xəzinələrin bölüşdürülməsi yox, mənəvi çağırışdır.

4. Əlimizə çatan hər bir nemətin qaynağı və xəzinəsi var.

5. Allah övliyalarına münasibətdə həddi aşmayaq.

6. Nuh qövmünün əyan-əşrafı zahiri görürdü.

7. Başqalarına münasibətdə mühakimə apararkən onların zahirini əsas götürməyək.

8. Allahın lütfünü müəyyənləşdirən bizim zənn-gümanımız deyil.

9. Allah üçün lütf ölçüsü insanların batini və mənəvi ləyaqətidir.

10. Məhrumları yoxsulluğuna görə ləyaqətsiz saymaq zülmdür.

11. Puç iddialar, yalan adlardan sui-istifadə zülmdür.

 

Ayə 32:

﴿قَالُواْ يَا نُوحُ قَدْ جَادَلْتَنَا فَأَكْثَرْتَ جِدَالَنَا فَأْتَنِا بِمَا تَعِدُنَا إِن كُنتَ مِنَ الصَّادِقِينَ

“(Müxaliflər) dedilər: “Ey Nuh, sən həqiqətən bizimlə çox höcətləşdin. (Artıq yetər.) Əgər doğru deyirsənsə, bizə vəd etdiyini qarşımıza çıxar.”

Nöqtələr

◘Mübahisə haqqa əsaslandıqda dəyərlidir.[351] Batilə əsaslanan mübahisə dəyərlərə ziddir.[352]

Bildirişlər

1. Peyğəmbərlər öz dəvətlərində möhkəm və ardıcıldırlar.

2. Düşmən haqqın məntiqini höccət adlandırır.

3. Allahın verdiyi möhləti haqlı olmağımızın nişanəsi saymayaq.

4. İnsan hətta əzabın nazil olmasına tələsir.

5. Kafirlər əzaba hazırlıqlarını bildirdikdən sonra həzrət Nuh onları lənətlədi.

6. Kafirlər məntiqə əsaslanmadıqlarından və məntiqi sözləri qəbul etmədiklərindən müzakirələri saxlamaq istəyirlər.

7. Nuh kafirlərə ardıcıl şəkildə əzab vəd edirdi.

8. Kafirlər ya peyğəmbərlərin sədaqətinə şəkk edir, ya da onların dediklərini şübhə altına alırdılar.

 

Ayə 33:

﴿قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ اللّهُ إِن شَاء وَمَا أَنتُم بِمُعْجِزِينَ

“(Nuh dedi:) “Həqiqətən, əgər Allah istəsə, (onu, vəd etdiyini) başınıza gətirəcək. Sizdə onun qarşısını alacaq qüdrət olmayacaq.”

 

Ayə 34:

﴿وَلاَ يَنفَعُكُمْ نُصْحِي إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ اللّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ

“Əgər Allah sizi azdırmaq istəsə, sizə xeyir vermək istəsəm də nəsihətlərimin faydası olmayacaq. O, sizin Rəbbinizdir və Ona doğru qayıdacaqsınız.”

Nöqtələr

◘“Nush” dedikdə islah məqsədi ilə, eyni zamanda ixlasla deyilmiş söz başa düşülür. “Ğəyy” isə puç etiqaddan doğan cəhalət mənasını bildirir. “İzlal” və “iğva” sözləri arasında fərq budur ki, birinci məqsədi tanısa da yolu itirmişdir, ikinci həm məqsəddən, həm də yoldan xəbərsizdir.

◘“İzlal” və “iğva” inadkarlıq səbəbindən nazil olan cəzadır. Əslində isə Allah kimsəni öncədən azdırmır.[353]

Bildirişlər

1. Peyğəmbərə təbliğ əmr olunub. Azğınları cəzalandırmaq isə Allahın əlindədir.

2. Allah heç bir işi görməyə məcbur deyildir.

3. Kafirlər nə əzabın qarşısını ala bilər, nə də özlərini xilas edə bilərlər.

4. Peyğəmbərlər xalqa can yandırırlar.

5. Allahın iradəsi bütün iradələrə qalibdir. (Hətta peyğəmbərin nəsihətlərinin təsiri də Onun istəyi ilə gerçəkləşir.)

6. İnadkarlıq zirvə həddinə çatdıqda belə, peyğəmbər təbliğ etməyə borcludur.

7. Təsir ehtimalı olmadıqda “əmr be məruf” və “nəhy əz münkər” (yaxşılığa əmr və pisliyə qadağa) vacib olmur.

8. Xalqın hidayəti və ya azğınlığı Allahın iradəsindən xaric deyil.

9. İnadkarlıqdan və əzab istəyindən sonra azğınların büdrədilməsi ilahi rübubiyyət zirvəsidir.

10. Peyğəmbər nəsihətlərinin qəbul olunmaması Allahın qəzəbindən doğan xüsusiyyətdir.

11. Dünyada cəzalandırılmasaq da, Qiyamətdə bizimlə hesab çəkiləsidir.

12. Allaha doğru qayıdış məcburidir.

 

Ayə 35:

﴿أَمْ يَقُولُونَ افْتَرَاهُ قُلْ إِنِ افْتَرَيْتُهُ فَعَلَيَّ إِجْرَامِي وَأَنَاْ بَرِيءٌ مِّمَّا تُجْرِمُونَ

“(Müşriklər) deyirlər ki, onun (Nuh və ya Məhəmmədin (s)) dedikləri Allaha iftiradır. De ki, mən Allaha iftira yaxmışamsa, cəzasını özüm çəkəcəyəm. Mən sizin günahlarınızdan zara gəlmişəm.”

Nöqtələr

◘“İcram” və “curm” lüğətdə kal meyvələrin dərilməsi mənasını bildirir. Başqa hallarda bəyənilməmiş, xilaf işlər mənası bu sözlərlə ifadə olunur.

Bildirişlər

1. Allah-təala peyğəmbərə müşriklərlə sorğu-sual, rəftar qaydalarını öyrədir.

2. Öz sözlərini Allaha aid etmək günahdır.

3. Hər kəs öz əməlinin məsuliyyətini daşıyır.

4. Şirkdən üz döndərmək zəruridir.

5. Şirk günahdır.

 

 

 

 

 

 

 

 

Ayə 36:

﴿وَأُوحِيَ إِلَى نُوحٍ أَنَّهُ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلاَّ مَن قَدْ آمَنَ فَلاَ تَبْتَئِسْ بِمَا كَانُواْ يَفْعَلُونَ

“(Bizim tərəfimizdən) Nuha vəhy olundu ki, (bu vaxtadək) iman gətirənlərdən savay sənin qövmündən (digərləri) heç vaxt iman gətirməzlər. Onların gördüyü işlərə görə qəmgin olma.”

Nöqtələr

◘Bu ayədən məlum olur ki, həzrət Nuh öz qövmünü Allahın xəbərdarlığı əsasında lənətləmişdir. Həzrət Nuh öz qövmü haqqında dedi: “Pərvərdigara! Yer üzündə bir nəfər də olsun kafir saxlama.”[354]

Bildirişlər

1. İnsan bəzən süquta elə uğrayır ki, onun qurtuluşuna heç bir ümid qalmır.

2. Allah-təala gələcəyin xəbərlərini peyğəmbərlərə çatdırır.

3. Dini rəhbərlər və təbliğatçılar bütün xalqdan müsbət cavab gözləməməlidirlər.

4. Peyğəmbərlər xalqa canıyanan olsalar da, inadkar fərdlər üçün təəssüf etmək olmaz.

5. Təbliğ doğru yola gələcəyinə ümid olan fərdlərə ünvanlanmalıdır.

 

Ayə 37:

﴿وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلاَ تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُواْ إِنَّهُم مُّغْرَقُونَ

“(İndi) Bizim nəzərimiz altında, Bizim göstərişimizə və ilhamımıza əsasən gəmi düzəlt. Zülm edənlər haqqında bizimlə danışma. Onlar qərq olasıdırlar.”

Bildirişlər

1. Allah-təala Öz iradəsini təbii yolla gerçəkləşdirir. Daim qeybi işlər intizarında olmamalıyıq.

2. Allahın övliyaları üçün işləmək ar deyil.

3. Xalqın qurtuluşu üçün nəsihət bəs etmir. Qurtuluş vasitələri hazırlamaq zəruridir.

4. Gəmiqayırmanın yetərincə uzun tarixi var.

5. Allahın hüzuruna diqqət insanın qəlbini isidir, onu çətinliklər qarşısında dözümlü edir.

6. Kəşf və ixtiralar ilahi ilhamdır.

7. Peyğəmbərlərin şəfaəti zalımlar üçün səmərəsizdir.

8. Peyğəmbərlərə qarşı inadkarlıq zülmdür.

9. Peyğəmbərlərin dua və şəfaəti ilahi müqəddərata təsir göstərmir.

10. Sitəmkarlar üçün dünyəvi əzaba düçar olma təhlükəsi var.

11. Allah-təala əzab zamanı həqiqətən pak olan insanlara nicat verir.

 

Ayə 38:

﴿وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلأٌ مِّن قَوْمِهِ سَخِرُواْ مِنْهُ قَالَ إِن تَسْخَرُواْ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ

“Nuh (Allahın əmri ilə) gəmi düzəltməyə başladı. Qövmünün böyükləri hər dəfə onun yanından ötərkən onu məsxərəyə qoyurdular. O dedi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz, şübhəsiz, həmin cür sizi məsxərəyə qoyacağıq.”

Nöqtələr

◘Düşmənlərin məsxərəsi bizi süstləşdirməsin. Peyğəmbərlər də məsxərəyə qoyulmuşdur. Həzrət Nuh gəmi düzəltdiyi vaxt bir şəxs dedi: “Peyğəmbərlikdən bir şey çıxmadı, dülgərliyə əl atdı.” Bir başqası dedi: “Quru yerdə gəmi düzəldirsən, dənizi haradan gətirəcəksən?” İmam Sadiq (ə) buyurmuşdur: “Nuh öz gəmisini 80 ilə düzəltdi.[355] Gəmi Kufə məscidinin yerində düzəldildi.[356] Onun uzunluğu 400, eni 40 metrə çatırdı.[357]

Bildirişlər

1. Peyğəmbərlər Allahın əmrinə təslimdirlər.

2. Nuh gəmini camaatın yolu kənarında düzəldirdi.

3. Kafirlər, adətən, cəmiyyət içində, həm də özlərini güclü hiss etdikdə məsxərəyə qoyurlar.

4. Düşmənin təbliğatı hərtərəfli, həmişəlik və əhatəlidir.

5. Bir işin hikmətindən xəbərimiz yoxdursa, o işi məsxərəyə qoymayaq.

6. Məntiq və dəlildən məhrum olan düşmən məsxərə və istehzaya əl atır.

7. Xalqın atmacaları və təzyiqlərindən süstləşib, gələcək nəsillər üçün hazırlıq görməyi yaddan çıxarmayaq.

8. Nuhun ardıcılları ona gəmi düzəltməkdə kömək edirdilər.

9. Düşmənlər Nuha üz tutsa da, əslində Nuhun dinini məsxərəyə qoyurdular.

10. İstehza çirkin işdir. Amma məsxərə edənə cəza olaraq istehza etmək eynən ədalətdir.[358]

11. Düşmənin istehzaları bizi çaşdırmasın. Bu istehzalara cavab vermək lazımdır.

 

Ayə 39:

﴿فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُّقِيمٌ

“Tezliklə biləcəksiniz ki, zəliledici əzab kimin sorağına gələcək və əbədi əzab kimi yaxalayacaq.”

Nöqtələr

◘“Əl-mizan” təfsirində bildirilir ki, “əzabun yuxzih” dedikdə dünya əzabı, “əzabun muqim” dedikdə isə Qiyamət əzabı nəzərdə tutulur.

Bildirişlər

1. Kafirləri qorxutmaq və hədələməklə onları istehzanın şirinliyindən məhrum edək.

2. Kafirlərin qiyamət əzabını yada salıb Allah yolunda məsxərəyə qoyulmağımıza dözək.

3. Məsxərə edən kafirlər üçün axirət əzabı davamlıdır.

 

Ayə 40:

﴿حَتَّى إِذَا جَاء أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلاَّ مَن سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ وَمَا آمَنَ مَعَهُ إِلاَّ قَلِيلٌ

“Qəhr-qəzəbiniz gəlincə, təndir qaynayınca (onların küfr və istehzası davam etdi). Biz (Nuha) dedik ki, hər zövcdən bir cütünü və (əzab) vəd olunmuşlar istisna olmaqla öz ailəni, iman gətirən kəsləri (gəmiyə) mindir. Kiçik bir dəstədən savay onunla birlikdə iman gətirən olmamışdır.”

Nöqtələr

◘“Tənnur” dedikdə bizim dilimizdəki təndir mənası başa düşülür. Təndirin qaynaması təbiri iki cür anlaşıla bilər: ilahi qəhr-qəzəb o qədər şiddətlənmişdir ki, hətta təndirdən, alovun içindən su qaynayıb çıxır; təndirdən suyun qaynaması ilahi əzabın başlamasına işarə ola bilər.[359]

◘Bəzi rəvayətlərə əsasən, həzrət Nuh gəmiyə heyvanlarla yanaşı müxtəlif ağaclar da götürmüşdü.[360] Belə anlaşılır ki, cütlük (erkək-dişilik) təkcə heyvanlara aid deyil. “Hər zövcdən bir cüt” təbiri bütün mövcudlara aid ola bilər.

Rəvayətlərdə belə bir açıqlama verilir ki, “hər zövcdən bir cüt” dedikdə hər növdən bir cüt əhliləşmiş, bir cüt vəhşi zövcün gəmiyə mindirilməsi nəzərdə tutulur.[361]

◘“Ruhul-Məani” təfsirində bildirilir ki, həzrət Nuhun dörd oğlu vardı: Tufanda həlak olmuş Kənan, ərəb atası Sam, Sudan atası Ham, türk atası Yafis. Rəvayətlərdə bildirilir ki, Nuhun özü ilə gəmiyə götürdüyü mömin bir qızı vardı.[362]

◘Hədisdə bildirilir ki, Allah-təala Nuh qövmünə əzab nazil etmək istədikdə 40 il müddətinə onların qadınlarını sonsuz saxladı.[363]

Bildirişlər

1. Kafirlər ilahi qəzəbə düçar olanadək məsxərə etdilər.

2. Həzrət Nuhun əhvalatı böyük əhəmiyyətə malikdir.

3. Suyun istənilən şəkildə qaynaması Allahın əmrinə tabedir.

4. Yaranışın da, məhvin də səbəbi Allahdandır. O, od dolu təndirdən su qaynadır, atəşi İbrahimə gülüstan edir, həyat qaynağı olan su bir nəslin məhvinə səbəb olur.

5. Heyvan və canlı varlıqların nəsli qorunmalıdır.

6. Əqidə bağlılıqları ailə bağlılıqlarından üstündür. Nuhun zövcəsi və oğlu gəmiyə götürülmədi.

7. Haqq tərəfdarları tarix boyu az olmuşdur.

Rəvayətlərdə ayədəki “az” sözünün Nuha iman gətirmiş 80 nəfərə işarə olduğu bildirilir.[364]

 

Ayə 41:

﴿وَقَالَ ارْكَبُواْ فِيهَا بِسْمِ اللّهِ مَجْرَاهَا وَمُرْسَاهَا إِنَّ رَبِّي لَغَفُورٌ رَّحِيمٌ

“(Nuh gəmidəkilərə) dedi: “Hərəkəti və dayanması Allahın adı ilə olana minin. Həqiqətən, mənim Rəbbim bağışlayan və mehribandır.”

Nöqtələr

◘Peyğəmbərin böyük səhabəsi Əbuzər Kəbə halqasından tutduğu halda uca səslə dedi: “Ey Xalq! Öz qulaqlarımla eşitmişəm ki, Peyğəmbər (s) buyurdu: “Mənim əhli-beytim Nuhun gəmisi kimidir. Hər kəs ona süvar olsa, nicat tapdı, hər kəs ondan uzaq düşsə, həlak oldu.” Bu hədis ilkin İslam dövrünün tanınmış şəxsiyyətləri Əbu-Səid Xidri, İbn-Abbas, Əbdüllah ibn Zübeyr, Ənəs ibn Malik tərəfindən də nəql olunmuşdur. Uyğun hədislə məşhur sünni mənbələrində də rastlaşmaq olar.[365]

◘Bu mütəvatir (yetərli, ardıcıl) hədisi digər bir mütəvatir hədislə yan-yana qoyaq. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Müsəlmanlar 73 firqəyə bölünər. Bu firqələrdən yalnız biri nicat tapar.” Aydındır ki, Peyğəmbər (s) nicat tapmış firqənin öz əhli-beyti olduğunu nəzərdə tutur.

Rəvayətlərdə bildirilir ki, gəmi Rəcəb ayının əvvəlində və Kufə məscidindən hərəkətə başladı.[366]

Bildirişlər

1. Bütün işlərə Allahın adı ilə başlamaq təvəkkül rəmzi və işə ilahi rəng verməkdir.

2. İstər işə başlayanda, istər işi başa çatdıranda Allahdan yardım diləmək lazımdır.

3. Gəmi, sadəcə bir vasitədir. İnsan bütün işlər Onun iradəsindən asılı olan Allahı unutmamalıdır.

4. Nuhun ətrafındakılar həmin dövrdə yer üzünün yeganə möminləri olsalar da, eybsiz və günahsız deyildilər. Allah onları bağışladı.

5. Nuhun ardıcıllarının tufandan qurtulması Allahın rübubiyyət, bağışlama və rəhmət cilvələrindəndir.

 

Ayə 42:

﴿وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَى نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَب مَّعَنَا وَلاَ تَكُن مَّعَ الْكَافِرِينَ

“Gəmi onları dağ kimi dalğalar arasından irəli aparırdı. Həmin vaxt (Nuh bir guşədə dayanmış) oğlunu səslədi: “Ey oğlum! (İman gətir və) bizimlə süvar ol, kafirlərlə qalma.”

Nöqtələr

◘Belə görünür ki, həzrət Nuh öz oğlu ilə gəminin hərəkətindən öncə danışmışdır. Çünki gəmi hərəkətə başladıqdan sonra dağ kimi dalğalar arasında gəmiyə süvar olmaq mümkünsüz idi.[367]

Sual: Nə üçün Nuh yalnız oğlunu gəmiyə dəvət etdi?

Cavab: Əvvəla, insanın övlada münasibətdə vəzifəsi daha ağırdır. İkincisi, övladı kənara çəkildiyindən Nuh onun peşman olduğunu güman etdi. Nuhun bu müraciəti, yəni oğlunu qurtuluşa çağırması ətrafdakılara əzabın ciddiliyi ilə bağlı işarə ola bilər.

◘“Nurus-səqəleyn” təfsirindəki rəvayətə əsasən, Nuhun oğlu onun doğma oğlu olmamışdır.

◘Həzrət Nuh gəmiyə qalxdığı gün oruc tutmuş və ətrafındakılara da belə bir göstərişi vermişdi: “Oruc tutmaq təhlükədən qurtuluş rəmzidir.”[368]

◘Dağ tək yüksək dalğaları ötüb keçməsi Nuhun gəmisinin əzəmətindən və peyğəmbərin hünərindən danışır.

Bildirişlər

1. Gəmiyə süvar olanları da təlatümlü bir yol gözləyirdi. Gəmiyə minmək və gəminin Nuh kimi şəxs tərəfindən idarə olunması ilə iş bitmirdi.

2. Son anadək kafir olsalar belə ətrafdakıların qurtuluşu haqqında düşünək.

3. Bir guşəyə çəkilib dünyadan küsmək qurtuluş deyil.

4. Valideyn öz övladının taleyi üçün məsuliyyət daşıyır.

5. Kafirlərlə yaxınlıq hətta peyğəmbər övladını belə dindən uzaq salır.

Nuh oğlu pislərə qoşulduğu an

Peyğəmbər yolunu itirdi tamam.

6. Təkcə kafir olmaq yox, kafirlərlə birlikdə olmaq da təhlükəlidir.

7. Ailənin sağlam olması bəs etmir. Küfrə uğramış çirkin mühit bir çox azğınlıqlar törədir.

 

Ayə 43:

﴿قَالَ سَآوِي إِلَى جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاء قَالَ لاَ عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللّهِ إِلاَّ مَن رَّحِمَ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ

“(Nuhun oğlu) dedi: “Tezliklə bir dağa sığınaram ki, məni sudan qorusun.” (Nuh) dedi: “Rəhm olunmuşlardan başqaları üçün Allahın qəhri qarşısında heç bir hifz edən (sığınacaq) yoxdur.” (Elə bu vaxt) bir dalğa bu iki nəfər arasına ayrılıq saldı və o, (Nuhun oğlu) qərq oldu.”

Nöqtələr

◘İmam Sadiq (ə) buyurmuşdur: “Həzrət Nuhun əhvalatında Kəbə evindən savay bütün yer üzünü su basdı.”[369]

Bildirişlər

1.Təhlükə zamanı müvəhhid şəxs Allaha, müşrik isə dağa sığınır. Şərq-qərbə, var-dövlətə, vəzifə və məqama sığınmaq şirkdir.

2. Allahın qəzəbi nazil olduqda möhkəm dağlar belə narın suyun qarşısında dayanıb kimsəni xilas edə bilmir.

3. Bütün canlı aləm üçün həyat qaynağı olan su Allahın əmri ilə fəlakət və əzaba dönür.

4. Təbiət hadisələri təsadüfi deyil. Bu hadisələr Allahın hikmət dolu fərmanı əsasında gerçəkləşir.

5. Allahın qəhr-qəzəbindən yalnız Onun Özünə sığınmaq olar.

6. Kafirlərə qoşulmaq qərq olmaqla nəticələnir.

7. Ailə və qohumluq əlaqələri ilahi cəzanın qarşısını ala bilmir. Peyğəmbər oğlu atasının gözü qarşısında qərq olduqda, ata bu ilahi əmrə təslim olmalıdır.

8. Bəli, Allah rəhimlidir. Amma O həm də hikmət sahibidir. O bəzən Öz rəhməti ilə ana vücudunda körpə üçün süd qərar verir, bəzən Öz hikməti ilə atanın gözü qarşısındaca övladın həyatına son qoyur.

 

Ayə 44:

﴿وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءكِ وَيَا سَمَاء أَقْلِعِي وَغِيضَ الْمَاء وَقُضِيَ الأَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ وَقِيلَ بُعْداً لِّلْقَوْمِ الظَّالِمِينَ

“(Su hər yeri bürüdükdən sonra) deyildi: “Ey torpaq! Suyunu ud. Ey asiman! (Yağış yağdırmaqdan) dayan.” (Beləcə) su çəkildi, iş başa çatdı və (gəmi) “Cudiyə” (dağa) yan aldı (oturdu.) Deyildi ki, zalım qövm rədd olsun!”